Bakı Nəqliyyat
Agentliyinin nizamnaməsi
Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 2 aprel
tarixli fərmanı ilə təsdiq edilmişdir
Əlavə ¹1
1. Ümumi
müddəalar
1.1. Bakı Nəqliyyat
Agentliyi (bundan sonra - Agentlik) Bakı şəhərinin inzibati
ərazisində yol hərəkətinin təşkilində
iştirak edən, ümumi istifadədə olan nəqliyyat
vasitələri ilə müntəzəm sərnişindaşıma
və taksi minik avtomobilləri ilə sərnişindaşıma
(bundan sonra - sərnişindaşıma) sahəsində tənzimləməni
və nəzarəti həyata keçirən publik hüquqi
şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, bu nizamnaməni, Azərbaycan
Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, digər normativ hüquqi
aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları, beynəlxalq və
qeyri-hökumət təşkilatları ilə, digər
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
1.4. Agentlik ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olur. Bu
nizamnamədə qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün Agentlik sahibkarlıq fəaliyyəti
ilə məşğul ola bilər.
1.5. Agentliyin müstəqil
balansı, əmlakı, xəzinə və bank hesabları,
öz adı həkk olunmuş möhürü, müvafiq
ştampları və blankları, loqotipi (emblemi) vardır.
1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər
bağlamaq, öz adından əmlak və qeyri-əmlak
hüquqları əldə etmək və həyata keçirmək
hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edir.
1.7. Agentlik Bakı şəhərində
yerləşir.
2. Agentliyin fəaliyyətinin
məqsədi və istiqamətləri
2.1. Agentliyin fəaliyyətinin əsas
məqsədi Bakı şəhərinin inzibati ərazisində
nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz,
fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
2.2. Agentliyin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.2.1. sərnişindaşıma
sahəsində nəzarəti və tənzimləməni həyata
keçirmək;
2.2.2. yol hərəkətinin
təşkilində iştirak etmək;
2.2.3. nəqliyyat
axınının mərkəzləşdirilmiş qaydada idarə
olunmasında iştirak etmək və aidiyyəti qurumlarla
birlikdə nəqliyyat axınının tənzimlənməsini
təmin etmək;
2.2.4. nəqliyyatı
intellektual idarəetmə sistemini tətbiq etmək;
2.2.5. sərnişindaşıma
sahəsinin inkişafını təmin etmək.
3. Agentliyin vəzifələri
3.1. Agentlik, bu nizamnamə ilə
müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində
aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. müntəzəm
sərnişindaşıma işini təşkil edir, bu sahədə
xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin
səmərəliliyinin və keyfiyyətinin
artırılması üçün tədbirlər
görür;
3.1.2. dövlət
sifarişi əsasında avtomobil nəqliyyatı ilə
müntəzəm sərnişindaşımaya müsabiqə
qaydasında daşıyıcıları cəlb edir və
müsabiqənin qalibləri ilə müvafiq müqavilə
bağlayır, habelə müqavilə şərtlərinə
riayət olunmasına nəzarət edir;
3.1.3. avtomobil nəqliyyatı
ilə müntəzəm sərnişindaşımalar üzrə
marşrut şəbəkəsini, marşrutların sxemini, hərəkət
cədvəlini və reysi, habelə avtonəqliyyat vasitələrinə
dair tələbləri müəyyən edir;
3.1.4. müntəzəm
sərnişindaşıma xidmətlərini yerinə yetirən
avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin
yerlərini müəyyənləşdirir, onları
quraşdırır və idarə olunmasını təmin
edir;
3.1.5. taksi minik
avtomobilləri üçün duracaq yerlərini müəyyənləşdirir
və idarə olunmasını təmin edir;
3.1.6. parklanma yerlərini
müəyyənləşdirir və onları idarə edir;
3.1.7. nəqliyyat
qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin)
yerlərini, Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi
nəzərə alınmaqla, Bakı Şəhər İcra
Hakimiyyəti ilə razılaşdıraraq müəyyən
edir, nəqliyyat qovşaqlarının yaradılmasını
təmin edir;
3.1.8. nəqliyyat
axınının tənzimlənməsi üçün
svetoforların və yol nişanlarının yerlərini, Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət
Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla
müəyyən edir və ya dəyişdirir, onları
quraşdırır və lazımi qaydada saxlanılmasına
nəzarət edir;
3.1.9. svetoforların
vahid sistem çərçivəsində mərkəzləşdirilmiş
qaydada intellektual idarə olunmasını təmin edir;
3.1.10. avtomobil yollarında
nişanlanma xətlərinin “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu sahədə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr və
digər normativ hüquqi aktlarla müəyyən edilmiş
normalara uyğun olaraq çəkilməsinə dair qərar qəbul
edir və nişanlanma xətlərinin həmin normalara
müvafiq olaraq çəkilməsinə nəzarət edir;
