Azərbaycan tam müstəqil siyasət və milli kurs
yürüdən dövlətlərin bayraqdarına
çevrilir
120 ölkəni
birtləşdirən qlobal sülh və əməkdaşlıq
tərəkatına gələn ildən respublikamızın
rəsmən sədrliyi başlayacaq
Aprelin 5-də Bakı Konqres
Mərkəzində “Davamlı inkişaf naminə beynəlxalq
sülh və təhlükəsizliyin təşviq edilməsi”
mövzusunda Qoşulmama Hərəkatının nazirlər
konfransının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib.
Nazirlər konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri olmaqla ümumilikdə 800-dən artıq şəxs iştirak edir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Azərbaycan Respublikası da Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Onu da deyək ki, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.
Konfransdan əvvəl birgə foto çəkdirildi.
Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa MONSERRAT çıxış edərək dedi:
- Sabahınız xeyir Prezident
İlham Əliyev.
Xarici işlər nazirləri,
nazirlər, nümayəndələr, səfirlər, Zati-aliləri.
Biz Azərbaycan Respublikasına, Azərbaycan
Prezidentinə və Azərbaycan Respublikası hökumətinə
Qoşulmama Hərəkatının XVIII nazirlər
konfransında yüksək qonaqpərvərliyə görə
minnətdarlığımızı ifadə etmək istərdik.
Ötən dövrdə əldə olunmuş
nailiyyətləri, milli və beynəlxalq vəziyyəti, o
cümlədən Qoşulmama Hərəkatının rolunu
qiymətləndirmək bu gün bizim üçün
vacibdir. Bundan əlavə, Azərbaycanın bu tədbirə
ev sahibliyini və 2019-cu ildə sədr
ölkə olacağını nəzərə alaraq, mən
Venesuela Bolivar Respublikası Prezidentinin salamlarını
çatdırmaq istəyirəm. Prezident Nikolas
Maduro hər zaman Qoşulmama Hərəkatına dəstək
verib, Azərbaycana da sədrlik fəaliyyətində
uğurlar arzulayır və onun Prezident İlham Əliyevə
xüsusi salamları var. İndi isə
çıxışıma başlamaq istəyirəm.
Zati-aliləri, Prezident
Əliyev, nazirlər, nümayəndə heyətlərinin rəhbərləri,
bacılar və qardaşlar.
2016-cı ilin sentyabrında
keçirilən tarixi Sammitdə Qoşulmama Hərəkatının
sədrliyini qəbul edərkən biz birlik və müxtəliflik
əsasında üzvlüyü təmin etmək, həmçinin
üzv ölkələr arasında həmrəyliyi gücləndirmək,
bu mühüm hərəkatın canlandırılması
prosesində irəliləyişə nail olmaq
üçün üç əsas hədəfi müəyyənləşdirdik. İl
yarımdan sonra bu gün biz qarışıqlıq,
qeyri-müəyyənlik və başqa ölkələrin
suverenliyi üçün problemlər yaratmaq istəyən bəzi
ölkələrin yürütdüyü siyasət nəticəsində
daha da ciddiləşən bir çox
çağırışlarla üzləşirik. Bu, sülh və beynəlxalq həmrəyliyə
ziddir. Bəşəriyyət çox
dinamik və mürəkkəb vəziyyətlə
üz-üzədir. Çünki bəzi
ölkələrin yürütdüyü siyasət getdikcə
daha da eqoist və qərəzli olur. Halbuki
reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və
həmrəylik ruhu hökm sürməlidir. Bu proses
razılaşdırılmış addımlar
üçün səmərəli siyasi platforma olan
Qoşulmama Hərəkatının strukturunun gücləndirilməsi
istiqamətində irəliləməlidir ki, qərarlar beynəlxalq
səviyyədə müsbət təsir, sözün əsl
mənasında, həqiqi təsir göstərə bilsin. Bizim bərabərlik, ölkələrin daxili
işlərinə qarışmamaq, ərazi
bütövlüyü prinsiplərini, bütün mədəniyyətlər,
dinlər və sivilizasiyalara hörmət, insan haqları və
fundamental azadlıqlar, o cümlədən sülh hüququ və
inkişaf hüququna hörməti bir daha təsdiqləməyimiz
bu gün hər zaman olduğundan daha vacibdir. Bizim
üçün əsas məsələ davamlı
inkişafa nail olmaqdan ötrü sülh və beynəlxalq təhlükəsizliyin
təbliğidir. Bu, bizim
apardığımız müzakirələrdə olduqca
böyük əhəmiyyət kəsb edir. Biz birlikdə BMT-nin Nizamnaməsinin əsas prinsiplərini
rəhbər tutaraq beynəlxalq sülh və təhlükəsizliyi,
o cümlədən insan haqlarının inkişafını
gücləndirmək arzusundayıq. Ona
görə də Qoşulmama Hərəkatı sülh və
inkişafın olduğu, daha ədalətli, daha bərabər
beynəlxalq nizamı qura biləcəyimiz bir dünyanın
yaradılmasında çox mühüm rol oynamalıdır.
