“Mehriban Əliyeva biz hərbçiləri yenidən həyata qaytardı, şəfqətli anamız, fədakar bacımız oldu”

 

Dövlət tərəfindən ən yüksək texnologiyalı protezlərlə təmin olunan Aprel döyüşlərində sağlamlığını itirmiş əsgər və zabitlər Ali Baş Komandanın əmrini eşidən kimi yenidən silaha sarılacaqlarını deyirlər

 

2016-cı ilin aprel ayında cəbhənin təmas xəttində təcavüzkar Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatının qarşısının peşəkarcasına alınması, hətta minlərlə hektar ərazimizin düşmən işğalından azad olunması Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə dünya miqyasında qüdrətli ordular sırasında olduğunu bir daha təsdiqlədi.

Eyni zamanda ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə, o cümlədən aprel döyüşlərində həlak olan qəhrəman Vətən övladlarının ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, bu döyüşlərdə əlil olmuş hərbçilərimizin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmaqla fəal həyat tərzinə dönüşü üçün görülən tədbirlər həmin insanların sosial müdafiəsinin də Azərbaycan iqtidarı üçün ölkəmizin hərbi müdafiəsi qədər önəmli və vacib olduğunu nümayiş etdirdi.

Hələ Aprel döyüşlərindən dərhal sonra Prezident İlham Əliyev yaralı hərbçilərə baş çəkərək, bu insanların sağlamlığının tam bərpa olunması, onların fəal həyata qayıdışı üçün bütün zəruri tədbirlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıqlarını verdi. Dövlət başçısı: “Onlar artıq sübut ediblər ki, doğrudan da layiqli vətəndaş kimi gələcəkdə Azərbaycanda özləri üçün yaxşı həyat qurmalıdırlar, quracaqlar. Biz onlarla, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər mənə deyirlər ki, yaralananların hamısı sağalacaq. Onların sağlamlığı tam bərpa olunmalıdır və tam bərpa olunacaqdır”, - deyə bəyan etdi.

Qarşıda duran əsas vəzifələrdən biri aprel döyüşlərində əlil olmuş şəxslərin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yüksək texnologiyalı reabilitasiya vasitələri, bionik, yəni hərəkət edən protezlərlə təmin edilməsi idi. Bu mühüm prosesin həyata keçirilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı nəticəsində, onun tapşırığına əsasən icra olunan “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində reallaşdı.

Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə 2017-ci ilin 3 aprel tarixində keçirdiyi görüşdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmin əsgər və zabitlərin sağlamlığının bərpasına Azərbaycan dövlətinin xüsusi diqqətlə yanaşdığını vurğulayaraq “Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır” deyə vurğulayıb. Görüşdə Heydər Əliyev Fondunun aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunması məqsədinə xidmət edən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin geniş təqdimatı oldu.

Mehriban xanım Əliyevanın tapşırığına uyğun olaraq, layihə çərçivəsində qısa müddətdə həmin əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi üçün dünyanın ən müasir protez istehsalçıları olan ölkələrin (Almaniya, İslandiya, İngiltərə, ABŞ) qabaqcıl şirkətlərinin məhsulları seçildi. Layihənin tətbiqi mərhələləri üzrə bütün işlər yüksək səviyyədə yerinə yetirilməklə, layihə uğurla başa çatdırıldı. Aprel döyüşləri zamanı əlil olmuş hərbçilərimizdən protezlərə ehtiyac duyan şəxslər fərdi xüsusiyyətləri və protezlərə olan fərdi tələbləri, aktivlik dərəcələri, həyat tərzləri və məşğuliyyətləri nəzərə alınmaqla, rahat, normal hərəkət dinamikasının təmin olunmasına, amputasiya olunmuş hissə ilə hərəkət uyğunluğuna imkan verən müasir protez məmulatları ilə təmin edildilər.

Məsələn, belə yüksək texnologiyalı protezlərdən olan, Almaniyanın “Ottobock” şirkətinin istehsal etdiyi “Harmony P3” aktiv vakum sistemli protez dizaltı amputasiyalar üçündür. Bu protezin üstünlüyü ondadır ki, ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır və bu da protezlə ayağın bir-birinə maksimum uyğunlaşmasına, istifadəçinin protezi ayağının davamı kimi hiss etməsinə, onun daha rahat, inamlı hərəkətinə səbəb olur.

