Məqsədimiz Azərbaycanı gücləndirmək,
müstəqilliyi möhkəmləndirmək, dayanıqlı
inkişafa nail olmaqdır
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlət başçısı konfransda giriş nitqi söylədi.
Azərbaycan
Prezidenti İlham Əliyevin giriş nitqi
- Bu gün biz Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasını müzakirə edəcəyik,
bu il görüləcək işlər
haqqında danışacağıq.
Bütün obyektiv çətinliklərə
baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı
inkişaf etmişdir və bütün əsas vəzifələr
icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri
müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə
5 faiz artmışdır. Dünyada neftin qiymətinin
üç-dörd dəfə aşağı düşməsinə
baxmayaraq, əvvəlki illərdə görülmüş
işlər və keçən il
apardığımız dərin islahatlar nəticəsində
biz bu inkişafı təmin edə bilmişik.
Əlbəttə, dünyada
bu gün də davam edən iqtisadi və maliyyə
böhranı bizim işimizə də öz mənfi təsirini
göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər
ölkələrlə müqayisədə bu ağır vəziyyətdən
minimum itkilərlə çıxa bilmişdir. Keçən
il yüz mindən çox daimi iş yeri
yaradılmışdır. Bu proses 2004-cü ildən bu
günə qədər davam edir.
Biz Neft Fondunun valyuta
ehtiyatlarını qoruya bilmişik. Hesab edirəm ki, bu da
çox əlamətdar hadisədir. Çünki
neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti
öz valyuta ehtiyatlarının bir hissəsini xərcləmişdir.
Biz isə çalışdıq və buna nail
olduq ki, valyuta ehtiyatlarımızı qoruyaq. Çünki
valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və
bütövlükdə bu, bizim iqtisadi imkanlarımızı,
iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir.
Deyə bilərəm ki,
2016-cı ildə gördüyümüz işlərə
dünyanın mötəbər beynəlxalq iqtisadi
qurumları da yüksək qiymət verirlər. Onların
arasında dünyanın ən böyük qeyri-hökumət
iqtisadi qurumu, bütün dünya liderlərini,
dünyanın siyasi-iqtisadi elitasını birləşdirən
Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı
verdiyi hesabatda yenə də müsbət rəy
bildirmişdir. Beləliklə, ölkələrin
rəqabətqabiliyyətliliyinə görə Azərbaycan
üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır.
Digər göstəriciyə - inkişaf edən
ölkələr arasında inkişafa görə isə - bu
hesablama təxminən 80-ə yaxın inkişaf edən
ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci
yerləri bölüşür. Bax, budur,
aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə
verdikləri qiymət.
Biz, əlbəttə ki,
öz işimizi reytinq almaq üçün qurmuruq. Ancaq əlbəttə,
belə bir fikirlər ortalığa qoyulanda bu, həm bizi daha
da sevindirir, eyni zamanda bu, dünyanın bütün maliyyə
qurumlarına bir siqnaldır. Ona görə
bu gün Azərbaycan üçün istənilən layihəyə
kredit almaq artıq çoxdan problem deyil. Hətta
indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə
o qədər də böyük meyil göstərməyək.
Çalışmalıyıq ki, bundan sonra da
bütün işləri daxili imkanlar hesabına görək.
Çünki xarici borcun artması müsbət
hal deyil. Bizdə isə bu göstərici
də çox yaxşı səviyyədədir, təqribən
20 faiz səviyyəsindədir. Bu da əvvəlki
illərlə müqayisədə daha da böyük rəqəmdir.
Bunun da səbəbi manatın devalvasiyaya
uğramasıdır. Ondan əvvəlki
dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib.
Bu gün də bu, məqbul səviyyədədir.
Amma biz çalışmalıyıq ki, bu,
artmasın, əksinə, azalsın. Xarici
borcu azaltmaq üçün biz xarici kreditləri çox
böyük ehtiyatla almalıyıq. Ancaq
ölkəmiz üçün strateji əhəmiyyət
daşıyan layihələrə biz xarici borcu ala bilərik.
Bir sözlə, hesab edirəm
ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət
qiymətləndirilməlidir. Xüsusilə bölgələrdə
aparılan işlər də öz dinamikasını
saxlamışdır. Keçən il
bölgələrdə çox böyük işlər
görülmüşdür.
Regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının icrası
bölgələrimizin simasını dəyişdirmişdir. Bugünkü
konfrans sayca 14-cüdür. On dörd ildir ki, biz hər il ilin əvvəlində görülən
işlərə qiymət veririk, nöqsanları aşkar
edirik və gələcək üçün fəaliyyət
planımızı tuturuq. Bu il də bu ənənəyə
sadiq qalaraq bu konfransı keçiririk. Burada mərkəzi,
yerli icra orqanlarının rəhbərləri, aparıcı
biznes qurumlarının nümayəndələri iştirak
edirlər. Konfransın birinci hissəsindən
sonra tədbir işinə davam edəcək. Əminəm
ki, aparılacaq diskussiyalar və müzakirələr bu il ərzində görüləcək əlavə
işlər haqqında fikir formalaşdırmağa imkan verəcək.
Əslində, biz regional
inkişaf proqramlarını tərtib edərkən bölgələrdən
rəylər aldıq. Bizim bu gün müzakirə etdiyimiz və
2014-cü ildə qəbul olunmuş üçüncü
Dövlət Proqramı da yerlərdən gələn təkliflər
əsasında və ölkəmizin strateji istiqaməti nəzərə
alınaraq tərtib edilmişdir. Proqramların
məqsədi məhz ondan ibarətdir ki, bütün
mövcud problemlər, insanları narahat edən sosial məsələlər
öz həllini tapsın. Bizim
proqramlarımız çox konkretdir. Qarşıya
çox konkret hədəflər qoyulur və deyə bilərəm
ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə
və uğurla icra edilmişdir. Əminəm
ki, üçüncü proqramın taleyi də eyni olacaq.
2004-cü ildə birinci
proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki
regionların inkişafı, ölkə iqtisadiyyatının
şaxələndirilməsi istiqamətində atılan bu
addımlar, infrastruktur ilə bağlı olan layihələr,
bax, bugünkü reallığı yaratmışdır.
Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə
qəbul etməsəydik, bu gün, əlbəttə ki,
regionlarda bugünkü uğurları əldə edə bilməzdik.
Bizim bütün bölgələrimiz,
bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib.
Bakı şəhəri, bizim əsas şəhərlərimiz
- Gəncə, Sumqayıt göz oxşayır, dünya
üçün bir nümunədir. Bizim
bütün şəhərlərimizdə abadlıq-quruculuq
işləri aparılmışdır, böyük
infrastruktur layihələri icra edilmişdir. Bu imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf
etsin. Bu imkan verir ki, biznes strukturları bu
imkanlardan səmərəli istifadə etsinlər.
Bizim proqramımızın
birinci mərhələsi daha çox infrastruktur layihələri
ilə bağlı idi. Bu da təbii idi. Çünki
biz 2004-cü ildə enerji təhlükəsizliyimizi tam təmin
edə bilməmişdik. O vaxt bizim əsas neft kəmərimiz
Bakı-Tbilisi-Ceyhan inşa edilirdi. O vaxt biz xaricdən elektrik
enerjisi və qaz alırdıq. Bu asılılıq,
əlbəttə, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə
inkişaf edək. Yəni bizim
inkişafımızı ləngidən xarici amillər idi.
Biz xaricdən istədiyimiz qədər enerji,
qaz ala biləcəyik, yoxsa yox və hansı qiymətə
alacağıq?! Ona görə birinci hədəf
enerji müstəqilliyimizi təmin etmək idi. Biz buna
qısa müddət ərzində nail olduq. 2004-cü
ildən bu günə qədər ölkəmizdə 26
elektrik stansiyası tikilmişdir. Bu
stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır.
İndi təsəvvür edin, əgər biz
bunu etməsəydik, bu gün necə yaşaya bilərdik, necə
inkişaf edə bilərdik?!
Onu da deməliyəm ki, son 13-14 il ərzində yaradılmış elektrik
gücü təxminən bütün əvvəlki illərdə
yaradılmış gücə bərabərdir. Bu gün bizim 35 elektrik stansiyamız varsa, onların
26-sı proqram icra edilərkən tikilmişdir. O vaxt Azərbaycanda
qazlaşdırma 51 faiz səviyyəsində idi. Bölgələrdə isə demək olar ki, təbii
qaz yox idi. Bu gün Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 92 faizə
qalxıbdır.
2004-cü ildən bu günə
qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm
magistral yollara, həm də şəhərlərarası və
kənd yollarına aiddir. Bu yol infrastrukturu
həm insanlara rahatlıq verir, eyni zamanda iqtisadi inkişaf
üçün də mühüm amildir. Yol olmayan yerdə
nə investisiya, nə iş yeri, nə də bir inkişaf
olacaq. Ona görə yol infrastrukturuna çox
böyük diqqət verilmişdir. Bununla
bərabər, yol tikintisində kifayət qədər
çox işçi qüvvəsi iştirak edir və beləliklə,
biz məşğulluğu təmin edə bilmişik.
Müasir yol infrastrukturu yaradılıb, bu proses davam etdirilir.
Bu il görüləcək işlər
haqqında danışacağıq və qarşıya məqsəd
qoyulub ki, bütün yollarımız yüksək səviyyədə
olsun, magistral, şəhərlərarası, kənd
yolları, fərq etməz, bütün yollar.
Kənd təsərrüfatını
stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər
görülmüşdür. Yüz minlərlə
hektar torpağın meliorativ vəziyyəti
yaxşılaşdırılmış və ya yeni
suvarılan sahələr dövriyyəyə
buraxılmışdır. Dörd su
anbarı tikilmişdir. Xüsusilə
onların arasında ən böyük Taxtaköprü və
Şəmkirçay su anbarlarını qeyd etmək istəyirəm.
