Heydər Əliyev Fondunun Kemerovoya humanitar yardım göndərməsi Rusiya KİV-lərində geniş işıqlandırılıb

 

Rusiyanın Kemerovo şəhərində “Zimnyaya vişnya” ticarət mərkəzində yanğın zamanı həlak olanların ailələrinə və xəsarət alanlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yardım göndərilməsi Rusiya kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Rusiyanın TASS, Ria Novosti kimi aparıcı informasiya agentlikləri, digər mətbuat orqanları, habelə Kemerovo vilayəti yerli informasiya resursları bu humanitar aktı yüksək xeyirxahlıq nümunəsi kimi qiymətləndirirlər.

Kemerovo vilayət Administrasiyasından jurnalistlərə bildiriblər ki, əsasən ərzaq məhsullarından ibarət olan təxminən 1,8 ton humanitar yardım Kemerovoya Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə martın 30-da çatdırılıb. Fondun nümayəndələri Azərbaycan xalqı adından Rusiya xalqına və Kuzbass sakinlərinə dərin hüznlə başsağlığı veriblər. Onlar ticarət mərkəzinin önündə yaradılmış xatirə guşəsini ziyarət edib, hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə yaradılmış əməliyyat qərargahında olublar.

 

Azərbaycan.- 2018.-1 aprel.- S.2.