Sinxua agentliyi: Çin-Azərbaycan münasibətlərində dayanıqlı tərəqqiyə nail olunub

 

Çinin Sinxua agentliyinin saytında Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzovla eksklüziv müsahibə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Çin-Azərbaycan münasibətlərində dayanıqlı tərəqqiyə nail olunub” sərlövhəli müsahibədə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan-Çin münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb. Siyavuş Novruzov diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin başçısı Çinə beş dəfə səfər edib, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə 2015-ci ilin dekabrında keçirdiyi görüş Azərbaycan-Çin münasibətlərinin daha bir zəfəri olub.

Müsahibədə qeyd edilir ki, keçirilən yüksək səviyyəli görüşlər xalqlarımızın maraqlarına xidmət edir. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında da sıx əlaqə mövcuddur.

Dinamik inkişaf edən iqtisadi əməkdaşlığa toxunan deputat vurğulayıb ki, 2017-ci ildə Çin və Azərbaycan arasında xarici ticarət dövriyyəsi ötən illərlə müqayisədə 43 faiz artıb. Azərbaycanda Çinin 100-dən çox şirkəti fəaliyyət göstərir.

S.Novruzov deyib: “Azərbaycan və Çin xalqları arasında münasibətlər çoxillik tarixə əsaslanır. Azərbaycan ərazisi Qərblə Şərq arasında mühüm tranzit marşrutlardan biri olan qədim İpək yolu üzərində yerləşir”.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri əlavə edib ki, Bakı-Tbilisi-Qars beynəlxalq layihəsinin reallaşdırılması nəticəsində qarşılıqlı iqtisadi maraqlara söykənən əməkdaşlıq yeni mərhələyə qədəm qoyub.

 

Azərbaycan.- 2018.-6 aprel.- S.8.