Azərbaycanın təşkilata sədr seçilməsi
Qoşulmama Hərəkatı üzvlərinin
ölkəmizə olan etimadının və
Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir
Aprelin 5-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Koreya Xalq Demokratik
Respublikasının xarici
işlər naziri Ri Yon-honun
başçılıq etdiyi
nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı. Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransına böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev gələn ildən ölkəmizin bu mühüm quruma sədrlik edəcəyini və təşkilat çərçivəsində həmrəyliyin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.
Koreya Xalq
Demokratik Respublikasının nümayəndə
heyəti ilə görüşə görə minnətdarlığını
ifadə edən xarici işlər naziri Ri Yon-ho
Azərbaycanın təşkilatın növbəti sammitinə
ev sahibliyi, həmçinin
quruma sədrlik edəcəyi münasibətilə
təbriklərini çatdırdı. Koreya
Xalq Demokratik Respublikasının xarici
işlər naziri vurğuladı ki, Azərbaycanın təşkilata sədr
seçilməsi Qoşulmama Hərəkatı
üzvlərinin ölkəmizə olan
etimadının və Azərbaycanın beynəlxalq aləmdəki
yüksək nüfuzunun göstəricisidir.
Azərbaycan.- 2018.-6 aprel.- S.3.