Qarabağa qayıdışın başlanğıcı

 

İki il öncə aprelin əvvəllərində ermənilərin cəbhə xəttində həyata keçirdikləri təxribatların qarşısını rəşadətlə alan Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi hərb tariximizin şanlı səhifəsi kimi tarixə düşdü. Həmin günlərdə erməni ordusuna atəşkəs dövrünün ən sarsıdıcı və ölümcül zərbəsi vuruldu, düşmənin cəbhə xəttində illərdən bəri möhkəmləndirdiyi ön xətti ordumuz tərəfindən yarıldı. İrəliləyən Azərbaycan əsgəri işğal altında olan bir neçə yaşayış məntəqəsini və strateji əhəmiyyətli yüksəklikləri düşməndən təmizlədi.

Aprel hadisələrində qazanılan qələbə hər şeydən öncə onu göstərdi ki, Azərbaycan dövlətinin güclü ordusu var. Təbii ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, modernləşməsi və ən son hərbi texnologiyalarla təmin edilməsidir. Bütün bu məsələləri daim diqqətdə saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuzun güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Artıq 10 ildən çoxdur ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötüb. Bütün bunların nəticəsində Silahlı Qüvvələrimizin imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması və hərbi hissələrdə silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılıb. Qoşunların silahdöyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkil olunması məsələlərinə xüsusi diqqət yetirilib.

Odur ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Aprel hadisələrinə qədər Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görmüşdü. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan bu paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik etmişdi. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.

2016-cı il aprelin 2-dən etibarən cəbhə xəttində baş verənlər göstərdi ki, bu silahlar parad üçün deyil, zamanı gələndə düşmənin məhv edilməsində istifadə oluna bilər. Həmin günlərdə Azərbaycan Ordusunun arsenalında olan yeni silahların cüzi bir qismindən istifadə edildi. Aprelin 4-də ermənilərin komanda-qərargah məntəqəsinin dəqiq atəşlə darmadağın edilməsi ilə bağlı həyata keçirilən əməliyyatın videogörüntüsü Azərbaycanın malik olduğu hərbi imkanların miqyasının təsdiqi oldu. Həmin zərbə nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnikgeneral rütbəli zabitləri məhv edildi. İctimaiyyətdən gizlətmək üçün Azərbaycan Ordusunun həmin atəşi ilə yaralanan ali və yüksək rütbəli hərbçilərin Yerevanda mülki xəstəxanalara yerləşdirilməsi sonrakı günlərdə erməni mənbələri tərəfindən etiraf edildi.

Xatırladım ki, bundan əvvəl, 2014-cü ilin yay aylarında cəbhə xəttində hadisələrin gərginləşməsi, döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan Silahlı Qüvvələrinin təxribat törətmək planlarının tam alt-üst edilməsi, noyabr ayında isə cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi bir daha ordumuzun kifayət qədər gücə malik olduğunu sübuta yetirmişdi.

Azərbaycanın dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahlara sahib olması və döyüşlərdə bundan istifadə edərək düşmənə ağır zərbə vurması Ermənistan tərəfində dərin təlaş və narahatlıq yaradıb. Təsadüfi deyil ki, onların açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan da Azərbaycana müasir hərbi texnika satdığına görə inciklik ifadə olunur.

Fərəhlə qeyd etməliyik ki, Azərbaycanın güclü hərbi sənaye kompleksi də formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnikasilah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşandinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bunlar ölkə rəhbərliyinin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və qüdrətinin göstəricisidir. Ölkəmizin istehsalı olan hərbi məhsullara xarici ölkələrdən də sifarişlər gəlir ki, bu da Azərbaycanın mühüm uğurlarından biridir.

Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı heç bir şübhə doğurmur. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra da hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Son hadisələrdən sonra düşmən də Azərbaycan Ordusu qarşısında aciz olduğunu dərk etdi.

Bəli, reallıq ondan ibarətdir ki, Azərbaycan Ermənistan qarşısında böyük hərbi üstünlüyə malikdir. Ordumuzun döyüş imkanlarının artırılması istiqamətində işlər isə bundan sonra da davam edəcək. Çünki əsas məqsədimiz işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir. 2016-cı ilin aprel hadisələri göstərdi ki, ordumuz bu missiyanın öhdəsindən layiqincə gəlməyə qadirdir.

 

Tahir SÜLEYMANOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2018.-1 aprel.- S.6.