BMT Baş Assambleyasının 72-ci
sessiyasının sədri ADA Universitetinin
tələbələrinə mühazirə oxuyub
Ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak aprelin 5-də ADA Universitetində tələbələrə “Çoxtərəfli əməkdaşlığın hazırkı durumu” mövzusunda mühazirə oxuyub.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayev qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluğunu bildirib. Ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də həyata keçirilən islahatlardan danışan rektor diqqətə çatdırıb ki, ADA Universiteti hazırda dünyanın nüfuzlu təhsil ocaqları ilə əməkdaşlıq edir.
M.Layçak mühazirəsində dünyada davam edən münaqişələrin ən çox sadə insanlara ziyan vurduğunu deyib. Yoxsulluq, iqlim dəyişikliyi, beynəlxalq terrorizmin çağırışları ilə bağlı fikirlərini bölüşən M.Layçak bu problemlərin insanların həyatına birbaşa təsir etdiyini vurğulayıb. O qeyd edib ki, sülhün təmin edilməsi və müharibələrin qarşısının alınması BMT-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Azərbaycan ilə BMT arasındakı əməkdaşlığa toxunan qonaq bu ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqa, həmçinin beynəlxalq terrorizmlə mübarizəyə verdiyi dəstəyin dünyada yüksək qiymətləndirildiyini bildirib. Dünya ölkələri arasında Azərbaycanın nüfuzunun durmadan artdığını deyən M.Layçak diqqətə çatdırıb ki, bu ölkə artıq beynəlxalq mötəbər tədbirlərin ev sahibinə çevrilib.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan M.Layçak vurğulayıb ki, ATƏT-in Minsk qrupu problemin həlli istiqamətində səylərini artırmalıdır.
Sonda tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan.-
2018.-6 aprel.- S.3.