Birinci demoktarik respublikanın əsasını qoyanlar
bugünkü Azərbaycanı görə bilsəydilər,
ölkəmizlə fəxr edirlər
İlham
Əliyev: "Əməyimin nəticələrini görmək
ən böyük sevincdir. Görəndə ki, nəzərdə
tutulan işlər yerinə yetirilib,
görəndə ki, Azərbaycanın
inkişafının bu və ya digər sahəsində irəliləyiş
var, bu mənə böyük mənəvi zövq verir"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin
baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə
verib.
-Cənab
Prezident, İlham Heydər oğlu, Sizinlə görüşmək
imkanına görə çox sağ olun. Biz Sizinlə
Azərbaycanda prezident seçkilərinə bir neçə
gün qalmış görüşürük. Bu beş ilə
yaxın müddət çox tez keçdi.
Düşünürəm ki, Sizin üçün bu illər
bəlkə də bir an kimi keçdi. Amma hər halda, bu son
beş ilin Sizin üçün, ölkəniz
üçün nə ilə əlamətdar olduğunu bir
neçə kəlmə ilə deyərdiniz, hərçənd,
bunu bir neçə kəlmə ilə ifadə etmək yəqin
ki, çətindir.
-Mənim fikrimcə, əsas məsələ ondan ibarətdir ki, bu illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutduqlarımızın hamısı yerinə yetirilib. Bizim nailiyyətlərimiz beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni, mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir. Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğu da xeyli azalda bilmişik. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir.
-Siz iqtisadiyyat barədə danışdınız və
bu, çox vacibdir. Amma hər halda tarix baxımından Azərbaycan
gənc ölkədir. Əslində, inkişaf etmiş siyasi
sistemə malik olan bir dövlət kimi Azərbaycanın hələ
30 yaşı da yoxdur. Siz Azərbaycanda hansı siyasi
islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf
üçün, ölkədə siyasi islahatlar
üçün daha nə etmək lazımdır?
-Şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik. Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb.
Bizim hələ inkişaf etdirməli olduğumuz istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etmək istərdim. Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.
-İlham Heydər oğlu, Siz Azərbaycanın
iqtisadiyyatda qazandığı uğurların ekspertlər tərəfindən
yüksək qiymətləndirilməsindən
danışanda, əlbəttə, bu, ilk növbədə, Azərbaycanın
iqtisadi müstəqilliyinin nəticəsidir. Bu iqtisadi müstəqilliyin
təməli Azərbaycan Prezidenti, ümummilli lider Heydər
Əlirza oğlu Əliyev tərəfindən qoyulub. Lakin belə
demək ədalətli olardı ki, tam iqtisadi müstəqillik,
sözün həqiqi mənasında, son beş ildən bir qədər
artıq müddətdə qazanılıb. Bununla əlaqədar
Siz sosial-iqtisadi inkişafın hansı istiqamətlərini
daha prioritet hesab edirsiniz? Sizin fikrinizcə, Azərbaycan
hansı sahələrdə daha böyük uğurlar
qazanıb, hansı istiqamətləri isə hələ
inkişaf etdirmək lazımdır?
-Bəli, siz tamamilə haqlısınız. Bizim fəaliyyətimizin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub, bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir. Buna görə də bu, bizim fəaliyyətimizin başlıca istiqaməti olub və bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Bir neçə rəqəm göstərə bilərəm: son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, zənnimcə, bu, dünya rekordudur. Çox böyük investisiya layihələrinə baxmayaraq, bizdə xarici borcun sabitləşdirilməsi üzrə də iş aparılıb. Bu gün xarici borc ümumi daxili məhsulun təxminən 20 faizinə bərabərdir. Mən qarşıdakı illərdə bu borcun xeyli azaldılması barədə göstərişlər vermişəm. Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub.
- Bunlar xarici sərmayələrdir?
-Bunun yarısı xarici, yarısı daxili sərmayələrdir. Bu da həm Azərbaycan dövlətinin, həm də Azərbaycanın özəl sektorunun fəal investisiya siyasətinə dəlalət edir. Buna görə də bütün bunlar bu gün tamamilə təmin olunmuş iqtisadi müstəqilliyin əsasını təşkil edir.
Son illərin sanballı uğurları arasında bizim enerji sektorunda nailiyyətlərimizi də qeyd etmək istərdim. Biz elektrik enerjisini idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilmişik. Yaxın keçmişdə qazı da idxal edirdik, indi qazın ixracatçısına çevrilmişik. Bizim həyata keçirdiyimiz iri neft-qaz layihələri böyük maliyyə resurslarını akkumulyasiya etməyə imkan verir. Biz həm ölkə daxilində, həm də regional miqyasda nəqliyyat infrastrukturuna çox fəal şəkildə sərmayə qoymuşuq, bununla da gələcəkdə davamlı inkişaf üçün təməl yaratmışıq.
Hələ görülməli işlərə gəldikdə isə, əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin davam etdirilməsini, neft-qaz amilindən müəyyən dərəcədə asılılığın azaldılmasını və qeyri-neft sektorunda ixracın artırılmasını qeyd etmək istərdim. Məhz bu istiqamətlərdə fəal iş aparırıq. Son 2-3 ilin nəticələri çox sanballıdır. Biz qeyri-neft sektorunda ixracı 20-30 faiz artırmışıq və gələcəkdə əlbəttə ki, bu məsələ ən prioritet mövzulardan biri olacaq. Qeyd etməliyəm ki, bəzi ölkələrdən fərqli olaraq biz daim yeni iş yerləri yaradılması üzərində çalışırıq. Son 15 ildə 1 milyon 400 min iş yeri yaradılıb. Lakin bu illər ərzində Azərbaycan əhalisinin sayı 1 milyon 500 min nəfər artıb. Zənnimcə, bu da iqtisadi artımın indikatorudur. Buna görə iqtisadiyyatımız bizim demoqrafiyanı daim qabaqlamalıdır. Mən hökumətin qarşısında bu vəzifəni qoymuşam və biz bu istiqamətdə işləyirik.
Buna görə yeni istehsalatların, əhalinin daha artıq sayı üçün nəzərdə tutulan sosial infrastrukturun yaradılması qarşıdakı illərdə əsas prioritet olacaq.
-Xəritəyə baxanda
görünür ki, Azərbaycan, belə deyək,
dünyanın heç də ən sakit regionunda yerləşmir,
onun yaxınlığında və ya ondan azacıq uzaqda
müxtəlif münaqişələr baş verir və
düşünürəm ki, bu, müəyyən qədər
narahatlıq doğurur,
eyni zamanda, ölkənin müdafiə qabiliyyətini möhkəmlətməyi
zəruri edir. Bilirəm ki, ordunun möhkəmləndirilməsi
üçün çox iş görülməsi barədə
Siz özünüz də dəfələrlə
danışmısınız. Bu gün Azərbaycanın
müasir silahlarla təchiz olunmuş müasir ordusu var.
Ölkənin həqiqətən, Siz demişkən,
etibarlı şəkildə müdafiə olunması, bu
istiqamətdə möhkəmlənmək üçün
daha hansı işlərin görülməsini vacib hesab
edirsiniz?
-Bəli, siz haqlısınız. Biz bu məsələni daim diqqət mərkəzində saxlayırıq və ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək. Bununla paralel olaraq, təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir.
-Bəzi qonşularınızdan fərqli olaraq Azərbaycan
tarixən multimilli ölkə olub və bu gün də belədir.
