Dağlıq Qarabağın ilk komendantı olmuş rusiyalı general Bakıda mətbuat konfransı keçirib

 

Mənim rəhbərliyimlə 1990-cı ildə Xankəndidə qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar keçirilirdi. Bunun nəticəsində sabitlik qorunub saxlanılır və böyük toqquşmaların qarşısını almaq mümkün olurdu.

AZƏRTAC xəbər verir ki, bunu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) xüsusi vəziyyət rayonunun ilk komendantı olmuş general-mayor Vladislav Safonov aprelin 4-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Ehtiyatda olan general-mayor qeyd edib ki, o, 1990-cı ilin dekabrında Dağlıq Qarabağı tərk edib. Həmin vaxta qədər Xankəndidəki bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdi. Xankəndidə ermənilər tərəfindən münaqişə ilə bağlı təbliğat-hazırlıq işləri aparılsa da, Azərbaycan buna hazır deyildi.

Vilayətdə yaşayan ermənilərin Qarabağdakı hərbi rəhbərliyin həyata keçirdiyi işlərə əngəl törətmək istədiyini deyən V.Safonov qeyd edib ki, hər yerdə silahlı insanlar gəzirdilər və hər an təxribatlar gözlənilirdi. Onun fikrincə, SSRİ-nin dağılmasına Dağlıq Qarabağ münaqişəsinin alovlanması səbəb oldu. Mərkəzi hakimiyyət, ozamankı Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qətiyyətsizlik nümayiş etdirirdi. Azərbaycanın hakimiyyət orqanları o vaxt Dağlıq Qarabağda baş verənlərə laqeyd yanaşır və susurdu. Onlar münaqişənin qarşısının alınması üçün əməli addımlar atmırdılar.

V.Safonov vurğulayıb ki, Dağlıq Qarabağda komendant olduğu müddətdə ciddi səhvlərə yol verildiyini görürdü. Amma həmin vaxt onun bu barədə kiməsə məlumat verməyə səlahiyyəti yox idi. “Vəzifədən getməzdən əvvəl ovaxtkı Azərbaycan rəhbərliyinə Ermənistanın müharibəyə hazırlaşması haqqında məlumat verdim. Problem təkcə vətənpərvərlik hissi ilə həll oluna bilməzdi, bunun üçün peşəkarlıq lazım gəlirdi. Azərbaycan tərəfdə isə zəriflik açıq-aşkar özünü göstərirdi”, - deyə rusiyalı general əlavə edib.

Mətbuat konfransında 1981-1989-cu illərdə Azərbaycan daxili işlər nazirinin əməliyyat məsələləri üzrə müavini olmuş polis general-mayoru Kamil Məmmədov çıxış edib. O bildirib ki,1988-ci ilin fevralın 12-də Qarabağ hadisələri başlayarkən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi rəhbərliyinin tapşırığı ilə Dağlıq Qarabağa gedib. Orada ermənilərin Dağlıq Qarabağı Ermənistana birləşdirilməsi məqsədi ilə işlər apardığının şahidi olub. Ehtiyatda olan general-mayor qeyd edib ki, Ağdama və Xankəndiyə gedərək vəziyyəti yerində araşdırıb. Həmin günlərdə muxtar vilayətin paytaxtında mitinqlər keçirilirdi. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən çevik polis qrupunun yaradılmasına baxmayaraq, cavab tədbirləri görülməsi üçün siyasi hakimiyyətdən tapşırıq gözləyirdilər. Məhz bu yubanma separatçıların vaxt qazanmasına imkan yaratdı.

General Kamil Məmmədovun sözlərinə görə, sonrakı əməliyyatlar zamanı separatçılardan birinin üzərindən xəritə tapılmışdı. “Xəritədə nəinki Qarabağın, hətta Bakının işğal edilməsinin də nəzərdə tutulduğu açıq-aydın görünür”, – deyə sabiq daxili işlər nazirinin müavini həmin xəritəni mətbuat konfransında nümayiş etdirib. O vurğulayıb ki, Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasının və hadisələrin geniş miqyas almasının əsas günahkarı Mixail Qorbaçov idi.

 

Azərbaycan.- 2018.- 5 aprel.- S.3.