Zəfər yürüşü
Cənubi Qafqazın ən böyük hərbi gücü, döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedən Azərbaycan Ordusunun aprel zəfərindən 2 il ötür. Hər bir Azərbaycan gəncinin vətənpərvərlik hisslərini daha da gücləndirən, ordumuza olan inamı artıran bu döyüşlər hələ uzun illər yaddaşlardan silinməyəcək. Çünki aprel döyüşləri həm işğalçı Ermənistana, həm də onun havadarlarına müstəqil Azərbaycanın ən modern silah-sursat və hərbi texnika ilə təchiz olunmuş Silahlı Qüvvələrinin nəyə qadir olduğunu göstərdi.
Ordumuz düşmən təxribatının qarşısını nəinki aldı, əks-hücumla 2 min hektar ərazini işğaldan azad etdi. Ordumuzun qüdrəti Ermənistan başda olmaqla onun himayədarlarını təşvişə saldı. Bu döyüşlər Azərbaycanla Ermənistan arasındakı təmas xəttinin dəyişdirilməsi ilə nəticələndi və bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır.
Aprel zəfəri həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa, həm də ATƏT-in Minsk qrupunu konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi Yerevana təzyiq göstərməyə vadar etdi.
Azərbaycan Silahlı Qüvvələrinin - hərbçilərimizin döyüş və qələbə ruhu xalqımızda böyük qürur və sevinc hissləri doğurdu. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək o vaxtadək görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.
Bir sözlə, bu döyüşlər Azərbaycan Ordusu, ölkə gəncliyi üçün imtahan oldu. Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə göstərdi. Bu, Azərbaycan gəncinin, əqidəsinin, Vətənə olan sevgisinin göstəricisi idi. Bu döyüşlər zamanı xalqımızın da qəhrəmanlığı hər kəsə bəyan oldu. Təmas xəttinə yaxın yerlərdə yaşayan insanlarımız, vətəndaşlarımız çox böyük cəsarət göstərdilər. Heç kim öz evini, kəndini tərk etmədi. Ancaq ermənilər qorxudan geri qaçan hərbçi və sıravi vətəndaşlarını güllələdilər.
Bu şanlı qələbə, eyni zamanda Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı mifləri darmadağın etdi. Azərbaycan Ordusu “məşhur Ohanyan” müdafiə sistemini bir neçə dəqiqəyə sıradan çıxardı.
Ötən il martın 31-də aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşən Ali Baş Komandan İlham Əliyev ordumuzun bu qələbəsini qiymətləndirərkən dedi ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə bu gün Azərbaycan bayrağı dalğalanır.
Silahlı birləşmələri döyüş meydanında məğlub edilən Ermənistan rəhbərliyi də özünü tam şəkildə ifşa etmiş oldu. Həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki işğalçı ölkə daim o dəstəyə arxalanıb danışıqlar masasına oturmur, hər dəfə bəhanə uydururdu. Bu dəfə dəstək gəlmədiyi üçün müxtəlif ölkələri ittiham etməyə başladılar və sonda aprel döyüşlərində məğlub olduqlarını etiraf etdilər.
Ali Baş Komandanımızın söylədiyi kimi, aprel döyüşləri demək olar Ermənistanın ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur.
Çünki hərbi qüdrəti günü-gündən artan Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da var. Lakin buna baxmayaraq, Azərbaycan müxtəlif ölkələrdən yeni silahlar, ən müasir texnika almaqla ordunun arsenalını gücləndirməkdə davam edir.
Bir sözlə, bu gün Azərbaycan Ordusu istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Çünki Azərbaycanda ordu-rəhbər birliyi, ordu-xalq birliyi özünün yüksək səviyyədə vəhdətini tapıb. Aprel zəfəri bu vəhdətin təsdiqi oldu. Reallıq da ondan ibarətdir ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır. Bu o deməkdir ki, ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün uzaqda deyil.
Həbib MİSİROV,
“Aşıq Şəmşir” Mədəniyyət
Ocağı
İctimai Birliyinin sədr müavini
Azərbaycan.- 2018.-1 aprel.- S.5.