Hərb tariximizin şanlı səhifəsi
Aprel hadisələrindən
iki il
ötür. 2016-cı ilin
aprelində düşmənlə
təmas xəttində
22 illik atəşkəs
dövrünün ən
güclü hərbi qarşıdurması baş
verdi. Tarixə
“aprel döyüşləri”
kimi düşən bu hadisələrdə Azərbaycan Ordusu öz sözünü dedi. İşğal olunmuş 2 min hektar sahə, o cümlədən
strateji Lələtəpə
yüksəkliyi düşməndən
azad edildi, Cocuq Mərcanlı sakinlərinin həyatı
üçün təhlükə
tamamilə aradan qaldırıldı.
Həmin günlərdə erməni
hərbi birləşmələrinin
Azərbaycan Silahlı
Qüvvələrinin mövqelərinə
basqın etmək cəhdləri, kəndləri
artilleriya atəşinə
tutmaları, dinc əhalini hədəfə
almaları Ermənistanın
təcavüzkar və
işğalçılıq siyasətinin növbəti
təsdiqi oldu. Bununla bir
daha sübut edildi ki, rəsmi
Yerevan Dağlıq Qarabağ
probleminin həllində
konstruktiv mövqe ortaya qoymaqda maraqlı deyil. Lakin qarşılığında Azərbaycanın
gücünü gördülər.
Başa düşdülər ki, Azərbaycan ərazi bütövlüyünün bərpasını
sadəcə diplomatik
danışıqlarla təmin
etmək niyyətində
deyil.
Bu mənada atəşkəs rejimi dövründə qoşunların
təmas xəttində
ara-sıra döyüşlər
olsa da, 2016-cı il aprelin
əvvəllərində baş
verənlər Azərbaycanın
Ermənistan qarşısında
hərbi üstünlüyünün
və ərazilərinin
hərbi yolla azad etmək əzminin praktik təsdiqi oldu. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatar Azərbaycan
Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, ordumuz çox
qısa müddətdə
qarşısına qoyulan
vəzifələri yüksək
səviyyədə həyata
keçirmək iqtidarındadır.
Ermənilər kimlərinsə sayəsində
“keçilməz sədd”,
“aşılmaz maneələr”,
“dəf edilməz səngərlər” yaratmışdı.
Amma Lələtəpə
əməliyyatı göstərdi
ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri üçün heç nədir! Həm də o əməliyyatlarda
malik olduğumuz silah-sursatın cüzi qismi işlədildi.
Çünki əvvəlcədən hazırlanmış hücum
əməliyyatı deyildi
ki, bütün texnikanı oraya yığaq. Biz sadəcə təxribata cavab verdik.
Həmin günlərdə düşmən
çaşqınlıq içində
idi. Mətbuatda demək
olar ki, hər gün ali və
yüksək rütbəli
erməni zabitlərinin
işdən qovulması
və ya həbs olunması barədə informasiyalar yayılırdı. O zabitlər
ki, hər bir ordu üçün
əhəmiyyət kəsb
edən sahələrə
cavabdeh olublar. Kimisi Ermənistan ordusunun silahla təchizatına, kimisi kəşfiyyata, rabitəyə, kimisi avtomobil təsərrüfatına
məsul olub. Erməni rəhbərliyi aprel məğlubiyyətinin səbəbini
həmin zabitlərin məsuliyyətsizliyində axtarsa
da, həqiqət başqadır. Əsl həqiqət
odur ki, bugünkü Azərbaycan
1990-cı illərin Azərbaycanı
deyil. Dörd gün ərzində düşməni əzən,
hərbi baxımdan xeyli strateji yüksəklikləri, ümumən
2 min hektara qədər
işğal altında
olan ərazimizi azad edən Azərbaycan Ordusu isə inkişaf edən respublikamızın
real mənzərəsidir.
Azərbaycan ictimaiyyəti buna qədər ordumuzun hansı gücə malik olduğunu parad və təlimlərdə
görmüşdü. Dördgünlük
müharibənin yekunu
olaraq düşmənin
22 il ərzində möhkəmləndirdiyi mövqelərdən,
strateji yüksəkliklərdən
geri otuzdurulması, işğal olunmuş ərazinin bir qisminin azad edilməsi
göstərdi ki, Azərbaycan Ordusu həqiqətən əzici
gücə və üstünlüyə malikdir.
