Yalnız hücum zəfər!..

 

Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini icra etməyə tam hazırdır

 

...Hərbi təyinatlı minik avtomobili ilə təpələrin arası ilə yüksəkliklərə doğru qalxırıq. Yam-yaşıl örpəyə bürünən heyrətamiz mənzərə ətrafı daha da füsunkar edir. Maşının pəncərəsindən içəri dolan sərin meh insanı təbiətin xoş ətrinə alışdırır. Yazda Vətənimizin əksər guşələri belə ürəkaçan, könül oxşayan təbii mənzərələrlə zəngin olur. Ancaq bu yerlərin havasında, elə torpağında da sanki fərqli nəsə var idi, çəkirdi bizi özünə...

Bəhs etdiyimiz bu ərazi düz 23 il düşmən tapdağında inləyən yurdumuzun bir parçasıdır. 2016-cı ilin aprel ayınadək ətəyində durub həsrətlə seyr edirdik buraları. Artıq iki ildir ki, azadlığa qovuşub. Dördgünlük aprel döyüşlərində qəhrəman oğullarımızın uğrunda canlarını fəda etdikləri bu torpaq qanla qarışaraq daha da müqəddəsləşib və bu gün üzərində düşmən gəzmir artıq. Çünki burada üçrəngli Azərbaycan bayrağı dalğalanır.

 

 Boş qalmış kaskalar, darmadağın edilmiş “keçilməz” müdafiə sistemi

 

Bəli, bura ön xətdir, döyüş bölgəsidir. Ermənistan silahlı birləşmələri 23 il nəzarət etdiyi bu yüksəkliklərdən Goranboyun Tapqaraqoyunlu kəndi və Naftalan şəhərinə ciddi təhlükə yaradırdılar. Lakin cəbhə bölgəsindəki “N” saylı hərbi hissənin şəxsi heyətinin aprel döyüşlərində göstərdiyi şücaət, Azərbaycan Ordusunun şanlı zəfəri bu təhlükəni tamamilə aradan qaldırdı.

1993-cü ildən bu ərazidə mövqelərini möhkəmləndirən, hətta ermənisayağı “dövlət sərhədi” çəkən silahlı birləşmələrdən indi burada başqa xatirələr qalıb: ayaqlar altında diyirlənən güllələnmiş kaskalar, yerlə-yeksan edilmiş sığınacaqlar və darmadağın edilmiş “keçilməz Ohanyan” müdafiə sistemi. O müdafiə sistemi ki, illərlə haqqında miflər uydurub Azərbaycan hərbçisində qorxu hissi yaratmağa çalışırdılar. Lakin dayaz düşüncələrində qalan ermənilər anlamırdılar ki, Azərbaycan torpaqlarında qurduqları hər hansısa bir müdafiə sistemi, illərlə qəlbi Vətən həsrəti, yurd nisgili ilə alışıb-yanan igid oğullarımızın qarşısında keçilməz sədd ola bilməzdi. Elə bunu düşünmədikləri üçün hər şeylərini qoyub qaçdılar.

 

Məğrur Azərbaycan əsgərinin fəxarət ünvanı

 

Bu gün isə o yüksəkliklər tam etibarlı əllərdədir. Azərbaycan Ordusunun əzmkar hərbi qulluqçuları daim Vətənin keşiyində ayıq-sayıqdırlar. Elə bizim də, o yüksəkliklərdə düşmənlə üz-üzə dayanan “N” saylı hərbi hissənin igid hərbçiləri ilə görüşmək üçün səbrimiz tükənirdi. Nəhayət, İncə çayını keçib sərt enişli-yoxuşlu yollarla Talış kəndi ətrafındakı yüksəkliklərə qalxırıq.

Budur, qarşımızda çöhrəsi nurlu və hər zaman istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan məğrur Azərbaycan əsgəri dayanıb. Onların arasında illərdən sonra ordumuzun ilk zəfər yürüşüylə xalqımıza xoş anlar yaşadan hərbçilər də var. Bu cəsur oğullar hünərləri ilə ordumuzun tarixinə həmişə fərəhlə xatırlanacaq yeni şanlı səhifələr yazıblar.

