Azərbaycan yeni qlobal reallıqda: islahatlar və inkişaf

 

Ölkəmizdə həyata keçirilən cəsarətli iqtisadi islahatlar Azərbaycanın müasir şəraitdə yeni iqtisadi inkişaf modelinin formalaşmasına xidmət edir. Bu baxımdan Prezident İlham Əliyevin 2016-cı il martın 16-da imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncam mühüm əhəmiyyət kəsb edir. Bu sərəncamla yaradılmış İşçi qrupu tərəfindən milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələri vaxtında hazırlanmış, müzakirəyə çıxarılmış və maraqlı tərəflərin rəy və təklifləri nəzərə alındıqdan sonra Prezidentin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanla həyata vəsiqə qazanmışdır.

Dünyada son zamanlar baş verən siyasi, iqtisadi və sosial proseslər Azərbaycanda da yeni iqtisadi situasiya yaratmışdır. Obyektiv və subyektiv səbəblər üzündən ölkə iqtisadiyyatının bəzi sahələrində mürəkkəb vəziyyət yaranmış və yalnız Prezident İlham Əliyevin çevik, eyni zamanda yaxın və uzaq gələcəyə hədəflənmiş iqtisadi strategiyası sayəsində həmin vəziyyət böhran həddinə çatmamışdır. Ölkədən kapital axınının cilovlanması, mal və xidmət istehsalçılarına yerli və xarici bazarlara çıxışın təmin olunması, bütün növ investisiyaların cəlbinə münbit şərait yaradılması və iqtisadi inkişafa xidmət edən prioritet layihələrin reallaşdırılması, müasir tələblərə cavab verən kadrların hazırlanması, idarəetmənin və planlaşdırmanın təkmilləşdirilməsi ölkə rəhbərinin iqtisadi siyasətinin yalnız bir hissəsini təşkil edir.

Bir cəhəti də xüsusi vurğulamaq lazımdır ki, yeni iqtisadi şərait ölkənin milli, o cümlədən iqtisadi təhlükəsizliyini möhkəmləndirməyi, mövcud imkanlardan səmərəli istifadəni zəruriləşdirməklə bərabər, iqtisadi möhtəkirliyi dəf etməyi, iqtisadiyyatın şaxələndirilməsini, maliyyə sabitliyi üçün yaranmış risk amilinin zəiflədilməsini, mülkiyyətçilərin hüquqlarının qorunmasının və korporativ idarəetmənin gücləndirilməsini, investisiya qoyuluşlarında dövlətin payının və istiqamətlərin optimallaşdırılmasını, ixrac potensialının və onun təşviqinin artırılmasını, biznes (sahibkarlıq) - investisiya mühitinin yaxşılaşdırmasını, sağlam rəqabətin və ölkə daxilində kooperasiyanın genişləndirilməsini daha da aktuallaşdırmışdır. Bütün bunlar “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, yeni dövrün ən mühüm strateji çağırışı “kapital akkumulyasiyası” əsaslı modeldən “məhsuldarlıq (effektivlik)” əsaslı artım modelinə keçidin təmin edilməsini özündə ehtiva edir. Bir sözlə, Azərbaycan iqtisadiyyatının yeni iqtisadi modelinin əsas parametrləri və onları üzə çıxaran amillər Yol Xəritəsində konkret şərhini tapmışdır. Əsas məqsəd əldə olunmuş nailiyyətlərin qorunması və həyata keçirilən islahatların dayanıqlığının bundan sonra təmin edilməsidir.

Xarici ədəbiyyatda beynəlxalq münasibətlər, iqtisadiyyat və menecment sahələrində geniş istifadə edilən “Yol Xəritəsi” (Road map) termini “hərəkət planı” mənasında - gələcək dövr, perspektiv üçün planlar, inkişaf ssenarisinin əyani təsviri anlamında işlədilir. Elmi-iqtisadi ədəbiyyatda “Yol Xəritəsi” termini dedikdə müəyyən bir obyektin (texnologiyanın, biznesin, şirkətin, sahənin və s.) inkişafının ardıcıl ssenarisi başa düşülür. Yol xəritələrinin formalaşdırılması prosesini özündə ehtiva edən yol xəritələnməsi ekspert informasiyalarına əsaslanmaqla bu obyektlərin inkişafının proqnozlarının müxtəlif variantlarının hazırlanmasını (müəyyənləşdirilməsini) həyata keçirir. Bir çox ölkələrdə yol xəritələnməsi özündə müxtəlif növ geniş analitik metodikaları cəmləşdirməklə iqtisadiyyatın planlaşdırılmasının, proqnozlaşdırılmasının və idarə edilməsinin ən səmərəli metodlarından biri kimi dəyərləndirilir.

