Ermənilərdə təşviş daha da artıb: “İnformasiya savaşında qalib gələn İlham Əliyev Qarabağ cəbhəsində də Ermənistanı məhv edir”

 

“Azərbaycan” qəzetində dərc olunan məqalə S.Sarkisyan iqtidarında ciddi narahatlığa, erməni ictimaiyyətində isə böyük rezonansa səbəb olub

 

Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar imzaladığı sərəncam təkcə ölkəmizdə yox, onun hüdudlarından kənarda da geniş əks-səda yaradıb. “Azərbaycan” qəzetində ötən həftə dərc olunan “Ermənistanda böyük xof: “İlham Əliyev bu gün Cocuq Mərcanlını bərpa edirsə, sabah Şuşanı azad edəcək” adlı məqalədə də Ermənistan vətəndaşlarının bu mövzuya münasibəti ifadə olunub. Qeyd edək ki, ermənilərin sosial şəbəkələrdəki statusları, şərhləri, mövqeləri əsasında hazırlanan araşdırmalardan görünür ki, onlar ölkələrinin tam məhvə doğru getdiyi, Qarabağın artıq itirildiyi və İlham Əliyevin Ermənistan üzərində növbəti qələbəsi barədə ortaq rəydədirlər.

 

Ermənistanda sosial şəbəkələrdə repressiv metod işə salınır

 

Ölkəmizin yazılı və elektron KİV-ində, telekanallarda geniş şəkildə işıqlandırılan, çoxsaylı ekspertlərin, deputatların münasibət bildirdiyi bu araşdırma məqaləsi nəticəsində bir daha məlum oldu ki, işğalçı dövlətdə ictimai çaşqınlıq artıq xaosa çevrilir və xalq Sarkisyan rejimini Ermənistanın əsas bəlası sayır.

Maraqlı məqam odur ki, məqaləyə Ermənistanda da seyrçi qalmayıblar və sosial şəbəkələrdə erməni istifadəçilər bununla bağlı yenə də kifayət qədər diqqət cəlb edən mövqe nümayiş etdiriblər. Amma mövzu ətrafında edilən şərh və paylaşımlar burada ikili yanaşmanın olduğunu da üzə çıxarır.

Əvvəla, yenə status və paylaşımların böyük əksəriyyəti göstərir ki, ermənilərin çoxu Azərbaycanın qalib mövqedə olduğunu, işğal altındakı ərazilərin tezliklə azad olunacağını qəbul edir. Amma, belə demək olarsa, “psevdovətənpərvər” ermənilər də tapılır ki, sosial şəbəkələrdə paylaşılan bu statusa qarşı çıxaraq həqiqəti etiraf edənlərə ən sərt formada hücuma keçirlər, “vətən xaini” adlandırırlar. Onların mövqeyini qınayır, işğala haqq qazandırmağa, Ermənistanın düşdüyü bəlaların Qarabağ münaqişəsi ilə hansısa formada əlaqəsinin olmadığını isbat etməyə cəhd göstərirlər.

Amma bu mövqedə olanların profillərini diqqətlə araşdırdıqda ortaya maraqlı mənzərə çıxır və bəlli olur ki, bu şəxslərin, demək olar, hamısı hakim Respublika Partiyasının təmsilçiləri, hansısa vəzifə tutan şəxslərdir. Yəni Sarkisyanın “trollarıdır”. Elə bundan irəli gəlir ki, onlar şərhlərində yalnız Serj Sarkisyan iqtidarını müdafiə edən şərhlər paylaşırlar. Belə vəziyyət Sarkisyan iqtidarının ucuz piar kampaniyasına başlamaqla yanaşı, həm də yeni qütbləşmənin, eyni zamanda Ermənistanda “əcinnə ovu”nun başlanmasının göstəricisi də sayıla bilər. Sadə həqiqətlərin elə sadə ermənilər tərəfindən etirafına qarşı başlanan hücumlar, Sarkisyanın mövqeyini müdafiə etməyə hesablanmış, lakin olduqca ucuz olan gedişlər də bunun faktiki təsdiqidir.

