Elmi-intellektual
inkişafa xidmət edən islahatlar
2016-cı il
müstəqil Azərbaycan üçün bir sıra əlamətdar
hadisələrlə zəngin olmuş, dünya maliyyə-iqtisadi
böhranının dərinləşdiyi bir şəraitdə
respublikamız qarşıya qoyduğu hədəflərin
böyük qismini praktik şəkildə gerçəkləşdirmişdir.
Məqsədyönlü və uzaq perspektivlərə
hesablanmış strategiya ilk növbədə ölkə əhəmiyyətli
qlobal layihələrin reallaşdırılmasına imkan
vermişdir.
Ötən il
respublikamız üçün həm də elm və təhsil
sahələrində bir sıra mühüm nəticələrin
əldə edilməsi ilə yaddaqalan olmuşdur. Prezident İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, inkişaf strategiyasını
elmi əsaslar üzərində qurmaqla, dövlət
quruculuğu prosesində innovativ yeniliklərə istinad edən
ölkələr milli tərəqqiyə nail olur, iqtisadi,
sosial və intellektual inkişaf müstəvisində rəqabətə
davam gətirirlər. Reallıq göstərir
ki, dayanıqlı iqtisadi uğurları təmin edən
mühüm faktorlardan biri də məhz elmin, təhsilin,
nanotexnologiyaların səviyyəsinin durmadan yüksəldilməsi
yolu ilə insan kapitalının
formalaşdırılmasıdır.
Dünya bazarında neftin qiymətinin
siyasi konyunktur əsasında müəyyənləşdiyi
son reallıqlar bir daha təsdiqləyir ki, Azərbaycanın
uğurlu gələcəyi ilk növbədə elmin, təhsilin,
o cümlədən ali təhsilin
inkişaf səviyyəsi ilə şərtlənir. Dövlət başçısı İlham
Əliyev haqlı olaraq bildirir ki, neft Azərbaycan
üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini
təmin etmək üçün vasitədir. Respublikamız neft ehtiyatlarına görə
dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkə
olsa da, hazırda həyata keçirilən siyasətin məqsədi
neftdən sonrakı inkişafın təməlini
yaratmaqdır.
Prezident İlham Əliyevin Nazirlər
Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının
yeklunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında söylədiyi nitqində xüsusi
vurğulanıb ki, ötən il dərin iqtisadi islahatlar ili
kimi tarixdə qalacaq: “Ümumi daxili məhsul aşağı
düşsə də, - bunun da əsas səbəbi neftin qiymətinin
3-4 dəfə aşağı düşməsidir və
bundan irəli gələn investisiyaların, dövlət
investisiyalarının azalmasıdır, - digər önəmli
göstəricilər bizi sevindirir... Sənayeləşmə,
qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, bax,
bu, gözəl nəticəni təmin edibdir.
Böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artması,
hesab edirəm ki, çox böyük göstəricidir...
Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan
65-ci yerdədir... Dünyanın iqtisadi beynəlxalq
forumunun - Davos Ümumdünya İqtisadi Forumunun
hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı
dünya miqyasında rəqabətqabiliyyətliyinə görə
3 pillə irəliləyərək 40-cı pillədən
37-ci pilləyə qalxmışdır. Bu
da, hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu
birinciliyi saxlamışıq”.
Ölkə
başçısının son 13 ildə qarşıya
qoyduğu ən mühüm vəzifələrdən biri də
məhz milli inkişafda intellektual irəliləyişə
nail olmaqla dövlətin siyasi suverenliyinin, davamlı iqtisadi
rifahının təmin edilməsindən ibarətdir. Prezident İlham Əliyevin elmin inkişafına necə
böyük önəm verdiyini son illər dövlət
büdcəsində bu sahəyə ayrılan vəsaitlərin
artım dinamikası da bir daha təsdiqləyir. 2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin
ilbəil əhəmiyyətli dərəcədə
artımı elm sahəsində məhz maliyyə
çatışmazlığı səbəbindən uzun illərdən
bəri yığılıb qalmış bir çox problemlərin
həlli zərurətini aktuallaşdırmış, bu sahəyə
ayrılan dövlət investisiyalarının həcmcə
artımını təmin etmişdir.