Azərbaycanda təkcə iri milli diasporların sayı 10-dan
çoxdur, azsaylı xalqları da nəzərə alsaq, belə
diasporlar onlarcadır. Sizin fikrinizcə, bu millətlərarası
həmrəyliyi, sülhü dəstəkləmək, bu
diasporların bir-biri ilə xoş qarşılıqlı
münasibətlərdə yaşamaları üçün nə
iş görülür və Siz bu fəaliyyəti nə dərəcədə
gərəkli hesab edirsiniz?
-Bilirsinizmi, tarixən iş elə gətirib ki, Azərbaycan həmişə mədəniyyətlərarası, dinlərarası dialoqun yüksək səviyyəsi ilə fərqlənən ölkə olub. Məsələn, əvvəllər multikulturalizm kimi terminlər yox idi, lakin bu, həmişə bizim həyat normamız olub. Müstəqillik illərində biz bu müsbət meyilləri nəinki qoruyub saxlamağa, həm də onları möhkəmlətməyə nail olmuşuq. Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən belədir. Mən dəfələrlə demişəm, bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik.
Azərbaycanın daxilində millətlərarası, konfessiyalararası münasibətlər sahəsində heç bir potensial problem yoxdur. Biz bu istiqamətdə dövlət siyasətini həyata keçiririk. Bu da çox vacibdir ki, cəmiyyət bu siyasəti tamamilə dəstəkləyir. Biz bu müsbət meyillərin regionda da, dünyada da yayılması üçün fəal iş aparırıq. Ona görə ki, biz vakuumda yaşamırıq. Təbii ki, dünyanın istənilən nöqtəsində baş verən, millətlərarası münasibətlərdə gərginliklərlə, mürəkkəbliklərlə bağlı olan proseslər potensial təhlükə mənbəyidir. Buna görə bizim təşəbbüsümüzlə çoxsaylı beynəlxalq tədbirlər keçirilib - Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu. Bu il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. Azərbaycanın təşəbbüsü ilə başlanmış bu prosesin mahiyyəti, qısaca desək, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrlə Avropa Şurasının üzvləri olan ölkələr arasında məhz mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq səylərini əlaqələndirməkdən ibarətdir. Biz bunu bu istiqamətdə uğurlarımızı nümayiş etdirmək üçün deyil, bu müsbət meyillərin möhkəmlənməsi üçün edirik. Zənnimcə, qısa şəkildə şərh etsək, millətlərarası, dinlərarası həmrəyliyin bu cür yüksək səviyyəsinə necə nail olmağımız onunla bağlıdır ki, biz bu barədə yalnız danışmırıq, həm də bu istiqamətdə düşünürük və fəaliyyət göstəririk. Əgər dünyada bu cür yanaşma üstünlük təşkil etsə, bu zəmində problem olmayacaq.
-Siz konfessiyalararası sülh barədə
danışdınız. Bu, doğrudan da belədir. Mən
canlı şahid olmuşam ki, Novruz bayramı günlərində
məscidlər dolu olur, pravoslavların Pasxa bayramında
pravoslavlar rus kilsəsinə gəlir, sinaqoqda həmişə
yəhudi dininə etiqad edən insanlar olur. Azərbaycan
dünyəvi dövlətdir, lakin, eyni zamanda, müsəlman
ölkəsidir. Sizin üçün sirr deyil ki, bəzi
radikal islamçı qruplaşmaların inkişaf etməsi
qorxusu var. Azərbaycan üçün bu təhlükə,
radikal qruplaşmaların buraya soxulması təhlükəsi
nə dərəcədə ciddidir? Siz buna qarşı
mübarizə aparmağı nə dərəcədə zəruri
hesab edirsiniz və bunu necə etmək olar?
-Bilirsinizmi, potensial baxımdan bütün müsəlman ölkələrində bu cür təhlükə var. Əsas məsələ hökumətin, cəmiyyətin buna necə münasibət bəsləməsi, cəmiyyətin vəziyyəti, onun bu ideyanı qəbul edib-etməməsidir. Buna görə biz çoxdan başa düşmüşük ki, radikalizmin ixracına qarşı təkcə inzibati və ya hər hansı başqa tədbirlər vasitəsilə mübarizə aparmaq kifayət deyil. Biz bu cür təhlükəli ideyaların, necə deyərlər, həyat məkanını məhdudlaşdırmalı idik və buna nail olduq. Biz bu məkanı özümüzün fəal hərəkətlərimizlə məhdudlaşdırmalıyıq. Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişafının başlıca qarantı, ilk növbədə, təhsildir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Təhsil məsələlərinə çox böyük diqqət yetirilir. Bunu demək kifayətdir ki, bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil. Müdafiənin səbəbləri aydındır. Təhsil isə məhz onun üçündür ki, Azərbaycan vətəndaşlarının gələcək nəsilləri savadlı olsun və radikalizmdən qoruna bilsinlər. İkinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir. Biz görürük ki, çoxsaylı sosial-iqtisadi problemlər – yoxsulluq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil üstəgəl iqtisadi və sosial inkişafdır. Dediyim kimi, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Əlbəttə, fəal dövlət siyasəti və milli mənlik şüuru ideyalarının, bizim keçmişimizlə bağlı ideyaların, gələcək planlarımızın təbliği – bütün bunlar potensial təhlükələrə qarşı fəal mübarizə aparmağımıza kömək edir. Deməliyəm ki, ölkəmizin daxilində cəmiyyətin radikallaşması ilə bağlı potensial risklər yoxdur. Biz, sadəcə, özümüzü kənardan mənfi və təhlükəli təsirlərdən həm inzibati, həm də sosial-iqtisadi və ideoloji xarakterli tədbirlərlə qorumalıyıq.
-Azərbaycan çoxvektorlu xarici siyasət
yürüdür. Hamı görür ki, Azərbaycanın
xarici siyasi mövqeləri ilbəil möhkəmlənir. Bir
neçə il bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi buna
sübutdur. Siz necə hesab edirsiniz, xarici siyasətin bu istiqamətlərini
nə dərəcədə inkişaf etdirmək
lazımdır? Sizin fikrinizcə, hansı sahələrdə
bəzi ləngimələr, çatışmazlıqlar var və
bu gün xalqların siyasi ailəsində Azərbaycan
özünü necə hiss edir?
-Çox rahat və inamlı hiss
edir. Düşünürəm ki, xarici siyasət
sahəsində biz mümkün olan maksimuma
çatmışıq. Sizin qeyd etdiyiniz kimi, bir
neçə il bundan əvvəl Azərbaycan
155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Birləşmiş Millətlər Təşkilatının
üzvlərinin mütləq əksəriyyəti deməkdir.
Bu onu göstərir ki, biz qısa müstəqillik
dövründə dünyaya özümüzü
böyük hörmət sahibi olan etibarlı ölkə kimi
göstərə bilmişik. Biz xarici siyasətdə
həmişə öz milli maraqlarımızı əsas
götürmüşük və bu gün də belədir.
Xarici siyasət daxili siyasətin
davamıdır. O, daxili problemlərin həllinə
kömək edir. Əlbəttə, mövqeyimiz
həmişə belə olub ki, biz tərəfdaşlarımızla
əlaqələrimizi qarşılıqlı faydalı əməkdaşlıq
vasitəsilə möhkəmlətməliyik və əməkdaşlıq
yolu ilə daha sıx ünsiyyətə və qarşılıqlı
anlaşmaya nail olmalıyıq. Düşünürəm
ki, biz bunu edə bilmişik. Biz öz
xarici siyasətimizi lap əvvəldən elə
planlaşdırmamışıq ki, o, çoxvektorlu və ya
hamı üçün məqbul olsun. Bizim ənənəvi
tərəfdaşlarımızla prinsipial xarakterli bir sıra
məsələlər barəsində fikir
ayrılıqları az deyil. Lakin bu, münasibətlərin başlıca, strateji
xarakterini, bu münasibətlərin həm bizim
üçün, həm də tərəfdaşlarımız
üçün əhəmiyyətini görməyə və
nəticəyə yönəlməyə mane olmur.