İlk dayandığımız ərazidə döyüş tapşırığını yerinə yetirən hərbi bölmələrimiz yerləşib. Atəş mövqeyindən görünməyən, səngərdən bir qədər aralıda yerləşən hərbi hissənin sosial infrastrukturu ilə maraqlanırıq. Burada hərbi-texniki təchizat, hərbi təyinatlı tikililər səliqə-sahmanı, təmizliyi ilə diqqəti çəkir. Şəxsi heyətin xidməti - hərbi hazırlığı, istirahəti, mütaliəsi, asudə vaxtını səmərəli keçirməsi üçün lazımi şərait yaradılıb. Əsgərlərin növbəlilik əsasında dincəldikləri hərbi kazarma əslində, normal şəraiti olan yataqxananı xatırladır. Şəxsi heyətin yüksək səliqə-sahmanı, yataq dəstlərinin təmizliyi xoş təəssürat doğurur.

 

Postların cəngavərləri

 

Hərbi bölmələrlə tanışlıqdan sonra bir qədər də yüksəkliyə qalxırıq. Postlarda mövqelərimizi qoruyan əsgərlərin təhlükəsizliyi üçün lazımi şərait yaradılıb. Yeni tikilmiş hərbi sığınacaqlarda şəxsi heyətin dincəlməsinə, informasiyalarla təminatına xüsusi diqqət yetirilib. Postdan qayıdan əsgərlər rahat çarpayılarda uzanaraq televizora baxır, dincəlir, bir sözlə, istirahətlərini mənalı keçirirlər.

Burada anbar, mətbəx, sanitariya qovşağı da mövcuddur. Bütün bunlar Aprel döyüşlərindən sonra qurulmuş infrastrukturdur.

Zabit Elton Baxşəliyev deyir ki, hərbi hissə komandanlığı şəxsi heyətin döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Çünki ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır. Ordumuzun aprel zəfəri isə yüksək döyüş hazırlığına malik olan əsgərlərimizi elə ruhlandırıb ki, yalnız hücum, qələbə, zəfər barədə düşünürlər: “Hər an Ali Baş Komandanın əmrinə hazırıq. Onsuz da qarşımızda dayanan düşmən əsgəri qorxu içindədir. Bir həmləmizə silahı atıb yenə qaçacaqlar”.

 

Daim diqqətli və ayıq-sayıqdırlar

 

Hərbi bölmələrin komandirlərinin pozitivliyindən hiss olunur ki, postlarda vətənin keşiyini çəkən əsgərlər də yüksək əhvali-ruhiyyədədirlər. Bir neçə əsgərə yaxınlaşıb söhbətləşirik.

Xidmət çəkən əsgər Elmir Əsgərov pulemyotçudur. Üzərinə düşən vəzifəni yaxşı anlayır və hər zaman döyüş tapşırığını yerinə yetirməyə hazırdır: “Daim diqqətliyik. Düşmən gücümüzü bilir. Aprel döyüşləri hələ yadlarından çıxmayıb. Bilirlər ki, çaşıb hücum etsələr, hansı cavabı alacaqlar”.

Müşahidəçi əsgər Rəfi Rəhimli 9 aydır hərbi xidmətdədir. Onun postdakı vəzifəsi daha ciddi və məsuliyyətlidir. Bu səbəbdən də daim diqqətli və ayıq-sayıqdır.

Bir qədər sonra növbə dəyişikliyi olurpostdan qayıdan əsgərlərlə çay süfrəsi arxasında söhbətləşirik. Əsgərlər Əmrah Əcəmov, Sərxan Orucov, Rəsul Cəfərzadə, manqa komandiri Şirin Babayev hərbi xidmətdən qürur duyduqlarını deyirlər. Azərbaycan Texnologiya Universitetinin məzunu olan əsgər Rəsul Cəfərzadə deyir ki, Aprel döyüşlərinin iştirakçısı və qəhrəmanlarından olan şəxslərin hərbi hissədə qulluq etməsi şəxsi heyət üçün ikiqat fəxrdir: “Bizi sevindirən, qürurlandıran odur ki, ordumuzun şanlı zəfərində böyük payı olan bir hərbi hissədə xidmət edirik. Həmin döyüşlərdə qəhrəmanlıq göstərən oğullarımızdan bəziləri bu hərbi hissədə xidmət edir. Onlardan öyrəndiklərimizin hesabına xalqımızın səbirsizliklə gözlədiyi növbəti qələbələrin müjdəçiləri olacağıq”.