Tovuzçay, Göytəpə su anbarları
tikilmişdir. Bu da çox böyük vəsait
tələb edən məsələlərdir, amma çox
lazımdır. Çünki əfsuslar
olsun ki, bizim su ehtiyatlarımız ölkəmizin
hüdudlarından kənarda formalaşır. Ona görə
biz sudan səmərəli istifadə etməliyik
və ölkə daxilində elə imkanlar, elə
infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm
ehtiyatımız olsun, həm də biz əkin sahələrini
genişləndirə bilək. Bu sahə də
çox böyük investisiya tələb edən sahə idi.
Hesab edirəm ki, bu sahədə əsas işlər
görülübdür. Mən
görüləcək işlər haqqında bir qədər
sonra fikirlərimi bildirəcəyəm.
Beləliklə, deyə bilərəm
ki, birinci proqramdan sonra əsas infrastruktur layihələri icra
edildi. Mən çox şadam ki, biz bunu qısa müddət
ərzində etdik. Mən həmişə
çalışırdım ki, biz bunları vaxt itirmədən
edək. Çünki bu, ölkəmizin
inkişafı, gələcəyimiz üçün zəruridir.
Bu infrastruktur bundan sonra onilliklər ərzində
xalqımıza, dövlətimizə xidmət edəcək.
Bu, bizim ölkəmizi böyük dərəcədə
gücləndirmişdir, elə bir imkan yaratmışdır
ki, bu gün Azərbaycanda istənilən sahəyə
investisiya qoymaq istəyən qurumlar fəallaşır.
İnvestisiya ancaq o yerə qoyulur ki, orada artıq baza
infrastrukturu var. Əgər iş görmək istəyən
hansısa investor görsə ki, işıq, qaz, su yoxdur,
heç vaxt investisiya qoymaz. Yaxud da heç bir
investor öz hesabına infrastruktur layihələrinə pul
qoymaz. Bu, dövlətin işidir. Biz bunu daxili və xarici investorlar üçün
görmüşük.
O ki qaldı, daxili biznes
qurumlarının fəaliyyətinə, deyə bilərəm
ki, bu illər ərzində Azərbaycanda güclü və fəal
milli biznes sinfi formalaşmışdır. Əlbəttə,
dövlət də bu sahədə öz dəstəyini əsirgəməmişdir.
Mən iş adamları ilə daim təmasdayam,
görüşlər keçiririk, onların problemlərinin
həlli ilə məşğuluq və onlara həmişə
siyasi və maddi dəstək verilir. Çünki
mən yaxşı başa düşürdüm ki, ilkin
kapital olmadan heç bir işi görmək mümkün
deyil. Bir də ki, heç bir biznesmen, iş adamı
riskli yerlərə, ölkələrə heç vaxt pul
qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl
ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi
dəstək, - bax, hesab edirəm ki, bu amillər milli biznes
sinfini formalaşdırıb.
Son illər ərzində -
2004-cü ildən bu günə qədər Azərbaycan
sahibkarlarına təxminən 2 milyard manat dəyərində
güzəştli şərtlərlə kreditlər
verilmişdir.
Bu kreditlər ölkə iqtisadiyyatının
inkişafına böyük dəstək olmuşdur. Onu
da deməliyəm ki, bu il
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək
güzəştli kreditlərin hamısı əvvəlki illərdə
verilmiş və qaytarılmış kreditlər hesabına
veriləcək. Yəni artıq dövlət bu
yükü, necə deyərlər, öz üzərindən
kənara qoyub. Bax, məqsəd də ondan
ibarət idi. Hər il biz
böyük məbləğdə - 200 milyon, bəzi hallarda
250 milyon manat ayırırdıq və bu vəsait hesabına
işlər görülürdü, iş yerləri
açılırdı, böyük biznes imkanları
yaradılırdı. Eyni zamanda vaxt gəldi ki,
artıq dövlət bu pulu büdcədən ayırmır və
biz bunu qaytarılmış kreditlər hesabına edirik.
Hesab edirəm ki, bu da bir
yenilik idi. Mən xatırlamıram ki, hər hansı bir
ölkədə biznes strukturlarına dövlət tərəfindən,
bax, bu formada yardım göstərilsin. Onu
da qeyd etməliyəm ki, bizim təcrübəmizdən indi
bir çox ölkələr istifadə edirlər və bizi
nümunə kimi göstərirlər. Ona
görə infrastruktur layihələri, onunla paralel olaraq biznes
mühitinin yaxşılaşdırılması, biznesə
göstərilən diqqət və əlbəttə ki, sosial
infrastrukturun yaradılması vahid bir proqram çərçivəsində
uğurla icra edilir.
Mən dəfələrlə
demişəm, bu gün də demək istəyirəm ki, bizim
siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir,
müstəqilliyimizi möhkəmləndirməkdir və
dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə,
məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı
daha da yaxşı yaşasın. Yəni
biz bütün bu işləri onun üçün edirik ki,
xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli
bütün proqramlarda nəzərdə tutulmuşdur, həm
maaşların, pensiyaların, sosial müavinətlərin,
ünvanlı sosial yardımın artırılması və
eyni zamanda sosial infrastrukturun yaradılması
qarşımıza məqsəd kimi qoyulmuşdur.
Sosial infrastruktura gəldikdə,
qeyd etməliyəm ki, son illər ərzində - 2004-cü
ildən başlayaraq üç mindən çox məktəb
tikilib və ya təmir edilmişdir. Altı yüzdən
çox tibb ocağı tikilmiş və ya təmir
edilmişdir. Ancaq bölgələrdə
40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey,
10-dan çox teatr binası inşa edilmişdir. Yəni bütün sosial infrastruktur bloku da daim diqqət
mərkəzində idi. Bu proses davam etdirilir. Bu ilin dövlət investisiya proqramında da sosial
infrastrukturun yaradılması üçün kifayət qədər
böyük vəsait nəzərdə tutulmuşdur.
Biz bu illərdə ölkə
iqtisadiyyatının şaxələndirilməsi ilə
bağlı çox ciddi addımlar atmışıq. Azərbaycanda
kosmik sənaye yaradılmışdır. Bizim
artıq iki peykimiz var. Bu da yenilikdir, texnologiyadır, biznesdir.
Əlbəttə ki, biz bu məsələlərə
bu nöqteyi-nəzərdən yanaşırıq. Əgər həm müasir texnologiyaların
inkişafı, həm kadr hazırlığı, həm də
ki, kosmik sənaye düzgün qurularsa, böyük gəlir mənbəyidir.
Biz bu yolla gedirik və əminəm ki, o peyklərin
hazırlanmasına, orbitə buraxılmasına qoyduğumuz
bütün vəsait qaytarılacaq. Çünki
artıq bunun biznes imkanları kifayət qədər
genişdir.
Biz bu illər ərzində
ölkəmizin strateji maraqlarını təmin edən nəhəng
layihələri həyata keçirmişik. Bakı-Tbilisi-Ceyhan
neft kəməri 2006-cı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri
2007-ci illərdə istifadəyə verilmişdir. İndi ölkəmizi və bölgəmizi bu layihələrsiz
təsəvvür etmək mümkün deyil. Bu layihələr nəinki ölkəmizi gücləndirir,
xalqımıza xeyir gətirir. Bax,
bütün bu infrastruktur layihələrini biz nəyə
görə icra etmişik? Eyni zamanda, bu
layihələr bölgədə yerləşən ölkələr
üçün də xeyir gətirir, regional əməkdaşlığı
dərinləşdirir, bölgədə, regionda sabitliyi
möhkəmləndirir və əlbəttə ki, Azərbaycanın
bu sahədə liderlik keyfiyyətlərini çox
açıq şəkildə ortaya qoyur. Biz
bəziləri üçün əfsanə kimi görünən
layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata
keçirdik. Baxmayaraq, bir çox qüvvələr
var idi ki, bizə problem yaratmaq, bu layihələri əngəlləmək
istəyirdilər. Alınmadı,
çünki biz güclü siyasi iradə ortaya qoyduq və
düşünülmüş siyasətlə, çox dəqiq
siyasətlə bu strateji hədəflərə çata
bilmişik.
Bu gün isə bu dəhliz əsasında
yeni bir qlobal layihəni - “Cənub qaz dəhlizi”ni
icra edirik. Bu layihə də uğurla icra edilir.
Mən tam açıq deyə bilərəm ki,
əgər Azərbaycan yenə də bax, bu layihənin
icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya
qoymasaydı, bu layihə heç vaxt icra edilməzdi. Mən şəxsən bu layihə ilə
bağlı ona yaxın beynəlxalq konfransda, tədbirdə
iştirak etmişəm. Bu tədbirlərdə
əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi
irəli sürmüşdüm. Yəni
konkret danışmışdım, sadəcə olaraq formal
yox, konkret nə kimi işlər görülməlidir. Qərar
qəbul etdik ki, biz bunu özümüz öz
gücümüzə, dost, qonşu ölkələrlə
birlikdə edəcəyik və bunu edirik. Ondan
sonra bu simpoziumları, konfransları keçirənlər də
bizə qoşuldular, əlbəttə ki, bu da məqbul bir
haldır. Biz bunu
alqışlayırıq. Əməkdaşlıq
formatı nə qədər çox genişlənərsə,
bizim üçün bir o qədər yaxşıdır.
Lakin bir daha onu demək istəyirəm ki, “Cənub
qaz dəhlizi” bu gün ancaq Azərbaycanın liderliyi
hesabına icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə
bilər. Təsadüfi deyil ki, Azərbaycanın bu işdə
liderliyi, fəal və əsas rolu ötən ilin fevralında
Bakıda keçirilən ikinci “Cənub qaz dəhlizi” Məşvərət
Şurasının yekun sənədində də göstərilib.