Bu mənada iki il bundan əvvəl dövlət
və hökumət başçılarının qəbul
etdiyi Dayanıqlı İnkişaf Məqsədləri bizə
həqiqətən inklüziv olan, dəyişə bilən
yanaşmanın olduğu və heç kimin arxada
qalmadığı fərqli bir inkişaf modelini təmin etmək
üçün əsas verir.
Nazir Xorxe Arreasa Monserrat
çıxışında nüvə silahlarının
yayılmamasına dair qəbul olunan sazişin əhəmiyyətini
vurğuladı, bununla bağlı
çağırışların bəşəriyyətin
qorunması istiqamətində atılmış konkret
addım olduğunu dedi və nüvə silahına malik
ölkələri sülh və beynəlxalq təhlükəsizliyi
gücləndirməyə çağırdı. O,
bütün üzv ölkələrin sülh yolunda və
Qoşulmama Hərəkatının tam
canlandırılması istiqamətində birlikdə
addımlamalı olduğunu deyərək, Hərəkatın
dünyada gedən mənfi təzahürlərin
qarşısının alınmasında böyük rol
oynadığını bildirdi və konfransın işinə
uğurlar arzuladı.
Sonra Qoşulmama Hərəkatının
Venesuelanın Marqarita şəhərində keçirilən
sonuncu Sammitindən ötən müddətdə
dünyasını dəyişən prezidentlərin və
liderlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dövlətimizin
başçısı açılış mərasimində
nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
-Təşəkkür edirəm cənab
sədr.
Xanımlar və cənablar,
hörmətli qonaqlar.
Mən Qoşulmama Hərəkatının
nazirlər konfransının iştirakçılarını
salamlayıram və bu mühüm tədbirə ev sahibliyi etməyimizə icazə verdiyinə
görə təşkilata təşəkkürümü
bildirmək istəyirəm.
Yarım əsrdən
çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri
dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın
ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı
dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar
olmasında vacib rol oynayır. Qoşulmama
Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi
bütövlüyü prinsiplərinə, bütün
üzvlərin suverenliyinə və müstəqilliyinə
sadiqdir.
Azərbaycan Qoşulmama Hərəkatının
nisbətən yeni üzvüdür. Biz bu ailəyə
2011-ci ildə qəbul olunduq, dərhal təşkilatın və
onun üzvlərinin dəstəyini hiss etməyə
başladıq. Bu dəstək Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvlüyünə seçilməsi proseduru zamanı
nümayiş olundu. Bu 2011-ci ildə, ölkəmizin təşkilata
qəbul olunduğu eyni ildə baş verdi
və biz tərəfdaşlarımızın güclü dəstəyini
hiss etdik. Bu, o qədər də asan məsələ
deyildi, çünki bizim güclü rəqiblərimiz var idi
və həmin rəqiblər təşkilatımıza
üzv olmayan ölkələr idi. Seçilməyimiz
üçün 16 raund tələb olundu və biz 155 dövlətin
dəstəyi ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və İslam
Əməkdaşlıq Təşkilatının dəstəyi
bizim ən mötəbər beynəlxalq quruma üzv
seçilməyimizdə həlledici rol oynadı.
Bu, bir daha bizim
gücümüzü nümayiş etdirir. Onu nümayiş etdirir ki,
birlikdə olanda nailiyyətlərimiz çox ola
bilər. Bu, üzv dövlətlər
arasında həmrəyliyin təzahürüdür. Bu, eyni zamanda, təşkilatımızın
imkanlarının göstəricisidir. BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan
iki il ərzində orada təşkilatımızın
bütün üzvlərini təmsil etdi. Bəyan
etdik ki, biz uzun illərdir bir çox hallarda pozulan ədalət
və beynəlxalq hüququ müdafiə edəcəyik.