3.1.11. avtomobil
yollarının normativ hüquqi aktlar və beynəlxalq
standartlarla müəyyən edilmiş norma və tələblər
səviyyəsində svetoforlar, yol nişanları,
nişanlanma xətləri və yol hərəkəti təşkilinin
digər texniki vasitələri ilə təchiz edilməsi vəziyyətinin
araşdırılması məqsədilə mütəmadi
olaraq monitorinqlər həyata keçirir və yolların zəruri
yol hərəkəti təşkilinin texniki vasitələri
ilə təchiz edilməsi məqsədilə tədbirlər
görür;
3.1.12. avtomobil yollarının,
avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin,
parklanma yerlərinin (avtomobil dayanacaqlarının),
yerüstü və yeraltı keçidlərin, metro
çıxışlarının, velosiped zolaqlarının
inşasına, əsaslı təmirinə, yenidən
qurulmasına və bərpasına dair layihələrə
yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat
infrastrukturuna uyğunluq göstəriciləri nəzərə
alınmaqla rəy verir;
3.1.13. yaşayış
məntəqələrinin ərazilərinin və ya ərazi
hissələrinin planlaşdırılması çərçivəsində
hazırlanan müfəssəl planların layihələrinə
insanların və əmtəələrin daşınması
(yaxın məsafələrə daşımaları həyata
keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri
ilə daşımalar da daxil olmaqla), o cümlədən
insanların (piyada və nəqliyyatla) hərəkət
çevikliyi ilə bağlı tələblərin təmin
olunması baxımından rəy verir;
3.1.14. yol işlərinin
xarakterindən və davametmə müddətindən
asılı olaraq onların başlanmasına razılıq
verir;
3.1.15. müntəzəm
sərnişindaşıma xidmətlərini yerinə yetirən
avtomobil nəqliyyatında mərkəzləşdirilmiş
vahid dispetçer xidməti yaradır və həyata keçirilməsini
təmin edir;
3.1.16. sərnişindaşıma
sahəsinə aid normativ hüquqi aktların müddəalarına
riayət olunmasına nəzarət edir, həmin müddəaları,
habelə sərnişin və baqaj daşınması
qaydalarını pozmuş şəxslər barəsində tədbir
görür və ya müvafiq tədbir görülməsi
üçün aidiyyəti dövlət orqanlarına təqdimat
verir;
3.1.17. sərnişindaşıma
xidmətləri yerinə yetirilərkən ətraf mühitin
mühafizəsinin təmin edilməsinə dair tələblərə
riayət olunmasına nəzarət edir;
3.1.18. marşrut
istiqamətləri üzrə avtobusların sayının
yuxarı həddini müəyyənləşdirir;
3.1.19. qanunla
müəyyən edilmiş hallarda və qaydada sərnişindaşıma
sahəsində icazələrin verilməsini və ləğvini
təmin edir;
3.1.20. avtomobil
yollarında tıxac yaranması səbəblərini
araşdırır, təhlillər aparır və müvafiq
təkliflər verir;
3.1.21. avtomobil
yollarında tıxac yaranmaması və nəqliyyat
axınının tənzimlənməsi üçün
ticarət, iaşə, sənaye və tikinti obyektlərinə,
habelə həmin obyektlərdən
yükdaşımaların iş rejiminə dair təkliflər
hazırlayır;
3.1.22. sərnişindaşıma
xidmətləri yerinə yetirən avtomobil nəqliyyatı
sürücülərinin peşə fəaliyyətinə və
davranışına dair xüsusi proqram üzrə
hazırlıq keçməsini təşkil edir və həyata
keçirir;
3.1.23. sərnişindaşıma
xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı
bazasının möhkəmləndirilməsi məqsədilə
investorların cəlb olunmasını təşviq edir;
3.1.24. sərnişindaşıma
sahəsində daşıyıcılar arasında azad rəqabətin
təmin olunması, habelə sərnişindaşıma xidmətlərindən
istifadə edən hüquqi və fiziki şəxslərin
qanuni maraqlarının qorunması üçün tədbirlər
görür;
3.1.25. inzibati xətalar
haqqında işlərə baxır, təqsirkar şəxslərə
müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri
tətbiq edir;
3.1.26. qabaqcıl
beynəlxalq təcrübə nəzərə alınmaqla, sərnişindaşıma
sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin
edir;
3.1.27. Agentliyə ayrılan büdcə
vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən
təyinatına uyğun, səmərəli istifadə
olunmasını təmin edir;
3.1.28. dövlət
sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər,
habelə təhlükəsizlik tədbirləri görür;
3.1.29. yol hərəkəti
iştirakçılarının hərəkətin məhdudlaşdırıldığı
və ya qadağan edildiyi avtomobil yolları, habelə
tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət
intensivliyi barədə real vaxt rejimində məlumatlandırılması
üçün tədbirlər görür;
3.1.30. öz fəaliyyəti
haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin
saytda yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin edir;
3.1.31. Agentliyin strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində tədbirlər
görür;
3.1.32. Agentliyin fəaliyyəti ilə
bağlı daxil olan müraciətlərə baxır və
müvafiq tədbirlər görür;
3.1.33. Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər vəzifələri yerinə yetirir.
