Azərbaycan qlobal sülh və əməkdaşlıq mərkəzi
olduğunu növbəti
dəfə sübut etdi
Qoşulmama Hərəkatının
Bakı konfransı ölkəmizə yeni dividendlər qazandırır
Ötən ay baş tutan VI Qlobal Bakı Forumundan sonra Azərbaycan paytaxtı daha bir beynəlxalq
əhəmiyyətli vacib
tədbirə evsahibliyi
etdi. Söhbət Qoşulmama Hərəkatı
çərçivəsində Bakıda keçirilən
“Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq
edilməsi” mövzusunda
baş tutan konfransdan gedir. Tədbir iştirakçıları konfransın
təşkilindən tutmuş
burada görülən
digər təşkilati
işləri, müzakirə
mövzusu olan məsələləri kifayət
qədər yüksək
qiymətləndirir, Qoşulmama
Hərəkatının Bakı
konfransının beynəlxalq
sülhə və dayanıqlı inkişafa
mühüm töhfə
verəcəyini bildirirlər.
Təhlillər göstərir ki, sözügedən tədbir
Azərbaycanın beynəlxalq
miqyasda nüfuz və mövqelərinin güclənməsi baxımından
vacib əhəmiyyət
kəsb edir, ölkəmizə dünya
ictimaiyyətinin diqqətini
daha da artırır. Eyni zamanda
üzv dövlət kimi Azərbaycan Qoşulmama Hərəkatına
mühüm töhfələr
verən ölkələr
sırasında yer alır.
Qoşulmama Hərəkatında 120 dövlət
iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat
isə Qoşulmama Hərəkatı yanında
müşahidəçi statusuna
malikdir. Hərəkatın Bakıda baş
tutan nazirlər toplantısına 800-dən artıq
iştirakçı qatılıb,
tədbiri işıqlandırmaq
üçün yerli
və xarici media nümayəndələri daxil
olmaqla 150-dən artıq
şəxs akkreditasiyadan
keçib.
Qoşulmama Hərəkatının Bakı
konfransı yenidən
beynəlxalq diqqəti
Azərbaycana, onun reallıqlarına yönəldir. Eyni zamanda
bu tədbir ölkəmizin beynəlxalq
müstəvidə əlaqələrinin
güclənməsinə vacib
töhfələr verir.
Konfransın açılış
mərasimində çıxış
edən Prezident İlham Əliyev məsələnin bu tərəfinə toxunaraq
qeyd edib: “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı
bəşəri dəyərlərin
təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan
Qoşulmama Hərəkatı
dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar
olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq
hüququn normalarına,
ərazi bütövlüyü
prinsiplərinə, bütün
üzvlərin suverenliyinə
və müstəqilliyinə
sadiqdir. Azərbaycan Qoşulmama
Hərəkatının nisbətən
yeni üzvüdür.
Biz bu ailəyə
2011-ci ildə qəbul
olunduq, dərhal təşkilatın və
onun üzvlərinin dəstəyini hiss etməyə
başladıq. Bu dəstək Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlüyünə
seçilməsi proseduru
zamanı nümayiş
olundu. Bu, 2011-ci ildə,
ölkəmizin təşkilata
qəbul olunduğu eyni ildə baş verdi
və biz tərəfdaşlarımızın
güclü dəstəyini
hiss etdik. Bu, o qədər də asan məsələ deyildi, çünki bizim güclü rəqiblərimiz var idi və həmin
rəqiblər təşkilatımıza
üzv olmayan ölkələr idi.
Seçilməyimiz üçün 16 raund tələb olundu və biz 155 dövlətin dəstəyi
ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və
İslam Əməkdaşlıq
Təşkilatının dəstəyi
bizim ən mötəbər beynəlxalq
quruma üzv seçilməyimizdə həlledici
rol oynadı. Bu, bir daha bizim gücümüzü
nümayiş etdirir.
Onu nümayiş etdirir ki, birlikdə
olanda nailiyyətlərimiz
çox ola
bilər. Bu, üzv
dövlətlər arasında
həmrəyliyin təzahürüdür.
Bu, eyni zamanda
təşkilatımızın imkanlarının göstəricisidir”.