Özü də Sarkisyan tərəfdarları sosial şəbəkələrdə paylaşımlarında qarşı tərəfi qorxutmaq üçün yenə açıq şəkildə repressiyalara işarə edirlər, hər cür alçaldıcı ifadələrə, təhqirlərə yol verirlər. Amma görünən odur ki, bunlar heç də həqiqəti etiraf edən ermənilərin sayının azalmasına təsir etmir, əksinə, onlar Ermənistanı rəzil günə salan bu hakimiyyətə qarşı daha sərt mövqe tuturlar. Məhz bu xüsusda Ermənistanda sosial şəbəkələrdə baş verənlərin təhlili həqiqətən də burada böyük bir qütbləşmənin yarandığını üzə çıxarır.

Belə vəziyyət Azərbaycanın, onun lideri

İlham Əliyevin həm də informasiya müharibəsində düşmən üzərində inamlı qələbəsinin növbəti təsdiqidir. Sosial şəbəkələrdə ötən şənbə və bazar günləri erməni istifadəçilər tərəfindən yer alan yeni maraqlı status və şərhləri diqqətinizə çatdırırıq.

 

“Bir də gözümüzü açacağıq ki, Azərbaycan tankları Yerevanda hərbi parad keçirir”

 

“Facebook” sosial şəbəkəsində Arutyun Barseqyan bir neçə minlik üzvü olan qrupda şərh yazaraq Serj Sarkisyan haqqında tənqidi fikirlər səsləndirən insanları vətən xaini elan edib. Belə şərhlərin və paylaşımların Azərbaycanda diqqətlə izlənildiyini, İlham Əliyevə üstünlük qazandırdığını xüsusilə vurğulayıb. Yazılan bu şərhə rəy bildirən Vazgen Qrantyan adlı biri isə verdiyi maraqlı cavabı ilə diqqət çəkib:

“Buradan sözüm sizədir, Serj Sarkisyanı müdafiə edən Arutyun... Həqiqəti yazmaq nə vaxtdan vətən xainliyi olub? Yaxşı ki, sosial media var. Fikirlərimizi istədiyimiz kimi yaza bilirik. Artıq Ermənistan vətəndaşlarının gözü Serj Sarkisyanın verdiyi yalançı vədlərlə toxdur. Düz söz niyə qıcıq oyadır? Sosial media vasitəsilə çağırışlarımızı uzaq Azərbaycanda eşidirlər, amma səsimiz buradakılara çatmır. Ermənistan dağılır, Azərbaycan qarşısında hər gün daha çox məğlub duruma düşür, bəs, bizim media orqanları niyə susur? Keçdiyimiz gün səsləndirdiyimiz fikirlərin yenidən arxasındayıq. Bəli, İlham Əliyev bu gün Cocuq Mərcanlı kəndini qaytarır, sabah Şuşaya kimi gələcək. Bəs, təriflədiyiniz Serj Sarkisyan buna cavab olaraq nə edir? Heç nə! Öz kefindədir. Aprel döyüşləri bizim üçün böyük bir dərs oldu. Məğlubiyyətimizin, cavan əsgərlərimizin ölümünün məsuliyyəti Serjin üzərindədir, onun olmayan vicdanındadır”.

Ovik Qriqoryan isə “Facebook”da qeyd edir ki, Serjin səhvlərinə görə Ermənistan məğlub vəziyyətə düşüb:

“Onun başı rüşvətə, talançılığa qarışdığından Qarabağı da, Ermənistanı da unudub. Bir də gözümüzü açacağıq ki, Azərbaycan tankları “Azadlıq”da (Yerevanın əsas mərkəzi meydanıdır - red.) hərbi parad keçirir”.