Yaxud, İngiltərənin “RSL Steeper” şirkətinin istehsalı olan 6 kanallı bionik transhumeral protez - “BeBionik 3” funksionallığı və istifadə rahatlığı baxımından dünyada ən geniş tətbiq edilən bionik əl protezi olmaqla, iki ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəkət siqnallarının mikroprosessor idarəetmə sisteminə, bu sistemə daxil olan siqnalların isə işləndikdən sonra protezə quraşdırılmış mühərriklərə ötürülməsinə imkan verir. Nəticədə, istifadəçi əlinin hər bir barmağının sərbəst hərəkətini təmin edə, gündəlik praktikada ona lazım olan dəyişik hərəkətləri yerinə yetirə bilir.

Qısa müddət ərzində həyata keçirilən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığını itirmiş insanların ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunduğunu bir daha təsdiq edir.

Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış zabit və əsgərləri - Elşən Qarayev (polkovnik-leytenant), Vüqar Abdüləzimov (polkovnik-leytenant), Eldəniz Sadıqov (polkovnik-leytenant), Səməndər Manafov (baş leytenant), Yusif Məmmədov (leytenant), Orxan Əliyev (gizir), Anar Hacıyev (sıravi), Rahib Abdullayev (sıravi), Rizvan Qarayev (sıravi) və digərləri söhbətlərində Vətənimizin müdafiəsində fəal iştirak etdiklərinə, düşmənə sarsıdıcı zərbə vurduqlarına görə daim qürur hissi keçirdiklərini qeyd edirlər. Onlar göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini çatdıraraq əlavə etdilər: “Fəal həyata dönüşümüz üçün “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi kimi çox böyük önəm kəsb edən bir layihənin həyata keçirilməsinə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq. Mehriban Əliyeva bizi yenidən həyata qaytardı, şəfqətli anamız, fədakar bacımız oldu. Aprel döyüşləri zamanı yaralanmağımıza rəğmən, Ali Baş Komandanın əmrini eşidən kimi yenidən silaha sarılaraq Vətənin müdafiəsində dayanmaq əzmindəyik”.

Aprel döyüşlərində əlil olmuş hərbçilərimizin reabilitasiyası, ilkin mərhələ olaraq və uyğunlaşma dövrü üçün nəzərdə tutulmaqla protez-ortopedik məmulatlarla təminatı, fəal həyat tərzinə dönüşü üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də məqsədyönlü işlər aparılıb. Hələ 1995-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində olarkən ümummilli lider Heydər Əliyev bu müəssisədə aparılan işlərin cəmiyyət üçün, xüsusən də ölkəmizin ərazi bütövlüyünün Ermənistanın işğalından müdafiəsi zamanı aparılan döyüşlərdə əlil olmuş insanların dayaq-hərəkət funksiyalarının bərpası üçün çox gərəkli olduğunu bildirib. Bu əsasda ulu öndər mərkəzin fəaliyyətinin gücləndirilməsi, protez-ortopedik bərpa imkanlarının genişləndirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin edib. Son illərdə Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, ölkədə reabilitasiya sisteminin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər bu mərkəzi də əhatə edib, müəssisədə əsaslı təmir işləri aparılıb, onun maddi-texniki bazası xeyli gücləndirilib.

Əlilliyi olan şəxslərin, eləcə də Qarabağ müharibəsi zamanı əlil olmuş həmvətənlərimizin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, bunun üçün onların protez-ortopedik məmulatlarla təmin olunması mərkəzin əsas fəaliyyət istiqamətidir. Mərkəzin direktoru Asif Məcidov bildirdi ki, aparılan işlərin davamı kimi, ötən il və cari ilin iki ayında mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 37 mindən çox reabilitasiya vasitəsi ilə və protez-ortopedik məmulatla təmin olunublar: “Protez-ortopedik məmulatlarla təmin olunanların bir hissəsini Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib. Bu təbəqədən olan şəxslər ehtiyac duyduqları halda dərhal protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri, həmçinin əlil arabaları, stasionar şəraitdə bərpa xidmətləri və s. ilə təmin olunurlar”.

A.Məcidov diqqətə çatdırdı ki, aprel döyüşlərində əlil olmuş hərbçilərimizin reabilitasiyası işlərində də Protez-Ortopedik Bərpa Mərkəzi öz töhfəsini verdi. Həmin insanlardan protez-ortopedik xidmətlərə ehtiyacı olan 17 nəfər dayaq-hərəkət funksiyalarının bərpası üçün mərkəzdə müvafiq xidmətlərlə təmin olundular. Onların Almaniyanın məşhur “Ottobock” şirkətinin istehsal etdiyi yarımfabrikatlar əsasında hazırlanmış yuxarı və aşağı ətraf protezləri, müxtəlif reabilitasiya vasitələri (tutor, aşağı ətraf aparatları, bandaj, korset, ortopedik ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar, dördayaqlı dayaq vasitələri və s.), həmçinin əlil arabaları ilə təminatı həyata keçirilib.

