Qoşulmama Hərəkatının nazirlər konfransının yekun sənədləri qəbul edilib

 

Aprelin 5-6-da Bakıda keçirilmiş Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransının yekun sənədləri qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu sənədlər yekun Bakı Sənədi, Bakı Bəyannaməsi və Fələstin üzrə Bəyanatdır.

Qlobal məsələlər, regional, subregional, inkişaf, sosial məsələlər və insan hüquqları kimi fəsilləri əhatə edən yekun Bakı Sənədində ölkəmizin maraqları baxımdan fundamental məsələlər öz əksini tapıb. Sənədin giriş hissəsində Qoşulmama Hərəkatının suverenlik və dövlətlərin suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduğu, təcavüz və sülhün pozulması hallarının qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirilməsi, həmçinin dövlətlərin ərazi bütövlüyüsiyasi müstəqilliyinə qarşı hərbi təcavüzdən kənar durulması təsbit olunur.

Sənəddə Qoşulmama Hərəkatının aprelin 5-6-da Bakıda keçirilən nazirlər toplantısının yüksək səviyyədə təşkilinə, qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkür ifadə edilir. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi alqışlanır və Qoşulmama Hərəkatının yeganə üzvü olaraq bu sərginin Bakıda keçirilməsi üçün Azərbaycanın apardığı kampaniyaya uğurlar arzu edilir. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının 2019-cu ildə XVIII Zirvə toplantısına ev sahibliyi etmək təklifi alqışlanılır və üzv ölkələr bu toplantıda fəal şəkildə iştiraka dəvət olunur. Nazirlər BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı il aprelin 26-27-də Bakıda keçirilmiş VII Qlobal Forumunun nəticələrini və bu Forumda beynəlxalq təşkilatların, BMT-yə üzv dövlətlərin və vətəndaş cəmiyyətinin fəal iştirakını qeyd edirlər. Həmçinin Azərbaycanın Asiyanın Ürəyi - İstanbul Prosesinin VII nazirlər toplantısına ev sahibliyi etməsi təqdir olunur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüf ifadə edilir. Nazirlər BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq edirlər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırırlar.

 

Azərbaycan.- 2018.- 7 aprel.- S.6.