 

“Bugünkü Ermənistan bədbəxtdir, təkdir. Allah da bizi unudub”

 

Karen Markaryanın “VKontakte” sosial şəbəkəsində Serj Sarkisyanın şəklini paylaşaraq “Ermənistanı sizinlə daha parlaq gələcək gözləyir” şərhi çoxsaylı tənqidlərə, təhqirlərə tuş gəlib. Qaqik Vaçaqan adlı istifadəçinin bu fotoya şərhi isə daha çox bəyənmə toplayıb:

“İki gün öncə Ermənistanda sosial şəbəkələrdə paylaşılan statusları və şərhləri Azərbaycan xəbər agentliklərində gördükdə təəccübləndim. Bu bir daha onu sübut edir ki, İlham Əliyev bizim Serj Sarkisyanı informasiya müharibəsində də məğlub etməkdə davam edir. Müxtəlif sosial qruplarda “klaviatura qəhrəmanları” çoxsaylı statuslar və şərhlərlə bildirirlər ki, belə çıxış etməklə Serj Sarkisyanı

İlham Əliyev qarşısında çox aşağı səviyyəyə salırsınız. Vətənə xəyanət edirsiniz. Vətənə biz yox, Sarkisyan və onu burada müdafiə edənlər xəyanət edirlər. Neyləməliyik? Ermənistan məhv olur, susmalıyıq?”

Silva Qalstukyan isə daha bədbindir:

“Sarkisyan öz xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləyir. Necə olur-olsun, kim ölür-ölsün, təki özü hakimiyyətdə qalsın. Çox qorxulu bir vəziyyətdir. Bugünkü Ermənistan bədbəxtdir, təkdir.

Allah da bizi unudub”.

Saak Poqosyan adlı istifadəçi isə “Twitter”də yazır:

“Sarkisyanın rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub olub, vətəndaşlarımız vətənlərindən qaçırlar. Onun rəhbərliyi altında bizi parlaq gələcək yox, tam məhvolma gözləyir”.

Kikos Melkumyan isə “Odnoklassniki” sosial şəbəkəsində yazır ki, Ermənistanı parlaq gələcək yox, parlaq ölüm gözləyir:

“Sarkisyan vətənimizi, zavodlarımızı, torpaqlarımızın yarısını quldur oliqarxlara, yarısını da xaricilərə satdı. Onun rəhbərliyi altında Ermənistan parlaq bazara çevrilib”.

 

“Azərbaycanlılar prezidentləri ilə fəxr edirlər, biz isə oturub sonumuzu gözləyirik”

 

Azərbaycanı, onun Prezidentini özünə düşmən sayan Razmik Xaçaturovun fikirləri nə qədər erməni şovnizmini əks etdirsə də, əslində, həqiqəti göstərir:

“Bizi İlham Əliyevə xidmətdə, onu sevməkdə günahlandırırlar. Heç bir erməni o Prezidenti sevmir və sevə də bilməz. Onun ölkəsi də, xalqı da düşməndir, özü də düşməndir. Amma axı ağıllı düşməndir. Bizim ağılsız prezidentimiz kimi öz xalqını ac qoymur, müharibədə fərarilik etmir. Görün Azərbaycan hansı səviyyədədir. 25 il əvvəl az qala Bakıya çatırdıq. Amma indi görün nə gündəyik. Yerevanda qorxa-qorxa oturmuşuq. Biz Serj Sarkisyanı tənqid etməklə İlham Əliyevə, Azərbaycana, düşmənlərimizə xidmət etmirik, Ermənistana, övladlarımızın daha sakit və xoşbəxt yaşamasına çalışırıq. Ağıllı düşmən ağılsız prezidentimizi və bədbəxt dövlətimizi məhv edir, budur reallıq”.

Miqran Markaryan adlı “Facebook” istifadəçisi isə Serj Sarkisyanın hər sahədə İlham Əliyevə uduzduğunu aprel döyüşlərində ölən erməni əsgərlərin dəfnindən bir foto paylaşaraq yazıb:

“Sarkisyan nə qədər yalan desə də, həqiqət budur: aprel döyüşlərində biz uduzduq. Bu gün isə artıq Qarabağdan qaçırıq. Anlayırıq ki, hərbi əməliyyatlar başlanacağı təqdirdə Azərbaycan Qarabağı tam tutacaq. İlham Əliyev diplomatik sahədə də, informasiya müharibəsində də bizim prezidentə qalib gəlir. Azərbaycanlılar prezidentləri ilə fəxr edirlər. Biz isə Sarkisyana görə utanırıq. Oturub sonumuzun nə vaxt çatacağını gözləyirik. Etiraf edim ki, son zamanlar məni daha çox narahat edən məsələ Azərbaycanın hərbi potensialının durmadan, iti sürətlə artmasıdır. Qoy Azərbaycanda mənim bu şərhimi də yazsınlar (gülüş işarəsi)”.