Bu layihə əlbəttə
ki, uzunmüddətli maraqlarımızı təmin edəcək. Bu layihənin
icrasından sonra həm maliyyə imkanlarımız
böyük dərəcədə artacaq, eyni zamanda Azərbaycan
regional əməkdaşlıq, enerji təhlükəsizliyi
baxımından indikindən daha çox, daha böyük
önəm daşıyan ölkə olacaq.
Yəni son illər ərzində
görülmüş bütün işləri sadalamaq
çətindir. Mən sadəcə olaraq, əsas məqamları
diqqətinizə çatdırıram. Ona
görə ki, bu, bizim tariximizdir. Bunlar
olmasaydı, bu gün biz gələcək planlarımız
haqqında danışa bilməzdik. Azərbaycan
o ölkələrdəndir ki, neftdən çox səmərəli
və ağıllı şəkildə istifadə
etmişdir. Mən xatırlayıram, hələ
1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində
bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana
xoşbəxtlik gətirməyəcək, problem gətirəcək.
Ancaq biz bu təbii sərvətimizdən maksimum
dərəcədə səmərəli istifadə edə
bilmişik, ölkəmizi möhkəmləndirmişik,
möhkəm dövlət qurmuşuq və 25 ildir ki, müstəqil
ölkə kimi yaşayırıq. Şəhərlərimizi
qurmuşuq, özümüz üçün gözəl həyat
yaratmışıq. Gələcəkdə
daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə
idi, biz bütün bu işləri görə bilməzdik.
Ona görə də bizim bütün uğurlarımızın
mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Xalq, ictimaiyyət tərəfindən
verilmiş və verilən dəstək, əlbəttə ki,
bizi həm gücləndirir, həm də ruhlandırır.
Onu da deməliyəm ki, biz
bütün bu işləri o qədər də asan olmayan
şəraitdə icra etmişik. Yaxşı bilirsiniz
ki, bizə qarşı mütəmadi qaydada qarayaxma,
böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir.
Çünki biz bilirik ki, bunlar haradan
qaynaqlanır, bunun arxasında kimlər dayanırlar,
onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər
şeyi öz yerinə qoyur. Bizə
qarşı o çirkin kampaniyaları təşkil edənlərin
özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar.
Artıq dünya Azərbaycanı daha
yaxşı tanıyır. Görürlər
ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir.
Azərbaycan xalqı qürurlu xalqdır,
heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə
diktə etsin. Biz öz ləyaqətimizi həmişə
saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq
üçün biz lazım olan bütün məsələləri
həll etməliyik. Onların içində,
əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer
tutur. Əminəm ki, proqramda 2018-ci ilə
qədər nəzərdə tutulmuş bütün məsələlər
öz həllini tapacaq və əlavə məsələlər
də proqrama daxil ediləcək.
İqtisadiyyat naziri Şahin MUSTAFAYEV çıxış edərək
dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli konfrans
iştirakçıları.
Dünya iqtisadiyyatında davam edən
neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan
iqtisadiyyatına təsirinə baxmayaraq, Prezident İlham
Əliyevin rəhbərliyi ilə ötən müddətdə
ölkədə yaradılmış siyasi sabitliklə
yanaşı, iqtisadiyyatın şaxələndirilməsi,
biznes və investisiya mühitinin davamlı olaraq
yaxşılaşdırılması, sahibkarlığın
inkişafı, eləcə də mövcud
çağırışların tələblərinə
uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində
ölkə iqtisadiyyatı öz
dayanıqlılığını möhkəmləndirir.
Ölkədə davamlı
inkişafın təmin olunmasında sözsüz ki,
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının müstəsna əhəmiyyəti
vardır.
2004-cü ildən uğurla
icra olunan bu proqramlar şəhər və rayonların
simasını köklü şəkildə dəyişib,
regionların potensialının artmasına, infrastruktur təminatının,
kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya
mühitinin yaxşılaşmasına və əhalinin
rifahının yüksəlməsinə şərait
yaradıb.
Cənab Prezident, dövlət
proqramlarından irəli gələn vəzifələrin və
ötənilki konfransda verdiyiniz tapşırıqların
icrası üçün hesabat dövründə
regionların inkişafına 4 milyard manat vəsait yönəldilib.
Eyni zamanda, Sizin bölgələrə çoxsaylı səfərləriniz
nəticəsində şəhər və rayonların
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
və bəzi mühüm layihələrin icrası ilə
bağlı imzaladığınız 67 sərəncamla 261
milyon manat vəsait ayrılıb.
Hesabat ilində regionlarda 850
kilometr avtomobil yolu, 27 körpü və
yolötürücüləri tikilib və ya təmir olunub.
Tapşırığınıza uyğun olaraq, əhalisi 790
min nəfər olan 480 yaşayış məntəqəsini
birləşdirən 120 kilometr kənd yolunun inşası
işləri aparılıb.
Ötən il bir elektrik stansiyası
istifadəyə verilib, 7422 kilometr elektrik xətti çəkilib,
784 transformator və 46 yarımstansiya
quraşdırılıb və ya təmir olunub. Həmçinin
8200 kilometr qaz xətti çəkilib və ya əsaslı təmir
olunub, 36 rayon üzrə 209 yaşayış məntəqəsi
təbii qazla təmin edilib, regionlar üzrə
qazlaşdırma səviyyəsi 92 faizə çatıb.
Həmçinin regionlarda 825 kilometr
su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian
quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120
min nəfərdən çox olan 5 şəhərdə su təchizatı
layihəsi başa çatıb, 100 min nəfəri əhatə
edən 56 yaşayış məntəqəsində modul
tipli sutəmizləyicisi quraşdırılıb.
Meliorasiya və irriqasiya tədbirləri
çərçivəsində keçən il
87 min hektar torpağın su təminatı
yaxşılaşdırılıb, 12 min hektardan çox
torpaq sahəsi suvarma suyu ilə təmin edilib. Bu il dövlət investisiya xərcləri və
Dövlət Neft Fondunun vəsaitləri ilə icra olunacaq
layihələr hesabına 154 min hektardan çox əraziyə
suvarma suyu çatdırılacaq. Texniki iqtisadi əsaslandırılması
hazırlanan Yuxarı Şirvan Kanalının yenidən
qurulması layihəsi 10 min hektarlarla torpaq sahəsinin dövriyyəyə
cəlb olunmasını mümkün edəcək.
Ötən il
Masallı və Qəbələdə “ASAN xidmət” mərkəzlərinin
fəaliyyətə başlaması ilə regionlarda onların
sayı 6-ya çatıb və bu il Quba və Mingəçevirdə
yeni mərkəzlərin fəaliyyətə başlaması nəzərdə
tutulur.
Cənab Prezident, gəlirlərin
azalmasına baxmayaraq, hesabat ilində də bütün sosial
layihələr tam həcmdə icra olunub. Regionlarda
59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər
və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı
təmir olunub, 1625 qaçqın və məcburi
köçkün ailəsinin yeni mənzillərə
köçürülməsi təmin edilib. Bu il regionlarda qəzalı, istismara yararsız və
şagird sayı az olan məktəblər üçün
100-dən çox modul tipli məktəb
quraşdırılacaq, gələn il işlər davam etdirilərək
bu problem iki il ərzində tam həllini tapacaq.
Həmçinin minimum əməkhaqqının
artırılması və pensiyaların sığorta hissəsinin
indeksasiyası, qaçqın və məcburi
köçkünlərə aylıq müavinətin müəyyən
edilməsi, elektrik enerjisi və qazın tariflərində
diferensial yanaşmanın tətbiqi, dərman bazarının
tənzimlənməsi və digər tədbirlər vətəndaşlara
göstərdiyiniz qayğının ən bariz göstəriciləridir.
Sosial layihələrin
reallaşdırılmasında mühüm rolu olan Heydər
Əliyev Fondu tərəfindən görülən işlər
həm də regionlarda yaşayan əhalinin rifahının
artmasına əhəmiyyətli töhfəsini verir. Ümumilikdə
görülən işlər nəticəsində ötən
il 148 mini daimi olmaqla 190 minə yaxın
yeni iş yeri açılıb.
Cənab Prezident, bu gün sərt pul
siyasətinin aparıldığı şəraitdə
iqtisadi fəallığın və məşğulluğun
təmin edilməsi, iqtisadiyyata investisiyaların cəlb edilməsi
üçün təşviq mexanizmlərinin əhəmiyyəti
daha da artır. Müvafiq fərmanlarınıza
əsasən ötən ildən tətbiq olunan investisiya təşviqi
mexanizmi özəl investisiyaların artımına ciddi
töhfə verməkdədir. Hesabat ilində 84
investisiya təşviqi sənədi verilib ki, bu layihələrin
reallaşması nəticəsində 1 milyard manatdan çox
investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri
açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatı,
62 faizi isə sənaye sahələrində olmaqla, onların
40 faizi Bakıətrafı qəsəbələrin və
Abşeron rayonunun, 60 faizi isə digər şəhər və
rayonların payına düşür.
Regionların inkişafında
mühüm rolu olan qeyri-neft sənayesinin istehsal və ixrac
potensialının artırılmasında səmərəli təşviq
mexanizmlərindən olan sənaye parklarının və zonalarının
təşkili ötən il də davam
etdirilib. Sumqayıt Kimya Sənaye Parkında “Azertexnolayn”
zavodunda 750 nəfər işlə təmin edilib, ötən il istehsal edilmiş məhsulun 56 faizi ixrac
olunub. Daha dörd müəssisə bu il,
üç müəssisə isə gələn il fəaliyyətə
başlayacaq, 800-ə yaxın yeni iş yeri açılacaq.
Mingəçevir Sənaye Parkında yüngül sənaye,
o cümlədən tekstil, ayaqqabı, tibbi kosmetika, iplik və
digər növ məhsul istehsalı üzrə yerli xammal
bazası əsasında 9 fabrikin yaradılması ilə
150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dək yeni
iş yerinin açılması nəzərdə tutulur.