4. Agentliyin
hüquqları
4.1. Öz vəzifələrini yerinə
yetirmək üçün Agentliyin aşağıdakı
hüquqları vardır:
4.1.1. fəaliyyət
istiqamətlərinə uyğun olaraq, hüquqi aktların
layihələrini hazırlayıb təqdim etmək və ya
onların hazırlanmasında iştirak etmək;
4.1.2. sərnişindaşıma
sahəsi ilə bağlı daşıyıcılardan məlumatlar
(sənədlər) almaq üçün sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.3. reysdənkənar
hallarda saxlanılması üçün müvafiq
duracaqları olmayan ümumi istifadədə olan nəqliyyat
vasitələri ilə müntəzəm sərnişindaşımaları
həyata keçirən nəqliyyat vasitələrinin
Agentliyin avtomobil qarajlarında və istehsalat bazalarında müqavilə
əsasında ödənişli qaydada saxlanılması
üçün şərait yaratmaq;
4.1.4. ümumi
istifadədə olan nəqliyyat vasitələri ilə
müntəzəm sərnişindaşımanı təşkil
edən və nəqliyyat vasitələrinin texniki vəziyyətinin
reysqabağı yoxlanılması, eləcə də
onların sürücülərinin reysqabağı tibbi
müayinəsi üçün müvafiq şəraiti
olmayan hüquqi şəxslərə və ya fərdi
sahibkarlara belə yoxlama və müayinələrin müqavilə
əsasında ödənişli qaydada həyata keçirilməsindən
ötrü şərait yaratmaq;
4.1.5. sərnişinlərin
gediş haqqını ödəməsini asanlaşdırmaq
üçün dayanacaq məntəqələrində
elektron avadanlıq quraşdırılmasını təmin
etmək;
4.1.6. sərnişindaşıma
sahəsi üzrə xarici dövlətlərin təcrübəsini
öyrənmək;
4.1.7. fəaliyyət
istiqamətlərinə uyğun rəy vermək, təhlillər
və ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək;
4.1.8. xüsusi
bülletenlər və digər nəşrlər buraxmaq;
4.1.9. müstəqil
ekspertləri və mütəxəssisləri müəyyən
olunmuş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.1.10. Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən edilmiş digər
hüquqları həyata keçirmək.
5. Agentliyin idarə
olunması
5.1. Agentlik öz fəaliyyətində
və idarəetmədə mütərəqqi korporativ idarəetmə
standartlarını tətbiq edir.
5.2. Agentliyin idarəetmə orqanı
onun İdarə Heyətidir.
5.3. İdarə Heyəti Agentliyə
rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
İdarə Heyəti sədrindən və sədrin iki
müavinindən ibarətdir. İdarə Heyəti
üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.
5.4. İdarə Heyətinin sədri
müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin
icrasını İdarə Heyəti sədrinin müəyyən
etdiyi İdarə Heyətinin digər üzvü həyata
keçirir.
