Badam - süfrədə, sənayedə, təbabətdə...
Qeyri-neft sektorunun inkişafı yeni badam
bağlarının salınmasını gündəmə gətirir
Badam ləpəsinin dadına və faydasına görə çox sevilən qiymətli bitkidir. Sənayenin müxtəlif sahələrində, xüsusilə yeyinti sənayesində bu bitkinin ayrı-ayrı hissələrindən geniş istifadə olunması onun dəyərini birə-beş artırır.
Maraqlıdır ki, badam ağacı heç də hər yeri
özünə məskən seçmir. Azərbaycan onun bitdiyi azsaylı
regionlardan biridir. Bu imkandan
lazımınca istifadə
edilmədiyi, yəni ölkəmizdə badam bağlarının az olduğu isə təəssüf doğuran faktdır.
Qeyri-neft sektorunun inkişafının
prioritet olduğu indiki dövrün Azərbaycanda badam istehsalının artırılmasını
da gündəmə gətirməsi təsadüfi
deyil. Badamın birinci üstünlüyü
ləpəsinin dadlı,
yağlı və şirin olmasıdır.
Onun tərkibinin 40-60 faizi yağdan, 20-30 faizi zülaldan, 13 faizi karbohidratdan, qalan hissəsi bir sıra vitaminlərdən
ibarətdir.
Badamı sevməyən
az insan
tapılar. Çünki badam ləpəsi
həm təbii halda yeyilir, həm də ondan qənnadı sənayesində geniş istifadə olunur.
Badamın yemək
üçün yararsız
olan acı növü də var. Acı badamdan badam yağı və az
miqdarda efir yağı hazırlanır.
Bu məhsuldan ətriyyat, əczaçılıq
sənayesində kamfora,
məlhəm, emulsiya hazırlanmasında istifadə
edilir. Badamın qabığı da itkiyə getmir. Belə ki, o, konyakın,
likörün, bəzi
şərabların ətirləndirilməsində
və rənginin yaxşılaşdırılmasında işlədilir.
Təbii ki, belə faydalı
məhsula hər yerdə tələbat var.
Ona
görə də badamın ixracı ölkəyə xeyli gəlir gətirə bilər.
Nazirlər Kabinetinin
2016-cı ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında Prezident İlham Əliyev badamın valyuta gətirən bitki olduğunu vurğulayaraq demişdir: “Badam Azərbaycanda, əfsuslar ki, çox az istehsal
edilir. Biz hətta
özümüzü bu
məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam
bağlarımız var. Onların
da böyük əksəriyyəti Naxçıvan
Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında,
Bakıətrafı qəsəbələrdə
və digər bölgələrdə badamçılıq
üçün çox
münbit təbii iqlim var. Ona görə bu istiqamətdə də işlər görülməlidir, lazımi
tədbirlər görülür,
göstərişlər verilib,
bax, bu sahə
də inkişaf edəcək”.
Azərbaycanda badamın 4 növü yayılıb. Ümumiyyətlə isə badam cinsinin 40 növə qədər ağac və kolu məlumdur. Yabanı halda badam Orta Asiyada, Dağıstanda və Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində vaxtilə geniş ərazilərdə yabanı badamlıqlara rast gəlmək olardı. “Badamlı” suyu da adını həmin ərazidən alıb. Çünki bu məşhur suyun çıxdığı kənd hər tərəfdən badamlıqlarla əhatə olunmuşdu. İndi badam ağacları yalnız əlçatmaz yüksəkliklərdə qalıb.
Qeyd edək ki, yabanı badam və mədəni badam sortları bir-birinə çox bənzəyirlər. Mədəni badamı fərqləndirən meyvələrinin bir qədər böyük, qabığının nazik olmasıdır.
Badamın qayalıqda, daşlıqda, qumsal yerdə, hətta gilli torpaqda yetişməsi təbiətin yurdumuza bir töhfəsidir. Deməli, onu Azərbaycanın çox yerlərində yetişdirmək və badam bağlarının ərazilərini genişləndirmək mümkündür. Bu imkanı qətiyyən əldən vermək olmaz.
Coğrafi şəraitin münasib olduğu bütün yerlərdə badam ağaclarının əkilməsi ölkəyə xeyli gəlir gətirə bilər. Bu faydalı işin qarşısında Nazirlər Kabinetinin sözügedən iclasında başqa bir baxış bucağından da işıq salınmışdır. Belə ki, dövlət başçısı ekoloji vəziyyətdən danışarkən diqqəti bir daha ağacəkmə kampaniyasına cəlb etmiş və bundan sonra bar gətirən ağacların yetişdirilməsinə üstünlük verilməsini tapşırmışdır: “Son bir neçə il ərzində ölkəmizdə ağacəkmə kampaniyası çox geniş vüsət almışdır. Bu il də bu işlər aparılmalıdır. Ancaq hesab edirəm ki, bundan sonra daha çox dekorativ ağaclar yox, yəni barverən ağaclar əkilməlidir. Ona görə bütün rayonlarda da iqlimə uyğun şəkildə ağacəkmə prosesi davam edəcək. Ancaq bunun həm iqlimə, ekologiyaya, həm də ki, iqtisadiyyata müsbət təsiri olmalıdır. Ona görə də müvafiq tədbirlər görülməlidir, tinglər tədarük edilməlidir”.
Bütün bu işlər badamçılıq sahəsində də tətbiq olunmalıdır. Çünki badam hələ qədim zamanlardan haqlı olaraq zəngin bitki sayılıb, qonaqlıq, bayram süfrələrini bəzəyib. Hətta yuxuda yetişmiş badam ağacı görmək insana var-dövlət sahibi olacağı, maddi rifah halının yaxşılaşacağı barədə mesaj kimi yozulurdu... Şairlər, bəstəkarlar badamı sevərək onun haqqında şeir və nəğmələr bəstələmişlər. Yurdumuzda bu əvəzsiz, faydalı bitkini yetişdirən ağacların sayı artdıqca, ondan daha çox bəhrələnəcəyik. Ölkə əhalisinin badama olan tələbatı tam ödəniləcək. Badamın xaricə ixrac edilməsi isə Azərbaycana gəlir gətirəcək.
Flora SADIQLI,
Azərbaycan.- 2017.- 31 yanvar.- S.12.