Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşdə biznes mühitinin təkmilləşdirilməsi yolları müzakirə edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət qurumları ilə biznes strukturları arasında fəal və səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edib, nazirliklə “AmCham Azərbaycan” arasında uğurlu əməkdaşlıq təcrübəsi əsasında həmin təşkilatla vaxtaşırı olaraq görüşlərin təşkil edildiyini bildirib.

Nazir milli iqtisadiyyatın şaxələndirilməsi əsasında qeyri-neft sektorunda artım sürətinin davam etdiyini söyləyib: Bu uğurun əsasında, eyni zamanda, biznesinvestisiya mühitinin yaxşılaşdırılmasına, biznes mühitinin şəffaflaşmasına, sahibkarların hüquq və mənafelərinin qorunmasına, texniki, maliyyə, hüquqi, metodikis. dəstəklə əhatə olunmasına yönələn kompleks tədbirlərin müsbət nəticələri dayanır. Son 15 ildə sahibkarlıq subyektlərinin 4,3 dəfə artması və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin 80 faizi ötməsi digər tərəfdən həmin sektorun yeni yerlərinin açılmasında rolunun güclənməsinə, ölkədə əmək resurslarının məşğulluğunda payının 75,4 faizə çatmasına imkan verib. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayında qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərin xüsusi çəkisi 41,6 faizə çatıb”.

Nazir ölkə Prezidentinin təşəbbüsünə uyğun olaraq son vaxtlar məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsinin də sahibkarlığın dəstəklənməsinə yönələn tədbirlərdən biri olduğunu ifadə edib: “Ölkəmizdə əmək və məşğulluq sahəsində dövlət siyasətinin icrasında hökumətlə həmkarlar və sahibkarlar təşkilatları arasında sosial tərəfdaşlıq müstəvisində birgə fəaliyyət mexanizminin qurulması xüsusi əhəmiyyət kəsb edir. 2016-cı ilin sentyabrında Azərbaycanda yaradılan Sosialİqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya bu sahədə, əmək sferasının mövcud vəziyyətinin və gələcək perspektivlərinin üçtərəflilik prinsipi əsasında qiymətləndirilməsində uğurlu təcrübəsi formalaşdırıb. Təsadüfi deyil ki, Beynəlxalq Əmək Təşkilatı həmin təcrübəni ən yaxşı nümunə kimi dəyərləndirilib və region ölkələri üçün tövsiyə edib. Üçtərəfli Komissiyanın fəaliyyətində “AmCham Azərbaycan”ın da fəal iştirakı, əmək bazarının tənzimlənməsi, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunması, Baş Kollektiv Sazişdəki prioritetlərə uyğun məsələlərin həlli ilə əlaqədar həmişə işgüzar mövqedən çıxış etməsi və təkliflər verməsi təqdirəlayiq haldır”.

Ötən dövrdə “AmCham Azərbaycan”la birgə keçirilən işgüzar görüşlər barədə danışan nazir bildirib ki, həmin görüşlərin hər biri qarşılıqlı faydalı olan məlumat mübadiləsi və müzakirələrin aparılması, biznes qurumlarının suallarının cavablandırılması, müvafiq məsələlərlə əlaqədar fikir və təkliflərin öyrənilməsi baxımından əhəmiyyətli olub: “Görüşlər zamanı əmək və sosial müdafiə sahəsi, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi, praktik metodları ilə bağlı təqdim olunan təkliflər də diqqətdə saxlanılır və bu sahədə işlər aparılır. Bu mənada indiki görüşün faydalı olacağını güman edirəm”.

AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov Palata ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında fəal əməkdaşlığın formalaşmasından, konstruktiv dialoqa imkan verən və işgüzar xarakter daşıyan birgə görüşlərin təşkilindən məmnun olduqlarını vurğulayıb. O, son illərdə əmək və sosial müdafiə sahələrində aparılan islahatların, o cümlədən əmək münasibətlərinin elektron qeydiyyatı sisteminə keçilməsinin, bu sahənin, habelə sosial sığorta münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasının, yeni işsizlikdən sığorta mexanizminin yaradılmasının, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan addımların əhəmiyyətini qeyd edib.

Palatanın nümayəndələri çıxış edərək əmək bazarı iştirakçılarının qanuni mənafelərinin təmin edilməsi, o cümlədən sahibkarlığın dəstəklənməsi, məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi sahəsində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıblar. Onlar qarşılıqlı məlumat mübadiləsi və müzakirələr üçün yaxşı imkan yaradan görüşlərin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Görüşdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar, müvafiq qanunvericilik aktlarında tətbiq edilən yeni dəyişikliklərlə əlaqədar biznes qurumlarının nümayəndələrinə məlumatlar verilib, onların sualları cavablandırılıb. Əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdən də bəhs olunub, habelə Palatanın hazırladığı ( sənəd) “Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” çərçivəsində əmək qanunvericiliyi ilə əlaqədar təkliflər ətraflı müzakirə edilib.

 

Azərbaycan.- 2018.-6 aprel.- S.9.