Deməliyəm ki, biz beynəlxalq
arenada böyük etimad qazanmışıq və bizimlə
razılaşmaya bilərlər. Lakin
düşünürəm ki, bizə hörmət edir və
etimad bəsləyirlər. Bir daha deyirəm,
bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün
ölkələrlə münasibətlərimiz yaxşı
olsun, lakin bu, hansısa birtərəfli güzəştlər
hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş
səmərəli əməkdaşlıq siyasəti nəticəsində
əldə edilməlidir. Məncə,
bunun nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm
müsəlman dünyasında çox güclü mövqeyə
malikdir, həm də Avropa strukturlarında fəal iştirak
edir və öz mənafelərini qoruyur. Bizim
qonşularla çox yaxşı və sıx, mehriban
münasibətlərimiz var, onlar da bizə yaxşı
münasibət bəsləyirlər. Buna
görə də bizim xarici siyasətimizdə hələ
yaxşılaşdırılmalı və ya düzəliş
edilməli olan istiqamətlər qalmayıb. Məncə, əsas vəzifə bu müsbət
inkişaf vektorunu qoruyub saxlamaqdır. Bu,
regional sabitliyin möhkəmləndirilməsinə şərait
yaradacaq.
-Siz Azərbaycan Respublikasının Rusiya Federasiyası
ilə münasibətlərinin strateji xarakter
daşıması barədə dəfələrlə
danışmısınız. Rusiya Prezidenti
Vladimir Vladimiroviç Putin də bu barədə
danışıb, özü də dəfələrlə. Rusiyada seçkilər keçirildi. Bu vəzifəyə seçilməsi münasibətilə
Rusiya Prezidentini ilk təbrik edənlərdən biri Siz oldunuz.
Ekspertlərin çoxu Rusiya Prezidenti ilə
Sizin münasibətlərinizin xüsusi etimada əsaslandığını
deyirlər. Siz dəfələrlə
görüşmüsünüz. Bununla əlaqədar,
Siz Rusiya-Azərbaycan, Azərbaycan-Rusiya münasibətlərinin
bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
Daha nə etmək lazımdır, bu sahədə nə kimi
çətinliklər var? Digər tərəfdən, bu
münasibətlərin inkişafı üçün iki
liderin bu cür şəxsi əlaqələrini Siz nə dərəcədə
vacib hesab edirsiniz?
-Şübhəsiz, hər
hansı dövlətlərarası münasibətlərdə,
xüsusən qonşu ölkələr, çoxillik tarixi əlaqələri
olan ölkələr arasında münasibətlərdə
liderlərin şəxsi əlaqəsi həmişə
mühüm rol oynayır. Əlbəttə,
Prezident Vladimir Vladimiroviç Putin ilə bizim şəxsi
münasibətlərimiz ölkələrimizin ikitərəfli
münasibətlərinin uğurlu inkişafı
üçün mühüm amillərdən biridir. Bizim tez-tez baş tutan görüşlərimiz, ikitərəfli
və çoxtərəfli formatda əlaqələrimiz ikitərəfli
münasibətlərin, qarşılıqlı
anlaşmanın möhkəmlənməsinə şərait
yaradır. Sizin qeyd etdiyiniz kimi, bizim aramızda çox
etimadlı münasibətlər var, bizdə qapalı
mövzular yoxdur və bizim müdaxiləmizi tələb edən
hər hansı məsələlər yarandıqda hökmən
zəngləşirik və ya görüşürük və
tabeliyimizdə olanlardan kiminsə yol verdiyi qüsurları tənzimləyirik.
Bizim ikitərəfli münasibətlərin bu
çox vacib amili dövlətlərarası əməkdaşlıqda
mühüm rol oynayıb və yenə oynayır. Düşünürəm ki, çox cəhətdən
bizim etimada əsaslanan şəxsi münasibətlərimiz və
ölkələrimizin bir-biri üçün vacib
olmasını anlamağımız sayəsində biz əməkdaşlığımızı
strateji tərəfdaşlıq səviyyəsinə
çatdırmağa nail olmuşuq. Bunu
Rusiya da bəyan edir, Azərbaycan da.
Biz bir sıra məsələlər
üzrə çox sıx qarşılıqlı əlaqə
saxlayırıq. İqtisadi sahədə əmtəə
dövriyyəsi artır, nəqliyyat, energetika sahələrində
birgə layihələr həyata keçiririk. Humanitar əməkdaşlıq çox geniş sahədir.
Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən
çox məktəb var. Azərbaycanın dövlətə
məxsus bütün ali məktəblərində
rus dilində fakültə var. Nisbətən yaxın vaxtlarda
Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin -
Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb
Universitetinin filialları açılıb. Bu
da bizim humanitar əməkdaşlığımızın
mühüm amilidir. Demək istəyirəm
ki, münasibətlərimiz tamdəyərlidir və
düşünürəm ki, qonşular və dostlar
arasında münasibətlər belə olmalıdır.
-Bizdə beynəlxalq
gündəliyə aid daha bir məsələ var. Bu, Xəzər
məsələsidir. Azərbaycan Xəzəryanı
ölkədir. Burada digər Xəzəryanı ölkələrin
– Rusiya, Türkmənistan, Qazaxıstan və İranın da
maraqları var. Bilirəm ki, Xəzərin statusu, Xəzərin
təkindən istifadə edilməsinin bəzi şərtləri
barədə danışıqlar aparılır. Bu danışıqlar hansı mərhələdədir
və Siz bu inkişafın perspektivini necə təsəvvür
edirsiniz?
-Məncə, Xəzər dənizinin
hüquqi statusunun qəti müəyyən edilməsi məsələsində
əhəmiyyətli fakt odur ki, biz düzgün istiqamətdə
irəliləyirik. Qiymətləndirmə və
təhlil tələb edilən bütün məsələlərdə
meyilləri nəzərə almaq lazımdır. Yəni, bu məsələyə dair
qarşılıqlı anlaşmaya nail olmaq meyli hiss olunur və
deməliyəm ki, görülməli olan işlərin
çox hissəsi artıq yerinə yetirilib. Düşünürəm ki, bütün Xəzəryanı
dövlətlər tərəfindən bundan sonra da
nümayiş etdiriləcək xeyirxah iradə bu məsələni
tənzimləməyə və Xəzər dənizinin statusu
məsələsinə bir növ nöqtə qoymağa imkan
verəcək. Bununla bərabər, qeyd etməliyəm
ki, Xəzər dənizinin statusunun tənzimlənməmiş
qalması məsələsi Xəzəryanı dövlətlərin
əməkdaşlığının istər çoxtərəfli,
istərsə də ikitərəfli formatına əsla təsir
göstərmir. Hər halda, Azərbaycana
aid problem yoxdur.
Bizim bütün Xəzəryanı
ölkələrlə çox sıx, səmimi, real məzmunlu
və çox yüksək etimad səviyyəsinə əsaslanan
münasibətlərimiz var. Ona görə
düşünürəm ki, bütün Xəzəryanı
ölkələrin şərik çıxdığı bu
yanaşma – Xəzərin statusu məsələsini
qonşularla münasibətlərin gündəliyində bir
nömrəli məsələ hesab etmək əvəzinə,
qüvvələrimizi bu gün həll edilməsi
mümkün və lazım olan məsələlər üzərində
cəmləşdirməliyik. Bununla da biz həmin
məsələnin tənzimlənməsi üçün zəmin
yaratmış olarıq. Hesab edirəm ki,
beynəlxalq problemlərlə bağlı bütün
başqa məsələlərdə olduğu kimi, burada da
beynəlxalq hüququn, bu tipli məsələlərin tənzimlənməsində
mövcud beynəlxalq praktikanın prinsipləri və tərəflərin
xeyirxah iradəsi ilə bağlı məsələlər əsas
götürülməlidir. Ona görə
də hesab edirəm ki, bu istiqamətdə
görülmüş işlər təqdirəlayiqdir. Bu məsələnin bəzi istiqamətləri üzrə
irəliləmək üçün planlarımız var.