 

“Əsgər cənazələri görməkdən təngə gəlmişik”

 

Civan Zavenyan adlı sosial şəbəkə istifadəçisi isə “Facebook”da baş verən son hadisələrə maraqlı bir statusla şərh verib:

“Dostlar, gəlin gördüklərimizi açıq şəkildə etiraf etməkdən çəkinməyək. İlham Əliyevin Cocuq Mərcanlı kəndi ilə bağlı qərarı hamımızda böyük qorxu yaradıb. Azərbaycan əsgəri qarşısında duruş gətirməyən erməni əsgərlərinin səngərlərdə silahlarını qoyub qaçmalarını görməkdən bezmişik. Orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməkdən təngə gəlmişik. Bunun ən böyük səbəbkarı hakimiyyətdir. Orduda korrupsiya, ölüm halları durmadan artır. Bu yaxınlarda cəbhə xəttində qulluq edən bir qohumum vəziyyətin çox acınacaqlı olduğunu bildirdi. Onların səngərinə günlərlə yemək, su getmir. Deyir ki, bu postu azərbaycanlılar gəlib tutsa, onları öldürsə, heç bir həftə erməni qərargahının xəbəri olmaz. Müharibənin yenidən başlanacağı təqdirdə Azərbaycan Ordusunun Şuşaya kimi rahat gələcəyini deyir. Orduya çağırışdan yayınan əsgərlərin sayının durmadan artması isə acı reallıqdır. Biz deyilənlərə yox, gördüklərimizə inanaq”.

Vardvan Arturyan adlı müharibə iştirakçısı da “Twitter”də çox maraqlı bir statusu ilə diqqət çəkib:

“Diplomatik sferada İlham Əliyevə uduzursan, heç nə demirik. Lakin cəbhədəki döyüşlərdəki məğlubiyyət bir müharibə veteranı olaraq bizləri ciddi narahat edir, Serj. Bu gün Cocuq Mərcanlını geri qaytaran sabah digər torpaqları da alacaq. Əsgər cənazələri görməkdən təngə gəlmişik”.

 

“Onların prezidenti qurur, yaradır, bizimki isə ancaq talançılıqla məşğuldur”

 

Xoren Petrosyanın “VKontakte”də paylaşdığı Serj Sarkisyanın şəklinə rəy bildirən Sako Panosyan adlı istifadəçisinin də şərhi maraqlıdır:

“Ermənistanın xain və yarıtmaz prezidentinin şəklini paylaşmaqda və onu dəstəkləməkdə məqsədiniz nədir? Göstəriş alaraq belə paylaşımlar edib niyə insanlarda qıcıq oyadırsınız? Belə ki, paylaşmısınız, mən də öz fikrimi əlavə edirəm. Serj Sarkisyan abırsız və ikiüzlü prezidentdir. Müharibə şəraitində olan Azərbaycandakı inkişafa, sonra da bizimkinə bax. Onların prezidenti qurur, yaradır, bizimki isə ancaq talançılıqla məşğuldur. Aprel döyüşləri dayandırılmasaydı, bu gün Azərbaycan Prezidenti Cocuq Mərcanlı kimi Şuşanın, Xankəndinin, Kəlbəcərin və digər rayonların yenidən qurulması üçün sərəncam verəcəkdi”.

Sarqis Xosrovyan adlı digər istifadəçinin də “Facebook”da paylaşdığı status çoxlu bəyənmə yığıb:

“Xəbəriniz var ki, Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin sayı reallıqlarla tanış olduqdan sonra daha da artmaqda davam edir?! Əvvəllər onları qınayırdım və bu addımlarını xəyanət hesab edirdim. Ancaq son aylar baş verən hadisələrdən sonra insan haqlarının kobud şəkildə pozulduğunu gördükdə bunun düzgün addım olduğunu düşünürəm. Serj Sarkisyan erməniləri Ermənistana qarşı soyutmaqda davam edir. Aprel döyüşlərindən əvvəl rəsmi dövlət qurumlarından informasiya verirdilər ki, guya hərbi baxımdan Azərbaycanı üstələyirik. Ancaq dördgünlük müharibə vaxtı biz bunun tam əksini gördük. Fərq çox böyükdür. Biz ermənilər boş yerə ölmək istəmirik”.