Hesabat ilində Azərbaycan
İnvestisiya Şirkəti tərəfindən Neftçala sənaye
zonasında infrastrukturun yaradılması başa
çatdırılıb və artıq 7
iştirakçı qeydiyyatdan keçib. Bu il
burada avtomobil, kənd təsərrüfatı
qurğuları, polietilen boru, modul tipli məktəb
binaları, balıq yemi və digər istehsal müəssisələri
fəaliyyətə başlayacaq.
Bununla yanaşı,
Ağstafada sənaye zonası yaradılıb, Masallıda
müvafiq torpaq sahəsi ayrılıb və hazırda layihələndirmə
işləri aparılır, bir sıra rayonlar üzrə isə
sənaye zonalarının yaradılmasına hazırlıq
görülür.
Ötən il
Füzuli rayonunda “Azərxalça” ASC-nin xalça müəssisəsi
fəaliyyətə başlayıb, 9 rayonda isə müəssisələrin
tikintisi bu il başa çatdırılacaq, 1600 yeni iş yeri
yaradılacaq. Eyni zamanda, xalça istehsalı
üçün etibarlı xammal bazasının
yaradılması, habelə ixrac potensialının
artırılması məqsədilə yunun tədarükü
sistemi təşkil edilir, kimya-sənaye parkında əyirici-boyaq
fabrikinin yaradılmasına hazırlıq işləri
aparılır.
Görülən işlər
nəticəsində regionlarda 147 sənaye müəssisəsi
açılıb, bir sıra sənaye obyektlərinin
tikintisinə başlanılıb.
Cənab Prezident,
tapşırıqlarınıza uyğun olaraq, aqrar sahədə
intensiv metodlar əsasında istehsalın genişləndirilməsi
tədbirləri davam etdirilir.
Son illərdə 20 rayonda 44 min
hektaradək ərazidə 22 sahibkar tərəfindən
müasir suvarma sistemlərinin və innovativ texnologiyaların
tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı
yaradılıb.
Hesabat ilində Şəmkir
və Yalamada aqroparkların yaradılması işləri
davam etdirilib.
Yalama aqroparkında birinci mərhələ
üzrə işlər başa çatdırılıb,
payızlıq qarğıdalı üzrə rekord səviyyədə
məhsuldarlığa - hər hektardan 156 sentner yüksəkkeyfiyyətli
məhsul istehsalına nail olunub. Şəmkir
aqroparkında isə birinci mərhələ üzrə
işlər davam etdirilir. Hazırda 22
rayonda 130 min hektaradək ərazidə 27 aqroparkın
yaradılması təşviq olunur.
Ümumilikdə son illər
görülmüş işlər nəticəsində əsas
ərzaq və qeyri-ərzaq məhsullarının 60 faizindən
çoxu üzrə özünütəminetmə səviyyəsi
100 faizədək və ya yuxarı olub, digərləri
üzrə istehsal artıb. Sənaye parklarında
və zonalarında müasir müəssisələrin, eləcə
də aqroparkların, iri fermer, intensiv bağçılıq
və istixana təsərrüfatlarının
yaradılması hesabına növbəti illərdə
idxaldan asılılıq daha da azalacaq, özünütəminetmə
səviyyəsi və ixrac potensialı artacaq.
Cənab Prezident.
Regionların davamlı
inkişafında və əhalinin məşğulluğunda
olduqca əhəmiyyətli rol oynayan sahibkarlığın
inkişafı üzrə tədbirlər hesabat ilində də
davam etdirilib.
Yoxlamaların dayandırılması ilə bağlı
qanunun qəbulundan sonra ötən il vergi
yoxlamaları istisna olmaqla, sahibkarlıq sahəsində cəmi
60 yoxlama keçirilib. Müqayisə
üçün 2015-ci ildə bu yoxlamaların sayı 62 minə
yaxın olub. Sahibkarların maarifləndirilməsi məqsədilə
ötən il regionlarda 3400 sahibkarın
iştirakı ilə 33 işgüzar forum keçirilib.
Hesabat ilində Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon
manatadək güzəştli kredit verilib və nəticədə
8100-dən çox yeni iş yerinin açılması
imkanı yaranıb. Kreditlərin 74 faizi
regionların payına düşür. Bu il
sahibkarlıq subyektlərinə qaytarılmış vəsaitlər
hesabına 150 milyon manat güzəştli kreditin verilməsi
nəzərdə tutulur.
Cənab Prezident, ixracın təşviqi
üzrə qəbul etdiyiniz qərarlara uyğun olaraq, “Made in
Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, ixrac
missiyalarının təşkilinə və digər tədbirlərin
icrasına başlanılıb. Keçirilmiş
üç ixrac missiyası zamanı imzalanmış
müqavilələrə əsasən, yeni bazarlar olan
Çinə şərab, Birləşmiş Ərəb
Əmirliklərinə ərzaq məhsullarının
ixracına başlanılıb. Ötən ilin
noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar,
konservlər, su və şirələr, fındıq və
digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya,
Türkiyə, Belarus və sair ölkələrə
ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə
dair qərarlar qəbul edilib. “İxracatçılar
Klubu”nun 10 iclası keçirilib, Export.az ixrac portalı istifadəyə
verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz,
tikinti materialları, arıçılıq məhsulları
istehsalçıları və ixracatçıları
assosiasiyaları yaradılıb, mənşə
sertifikatının verilməsi sadələşdirilərək
müddəti üç gündən bir günə endirilib.
Ümumilikdə ötən il tərəvəz ixracı 41
faiz, meyvə ixracı 11 faiz, pambıq iplik ixracı isə 25
faiz artıb.
Cari il xüsusilə
kənd təsərrüfatı məhsullarının və
şərabın ixracının artırılması
üçün bir sıra ölkələrə ixrac
missiyaları və beynəlxalq sərgilərdə iştirak
təmin olunacaq. Göstərişinizə əsasən, bu il Belarus, Rusiya və Ukraynada ticarət evlərinin
yaradılması, habelə xarici ölkələrdə ticarət
nümayəndələrinin təyin edilməsi, sözsüz
ki, ixracın artırılmasına mühüm töhfə
verəcək.
Möhtərəm cənab
Prezident.
Regionların sosial-iqtisadi
inkişafı dövlət proqramında nəzərdə
tutulan, eləcə də Nazirlər Kabinetinin 2016-cı ildə
ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında irəli sürdüyünüz vəzifələr,
o cümlədən rəqabətqabiliyyətli müəssisələrin
yaradılması, qeyri-neft ixracının və idxalı əvəz
edən məhsul istehsalının artırılması, yerli
və xarici investisiyaların cəlb edilməsi və digər
tədbirlər regionların da davamlı inkişafına
öz töhfəsini verəcək. Sizi əmin
etmək istərdim ki, bu vəzifələrin tam yerinə
yetirilməsi üçün bütün
imkanlarımızı səfərbər edəcəyik.
Kənd təsərrüfatı naziri Heydər ƏSƏDOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli konfrans
iştirakçıları.
Zati-aliləri, çətin
bir dövrdə yüksək təfəkkürünüzün
məhsulu olan regionların sosial-iqtisadi inkişafı dövlət
proqramı artıq iqtisadi inkişafın dövlət tənzimlənməsinin
və idarəetmənin tarixi nümunəsinə
çevrilib.
Təsadüfi deyildir ki, İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatı
üzv ölkələrdə tətbiq edilən təcrübələrin
təhlili nəticəsində iqtisadi inkişafın yeni
paradiqması olaraq sektorlar əvəzinə
daha çox məkanlara - ərazilərə, yəni regional
inkişafa önəm vermək, sosial xarakterli
yardımları inkişaf məqsədli investisiyaya yönəltmək
kimi yeni konseptual yanaşma müəyyən edib. Bu isə Sizin hələ 13 il öncə müəyyən
etdiyiniz regional inkişaf xəttinin nə qədər elmi və
konseptual yanaşma olduğunu bir daha sübut edir.
Bütün bunların və
qəbul etdiyiniz yüzlərlə tarixi qərarın nəticəsidir
ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən
də aqrar sektorda dayanıqlı inkişaf sabit xarakter
alıb.
Keçən il,
həmçinin aqrar sektorun çoxsahəli və şaxələndirilmiş
inkişafında da dönüş ili olub. Hesabat ilində kənd
təsərrüfatı məhsullarının faktiki qiymətlərlə
dəyəri 5,6 milyard manat təşkil
etməklə əvvəlki illə müqayisədə 2,6
faiz artıma nail olunub. Qeyd olunmalıdır ki,
bu artım yalnız ümumilikdə deyil, demək olar ki, əksər
məhsullar üzrə müşahidə edilib. Belə
ki, artım barama üzrə 300 dəfə, soya üzrə
2,8 dəfə, pambıq üzrə 2,5 dəfə,
yaşıl çay yarpağı üzrə 75 faiz, şəkər
çuğunduru üzrə 73 faiz, düyü üzrə 72
faiz, buğda üzrə 9,8 faiz, kartof üzrə 7,5 faiz və
s. təşkil edib.
Məhz bunun nəticəsində
kənd təsərrüfatı məhsullarının
artım tempi ölkə əhalisinin artım tempini xeyli
üstələyib ki, bu da ayrı-ayrı məhsullar üzrə
özünütəminetmə səviyyəsinin yüksəlməsinə
səbəb olub.
Hesabat ilində ixracın həcmi əvvəlki
illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426
milyon ABŞ dolları təşkil edib, kartof və soğan
istisna olmaqla, bütün məhsulların ixracı üzrə
artım baş verib. İxracdan əldə edilən 426 milyon
ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və
xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu
gön-dəri xammalının, 8 milyonu tütünün ixrac
payına düşüb. Keçən il ilk dəfə
olaraq 2,6 milyon ABŞ dolları dəyərində
arpa ixrac edilib.
