Azərbaycan ilə Hindistan arasında iki sənəd imzalanıb
Aprelin 4-də Bakıda Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov
ilə Hindistanın xarici işlər naziri xanım Suşma Svaracın görüşü olub.
AZƏRTAC xəbər
verir ki, görüşdə “Azərbaycan
Respublikası Hökuməti
ilə Hindistan Respublikası Hökuməti
arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
ADA Universiteti və Hindistan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında Anlaşma Memorandumu” imzalanıb.
Sazişi Azərbaycanın
və Hindistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Suşma Svarac, memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev və Hindistan xarici işlər nazirinin katibi Ruçi Qranaşyam imzalayıblar.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan ilə Hindistan arasında tarixi əlaqələr mövcuddur. Bu gün keçirilən görüşdə ölkələrimiz
arasında ticarət,
elm, mədəniyyət, enerji
və digər sahələrdə əməkdaşlıqla
bağlı fikir mübadiləsi aparıldı.
Həmçinin informasiya texnologiyaları
sahəsində əməkdaşlıq
və kadr hazırlığı məsələlərinə
toxunuldu. Hindistanlı nazir Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı ətraflı
məlumatlandırıldı. Hindistan həm Qoşulmama Hərəkatı çərçivəsində,
həm də ayrı-ayrı beynəlxalq
sənədlərdə Azərbaycanın
mövqeyini dəstəkləyir.
Nazir görüşdə hökumətlərarası
komissiyanın iclasının
keçirilməsinin qərara
alındığını da söyləyib. O əlavə
edib ki, Hindistan tərəfi hökumətlərarası komissiyanın
növbəti iclasının
bu ilin mayında
Dehlidə keçirilməsini
təklif edib. “Şimal-Cənub nəqliyyat marşrutlarına
böyük önəm
veririk. Hindistan tərəfi buna
maraq göstərir.
Hindistan şirkətləri Azərbaycanda
qeyri-neft sektoruna sərmayə qoyur”, - deyə o qeyd edib.
Nazir Suşma Svarac görüşün məhsuldar
keçdiyini, ikitərəfli
əməkdaşlığın inkişafına, eləcə
də beynəlxalq,
regional məsələlərə dair müzakirələrin
aparıldığını deyib. O bildirib ki, Hindistan Azərbaycan ilə münasibətlərin
inkişafında maraqlıdır.
Əsrlərboyu mədəni mübadiləmiz
münasibətlərimizin inkişafına
töhfə verib.
Son illərdə Azərbaycana qoyulan sərmayələrin xeyli
artdığını vurğulayan
nazir görüşdə
kənd təsərrüfatının,
o cümlədən pambıqçılığın
inkişafı ilə
bağlı müzakirələr
aparıldığını diqqətə çatdırıb.
Suşma Svarac qeyd edib
ki, Hindistan infrastruktur, biznes və təhsilin inkişafında maraqlıdır. Azərbaycan birgə
müəssisələrin yaradılması,
dərmanların istehsalı
üçün Hindistandan
mütəxəssislər dəvət
edib. “Biz nəqliyyat dəhlizlərinin
yaradılmasında da
maraqlıyıq. Energetika sahəsində
tərəfdaşlıq etməkdən
məmnunuq”, - deyə
o bildirib.
Xanım nazir deyib ki, Hindistan
terroru qlobal təhlükə hesab edir, terrorizmə qarşı mübarizə
sahəsində də
əməkdaşlığın inkişaf etdirilməsinə
ehtiyac var. O, inandığını
bildirib ki, Azərbaycanın
Qoşulmama Hərəkatına sədrliyi
dövründə uğurlu nəticələr
əldə olunacaq.
Azərbaycan.- 2018.- 5 aprel.- S.3.