Gözlərdəki qorxmazlıq, döyüş ruhu qürur doğurur

 

Buradakı xidmətləri ilə fəxr edən əsgərlər səbirsizliklə Ali Baş Komandanın hücum əmrini gözləyirlər. Əsgərlərdəki özünəinam, vətənpərvərlik hissinindöyüş ruhunun yüksəkliyi bir daha vətənin etibarlı əllərdə olduğuna əminlik yaradır. Vətən üçün düşünmədən ölümün ağuşuna atılan bu gənclər şəhidlik zirvəsinə yüksəlməyi ən ali məqam hesab edirlər. Onların gözlərindəki qorxmazlıq, düşmənə nifrət hissi aydın hiss olunur.

Həqiqətən də əsgərlərimizin gözlərində intiqam qığılcımı və qisas yanğısı görünür. Tam əmin olduq ki, Ali Baş Komandanın hücum əmri qəhrəmanlarımızın sayını artıracaq. Çünki onlar da Aprel döyüşlərində şücaət göstərənlər kimi sonadək savaşacaqlar. Ön cəbhədə həqiqi xidmət keçən əsgərlərin çevikliyi, mənəvi-psixoloji, fiziki hazırlığı fərəh doğurur. Onlar düşmənlə təmas xəttinin məsuliyyətini dərk edirlər, hər an qarşı tərəfin həmləsini dəf etmək və onun layiqli cavabını vermək ruhunda kökləniblər.

Elə bu xoş təəssüratla geri qayıdırıq. Yolumuz Aprel döyüşlərində düşmən təxribatının qarşısının alınmasında yaxından iştirak etmiş “N” saylı hərbi hissəyədir...

 

Aprel döyüşlərində tarix yazan hərbi hissə

 

Yarandığı gündən qarşısında qoyulan tapşırıqların öhdəsindən layiqincə gələn bu hərbi hissə döyüş və ictimai-siyasi hazırlıq istiqamətində uğurlar qazanıb. Aprel döyüşlərində isə əhəmiyyətli yüksəkliklərin Ermənistan silahlı birləşmələrindən təmizlənməsində qətiyyətlə döyüşüb. Bu döyüşlər zamanı 8 hərbi qulluqçusu şəhid olub, 9 hərbçisi xidmətdə fərqlənməyə görə fəxri ad, ordenmedalla təltif edilib.

Hərbi hissədə yenidənqurma işləri aparılıb, yeni avadanlıqlar alınıb. Əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş yeməkxana, hamam-camaşırxana, qazanxanatibb məntəqəsi, görüş, istirahət otaqları hərbi qulluqçuların ixtiyarındadır.

Bütün bunlar orduya dövlət qayğısının gündən-günə artırıldığının göstəricisidir. Hər bir əsgərinin qayğısına qalan, onun döyüş ruhunu yüksəldən, maddi-texniki bazasını gündən-günə yaxşılaşdıran dövlət imkanlarını bu istiqamətdə səfərbər edib.

 

Döyüşfiziki hazırlıq ən vacib şərtlərdəndir

 

Günün nizam qaydalarına görə hərbi hissənin dərs otaqlarında və bayırda hər bir bölüyün yerinə yetirdiyi tapşırığa uyğun olaraq müxtəlif dərslər keçilir. Döyüş hazırlığı dərsləri zamanı əsgərlərə silahsursatdan düzgün istifadə və təhlükəsizlik qaydaları izah edilir.

Praktik dərslər üçün ayrılmış geniş sahədə hərbi hissənin zabitləri tərəfindən keçirilən məşğələlər zamanı əsgərlərə döyüş şəraitində düşməni məhv etməyin yolları öyrədilir.

Şəxsi heyətin fiziki sağlamlığının təmini məqsədilə kazarmanın həyətində lazımi idman qurğuları quraşdırılıb. Əsgərlər müntəzəm olaraq idmanla məşğul olur, fiziki hazırlıqlarını artırırlar.

 

Şəxsi heyətin qida rasionu zəngindir

 

Əlbəttə ki, şəxsi heyətin fiziki cəhətdən də hər an hazır olması üçün qidalanma xüsusi yer tutur. Yeməkxanaya ayaq basan andan hərbi qulluqçuların gündəlik qida rasionunun yüksək səviyyədə təşkil olunduğunu görmək mümkündür. Burada mülki işçilər çalışır və səliqə-sahmana, təmizliyə tam riayət edilir. Bütün avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb.

