Azərbaycan və Türkiyə hüquqi
sahədə səmərəli əməkdaşlıq edir
Dost və qardaş Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. 2001-ci ildə ulu öndər Heydər Əliyevin Türkiyəyə səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol imzalanaraq, hüquqi əməkdaşlığın genişləndirilməsinə təkan verilib, müqavilə-hüquq bazası möhkəmləndirilib, ədliyyə nazirlərinin qarşılıqlı səfərləri və birgə tədbirlər keçirilir, geniş hüquqi yardım göstərilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül geniş tərkibli mötəbər nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.
Aprelin 3-də qonaqlar əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin və şəhid türk əsgərinin məzarını ziyarət edib, onların əziz xatirəsinə dərin ehtiramını bildiriblər.
Sonra Ədliyyə Nazirliyində Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ilə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül arasında görüş keçirilib.
Tarixən qədim köklərə malik olan ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini bildirən F.Məmmədov ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamını xatırladıb. Nazir ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində dövlətlərimizin başçılarının müstəsna rolunu vurğulayıb, hazırkı səfərin iki ölkənin ədliyyə orqanları arasında əməkdaşlığın genişlənməsinə əlavə təkan olacağını bildirib.
F.Məmmədov ölkəmizin ədliyyə tarixinə toxunaraq nazirliyin bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmasından və fəaliyyətindən bəhs edib. Nazir son illər ölkəmizdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan və yeniliklərdən danışıb, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirakını, ötən il Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin qardaş ölkədə yarım aylıq təcrübə keçdiyini xüsusilə vurğulayıb.
Türkiyənin ədliyyə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin dünyada bənzəri olmadığını və bu əlaqələrin bütün sahələrdə durmadan inkişaf etdiyini söyləyib. O, xarici dövlətə ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edərək səfər zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunmasından şərəf duyduğunu söyləyib.
Əbdülhəmid Gül Türkiyənin məhkəmə-hüquq sistemindən danışaraq aparılan islahatlar barədə məlumat verib, yaxşı təcrübələrin öyrənilməsinin faydasını qeyd edib. Qonaq iki ölkənin Ədliyyə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
Söhbət zamanı ölkələrimizin hər zaman bir-birinin yanında olduğu vurğulanıb. Qardaş ölkədə xalqın qəhrəmanlığı sayəsində qarşısı alınan 15 iyul hərbi çevriliş cəhdinin yaşandığı ağır günlərdə Azərbaycan xalqının və Prezidentinin Türkiyəyə dəstək göstərdiyi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyi xüsusilə vurğulanıb. Türkiyənin ədliyyə naziri 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsinə ehtiramını ifadə edib, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri qətiyyətlə qınayıb.
Görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, hüquqi yardımın səmərəliliyinin artırılması və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2018.- 4 aprel.- S.4.
Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi ilə də tanış olub. Qonaqlara müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilib.
Həmin gün türkiyəli nazirin bir sıra rəsmi görüşləri olub.
Qonaqların, həmçinin Bakının müasir rəmzlərindən sayılan Heydər Əliyev Mərkəzi, eləcə də paytaxtın mədəni və tarixi abidələri, habelə Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.