İl ərzində idxalın həcmi
iribuynuzlu heyvanlar üzrə 46 faiz, diri ev quşları
üzrə 55 faiz, quş yumurtası üzrə 27 faiz, arpa
üzrə 95 faiz, qarğıdalı üzrə 45 faiz,
xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb. Bununla belə,
idxalın həcminin azaldılması üçün
böyük imkanlar mövcuddur və hesabat ilində 682 milyon
ABŞ dolları təşkil edən bu göstəricinin
azaldılması on milyonlarla valyuta vəsaitinin ölkədə
qalmasına səbəb ola bilər ki, bu
da fikrimizcə, ixracın artırılmasından da böyük
əhəmiyyət kəsb edir.
Ali diqqətinizə məruzə edim
ki, bu vəsaitdən 295 milyonu buğda, 48 milyonu kərə
yağı, 45 milyonu çay, 41 milyonu diri heyvan və heyvan ətləri,
34 milyonu kartof, 32 milyonu düyü, 18 milyonu banan, 17 milyonu
sitrus meyvələri, 17 milyon ABŞ dolları isə
qarğıdalı idxalına və s. sərf edilib.
İsrail mütəxəssisləri
ilə yerli şirkətlər tərəfindən ölkəmizdə
aparılmış tədqiqatlar əsasında həmin məhsulların
bir çoxunun mənfəətlilik dərəcəsinin
yüksək olduğu qənaətinə gəlinib. Belə ki, tədqiqata
görə çəltik üzrə gəlirlilik dərəcəsi
400 faizdən, soya üzrə 250 faizdən,
qarğıdalı və günəbaxan üzrə 200 faizdən
yuxarı olub, sonrakı yerləri isə müvafiq olaraq
tütün, kartof, taxıl və pambıq tutub.
Bütün bunlar isə kənd təsərrüfatının
şaxələndirilmiş inkişafı və eləcə
də ölkədə istehsal edilən məhsullar üzrə
daxili bazarı qorumaq istiqamətində Sizin
verdiyiniz qərar və tapşırıqların nə dərəcədə
düzgün olduğunu bir daha təsdiqləyir.
Keçən il təxminən 90 min
ton pambıq istehsal edilərək 24
pambıqçılıq rayonunun 457 kənd ərazi nümayəndəliyi
üzrə təqribən 4300 pambıq
istehsalçısı təhvil verdikləri məhsula görə
40 milyon manatdan çox vəsait əldə edib və əlavə
olaraq yaxın günlərdə 9 milyon manat həcmində
subsidiya alacaq.
Hesabat ilində 70 ton yaş barama
istehsal edilib, onun yem bazasının bərpası məqsədilə
bölgələrdə yeni çəkil bağlarının
salınması üçün 1,5 milyon ədəd çəkil
tingləri alınaraq 37 rayona əvəzsiz paylanılıb və
tinglərin əkini həyata keçirilib. Göstərişinizə
uyğun olaraq, barama istehsalı məqsədi ilə 5000 qutu
ipəkqurdu toxumunun gətirilərək əvəzsiz
paylanılması üçün zəruri tədbirlər
görülüb.
Ölkədə
çayçılığın inkişafına dövlət
dəstəyi tədbirlərinin müsbət nəticəsi
kimi yaşıl çay yarpağının istehsalı əvvəlki
illə müqayisədə 75 faiz artaraq 1020 ton təşkil
edib. Sahibkarlar tərəfindən yeni çay
plantasiyalarının salınması işi davam etdirilir.
Tapşırığınıza
uyğun olaraq, əsas ixracyönümlü sahələrdən
biri kimi, fındıqçılığın
inkişafına ciddi dövlət dəstəyi göstərilməklə
zəruri miqdarda fındıq pöhrələri tədarük
edilib, əlverişli torpaq-iqlim şəraitinə malik 13 min
hektara yaxın sahədə yeni fındıq bağları
salınıb ki, bu da mövcud bağların bir il ərzində
37 faizdən çox genişləndirilməsi deməkdir.
Buğda və çəltik
istehsalına görə ümumilikdə 80 milyon manat, ilk dəfə
olaraq süni mayalanma yolu ilə alınmış buzovlara
görə 500 min manat, texnikaların dəyərinin 40 faizinin
ödənilməsi üçün 28 milyon manat, damazlıq
heyvanların dəyərinin 50 faizinin ödənilməsi
üçün isə 8 milyon manat subsidiya verilib, məhsul
istehsalçılarının istifadə etdikləri mineral
gübrənin dəyərinin 70 faizi və ya 62 milyon
manatı tam şəffaflıqla dövlət büdcəsinin
vəsaiti hesabına ödənilib.
FAO-nun hesablamalarına əsasən,
2050-ci ilədək əhalinin ərzaq məhsullarına olan tələbatını
ödəmək üçün digər şərtlərlə
yanaşı, 120 milyon hektar əlavə torpaq sahəsinin əkin
dövriyyəsinə cəlb olunması zərurəti
yaranacaq. Bu hesabatlarda əkin dövriyyəsinə cəlb
olunacaq sahələrin əsas mənbəyi kimi irriqasiya
sistemləri qurulmaqla otlaq sahələrindən istifadə
olunması qeyd edilib.
Beynəlxalq
çağırışlara və
tapşırığınıza uyğun olaraq, əkin sahələrinin
genişləndirilməsi istiqamətində də
mühüm addımlar atılaraq 129 min hektar örüş
və otlaq sahələrinin kateqoriyaları dəyişdirilərək
əkin dövriyyəsinə daxil edilib, daha 50 min hektar sahənin
əkin dövriyyəsinə daxil edilməsi üçün
Nazirlər Kabinetinə müraciət olunub və ən
yaxın günlərdə bu məsələ də öz
müsbət həllini tapacaq.
Lakin burada iş adamlarının,
yerli icra hakimiyyəti orqanları rəhbərlərinin
iştirakından istifadə edərək qeyd etmək istərdim
ki, örüş və otlaq sahələrimiz mövcud
davarların baş sayına nisbətən normativlə
müqayisədə azlıq təşkil etdiyindən bu sahələrin
kateqoriyalarının dəyişdirilməsi daimi xarakterli ola bilməz və bundan sonra fəaliyyətimiz
daha çox intensiv istiqamətə yönəlməlidir. Eyni
zamanda, fındıq bağlarının, üzümlüklərin
salınması üçün düzənlik əkin sahələri
deyil, yamaclar, çəkil bağlarının
salınmasında isə sahə sərhəd xətləri,
yol kənarları və s. istifadə edilməlidir.
Sizin birbaşa
qayğınızın nəticəsidir ki, son illər fermerlərin
kənd təsərrüfatı texnikaları, gübrə,
pestisid və s. ilə təminatında yaddaqalan və hətta
mən deyərdim ki, bu problemlərə son qoyan illər olub.
Belə ki, son üç ildə 11 min, keçən il isə
4,4 min müxtəlif kənd təsərrüfatı
texnikaları, 240 min ton mineral gübrə və pestisid gətirilərək
40 faiz güzəştlə lizinqə və 70 faiz güzəştlə
satışa verilib.
Möhtərəm cənab Prezident,
keçən il dünya liderlərinin iştirakı ilə
keçirilən BMT-nin Dayanıqlı İnkişafı
üzrə Sammitində milli, regional və beynəlxalq səviyyələrdə
yüksək məhsuldarlığa nail olmaq üçün
toxumçuluğun inkişaf etdirilməsi əsas hədəflərdən
biri kimi müəyyən olunub. Bu qlobal hədəfin
reallaşdırılması məqsədilə verdiyiniz
tapşırığa uyğun olaraq, müxtəlif bitki
sortlarının istehsalı və saxlanması
üçün Tərəvəzçilik Elmi-Tədqiqat
İnstitutunun bazasında virussuz kartof və hibrid tərəvəz
toxumlarının istehsalı müəssisəsinin
inşasına başlanılıb, yüksək kondisiyalı
bitki toxumlarının standartlara uyğun emalı,
qablaşdırılması və satışı məqsədilə
7 müasir tipli toxum emalı fabrikinin qurulmasına isə
yaxın zamanlarda başlanacaq.
Yeri gəlmişkən, keçən
il elmi-tədqiqat institutlarımız tərəfindən 40
ton orijinal, 260 ton superelit, 2000 tona yaxın elit toxumlar istehsal
edilərək artırılması üçün toxum
istehsalçılarına verilib ki, bu da sertifikatlı toxum təminatını
yüksəltməklə məhsuldarlığın
artırılmasına zəmin yaradıb. Ona görə də
hesab edirik ki, cari il həm də
toxumçuluğun inkişafı ili kimi yadda qalacaq.
Möhtərəm cənab Prezident,
ali rəhbərliyinizlə müxtəlif istiqamətlərdə
yaradılmış yüzlərlə qürur duyulan sahələrin
siyahısına artıq qida təhlükəsizliyi və
heyvan sağlamlığı üzrə yaradılmış
bir BSL-2 səviyyəli, 6 regional, 42 diaqnostik, 115 baytarlıq
sanitariya-ekspertiza laboratoriyalarını da daxil etmək olar. Daha 6 regional laboratoriya isə cari ildə istifadəyə
veriləcək ki, bütün bunlar da qida təhlükəsizliyinin
təmin olunmasına öz töhfəsini verəcək.
İki-üç ay ərzində istifadəyə veriləcək
11 regional aqrokimya laboratoriyaları da bu qəbildən olmaqla,
fermerlərimizin çoxdankı arzusu və çətinliyi
olan “torpaq analizi” kimi çox zəruri bir xidmətə
başlayacaq.
Heyvanlar və quşlar arasında
bruselyoz, qarayara, dabaq, Nodulyar dermatit, çiçək və
s. xəstəliklərə qarşı aparılan profilaktiki
və diaqnostik tədbirlər, eləcə də müxtəlif
zərərvericilərə qarşı bioloji mübarizə
üsulları ölkədə epizootik və fitosanitar vəziyyəti
tam stabil saxlamağa imkan verib.
