Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Hərbi Prokurorluqda elmi-praktik konfrans keçirilib

 

Martın 31-də azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində elmi-praktiki konfrans keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransda çıxış edərək bəşəriyyətin ən böyük faciələrindən biri olan, kütləviliyi və amansızlığı ilə fərqlənən XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat verib. Hərbi prokuror çar Rusiyası, daha sonra isə SSRİ rəhbərlərinin himayədarlığı ilə Azərbaycan torpaqlarının zaman-zaman ermənilərə verilməsi nəticəsində doğma torpaqlarımızda erməni dövlətinin yaradılmasını, azərbaycanlıların dədə-baba ocaqlarından zorla köçürülməsinin ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə, deportasiya və soyqırımı ilə müşayiət olunmasını bildirib. Qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışından sonra xalqımıza qarşı törədilmiş soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, həmin cinayətlərə düzgün siyasihüquqi qiymət verilməsi üçün məqsədyönlü iş aparılıb. Azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə ilk dəfə ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman ilə siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə də bu istiqamətdə ardıcıl fəaliyyət davam etdirilib, o cümlədən  Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda və ölkəmizin digər şəhər və rayonlarında faciə qurbanlarına abidələr ucaldılıb. Dövlət başçısı Azərbaycan xalqına və dünya ictimaiyyətinə müraciətlərində Xocalı faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya miqyasında tanıdılması məqsədilə 2008-ci ildən etibarən vahid konsepsiyaya uyğun olaraq, planlı şəkildə əhəmiyyətli tədbirlər həyata keçirilib.

Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Soyqırımı Muzeyi barədə ətraflı məlumat verərək bildirib ki, bugünkü gəncliyin xalqımızın tarixinə biganə qalmaması əlamətdar haldır. Bunun nəticəsidir ki, hər il minlərlə məktəbli və tələbə həmin muzeyi ziyarət edirlər.

Sonda Xanlar Vəliyev artıq dünya ictimaiyyətinin də əsl həqiqətin nədən ibarət olmasını çox yaxşı başa düşdüyünü vurğulayaraq, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və qətiyyətli siyasi iradəsi nəticəsində azad ediləcəyi və xalqımıza qarşı misli görülməyən cinayətlər törətmiş erməni faşistlərinin cinayət məsuliyyətinə cəlb ediləcəkləri günün uzaqda olmadığını bildirib.

Konfransda iştirak edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxışında əsrlər boyu xalqımıza qarşı törədilən qanlı cinayətlərdən bəhs edib, tarixi hadisələrə bir daha nəzər yetirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən tədbirlərin gənclərin maarifləndirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Azərbaycan Tibb Universitetinin birinci prorektoru, professor Sabir Əliyev, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev çıxış edərək tarixi həqiqətlər, erməni millətçilərinin xalqımıza qarşı törətdikləri qanlı cinayətlər və həmin cinayətlərin istintaqı ilə bağlı görülmüş işlər barədə məlumat veriblər. 

 

Konfransın sonunda qonaqlara, habelə tədbirdə iştirak edən Azərbaycan Tibb, Dillər, Dövlət Neft və Sənaye, Bakı Slavyan universitetlərinin və Bakı Musiqi Akademiyasının tələbələrinə Soyqırımı Muzeyində saxlanılan eksponatlar, habelə Azərbaycan xalqına qarşı törədilən soyqırımı cinayətlərini əks etdirən tarixi sənədlər barədə ətraflı məlumat verilib.

Muzeyin konfrans zalında respublika Hərbi Prokurorluğu tərəfindən hazırlanmış “Əsrin faciəsi” videoçarxı nümayiş olunub.

 

Azərbaycan.- 2018.-1 aprel.- S.3.