Bütün bunlar həm
də o deməkdir ki, ötən 15 ildə Azərbaycanda ordu quruculuğu uğurla həyata keçirilib. Bu dövrdə görülən
tədbirlər sayəsində
Silahlı Qüvvələrimizin
modernləşməsi təmin
olunub. Ən müasir və
yeni dağıdıcı
qüvvəyə malik
silah və döyüş texnikası
ordunun arsenalına daxil edilib. Qoşunların döyüş
qabiliyyətini yüksək
səviyyədə saxlamaq
məqsədilə hissə
və bölmələr
müasir artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, toplar, taktiki raket kompleksləri,
zenit-raket kompleksləri,
ağır odatan sistemləri, pilotsuz uçuş aparatları,
yeni növ döyüş sursatları,
müxtəlif təyinatlı
təmir və komanda müşahidə maşınları ilə
təmin edilib. Hissə və bölmələrə
müasir zirehli tank texnikaları, müxtəlif
təyinatlı təmir-təxliyə
maşınları daxil
olub. Bunun da nəticəsində
son 15 ildə Azərbaycan
Ordusunun döyüş
qabiliyyəti dəfələrlə
artıb.
Aprel döyüşləri eyni
zamanda ordumuzun peşəkarlığını göstərdi. Çünki ordumuz əlverişsiz
mövqelərdən əks-hücum
əməliyyatı apararaq
strateji mövqelərə
sahib oldu. Bu gün bu strateji
yüksəkliklər, mövqelər,
işğaldan azad edilmiş ərazilər imkan verir ki,
təmas xəttində
mövcud olan vəziyyətə tam nəzarət
edək və istədiyimiz tədbiri görə bilək.
Sözsüz ki, düşmən aprel döyüşlərinədək
qarşı tərəfin
hərbi gücü barədə məlumatsız
olmamış deyildi. Ən azından
Silahlı Qüvvələrimizin
zəngin arsenalının
hərbi paradlarda nümayiş olunan cüzi hissəsi modern hərbi quruculuğumuz, hərbi birləşmələrimizin
artan və daha effektiv olan
döyüş imkanları
barədə aydın
təsəvvür yaradır.
Həmin
silahların bir çoxunun heç köhnə modifikasiyaları
belə erməni ordusunda demək olar ki, yoxdur.
Amma aprelə qədər Ermənistan siyasətçiləri
və zabitləri hər vəchlə erməni cəmiyyətini
aldatmağa çalışır,
Azərbaycan üzərində
hərbi üstünlüklərini
iddia edirdilər.
Aprel döyüşlərindən sonra
isə həmin adamlar özləri də əmin oldular və həm də gördülər ki, Azərbaycanın qarşısında
aciz və cılız vəziyyətdədirlər.
Ermənistan tərəfinin təxribatı
nəticəsində cəbhə
xəttində baş
verənlər beynəlxalq
təşkilatların, siyasətçilərin
və xarici KİV-in də diqqətində oldu. Xarici mediada Azərbaycan
ərazilərinin işğalına
dair reallıqları əks etdirən xəbərlər yayıldı.
Hətta
erməni təəssübünü
çəkən dövlətlər
də Ermənistanın
mövqeyini dəstəkləmədilər.
Siyasətçilərin bəyanatlarında birmənalı şəkildə
vurğulandı ki, beynəlxalq təşkilatların
işğal altında
olan ərazilərdən
qeyd-şərtsiz çıxmaq
barədə qətnamələrinə
baxmayaraq, Ermənistan
hələ də Dağlıq Qarabağı
və ətraf yeddi rayonu tərk
etmir. Beləliklə, aprel hadisələri
Azərbaycanın qələbəsi
ilə başa çatmaqla yanaşı,
diplomatik cəbhədə
də ölkəmizin
üstünlüyünü möhkəmləndirdi. Məhz bu
hadisələrdən sonra
beynəlxalq ictimaiyyət
Ermənistanın Azərbaycan
torpaqlarını işğal
etdiyini etiraf etməyə başladı.
Qürur hissi ilə deməliyik ki aprel qələbəsi Azərbaycan əsgərinin
döyüş və
mənəvi-psixoloji hazırlığının,
qələbə əzminin
yüksək olduğunu
nümayiş etdirdi. Ən əsası,
Ermənistanın Azərbaycana
qarşı həyata
keçirmək istədiyi
hərbi təxribatların
ordumuz tərəfindən
qarşısının alınması
zamanı cəmiyyətimiz
həmrəylik nümayiş
etdirdi. Hər kəs ordumuza,
əsgərimizə dəstək
oldu. İnsanlar silaha sarılmağa
hazır olduqlarını
bildirərək Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin ətrafında
sıx birləşdilər.
Bütövlükdə bu uğurlu
döyüş salnaməsi
dövlətimizin və
ordumuzun gücünü,
xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini,
Azərbaycanın heç
vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa
etmək əzmində
olduğunu göstərdi.
Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü
Azərbaycan.- 2018.-1 aprel.-
S.5.