Azərbaycan Prezidenti dəfələrlə
böhranın mənfi təsirlərinin aradan
qaldırılması ilə bağlı həyata
keçirilməli olan təxirəsalınmaz tədbirlər
barədə danışarkən innovativ tərəqqinin
vacibliyini xüsusi qeyd etmişdir. Ümumilikdə
hökumətin ötənilki fəaliyyəti dünyada maliyyə
böhranının dərinləşdiyi bir dövrdə Azərbaycanda
qlobal çağırışlara adekvat olaraq islahatları
davam etdirmək, idarəetmə sistemini çevik və səmərəli
mexanizmlər əsasında formalaşdırmaq və elmi
innovasiyaları stimullaşdırmaqla milli iqtisadiyyatı yeni
şəraitə - neftsiz dövrə uyğunlaşdırmaq
istəyini bariz təcəssüm etdirmişdir.
2016-cı ildə ölkə
başçısı tərəfindən imzalanmış
bir sıra fərman və sərəncamlar mahiyyətcə
iqtisadiyyatın elmi-innovativ əsaslarla inkişafını
stimullaşdırmışdır. Azərbaycan Prezidentinin 2016-cı il dekabrın 6-da imzaladığı “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələrinin təsdiq edilməsi
haqqında” fərmanı ölkədə enerji
resurslarından asılı olmayan dayanıqlı inkişaf
modelinin formalaşdırılması baxımından vacib əhəmiyyətə
malikdir. Sənəddə bir sıra sahələrlə
yanaşı elmin, insan kapitalının inkişafına da
xüsusi diqqət çəkilir və qarşıda duran vəzifələr
göstərilir.
Sənəddə haqlı
olaraq qeyd edilir ki, insan kapitalı əmək məhsuldarlığının
yüksəldilməsində, dayanıqlı iqtisadi
artımda, istehsal və xidmət sektorlarının rəqabət
qabiliyyətinin formalaşdırılmasında, ölkənin
qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayır. Buna nail olmaq
üçün təhsilin bütün pillələrində
keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə
işçilərin bilik və bacarıqlarının
inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi,
ixtisaslı kadr hazırlığının əmək
bazarının tələblərinə
uyğunlaşdırılması, habelə mövcud insan
kapitalından səmərəli istifadə edilməsi tələb
olunur: “Bu, əsas tutularaq Azərbaycanda iqtisadiyyatın
transformasiyası istiqamətində həyata keçiriləcək
islahatların ayrılmaz tərkib hissəsi kimi insan
kapitalının inkişafında fasiləsizliyin təmin
edilməsi, əmək məhsuldarlığının
yüksəldilməsi və biliyin iqtisadi inkişafda rolunun
artırılması ilə bağlı tədbirlər hərtərəfli
dəstəklənəcəkdir. Bu, iki səviyyədə təmin
ediləcəkdir: 1) insan kapitalının formalaşması və
inkişafı üçün təhsilin bütün pillələrində
keyfiyyətin yüksəldilməsi; 2) əmək məhsuldarlığının
yüksəldilməsini təmin etmək üçün
insan kapitalının fasiləsiz inkişafının təmin
edilməsi”.
Sənədə əsasən
qarşıdakı illərdə insan potensialının
inkişaf etdirilməsi, insan kapitalının keyfiyyətinin və
əmək məhsuldarlığının yüksəldilməsi
ilə bağlı məsələlərə xüsusi diqqət
veriləcək, təhsil-təlim prosesi və ixtisaslı kadr
hazırlığının, əmək bazarı və
biznes sektoru arasında koordinasiyanın effektivliyi
artırılacaqdır. İnnovasiyaya meyilli (elm və texnologiya
tutumlu) istehsal sektorunun investisiya cəlbediciliyi
çoxaldılacaq, əmək məhsuldarlığının
yüksəldilməsi üzrə əsas prioritetlər müəyyənləşdiriləcək.
İnkişaf etmiş
ölkələrdə milli sərvətin böyük hissəsini
insan kapitalı təşkil edir və iqtisadi artımda
intellektual əmək üstün çəkiyə malikdir. Ötən illər
ərzində insan kapitalının inkişafı ilə
bağlı tədbirlər müəyyən edilərək
icra olunmuş və hazırda həyata keçiriləcək
bir sıra strategiya, dövlət proqramları və
konsepsiyalarda da öz əksini tapmışdır. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda elm və təhsilin inkişafı prioritet məsələlər
kimi önə çəkilir.
