Mehriban Əliyeva daha 461 ailəyə yeni ev sevinci bəxş
etdi
Məcburi köçkünlərin sosial problemlərinin
həlli istiqamətində dövlətin həyata
keçirdiyi siyasət uğurlu nəticələr verir
Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olduğunu, ən çətin günlərdə sonadək ona dayaq durduğunu əməldə daim sübut edib. Bu xüsusda kifayət qədər konkret misallar gətirmək mümkündür və Azərbaycan qeyd olunan yönümdə də dünyada ən yaxşı nümunənin əsasını yaradan dövlətlərdən hesab edilir.
Azərbaycanın qaçqın və məcburi köçkünlərə münasibətdə yürütdüyü siyasət, bu qəbildən olan insanların sosial problemlərinin həlli istiqamətində atdığı addımlar, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələrin həyata keçirilməsi dünyada ən yaxşı örnəklər sırasında yer alır.
Hər il minlərlə ailənin mənzil-məişət
şəraiti yaxşılaşdırılır
Məcburi köçkünlərin bir qisminin uzun illər ağır vəziyyətdə məskunlaşdıqları müvəqqəti yaşayış yerlərindən bütün sosial-texniki infrastrukturu ilə birlikdə müasir tələblər səviyyəsində inşa edilən qəsəbələr və hündürmərtəbəli yaşayış binaları komplekslərinə köçürülmələri, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı fərman və sərəncamların imzalanması dövlətin və dövlət başçısının bu sahəyə gündəlik diqqətinin təzahürüdür.
Məlumdur ki, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Torpaqlarımızın işğaldan azad edilməsinin, məcburi köçkünlərin doğma ocaqlarına qaytarılmasının, buna qədər isə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu daim önə çəkən dövlət başçısı bu təbəqədən olan soydaşlarımızın problemlərinin, onları narahat edən məsələlərin həlli məqsədilə qarşıya konkret vəzifələr qoyur. Dövlət başçısı mütəmadi olaraq məcburi köçkünlərlə görüşür, bu insanların maddi rifah halının daha da yaxşılaşması üçün zəruri addımlar atır.
Problemlərin həlli
Birinci vitse-prezidentin diqqət mərkəzindədir
Qeyd olunduğu kimi, bu gün
əhalinin həssas təbəqəsi kimi qaçqın və
məcburi köçkünlərə göstərilən
qayğı daim yüksələn xətt üzrə
inkişaf etməkdə, bu kateqoriyadan olan insanların mənzil-məişət
şəraitlərinin yaxşılaşdırılması
istiqamətində yeni mühüm tədbirlər həyata
keçirilməkdədir. Sözügedən proses Mehriban
xanım Əliyevanın Birinci vitse-prezident təyin
olunmasından sonra daha geniş vüsət almağa
başlayıb.
Ümumiyyətlə, Mehriban
xanım Əliyevanın fəaliyyətində insanlara diqqət,
şəfqət, onların, o cümlədən
qaçqın və məcburi köçkünlərin
problemlərinin effektiv həlli hər zaman əsas istiqamətlərdən
birini təşkil edib. Bunun real təsdiqi Mehriban xanım
Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə
başlamasından sonra əsas diqqəti məhz
qaçqın və məcburi köçkünlərin sosial
problemlərinin həllinə yönəltməsidir. Məhz
Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ötən
il martın 9-da ilk müşavirəsini
Bakı və Sumqayıt şəhərlərinin
yataqxanalarında müvəqqəti məskunlaşmış
qaçqın və məcburi köçkün ailələrinin
qəzalı binalardan köçürülməsinə həsr
etməsi deyilənlərin bariz nümunəsidir.
Mehriban xanım Əliyeva
müşavirədəki çıxışında
bugünkü reallığı əsas gətirərək
görülən işlərlə yanaşı, hələ
də ağır vəziyyətdə, qəzalı və
yararsız binalarda kifayət qədər çox məcburi
köçkün ailəsi yaşadığını önə
çəkərək bu istiqamətdə işlərin
sürətləndirilməsi üçün təxirəsalınmaz
addımlar atılmasının vacibliyini qeyd edib. Çıxış
yolu kimi Birinci vitse-prezident bildirib ki, Bakı və Sumqayıt
şəhərlərində yararsız, qəzalı binalarda
yaşayan bütün məcburi köçkün ailələri
tezliklə yeni mənzillərə köçürülməlidir.
Elə müşavirədən dərhal sonra Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən “Qəzalı
vəziyyətdə olan binalarda məskunlaşmış məcburi
köçkün ailələrinin yeni mənzillərlə təmin
olunması” layihəsinin icrası çərçivəsində
işlərə başlanıldı və bu işlər mərhələli
şəkildə bu gün də uğurla davam etdirilir.