Mərkəzin stasionar şöbəsində bir sıra fizioterapevtik əhəmiyyətli prosedurlar əsasında həmin insanlara sağlamlıqlarının bərpası üçün reabilitasiya xidmətləri göstərildi. Aprel döyüşlərində yaralanmış zabit və əsgərlərimiz mərkəzdə olduqları müddətdə protez-ortopedik xidmətlərlə təmin edilməklə yanaşı, burada çalışan personalın daim qayğıkeş münasibəti ilə əhatə olunublar və bu gün də Protez-Ortopedik Bərpa Mərkəzində onlara göstərilən protez-ortopedik xidmətlərdən, mərkəzin kollektivinin diqqət və qayğısından, isti, səmimi münasibətindən həmişə razılıqla söz açırlar. “Hazırda da onlar hər hansı köməkçi reabilitasiya vasitəsinə ehtiyac hiss etdikləri təqdirdə mərkəz tərəfindən dərhal aidiyyəti üzrə təminatları həyata keçirilir”, - deyə mərkəz direktoru vurğuladı.

Təbii ki, qeyd olunan işlərlə yanaşı, ölkəmizin özündə qabaqcıl dünya təcrübəsi əsasında yüksək texnologiyalı reabilitasiya vasitələrinin, funksional protezlərin istehsalı sisteminin formalaşdırılması da dövlətin diqqətində dayanan məsələlərdəndir. Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2017-ci il tarixli sərəncamı bu istiqamətdə mühüm addımın atılmasına imkan verib. Sərəncam qeyd olunan şəxslərin ən müasir texnologiyalar əsasında reabilitasiya vasitələri ilə təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulmasını nəzərdə tutur.

Ötən dövrdə bu yöndə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların daha rahat hərəkət imkanlarına malik olması üçün funksional protez-ortopedik məmulatların hazırlanması üzrə dünyada tanınmış şirkətlərdən olan “Ottobock” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində, müvafiq təcrübə mübadilələri həyata keçirilməklə məqsədyönlü işlər aparılıb. Dünyanın müvafiq sahədə qabaqcıl şirkətlərinin son texnologiyalar əsasında istehsal etdikləri avadanlıqlar alınıb gətirilməklə, habelə “Ottobock” şirkəti mütəxəssislərinin iştirakı ilə mərkəzdə yüksək texnologiyalı protezlərin hazırlanması sexinin yaradılması işləri artıq tamamlanmaq üzrədir. Yüksək texnologiyalı protezlərin hazırlanması üçün yeni sexdə çalışacaq işçi heyəti üçün ilk növbədə dünyanın protez istehsalı üzrə qabaqcıl şirkətlərinin mütəxəssislərinin iştirakı ilə treninqlər təşkil olunacaq, onlara aidiyyəti sahədə bilik və bacarıqlar aşılanacaq.

Yeni sexin işə salınması nəticəsində mərkəzdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslər üçün yüksək texnologiya əsasında aşağı və yuxarı ətraf protezləri hazırlanacaq. Sexdə hazırlanacaq yuxarı ətraf protezləri ilə istifadəçi qolların biləkdən dönmə və əllərin baş və digər barmaqlarının sərbəst hərəkətini təmin edə, ovcunu açıb yuma biləcək. Aşağı ətraf protezləri də yüksək funksionallığı ilə fərqlənəcək, istifadəçiyə hərəkət istiqamətini daha tez dəyişə bilməsinə, nahamar yerdə hərəkət rahatlığına, protezin istifadəçinin təbii hərəkətinə adaptasiyasına, pilləkənlə daha rahat şəkildə qalxıb düşməsinə və s. imkan verəcək.

Onu da bildirək ki, aprel döyüşlərində qəhrəmancasına həlak olmuş hərbçilərin ailələrinin və bu döyüşlərdə əlil olmuş hərbçilərin sosial müdafiəsi sahəsində də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü işlər aparılıb. Onlara müvafiq sosial təminat növləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin edilib. Cari ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla həmin sosial ödənişlər növbəti dəfə artırılıb.

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıqlarını itirmiş qəhrəman Vətən övladlarının diqqət və qayğı ilə əhatə olunması, onların aktiv həyat tərzinin təmin edilməsi üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcəkdir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan. - 2018.- 1 aprel.- S.1; 6.