Zati-aliləri, icazə verin, Sizi bir
daha əmin edim ki, ali etimadınızı
doğrultmaq və əhalimizin aqrar sektora inamını
artırmaq üçün qəbul etdiyiniz bütün qərarlar
və verdiyiniz tapşırıqlar vaxtında və keyfiyyətlə
icra ediləcək.
Azərbaycan Meyvə və Tərəvəz
İstehsalçıları və
İxracatçıları Assosiasiyasının sədri Bəşir QULİYEV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Müasir
çağırışların tələblərinə
uyğun çevik iqtisadi siyasətiniz və bilavasitə rəhbərliyiniz
ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində
ölkədə qeyri-neft sektorunun inkişafı sürətlənib,
davamlı sosial-iqtisadi inkişafa nail olunub, əhalinin həyat
səviyyəsi daha da yaxşılaşıb. Əldə
olunan bütün nailiyyətlər Sizin fədakar əməyinizin,
apardığınız uğurlu siyasətin nəticəsidir.
Möhtərəm cənab
Prezident, meyvə və tərəvəz əsas ərzaq məhsullarından
olmaqla, həm də geniş ixrac potensialına malik və
valyuta gətirən məhsullardır. Ölkəmizin
əlverişli təbii iqlim şəraiti demək olar ki,
bütün bölgələrdə meyvə və tərəvəz
istehsalına imkan verir. Tapşırığınıza
uyğun olaraq, son illər digər sahələrdə
olduğu kimi, meyvə-tərəvəz istehsalında da
müasir suvarma sistemlərinin və innovativ texnologiyaların
tətbiqi məhsuldarlığı artırmaqla yanaşı,
torpaqlardan səmərəli istifadə olunmasına, bu sahələrin
daha gəlirli sahəyə çevrilməsinə və
ixracın genişlənməsinə imkan yaradıb. Sizin bu sahələrin inkişafına göstərdiyiniz
böyük diqqət və sahibkarlara dövlət dəstəyinin
nəticəsidir ki, intensiv meyvə bağlarının əkin
sahələri genişlənib, müasir istixana kompleksləri
yaradılıb. 2015-ci illə müqayisədə meyvə
ixracı 24 milyon ABŞ dolları həcmində artaraq ötən
ildə 244 milyon dollara, tərəvəz ixracı isə 37
milyon dollar artaraq 129 milyon dollara çatıb. Bu
isə regional və qlobal səviyyədə davam edən
mürəkkəb iqtisadi proseslər şəraitində
ölkəmizə əlavə valyuta gətirilməsində
mühüm rol oynayır. İstehsal
etdiyimiz məhsullar ənənəvi hesab olunan Rusiya və digər
keçmiş ittifaq respublikalarının bazarları ilə
yanaşı, artıq Avropa, ərəb və uzaq Asiya ölkələrinə
ixrac olunur.
Sizin
tapşırığınız və İqtisadiyyat
Nazirliyinin dəstəyi ilə meyvə-tərəvəz
istehsalı və ixracı istiqamətində
reallaşdırılan tədbirlərin koordinasiyasını
təmin etmək məqsədilə ötən il Azərbaycan Meyvə və Tərəvəz
İstehsalçıları və
İxracatçıları Assosiasiyası
yaratmışıq. Assosiasiyamızın əsas
məqsədlərindən biri də bu sahədə fəaliyyət
göstərən sahibkarları birləşdirməklə
qarşılaşdıqları çətinliklərin aradan
qaldırılmasına kömək göstərmək,
sahibkar-dövlət münasibətlərini daha da inkişaf
etdirmək və xüsusilə ixrac potensialını
artırmaqla onun coğrafiyasının genişləndirilməsi
istiqamətində fəaliyyət göstərməkdir.
Cənab Prezident, geniş istehsal və
ixrac potensialı olan meyvə-tərəvəz sahəsinin
inkişafına daim dövlət dəstəyi göstərilir.
Müxtəlif dövlət dəstək mexanizmlərinin, o
cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256
milyon manat güzəştli kreditlərin verilməsi,
aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə
ticarət evlərinin yaradılması və digər
ixracın təşviqi tədbirləri nəticəsində
bundan sonra da bu sahə sürətlə inkişaf edəcək,
ixrac imkanlarımız daha da artacaq.
Mən assosiasiyanın rəhbəri
olmaqla yanaşı, həm də sahibkarlıq fəaliyyəti
ilə məşğulam. Əlverişli investisiya mühitindən
bəhrələnərək Zirə qəsəbəsində
5 hektar ərazidə 6,5 milyon manat
investisiya qoyaraq müasir istixana kompleksi qurmuşuq, istehsal
olunan məhsullar “AzTomato” brendi altında ixrac olunur. Həyata
keçirdiyiniz islahatlardan ruhlanaraq İsmayıllı rayonunda
pilot layihə olaraq müasir suvarma sistemlərinin tətbiqini,
çeşidləmə, qablaşdırma və logistika mərkəzini
özündə birləşdirən, ümumi dəyəri 5
milyon manat olan intensiv kartofçuluq təsərrüfatı
yaratmışıq. Bu layihənin icrası məqsədi
ilə dövlətin 2 milyon manat güzəştli kreditindən
istifadə etmişik. Əsas hədəfimiz
qısa zaman ərzində torpaq sahələrini genişləndirərək
bu layihənin bazasında aqroparkın yaradılmasını təmin
etməkdir. Aqroparkda istehsal olunacaq məhsullar
daxili bazarı təmin etməklə yanaşı, əsasən
ixrac olunacaq.
Möhtərəm cənab Prezident, mənə
yaradılmış imkandan istifadə edərək məruzə
edim ki, meyvə-tərəvəz məhsullarının
istehsalının və ixracının artırılması,
xarici bazarların tələblərinə uyğun məhsul
yetişdirilməsi üçün yeni intensiv meyvə
bağlarının, tingçilik və istixana təsərrüfatlarının
yaradılmasına daha çox dövlət dəstəyinin
göstərilməsinə ehtiyac var. Bu məqsədlə
dövlət tərəfindən yararlı torpaqların
ayrılmasına müvafiq tapşırıq verməyinizi
xahiş edirik.
Ölkəmizin
inkişafında göstərdiyiniz bu fədakar fəaliyyətinizdə
Sizə uğurlar arzulayır və əmin edirik ki, bundan sonra
da əzmlə çalışacaq, üzərimizə
düşən bütün vəzifələri layiqincə
yerinə yetirəcəyik.
Fındıq
İstehsalçıları və
İxracatçıları Assosiasiyasının sədri İsmayıl ORUCOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə
ölkəmizdə aparılan islahatlar, qeyri-neft sektorunun
inkişafı, biznes mühitinin
yaxşılaşdırılması və sahibkarlara göstərilən
dəstək nəticəsində bütün sahələrdə
uğurlar qazanılıb, siyasi və iqtisadi sabitlik təmin
edilib, hərtərəfli tərəqqiyə və
inkişafa nail olunub.
Fındıq istehsalı
ölkəmizin kənd təsərrüfatının
inkişafında önəmli rol oynayır. BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
hesablamalarına görə, Azərbaycan fındıq
istehsalı üzrə dünyada dördüncü ölkədir.
Respublikamızda təqribən 35 min ton
fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə
ixrac edilir. Azərbaycana məxsus ata-baba
sortu dünyada ən keyfiyyətli və ən bahalı
fındıq növlərindəndir.
Fındıqçılıq
qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən
əsas sahələrdən biridir. Azərbaycan dünyada
dördüncü fındıq ixracatçısıdır.
Belə ki, ötən ildə ölkəmizdən
105 milyon ABŞ dolları məbləğində
fındıq ixrac olunub. İxracımız
əsasən İtaliya, Rusiya və Almaniyayadır.
Ümumilikdə keçən il 25-ə
yaxın ölkəyə fındıq ixrac etmişik. Keçmiş illərdən fərqli olaraq,
istehsalçılarımız xarici ölkələrə
artıq birbaşa məhsul ixrac edirlər. Bu sahədə dövlət dəstəyi ilə
keçirilən təşviq tədbirlərinin rolu
böyükdür. Təşkil olunmuş
çoxsaylı biznes-forum, ixrac missiyaları və
işgüzar görüşlərdə iştirak etmiş və
potensial idxalçılarla əlaqə yaratmışıq.
Biz yeni dəstək mexanizmlərindən,
xüsusilə ixracın təşviqi və “Made in Azerbaijan”
brendinin tanıdılması ilə bağlı tədbirlərdən
geniş yararlanırıq. Bununla
yanaşı, məhsulun artırılması məqsədilə
dövlət tərəfindən fındıq
istehsalçılarına 10 milyon manat məbləğində
güzəştli kreditlər verilib.
Fındıqçılığın
inkişafına dövlət dəstəyinin gücləndirilməsi
ilə bağlı 2016-cı il 16 noyabr
tarixli sərəncamınızı xüsusilə qeyd etmək
istəyirəm. Dövlət tərəfindən
fındıq pöhrələrinin alınaraq fermerlərə
pulsuz verilməsi və yeni bağların salınması
fındıq istehsalının və ixracının
artmasına böyük töhfə verəcək.
Cənab Prezident, qeyri-neft sektorunun
inkişafına və sahibkarlığa göstərilən
bu dəstək tədbirlərinə görə Sizə dərin
minnətdarlığımı bildirirəm.
Məlumat üçün
bildirmək istərdim ki, fındıqçılıq sahəsində
yüz minə yaxın insanı birləşdirən 25 mindən
çox ailə-fermer təsərrüfatı
çalışır. Bu sahədə səmərəliliyin
artırılması, dəyər zəncirinin
formalaşdırılması və işin əlaqəli
şəkildə aparılması vacibdir.