5.5. İdarə Heyəti
aşağıdakı vəzifələri yerinə yetirir:
5.5.1. Agentliyin inkişaf istiqamətlərini
müəyyən edir;
5.5.2. təsisçinin
səlahiyyətlərini həyata keçirmək
üçün Azərbaycan Respublikasının Prezidentinə
təkliflər verir və sənədlər təqdim edir;
5.5.3. Agentliyin strukturunu, işçilərinin
say həddini, Agentlikdə əməyin ödənilməsi
formaları və miqdarını, Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
müəyyən edir;
5.5.4. Agentliyin fəaliyyətinə
dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
5.5.5. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı hüquqi aktların layihələrinə
baxır və bu layihələri aidiyyəti dövlət
qurumlarına təqdim edir;
5.5.6. bu nizamnamənin
3.1.27-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitdən
təyinatı üzrə səmərəli istifadə
olunmasını təmin edir;
5.5.7. İdarə Heyəti üzvlərinin
müraciətlərinə baxır və qərar qəbul
edir;
5.5.8. müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və işçilərin
say həddi daxilində Agentliyin Aparatının və
qurumlarının strukturunu, ştat cədvəlini və
ayrılmış büdcə təxsisatı daxilində xərclər
smetasını təsdiq edir;
5.5.9. Agentliyin fəaliyyətinə
dair daxili qaydaları, habelə aparatının struktur bölmələrinin,
idarə, filial və nümayəndəliklərinin əsasnamələrini
təsdiq edir;
5.5.10. İdarə Heyətinin və əməkdaşların
fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna
olunmasının qayda və şərtlərini müəyyənləşdirir
və onların icrasına nəzarət edir;
5.5.11. Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat
cəmiyyətlərinin yaradılması və ya onlarda
iştirak barədə, həmçinin idarə, filial və
nümayəndəliklərinin yaradılması haqqında qərar
qəbul edir;
5.5.12. Azərbaycan Respublikası
Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin
dəyərinin 25 faizindən artıq məbləğdə
olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və
aidiyyəti şəxslə dəyəri aktivlərinin 5
faizini və daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul edir;
5.5.13. aidiyyəti
şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək
hissəsini təşkil edən əqdin bağlanması
haqqında qərar qəbul edir;
5.5.14. Agentliyin kənar auditorunu təyin
edir və audit hesabatını qəbul edir;
5.5.15. kənar
auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə
dair tədbirlər görür.
5.6. İdarə Heyətinin
iclasları ayda bir dəfədən az
olmayaraq çağırılır. İdarə
Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü
ilə İdarə Heyətinin üzvü
çıxış edir. İdarə Heyətinin
iclasları İdarə Heyəti üzvlərinin ən
azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada
protokollaşdırılır və müzakirə olunmuş
məsələlərə dair qərarlar qəbul edilir.
İdarə Heyətinin iclasında, hər
üzv bir səsə malik olmaqla, qərarlar sadə səs
çoxluğu ilə qəbul edilir. Səslərin
sayı bərabər bölünərsə, İdarə Heyəti
sədrinin (və ya İdarə Heyətinin onu əvəz edən
digər üzvünün) səsi həlledici sayılır.
Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir.
5.7. İdarə Heyətinin sədri:
5.7.1. Agentliyin fəaliyyətinə rəhbərliyi
həyata keçirir və onu təmsil edir;
5.7.2. İdarə Heyətinin fəaliyyətini
təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir
və iclaslarına sədrlik edir;
5.7.3. öz təşəbbüsü
və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını
çağırır;
5.7.4. öz təşəbbüsü
ilə, habelə İdarə Heyətinin hər hansı digər
üzvünün xahişi əsasında digər şəxsləri
İdarə Heyətinin iclasında iştirak etməyə dəvət
edir;
5.7.5. Agentliyin fəaliyyət istiqamətlərinə
dair qəbul olunmuş aktların icrasını təşkil
edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.7.6. icrası məcburi
olan sərəncam və əmrlər verir;
5.7.7. bu nizamnamə ilə müəyyən
edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun
idarə, filial və nümayəndəliklərinin
işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin
rəhbərlərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi, onlar barəsində həvəsləndirmə
və intizam tənbeh tədbirlərinin görülməsi
barədə qərarlar qəbul edir;
5.7.8. Agentliyin əmlakından bu
nizamnamədə nəzərdə tutulmuş məqsədlərə
uyğun istifadə olunmasına nəzarət edir;
5.7.9. Agentliyin vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.7.10. bu nizamnamə
ilə müəyyən olunmuş səlahiyyətlər
çərçivəsində Agentliyin adından əməliyyatlar
aparır, müqavilələr bağlayır və onların
yerinə yetirilməsini təmin edir;
5.7.11. Agentliyin fəaliyyət istiqamətləri
üzrə dövlət sirrinin və məxfilik rejiminin
qorunması üçün zəruri tədbirlər
görür;
5.7.12. Agentliyin fəaliyyət istiqamətləri
üzrə məşvərətçi komitələr və
işçi qruplar yaradır;
5.7.13. İdarə Heyətinin fəaliyyətinin
təşkili ilə bağlı digər tədbirlər
görür.
