“Koroğlu” durduqca
türkün qəhrəmanlıq ruhu da yaşayacaq
Bu dastan
gürcü dilinə
çevrilib
Qarşımda iki kitab var: “Koroğlu”
və “Min bir Azərbaycan bayatısı”.
Hər iki kitab Azərbaycan
və gürcü dillərində nəşr
olunmuşdur. Onları Namiq
Əliyev tərtib etmiş, Zezva Medulaşvili gürcü dilinə çevirmişdir.
Elə bilirəm ki, tərtibçi və tərcüməçi bu
əsərləri təsadüfən
seçməmişlər. Hər bir xalqı yaxından və hərtərəfli tanımaq
üçün onun folklorunu yaxşı bilmək kifayətdir.
Yəqin
ki, Zezva Medulaşvili də “Koroğlu” dastanını
və bayatıları
gürcü dilinə
çevirərkən bu
məqsədi güdmüşdür.
“Koroğlu”
dastanı dünya epik söz sənətinin
ən gözəl və bənzərsiz əsərlərindən biridir. Yayılma coğrafiyasının
genişliyinə, versiya
və variantlarının
sayına görə dünya xalqlarının heç birində “Koroğlu” ilə yanaşı qoyulacaq ikinci bir əsər
yoxdur. O, Qafqazdan
Volqaboyuna, Orta Asiyadan ön Asiyaya, hətta Avropanın da bir çox yerlərinə qədər
yayılmışdır. Buna
dastanın ideya və məzmunca mükəmməlliyi, poetik
gözəlliyi ilə
yanaşı, xalqın
həyatına, arzu və ideallarına aydın güzgü tutmağı səbəb
olmuşdur. Burada Koroğlunun
tarixi şəxsiyyət
olmağının, aşıqlığının,
şairliyinin böyük
rol oynadığı
da danılmazdır.
“Koroğlu”
dastanı hələ
XVIII-XIX yüzilliklərdə qonşu gürcü xalqının da dilinə keçmiş, həyatına daxil olmuşdur. “Koroğlu”nun
bir çox şeirlərinin müstəqil
qoşma və gəraylılar şəklində
həmin dövrlərdə
türk dilində gürcü əlifbası
ilə yazıya alınması bu fikri söyləməyə
əsas verir. Həmin əlyazmalar hazırda Gürcüstan
EA Kekelidze adına
Əlyazmalar İnstitutunda
saxlanılır.
“Koroğlu” dastanının Azərbaycan
və gürcü dillərində bir
kitabda bu cür işıq üzü görməyi hamını sevindirir. Bu kitab eyni tarixi taleyi yaşayan
iki qonşu xalq arasındakı dostluq ilişgilərini daha da möhkəmləndirmək
baxımından böyük
önəm daşıyır.
Türk xalqının
qəhrəmanlıq ruhunu
özünə hopdurmuş
“Kitabi-Dədə Qorqud”
və “Koroğlu” dastanları onu neçə min illər boyu ovxarlı saxlamış, ölməyə
qoymamışdır. Ona görə
deyə bilərəm
ki, “Koroğlu” türk xalqının ruhunun canlı heykəlidir. Bu dastanı oxuduqca adama elə gəlir ki, o heykəl dil açıb danışır.
“Dədə Qorqud”
və “Koroğlu” durduqca türkün qəhrəmanlıq ruhu da yaşayacaq.
Bayatılar nadir söz inciləridir. Ona oxşayan
şeir olsa da, dünya xalqlarının heç birində bayatı yoxdur. Elə bayatılarımız var ki, onun
təkcə dörd misrası bir romanlıq poetik fikir yükü daşıyır. Bayatı doğulduqdan
ölənə qədər
hər bir azərbaycanlının yol
yoldaşı olur.
Bayatılar xalqın həyatının
aynasıdır. Mən bayatılardan
danışarkən həmişə
bir olayı xatırlayıram. Moskvada
M.Qorki adına
Ədəbiyyat İnstitutunda
oxuyurdum. Rus şifahi xalq
yaradıcılığı keçirdik. Vladimir Qafarovun tərcüməsində
işıq üzü
görmüş bayatılar
kitabını da özümlə aparmışdım.
Bir dəfə kitabdan üç bayatını
işarələyib müəllimə
verdim. Bayatılar
bunlar idi:
Əzizim, baxtı yarım,
Baxtımın taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım.
Əzizinəm, gül
əllər,
Ağ biləklər, gül əllər.
Dəryaca ağlın
olsa,
Yoxsul olsan, güləllər.
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə
dönsə,
Yaddan çıxmaz Qarabağ.
Müəllim bu bayatıları oxuyub heyrətləndi və soruşdu ki, bunları kim
yazıb. Mən dedim: “Azərbaycan xalqı!” Müəllim inanmadı ki,
bunları xalq düzüb-qoşub. Annotasiyanı
oxuyandan sonra buna əmin oldu və auditoriyaya
girib dedi:
- Uşaqlar, mən daha sizə
mühazirə oxumayacağam.
Folklor bu kitabdadır. Onu İslamdan alıb hamınız oxuyun.
Bu, bayatının
gücü idi!
Mən kitabları
çapa hazırlayan
pr.doktor Namiq Əliyevin, Tiflisdəki “Varlıq” Mədəniyyət
Mərkəzinin rəhbəri
Rafiq Hümmətin və bu bənzərsiz
söz incilərini öz ana dilinə
çevirmiş Zezva Medulaşvilinin ön sözlərini maraqla oxudum. Tərcüməçi Zezva Medulaşvilinin
Azərbaycan xalqına,
onun yaratdığı
sözlü və yazılı ədəbiyyata
sonsuz sevgisinin, məhəbbətinin bütün
yazılardan qırmızı
xətt kimi keçdiyini gördüm
və buna çox sevindim. Deməli, bu kitablara adi
bir tərcümə işi kimi baxmaq
olmaz. Hər iki kitab bir insanın qəlbini isidən, hisslərini, duyğularını
tərpədən, onu
bu tərcüməyə
kökləyən dərin
sevginin övladı kimi dünyaya gəlib. Mən başqa cür
də düşünmürəm.
“Koroğlu”nu da, bayatıları da sevmədən, duymadan, onlardakı hissləri, həyəcanları
öz ruhuna hopdurub yaşamadan tərcümə etmək
mümkünsüzdür. Açığını deyim
ki, Zezva Medulaşvilinin xalqıma,
onun yaratdığı
bu gözəl söz incilərinə dərin sevgisi və məhəbbəti mənim də gürcü xalqına sevgimi, məhəbbətimi
birə beş
artırdı. Əminəm ki, bu kitabları
oxuyan hər bir azərbaycanlının
gürcü xalqına,
hər bir gürcünün də Azərbaycan xalqına məhəbbəti ən azı mənimki qədər artacaq.
Bu iki kitabın işıq üzü görməsi Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrinin daha da gücləndirilməsi yolunda atılmış uğurlu bir addımdır. Elə bilirəm ki, xalqın ruhu hopmuş sözlü xalq yaradıcılığı örnəklərinə söykənən bu dostluq heç vaxt sarsılmayacaq. Ona görə də bu işi eyni məhəbbətlə davam etdirmək lazımdır. Bundan Azərbaycan və gürcü xalqları çox şey qazanacaq.
İslam SADIQ
Azərbaycan.-
2017.- 29 yanvar.- S. 8.