Qayıdışın ilk ünvanı

 

İki il ərzində Cocuq Mərcanlı Qafqazın ən abad, müasir təminatlı kəndlərindən birinə çevrilib

 

Qəhrəman ordumuzun hünəriylə iki il əvvəl yazılan şanlı tarix bu gün haqlı olaraq hər bir ölkə vətəndaşı üçün qürur mənbəyidir.

Azərbaycan əsgəri qısa müddətli uğurlu döyüş əməliyyatı ilə bütün dünyanı heyrətə saldı. Nankor qonşularımız, məkrli və hiyləgər düşmənlərimiz olan ermənilər hələ də aprel döyüşlərinin qorxusunu yaşayırlar.

Milli Ordumuzun 2016-cı ilin aprel ayında həyata keçirdiyi əks hücum nəticəsində Cəbrayıl və Füzuli rayonları istiqamətində geniş ərazini nəzarətdə saxlayan Lələtəpə yüksəkliyi erməni hərbi birləşmələrindən azad edildi.

Bu uğurlu döyüş əməliyyatının məntiqi nəticəsi olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamasına imkan yarandı. Bununla da tarixən burada yaşamış dinc əhali uzun illərin fasiləsindən sonra yenidən doğma yurda, dədə-baba torpaqlarına qayıtdı. Qarabağa böyük qayıdışın başlanğıcı kimi dəyərləndirilən bu proses Milli Ordumuzda döyüş ruhunu müqayisəedilməz dərəcədə yüksəltdi. Xalqda Qarabağın işğaldan tezliklə azad ediləcəyinə olan inamı daha da artırdı. Ali Baş Komandanın Qarabağ münaqişəsində tutduğu qətiyyətli və prinsipial mövqe xalq-ordu birliyinin gerçək təntənəsinə çevrildi. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşamağın mümkün olduğunu nəzərə alan dövlət başçısının qayğısı ilə Cocuq Mərcanlı kəndinin yeni həyatı başladı.

Dövlət başçısı Ermənistan silahlı qüvvələri tərəfindən odlara qalanıb viran qoyulmuş Cocuq Mərcanlı kəndinin bərpası, burada zəruri sosial infrastrukturun yaradılması üçün bir-birinin ardınca dörd tarixi sərəncam imzaladı. Dövlət başçısının sərəncamı ilə doğma torpağa qırılmaz bağlılıq nümayiş etdirmiş, dəfələrlə ölüm təhlükəsi ilə üzləşsə də, doğma Cocuq Mərcanlı kəndindən ayrılmayan, tutduğu fəal vətəndaş mövqeyi ilə insanların vətənpərvərlik hisslərinin yüksəlməsində şəxsi nümunəyə görə kənd sakini Oqtay Həziyev Birinci dərəcəli “Əmək ordeni” ilə təltif olunmuşdur.

Şanlı aprel döyüşlərinin ikinci ildönümü ərəfəsində Cocuq Mərcanlıda olduq. Bu bahar günlərində kənd yenidən qovuşduğu xoş növrağı, çal-çağırlı büsatıyla üzə gülürdü. Oyanan təbiət, zümrüd libasa bürünən çöl-çəmən, çiçəkləyən ağaclar sanki adamların çöhrəsində əks olunurdu. Xoş ovqat, yüksək əhvali-ruhiyyə təbəssüm yağan üzlərdə, sevinc dolu gözlərdə aydın görünürdü. Əmək qəhrəmanı Oqtay Həziyev könlündəki xoş duyğuları bizimlə həvəslə paylaşır:

- İndi özümü xoşbəxt sayıram. İki il əvvəl doğma kəndimizin dağılıb xaraba qoyulmuş evlərinin arasıyla, kimsəsiz küçələrlə tək-tənha dolanmağın necə ağır və əzablı olduğunu təsəvvür etmək çox çətindir. Uzun illər boyu gecələri dirigözlü açmışam, gündüzləri səksəkəli dolanmışam. İndi elə bil yenidən doğulmuşam. Doğmaların əhatəsində, dost-tanışların arasında yaşamaq çox gözəldir. İndi xaraba Cocuq Mərcanlıdan əsər-əlamət belə qalmayıb. Dövlətin qayğısı ilə günlərə, firavan həyata, xoş güzərana qovuşmuşuq. Mən Azərbaycan vətəndaşı olmağımla qürur duyuram. Öz vətəndaşına sahib çıxan bir dövlətdə yaşamaq əsl xoşbəxtlikdir.

Bu gün hər kəsin görüb dəyərləndirəcəyi bir reallıq var: dövlətin qayğısı ilə qısa bir zaman kəsiyində Cocuq Mərcanlı kəndi tamamilə yenidən qurulub, insanların firavan yaşaya biləcəyi bir məkana çevrilmişdir. Dövlət başçısının 24 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, ilkin mərhələdə kənddə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 50 fərdi yaşayış evi, 96 şagird yerlik məktəb, Şuşa məscidinə bənzəyən məscid, elektrik yarımstansiyası, hidrometereoloji stansiyas. tikilmiş, qaz, elektrik, içməli su, rabitə xətləri çəkilmişdir. 9 kilometrlik məsafədə kəndə rahat asfalt yol gəlir. Prezidentin 15 iyun 2017-ci il tarixli növbəti sərəncamına uyğun olaraq kənddə 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi, poçt, ərazi nümayəndəliyinin inzibati binası tikilib istifadəyə verilmişdir.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bizimlə söhbətində rayon sakinlərinin minnətdarlıq dolu fikirlərini ifadə etdi:

- Milli Ordumuzun şanlı tarixinə çevrilmiş aprel döyüşlərindən iki il keçsə də, biz hələ də qəhrəmanlıqlarla dolu o günlərin xoş ovqatını yaşayırıq. Orduyla xalqın sarsılmaz birliyinin parlaq nümayişinə çevrilən aprel döyüşləri Qarabağın işğaldan azad olunacağı günün tezliklə gələcəyinə bir müjdədir.

Qarabağa böyük qayıdışın başladığı Cocuq Mərcanlı indi rahat yolu, zəruri sosial infrastrukturu, fasiləsiz qaz, su, elektrik enerjisi təminatı ilə hər kəsdə razılıq doğurur. Cocuq Mərcanlıda yaşayış bərpa olunduqdan sonra cəbhə bölgəsində düşmənlə üzbəüz mövqedə dayanan əsgər və zabitlərimiz arxalarında dinc əhalinin yaşamasından ruhlanaraq səngərlərdə daha ayıq-sayıq dayanır, kənd sakinlərinin təhlükəsizliyini təmin etmək üçün tələb olunan bütün tədbirləri görürlər. Kənd sakinləri isə Azərbaycan əsgərinin qüdrətinə arxalanaraq doğma yurdlarında özlərini rahat hiss edir, əkin-biçin işləri ilə məşğul olurlar.

Cocuq Mərcanlı böyük qayıdışın başlanğıcıdır. Bu gün hər kəs birmənalı şəkildə inanır ki, qüdrətli Azərbaycan Ordusu tezliklə bütün Qarabağı işğaldan azad edəcəkdir. İndi Lələtəpə yüksəkliyində dalğalanan bayrağımız ən yaxın zamanda Şuşada, Laçında, Cəbrayılda, Ağdamda... dalğalanacaqdır. Biz ermənilərin viran qoyduğu bütün yaşayış məntəqələrini, kəndlərimizi, şəhərlərimizi yenidən qurub gülüstana döndərəcəyik. Cocuq Mərcanlıda olduğu kimi.

 

Lazım QULİYEV

 

Azərbaycan/- 2018.-1 aprel.- S. 1; 4.