Bu məqsədlə ötən il İqtisadiyyat Nazirliyinin dəstəyi ilə
Azərbaycan Fındıq İstehsalçıları və
İxracatçıları Assosiasiyasını
yaratmışıq. Assosiasiyanın qarşısında duran
vəzifə fındıq istehsalının
inkişafını yeni mərhələyə
çatdırmaq, məhsullarımızı yeni bazarlara
çıxarmaq, istehsal texnologiyalarına dair təcrübə
mübadiləsini təmin etmək, iş adamlarının
qarşısında dayanan çağırışların
həlli üçün aidiyyəti dövlət qurumları
ilə əməkdaşlıq etməkdir.
Cənab Prezident, bu sahənin
potensialı böyükdür. İstehsalın və ixracın
artırılmasına nail olmaq üçün assosiasiya
üzvləri adından bir sıra təklifləri irəli
sürmək istərdim: fındıq ixracı ilə
bağlı prosedurların sadələşdirilməsi və
sürətləndirilməsi; əsas istehsal bölgələrində
laboratoriyaların açılması və laborator analizlərin
aparılmasının təkmilləşdirilməsi;
fındıq istehsalının artırılması
üçün maliyyə resurslarına
çıxış, o cümlədən güzəştli
kreditlərin genişləndirilməsi; ixrac təşviqinin
ödənilməsi mexanizminə
qablaşdırılmamış fındıq ləpəsinin əlavə
olunması (hazırda həmin mexanizmə yalnız emal
olunmuş fındıq daxildir və assosiasiyamızın
üzvləri ancaq bu təşviq imkanlarından
yararlanır); fındıqçılıq sahəsində
yüksəkixtisaslı aqronom və texnoloqların
hazırlanması.
Möhtərəm cənab
Prezident, fındıqçılığın
inkişafı və qeyri-neft ixracının
artırılması ilə bağlı verdiyiniz
tapşırıqların icra olunmasında biz sahibkarlar üzərimizə
düşən məsuliyyəti dərk edirik. Sahibkarlara
verdiyiniz hərtərəfli dəstəyə görə Sizə
minnətdarlığımızı bildirir və əmin
edirik ki, bu istiqamətdə bütün səylərimizi səfərbər
edəcəyik.
Şərab
İstehsalçıları və
İxracatçıları Assosiasiyasının sədri Elçin MƏDƏTOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Ümummilli lider Heydər
Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və
Sizin tərəfinizdən uğurla davam etdirilən
sosial-iqtisadi siyasətin nəticəsi olaraq, aqrar sənayenin
inkişafı təmin olunub və sahibkarlar üçün əlverişli
biznes mühiti yaranıb.
Ölkə iqtisadiyyatında
sahibkarların artan rolunu, məşğulluğun təmin
olunmasında sahibkarlığın inkişafının müstəsna
əhəmiyyətini nəzərə alaraq cəmiyyətdə
sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin
artırılmasına təkan vermək məqsədilə hər
il aprelin 25-nin ölkəmizdə
“Sahibkarlar Günü” kimi qeyd edilməsi ilə bağlı
imzaladığınız sərəncam biz sahibkarlara göstərilən
diqqətin bariz nümunəsidir.
Möhtərəm cənab
Prezident, şərabçılıq Azərbaycanın ənənəvi
istehsal sahələrindən biridir. Sizin bu sahəyə
göstərdiyiniz diqqət, qəbul etdiyiniz qərar və
proqramların icrası nəticəsində hazırda
respublikamızda üzümçülük və şərabçılıq
özünün yeni inkişaf mərhələsindədir.
Ölkəmizin ayrı-ayrı bölgələrində
üzümçülük sahələri genişləndirilir,
yeni emal müəssisələri açılır, şərab
istehsalının çeşidi isə artırılır.
Daxili bazarda artıq yeni trend əmələ gəlir.
İstehlakçılar ölkəmizdə
istehsal olunan şərablara üstünlük verməyə
başlayırlar. Bu sahənin
inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək
güzəştli kredit verilib.
Eyni zamanda, şərablarımız
xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb. Ötən il
ixracımız 3,5 milyon ABŞ dolları təşkil
edib. Sizin tərəfinizdən 2016-cı ildə
təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri
və “Made in Azərbaijan” brendinin təşviqi tədbirləri
şərab ixracatçılarına böyük stimul
yaradıb. Belə ki, ötən ilin noyabr
ayından bugünə kimi şərab və konyak məhsullarının
ixracına görə 440 min manat məbləğində ixrac
təşviqinin sahibkarlara ödənilməsinə dair
müvafiq qərarlar qəbul edilib. Şərabçılarımız
Çinə və Almaniyaya təşkil olunmuş ixrac
missiyalarında, Belarusda işgüzar görüşlərdə,
AZPROMO-nun təşkilatçılığı ilə
çoxsaylı biznes-forumlarda iştirak edib, məhsullarını
təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr
əldə edib. Cari ildə isə
dünyada ən önəmli sayılan Çin və
Almaniyada keçirilən iki beynəlxalq şərab sərgisində
Azərbaycanın vahid ölkə stendi altında iştirak edəcəyik,
müxtəlif ixrac missiyaları ilə şərablarımızı
ölkə xaricində tanıdacağıq. Yaradılmış bu imkanlara görə Sizə
çox minnətdarıq.
Şərabçıların
istehsal və ixrac sahəsində işinin koordinasiyasını
təmin etmək üçün 2016-cı ildə
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Şərab
İstehsalçıları və
İxracatçıları Assosiasiyasını
yaratmışıq. Assosiasiyamız bu sahədə fəaliyyət
göstərən sahibkarları öz ətrafında birləşdirməklə
onların problemlərinin həllinə kömək göstərilməsinə,
şərabçılıqla bağlı statistikanın təkmilləşdirilməsinə,
ixracın artırılmasına, xarici bazarlarda daha
güclü marketinq fəaliyyətinə
çalışacaq.
Cənab Prezident, şərabçılıq
sahəsinin potensialı böyükdür. Qarşımızda
istehsal keyfiyyətinin və ixracın artırılması ilə
bağlı ciddi vəzifələr və məqsədlər
dayanır. Bununla bağlı assosiasiyamızın bir
sıra təklifləri var: ilk növbədə, şərabçılıq
və üzümçülük sahəsində yüksəkixtisaslı
texnoloq və aqronomların hazırlanmasına, şərabçılıq
məhsullarının regionlara və mikrozonalara ayrılaraq
qorunması və xaricdə təbliğinə, şato tipli fərdi
şərabçılığın inkişafına, müəssisələrdə
dövriyyə vəsaitinin artırılmasına dövlət
dəstəyinin daha da genişləndirilməsi, şərab
məhsullarının istehsalı üçün bir sıra
komponentlərin ölkə daxilində istehsalı.
Möhtərəm cənab Prezident,
istehsalın artırılması və ixracın təşviqi
ilə bağlı Sizin verdiyiniz
tapşırıqların icra olunmasında biz sahibkarlar bundan
sonra da var qüvvəmizlə çalışacağıq.
Azərbaycan Turizm
Assosiasiyasının rəhbəri Nahid BAĞIROV çıxış edərək
dedi:
- Zati-aliləri, möhtərəm
Prezident.
Ölkənin sosial-iqtisadi
inkişafı məqsədilə qeyri-neft sektorunun
inkişafı naminə yürütdüyünüz siyasət
hər zaman başlıca istiqamət olub. Qeyri-neft
sektorunun prioritet sahələrindən olan turizmə göstərdiyiniz
diqqət və qayğı, bu sahədə həyata
keçirdiyiniz islahatlar ölkəmizdə turizm sektorunun
inkişafına ciddi təkan verib.
2009-cu ildən fəaliyyət
göstərən Azərbaycan Turizm Assosiasiyası ölkədəki
turizm şirkətlərini və hotelləri birləşdirir,
onların fəaliyyətini koordinasiya edir. Quruma 150-dən
çox turizm şirkəti, 100-dən çox mehmanxana
kompleksi daxildir.
Azərbaycan Turizm
Assosiasiyası artıq üçüncü seçki ilidir
ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının
Qoşulan üzvlər Şurasının Avropa üzrə
vitse-prezidenti seçilir. Assosiasiyamız ölkəmizdə
və xarici ölkələrdə təşkil olunan
bütün biznes-forumlarda aktiv iştirak edərək turizm
imkanlarını təşviq edir.
Azərbaycan Turizm
Assosiasiyası turistlərə bələdçi xidmətinin
göstərilməsi, həmçinin bu sahədə
kadrların hazırlanması üçün ilk dəfə
olaraq Bakı ekskursiya bürosunu yaradıb. Büro
Bakı və regionlarda turistlərə müxtəlif dillərdə
ekskursiya xidmətləri göstərir.
Ölkənin davamlı
inkişafının bir hissəsi kimi qiymətləndirilən
turizm sahəsinin inkişafı ilə bağlı son illər
Sizin tərəfinizdən imzalanmış
çoxsaylı fərman və sərəncamların
icrası bu sahənin inkişafına daha əlverişli
şərait yaradıb. Nümunə üçün qeyd etmək
istərdim ki, bir sıra ölkələrin, o cümlədən
Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn,
Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və
Sinqapur vətəndaşları üçün 2016-cı
ildən etibarən hava limanlarında sadələşdirilmiş
viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə
səyahət edən xarici turistlərin sayını əhəmiyyətli
dərəcədə artırıb. Belə ki, 2015-ci illə
müqayisədə 2016-cı ildə Azərbaycana
İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən
5,5 dəfə, Səudiyyə Ərəbistanından və
Omandan 10 dəfə, Birləşmiş Ərəb
Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə
çox turist gəlib.
Möhtərəm cənab
Prezident, ölkəmizdə turizm sahəsində aparılan
köklü islahatların davamı olaraq, 2016-cı ildə
imzaladığınız “Azərbaycan Respublikasında
turizmin inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” Sərəncamınızı xüsusi qeyd etmək
istərdim.