Azərbaycan beynəlxalq hüququn və
ədalətin pozulmasının şahidi olub və bunu öz
üzərində hiss edib. İyirmi beş
ildən artıqdır ki, ölkəmizin ərazisinin bir hissəsi
Ermənistanın işğalı altındadır. Azərbaycanın tarixi torpağı olan
Dağlıq Qarabağ və onun ətrafındakı yeddi
rayonumuz erməni işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən
işğal edilib. Bu işğal nəticəsində
bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. Ermənistan tərəfindən
bizim xalqa qarşı etnik təmizləmə siyasəti həyata
keçirilib. Ermənistan azərbaycanlılara
qarşı Xocalı soyqırımını törədib.
Həmin soyqırımı dünyanın 10
dövləti tərəfindən tanınıb. Ümidvaram ki, üzv dövlətlər də bu məsələni
müzakirə edəcək və insanlığa qarşı
olan həmin cinayətlə bağlı mövqelərini
bildirəcəklər. Xocalı soyqırımı nəticəsində
613 günahsız insan, o cümlədən 106 qadın və
63 uşaq vəhşicəsinə işgəncəyə məruz
qalıb və qətlə yetirilib. Minlərlə
insan yaralanıb və ya itkin düşüb. Bu, insanlığa qarşı olan bir cinayətdir.
Təəssüf ki,
işğal bu günə qədər davam edir. Fürsətdən istifadə
edərək, Qoşulmama Hərəkatının üzv
dövlətlərinə, bu ailəyə təşəkkürümü
bildirirəm ki, təşkilatımızın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəbul etdiyi qətnamədə münaqişənin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həllinə dəstək ifadə edilib. Biz bu
dəstəyə görə çox minnətdarıq. Digər təşkilatlar da oxşar qətnamələr
qəbul ediblər.
BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan
qoşunlarının Azərbaycanın ərazisindən dərhal
və qeyd-şərtsiz çıxarılması tələb
olunur. Təəssüf ki, həmin qətnamələr həyata
keçirilməyib, çünki icra mexanizmi mövcud deyil.
İslam Əməkdaşlıq Təşkilatı, Avropa
Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və
digər aparıcı təşkilatlar Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunmasını tələb
edən qətnamə və qərarlar qəbul ediblər,
lakin onlar icra olunmayıb.
Təəssüflər olsun
ki, beynəlxalq hüququn kobud şəkildə pozulması və
ermənilərin azərbaycanlılara qarşı törətdikləri
soyqırımına baxmayaraq, bu ölkə sanksiyalara məruz
qalmayıb. Münaqişənin əvvəlində Ermənistana
qarşı sanksiyalar tətbiq edilsə idi,
düşünürəm ki, münaqişə çoxdan
öz həllini tapmış olardı. Yəni,
biz münaqişənin beynəlxalq hüququn normaları, Azərbaycanın
suverenliyi və sərhədlərinin toxunulmazlığı
prinsipinə əsasən həllinin tərəfdarıyıq.
İşğal olunmuş ərazilər
tamamilə viran edilib. ATƏT faktların toplanması məqsədilə
oraya iki dəfə araşdırıcı missiya göndərib
və onların hesabatlarına əsasən, bizim bütün
tarixi abidələrimiz, məscidlərimiz, məzarlıqlarımız
və muzeylərimiz erməni vandalları tərəfindən
dağıdılıb. Bu, bizim mədəniyyətimizə
qarşı olan cinayətdir. Azərbaycan ərazisinin
işğalına son qoyulmalıdır və yalnız ondan
sonra regionda sülh bərqərar oluna bilər.
Ermənistan ölkədə
ksenofobiya bəsləyir, bu, bir monoetnik dövlətdir. Orada heç bir başqa
millət yaşamır və Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bu ölkədə yaşayan azərbaycanlılar və
digər millətlərin nümayəndələri orada etnik
təmizləməyə məruz qalıblar.