 

“S.Sarkisyan Ermənistanın üzqarasıdır”

 

Nerses Şavarşyan adlı biri “Facebook”da hakim Respublikaçılar Partiyasından olan istifadəçilərin daha çox rəy bildirdiyi qrupda maraqlı bir şərhlə diqqət çəkib və bununla da onların kəskin tənqidi ilə üzləşib. O yazıb:

“Bayaqdan statuslarınıza baxıram və bu qədər yalana heç özünüzün də inanmadığınızı düşünürəm (gülüş işarəsi). Gəlin həqiqəti danmayaq. Bu gün Azərbaycan təkcə hərbi yox, siyasi sferada da Ermənistandan çox irəlidədir. Serj Sarksiyanın Qarabağ məsələsində xalqı aldatmaq cəhdi isə günlər ötdükcə daha da iflasa uğramaqdadır. İlham Əliyev balaca bir kəndin bərpası üçün milyardlarla dram vəsait ayırır. Bizdəki hakimiyyət isə dövləti talamaqla ancaq cibini doldurur. Gözləri doymaq bilmir. Gündən-günə işsizlikdən ölkəni tərk edənlərin sayı artır. Serj Sarkisyan kimi qorxaq və cəsarətsiz rəhbər Ermənistanın üzqarasıdır”.

 

“S.Sarkisyan ictimaiyyəti susdurmaqdansa, gedib İlham Əliyevdən nümunə götürsün”

 

Xarput Mxıtaryan adlı istifadəçi isə “Odnoklassniki”də paylaşdığı statusda yazır:

“Səsləndirilən düz fikirlər niyə bəzilərini narahat edir? Biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk. Çəkinmədən fikrimi bildirirəm. İstəyirlər gəlib məni aparsınlar. Ünvanımı da yaza bilərəm. Onsuz da repressiv metod hakimiyyətin peşəsidir. Serj Sarkisyan ictimaiyyəti susdurmaqdansa, gedib İlham Əliyevdən nümunə götürsün. Bu gün Cocuq Mərcanlıdırsa, sabah Stepanakerti (Xankəndi - red.) geri qaytaracaq. Aprel döyüşləri təkrarlansa, Azərbaycan Yerevana kimi gələcək”.

Bütün bunlar əsl həqiqətlərin nədən ibarət olduğunun artıq erməni cəmiyyəti tərəfindən də dərk olunduğunu aydın nümayiş etdirir və belə vəziyyət Azərbaycanın informasiya müharibəsində möhtəşəm qalibiyyətinin real təzahürüdür. Bu qalibiyyət, heç şübhəsiz ki, tezliklə işğal altındakı torpaqların azad olunmasında da özünü göstərəcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq. Buna təkcə Azərbaycanda yox, artıq elə Ermənistanın özündə də tam əmindirlər.

Bu fonda Muşeq Kropyanın “Facebook”da paylaşdığı statusu vurğulamaq yerinə düşərdi:

“Sarkisyan Ermənistanı məhv edib. Satılmayan torpaq, zavod, obyekt qalmayıb. O hər dəfə Rusiyaya, Avropaya, xaricə gedəndə qorxuram ki, Yerevana qayıtmaya, çünki burda daha gəlir qazanacağı bir şey qalmayıb. Əziz ermənilər, mənə gülməyin. Bir gün bu xəbərlə sabahımız açıla bilər: Sarkisyan Ermənistandan qaçdı! Yəqin, günortanın da xəbəri belə olacaq: Azərbaycan əsgəri sərhədi keçib Yerevana doğru yürüyür”.

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur...

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.-  31 yanvar.- S. 1,  7.