Ənənəvi yanaşmalardan fərqli olaraq yol xəritələri nəyin hesabına olursa olsun iqtisadi inkişafı təmin etməyi deyil, iqtisadi səmərəlilik baxımından optimal hesab edilə bilən variantların inkişaf ssenarilərinin ehtimal edilən çoxluğundan seçim aparmaq üçün çox vacibdir. Özü də bu zaman cari və resurs yüklü nəticələr yox, strateji hədəflər əsas götürülür. Başqa sözlə, yol xəritələri məqsədli proqramlardan fərqli olaraq müvafiq obyektin inkişafını vaxt baxımından xarakterizə etməklə yanaşı, əldə ediləcək konkret səmərəli nəticələrin, göstəricilərin əldə olunacağını nəzərdə tutur.

Yol xəritələrinin sahəvi, elmi-texnoloji, məhsullar, strateji və proqram, korporativ və s. kimi növləri geniş yayılmışdır. İlk texnoloji yol xəritəsi 1970-ci ildə (Technology Road map) Motorola və Corning şirkətləri tərəfindən işlənib hazırlanmış və həmin şirkətlərin inkişafında çox böyük rol oynamışdır. Ümumiyyətlə, yol xəritəsi prinsipinin tətbiqi həmin dövrdə ABŞ korporasiyalarının idarə edilməsində geniş yayılmışdır. Məhz o illər Amerika iqtisadiyyatı özünün ağır günlərini yaşayırdı, yüksək inflyasiya, durğunluq, getdikcə çoxalan işsizlik hökm sürürdü. Dövlət xərclərinin artırılması, əməkhaqlarının tənzimlənməsi, inflyasiyanı cilovlamaq məqsədilə tətbiq edilən fiksə olunmuş qiymətlərin də nəzərəçarpacaq faydası olmamışdır. Belə bir vəziyyətdə gələcəyə yeni bir baxış, sərt tənzimlənmənin mülayimləşdirilməsi, proqnozlaşdırmaya qeyri-səhih yanaşma, qabaqcıl texnologiyanın tətbiqinin stimullaşdırılması, qısa və uzunmüddətli problemlərin, strateji və operativ məsələlərin uzlaşdırılması zərurəti yol xəritəsi anlayışının ortaya çıxmasını aktuallaşdırmışdır.

Azərbaycan iqtisadiyyatının strateji yol xəritələrinin üstünlüklərindən danışarkən ilk növbədə mövcud və gələcəyə hesablanmış imkanların səfərbər edilməsi, monetar və fiskal siyasətin uzlaşdırılması, investisiyaların və risklərin idarə edilməsinin optimallaşdırılması, müxtəlif dövrlərə nəzərdə tutulmuş cari və strateji məqsəd və proseslərin düzgün müəyyənləşdirilməsi, proqressiv texnologiya və məhsulların inkişaf etdirilməsi, maliyyə və marketinq proseslərinin optimallaşdırılmasını və bir sıra başqa əlamətləri göstərmək olar. Sənədin özündə də fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbulu strateji hədəflərdən biri kimi dəyərləndirilmişdir. Yol xəritələrinin mühüm məziyyətlərindən biri də budur ki, strateji hədəfləri konkret məqsəd və vəzifələrə sıralamaqla onların icrası işlək nəzarət mexanizmi ilə tamamlanır. Müəyyənsizlik şəraitini də mümkün hal kimi qəbul edən yol xəritələrinin metodologiyası iqtisadi proseslərin səmərəli axınını və gələcək investisiyaların uğurluluğuna zəmin yarada biləcək analitik sxemlərin tətbiqini təşviq edir.

Azərbaycan iqtisadiyyatının yol xəritələrində diqqət çəkən əsas məqamlardan biri də məqsədlərin balanslaşdırılması, qısa, orta və uzaq gələcək müddətlər üçün nəzərdə tutulmuş və üzvi surətdə bir-biri ilə səbəb-nəticə əlaqələri xəritəsinin işlənib hazırlanmasıdır. Bu keyfiyyət özünü strateji və sahəvi məqsədlərin sintezində də büruzə verməkdədir. Bütün göstərilənlər “bazara istiqamətlənmə” (market-based) və “ehtiyatlara istiqamətlənmə” (resource-based) yanaşmalarını yüksək dəqiqliklə uzlaşdırmaqla məqsəd və vəzifələrin prioritet qiymətləndirmə şəraitində müəyyənləşdirilmişdir.