Çətinliklərin
aradan qaldırılması məqsədilə komissiya
yaradılıb
Həmin layihəyə uyğun olaraq
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov
küçəsində yerləşən Təcili Tibbi
Yardım Stansiyasının yarımçıq qalmış
binasında müvəqqəti məskunlaşmış məcburi
köçkün ailələrinin köçürülməsi
məqsədilə Heydər Əliyev Fondunun vəsaiti
hesabına Xətai rayonu ərazisində yeni binalar
alınıb və Nazirlər Kabinetinin 14 fevral 2017-ci il tarixli
65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi
köçkünlərin müvəqqəti yerləşdirilməsi
fondunun yaşayış sahələrinin verilməsi
Qaydası”nın tələblərinə uyğun olaraq
Dövlətqaçqınkomun müvafiq əmri ilə
yaradılmış komissiya tərəfindən 461 məcburi
köçkün ailəsinin yeni binalara
köçürülməsi prosesi müvəffəqqiyyətlə
başa çatdırılıb.
Köçürülmə prosesi başa
çatdıqdan sonra məcburi köçkünlərin
müvəqqəti qeydiyyatları müxtəlif şəhər
və rayonlarda olduğu, həmçinin bəzi məcburi
köçkünlərin “məcburi köçkün” vəsiqələrinin
olmadığı, onların yeni yaşayış sahələri
üzrə müvəqqəti qeydiyyata götürülməsi
və digər bu kimi çoxsaylı məsələlərdə
yaranmış çətinliklərin aradan
qaldırılması məqsədilə komissiya
yaradılıb.
Dövlətqaçqınkomun aidiyyəti
struktur bölmələrinin məsul əməkdaşlarının
tərkibinə daxil edildiyi komissiyaya yeni binalara
köçürülmüş məcburi
köçkünlərin qeydiyyatının təmin edilməsi
məqsədilə qısa vaxt ərzində onların əvvəllər
müvəqqəti qeydiyyatda olduqları rayonların icra
hakimiyyətlərini və komitənin bütün rayonlar
üzrə sektorlarını da bu işə cəlb etməklə
qeydiyyat kartlarının alınmasını, eyni zamanda həmin
kartların Xətai rayon sektoru tərəfindən yerində
təsdiq edilməsini, həmin məcburi köçkün
ailələrinin elektron formada və təsdiq edilmiş qaydada
adlı siyahılarının dəqiqləşdirilməsini
və komitəyə təqdim olunmasını, məcburi
köçkünlərin vəsiqələrlə təmin
edilməsini və digər zəruri tədbirlərin həyata
keçirilməsini təmin etmək
tapşırılmışdır ki, bütün bunlar da məcburi
köçkünləri narahat edən məsələlərin
vaxtında həllinə və onların bu qayğılardan
azad edilməsinə, rahatlıqlarının təmin
olunmasına yönəldilmiş vacib addımlardandır.
Kompakt məskunlaşma obyektində
Vahid Pəncərə Sisteminin tətbiq edilməsi və məcburi
köçkünlərin ASAN şəkildə sənədləşmə
işinin aparılması və paralel olaraq qeydiyyat
kartlarının açılması, kommunal xidmət təşkilatlarındakı
xidmət kartlarının onların adına
yerindəcə rəsmiləşdirilməsi, məcburi
köçkün vəsiqəsi ilə təmin olunmayan məcburi
köçkünlərə yeni vəsiqələrin
hazırlanması işləri komissiya üzvləri tərəfindən
operativ şəkildə icra olunub. Bundan sonra da
işlərin səmərəliliyinin artırılması məqsədilə
komitə rəhbərliyi tərəfindən komissiya üzvlərinə
digər kompakt məskunlaşma yerlərində də bu
cür tədbirlərin keçirilməsi
tapşırılıb.
Yeni mənzillər
hər bir məcburi köçkünün ürəyincədir
Qeyd olunan məsələlərlə
bağlı bir-birinin ardınca komissiya üzvlərinin
çalışdığı qərargaha müraciət edən
və məsələlərinin yerindəcə həll
olunduğundan razılıqlarını bildirən məcburi
köçkünlər də “Dövlətqaçqınkom”un bu təşəbbüsünü dövlətin
onlara qayğısı kimi dəyərləndiriblər.
Məcburi köçkünlərdən
Könül İbrahimova bildirib ki, indiyədək Binəqədi
rayonu ərazisindəki Təcili Tibbi Yardım
Stansiyasının yarımçıq binasında məskunlaşmışdılar:
“Bu illər ərzində nələr çəkdiyimizi
heç kəsə arzulamıram. Bu gün isə
Prezidentin və Mehriban xanım Əliyevanın biz məcburi
köçkünlərə qayğısı sayəsində
hərtərəfli şəraitlə təmin edilmiş və
çoxdan arzusunda olduğumuz belə bir binada
yaşayırıq. Mənzil problemimiz
öz həllini tapıb. Dövlətqaçqınkomun
bu təşəbbüsü isə bizi bir çox
qayğılardan azad edib. Çünki əvvəlki
yaşayış yerindən qeydiyyatdan çıxmaq, burada
qeydiyyata düşmək üçün Binəqədi-Xətai
rayonları arasındakı get-gəllərdən
canımız qurtarıb. Buna imkan və
vaxtımız da yoxdur. Mən bu məsələ
ilə bağlı komissiyaya müraciət etdim, olduqca səmimi
və xoş münasibətlə rastlaşdım. Müraciətim diqqətlə dinlənildi və
yerindəcə özünün müsbət həllini
tapdı. Bütün bunlara görə əməyi
olanların hər birinə minnətdarlığımı
bildirirəm”.