Ermənistandan fərqli
olaraq, Azərbaycan mədəniyyətlərarası,
sivilizasiyalararası və dinlərarası dialoqun dünya səviyyəsində
tanınmış mərkəzlərindəndir. Biz
multikulturalizm mərkəzlərindən biriyik. Azərbaycanda multikulturalizm dövlət siyasətidir.
2016-cı il ölkəmizdə
“Multikulturalizm İli” elan edilib. Biz multikultural dəyərləri,
dinlərarası sülh və əməkdaşlığı
təbliğ edən çoxsaylı beynəlxalq tədbirlər
təşkil etmişik. BMT-nin Sivilizasiyalar
Alyansının Qlobal Forumu, Dünya Dini Liderlərinin Forumu,
Bakıda mütəmadi qaydada təşkil olunan Mədəniyyətlərarası
Dialoq Forumu və təşkil etdiyimiz digər beynəlxalq tədbirlər
multikulturalizmə öz töhfəsini verir.
Biz 10 il əvvəl
“Bakı Prosesi”nin təşəbbüskarı olduq. Bizim təşəbbüsümüzə əsasən,
İslam Əməkdaşlıq Təşkilatına və
Avropa Şurasına üzv ölkələrin dövlət rəsmiləri
Bakıya dəvət edildi. Azərbaycan hər
iki təşkilata üzv olan nadir dövlətlərdəndir.
Bu iki təşkilatın toplam olaraq yüzdən
artıq üzvü var və bizim məqsədimiz onları
bir araya gətirərək mədəniyyətlərarası
dialoq, etnik və dini zəmində gərginliyin azalması,
dünyada ksenofobiya hallarının ciddi şəkildə
müzakirə olunması, habelə qarşılıqlı
anlaşma üçün platformanın yaradılması idi.
Bizim təşəbbüsümüz
bundan ibarət idi və o, BMT tərəfindən dəstəkləndi. Artıq
“Bakı Prosesi” özünün onilliyini qeyd edir. Bu, misilsiz beynəlxalq platformadır ki, müsəlman
dünyasını və Avropa dövlətlərini birləşdirir,
bütün ölkələr üçün
açıqdır və məqsəd müxtəlif dövlətlər,
müxtəlif dinlər və etnik qrupların nümayəndələri
arasında daha yaxşı anlaşma yaratmaqdır.
Azərbaycan
özünün tarixi ilə qürur duyur. Müxtəlif
dinlərin nümayəndələri ölkəmizdə əsrlər
boyu sülh və ləyaqət şəraitində
yaşayıblar. Bu gün bizim tarixi abidələrimiz
həmin mədəni müxtəlifliyi özündə əks
etdirir. Bizim gücümüz mədəni
müxtəlifliyimizdədir. Multikulturalizmin
alternativi yoxdur. Onun alternativi
ayrı-seçkilik, ksenofobiya və islamofobiyadır. Hesab edirəm ki, bu məsələlər müzakirə
edilməlidir və Azərbaycan bu dəyərlərin təşviqində
öz vacib rolunu oynamaqda davam edəcəkdir.
Dövlətimiz nisbətən
gəncdir. Biz 26 ildir ki, müstəqilik. Biz
müstəqilliyimizi 1991-ci ildə bərpa etmişik.
Bu il biz müsəlman
aləmində ilk demokratik respublika olan, Azərbaycan
xalqının azadlıq və demokratiya arzusunun təzahürü
olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik.
Deyə bilərəm ki, 100 il əvvəl
respublikada fərman qəbul olunaraq, qadınlara səs vermək
hüququ verildi. Bu, 100 il əvvəl
azadlıq səviyyəsini nümayiş etdirən
mühüm addım oldu. Hazırda biz
demokratiya, insan hüquqları dəyərlərinə,
azadlıqlara sadiqik. Lakin müstəqil
ölkə kimi, biz cəmi 26 ildir ki, mövcuduq. Bu illər də, xüsusən ilk vaxtlarda asan
olmamışdır. Ölkəmizdə
çətin problemlər, Ermənistanın
işğalı, daxili çətinliklər, siyasi böhran,
vətəndaş müharibəsi, iqtisadi tənəzzül
müşahidə olunurdu. Bununla belə,
bütün çətinliklərdən çıxa bildik və
hazırda çox sürətli iqtisadi inkişafı
nümayiş etdiririk. İqtisadi
inkişaf müstəqilliyimizin əsasını təşkil
edir. Aydın şəkildə
anlayırıq ki, biz iqtisadi baxımdan güclü
olmalıyıq, digər ölkələrdən və ya
maliyyə mərkəzlərindən asılı olmalı
deyilik. Yalnız bu halda biz müstəqil
siyasət yürüdə bilərik və Azərbaycan bundan
fərəhlənir. Buna görə, biz
diqqətimizi iqtisadi gündəliyimizə yönəltmişik
və güclü iqtisadiyyat yaratmışıq. Bu gün Azərbaycan özünü təmin edən
ölkədir. Biz bir çox ölkələrə
yardım göstəririk. Məlumat vermək
istərdim ki, biz üzv dövlətlərdən olan tələbələrə
universitetlərimizdə təhsil almaları üçün
təqaüdlər ayırmaq qərarını qəbul
etmişik.