Azərbaycanın iqtisadi yol xəritələrinin növbəti məziyyəti onun kompleks variantının əsas götürülməsidir. Belə ki, bu sənədlər makroiqtisadi islahatlar və institusional dəyişikliklər istiqaməti ilə müəssisə (şirkətlər) səviyyəsində iqtisadiyyatın yeni biznes-rəqabət modelinin tətbiq istiqamətini eyni zaman müstəvisində reallaşdırmanı labüd sayan işlək üstünlüyə malikdir. Bununla yanaşı, pilot layihələrin yayılmasını məqsədəuyğun sayan yol xəritələri sənaye, kənd təsərrüfatı, sosial sfera və iqtisadiyyatın digər sahələrinin inkişafı üçün belə layihələrdən bəhrələnməyi aktual hesab edir. Məhz belə pilot layihələrin yaradılması və yayılması konkret investisiya layihələrinin operativ həyata keçirilməsinə, dövlətin və investorların qarşılıqlı əlaqələrinin mümkünlüyünün təsdiqlənməsinə, iqtisadiyyatın problemli nöqtələrinin çevik müəyyənləşdirilməsinə, islahat risklərinin azaldılmasına imkan verəcək ki, bunlar da öz növbəsində islahatlara ictimai etimadın yüksəldilməsi və əhali tərəfindən geniş dəstəklənməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Xarici təcrübədə “Yol Xəritəsi”nin məqsəd və hədəflərindən danışarkən ÜDM-in getdikcə yüksələn templə artması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin gücləndirilməsi, “bilik iqtisadiyyatının” xüsusi çəkisinin çoxalması, elm, təhsil, səhiyyə və sosial təminat sahələrinə xərclərin artırılması, digər tərəfdən isə iqtisadi təhlükəsizliyin gücləndirilməsi, yığım normalarının gələcək nəsillərə qayğı nöqteyi-nəzərindən optimallaşdırılması məsələləri nəzərdə tutulur. Təbii ki, bütün bu məqsəd və hədəflərə nail olunması lazımi layihələri özündə ehtiva edən düzgün investisiya siyasətinin mövcudluğunu və reallaşdırılmasını zəruri edir.

Ölkəmizin strateji “Yol Xəritəsi”ndə məqsəd və hədəflər fikrimizcə həm düzgün müəyyənləşdirilmiş, həm də mövcud situasiyanı və gələcəyə səmtlənmiş inkişaf strategiyası trayektoriyasına müvafiq investisiya siyasəti və kompleks tədbirlər sistemi ilə reallaşdırılacağı nəzərdə tutulmuşdur. Məsələn, əgər Yol Xəritəsində milli iqtisadiyyat üzrə 2020-ci ilədək strateji baxış xarici şokların mənfi təsiri nəticəsində yaranmış vəziyyətdən çıxmaq üçün qısa müddətdə iqtisadiyyatın sabitləşdirilməsi, ortamüddətli dönəmdə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xəttinin bərpa edilməsi, dövrün sonunda isə dünya iqtisadiyyatına daha çox inteqrasiya etməklə rəqabətqabiliyyətinin artırılması kimi məqsədləri qarşıya qoyursa, digər tərəfdən inkişafın davamlığının artırılması üçün nəzərdə tutulmuş strateji baxışların gerçəkləşməsi üçün qeyri-neft sektorunda daha çox dəyərin yaradılması əsasında gəlirlərin artırılması və ədalətli bölgünün aparılması, yeni iş yerlərinin yaradılması, təbii ehtiyatlardan daha səmərəli istifadə edilməsi, iqtisadiyyatın neftdən asılılığının azaldılması, milli valyutaya etimadın artırılması kimi mühüm tədbirlərin zəruriliyi təsbit olunmuşdur.

Yuxarıda göstərilən və 2020-2025-ci illər üçün reallaşdırılması “Yol Xəritəsi”ndə əks olunan tədbirlər kompleksi azad rəqabət mühitini inkişaf etdirməklə və daha çox dəyər yaratmaqla ölkə iqtisadiyyatının rəqabətqabiliyyətinin gücləndirilməsini əsas baxış kimi ortaya qoyur. Biznes mühitinin daha da yaxşılaşdırılması, özəl investisiya mənbələrinin geniş cəlb edilməsi, dövlətin dəstəkləyici rolunun təkmilləşdirilməsi kimi tədbirlər də zəruri hesab olunmuşdur. 2025-ci ildən sonrakı dövr üçün əvvəlki iki dövrün məntiqi davamı və daha güclü iqtisadi stimul və hərəkətverici amillərin fəallaşdırılmasına və səfərbər edilməsinə söykənən yüksək texnoloji inikişafa optimal iqtisadi struktura hədəflənmiş tədbirlərin reallaşdırılmasının aktuallığı əsaslandırılmışdır.