5.8. İdarə Heyətinin üzvləri:
5.8.1. İdarə Heyətinin səlahiyyətlərinə
aid olan məsələlərin həllində iştirak edirlər;
5.8.2. İdarə Heyətinin
iclasının gündəliyi ilə və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən tanış
olurlar;
5.8.3. İdarə Heyətinin qəbul
ediləcək qərarlarına dair fikir bildirirlər;
5.8.4. İdarə Heyətinin səlahiyyətlərinə
aid məsələlərə İdarə Heyətinin
iclaslarında baxılması barədə təkliflər
verirlər;
5.8.5. İdarə Heyətinin qərarları
ilə, iclas protokolları ilə və digər sənədlərlə
tanış olurlar.
5.9. İdarə Heyətinin üzvləri
İdarə Heyətinin iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, İdarə Heyəti
üzvünün adına xələl gətirə
biləcək hərəkətlərə və
çıxışlara yol verməməlidirlər.
6. Agentliyin nizamnamə
fondu, əmlakının formalaşma mənbələri,
maliyyə fəaliyyətinin əsasları
6.1. Agentliyin ilkin nizamnamə fondu
1.000.000 (bir milyon) manatdır.
6.2. Agentliyin əmlakı nizamnamə
fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə
dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən
əldə edilmiş gəlirlərdən, ianələrdən,
qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan
edilməyən digər vəsaitlərdən
formalaşır.
6.3. Agentlik tərəfindən
borcların (kreditlərin) alınması Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182
nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Dövlətə məxsus olan hüquqi şəxslərin
daxili və xarici borcalması Qaydası”nın tələblərinə
uyğun olaraq həyata keçirilir.
6.4. Agentlik öz əmlakından
yalnız bu nizamnamə ilə müəyyən olunmuş məqsədlərə
uyğun istifadə edir. Agentlik istifadəsində
olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata
keçirir.
6.5. Agentlik qanunda nəzərdə
tutulmuş vergiləri və digər məcburi ödənişləri
müəyyən edilmiş qaydada ödədikdən sonra
Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə,
filial və nümayəndəliklərinin fəaliyyətindən
əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş
fondlarda cəmləşdirmək və həmin vəsaitlər
üzərində müstəqil sərəncam vermək
hüququna malikdir.
6.6. Agentlik bu nizamnaməyə əsasən
göstərdiyi xidmətlər nəticəsində daşınar
və daşınmaz əmlak, o cümlədən bina,
avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə
edə bilər.
6.7. Agentliyin xidmətlərinin qiymətləri
tənzimlənən qiymətlərə aiddir.
7. Agentlikdə
uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik
hüquqi şəxslər üçün müəyyən
edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə
hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq statistik uçot aparır, statistik hesabatları tərtib
və təqdim edir.
7.3. Agentlik xalis aktivlərinin dəyərinin
25 faizindən artıq məbləğdə olan əqdin
(xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə
məlumatı, illik maliyyə hesabatını öz mətbu
orqanında dərc etdirməyə və Agentliyin internet səhifəsində
yerləşdirməyə borcludur.
7.4. Agentlik idarə, filial, nümayəndəlik
və təsərrüfat cəmiyyətlərinin, həmçinin
tabeliyində olan digər qurumların maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılmasını təmin edir.
8. Audit
8.1. Agentlik daxili audit xidmətini təsis
edir. Daxili audit xidməti “Daxili audit haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri
yerinə yetirir.
8.2. Agentliyin maliyyə-təsərrüfat
fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə və
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.
9. Agentliyin fəaliyyətinə
nəzarətin forması və əhatə dairəsi
9.1. Agentliyin fəaliyyətinə nəzarəti
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir.
9.2. Agentliyin fəaliyyətinə
dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə
təqdim edilir.
10. Agentliyin yenidən
təşkili və ləğvi
10.1. Agentliyin ləğvini və
yenidən təşkilini Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir.
10.2. Agentlik ləğv
edildikdə, onun əmlakına Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq sərəncam verilir.
Azərbaycan.- 2018.-4 aprel.- S.6.