Anar Muradov isə qeyd etdi ki, yeni binada
ailə tərkibinə uyğun olaraq ikiotaqlı mənzillə
təmin olunub: “Azərbaycan Prezidentinin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın müntəzəm
diqqət və qayğısını ailəmizin real həyatında
hiss edirik. Bütün bunlara görə onu da yaxından duyub
anlayırıq ki, bizim sahibimiz - hər bir vətəndaşının
qayğısına qalan Prezidentimiz var. Məhz onun
tapşırıq və tövsiyələri ilə həyata
keçirilən hər bir təşəbbüs bizim vəziyyətimizin
yaxşılaşdırılmasına, narahatlıq yaradan
problemlərimizin aradan qaldırılmasına yönəlib.
“Dövlətqaçqınkom”un bu təşəbbüsü
isə bizi bir çox problemlərdən azad etdi. Düzü, neçə gündür ki, işimdən
aralanıb yeni qeydiyyat kartı açdırmağa, həmçinin
kommunal xidmət kartlarının adıma rəsmiləşdirilməsi
üçün tələb olunan sənədləri düzəltməyə,
toplamağa vaxt tapa bilmirdim. Ancaq komitənin
əməkdaşlarının burada şənbə və
bazar günləri də daxil olmaqla fasiləsiz
çalışmaları və bizim müraciətləri
vaxt itirmədən qısa müddətdə yerindəcə
müvafiq qaydalar çərçivəsində həll etmələri
təkcə mənim yox, bax burada müxtəlif məsələlərlə
bağlı müraciət edən hər bir məcburi
köçkünün ürəyincədir”.
Rafiq Cavadov dedi ki, bu gün dövlət
tərəfindən bütün problemlərimizin həlli
istiqamətində atılan addımları, görülən
işləri miqyasına görə dəyərləndirdikdə
bir daha əmin olursan ki, doğrudan da bu ölkə humanist dəyərləri
özündə cəmləşdirərək bu ideyalara
sadiqliyini qoruyub inkişaf etdirməkdədir: “Erməni təcavüzü
nəticəsində üzləşdiyimiz çətinliklərin
aradan qaldırılmasında humanizm siyasətinə sadiqliyini
nümayiş etdirən dövlətimiz bizim vəziyyətimizin
yaxşılaşdırılması, problemlərimizin həlli
istiqamətində nə lazımdırsa, onu da edir. Bu isə bizdə gələcəyə böyük
inam yaradır. Biz məcburi
köçkünlərin sosial müdafiəsi istiqamətində
atılan addımlar, görülən və görülməkdə
olan işlər göz önündədir. Mənim də yeni mənzillə təmin
olunduğum bu binada məskunlaşan bütün məcburi
köçkünlər bunlardan razılıqlarını
ifadə etməklə minnətdarlıqlarını bildirirlər.
Qısa müddətdir ki,
buraya köçürülmüşük. Təbii ki,
yeni yaşayış yerində yeni qaydalara uyğun qeydiyyatdan
çıxma, yeni qeydiyyat üçün müvafiq sənədlər,
ərizə formaları və sair tələb olunur. Bunları isə toplamaq üçün əvvəlki
məskunlaşma yerinə, hətta qeydiyyatda olduğumuz digər
şəhər və rayonlara gedib-gəlmək tələb
olunurdu. Lakin “Dövlətqaçqınkom”un
sədrinin imzaladığı əmrə uyğun
yaradılmış komissiya bizi bütün bu problemlərdən
azad etdi və biz bütün məsələlərimizi
yaradılmış komissiya vasitəsilə yerindəcə həll
etdik”.
Söhbət etdiyimiz digər məcburi
köçkünlər də “Dövlətqaçqınkom”un bu təşəbbüsünü yüksək
qiymətləndirməklə bütün bunlara görə
dövlət rəhbərliyinə minnətdarlıqlarını
bildirdilər. Qeyd etdilər ki, işğal
altında olan bütün torpaqlarımız Azərbaycan
Prezidentinin yeritdiyi müdrik siyasət nəticəsində
tezliklə işğaldan azad olunacaq.
Bütün bunlar Azərbaycan
dövlətinin qaçqın və məcburi
köçkünlər üçün həyata
keçirdiyi və ölkə ictimaiyyəti, həmçinin
beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilən,
dünyada oxşar problemi yaşayan ölkələr
üçün nümunə kimi dəyərləndirilən
belə tədbirlər özlüyündə bir daha təsdiq
edir ki, bu təbəqədən olan
soydaşlarımızın problemlərinin həlli daim Azərbaycan
dövlətinin gündəlik diqqət mərkəzindədir.
Elçin CƏFƏROV
Azərbaycan.-
2018.-4 aprel.- S.1; 3.