“Yol Xəritəsi”ndə zəruri hesab edilən manatın kursunun stabilləşdirilməsi, kapital axınının qarşısının alınması, iqtisadiyyatın dollarsızlaşdırılması, valyuta bazarında möhtəkirliyin dayandırılması, valyuta nəzarətinin gücləndirilməsi, qiymətlərin sabitləşdirilməsi, inflyasiyanın cilovlanması, mənzil-kommunal sferasında mütərəqqi təcrübələrin tətbiqi kimi istiqamətlər də mühüm əhəmiyyət kəsb edir. Maliyyə xidməti istehlakçılarının hüquqlarının müdafiəsi və onların maliyyə savadlığının yüksəldilməsi, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi, müvafiq qurumlar arasında koordinasiyanın yaxşılaşdırılması, müasir maliyyə infrastrukturunun inkişaf etdirilməsi, beynəlxalq və xarici maliyyə qurumları ilə əlaqələrin təkmilləşdirilməsi, maliyyə bazarı iştirakçıları arasında rəqabətin inkişafı, bank və digər maliyyə xidmətlərinin keyfiyyətinin və çeşidinin yüksəldilməsi, maliyyə-bank sistemində pul bazarının daha da inkişaf etdirilməsi, nağdsız hesablaşmalar sisteminin geniş yayılması, kiçik biznesə və əhaliyə maliyyə xidmətinin inkişaf etdirilməsi və digər aspektlər də “Yol Xəritəsi”nin mühüm obyektləri sırasındadırlar. Xüsusi vurğulanmalıdır ki, pul siyasəti ilə qiymət stabilliyi arasında üzvi vəhdətin mövcudluğu və sosial-iqtisadi inkişafda oynamalı olduğu rol və təsir mexanizmləri də “Yol Xəritəsi”ndə əsas məqsədə aparan yollardan biri kimi dəyərləndirilir.

Dünyada uğurlu hesab edilən yol xəritələrində rəqabətlə bərabər, kooperasiyanın inkişaf etdirilməsi, onun müxtəlif forma və metodlarının təşkili və tətbiqi, bu işdə dövlət dəstəyinin gücləndirilməsi, biznesin təşkilində ərazi və sahələrarası kooperasiyanın mütərəqqi alətlərindən hesab edilən klasterlərdən istifadə iqtisadi tərəqqidə mühüm amil kimi dəyərləndirilir ki, bu da öz bəhrəsini və səmərəsini verir. ABŞ-da müəssisələrin yarıdan çoxu klasterlər çərçivəsində fəaliyyət göstərir və onların payı ÜDM-də 60 faizdən artıqdır. Avropa İttifaqı ölkələrində isə işçi qüvvəsinin 38 faizdən çoxu klasterlərdə çalışır. Məhz kooperasiyanın inkişaf etdiyi ölkələrdə rəqabətqabiliyyətlik yüksək səviyyədə olur. Təsadüfi deyil ki, sənayeləri bütövlükdə klasterləşmə ilə əhatə olunmuş Finlandiya, Danimarka, Norveç, İsveç iqtisadiyyatı rəqabətqabiliyyətliyə görə dünyada öncül mövqedədirlər. Həmçinin Almaniya və Fransanın da bir çox sənaye sahələrində klasterləşmə geniş yayılmışdır. Cənub-Şərqi Asiyada, Çində, Sinqapurda, Yaponiyada da klasterlərin formalaşdırılması prosesi sürətlənməkdədir. Məsələn, Çində 30 min şirkəti, 3,5 milyon işçini özündə birləşdirən, ildə 200 milyard dollar məhsul istehsal edən 60 xüsusi klaster-zonalar mövcuddur.

Onu da qeyd edək ki, ayrı-ayrı sahə və şirkətlərin rəqabətqabiliyyətliyini və onların gəlirliyini artıran maraqların lobbiləşməsi yolu ilə “əldə edilən” inkişafdan fərqli olaraq klasterləşmə ölkənin və regionların inkişafına dövlətin, yerli hakimiyyətin, biznes təmsilçilərinin səmərəli qarşılıqlı əlaqələrini və məqsəd birliyini təmin etməklə mövcud maliyyə, təbii, innovativ, iş qüvvəsi resurslarından səmərəli istifadəyə, kiçik və orta sahibkarlığın, ailə təsərrüfatlarının inkişafına zəmin yaradır. Bu baxımdan fikrimizcə, ölkəmizdə və onun regionlarında müxtəlif iqtisadi səviyyə və sahələr arasında istehsal kooperasiyasının gücləndirilməsini təmin etməyə, klasterləşmənin geniş yayılmasına istiqamət verməyə imkan yaradan yeni “Yol Xəritəsi”nin hazırlanması üzərində düşünməyə dəyər.