Son 15 il ərzində
iqtisadi inkişafımız çox sürətli olmuşdur.
Ümumi daxili məhsul 3,2 dəfə
artmışdır. Fikrimcə, bu, dünya
rekordudur. Eyni zamanda, biz insan kapitalına
böyük sərmayələr yatırmışıq.
Azərbaycanda savadlılıq səviyyəsi
100 faizə yaxındır. Son 15 il ərzində
biz 3100-dən artıq məktəb və 600-dən çox xəstəxana
tikmişik, yaxud təmir etmişik. Əhalimizin demək olar
ki, yarısı, yəni beş milyon vətəndaş
hər il xəstəxanalarımızda ödənişsiz
tibbi müayinədən keçir. Ömür
uzunluğu artır. Buna görə
xalqımızın sosial müdafiəsi siyasətimizin əsas
istiqamətlərindən biridir. Mən dəfələrlə
bəyan etmişəm ki, siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşları, onların rifahı,
sağlamlığı, təhlükəsizliyi dayanır.
Biz insanlarımıza daha yaxşı şəraitlərin
təmin edilməsi üçün əlimizdən gələni
edirik. Bunun üçün biz
güclü, şaxələndirilmiş iqtisadiyyata malik
olmalıyıq.
Son 15 il ərzində
Azərbaycanın əldə etdiyi nailiyyətlərdən
biri yoxsulluğun və işsizliyin kəskin azalması olub.
Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə
düşmüş, işsizlik 5 faiz səviyyəsindədir.
Biz, həmçinin nəzərə almalıyıq ki, son 15
il ərzində Azərbaycan əhalisi 1,5
milyon nəfər artmışdır. Buna görə, yeni
iş yerlərinin açılması bizim üçün
daimi prosesdir. Əlbəttə, bunun
üçün bizə maliyyə ehtiyatları, münbit sərmayə
mühiti lazımdır. Son 15 il ərzində
biz ölkəmizə 230 milyard dollardan artıq vəsaiti
birbaşa sərmayə kimi cəlb edə bilmişik. İqtisadi nəticələrimiz dünyanın
aparıcı maliyyə, o cümlədən iqtisadi təsisatlarının
hesabatlarında yer alır. Davos Dünya
İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyəti
baxımından Azərbaycanı 35-ci yerdə qərarlaşdırıb.
İnklüziv inkişaf indeksinə görə,
Azərbaycan inkişaf edən ölkələr
sırasında üçüncü yerdədir.
Bir sözlə, Azərbaycan
xalqının əldə etdiyi bütün nailiyyətlər
bizim siyasətimiz sayəsində olmuşdur. Biz bunları
hər hansı digər dəstək olmadan əldə
etmişik. Diqqətimizi milli maraqlara aid
olan, strateji əhəmiyyət daşıyan məsələlərə
yönəldirik. Ötən 26 il ərzində
göstərdik ki, inkişafa sadiqsinizsə, həqiqətən
müstəqilsinizsə və insanların taleyi öz əllərindədirsə,
bu halda, siz böyük nəticələr əldə edə
bilərsiniz.
Azərbaycan humanitar
nöqteyi-nəzərdən, həmçinin
marşrutların yaradılması baxımından regional
inkişafda mühüm rol oynayır. Ölkəmiz qitələrin
birləşdirilməsində, qarşılıqlı surətdə
faydalı əməkdaşlıq platformasının
qurulmasında mühüm rola malikdir. Bildirmək
istərdim ki, qitələr arasında dəmir yolu
bağlantısının qurulmasında səylər göstəririk.