Düşünürəm ki, lap yaxın vaxtlarda biz
yaxşı nəticələr görəcəyik.
-İlham Heydər oğlu, əlbəttə, Sizdən
soruşmaya bilmərəm ki, Dağlıq Qarabağ ətrafında
vəziyyət necə inkişaf edir. Mən başa düşürəm, bu məsələ
yəqin ki, daim Sizin diqqətinizdədir, Prezident kimi peşəkar
fəaliyyətinizdə bu sual var. Minsk qrupu işləyir,
nazirlər görüşür, hərdən bir müxtəlif
formatlı ali səviyyəli görüşlər baş
verir. Amma hər halda məndə belə təsəvvür
yaranıb və əslində güman edirəm,
bütövlükdə ekspert cəmiyyəti də bu fikirdədir
ki, vəziyyət dairə boyunca hərəkət edir. Vəziyyət sanki donma mərhələsindədir.
Bu vəziyyət Azərbaycan üçün nə
dərəcədə məqbuldur? Bununla əlaqədar
hər hansı irəliləyiş gözləmək
olarmı və bu ağrılı vəziyyətin nəhayət
sona çatması üçün hansı addımlar
atılmalıdır?
-Şübhəsiz, indiki vəziyyət
istər Azərbaycan, istərsə də dünya birliyi
üçün məqbul deyil. Xüsusən ona görə ki, vasitəçilik
missiyası mandatına malik olan, Minsk qrupunun həmsədrləri
olan ölkələr – Rusiya, Fransa və ABŞ dövlət
başçıları səviyyəsində birgə bəyanatlarında
dəfələrlə bildiriblər ki, status-kvo qəbuledilməzdir
və o, dəyişməlidir. Biz bu mövqeyə
tamamilə şərikik və bu cür bəyanatları
çox düzgün hesab edirik. Lakin biz
konkret fəaliyyət gözləyirik. Bəyanatlar,
əlbəttə, vacibdir, lakin bizə bu məsələnin tənzimlənməsi
lazımdır. Məsələnin tənzimlənməsi
üçün bütün hüquqi mexanizmlər
mövcuddur. BMT Təhlükəsizlik
Şurası 20 ildən çox bundan əvvəl erməni
qoşunlarının işğal olunmuş ərazilərdən
dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən 4 qətnamə
qəbul edib. Bu qətnamələr öz
qüvvəsini saxlayır və onlar yerinə yetirilməlidir.
Lakin Ermənistan onları yerinə yetirməkdən
imtina edir. Təəssüf ki, bu imtinaya
görə Ermənistana qarşı heç bir sanksiya tətbiq
edilməyib.
Digər beynəlxalq təşkilatlar
da buna oxşar qərarlar və qətnamələr qəbul
ediblər.
ATƏT, İslam Əməkdaşlıq Təşkilatı,
Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası,
Qoşulmama Hərəkatı və digər təşkilatlar
oxşar qətnamələr qəbul ediblər. Ermənistan həmin qətnamələri yerinə
yetirmir. Azərbaycan torpaqlarının
işğalı davam edir. İşğal
nəticəsində bir milyondan çox azərbaycanlı
öz torpağında məcburi köçkün,
qaçqın vəziyyətinə düşüb. Bizim şəhərlərimiz
dağıdılıb, insanlarımız öz yurdlarından
qovulub. Bizə qarşı etnik təmizləmə
həyata keçirilib. Bütün bunlar
faktlar və materiallarla sübut edilib. Bu
cür materiallar kifayət qədərdir. Lakin
məsələnin tənzimlənməməsinin
başlıca səbəbi ondan ibarətdir ki, Ermənistan
status-kvonu dəyişmək istəmir. Ermənilər
sözdə danışıqlar aparmaq arzusunu bildirir, əslində
isə danışıqları imitasiya etməklə məşğul
olur və əllərindən gələni edirlər ki, siz
demişkən, hər şey dairə boyunca təkrarlansın
və bu prosesin sonu olmasın. Bu isə istər
bizim üçün, istərsə də dünya birliyi
üçün qəbuledilməzdir. Buna görə də
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
Ermənistan tərəfindən tezliklə yerinə yetirilməsi,
Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə
tezliklə başlanması, – axı, təkcə
Dağlıq Qarabağ deyil, həm də Azərbaycan
SSRİ-nin Dağlıq Qarabağ Muxtar Vilayətinə
heç bir aidiyyəti olmayan və olmamış 7 Azərbaycan
rayonu da işğal altındadır, – münaqişənin mərhələli
tənzimlənməsində birinci addım olmalıdır və
münaqişə beynəlxalq hüququn normaları və
prinsipləri əsasında həll edilməlidir.
-Siz Azərbaycanın beynəlxalq fəaliyyəti, onun
beynəlxalq fəallığı, Azərbaycanın iri
forumlar, tədbirlər keçirilən məkana çevrilməsi
barədə danışdınız. Belə hallarda Azərbaycan bu tədbirlərin təşəbbüsçüsü
kimi çıxış edib, iştirakçıları dəvət
edib. Yəni, beynəlxalq təşkilatlar, beynəlxalq təsisatlar
öz görüşləri üçün Azərbaycanı
özləri seçirlər, belə nümunələr
çoxdur. Məsələn, hazırda Rusiya-Amerika münasibətlərində
hamı fikir verib ki, Rusiyanın və Birləşmiş
Ştatların Baş Qərargah rəisləri - ABŞ Birləşmiş
Qərargahlarının rəisi general Danford və Rusiya
Baş Qərargahının rəisi, ordu generalı Gerasimov
iki dəfə Bakıda görüşüblər. Bu, Sizin razılığınızla onların
seçimi idi. Mənə belə gəlir ki, bu da Azərbaycanın
dünya arenasında nüfuzunun möhkəmlənməsinin çox
mühüm göstəricisidir. Sizin fikrinizcə, Azərbaycanın,
onun paytaxtı Bakının bundan sonra da ən aktual problemlər
üzrə çoxtərəfli və ya ikitərəfli
görüşlər üçün bir məkan olması nə
dərəcədə vacibdir?
-Bəli, siz haqlısınız, Azərbaycan
həm regional, həm də qlobal əməkdaşlıq məkanına
çevrilir. Biz də Rusiya və ABŞ
ordularının baş qərargah rəislərinin
görüşlərinin keçirilməsi məkanı kimi
Bakının seçilməsi təklifini bizə hörmət
və etimad əlaməti kimi qiymətləndirdik. Biz bunu həm də Azərbaycanın düzgün
qurulmuş xarici siyasətinin daha bir elementi kimi qiymətləndiririk.
Azərbaycan dünya birliyi tərəfindən çox
etibarlı tərəfdaş, dost ölkə kimi qəbul
edilir. Ölkəmiz beynəlxalq, regional və
qlobal əməkdaşlığı təkcə bəyan
etmir, həm də bu işdə konkret mühüm addımlar
atır. Biz artıq çoxlu sayda iri beynəlxalq
tədbirlər, beynəlxalq forumlar, idman tədbirləri –
birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları
təşkil edən ölkəyik. Bu Oyunlar arasında cəmi
iki il vaxt keçib. Bu da
bizim imkanlarımızı, habelə dünyanın bizə
münasibətini nümayiş etdirir. Ona
görə ki, İslam Əməkdaşlıq Təşkilatı
və Avropa Şurası 100-dən çox ölkəni birləşdirir.