“Yol Xəritəsi”ndə haqlı olaraq şəffaflıq və hesabatlığın yüksək səviyyədə qurulması iqtisadi siyasətin və islahatların səmərəsinin yüksəldilməsinin mühüm amili kimi dəyərləndirilir. Heç də təsadüfi deyil ki, Azərbaycanda biznes mühitinin institusional əsaslarının gücləndirilməsi üçün “Yol Xəritəsi”ndə azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə bərabər səmərəlilik, hesabatlıq və şəffaflığın artırılması əsas istiqamət kimi qeyd edilmişdir. Eyni zamanda vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması istiqamətində fəaliyyətin davam etdirilməsi zərurəti “Yol Xəritəsi”ndə təsbit olunmuşdur. Çünki şəffaflıq və hesabatlığın investisiyalarının cəlb edilməsində və onların idarə edilməsində rolu danılmazdır. Beynəlxalq təcrübədə sübut olunmuşdur ki, iqtisadiyyatda, o cümlədən maliyyə bazarlarında şəffaflığın artması nəticəsində daha çox xarici investor cəlb etmək mümkün olur, şəffaflıq lazımi səviyyədə olmadıqda isə xarici investisiya da daxil olmaqla investisiya cəlbediciliyi nəzərəçarpacaq dərəcədə zəifləyir. Mühasibat hesablığının və auditin investorların maraqlarını müdafiə etməmələrinə, şəffaflığın pozulmasına bariz nümunə kimi ad çıxarmış ENRON hadisəsi investorların etimadlarının zəifləməsinə və bunun da nəticəsində ABŞ iqtisadiyyatına qoyulan investisiyaların 300 milyard dollardan 30 milyard dollara düşməsinə, yəni 10 dəfə azalmasına gətirib çıxarmışdır.

Daxili və xarici investisiyaların cəlb edilməsində şəffaflıqla birbaşa əlaqəsi olan maliyyə bazarlarına çıxışın yaxşılaşdırılması da mühüm bir vəzifə kimi həllini gözləyir. “Yol Xəritəsi”ndə verilmiş təhlil materialları göstərir ki, özəl sektora verilən daxili kredit göstəricisinə görə Azərbaycan Qərbi Avropa ölkələrindən, eləcə də Türkiyə və Rusiyadan müvafiq olaraq 5,4, 3,7, 3, səhm əməliyyatlarının həcminə görə isə 67, 50, 12 dəfə geri qalır.

“Yol Xəritəsi”ndə iqtisadi inkişafın risk amillərinin düzgün və vaxtında aşkarlanıb qiymətləndirilməsinə, habelə onların təsirinin yumşaldılması yollarına xüsusi diqqət yetirilmişdir. Bu mənada həqiqətən də risk əsaslı nəzarət modelinin tətbiqi nəzarətin daha effektiv və mütərəqqi forması kimi mühüm rola malikdir. Başqa sözlə, ənənəvi nəzarət metodlarından fərqli olaraq ən çox risk ehtimalı olan sahələrə daha böyük diqqət yetirilməsi tələb edilir. Mövcud nəzarət sistemi hadisələri nəinki qabaqlaya, yarana biləcək nöqsan və çatışmazlıqları vaxtında aşkarlamağa imkan vermir, hətta buraxılmış nöqsanların hamısını və ya əsaslarını belə, aşkara çıxarmır. Ona görə də hər bir sahədə risklərin strukturunun tədqiqinə və onlara təsir mexanizminə malik mütərəqqi nəzarət metodlarının, o cümlədən risk əsaslı nəzarətin işlənib həyata keçirilməsi çox vacibdir. Odur ki, “Yol Xəritəsi”ndə göstərildiyi kimi, yaxın dövrlərdə risk əsaslı nəzarətin həyata keçirilməsi üzrə daxili prosedurlar hazırlanacaq, hesabatvermə formaları və biznes prosesləri müəyyən ediləcəkdir.

“Yol Xəritəsi”ndə həlli vacib sayılan digər mühüm bir məqam korporativ idarəetmə və qiymətli kağızlar bazarının fəaliyyəti ilə əlaqədardır. Belə ki, aparılmış təhlillər göstərir ki, açıq səhmdar cəmiyyətlərinin korporativ idarəetmə standartlarının zəif inkişaf etməsi, şəffaflığın aşağı olması kapitalın qiymətli kağızlar bazarı vasitəsilə cəlb edilməsini məhdudlaşdırmışdır. Ona görə də “Yol Xəritəsi”nin əsas strateji hədəfləri sırasında maliyyə xidmətlərində şəffaflığın və səmərəliyin artırılması üçün infrastrukturun təkmilləşdirilməsi təsbit olunmuşdur. Bunun da nəticəsində ölkədə fəaliyyət göstərən iri şirkətlərin əhəmiyyətli hissəsi listinqə daxil olacaq, yerli və xarici investorlar bu şirkətlərin emissiya etdiyi qiymətli kağızlarla aktiv ticarət əməliyyatları aparılmasında inamlı olacaqlar. Şəfafflığın artması və texniki infrastrukturun təkmilləşməsi nəticəsində əməliyyatların aparılması asanlaşacaq. Şəffaf mühit investorlara riskləri və gözlənilən gəlirləri daha yaxşı qiymətləndirmək və əsaslandırılmış qərarlar vermək imkanı yaradacaq.