Bu gün Şərq-Qərb dəmir yolu dəhlizi
ölkəmizin və qonşularımızın səyləri
sayəsində artıq istismar olunur. Biz bu
layihələri qonşularımızla birgə həyata
keçiririk, çünki marşrutları yaratdıqda, ilk
öncə, sizin qonşularla, sonra isə region ölkələri
ilə yaxşı münasibətləriniz olmalıdır.
Buna görə Şərq-Qərb
daşımalar dəhlizi artıq reallıqdır. Ötən ilin oktyabr ayında Bakıda bu dəhlizin
açılışı oldu. Bu dəhliz
vasitəsilə Asiyadan Avropaya və geriyə malların
daşınmasına sərf olunan vaxt baxımından, ən
azı iki həftəyə qənaət olunur. Bununla belə, bu, bizim göstərdiyimiz səylərin
yalnız bir hissəsidir. Digər
mühüm layihə Cənub-Şimal dəhlizidir. Region ölkələrinin səyləri sayəsində,
həmçinin bu dəhliz də reallığa çevrilir.
Azərbaycan bu dəhlizlərin
yaradılmasına böyük sərmayələr
yatırır və Şərq-Qərb, eləcə də Cənub-Şimal
dəhlizlərinin fəal iştirakçısıdır.
Beləliklə, biz açıq dənizə
çıxışı, eləcə də beynəlxalq
bazarlarla birbaşa əlaqəsi olmayan Azərbaycan kimi ölkəni
Avrasiyanın daşımalar qovşağına çevirə
bildik. Hazırda, biz digər layihə - Cənub-Qərb
dəhlizi üzərində çalışırıq.
Bunun sayəsində, Asiya ölkələri
öz mallarını Cənubi və Mərkəzi Avropaya
çatdıra biləcəklər.
Azərbaycan bir çox mühüm
beynəlxalq tədbirləri təşkil edib. Onların
sırasında, siyasi və iqtisadi forumları, müxtəlif
konfransları qeyd etmək olar. Lakin mən
iki tədbiri xüsusi qeyd etmək istərdim. Çünki bəhs etdiyim region üçün
onların mədəniyyətlərarası dialoq, müxtəlif
millətlərin, ölkələrin və dinlərin
nümayəndələri arasında əməkdaşlıq
və qarşılıqlı anlaşma baxımından
çox böyük mənası var. 2015-ci ildə Azərbaycan
ilk Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində
keçirdi. 2017-ci ildə isə biz IV
İslam Həmrəyliyi Oyunlarını təşkil etdik.
Beləliklə, iki il ərzində eyni
şəhərdə biz Avropa dövlətlərinin, eləcə
də İslam ölkələrinin oyunlarını
keçirdik. Bu da dünyanın bütün
xalqları arasında mədəniyyətlərarası
dialoqa, qarşılıqlı anlaşmaya verilən töhfə
idi.
Azərbaycan Qoşulmama Hərəkatının yeganə üzvüdür ki, “Ekspo 2025”ə öz namizədliyini irəli sürüb. Bu addımın özü göstərir ki, fikrimizcə, biz bu cür mühüm qlobal tədbiri keçirməyə qadirik. Müstəqilliyini cəmi 26 il öncə bərpa etmiş ölkə üçün, hesab edirəm ki, həmin tədbir qazandığımız nailiyyətləri və həqiqi olaraq, müstəqil olduğunuz təqdirdə əldə edilə biləcək nəticələri nümayiş etdirmək fürsəti olardı. Əgər siz heç bir tərəfdən asılı deyilsinizsə, siz bir çox nəticələri əldə edə bilərsiniz. Buna görə mən namizədliyimizə gəldikdə, üzv dövlətlərin dəstəyinə ümid edirəm və bu, həmrəylimizin növbəti təzahürü olacaqdır. Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də, müəyyən dərəcədə, oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik.
Mən bütün qonaqlarımıza bizimlə olduqlarına görə təşəkkürümü bildirmək istəyirəm və konfransın işinə uğurlar arzulayıram. Sağ olun.
***
Nazirlər konfransı
işini çıxışlarla davam etdirdi.
Azərbaycan.- 2018.- 6 aprel.- S.1-2.