Ötən ilin ən yaddaqalan hadisələrindən
biri də Azərbaycan Respublikası Prezidentinin 14 iyun
2016-cı il tarixli sərəncamı ilə
“Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbuludur.
Ölkədə elmin inkişafının hüquqi əsaslarını
müəyyən edən bu qanun elmi fəaliyyətin təşkili,
idarə edilməsi və inkişafı sahəsində
dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya
fəaliyyətinin məqsədlərini, bu sahədə fəaliyyət
subyektlərinin hüquq və vəzifələrini, elmin
maliyyələşdirilməsi mexanizmlərini, əldə
edilən nailiyyətlərin stimullaşdırılması və
onlardan istifadənin təşkilati-hüquqi əsaslarını
müəyyən edir.
Qanun ölkənin siyasi,
iqtisadi, sosial və mədəni inkişafının təmin
edilməsi, hər bir vətəndaşın rifahının
və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə
yiyələnməsi və dünyanı dərk etmək kimi
təbii və mənəvi ehtiyaclarının ödənilməsində
elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.
Bu mühüm sənəddə elmi
fəaliyyət sahəsində dövlət siyasətinin
prinsipləri, məqsədləri və prioritetləri müəyyən
olunmuşdur: elmi yaradıcılıq və tədqiqat
azadlığı (sərbəstliyi), azərbaycanşünaslıq
istiqamətində aparılan tədqiqatların
aparıcılığının təmin edilməsi, elmi
etikanın qorunması, elmin ictimai həyata inteqrasiyası,
elmin və elmi-innovasiya fəaliyyətinin prioritetliyi,
sağlam rəqabətin təmin edilməsi, beynəlxalq səviyyəyə
uyğunluq, elmi nəticələrin şəffaflığı
və ictimaiyyətə açıqlığı, elm, təhsil
və iqtisadiyyatın vəhdəti qarşıya qoyulmuş vəzifələrdir.
Eyni zamanda dünya elm məkanına inteqrasiya, elmi fəaliyyətin
institusional sisteminin və maliyyələşdirilmə
mexanizmlərinin dünya standartlarına
uyğunlaşdırılması, cəmiyyət həyatının
bütün istiqamətlər üzrə inkişafında
elmi potensialdan səmərəli istifadənin təmin edilməsi,
elmin maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi,
elm, təhsil, iqtisadiyyat və cəmiyyətin
qarşılıqlı münasibətlərində inteqrativ
bağlılığın və dialektik vəhdətin təmin
edilməsi, ölkə üzrə elmi məktəblərin
yaradılması, qorunması və inkişafının
stimullaşdırılması əsas
götürülmüşdür. Bundan başqa, sənəddə
elmi araşdırmaların, o cümlədən fundamental və
tətbiqi tədqiqatların əsas istiqamətlərinin
müəyyən edilməsi, elm sahəsində beynəlxalq əməkdaşlığın
inkişafı və Azərbaycan Respublikasının
elmi-texniki siyasətinin dünya elmi məkanında layiqincə
təmsil olunması və təbliği, elm sahəsində
çalışan və elmi fəaliyyətlə məşğul
olan əməkdaşların maddi rifahının və sosial
təminatının yüksəldilməsi,
xalqımızın etnogenezinin, tarixi, dili, ədəbiyyatı,
incəsənəti və mədəniyyətinin, milli-mənəvi
dəyərlərinin, maddi və mədəni irsinin, iqtisadi,
fəlsəfi, hüquqi və ictimai-siyasi fikrin təkamülü
prosesinin və inkişaf mərhələlərinin hərtərəfli
tədqiqi, multikulturalizm təliminin elmi əsaslarının
öyrənilməsi, dini-mənəvi dəyərlərin,
dinlərarası dialoq və tolerantlıq təcrübəsinin
mahiyyətinin və əhəmiyyətinin tədqiq edilməsi
və elmi şəkildə ictimaiyyətə çatdırılması
və s. öz əksini tapmışdır.