Yaxşı məlumdur ki, hər bir investorun istəyi keyfiyyətli sərmayə portfeli yaratmaq, riskləri azaltmaq və gəlir əldə etməkdir ki, bunlar da portfelə yığılan qiymətli kağızların etibarlığından birbaşa asılıdır. Bu sahədə investisiya auditinin, o cümlədən investisiya konsaltinqinin üzərinə çox mühüm vəzifələr düşür. Aparılan təhlillər bir daha sübut edir ki, iqtisadiyyatımızda mövcud olan problemlərin böyük bir qismi hesabatlıq və şəffaflıqda olan çatışmazlıqlara bağlıdır. Bu baxımdan çox önəmlidir ki, 2020-ci ilədək Azərbaycanın maliyyə sektorunun inkişafı üzrə strateji baxışda hesabatlıqda şəffaflığın artırılması zərurəti konkret olaraq göstərilmişdir.

Hazırda isə təəssüf ki, korporativ rəhbərliyin şəffaf hesabatlığa münasibəti könüllülük prinsipinə əsaslanır ki, bu da öz növbəsində qanunsuz və hesabatlıqdan kənar fəaliyyətə rəvac verməklə iqtisadi inkişafa bir çox istiqamətdə mənfi təsir göstərir. Fikrimizcə, bu sahədə vəziyyətin yaxşılaşdırılması beynəlxalq təcrübə əsasında müvafiq qanunvericilik aktlarında zəruri dəyişikliklərin aparılmasını vacib edir.

Milli valyutanın devalvasiyası ilə bağlı “Yol Xəritəsi”ndə qeyd olunmuş belə bir fikir də müstəsna əhəmiyyət kəsb edir ki, müasir iqtisadiyyatın daha çox davranış iqtisadiyyatına meyil etməsi, o cümlədən maliyyə-bank xidmətləri istehlakçılarının informasiyaya çıxış imkanlarının genişlənməsi diqqətin pul siyasətinin şəffaflığı və hesabatlığı üzərində fokuslaşmasını labüd edir.

İdarəolunmada şəfafflığı artırmaq son illər həyata keçirilən islahatlarda əvvəllər də vurğulanmışdır. Bu istiqamətdə bir sıra konkret müddəalar Prezidentin 2016-cı il 5 sentyabr tarixli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamında əks olunmuşdur. Fikrimizcə, göstərilən qurumların istehsalat və xidmət sahələrinin xüsusiyyətləri nəzərə alınmaqla, fəaliyyət istiqamətləri üzrə bütün makroiqtisadi, statistik, habelə illik və perspektiv plan tapşırıqlarının və onların yerinə yetirilməsinə dair NATURAL və pul ifadəsində göstəriciləri daxil edilmiş illik hesabatlarının Nazirlər Kabineti tərəfindən öncədən bəyənilmiş formada tərtib olunması, Nazirlər Kabinetinə təqdim edilməsi və bu prosedurların qanunvericiliklə təsbit olunması şəffaflığın artırılması baxımından məqsədəuyğun olardı. “Yol Xəritəsi”ndə bu fikirlər daha da dərinləşdirilmiş və eyni zamanda belə bir əhəmiyyətli müddəa əks olunmuşdur ki, həmin müəssisələrin maliyyə hesabatları mərhələli şəkildə beynəlxalq standartlar tətbiq edilməklə təkmilləşdiriləcək.

