500 milyondan çox
insan Azərbaycanı izləyəcək
Bakı “Formula-1” yarışlarına 3-cü dəfə
evsahibliyi edəcək
Bakı daha
bir möhtəşəm idman
tədbiri ərəfəsindədir. Aprelin 27-29-da paytaxtımızda “Formula-1” Azərbaycan
Qran-prisi keçiriləcək. Sürət və
adrenalin sevən azarkeşlər
Bakı Şəhər
Halqasında təşkil
olunacaq möhtəşəm
yarışdan zövq
alacaqlar. Sayca 3-cü dəfədir
ölkəmizdə keçiriləcək
və cari mövsümün 4-cü mərhələsi
olacaq yarışı
190 ölkədən 500 milyondan
artıq tamaşaçı
izləyəcək.
Belə nüfuzlu yarışların
ölkəmizə həvalə
edilməsi Azərbaycanın
dünyada və Avropada idman ölkəsi kimi tanınmasından irəli
gəlir. Bu gün
Azərbaycanda idmanın
inkişafına geniş
prizmadan yanaşılır
və bunun üçün kompleks tədbirlər görülür.
Bunun nəticəsi olaraq ölkəmizdə keçirilən
nüfuzlu yarışlar
silsilə xarakter daşıyır.
Bakı treki
3-cü dəfə pilotları
gözləyir
“Formula-1” yarışlarının
2018-ci il mövsümü 21 mərhələdən
ibarət olacaq. Azərbaycan yarışların 4-cü mərhələsinə
evsahibliyi edəcək.
Mövsümün ilk yarışı martın 25-də Avstraliyada
başlayıb, son yarışı
isə noyabrın 25-də
Abu Dabidə təşkil
olunacaq.
Uzunluğu 6 kilometrdən bir qədər artıq olan Bakı Şəhər Halqası
trekin uzunluğuna görə dünyada ikincidir. Unikal xüsusiyyətlərə
sahib Bakı Şəhər
Halqası elə təşkil olunub ki, izləyənlər yarış zamanı
“Formula-1” avtomobilləri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər
Tarixi-Memarlıq Qoruğunu,
şəhərin müasir
göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən
Bakının ecazkar simasını görəcəklər.
Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhərətrafı
dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 kilometr
dənizkənarı hamar
hissəsi və s. bir sıra özəllikləri
ilə yarışı
canlı olaraq tribunalardan və ya televiziya qarşısında
izləyən “F1” azarkeşləri
üçün əsrarəngiz
bir şouya çevriləcək.
Qeyd olunduğu kimi, Bakı Şəhər Halqası şəhərin
tam mərkəzindən, ən
gözəl məkanlarından
keçir. Təşkilatçılar trekin marşrutunu
seçərkən məhz
bu məqamı qarşıya məqsəd
qoymuşdular. Bundan başqa,
trekdə yarış
avtomobillərinin hərəkəti
saat əqrəbinin əks istiqamətində olacaq. Trekin ən geniş
yeri 13 metrdir, ən dar hissəsi
trekin İçərişəhər
ətrafında olan bölmələrində, o cümlədən
7-ci və 8-ci döngələrdə
7.6 metr təşkil edəcək. Start və
finiş xətti Azadlıq meydanında olacaq.
Planetin bir nömrəli avtomobil yarışı
Xatırladaq ki, “Formula-1” üzrə dünya çempionatı
bir nəfərlik, açıq təkərli
avtomobillərin yarışıdır. Yüksək statusa malik bu
yarışlarda sürücülər
pilot, avtomobillər isə
bolid adlanır. İl ərzində müxtəlif
ölkələrdə “F1” üzrə mərhələ
yarışları, başqa
sözlə, qran-prilər
təşkil olunur.
Dünyada geniş tamaşaçı
auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları
və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət
həvəskarlarının maraq dairəsində olan “Formula-1” qran-priləri
ilk vaxtlar ancaq Avropa ölkələrində
keçirilsə də,
hazırda dünyanı
əhatə edir.
Yarışları FİA (Beynəlxalq Avtomobil Federasiyası) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə
cavabdehdir.
“Formula-1” üzrə
ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun
trekində təşkil
olunub. Britaniya kral ailəsinin
də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm
də əsas mərhələdə finiş
xəttinə birinci gələn “Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina “F1” yarışının
ilk qalibi kimi tarixə düşüb.
Birincilik
uğrunda mübarizədə
onun əsas rəqibi komanda yoldaşı, argentinalı
Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio
bu məğlubiyyətin
əvəzini yetərincə
çıxdı. Belə ki,
o, karyerası ərzində
5 dəfə (1951-ci, 1954-cü, 1955-ci,
1956-cı və 1957-ci illərdə)
dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib.