Qanunda “Elmdə innovasiya və
sahibkarlıq fəaliyyəti” adlanan ayrıca bir maddə də
özünə yer almışdır. Bu, elmi
işçilərin zamanın tələbindən irəli gələn,
dünya təcrübəsi ilə səsləşən yeni
tipli səlahiyyəti və vəzifələridir. Yeni sənəddə elm sahəsindəki innovasiya və
sahibkarlıq fəaliyyətinin mahiyyəti
aydınlaşdırılmış, əsas istiqamətləri
və əhatə dairəsi müəyyən olunmuşdur.
Bundan başqa, qanunda ilk dəfə “Tədqiqat universiteti”
statusuna malik ali təhsil ocaqlarının
yaradılmasının nəzərdə tutulması bu fəaliyyət
istiqamətinin əsas subyektlərindən olan ali məktəb
elminin inkişafında yeni mərhələ
açacaqdır. “Tədqiqat universiteti” statusu
qazanmış belə təhsil ocaqları vasitəsilə
elmin inkişaf etdirilməsi ölkədə bu sahədə
sağlam rəqabət mühitinin yaranmasına, nəticədə
elmin daha sürətlə inkişafına təkan verəcəkdir.
Bu yenilik təhsillə elmin əlaqələndirilməsi
baxımından əhəmiyyətli addım olacaqdır.
“Elm haqqında” qanunda alim zəhmətinin maliyyələşdirilməsi
mənbələri, vasitələri və yolları göstərilmiş
və hüquqi cəhətdən əsaslandırılmışdır.
Bu sənəd ölkəmizdə müasir elmi
məktəblərin yaradılmasına, yeni elmi nəsillərin
formalaşdırılmasına və inkişafına, ən
mühümü isə cəmiyyət quruculuğunun
bütün sahələrində elm faktorunun hərəkətverici
amillərdən birinə çevrilməsinə geniş
imkanlar açır.
Deyilən fikirlərə əsasən
strateji hədəflərə nail olmaq məqsədilə son
illərdə AMEA-nın infrastrukturunun, maddi-texniki
bazasının, iş şəraitinin
yaxşılaşdırılması istiqamətində bir
sıra tədbirlər həyata keçirilmişdir. Ötən
illər akademiyanın Mərkəzi Elmi Kitabxanasının
yeni binası inşa edilmiş, Azərbaycan Milli Tarix Muzeyində,
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında,
Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat
Muzeyində, AMEA-nın Rəyasət Heyətinin binasında, əsas
binada təmir işləri başa
çatdırılmışdır. Qlobal böhrana baxmayaraq,
bu tədbirlər ötən il də davam
etdirilmişdir.
Dövlət
başçısının 2009-cu il
oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun yaradılması elmi tədqiqatların
stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi
özünü tam doğrultmuşdur. Fond ötən il ərzində ölkənin təbii
resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin
gücləndirilməsi, müxtəlif sahələrdə
aparılan araşdırmaların səmərəliyinin
artırılması məqsədinə xidmət edən layihələri
maliyyələşdirmişdir.
Xatırlatmaq yerinə düşər
ki, Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın 2015-ci
ilin oktyabr ayında keçirilmiş 70 illik yubileyində milli
elmin tarixi nailiyyətlərinə, bugünkü
uğurlarına və gələcək inkişaf perspektivlərinə
nəzər salmış, bu sahədə əsas hədəfləri
açıqlamışdır. Şübhəsiz,
hər bir elm sahəsinin ictimai dəyəri, əhəmiyyəti
onun praktik tətbiq imkanları ilə ölçülür.
Əgər elm cəmiyyətin intellektual tərəqqisinə,
dövlətin ideoloji və siyasi cəhətdən qüdrətlənməsinə,
iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini
vermirsə, deməli, onun dəyərindən danışmaq
da mümkün deyildir. Müasir dünya
gerçəklikləri fonunda elmlə dövlət idarəçiliyinin
üzvi şəkildə əlaqələndirilməsi,
mühüm siyasi qərarların qəbulu mərhələsində
elmi postulatlara, təhlillərə istinad olunması son dərəcə
vacib məsələ kimi qarşıda durur. Dövlət
başçısı bununla bağlı demişdir: “Azərbaycanda
elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin
inkişafı uzunmüddətli, uğurlu və
dayanıqlı olsun. Biz neft-qaz amilindən
asılılığımızı tədricən
azaldırıq. Artıq bu istiqamətdə
müəyyən işlər görülmüşdür.