Ölkəmizin iqtisadi imkanları üzrə açıqlanan məlumatların əhatəlilik səviyyəsinin və keyfiyyətinin artırılması, məlumatların açıqlanması üzrə şəffaflığın artırılması daha dəqiq və məlumat əsaslı qərarların verilməsi imkanı yaratmaqla, bütün bazar iştirakçılarının maraqlarına xidmət etdiyi nəzərə alınaraq Yol Xəritəsində bu sahəyə xüsusi yer ayrılmışdır. Sənəddə göstərilir ki, daha səmərəli qərar verilməsi sahəsində həyata keçiriləcək tədbirlərə statistika infrastrukturunun gücləndirilməsi də daxildir. İnkişafın, iqtisadi-maliyyə və sosial həyatda baş verən dəyişiklikləri əks etdirib müəyyənləşdirən statistikanın təkmilləşdirilməsi problemi ölkə Prezidenti İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Prezidentin qeyd etdiyi kimi: “Biznes, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi, maliyyə sektorlarının, vergi, gömrük orqanlarının tam şəffaflaşması, vergi bazasının genişləndirilməsi, uçotun, statistikanın düzgün aparılması - bax, bütün bunlar çox vacib olan məsələlərdir... Bizim statistikamız da aparıcı ölkələrin statistikasına xas olan bütün əlamətləri özündə ehtiva etməlidir. Çünki əsas budur, məlumatdır. Biz dəqiq bilməliyik harada nə işlər görülür, hansı məhsullar istehsal olunur. Əgər belə olmasa, gələcək fəaliyyətimizi planlaşdırmaq çətin olacaqdır”.

Müəssisələr, menecerlər, bazar infrastrukturu iştirakçıları üçün statistik məhsulların təqdimi də mühüm əhəmiyyət kəsb edir. Bu işdə statistika ilə yanaşı, müstəqil auditin də əhəmiyyəti və məsuliyyəti böyükdür. İqtisadi subyektlərin əksəriyyətinin hesabatlarının auditorlar tərəfindən təsdiqləndiyi tələb olunan bir şəraitdə maliyyə-iqtisadi göstəricilərinin düzgünlüyünə statistikadan çox audit məsuliyyət daşıyır. Başqa sözlə, bazar iqtisadiyyatı şəraitində statistik göstəricilərin keyfiyyəti və düzgünlüyü auditorun iqtisadi inkişafda rolunu bir daha təsdiqləyir və auditin keyfiyyətinə tələbləri qat-qat artırır.

“Yol Xəritəsi”ndə konsoldasiya edilmiş prudensial nəzarət və hesabatlıq sisteminin olmaması ümumi risk profilinin qiymətləndirilməsi zamanı çətinliklərin yaranması səbəblərindən biri kimi dəyərləndirilir. Prudensial nəzarət, əslində, daha çox tənzimlənmə funksiyasını yerinə yetirməklə limit və məhdudiyyətlər sisteminin, habelə məqbul risk səviyyəsini nəzarətdə saxlayır və investorların, əmanətçilərin, səhmdarların və digər maraqlı tərəflərin mənafeyini qoruyur. Nəzarətin bu mütərəqqi forması artıq yol verilmiş nöqsan və pozuntuların aşkarlanmasından da çox, belə neqativ halların əvvəlcədən yaranma səbəblərinin aradan qaldırılmasını əhatə edir.

Qeyri-neft sahələrində rəqabətqabiliyyətliyin gücləndirilməsinin mühüm şərtlərindən biri olan kapitalın və istehsal güclərinin təmərküzləşməsi, habelə istehsal kooperasiyasının genişləndirilməsi kimi proseslər ölkə iqtisadiyyatının bir çox sektorlarında konsolidə hesabatlığın və prudensial nəzarətin tətbiqini iqtisadi səmərəlilik baxımından daha da aktual edir. Bu məqsədlə, yəqin ki, konsoldasiya edilmiş prudensial nəzarət mexanizminin yaradılması üçün “Yol Xəritəsi” hazırlanacaq və tədbirlərin icrasına başlanacaq.

