Xüsusi təyinatlı Samid
“Yeni evimizə köçməyə hazırlaşırdıq. Martın 28-i Samidin iş yerinin yanında xidməti evə baxıb bəyənmişdik, hətta müəyyən ev əşyalarını da aparmışdıq. Sevinirdim ki, bundan sonra işlə ev bir-birinə yaxın olacaq, Samidi çox görəcəyik, daha onun yolunu saatlarla, günlərlə gözləməyəcəyik”. İki il əvvəl Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Milli Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin mayoru, Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova ömrünün ən xoşbəxt anlarını böyük nisgillə xatırlayır...
Amma taleyin yazısı fərqli imiş: ailəsi haradan biləydi ki, bir gün sonrakı tarix Samidin onlarla keçirdiyi, övladlarını gördüyü son gün olacaq və onun yolunu ömrü boyu gözləyəcəklər...
Samid İmanov nümunəvi zabit idi, qəhrəmanlığı ilə fərqlənməyi bacarmışdı. Məlum aprel zəfərinin ikinci ildönümü ərəfəsində bizi onun ailəsinin və iki azyaşlı övladının yaşadığı Qaradağ rayonu Lökbatan qəsəbəsi, massiv 4-də yerləşən ünvana aparan da Azərbaycan zabitinin qəhrəmanlığı və unudulmaz xatirəsi idi...
Hərbi təlimlər və yüksək dərəcəli
kurslar onu polad kimi əyilməz etmişdi
Samid İmanov 35 illik ömür yoluna, 18 illik xidmət illərinə bir ömür dolusu nümunəvi zabitin həyatını, uğurlarını edə biləcəklərini sığışdıra bilmişdi. 1981-ci ilin oktyabrında Neftçalanın Həsənabad qəsəbəsində dünyaya göz açan Samid 1988-ci ildə rayon 1 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Lap erkən yaşlarından hərbçi olmaq istəyir. Azərbaycan torpaqlarının düşmən tapdağında olması onun hərb sənətinə marağını daha da artırır. 1998-ci ildə həmin məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Hərbi məktəbi uğurla başa vuraraq zabit rütbəsi ilə fərqlənmə diplomu alır. Samidin ailənin birinci oğul övladı olması, bir az da işgüzarlığı onu kiçik yaşlarından zəhmətə qatlaşdırmışdı. Bu xüsusiyyəti onun tez bir zamanda peşəkar hərbçi kimi formalaşmasına da öz təsirini göstərir.
Samid təkcə oxuduğu ali hərbi məktəblə kifayətlənməyib, xüsusi hərbi kurslarda da özünü sınayıb və peşəkarlığını gündən-günə artıra bilib. 2003-cü ildən etibarən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib. Kurslarda və hərbi təlimlərdə qazandığı təcrübə döyüşdə Samidin və silahdaşlarının sərrast olmasında, xüsusilə qələbəsində əsas amillərdən olub. O, Aprel döyüşlərinə qədər dəfələrlə ermənilərin bağrını yarıb geri otuzdura bilmişdi. 2014-cü il avqust ayının əvvəllərində təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərlik etdiyi dəstə düşmənə həmlə edib əməliyyat keçirmişdi. Döyüş nəticəsində Ermənistan silahlı qüvvələrinin onlarca hərbi qulluqçusu məhv edilmişdi.
Samid İmanovun mükafat və təltifləri də yüksəkdir. O, “Hərbi xidmətdə fərqlənməyə görə” II və III dərəcəli, “Qüsursuz xidmətə görə” III dərəcəli medal və digər mükafatlarla təltif olunub.