Gələcəkdə isə biz çoxşaxəli
iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək
dayanıqlı inkişaf modelimizi qurmalıyıq”.
2016-cı ildə AMEA-nın
elmi-tədqiqat institutları bu isiqamətdə bir sıra
mühüm layihələri uğurla
reallaşdırmışlar. Ölkə
başçısının tövsiyələri əsas
tutularaq tarixçi alimlər tərəfindən müstəqillik
dövrünün ictimai-iqtisadi, siyasi tarixinin ən aktual məsələləri,
o cümlədən 25 il ərzində əldə olunan
uğurlar ilk dəfə qaynaqlar, arxiv sənədləri və
elmi ədəbiyyat əsasında fundamental şəkildə
araşdırılaraq ümumiləşdirilmişdir.
Mühüm nəticələr hər biri iki cilddən ibarət
olan beş adda monoqrafiyada öz əksini
tapmışdır. Dövlət mükafatına layiq
görülmüş İrəvan xanlığı
haqqında “İrəvan xanlığı: Rusiya
işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi” adlı fundamental
monoqrafiya ilk dəfə ötən il
müxtəlif dillərdə nəşr olunaraq dünya elm
ictimaiyyətinə təqdim edilmişdir. Tarixçi alimlərin
uzunmüddətli tədqiqatları nəticəsində ərsəyə
gələn, Balkanlardan köç edərək Anadolunun
şərqində yurd salan erməni etnosunun gerçək
tarixi haqqında “Real tarix və “böyük Ermənistan”
uydurması” və 1918-1920-ci illərdə Azərbaycanın
bütün bölgələrində ermənilər tərəfindən
həyata keçirilmiş soyqırımı cinayətinin əsl
tarixinin araşdırıldığı “Azərbaycan
xalqına qarşı 1918-ci il soyqırımları” adlı əsərlər
də ötən ilin elmi uğurları sırasında
xüsusi qeyd olunmalıdır. 2016-cı ildə
institut əməkdaşlarının elmi tədqiqatları 4
istiqaməti, 4 problemi, 37 mövzunu və 4 işi əhatə
etmişdir. Alimlər tərəfindən 384 əsər
nəşr olunmuş, 3 monoqrafiya, 89 məqalə xaricdə, 7
yazı isə impakt faktorlu jurnalda dərc edilmişdir.
Arxeologiya və Etnoqrafiya
İnstitutunun alimləri də “Şimal-Qərbi Azərbaycan
abidələrinin arxeoloji tədqiqi” mövzusu üzrə
yüksək səviyyədə elmi araşdırmalar
aparmışlar. Qəbələ rayonu ərazisində m.ə. IV
minilliyin başlanğıcına aid Qafqazın bu dövr
tarixi üçün ilk dəfə olaraq katakomba tipli qəbir
abidə aşkar edilmişdir. Tapıntının
Azərbaycanda m.ə. IV minilliyin birinci yarısında
yayılmış Leylatəpə mədəniyyətinin dəfn
adətlərinin tədqiqində yeni istiqamət olduğu
bildirilmişdir. Şərqşünas
alimlər tərəfindən “Klassik türk ədəbiyyatının
tədqiqi və Azərbaycan ədəbiyyatına dair türk
alimlərinin araşdırmaları” mövzusu üzrə
ciddi tədqiqat işləri yerinə yetirilmişdir. “Cənubi
Azərbaycanın tarixi, iqtisadiyyatı və ictimai-siyasi vəziyyəti”
mövzusu çərçivəsində “Cənubi Azərbaycan:
1918-ci il soyqırımı” və “Cənubi
Azərbaycan: 21 azərdən İranda Ağ inqilaba qədər:
iqtisadi və sosial-siyasi vəziyyət” adlı monoqrafiyalar
çap edilmişdir. Həmin kitablarda XX əsrdə
Cənubi Azərbaycanın təqribən yarıməsrlik
tarixi işıqlandırılmışdır. 1918-ci ildə erməni-daşnak hərbi dəstələri
tərəfindən yalnız Bakı, Quba, Şamaxı və
digər bölgələrdə deyil, həm də
İranın şimal-şərqi əyalətlərində
Azərbaycan xalqına qarşı kütləvi
qırğınların həyata keçirilməsi qeyd
edilib, bu soyqırımının ağır nəticələrinin
təhlili verilib. Eyni zamanda 1946-cı ildən
1960-cı illərə qədər Azərbaycan əyalətlərində
sosial-iqtisadi və mədəni vəziyyət dərindən
təhlil edilib, şah hökumətinin xüsusilə azərbaycanlı
əhalinin, eləcə də milli azlıqların təhsil və
mədəni hüquqları sahəsindəki siyasəti
araşdırılıb.