Bu, dünya birliyinin yarıdan çoxu deməkdir.
Bunlar əslində dünyanın aparıcı
ölkələridir. Əlbəttə,
düşünürəm ki, biz buna öz əməyimizlə,
öz siyasətimizlə və onun sayəsində nail
olmuşuq ki, Bakı dünya xəritəsində çox məşhur
şəhərə çevrilib.
Onu da deməliyəm ki, son
vaxtlar bizə çoxlu turistlər gəlir. Son
üç ildə turizm çox inkişaf edib. Bütün bunlar bizim həyata keçirdiyimiz fəaliyyətin
nəticəsidir. Azərbaycan sabit ölkədir,
Azərbaycan xalqı öz qonaqpərvərliyi ilə məşhurdur,
ölkəmizdə işləmək, istirahət etmək
üçün hər cür şərait yaradılıb.
Düşünürəm ki, əlbəttə,
gələcəkdə bu cür tədbirlər daha çox
olacaq. Biz öz tərəfimizdən həmişə
çalışırıq ki, sıx əməkdaşlıq
etdiyimiz ölkələrin öz arasında da yaxşı
işgüzar münasibətlər olsun. Biz
bu regionda yaşayırıq. Bu regionda
baş verən bütün hadisələr istər-istəməz
bizə müəyyən dərəcədə təsir edir.
Buna görə də biz
çalışmalıyıq ki, özümüz
üçün riskləri beynəlxalq əməkdaşlıq
vasitəsilə minimuma endirək. Əgər
biz dünyanın aparıcı ölkələri arasında
gərginliyin azaldılması işinə hər hansı
kiçik töhfə verə biliriksə, əlbəttə,
gələcəkdə də bunu edəcəyik.
-İlham Heydər oğlu, bilirsinizmi, Azərbaycanı
sevən insanlar, onun uğurlarını izləyənlər
Azərbaycanın sosial-iqtisadi sahədə, siyasi inkişafda
qazandığı nailiyyətlərə görə sevinməyə
bilməzlər. İndi, seçkilər ərəfəsində
Siz ötən beşilliyə nəzər salaraq deyə bilərdinizmi
ki, bu illər ərzində ən çətin iş nə
olub? Elə hallar olubmu ki, gecələr yuxunuz ərşə
çəkilib, Sizə elə gəlib ki, nə isə
alınmır və daha nə etmək lazımdır? Axı, hər halda seçkilər ərəfəsində
Siz bundan sonrası barədə də
düşünürsünüz?!
-Səmimi deyim ki, yuxusuz gecələr
tələb edəcək dərəcədə narahatlıq
doğuran bir məsələni xatırlamaqda çətinlik
çəkirəm. Bilirsinizmi, elə ciddi
çətinlikləri yada sala bilmirəm. Əlbəttə, işdə elə məqamlar olur
ki, müəyyən məyusluq keçirirsən,
çünki təlimatlar və tapşırıqlar
lazımınca yerinə yetirilmir. Lakin
bütövlükdə bu illər ərzində bizim
bütün işlərimiz plan üzrə gedib. Ona görə mən lap əvvəldən bunu əsas
götürmüşəm ki, dövlətin davamlı
inkişafı yalnız atılmalı addımların
ardıcıllığı, onların prioritetləri
düzgün planlaşdırılmış olduqda
mümkündür və onlar nəticəyə yönəldilməlidir.
Biz həmişə populizmdən, populist
ritorikadan uzaq olmuşuq. Bəzən hətta
çalışmışıq ki, özümüzü o qədər
də nümayiş etdirmədən, sadəcə, ölkənin
uğurla inkişaf etməsi üçün lazım olan
işi görək. Bir daha deməliyəm
ki, bizim daxili inkişafla bağlı məsələlər
sarıdan heç bir çətinliyimiz olmayıb və
düşünürəm ki, olmayacaq.
Vaxtaşırı olaraq yalnız narahatlıq doğuran məsələlər
regional vəziyyətlə bağlı olub: regionda vəziyyətin
kəskinləşməsi bizim vətəndaşlara, ölkəmizə
necə mənfi təsir göstərə bilər və bizim
vətəndaşları və ölkəni risk təhlükəsindən
qorumaq üçün nə etmək lazımdır. Zənnimcə, hər hansı çətinliklər
barədə danışmalı olsaq, bu nümunəni
göstərə bilərdim, o da yalnız o mənada ki, bu
amillər bizdən asılı deyil. Bizim
qərarlarımızdan və hərəkətlərimizdən
asılı məsələlərlə əlaqədar
heç bir çətin məqam yadıma gəlmir. Bir daha deməliyəm ki, hər işimiz plan üzrə
gedib və yolun əvvəlində verdiyimiz bütün vədlər
artıqlaması ilə yerinə yetirilib.
-Onda, icazənizlə,
bu sualı dəqiqləşdirim. Elə həftə olmur ki,
Siz respublikanın rayonlarına, müxtəlif regionlara səfər
etməyəsiniz. Siz insanlarla fəal
görüşlər keçirirsiniz.
Özünüzün haqlı olaraq dediyiniz kimi, populizm Sizə
xas olan cəhət deyil. Lakin, eyni zamanda, insanlar Sizə müəyyən
xahişlərlə, müəyyən suallarla müraciət
edirlər. Müxtəlif regionlar üzrə ümumiləşdirmə
aparsaq, insanları ən çox narahat edən nədir? Onlar Sizə nə barədə müraciət edirlər?
-Bilirsinizmi, burada da həmin müraciətlərin
dinamikası var. Fikrimcə bu, bizim sosial-iqtisadi
inkişafımızın əsas göstəricisidir. Mənim Prezident seçildiyim ilk illərdə
infrastrukturla, məktəblərin, xəstəxanaların bərbad
vəziyyəti, elektrik, qaz, su təchizatının,
yolların olmaması və sair məsələlərlə
bağlı müraciətlər çox olurdu. Lakin bu məsələlər həll edildikcə, əlbəttə,
təkliflər tamam başqa xarakter aldı. Bu gün keçdiyimiz yola nəzər salanda
görürük ki, Azərbaycanda infrastrukturla bağlı
praktiki olaraq bütün məsələlər həll edilib.
Son 15 ildə biz 30-dan çox elektrik
stansiyası istifadəyə vermişik və elektrik enerjisi
ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq.
Son illərdə biz hər il 100 min
hektardan çox suvarılan torpağı istifadəyə
veririk. Bu, kənd təsərrüfatının
inkişafına güclü təkan verir. Bu il də daxil olmaqla son 15 ildə Azərbaycanda
15 min kilometr yol çəkilib. Bunlar əhalini
narahat edən əsas amillər idi. Bundan əlavə, 1
milyon 400 min iş yeri açılıb. Mahiyyət
etibarilə işsizlik göstəricisi azalaraq 5 faizə
endirilib. Buna görə də müraciətlərin
dinamikası və mövzuları dəyişir.
Mən regionlarda çox
tez-tez oluram.
İlk vaxtlar yerli rəhbərlər fikirləşirdilər
ki, Prezident gəldi, tapşırıqlar verdi,
bir də haçan buraya gələcək. Mən
isə yarım ildən sonra bir də, daha yarım ildən
sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər
başa düşdülər ki, qərarları yerinə
yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə
deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə
əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları
narahat etdiyini bilmək və əlbəttə, qərarların
yerinə yetirilməsinə nəzarət etmək imkanı
verir. Düşünürəm ki, qarşıdakı
illərdə bizim fəaliyyətimizin əsas istiqaməti
idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq.
