Tariximizin qanla
yazılmış səhifəsi
Hər il tarixə
düşür, xalqın yaddaşında yaşayır. Onların içində sevincli anlar da var, təəssüf
ki, kədərliləri də. Mart ayı
bu cəhətdən seçilir. Yüz il
əvvəl mənfur qonşularımız - erməni
daşnakları bolşevik cildinə girərək
xalqımıza divan tutdular, respublikamızın
ayrı-ayrı bölgələrində qətliamlar törətdilər.
Sovet hakimiyyəti qurulduqdan sonra “beynəlmiləlçilik”
pərdəsi altında bunları azərbaycanlılara
unutdurmağa çalışdılar. Bu
barədə yazmağa, danışmağa qadağa qoydular.
Tarix kitablarında bu hadisələr əksini
tapmadı. Lakin hiyləgər, həmişə
güclü dövlətlərin qoltuğuna
sığınan ermənilər, xüsusilə onların
xaricdə yaşayan lobbiləri türklərin 1915-ci ildə
guya onlara qarşı soyqırımı etdiklərini,
torpaqlarını əllərindən aldıqlarını,
Dağlıq Qarabağın guya qədim erməni
torpağı olduğunu dünya ictimaiyyətinə
sırımaq üçün hər cür çirkin əməllərə
əl atdılar. Hətta sosializm
dövründə belə, onlar xəritələr, kitablar
çap edib, yayır, məzlum erməni obrazı yaradaraq
dünya ictimaiyyətinin fikrini
çaşdırırdılar. Sovetlər birliyi
dağılandan sonra yaranan boşluqdan, hakimiyyətsizlikdən
istifadə edərək torpaqlarımızın 20 faizini
işğal etdilər, 1 milyondan çox
soydaşımızı dədə-baba yurdlarından qovub
çıxartdılar, Xocalıda dəhşətli
soyqırımı törətdilər. Əfsuslar olsun ki,
beynəlxalq təşkilatlar, bir çox ölkələrin
parlamentləri yaxın tariximizdə baş vermiş erməni
təcavüzünə, lap elə Xocalı faciəsinə
siyasi qiymət vermək əvəzinə, ermənilərin
keçən əsrin əvvəllərində türklər
tərəfindən soyqırımına məruz
qaldıqları barədə uydurduqlarını müdafiə
edirlər. Ancaq “yalan ayaq tutar, yeriməz” - deyiblər.
Zaman keçdikcə ermənilərin iç üzü
dünya xalqlarına bəlli olur. Bu, hər
şeydən əvvəl, dövlətimizin
apardığı düzgün siyasət nəticəsindədir.
Yüz il əvvəl Lənkəran,
Salyan, Neftçala və Hacıqabulda törədilən qətllərlə
bağlı həmin rayonların ziyalılarının bir
neçəsi ilə görüşüb söhbət etdik.
Lənkəran Rayon Ağsaqqallar
Şurasının sədr müavini Sərhad Məmmədov:
- Bolşevik-daşnak birləşmələrinin
vəhşilikləri təkcə Bakı ilə məhdudlaşmamışdır.
Şamaxı, Quba, Salyan, Lənkəran və
digər qəzalarda da azərbaycanlılara qarşı
soyqırımı törədilmişdir.
S.Şaumyanın əmri ilə
1918-ci il mart ayının 14-də Salyan,
Hacıqabul, Muğan və Lənkəran bölgələrinə
silahlı bolşevik dəstələri yeridilib. Onun tərkibində isə erməni daşnakları
çoxluq təşkil ediblər. Tədqiqatçı-alimlər
professor Xaqani Məmmədovun və professor Nuru Məmmədovun,
tarixçi-alim Anar İsgəndərovun yazdıqlarından
bilirik ki, 1918-ci ildə Bakı qırğınından sonra Lənkəran
və qonşu rayonlarda 40-dək kənd, neçə-neçə
ev yandırılıb, talan edilib, yüzlərlə
günahsız insan qətlə yetirilib. Bu
dövrdə iqtisadiyyata görünməmiş ziyan vurulub.
Erməni daşnakları evlərə girib
bütün ailəni məhv edirdilər. Hamilə
qadınlara, uşaqlara, qocalara belə rəhm edilmirdi. Gərmətük kəndində 70-dək, Mamusta kəndində
30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov
kəndində 20-dən çox, Girdəni kəndinin Ləkər
körpüsündə 10-dək günahsız insan faciənin
qurbanı olub.