Bu sərəncamda Azərbaycan Respublikasının Turizm
Şurasının yaradılması, “shopping
festivalı”nın keçirilməsi, əlverişli yeni beynəlxalq
uçuşların cəlb olunması, turizm üzrə ilk
peşə-ixtisas təhsili müəssisələrinin, yeni
turizm və rekreasiya zonalarının yaradılması,
çimərlik turizminin inkişafı, sərhəd-buraxılış
məntəqələrində əcnəbilər və vətəndaşlığı
olmayan şəxslərin sürətli keçidinin təmin
edilməsi, Turizm Reyestrinin yaradılması və digər
mühüm məsələlər yer alıb.
Cənab Prezident, qeyd etmək
lazımdır ki, son illər daxili turizm regionlarda daha çox
inkişaf edir. Belə ki, turizm infrastrukturunun
yaxşılaşdırılması, o cümlədən
Şahdağ və Tufandağ turizm istirahət, Naftalan,
Duzdağ, Qalaaltı və sair müalicəvi-sağlamlıq
komplekslərinin, müasir hotel şəbəkələrinin
yaradılması, tarix və mədəniyyət abidələrinin,
mədəniyyət ocaqlarının bərpası regionlarda
turizmin bütün ilboyu inkişafına təkan verib.
Qeyd edilməlidir ki, respublikamızda
keçirilən “Eurovision-2012”, qızlar arasında futbol
üzrə U-17 dünya çempionatı, Beynəlxalq Caz
Festivalı, I Avropa Oyunları, “Formula-1” və digər beynəlxalq
səviyyəli tədbirlərin Azərbaycanın turizm imicinə
çox böyük müsbət təsiri olub. Bu tədbirlərin Azərbaycanda keçirilməsi
ölkəmizi, onun tarixini, mədəniyyətini, qonaqpərvərliyini,
mətbəxini və bir sıra digər özünəməxsus
xüsusiyyətlərini dünya ictimaiyyətinin diqqətinə
çatdıraraq ölkəmizi dünyaya fərqli bir
kontekstdə təqdim etməyə imkan yaradıb.
Möhtərəm Prezident, ölkəmizdə
turizm sənayesinin daha da inkişafı üçün bir
neçə addımın atılması arzuolunandır. Buna misal kimi, ölkəmiz üçün prioritet
olaraq seçilmiş ölkələrdən birbaşa
uçuşların sayının artırılmasını,
aviabiletlərin və yerləşdirmə vasitələrinin
qiymətlərinin daha münasib olmasını, ölkəmizdə
hostellərin, bir və iki ulduz kateqoriyalı mehmanxanaların
tikilməsini, xarici turizm üzrə ixtisaslaşan şirkətlərə
müəyyən güzəştlərin edilməsini
göstərmək olar. Bununla
yanaşı, turistləri ölkəmizin füsunkar təbiəti,
özünəməxsus mədəniyyəti, zəngin və
möhtəşəm tarixi, milli mətbəxi ilə bərabər
Xəzər dənizi də çox maraqlandırır. Yay mövsümündə Xəzər dənizinin
potensialından maksimum istifadə etməli, dəniz gəzintiləri,
adalarda turizmin inkişaf etdirilməsi imkanlarından
yararlanmalıyıq.
Cənab Prezident, yüksək diqqət
və qayğınız sayəsində turizmin
inkişafında əldə olunmuş uğurların davam
etdirilməsi, o cümlədən ölkəmizin turizm imicinin
qorunması, turistlərə yüksək səviyyədə
xidmətin təşkili üçün bu sahədə
çalışan şirkətlərin fəaliyyətinə
keyfiyyət nəzarəti mexanizmi daha da təkmilləşdirilməlidir.
Bu istiqamətdə turizm ictimaiyyəti
bütün səyləri səfərbər etməyə
hazırdır.
Azərbaycan Turizm
Assosiasiyasının bütün üzvləri adından
ölkəmizdə turizmin inkişafına göstərdiyiniz
xüsusi diqqət və qayğıya görə Sizə dərin
minnətdarlığımızı bildiririk.
Balıq yemi istehsalı zavodunun
direktoru Zaur SALMANOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
2016-cı il
ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının
yaradılması tədbirlərinin sürətlənməsi
ilə yadda qaldı. Bütün sahələrdə
yeni dövrün tələblərinə uyğun mütərəqqi
islahatların aparılması nəticəsində iqtisadi
artımın davamlılığı və qeyri-neft sektorunun
inkişafı uğurla təmin olunmuşdur. Nəticədə özəl sektorun inkişafı
üçün əlverişli biznes və investisiya
mühiti formalaşmışdır.
Möhtərəm cənab
Prezident, Sizin müvafiq sərəncamınıza uyğun olaraq,
Azərbaycanda ilk sənaye zonası Neftçala rayonunda
yaradılıb. Rayonun əsas mərkəzi infrastruktur
şəbəkələrindən kənarda yerləşməsinə
baxmayaraq, sənaye zonasının burada yaradılması
Neftçala ilə yanaşı, ətraf rayonlarda da
sahibkarlığın inkişafına və əhalinin məşğulluq
səviyyəsinin artırılmasına çox böyük
imkan yaradır. Sənaye zonasında fəaliyyət
göstərən rezident sahibkarlar üçün Azərbaycan
İnvestisiya Şirkəti tərəfindən dövlət vəsaiti
hesabına bütün zəruri infrastruktur, o cümlədən
elektrik, qaz, su, kanalizasiya, rabitə və digər infrastruktur
yaradılıb. Bununla yanaşı, sənaye
zonasında bütün rezidentlərin yararlana biləcəyi
hüquqi məsləhət, logistika, mühasibatlıq və
digər xidmətlər həyata keçirilir.
Möhtərəm cənab
Prezident, Sizin məqsədyönlü iqtisadi siyasətinizin və
sahibkarlığın inkişafına göstərdiyiniz dəstəyin
nəticəsi olaraq, biz sahibkarlar üçün
yaratdığınız əlverişli şəraitdən bəhrələnməklə
Neftçala Sənaye Zonasında Azərbaycanda ilk olaraq balıq
yemi istehsalı zavodu yaradırıq. Bunun üçün
dövlətin geniş dəstək mexanizmlərindən
istifadə olunub. Belə ki, ümumi dəyəri 12
milyon manat olan layihənin reallaşması üçün
dövlət tərəfindən 5,9 milyon
manat güzəştli kredit ayrılıb. Eyni zamanda, Sizin sərəncamınızla tətbiqinə
başlanılmış investisiya təşviqi sənədi əsasında
idxal etdiyimiz mütərəqqi texnika və avadanlıqlara
görə əlavə vergi və rüsumlardan azad
olunmağımız biz sahibkarların maliyyə
yükünün azaldılmasına şərait yaradıb. Bütün bunlar, eləcə də zavodun sənaye
zonasında yaradılmasının təşkili ilkin
investisiya xərclərimizə təqribən 30 faizədək
qənaət etməyə imkan verib.
Möhtərəm cənab Prezident, icazənizlə məruzə edim ki, zavodun illik istehsal gücü 25 min ton balıq yemi təşkil edir. Zavodda tikinti işləri tamamlanıb və Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqların quraşdırılması işləri aparılır. Bu zavod Azərbaycanda ekstruder texnologiyası ilə təchiz olunmuş və balıq yemi istehsalı üzrə ixtisaslaşan ilk yem zavodu olacaq. Bu da Neftçala rayonunda tarixən ənənəvi istehsal sahəsi olan balıqçılığın digər rayonlarda da sənaye üsulu ilə inkişafına təkan verəcək. Eləcə də geniş istehlak olunan balıq növləri istehsalının stimullaşdırılması ilə yanaşı, Azərbaycanda daxili su hövzələrində balıqçılığın inkişafı üçün əlverişli şərait yaradacaq.
Artıq bu ilin martından etibarən öz məhsullarımızı yerli bazara çıxarmağı planlaşdırırıq. Müasir və keyfiyyətli yemlərdən istifadənin real nəticələri isə keyfiyyət və kəmiyyət göstəriciləri ilə yanaşı, məhsuldarlığın bir neçə dəfə artmasına səbəb olacaq. Eyni zamanda, sənaye üsulu ilə nərə balığı, qara kürü, qızıl balığın istehsalı sahələri də öz ixrac potensialından geniş istifadə imkanı əldə edəcək. Zavodumuzla əməkdaşlıq ölkəmizdə qiymətli balıq növlərinin yetişdirilməsi ilə bağlı layihələrin icrasını mümkün və hətta deyərdim ki, zəruri edib. Biz belə bir əməkdaşlığa artıq bu gündən hazırıq. Ümumilikdə isə balıq məhsullarına tələbatın əsasən daxili istehsal hesabına təmin olunması idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə zəmin yaradacaq.
Zavodda quraşdırılacaq avadanlıqların əlavə imkanları hesabına balıq yemi ilə yanaşı, illik 10 min ton iribuynuzlu mal-qara və quş yemi istehsalı da həyata keçiriləcək. Bu da regionda sənaye üsulu ilə quşçuluğun, ətlik və südlük istiqamətli cins heyvandarlığın, ümumilikdə kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqla, istehsal edilən məhsulların maya dəyərinin aşağı düşməsinə, rəqabətqabiliyyətliliyin artmasına gətirib çıxaracaq. Müəssisəmizdə yüksəkixtisaslı mütəxəssislərlə bərabər, 30-dək rayon sakini iş yeri ilə təmin ediləcək. Layihənin icra olunacağı növbəti illərdə iş yerlərinin sayı daha da artırılacaq.
Hörmətli cənab
Prezident, regionlarda sahibkarlığın inkişafını
daim diqqətdə saxladığınıza, biz sahibkarlar
üçün yaratdığınız əlverişli
şəraitə görə Sizə bir daha minnətdarlığımızı
bildirirık. Neftçala Sənaye Zonasının rezidentləri
adından Sizi əmin edirik ki, öz əməli fəaliyyətimizlə
dövlətimizin davamlı inkişafına töhfə verəcək,
bütün səylərimizi səfərbər edəcəyik.
Azərbaycan.-
2017.- 31 yanvar.- S. 2, 3.4.