Prezidentin 2003-cü il 24 noyabr tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanında ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün ayrılan vəsaitin şəffaflığının qorunması, müəssisələrdə maliyyə intizamının möhkəmləndirilməsi və bu sahələrdə mövcud olan nöqsanların aradan qaldırılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. İndi isə şəffaflığın aşağı olmasının, iqtisadi cinayətkarlığın və korrupsiyanın iqtisadi təhlükəsinə dair rəqəmlərə müraciət edək: ötən əsrin 90-cı illərində Amerika iqtisadçısı Paolo Mauro tərəfindən işlənib hazırlanmış model əsasında aparılmış hesablamalar göstərir ki, korrupsiya indeksinin 2,4 bal artması ölkənin iqtisadi inkişaf tempini 0,5 faiz azaldır. Əksinə, korrupsiyanın 1 bal azalması ÜDM-in adambaşına düşən məbləğinin ildə təqribən 4600 ABŞ dolları artması ilə müşahidə olunur. Digər Amerika iqtisadçısı Şan-Çin Vayın hesablamalarına görə, korrupsiya indeksinin bir bal kimi yüksəlməsi xarici investisiyaların 0,9 faiz azalması ilə müşahidə edilir. Eyni zamanda korrupsiyadan törəyən haqsız rəqabət amili real iqtisadiyyatın inkişafına ciddi mane olur. Məhz bunun nəticəsində sahibkarların fəaliyyətinə əsassız müdaxilə olunur və istehlakçıların hüquqları pozulur. Şəffaflığın olmaması dövlət vəsaitlərindən istifadənin səmərəliliyini də nəzərəçarpacaq dərəcədə aşağı salır. Bunlardan əlavə, beynəlxalq qurumların araşdırmaları daha maraqlı asılılığı da üzə çıxarmışdır. 132 ölkənin timsalında korrupsiya səviyyəsi ilə onun rəqabətqabiliyyətliyi arasında qarşılıqlı əlaqənin olduğu təsdiqlənmişdir. Belə ki, dünyada elə bir ölkə yoxdur ki, eyni zamanda həm yüksək korrupsiya səviyyəsinə, həm də yüksək rəqabətqabiliyyətliyə malik olsun. Həmçinin az korrupsiyaya uğramış və rəqabətqabiliyyətliyi aşağı olan ölkəyə də rast gəlinməmişdir. Hesablamalara görə, korrupsiyanın səviyyəsi ilə rəqabətqabiliyyətlik arasında qarşılıqlı əlaqə (korrelyasiya) əmsalı 0,87 təşkil edir ki, bu da, öz növbəsində, belə əlaqənin çox güclü olduğuna dəlalət edir. Başqa sözlə, korrupsiya rəqabətqabiliyyətliyi (xüsusən də müəssisələr səviyyəsində) boğur və iqtisadi inkişafı “səmt küləyi”ndən məhrum edir. Təsadüfi deyil ki, korrupsiya bütün dünyada iqtisadiyyatın effektivliyinə təsir edən əsas amillərdən biri kimi qəbul olunur. Korrupsiyanın azaldılması isə rəqadətqabiliyyətliliyi artırır, kiçik, orta və iri biznesi inkişaf etdirir, inflyasiya səviyyəsini aşağı salır, yoxsulluğu azaldır, xalqın güzəranını yüksəldir.

Bir sıra ölkələrin təcrübəsi göstərir ki, xarici iqtisadi əməkdaşlığa dair ölkələrarası yol xəritələrinin hazırlanıb həyata keçirilməsi iqtisadi inkişafın amillərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Belə yanaşmanın müsbət nəticələri özünü ilk növbədə nəzərdə tutulmuş proqram və tədbirlərə çevik nəzarətin təşkilində, iqtisadi-ticarət və investisiya üzrə əməkdaşlıqların əlaqələndirilməsində, qlobal problemə birgə baxışların formalaşmasında, qabaqcıl təcrübə, informasiya və texnologiya mübadiləsində, müştərək müəssisələrin, məhsul və xidmət növlərinin yaradılmasında, logistik və nəqliyyat xətlərinin qurulmasında və səmərəli istifadəsində, innovasiya modernləşdirmə, intellektual mülkiyyətlərin yaradılmasında, idarəetmə və kommersiyalaşdırma sahəsində əməkdaşlığın möhkəmləndirilməsində, insan resursları sahəsində birgə fəaliyyətin inkişafında, turizmin genişlənməsində, kiçik və orta biznesin dəstəklənməsində, ticarət və investisiyaların stimullaşdırılmasında, şəffaflıq və informasiya-reklam təminatında göstərə bilər.

Fikrimizcə, yuxarıda göstərilənlərdən əlavə ən yaxın vaxtlarda “Manatın kursunun stabilləşdirilməsi”, “Kapital axınının qarşısının alınması və deofşorizasiya”, “Xarici investisiyaların cəlbi”, “İqtisadiyyatın dollardan azad edilməsi”, “Kooperizasiya iştirakçılarının maraqlarının uzlaşdırılması və klasterləşmə”, “Qiymətlərin stabilləşdirilməsi”nə dair yol xəritələri işlənib hazırlanmalıdır. Bunlardan əlavə, strateji idarəetmə sisteminə dair yeni konsepsiyanın yaradılması da mühüm əhəmiyyət kəsb edərdi. Bu yerdə Prezident

İlham Əliyevin sözlərini xatırlatmaq istərdik: “Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir. Ölkəmizdə bütün işlər - iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır. İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik”.

Tam yəqinliklə demək olar ki, Azərbaycanın “Yol Xəritəsi”ndə göstərilən mexanizmlərin işlənib hazırlanması və tətbiqi yeni qlobal reallıqda Azərbaycan iqtisadiyyatının düzgün istiqamətləndirilməsi və inkişafının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və gələcək inkişafımıza möhkəm zəmin yaradır.

 

Vahid NOVRUZOV,

AR Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2017.- 29 yanvar.- S. 6.