Çünki artıq dediyim kimi, Azərbaycanın
regionlarında infrastruktur məsələləri, sosial
infrastrukturla bağlı məsələlər praktiki olaraq
tamamilə həll edilib. Ötən 15 il
ərzində 3100-dən çox məktəb tikilib. Qeyd edim ki, bu, bütün məktəb fondunun 80
faizi deməkdir. 600-dən çox tibb
müəssisəsi yenidən tikilib və ya təmir edilib.
Yəni, sosial infrastruktura çox diqqət
yetiririk. Qarşıdakı dövrdə əsas
məsələlər idarəetmə ilə, sosial ədalətlə,
pozuntularla, bəzən rast gəlinən məmur
özbaşınalığı ilə bağlı olacaq.
Bax, söhbətimizin əvvəlində dediyim
ictimai nəzarət məhz bundan ötrü lazımdır.
Mən əsasən bundan ötrü səfərlər
edirəm. Yeri gəlmişkən deməliyəm ki, bu il biz Azərbaycanın regionlarının
sosial-iqtisadi inkişafının üçüncü
proqramını başa çatdıracağıq. Birinci proqram 2004-cü ildə qəbul edilib. Bütün bu proqramlar, onların çox hissəsi
yerlərdən verilən təkliflərə əsaslanır.
Yəni, bu proqramlar ümumi xarakter daşımır,
bunlar şüarlar deyil. Orada hansı
şəhərdə, hansı kənddə, nə vaxt
hansı işlər görüləcəyi konkret əksini
tapıb. Bu, bizim beşillik fəaliyyətimiz
üçün əyani sənəddir. Biz
üçüncü proqramı tamamlayırıq. İndidən görünür ki, biz onu xeyli
artıqlaması ilə yerinə yetirmişik. Buna görə də düşünürəm ki,
gələcəkdə əsas məsələ yenə də
idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin
səmərəsinin artırılması və sahibkarlar,
iqtisadiyyatın şaxələndirilməsi üçün
daha yaxşı şərait yaradılması olacaq.
-Biz müasir Azərbaycan
barədə demokratik, inkişaf etməkdə olan bir ölkə
kimi danışırıq. Lakin hələ 100 il
bundan əvvəl müasir demokratik respublika qurulması sahəsində
təəssüf ki, qısamüddətli bir təcrübə
olub. Siz bu hadisələrin təntənəli
şəkildə qeyd edilməsi barədə müvafiq Sərəncam
imzalamısınız. Sizin fikrinizcə, həmin təcrübənin
hansı elementləri, 100 il bundan əvvəl
demokratik respublika yaratmağın hansı mexanizmləri bu
gün onlardan hansı şəkildəsə istifadə etmək
üçün vacib və gərəklidir, bu təcrübə
nə dərəcədə faydalıdır?
-Bu il Azərbaycanda
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Biz
demokratik respublikanın 100 illik yubileyini il ərzində
qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda
düşünürsən, təsadüfi deyil ki, müsəlman
aləmində ilk demokratik respublika məhz azərbaycanlılar
tərəfindən yaradılıb. Yəni,
bu hadisə xalqımızın keçmişindən, onun
azadlıqsevər, məğrur və mütərəqqi
xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının
klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində
məhz bu gün aktual olan məsələlərlə
bağlı fəlsəfi mövzular kifayət qədərdir.
Buna görə də 100 il bundan əvvəl
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim
üçün tarixi hadisədir. Biz qanuni
qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın
əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu
gün də yaşayır və müasir Azərbaycan onun
hüquqi varisidir. Siyasi islahatlar
üçün qısa müddətdə çox
böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki,
qadınlara səsvermə hüququ Avropa ölkələrinin
çoxundan xeyli əvvəl verilib, bir sıra başqa
mühüm qərarlar qəbul edilib. Əlbəttə,
bu gün geriyə nəzər salanda birinci cümhuriyyətin
banilərini minnətdarlıq hissi ilə
xatırlayırıq, lakin onun aqibətindən daim ibrət dərsi
almalıyıq. Bu cümhuriyyət iki ildən bir qədər
az mövcud olub və biz, əlbəttə
ki, bu dərsləri unutmamalıyıq. Buna
görə biz bu gün Azərbaycanın müstəqilliyini,
suverenliyini, iqtisadi potensialını, beynəlxalq nüfuzunu
möhkəmlətmək üçün, Azərbaycanın
həmişə təkcə forma etibarilə deyil, həm də
mahiyyət etibarilə müstəqil olması
üçün nə mümkündürsə edirik. Düşünürəm ki, əgər birinci
demokratik respublikanın əsasını qoyanlar bugünkü
Azərbaycanı görə bilsəydilər, onlar bizim
ölkəmizlə fəxr edərdilər.
-Azərbaycan tarixən
həmişə təkcə Şərqin deyil, bütün
dünyanın mədəni mərkəzi olub. Son onilliklərdə
Qara Qarayevin, Fikrət Əmirovun musiqisini, Səttar Bəhlulzadənin,
yaxud Allaha şükür indi sağ-salamat olan Tahir Salahovun rəsm
əsərlərini, Anarın və ya yaxın vaxtlarda
dünyasını dəyişmiş, mənim fikrimcə
böyük yazıçı olan Maqsud İbrahimbəyovun ədəbi
əsərlərini götürsək, bunlar hamısı
dünya mədəniyyəti xəzinəsinin tərkib hissələridir
və hər bir mədəni insan bu adları bilir. Sizin
fikrinizcə, Azərbaycanın mədəni xəzinəsi nə
dərəcədə onun məxsusi sərvətidir? Azərbaycanı bir sıra ölkələr
arasında bu qədər fərqləndirən bu mədəni
tərkib hissənin prioritet kimi qalması üçün nə
etmək lazımdır?
-Şübhəsiz, mədəni
irsimiz bizim böyük sərvətimizdir və biz görkəmli
nümayəndələrimizlə fəxr edirik. Azərbaycan əsrlər
boyu dünyaya görkəmli mütəfəkkirlər,
şairlər, alimlər, ictimai xadimlər bəxş edib.
Bu gün bu ənənələr davam etdirilir.
Buna görə də əlbəttə, Azərbaycan
mədəniyyətinin korifeyləri Azərbaycanı məşhurlaşdıran
insanlardır, onlar xalqımızın mədəni irsidir və
biz öz mədəni irsimizə çox qayğı ilə
yanaşırıq, onu qoruyuruq. Bu gün əsas
vəzifə ondan ibarətdir ki, azərbaycanlıların gənc
nəsli də bizim görkəmli xadimlərimizin nümunəsində,
vətənpərvərlik ruhunda, öz mədəniyyətinə
bağlılıq ruhunda tərbiyə olunsun. Fikrimcə, bu, gənc nəslin tərbiyəsi
baxımından əsas istiqamətlərdən biridir. Gənclər əlbəttə ki, dünya
üçün açıq olmalıdırlar. Lakin onlar həm də öz tarixi, mədəni
köklərinə çox bağlı olmalıdırlar.
Bu, Azərbaycanın və cəmiyyətimizin
fasiləsiz inkişafının rəhni olacaq. Ona
görə ki, güclü iqtisadiyyatı və ya
güclü ordusu, güclü xarici siyasi mövqeləri olan,
lakin əsasları, kökləri olmayan xalq uğurlu ola bilməz. Buna görə
müasir Azərbaycan dövləti çox dərin mədəni,
milli, əxlaqi köklərə, bizim, əlbəttə ki, əziz
tutduğumuz dəyərlərə əsaslanır. Əlbəttə, biz fəxr edirik ki, dünyaya bu qədər
çoxsaylı görkəmli mədəniyyət xadimləri
bəxş etmişik.
