Azərbaycanın pravoslav
xristian icmasına
Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən
təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi
yetirirəm.
Azərbaycanda tarixən mövcud olmuş etnik-dini tolerantlıq mühiti burada yüz illər boyu fəaliyyət göstərən
səmavi dinlərin qarşılıqlı hörmət
və etimada əsaslanan dinc yanaşı fəaliyyətini
təmin etmiş, ayrı-ayrı etiqad və inanclara mənsub insanlar arasında humanizm, həmrəylik və dözümlülük kimi
bəşəri dəyərlərin
bərqərar olmasında
müstəsna rol oynamışdır.
Bu gün
dinlərarası və
mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycan Respublikasında
tarixi-mədəni irsin
qorunub saxlanılması
və təşviq edilməsi həyata keçirdiyimiz dövlət
siyasətinin başlıca
istiqamətlərindən biridir.
Zəngin multikultural dəyərlərə və tolerantlıq ənənələrinə malik müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycandakı mövcud demokratik-hüquqi şəraitdən və mütərəqqi dövlət-din münasibətlərindən yararlanan xristian həmvətənlərimiz öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkəmizdə gedən böyük tərəqqi prosesinə və vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verirlər.
Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə qeyd etdiyiniz Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Qoy bu əziz gün ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 aprel 2018-ci il.
Azərbaycan.- 2018. -7 aprel.-
S.2.