Şəxsi heyət üçün hazırlanan gündəlik yeməyin çeşidi çox zəngindir. Səhər yeməyində əsasən əsgərlərə şirin çay, yağ, pendir və meyvə cemi, bəzi günlərdə isə südlü düyü, mannı və ya vermeşil, yumurta verilir. Nahar yeməyi də bir neçə çeşidlidir. Həftənin bəzi günlərində müxtəlif cür sulu xörəklər - küftə, borş, eləcə də noxud və mərci şorbası bişirilir. Bundan başqa, qovrulmuş ətlə makaron, çəkilmiş mal əti ilə qarabaşaq, düyü, həmçinin qazan kotleti, soyuq qəlyanaltı və kompot verilir. Şam yeməyində isə qiyməli qarabaşaqbulğur sıyığı, balıq konservi, kərə yağı, pendir, çay olur. Həmçinin hərbçilər mövsümi tərəvəz salatları və şirələrlə də təmin edilirlər.

 

Avtomatlaşdırılmış hamam-camaşırxana kompleksi

 

Hərbi hissədə müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış hamam-camaşırxana kompleksi fəaliyyət göstərir. Camaşırxanada 11 nəfər mülki işçi çalışır. Burada 5 yuyucu, 2 quruducubir ütüləyici müasir avadanlıq var. Camaşırlar yuyulub, ütülənib çeşidləndikdən sonra yenidən bölmələrə təhvil verilir.

Şəxsi heyətin geyiminin səliqəliyini qorumaq məqsədilə dərzi otağı da yaradılıb. Hamamxana bölməsində isə əsgərlərin rahat yuyunması üçün yüksək şərait var. Mülki işçilərin çalışdığı qazanxana hərbi hissənin isti-soyuq su təchizatını təmin edir.

Müasir avadanlıqlarla təmin edilmiş tibb məntəqəsində peşəkar həkim qrupu şəxsi heyətin sağlamlığının keşiyində məsuliyyətlə xidmət edir. Xəstəliklərin qarşısının əvvəlcədən alınması məqsədilə mütəmadi olaraq bölmələrdə geniş profilaktik işlər aparılır, xəstəliktörədən viruslardan qorunmağın yolları haqqında tövsiyələr verilir, peyvəndlər vurulur.

 

Yüksək döyüş ruhuna malik ordu gündən-günə güclənir

 

Gördüyümüz real mənzərə Azərbaycan Ordusunun gündən-günə gücləndiyini bir daha təsdiq etdi. İstər maddi-texniki təminat, istər silah-sursat, istərsə də hərbi qulluqçuların vətənpərvərlik, döyüş ruhunun yüksəlməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini verir.

Talış kəndi istiqamətindəki yüksəkliklərdə döyüş tapşırığını yerinə yetirən hərbçilərimizin əzmkarlığı, hərbi hissədəki real vəziyyət bizlərdə xoş təəssürat yaratdı. Bir daha əmin olduq ki, vətənə onu sevənlər, uğrunda canını fəda etməyə hazır olanlar keşik çəkirlər.

 

Məhv edə bilməyəcəyimiz strateji hədəf yoxdur

 

Bu gün Azərbaycanın ən müasir hərbi texnikaya sahib və yüksək döyüş ruhuna malik ordusu var. Bu ordu Aprel döyüşləri zamanı Ali Baş Komandanın əmri ilə arsenalında olan yeni silahların cüzi bir qismindən yararlanıb. Dördgünlük müharibənin yekunu olaraq düşmənin neçə illərdir möhkəmləndiyi mövqelərdən, xüsusən strateji yüksəkliklərdən geri otuzdurulması, iki min hektar işğal olunmuş ərazinin azad edilməsi göstərdi ki, Azərbaycan Ordusu həqiqətən əzici gücə və üstünlüyə malikdir.

Ötən il şanlı Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşən Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan Ordusu sahib olduğu müasir hərbi texnika ilə düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırdır. İşğalçı Ermənistan bunu çox yaxşı bilir. Elə bir strateji və hərbi hədəf yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.

Bəli, Aprel döyüşləri, demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. Azərbaycanda isə xüsusən gənclərin vətənpərvərlik ruhunu, döyüş əzmini daha da yüksəltdi. Aprel döyüşlərindən sonra da imzalanan yeni müqavilələrə əsasən Azərbaycan ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş etdi və onların bir hissəsi artıq döyüş bölgəsindədir. İstənilən an düşmənin istənilən məntəqəsi darmadağın edilə bilər. O günlər isə çox uzaqda deyil...

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-3 aprel.- S. 1; 4.