Bakıdakı yenilik marağı bir qədər də artırıb
“Formula-1” yarışlarının
cari mövsümdə
4-cü mərhələsinə evsahibliyi edəcək Azərbaycan iki il öncə
dünya çempionatının
Bakı mərhələsində
yenilik tətbiq etmişdi.
Bu, sıralama
turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən,
ən pis nəticə göstərən
6 pilot mübarizədən kənarlaşdırılırdı. 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı
göstəricilərə görə
yarışa start verirdi.
Yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş
pilotun mübarizəni
dayandırması nəzərdə
tutulub. “Formula-1” mütəxəssislərinin rəyinə
görə, bu yenilik həyəcanı bir qədər də artırıb.
“Formula-1” Azərbaycana 277,3 milyon ABŞ dolları gəlir gətirib
“Formula-1” yarışının
keçirilməsi sadəcə
olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak
edəcək pilotlar, qonaqlar ölkəmizlə
tanış olur və Azərbaycanın
uğurlu inkişaf modelinin şahidinə çevrilirlər. Belə yüksək
idman tədbirləri ölkəmizə iqtisadi dividendlər qazandırır.
“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı
müstəqil araşdırmanın
nəticələrinə görə,
Bakıda keçirilən
“Formula-1” yarışları ölkə iqtisadiyyatına
əhəmiyyətli dərəcədə
müsbət təsir
göstərib. Araşdırmanın
nəticələrinə dair
hazırlanmış hesabatda
qeyd olunur ki, “Formula-1” yarışları
Azərbaycan iqtisadiyyatına
ümumilikdə 277,3 milyon ABŞ dolları gəlir gətirib.
Hesabatda göstərilən yekun məbləğ yarışlar
ərəfəsində “Formula-1” ilə əlaqədar Bakıya gələnlərin
xərcləri əsasında
yaranmış birbaşa
və dolayı gəlirləri əhatə
edir. Bu rəqəmə iqtisadiyyatın
müxtəlif sahələrində,
o cümlədən peşəkar
xidmətlər, hotel və
mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt
və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və
digər sektorlarda qeydə alınmış
gəlirlər daxildir.
Onu da qeyd edək
ki, birbaşa gəlirlərdə əsas
yeri turizm sektoru tutur. Bakıda
keçirilən iki Qran-pri ərəfəsində
qeydə alınmış
birbaşa gəlirlərin
22,7 milyon dolları məhz həmin sektorun payına düşür.
Bu dövrdə birbaşa
gəlirlər ümumilikdə
164,2 milyon dollar təşkil edib. Buna “Formula-1” ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana,
restoran və nəqliyyat istiqamətləri
üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa
əlaqədə yaranmış
digər gəlirlər
daxildir.
Daniel Rikkiardo ötənilki
nəticəni təkrarlaya
biləcəkmi?
Artıq 2 ildir Azərbaycan “Formula-1”
yarışlarına uğurla
evsahibliyi edərək
yüksək təşkilatçılığı
ilə digər ölkələrə nümunə
göstərib. Ötən il Azərbaycan
mərhələsində pilotlar
arasında gərgin mübarizə və yekunda qeydə alınan nəticələr
hamı üçün
sürpriz olmuşdu.
Maraqlı keçən
yarışın yekununda
“Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo 2
saat 3 dəqiqə 55 saniyəlik nəticə ilə Azərbaycan Qran-prisinin qalibi olmuşdu. İkinci yerdə “Mercedes” komandasının üzvü
Valtteri Bottas, üçüncü yerdə
isə “Williams” komandasının
pilotu kanadalı Lans Strol qərarlaşdı.
Konstruktorlar kubokunun sahibi
isə “Red Bull Racing” komandası
oldu.
Ən maraqlı məqamlardan biri də 10 komandadan 9-nun Bakıdan xalla ayrılması idi. Son illərdə belə hadisə heç bir dünya çempionatında
yaşanmamışdı. Bakıdan xalsız ayrılan yeganə komanda “Renault” oldu. Problemlər Colion Palmerdən
əl çəkmək
bilmirdi. Niko Hülkenberq
isə yeddinci döngədə divarla toqquşaraq asılqanı
qırdı və yarışı yarımçıq
dayandırdı. “Sauber” komandasından Paskal Verlyayn mövsümdə ikinci dəfə xal qazana bildi.
Bütün dünya 3-cü dəfə
“Formula-1”in Azərbaycan mərhələsini
səbirsizliklə gözləyir. İndiyə kimi beynəlxalq miqyaslı yarışları
yüksək səviyyədə
keçirən respublikamız
daha bir nüfuzlu tədbirə evsahibliyi etməklə növbəti dəfə idman ölkəsi olduğunu nümayiş etdirəcək.
E.CƏFƏROV
Azərbaycan.- 2018.-4 aprel.- S.1; 3.