-Siz Azərbaycanda birinci Avropa Oyunlarının, İslam
Oyunlarının keçirilməsindən
danışdınız. Lakin
düşünürəm ki, Azərbaycanın bu cür iri
beynəlxalq yarışların keçirilməsi məkanı
kimi seçilməsi təkcə Azərbaycanda yaxşı
idman qurğularının olması ilə bağlı deyil. Bu, ilk növbədə, onun etiraf edilməsidir ki, Azərbaycan
get-gedə daha artıq dərəcədə ciddi idman
dövlətinə çevrilir. Mən fikir vermişəm,
bu gün Azərbaycan idmançıları, məsələn,
Yay Olimpiadalarından qayıdarkən özləri ilə təkcə
güləş kimi ənənəvi idman növlərində
deyil, həm də ümumiyyətlə Azərbaycan
üçün ən gözlənilməz idman növlərində
medallar gətirirlər. Bununla əlaqədar, Siz Azərbaycanın
həyatının bu tərkib hissəsinin
inkişafını nə dərəcədə vacib hesab
edirsiniz ki, millət həqiqətən sağlam
böyüsün, idman inkişaf etsin? Bunun
üçün nə edirsiniz?
-Bilirsinizmi, Azərbaycan Milli Olimpiya
Komitəsinə 20 ildən artıq rəhbərlik edən bir
şəxs kimi deməliyəm ki, biz bu istiqamətdə
çox iş görmüşük və idmanın, bizim
nailiyyətlərimizin ardıcıl inkişafı əsas
göstəricidir. Yəni, biz bir neçə
istiqamət üzrə irəliləmişik. Bu istiqamətlərdən birincisi və ən
başlıcası kütləvi idmandır. Bu, cəmiyyətin həm fiziki, həm də mənəvi
sağlamlığının əsasıdır. Ona görə ki, idmançılarımız bizi təkcə
qələbələrlə sevindirmir, onlar cəmiyyətdə
davranış üçün yaxşı nümunələrdir,
onlar çox ləyaqətli insanlardır, özlərini ləyaqətlə
aparır və uşaqlar üçün yaxşı
nümunədirlər. Biz bütün
ölkədə Olimpiya İdman mərkəzlərinin
tikintisi ilə məşğul olmağı qərara
aldıq. Artıq bu gün ölkədə
43 belə mərkəz vardır və daha 4 mərkəz
inşa edilməkdədir. Əlbəttə,
Bakının idman infrastrukturu istənilən
yarışları qəbul edə bilər, biz bunu Avropa
Oyunlarında nümayiş etdirdik. Təbii
ki, peşəkar idmana da böyük diqqət yetirilib və
idmançılarımız bizi, əlbəttə, çox
sevindirirlər və sevindirəcəklər. Bunu demək kifayətdir ki, Rio-de-Janeyroda
keçirilmiş son Olimpiya Oyunlarında medalların
sayına görə Azərbaycan 14-cü yerdə olub. Təsəvvür
edin, dünyanın 200-dən bir qədər az
ölkəsi arasında medalların sayına görə
14-cü yerdə olmaq tarixi nailiyyətdir. İyirmi il bundan əvvəl bunu heç xəyalımıza
gətirə bilməzdik. Biz bir, iki, üç
medal arzu edirdik. Bu gün onlarca
medalımız var. Bu, idmanın inkişaf göstəricisidir.
Axı, idmançı əbədi
yaşamır. Bu, o demək deyil ki,
hansısa görkəmli idmançı filan qədər medal
qazanıb. Bizdə hər il
idmanın demək olar ki, bütün növləri üzrə
yeni idmançılar yetişir.
Məqsədli proqramlar,
çox güclü dövlət dəstəyi var və bizdə
idmanın inkişafı ilə məşğul olan
bütün strukturlar əlaqəli şəkildə fəaliyyət
göstərir. Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi,
federasiyalar, klublar, idman cəmiyyətləri – bunlar
hamısı bir komanda kimi idman nailiyyətlərinin çox
olması üçün çalışırlar. Ona görə ki, bu, təkcə milli qürur
mövzusu deyil, ictimai həyatın çox mühüm
amilidir. Ona görə ki, bu, əhvalı
yüksəldir, vətənpərvərlik hissini, öz
ölkəsinə görə qürur hissini artırır.
Ən başlıcası bizim çempionlar gənc
nəsil üçün yaxşı nümunədir ki, gənclər
siqaret çəkməsinlər, içki içməsinlər,
vaxtlarını boş keçirməsinlər, idman
seksiyalarına getsinlər, yüksək nəticələr
qazansınlar, onda ölkə buna görə onları layiqincə
qiymətləndirəcək.
-İlham Heydər oğlu, əlbəttə, Azərbaycan
iqtisadiyyatda kəskin rəqabət dövrü yaşayır. İdmançılar rəqabətdədirlər.
Lakin mənə belə gəlir ki, Azərbaycan bir məsələdə
– mətbəx sahəsində uzun illər boyu mütləq
dünya çempionudur. Özü də mən
bunu ekspert kimi deyirəm. Bəlkə də
kimsə mənimlə razılaşmaya bilər. Lakin mən
buna əmin olduğuma görə hesab edirəm ki, Azərbaycan
mətbəxinin real rəqibləri yoxdur. Bununla əlaqədar
bilirəm ki, Siz, ümumiyyətlə, yemək məsələsində
vasvası deyilsiniz, lakin buna baxmayaraq, Azərbaycan mətbəxinin
Sizin xoşladığınız yeməkləri, belə deyək,
Azərbaycan Prezidentinin menyusu nədən ibarətdir? Bu
gün Azərbaycan mətbəxinin pərəstişkarları
həddən çoxdur, elə adam yoxdur
ki, burada olsun və buradan gedərkən Azərbaycan mətbəxinə
heyran olduğunu bildirməsin. Üstəlik, Sizin burada
olmuş həmkarlarınızın çoxu ilə öz
proqramım çərçivəsində ünsiyyətdə
olmaq şərəfinə nail olmuş bir insan kimi deyə bilərəm
ki, Azərbaycandan söhbət düşəndə,
sözün düzü, onlar Sizin çox
danışdığınız məsələlər barədə
danışmırlar, ilk növbədə, mətbəxdən
başlayırlar. Lakin bu da bir göstəricidir.
-Əlbəttə, hər
bir xalqın mətbəxi onun mədəniyyətinin, ənənələrinin
və imkanlarının göstəricisidir. Azərbaycan mətbəxi
çox rəngarəngdir, çox dadlıdır, lakin
çox təhlükəlidir.
-Bəs təhlükə
nədən ibarətdir?
-Təhlükə məhz nəzarətsiz
çəki artımındadır.
-Bilirsinizmi,
üzr istəyirəm, mən hətta turizm sahəsinə rəhbərlik
edən dostlarıma və həmkarlarıma da demişəm
ki, belə bir gözəl ifadə var – Azərbaycan
arıqlamaq istəməyənlər üçün cənnətdir.
Bax, belə bir deyim yaranıb.
-Zənnimcə siz
haqlısınız. Buna görə mən
gündəlik həyatımda sui-istifadə etməməyə
çalışıram, hərçənd, əlbəttə,
hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı
heç nə yoxdur. Düşünürəm
ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini
xoşlayır. Mən də istisna deyiləm.
