1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi ilə əlaqədar
tədbir keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tariximizin ən faciəli səhifələrindən olan mart soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı ardıcıllıqla törətdikləri digər dəhşətli qətliamlardan danışıb. Qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. Artıq 20 ildir ki, 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı dövlət səviyyəsində anım mərasimləri və tədbirləri keçirilir.
General-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının 100 il əvvəl xalqımıza qarşı törətdikləri insanlıq əleyhinə cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması üçün Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı 1918-ci il azərbaycanlıların soyqırımına dair tarixi mənbələrə, təkzibolunmaz sənədlərə və faktlara əsaslanan məruzə ilə çıxış edib. Professor Musa Qasımlı bildirib ki, bəşər tarixinin ən qanlı və faciəli hadisələrindən olan, 1918-ci il martın 31-dən aprelin 3-dək davam edən soyqırımı nəticəsində Azərbaycanda on minlərlə azərbaycanlı, ləzgi, yəhudi, rus və digər millətlərə mənsub şəxslər, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni-daşnak silahlı birləşmələri və terrorçu təşkilatları tərəfindən qəddarlıqla, vəhşicəsinə qətlə yetirilib. Bundan başqa, çoxlu sayda insan itkin düşüb, minlərlə yaşayış məntəqəsi, kəndlər, evlər, məscidlər, məktəb binaları yandırılaraq dağıdılıb.
Qeyd olunub ki, Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və silahlı separatçılıq siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü diplomatiya və hücum taktikası sayəsində ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Tədbirdə diqqətə çatdırılıb ki, dövlətimizin başçısı İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın misilsiz xidmətləri və əvəzsiz səyləri nəticəsində dünyanın aparıcı ölkələrində, eləcə də nüfuzlu təşkilatlarla düzgün və ardıcıl işin həyata keçirilməsi ermənilərin uydurma iddiaları ilə əsrlərlə formalaşmış stereotiplərin və yanlış siyasi yanaşmaların dəyişməsinə səbəb olub.
Sonda Azərbaycan
xalqının və dövlətinin soyqırımı
qurbanlarının xatirəsini daim əziz
tutduğu, bu qanlı
hadisələrə beynəlxalq ictimaiyyət tərəfindən
obyektiv münasibətin bildirilməsi, erməni
faşizmi və vandalizminin
tam çılpaqlığı ilə dünyaya tanıdılması istiqamətində
bütün azərbaycansevərlərin
səylərinin birləşdirilməsi və daha
da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan.- 2018.-1 aprel.- S.9.