“Heç
olmasa, bir il gec bizi
tərk etsəydi, Fidan atasını
xatırlayardı”
Badam xanım Samid haqqında danışdıqca kövrəlir, ömür-gün yoldaşının onları əbədi tərk etməsinə hələ də inana bilmir. Samidin qətiyyətli hərbçi xarakteri ailəsinə də sirayət edib. Həyat yoldaşı nə qədər çətin olsa da, ayaqda durmağı bacarıb, başını dik tutaraq Samidin yadigarlarını şərəflə böyüdəcəyinə söz verib: “Heç ağlıma gəlməzdi ki, yoldaşım uşaqlarını və məni ömrü boyu gözü yolda qoyar. “Məni bir dəqiqə belə xəbərsiz buraxma” deyən Samid özü bizi bir ömür tək buraxdı. Yeganə təsəllimiz yoldaşımın vətən yolunda qəhrəmancasına şəhid olmasıdır”.
Samidin Fidan və Turan adında iki gül balası qalıb. Samid onlarla sonuncu dəfə vidalaşanda Fidanın iki yaşı var idi, Turan isə 40 gündən bir az artıq idi ki, dünyaya göz açmışdı. Atası oğlunun dünyaya gəlişinə çox sevinmişdi, yəqin, onu da özü kimi mərd böyüdəcəkdi. Əhd etmişdi ki, oğlum olsun, onunla doyunca gəzəcəyəm, əlindən tutub işlədiyim hərbi hissəyə aparacağam ki, qoy kiçik yaşlarından hərb sənətini sevsin. Amma oğlunu cəmi iki dəfə qucağına götürmək imkanı oldu. Yoldaşı deyir ki, heç Turanın atası ilə şəkli də yoxdur.
Samidin ömür-gün yoldaşı Badam İmanova qohumudur. 2013-cü ildə ailə qurublar. Cəmi 3 il qoşa həyat sürdülər, tale onların yolunu tez ayırdı. Badam xanım deyir ki, Samid çox qayğıkeş, diqqətcil ailə başçısı idi, az danışar, amma sakit baxışları ilə çox şey deyərdi. O, Samidin heç vaxt təmkinini pozmadığını, peşəsinin çətinliyini və riskli olduğunu ailəsinə bildirmədiyini deyir: “Elə olurdu ki, günlərlə üzünü görmürdük, hər dəfə təlimdə olduğunu deyirdi. Elə bil hərb sənəti üçün dünyaya gəlmişdi, peşəsini çox sevirdi. Sonuncu dəfə gedəndə elə bil bizimlə vidalaşırdı, uşaqlarının başına dolandı, onları bağrına basıb öpdü. Qayıdan kimi də yeni evimizə köçməli idik. Bəzən deyirəm, ay Samid, heç olmasa bir il də gözləyəydin, bəlkə Fidanın yadında qalardın”.
Yaralı olsa da,
öz əvəzinə gizirin
döyüş meydanından
çıxarılması əmrini verir
İki il öncə - aprelin 3-dən 4-nə keçən gecə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş zamanı mayor Samid İmanov ağır yaralanır. Əsgərlər onu döyüş meydanından çıxarmaq istəsələr də, o buna qəti surətdə etiraz edir və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr edir. Özü isə döyüş meydanında güclü qanaxma nəticəsində şəhid olur və ömürlük əbədiyyət zirvəsinə yüksəlir. Bir neçə gün sonra - aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürülüb anadan olduğu Neftçala şəhərinə aparılır, bir gün sonra oradakı Şəhidlər xiyabanında izdihamla dəfn edilir.
Samidin şücaəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi və ailə üzvlərinə şəhidin “Qızıl ulduz” medalı təqdim olundu.
Aprel zəfərindən iki il ötür və hər dəfə bu günləri xatırlayanda Azərbaycan əsgərinin gücü ilə, yenilməzliyi ilə üz-üzə qalırıq, ordumuzun indiyə qədər heç vaxt görmədiyimiz qüdrətinin şahidi oluruq. Samid İmanov kimi igidlərin timsalında Azərbaycan əsgərinin, Silahlı Qüvvələrimizin nəyə qadir olduğunun bir daha şahidinə çevrilirik...
Elnur HADIYEV
Azərbaycan.- 2018.- 4 aprel.- S.9.