Qeyd olunan fikirlərdən bir daha bəlli
olur ki, Qoşulmama Hərəkatının
artıq aparıcı
üzvlərindən birinə
çevrilən Azərbaycan
burada həm də mühüm bir tribuna əldə
edib. Bu tribuna isə ölkəmizə Azərbaycan barədə həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
baxımından çox
vacibdir. Ötən dövr
ərzində Azərbaycan
fəaliyyəti ilə
həm də onu göstərib ki, Qoşulmama Hərəkatının ruhuna
və prinsiplərinə
sadiqdir. Ən azından
o baxımdan ki, Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq
münasibətlərini inkişaf
etdirməyə yönəlmiş
xarici siyasət kursu və heç
bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir.
Bu səbəbdən ölkəmiz Qoşulmama Hərəkatının fəaliyyət
dairəsi, təsir sferasının genişlənməsində
həlledici rola malik tərəflərdən
biri qismində çıxış edir.
Bu arada bir məqamı da qeyd etmək
lazım gəlir:
2019-cu ildə Azərbaycan
Qoşulmama Hərəkatının
XVIII Zirvə toplantısına
evsahibliyi edəcək.
2019-2022-ci illər ərzində ölkəmiz
Qoşulmama Hərəkatına
sədrlik edəcək.
XVIII sammitin həm də böyük rəmzi mənası var. Belə ki, Avropa
qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak
edən ölkələrin
dövlət və hökumət başçılarının
görüşünə yenidən
evsahibliyi imkanı qazanacaq.
Burada digər vacib məqam ondan ibarətdir ki, məlum soyuq müharibə dövründə
iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün
bir sıra ölkələr tərəfindən
təsis edilən Qoşulmama Hərəkatı
hazırda beynəlxalq
münasibətlərin tənzimlənməsində
mühüm çoxtərəfli
mexanizmlərdən birinə
çevrilib. Ümumiyyətlə, Qoşulmama Hərəkatı
yarandığı tarixdən
etibarən beynəlxalq
sülh və təhlükəsizliyin gücləndirilməsində
əsaslı rol oynayır. Dünyada mövcud vəziyyətə
nəzər saldıqda,
yeni münaqişə
ocaqlarının yaranmasına
diqqət yetirdikdə
isə bəlli olur ki, Qoşulmama
Hərəkatı müasir
dövrdə öz aktuallığını daha
da artırır.
Ən azından o baxımdan ki, Qoşulmama Hərəkatı çərçivəsində
ortaq mövqe BMT səviyyəsində qərarların
qəbuluna təsir baxımından əhəmiyyətli
rol oynayır. Bu məqam digər
üzv dövlətlər
kimi, Azərbaycan üçün də çox önəmlidir.
İlk növbədə o cəhətdən
ki, Azərbaycanın haqlı mövqeyinin BMT-də dəstəklənməsinə
Qoşulmama Hərəkatı
vacib töhfələr
vermək iqtidarındadır.
Çünki Qoşulmama Hərəkatının
fəaliyyətinin əsas
prinsiplərindən biri
onun üzvləri arasında əməkdaşlıq
üçün bir
forum rolunu oynamasıdır.
Daha bir məqam bundan ibarətdir ki, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların Azərbaycanda
baş tutan tədbirləri həm də ölkəmizə böyük etimadın göstəricisidir. Eyni zamanda belə
tədbirlər ölkəmiz,
dövlətimiz üçün
çoxsaylı dividendlər
gətirir. Çünki beynəlxalq təşkilatlar
öz tədbirlərini
ölkəmizdə keçirərkən
görürlər ki,
Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin
edildiyi dövlətlər
sırasında aparıcı
yerlərdən birini tutur. Məhz elə bu səbəbdəndir ki,
son illərdə Azərbaycanda
beynəlxalq təşkilatların
yüzlərlə siyasi,
iqtisadi və idman tədbirləri keçirilib. Bu tədbirlərin Azərbaycanda
keçirilməsi bütün
sahələrdə ölkəmizə
böyük nüfuz qazandırır.
Beləliklə, Azərbaycanda son illər keçirilən beynəlxalq
tədbirlər ölkəmiz
haqqında formalaşan
təəssüratları dəyişir,
onun imicinə müsbət təsir göstərir. Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən
“Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq
edilməsi” mövzusunda
baş tutan konfrans da bu
qəbildən olan daha bir vacib
tədbir kimi Azərbaycan tarixinə böyük hərflərlə
yazıldı.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 7 aprel.- S.1.