Lənkəranda Hərbi İnqilab
Komitəsinin yaranmasından on gün sonra, 1918-ci il aprelin 26-da Gərmətük kəndində
qırğınlar törədildi.
Bir dəfə isə kəndin
çayqırağı qəbiristanlığında
qaçaqlar denikinçi əsgərlərdən birini
güllə ilə vurub öldürürlər. Mirzə Məlikovun
məlumatına görə, öldürülən
denikinçi əsgəri gizlədirlər. Bu, toqquşma üçün bir bəhanə olur.
Ermənipərəst Şıvkunovun Velədidəki
nümayəndəsi vasitəsi ilə ölünün yeri
öyrənilir. Şıvkunov o vaxt Lənkəranın
Alekseyevka (indiki Bürcəli) kəndində
yaşayırdı və hər gün faytonla şəhərə
gedib-gəlirdi. Yol Gərmətükün
içindən keçirdi. Bu vaxt ermənilərdən
ibarət silahlı dəstələr kəndi top atəşinə
tuturlar. Top güllələrindən biri qəbiristanlığa
düşür. Çalanın eni iki metrdən
çox idi. Sonra erməni-daşnak
qüvvələri kəndə girərək
qırğınlar törədirlər. Bu, 1918-ci il aprelin 25-də baş vermişdir. Buna oxşar bir hadisə 1917-ci ildə Sütəmurdov
kəndində olmuşdur. Şıvkunovun
dəstəsindən iki əsgər qaçaqlar tərəfindən
vurulur. Şıvkunov buna görə kəndə
divan tutur, 13 nəfər el ağsaqqalını
qılıncdan keçirir.
Həmin günləri xatırlayan
qabaqcıl maarif xadimi, 70 ilədək kənd müəllimi
işləmiş Əbülqasım Qasımov (1911-2001)
danışardı:
- Bir əsgərin öldürülməsi
kəndə basqın üçün bəhanə oldu. Gərmətük
dəniz tərəfdən top atəşinə tutuldu. Mərmilərdən biri Gərmətük məscidinin
damının qərb tərəfdəki tinini apardı.
Kəndin başqa tərəfinə də mərmilər
düşmüşdü. Mərmi qəlpəsi
birinin başına dəymiş, o, oradaca keçinmişdi.
Top atəşindən sonra ermənipərəst əsgərlər
Böyükağanın bələdçiliyi ilə kəndə
girərək əhaliyə divan tuturlar. Velədili
Mirsalam Gərmətük məscidinin qabağına gələrək
əhaliyə xəbər verir ki, denikinçi rus əsgərləri
kəndə gəlirlər, ehtiyatlı olsunlar. Vahiməyə düşən adamlar rayonun dağ kəndlərinə
- o cümlədən Yuxarı Nüvədi, Sefidor, Lüvəsər,
Rvo və digər yerlərə üz tuturlar.
Dənizkənarı kəndlər, o
cümlədən Sütəmurdov, Aşağı Nüvədi
və rayonun Boradigah istiqamətində yerləşən Girdəni,
Veravul, Vilvan, Cil kəndləri də top atəşinə məruz
qalmışdır. Mərmilərdən biri
qonşu Aşağı Nüvədi kəndindəki
bicarlığa, yumşaq yerə düşdüyünə
görə partlamamış, 1974-cü ildə aşkar
edilmişdir. Həmin yerdə kəndin
sakini Şöhüb Salman oğlu Məmmədov
yaşayış evi tikmişdi. Ev sahibəsi top gülləsini
dəmir bilib ocaq yeri düzəldir. İstilik nəticəsində
partlayış baş verir, əkiz qız uşaqlarından
biri mərmi gülləsinin qurbanı olur. Evə də ziyan dəyir.
Dəhşətli faciələr
Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun
Azərbaycana gəldiyi günədək davam etmişdir. Lənkəran
qəzasına gələn dəstəyə Camal paşa rəhbərlik
edirdi.
Qəzanın
dağlıq-meşə hissəsi ilə Astaraya gələn
türk sərkərdəsi Camal paşa silahsız camaatın
köməyinə qalxır. Onun qərargahı Gərmətük
kəndində Güləli Cabbar oğlunun evində yerləşirmiş.
Hələ o dövrdə Lənkəranda
yaradılmış Fövqəladə və İstintaq
Komissiyası baş vermiş qanlı faciəni
araşdırmağa çalışsa da, mövcud hakimiyyət
buna imkan verməmişdir. Biz yalnız tarixi ədalətin
bərpa edilməsini, işğal və soyqırımı
siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət
qarşısında ittiham olunmasını istəyirik.