Lakin gündəlik həyatımda hər halda
bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən
xoşladığım yeməklərə gəldikdə isə
deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq
hamısını xoşlayıram. Lakin ən
çox xanımım Mehribanın hazırladığı
yeməkləri xoşlayıram. Bu məsələdə
o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə
və ailəmizin bütün üzvlərinə çox
sevinc bəxş edir, özünün kulinar əsərləri
ilə bizi sevindirir.
-İndiki vaxtda bu, xüsusilə qiymətlidir,
çünki Mehriban xanım həm də Birinci vitse-prezident
funksiyalarını yerinə yetirir və onun başqa vəzifələri,
məsuliyyəti çoxdur. Onun bu işə
də vaxt tapması, mənim fikrimcə, xüsusilə dəyərlidir.
-Bəli. Biz, əlbəttə,
bunu qiymətləndiririk və ailə üzvlərinə bu
cür qayğısına görə ona çox təşəkkür
edirik.
-İlham Heydər oğlu, artıq uzun illərdir ki,
Sizi tanımaq şərəfinə nail olmuşam. Lakin mən mətbuatda da maraqlanmışam, bir məsələ
ilə heç vaxt üzləşməmişəm...
Başa düşmüşəm ki, Sizin heç bir hobbiniz
yoxdur. Sizin elə həmkarlarınız var ki,
... birisi marka toplayır, lakin mən Sizi, məsələn,
əlinizdə qarmaq tutmuş vəziyyətdə və ya
başqa bir görkəmdə təsəvvür edə bilmirəm.
Mən belə başa düşdüm ki, ümumiyyətlə,
Sizin konkret hobbiniz yoxdur. Halbuki hobbi stresi bir qədər
götürmək, rahatlaşmaq üçündür. Siz nəyin hesabına əlavə enerji
alırsınız və Prezident stresini nəyin hesabına
aradan götürə bilirsiniz? Axı, bu
stresin əlindən yaxa qurtarmaq mümkün deyil.
-Bəli, mənim məxsusi hobbim
yoxdur. Lakin hesab edirəm ki, sənə sevinc, məmnunluq
gətirən işlə məşğul olmaq elə hobbidir.
Mənə gəldikdə, əməyimin nəticələrini
görmək ən böyük sevincdir. İnanın,
bu sözləri elə-belə, kamera üçün demirəm,
bu, həqiqətən belədir. Əlbəttə,
görəndə ki, nəzərdə tutulan işlər yerinə
yetirilib, görəndə ki, Azərbaycanın
inkişafının bu və ya digər sahəsində irəliləyiş
var, bu, mənə böyük mənəvi zövq verir.
Bu, hər bir hobbidən yaxşıdır.
Buna görə düşünürəm ki, mən
hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya
edirəm. Bundan əlavə, əlbəttə,
asudə vaxtımı ailəmlə keçirirəm və yəqin
ki, orada həm də həyat üçün enerji alıram.
Mən o insanlardanam ki, işə sevinə-sevinə
gedir və işdən evə sevinə-sevinə
qayıdır.
-İlham Heydər oğlu, sonuncu sual. Bilirsiniz, bu sual onunla bağlıdır ki, fikir
vermişəm, son vaxtlar Siz gənclərlə çox tez-tez
ünsiyyətdə olursunuz, gənclərin tədbirlərinə
gedirsiniz, gəncləri qəbul edirsiniz. İndi mən belə
deyərdim, XXI əsrin ilk siyasi nəsli həyata qədəm
qoyur və qüvvə toplayır. Bu siyasi nəsil
indiki siyasi nəsli əvəz edəcək. Siz indiki siyasi nəsli istər-istəməz əvəz
edəcək müasir Azərbaycan gəncliyini necə təsəvvür
edirsiniz və onu necə görmək istərdiniz – bu gənclik
çox maraqlı, çox fərqlidir.
-Bəli. Siz tamamilə
haqlısınız. Mənim fikrimcə,
bu, istənilən ölkə rəhbəri üçün ən
vacib fəaliyyət istiqamətidir. Çünki
gənclər gələcək rəhbərlərdir, bu
insanlar ölkənin gələcəyini müəyyən edəcəklər,
ona görə bu gələcək etibarlı əllərdə
olmalıdır. Mən şadam ki, bu
gün Azərbaycan gəncliyi ən yüksək tələblərə
cavab verir. Düşünürəm ki, gələcəkdə
bu istiqamətdə daha fəal siyasət yürüdəcəyik.
Əlbəttə, mən istərdim ki,
bütün Azərbaycan gəncləri öz Vətəninə
sadiq olsunlar. Çünki öz Vətənini
sevmək və ona namusla xidmət etmək müstəqilliyin,
müvəffəqiyyətin əsas rəhnidir. Əlbəttə, gənclərin Azərbaycan
xalqı üçün səciyyəvi olan ənənəvi
dəyərlər ruhunda tərbiyə edilməsi vacibdir və
biz bunun üçün nə lazımdırsa edirik.
Bizim milli mədəniyyətimiz,
incəsənətimiz, musiqimiz, milli ideologiyamız –
bütün bunlar bizim dəyərləri təbliğ edir və
biz həmişə öz mənəvi köklərimizə
bağlı olmalıyıq. Gənclik müdafiə
olunmalıdır. Lakin o özü kənar
təsirlərdən müdafiə olunmalıdır. Ona görə ki, müstəqilliyin ilk illərində
çoxları düşünürdü ki, kimsə gələcək,
necə yaşamaq lazım olduğunu bizə göstərəcək,
bizə kömək edəcək. O vaxt belə ələbaxımlıq
hissi yaranmışdı. Lakin sonra anladıq ki,
bizim taleyimiz öz əlimizdədir. Bu
gün kimsə bizə təkidlə müəyyən kömək
göstərmək istəyəndə biz buna həmişə
kifayət qədər şübhə ilə
yanaşırıq. Buna görə gənclər
anlamalıdırlar ki, Azərbaycanın gələcəyi azərbaycanlıların
özlərinin, Azərbaycan vətəndaşlarının əlindədir.
Gənclər müəyyən ideoloji təsirləri
qiymətləndirərkən çox diqqətli
olmalıdırlar. Başqa sözlə desək,
gəncliyi kənar mənfi təsirdən qorumaq, mənim
fikrimcə, bizim ideoloji işimizin başlıca istiqamətlərindən
biridir. Eyni zamanda, bizim gənclik, əlbəttə,
dünyaya, ən müasir, ən mütərəqqi dəyərlərin
hamısına açıq olmalıdır. Ümumiyyətlə, qısaca desək, bizim idarəçilik
formulumuz ondan ibarətdir ki, dövlət çox möhkəm
ənənəvi köklərə əsaslanır. Azərbaycan xalqı bu ənənəvi dəyərlərlə
yaşayıb, yaşayır və yaşayacaqdır. Biz ənənələrimizə, mədəniyyətimizə,
dilimizə, dünyabaxışımıza sadiq
olmalıyıq. Eyni zamanda, biz ölkəmizi
modernləşdirmək, onun potensialını artırmaq, cəmiyyətimizin
dünyəvi xarakterini möhkəmlətmək və bununla
da fasiləsiz inkişafı təmin etmək
üçün bütün ən yaxşı, mütərəqqi
dəyərləri qəbul etməliyik. Biz
ideal halda bu mənzərəni görmək istərdik.
Biz buna çox cəhətdən nail olmuşuq, gələcəyin
gəncləri isə öz fəaliyyətlərini məhz bu
istiqamətdə qurmalıdırlar.
-Çox sağ olun, İlham Heydər oğlu. Söhbətə görə sağ olun.
-Sağ olun.
Azərbaycan.- 2018.- 6 aprel.- S.4-5.