Tanınmış yazıçı Kamal
Abdullanın yeni kitabı işıq üzü görüb
Tanınmış
yazıçı Kamal Abdullanın “Edam vaxtını dəyişmək
olmaz” adlı hekayələr kitabı işıq üzü
görüb.
Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni kitabda müəllifin çap olunmuş və çap olunmamış hekayələri yer alıb. Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə, müəllifin bütün bədii yaradıcılığından keçir.
Kitabın redaktoru Əliş Mirzallı, “Ön söz”ün müəllifi isə tanınmış teatrşünas, tənqidçi Aydın Talıbzadədir.
Kitabda Kamal Abdullanın “Qar”, “Uçuş”, “Adaşlar”, “Platon, deyəsən, xəstələnib”, “Sirri-zəmanə”, “Mağara”, “Korneliusun ölümü”, “Mənə uçmağı öyrət”, “Kölgə”, “Göyəzən dağının ilahəsi”, “Sağlıq”, “Edam vaxtını dəyişmək olmaz”, “Səsimdən yapış”, Hacı Mir Həsən ağa Səyyah” hekayələri yer alıb.
“Öz söz”də qeyd edilir ki, Kamal Abdullanın hekayələr kitabı uçmaq və uçanlar haqqındadır: “Osa götürüb toplumu adlandırıb “Edam vaxtını dəyişmək olmaz”. Hm... Qəribədir, deyilmi? Ad detektiv tapançası kimi sərlövhədən birbaşa tuşlanır adamın gicgahına. Əslində isə heç elə deyil. Bu hekayələri mən “quyu hekayələri” adlandırardım, “səssiz hekayələr” adlandırardım. Vaxt edam olunanda səslər kəsilir”.
Aydın
Talıbzadə vurğulayır ki,
yazıçının əsl hədəfi hekayələr uydura-uydura, uydurduğunu
sözlər harmonasiyasında təsvirləyə-təsvirləyə,
təsvir etdiyini bədii bütövcəyə
çevirə-çevirə “yox olmaq” və göylərə uçmaqdır:
“Nirvana.. Hekayələrində Kamal vaxtı dayandırmağı
xoşlayır, “təkcənəlik dünyası”nı
xoşlayır, özünə “enib” keçmişi özündə vərəqləməyi
xoşlayır. “Yarımçıq əlyazma”lar Kamal Abdullanın içindədir”.
Azərbaycan.-
2017.- 31 yanvar.- S.8.