Salyan Rayon Ziyalılar Cəmiyyətinin
üzvü Fəxrəddin Fərzəliyev :
- Bütün dövrlərdə
yeri-yurdu olmayan ermənilərin onlara xeyirxahlıq edərək
məskunlaşmağa imkan yaratmış azərbaycanlılara
qarşı törətdikləri qətliamların həddi-hüdudu
yoxdur. Son 100 ildə ermənilərin
xalqımıza qarşı törətdikləri
çoxsaylı qırğınlar, qətliamlar orta əsr
barbarlarının vandalizmindən də betərdir. Bu faciələrin ən dəhşətlisi 1918-ci
ilin martında baş vermişdir. Həmin dövrdə
Rusiya və Osmanlı imperiyalarının ordularının tərkibində
Birinci Dünya müharibəsində iştirak etmiş ermənilərin
nizami qoşun hissələri Bakıdan İrəvana, Qubadan Lənkərana
kimi bütün bölgələrdə dinc əhaliyə
qarşı qətliamlar törətmişlər. Bu, sözün əsl mənasında, bir xalqa, bir
millətə qarşı yönəlmiş
soyqırımı idi. Çünki minlərlə
insan azərbaycanlı olduğuna görə qətlə
yetirilirdi, özü də bu qətliamlar
ağlasığmaz, insanlığa yaraşmayan xüsusi bir
qəddarlıqla, amansızlıqla həyata keçirilirdi.
Nə uşağa, nə qocaya, nə də
qadına rəhm edilirdi. Hətta əlillərə,
hamilə qadınlara belə aman verilmirdi. Adamlar
diri-diri yandırılır, gözləri
çıxarılır, ayaqları, qolları kəsilir,
kürəklərinə qaynar samovar bağlanılır və
digər işgəncələrdən istifadə edilirdi.
Ümummilli lider Heydər
Əliyevin 1918-ci ilin 31 martını soyqırımı
günü kimi qeyd edilməsi barədə sərəncam
imzalaması olduqca müdrik bir qərardır. Əgər bu
soyqırımına hələ sovet imperiyası
dövründə düzgün siyasi qiymət verilsəydi,
xalqımıza qarşı sonrakı faciələr də
baş verməzdi. Ermənipərəst
mövqedə olan sovet hökuməti bunu etmədi. Bu tarixi missiyanı da ulu öndər yerinə
yetirdi.
Tarixi mənbələrdə göstərilir
ki, erməni daşnak silahlı quldurları rus dənizçiləri
və əsgərləri ilə birlikdə “Krasnovodsk”,
“Yelets”, “İraqets”, “Bakinets”, “Salyanets” və “Demosfen” gəmiləri
1918-ci ildə Bakıdan Xəzər dənizi ilə Kür
çayına daxil olmuş, çayın sağ və sol
sahilindəki kəndləri talan etmiş, əhalisini
amansızcasına qırmışlar. Salyana gələn
6 gəmidə 2 min nəfərə
yaxın silahlı var idi. Onların 200 nəfəri
rus dənizçisi, 300-ü İran təəbəsi,
qalanları isə erməni idi. Təbiidir
ki, Qafqaz İslam Ordusu bu quldurları dayandırmaq
üçün təcili tədbirlər gördü.
Çar ordusunda xidmət etmiş azərbaycanlı mayor Nazim
Ramazanovun tabeliyində olan 1 piyada rotası, 1 pulemyotçu
qrup, 140 süvaridən ibarət dəstə Salyanda yerləşdirildi.
Bundan başqa, görkəmli türk sərkərdəsi
Nuru paşa Salyanın müdafiəsinə 100 nəfər əsgər
və zabit, 2 top göndərmişdi. Hər iki tərəf
Kürün sağ və sol sahilində səngərlər
qazmış, iki həftədən çox burada qanlı
döyüşlər getmişdir. Quldur dəstəsinin
başçısı Zalesski yazmışdı ki,
ixtiyarımızda 4 çaplı top, 14 ədəd pulemyot,
1000 nəfərdən çox üçatılanlı,
beşatılanlı əsgərimiz olduğu halda, 400-dən
az müsəlman qoşununun qarşısında məğlub
olduq. Ermənilər gecələr səngərdə
qalmaqdan imtina etmiş, döyüşə girməkdən
çəkinmişlər. Onlar ancaq qəflətən
yaxın kəndlərə basqınlar edərək dinc əhalini
qəddarlıqla öldürmüş, talançılıq
etmişlər.