Ötən il
dinşünaslığın bəzi nəzəri məsələləri,
dinlərin tarixi və fəlsəfəsi, Azərbaycanda din və
mədəniyyətin aktual problemləri, qloballaşmanın fəlsəfi,
sosioloji və sosial-psixoloji aspektləri, gender tədqiqatları
istiqaməti üzrə dünya və Azərbaycan fəlsəfi,
ictimai fikir və mədəniyyət tarixinin aktual, mübahisəli
məsələləri AMEA-nın humanitaryönümlü
elmi-tədqiqat institutlarında araşdırmalara cəlb
edilmişdir.
AMEA-nın İqtisadiyyat
İnstitutunda innovasiyalara əsaslanan davamlı iqtisadi
inkişaf modelinin formalaşması və inkişafı,
iqtisadi artımın keyfiyyəti, qeyri-neft sektorunun,
sahibkarlığın və beynəlxalq iqtisadi münasibətlərin
inkişaf problemləri istiqamətində müəyyən tədqiqatlar
aparılmışdır. İqtisadçı
alimlər tərəfindən insan potensialı və
kapitalının formalaşdırılması, xidmət
sektorunun inkişafının sosial-iqtisadi və demoqrafik, təbii
sərvətlərdən səmərəli istifadənin
sosial-iqtisadi problemlərinin tədqiqi üzrə elmi-tədqiqat
işləri davam etdirilmişdir.
Ötən il ölkə başçısının sərəncamı ilə I Türkoloji Qurultayın 90 illik yubileyi keçirilmişdir. Türkoloji qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdən olmuşdur. Həmin qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin sovet idarə üsulu çox keçmədi ki, bütün bunların ardıcıl şəkildə gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə aldı. Həmin qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin elmi-nəzəri bünövrəsinin yaradılması ilə əlamətdardır. Belə bir sərəncamın imzalanması qurultayın təşkili işinə töhfələr vermiş totalitar rejim qurbanı olan görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir.
Ötən il “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Prezident sərəncamı da böyük əhəmiyyət kəsb etmişdir. Ölkə Prezidentinin Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında verdiyi sərəncam iqtisadiyyatın davamlı inkişafının və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaq məqsədi daşımışdır. Ötən ilin ən mühüm Prezident sərəncamlarından biri də 2016-cı il üçün respublikanın elm və ədəbiyyat sahələrində dövlət mükafatlarının verilməsi ilə bağlı olmuşdur. Həmin sərəncama əsasən “Azərbaycan Respublikasının coğrafiyası” üçcildlik monoqrafiya və Fikrət Qocanın oncildlik “Seçilmiş əsərləri” dövlət mükafatına layiq görülmüşdür.
Elmin inkişaf strategiyasının zamanın nəbzinə uyğun modernləşməsini, yeni iqtisadi, siyasi, mədəni reallıqların nəzərə alınmasını, xüsusən də humanitar və ictimai elm sahələrində azərbaycançılıq məfkurəsinin geniş tədqiqinə yer verilməsini Azərbaycan xalqının dövlətçilik maraqları tələb edir. AMEA-nın, xüsusən də ictimai və humanitar yönümlü institutlarda aparılan elmi tədqiqatların milli ideologiya və dövlətçilik maraqları baxımından aktuallıq kəsb etməsi, çağdaş dövrün tələblərinə cavab verməsi son dərəcə vacibdir. Bununla da əminliklə deyə bilərik ki, müasir dövrdə intellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri belə üstələyir.
İradə
ƏLİYEVA,
Azərbaycan.-
2017.- 31 yanvar.- S. 10.