Azərbaycanın və Türkiyənin daxili işlər orqanları arasındakı səmərəli əməkdaşlıq məmnunluq doğurur

 

Aprelin 3-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ramil Usubov müstəqillik qazandıqdan sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətlərini, dahi şəxsiyyətin “Bir millət, iki dövlət” fəlsəfəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xatırladıb. Nazir dövlətlərimizin başçılarının səmimi, mehriban dostluqları, siyasi iradələri və qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla vurğulayıb.

İkitərəfli əlaqələrin mövcud durumundan danışan Ramil Usubov rəhbərlik etdiyi qurumun qardaş ölkənin Daxili İşlər Nazirliyi ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq, buna görə təşəkkürünü bildirib.

2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir həmin olayların Azərbaycanda da böyük narahatlıq yaratdığını, dövlətçiliyə, demokratiyaya, xalqa, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətin respublikamızda şiddətlə qınandığını nəzərə çatdırıb. O, antikonstitusion əməllərin qarşısının alınması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində vəziyyətin qısa zamanda sabitləşməsindən, dost dövlətin iqtisadi, siyasi və hərbi qüdrətinin getdikcə artmasından və beynəlxalq arenada nüfuzunun yüksəlməsindən məmnunluğunu ifadə edib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Əbdülhəmid Gül iki ölkənin müvafiq orqanları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.

 

Azərbaycan.- 2018.- 4 aprel.- S.4.