Altı gəmi ilə
Kürqaraqaşlı kəndinə qədər gəlib
çıxan quldurların “Demosfen” gəmisi vurularaq
sıradan çıxarılır, gəmilərdən
3-ü ağır, 2-si isə yüngül zədələnərək
geriyə - Bakıya qayıdarkən ermənilər imkan
tapıb Dirovdağda gizlənən qocaları,
qadınları, uşaqları amansızlıqla qətlə
yetirmişlər.
Bu döyüşlərdə
şəhid olan 12 türk əsgər və zabiti Salyanda dəfn
olunmuşdur.
Hər il rayon ictimaiyyəti Salyan şəhərinin
avtovağzal massivində yerləşən
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış kompleksin, 1918-ci ildə Salyanın erməni
quldurlarından qorunmasında qəhrəmancasına həlak
olmuş türk əsgər və zabitlərinin xatirəsinə
inşa edilmiş memorialın önünə tər
gül-çiçək dəstələri düzür,
onların unudulmaz xatirələrini dərin ehtiramla yad edirlər.
Qubalı-Baloğlan kənd bələdiyyəsinin
sədri Mircəfər Əsgərov:
- 31 mart, 1-2 aprel Bakı
qırğınları zamanı erməni quldur dəstələri
üç istiqamətə bölünərək Azərbaycanın
bütün bölgələrinə səpələnmiş,
kütləvi qırğınlar törətmişlər. Həmin dövrdə Hacıqabulun ərazisində
yerləşən 17 kənddə də qırğınlar
törədilmişdir. Rayonun Navahı kəndində 955
nəfər, Qubalı-Baloğlan kəndində 535 nəfər,
Rəncbər kəndində 137 nəfər, Padar kəndində
120 nəfər, Abdulabad kəndində 90 nəfər,
Şorbaçı kəndində 50 nəfər, Meyniman kəndində
45 nəfər, Paşalı kəndində 40 nəfər, Xilə
kəndində 11 nəfər insan ən qəddar üsullarla
qətlə yetirilmiş, evləri talan olunaraq
yandırılmış, mal-qarası qarət edilib
aparılmışdır.
Böyük itkilərə,
dağıntılara məruz qalan kəndlərdən biri də
bizim Qubalı-Baloğlan kəndi olub. Kəndin 250-si kişi,
150-si qadın, 135-i uşaq olmaqla 535 sakini qətlə
yetirilmişdir. Qubalı-Baloğlan kəndində
gedən döyüşlərdə azərbaycanlılara
köməyə gəlmiş Qafqaz İslam Ordusunun 12 əsgəri
də şəhid olub. Onlardan 6 nəfəri
bu kənddə torpağa tapşırılmışdır.
Kənd sakini Kərbəlayı Hənifə
yaxşı tanıdığı bu əsgərləri
öz həyətində dəfn etmiş və uzun illər
bu sirri çoxlarından gizlətməli olmuşdur. Sonralar qızı Nigar Hənifəyeva məzarlığı
bu günümüzə kimi qoruyub saxlamışdır.
2016-cı ilin sonlarında
Türkiyə səfirliyinin maliyyə dəstəyi ilə
Nigar xanımın həyətindəki məzarların
üstündə möhtəşəm abidə
ucaldıldı. 2017-ci ilin mart ayının 31-də abidənin
açılış mərasimi keçirildi. Mərasimdə Türkiyə Respublikasının
ölkəmizdəki səfiri Erkan Özoral, səfirliyin əməkdaşları,
hərbi müşavirlər, Hacıqabul Rayon İcra Hakimiyyətinin
başçısı Əhməd Muxtarov, rayon ictimaiyyətinin
nümayəndələri iştirak etdilər.
Neftçala şəhər sakini, əmək
veteranı Əlövsət Əliyev:
- Salyan-Neftçala zonasında
baş verən hadisələrlə bağlı həmyerlimiz
- filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan
Respublikası əməkdar mədəniyyət
işçisi, “Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turan 1990-cı illərin əvvəllərində
araşdırma apararaq bu barədə kitab yazıb. Bu
kitabı oxuyandan sonra bilmişəm ki, 1918-ci il
aprelin 21-də Cavad qəzasının Salyan şəhərində
də sovet hakimiyyəti elan olundu.
İyun ayında erməni-rus hərbi
birləşmələri bura 12 pulemyot, 6 top, 2 hərbi və
1 nəqliyyat gəmisi ilə daha 2000 nəfərlik hərbi
qüvvə yeritdi. Bundan əlavə, yerli
qeyri-azərbaycanlı əhali arasında səfərbərlik
aparıldı, əsgərlərin ümumi sayı 6000 nəfərə
çatdırıldı. Buradakı ordunun tərkibi 200
nəfər gəlmə rusdan, 300 nəfər iranlıdan
(tarixi mənbələrdə onlar iranlı, xalqın
yaddaşında şahsevənər, türk mənbələrində
isə əcəmlər kimi qalıb), 1500 nəfər ermənidən,
4000 nəfər yerli ruslardan və hümmətçilərdən
ibarət idi. Daşnak-bolşeviklər strateji məqsədlərini
həyata keçirmək üçün Xəzər dənizindən
Kür çayına keçərək Azərbaycanın
içərilərinə doğru irəliləmək, Yevlax
körpüsünü məhv etmək, Gəncə ilə
Bakının əlaqəsini kəsmək, Muğanın bol
taxıl ehtiyatı ilə daşnak-bolşevik əsgərlərini
çörəklə təmin etmək istəyirdilər.
Kür çayına daxil olan erməni
hərbi birləşmələri Bankədən, Seyidlərdən,
Uzunbabalıdan, Tatarməhlədən, Xıllıdan,
Abasallıdan, Qaralı-Qəzvinlidən, Qarabucaqdan, Surradan,
Ərəbbəbirxanlıdan, Cəngəndən keçib
Salyanın yaşayış məntəqəsinə -
Qaraqaşlıya doğru hərəkət etmişdilər. Salyan və Neftçala ətrafında erməni
daşnaklarının və rus bolşeviklərinin törətdikləri
qırğına Qırmızı qvardiyanın III və V
taborları rəhbərlik edirdi. Salyandakı
taborun başında Ter-Avakimov, Neftçaladakı V taborun isə
başında Danilyan dayanırdı.
1918-ci ilin 27-28 iyununda Surra ilə
Qarabucaq arasındakı ərazidə çox şiddətli
döyüşlər baş vermişdi. Qeyri-bərabər
qüvvələrin təmsil olunduğu həmin
döyüşdə türk-Azərbaycan hərbi birləşməsi
geri çəkilməyə məcbur olmuşdu. Bu döyüşdə erməniləri Kür
çayından hərbi gəmilər də müşayiət
edirdi. Surra-Qarabucaq məğlubiyyətindən
sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr,
bir piyada bölüyü, bir pulemyot taqımı və bir
dağ topu da cəlb olundu. Qaraqaşlıda
mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən,
2 Maksim pulemyotundan və 2 topdan ibarət idi. Avqustun əvvəlində Bankəni tərk edən
türklər burada silahlı bir bölüyün
saxlanılmasını məqsədə müvafiq
bilmişdilər. Türk-Azərbaycan hərbi
birləşmələri Bankədəki döyüşdə
11 nəfər itki vermişdi. İndi
Seyidlər qəbiristanlığında adları məlum
olmayan bu qəhrəman türk şəhidlərinin, türk
zabitlərinin məzarı üzərində ay-ulduzlu möhtəşəm
bir abidə ucalır.
Həmin abidənin
maraqlı tarixçəsi var. Sovet dövründə burada
şəhid türk əsgərlərinin məzarı üzərində
nəinki möhtəşəm abidənin ucaldılması,
adi bir nişangahın özünün belə qoyulması
qeyri-mümkün idi, buna cəhd edənləri ciddi təhlükə
gözləyirdi. Buna baxmayaraq, xalq bu yeri uzun illər ərzində
heç vaxt unutmayıb, yaddan çıxarmayıb, həmişə
dərin minnətdarlıq hissi ilə xatırlayıb,
yaddaşında, hafizəsində saxlayıb, nəsillərdən-nəsillərə
ötürüb, ən təhlükəli dövrlərdə
belə ora nişangah kimi araba çarxı, başqa diqqəti
cəlb etməyən əşya qoyaraq, bu nişangah
haqqında yalnız etibar edilə biləcək adamlara məlumat
verilib. Ölkəmiz müstəqilliyini bərpa
etdikdən sonra həmin yer müqəddəs ziyarətgahlarımızdan
birinə çevrilib.
Bəd əməllərindən
utanmaq, nəticə çıxarmaq əvəzinə, Ermənistan
dövlətinin başında duranlar, havadarlarına - xaricdəki
erməni lobbilərinə arxalanaraq öz çirkin niyyətlərindən
əl çəkmirlər.
Seyran CAVADOV,
Azərbaycan. - 2018.-1 aprel.- S.14.