“Azərbaycan Respublikasının Prezidenti yanında
Apelyasiya Şurası haqqında ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurası (bundan sonra - Şura) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuralarının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən (bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla) yuxarı orqana şikayətlərin (bundan sonra - şikayət) verilməsi mexanizminin tənzimlənməsi məqsədi ilə yaradılmış və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin aktlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Bu Əsasnamənin məqsədləri üçün “şikayət” dedikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuralarının qəbul etdiyi qərarlardan, digər hərəkətlərindən və ya hərəkətsizliyindən Şuraya verdikləri yazılı müraciət başa düşülür.
1.4. Şikayətə aşağıdakı hallarda Şurada baxıla bilməz:
1.4.1. şikayət bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;
1.4.2. şikayət korrupsiya ilə əlaqədar hüquqpozmalara aid olduqda və ya şikayətə baxılarkən aidiyyəti vəzifəli şəxslərin əməllərində korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri müəyyən olunduqda (həmin əlamətlərə aid hissədə);
1.4.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət vermiş şəxs (şəxslər) barəsində şikayətdə göstərilmiş əsaslar üzrə Şura tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;
1.4.4. şikayətin predmeti üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
1.4.5. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci, 72.2-ci, 75.1.3-cü və 75.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda.
1.5. Şura öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.
1.6. Şura öz fəaliyyətini mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslərlə əlaqəli şəkildə həyata keçirir.
1.7. Şura Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş xidməti blanka və möhürə malikdir.
2. Şuranın vəzifələri
2.0. Şuranın vəzifələri aşağıdakılardan ibarətdir:
2.0.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apelyasiya şuralarının (bundan sonra - orqanların apelyasiya şuraları) qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən verilmiş şikayətlərə baxılmasını təmin etmək;
2.0.2. Şuraya daxil olan şikayətlər üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq, mahiyyəti üzrə baxılmış şikayətlərə dair əsaslandırılmış yazılı qərar qəbul etmək, mahiyyəti üzrə baxılmamış şikayətlərə dair isə şikayətçiyə yazılı məktub göndərmək;
2.0.3. şikayət vermiş şəxsləri (onların səlahiyyətli nümayəndələrini) və orqanların apelyasiya şuralarının sədrlərini və ya digər üzvlərini Şuranın iclaslarına dəvət etmək;
2.0.4. Şurada baxılan müraciətlərin uçotunu aparmaq, onları təhlil etmək, ümumiləşdirmək, nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə yarımillik və illik arayışlar (hesabatlar) təqdim etmək;
2.0.5. Şuranın qəbul etdiyi qərarların icrasına nəzarət etmək;
2.0.6. Şuranın qəbul etdiyi qərarlarla bağlı izah vermək;
2.0.7. fəaliyyəti zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
2.0.8. qanunvericiliyə uyğun olaraq dövlət və kommersiya sirrinin və qanunla açıqlanması və yayılması qadağan edilən digər məlumatların qorunması üçün zəruri tədbirlər görmək;
2.0.9. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3. Şuranın hüquqları
3.0. Şura öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.0.1. daxil olmuş şikayətlərlə bağlı zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, qeyri-hökumət təşkilatlarına, digər hüquqi və fiziki şəxslərə şifahi və ya yazılı, o cümlədən elektron sorğular vermək və onlardan belə məlumatları və sənədləri almaq;
3.0.2. şikayət vermiş şəxslərin (onların səlahiyyətli nümayəndələrinin), orqanların apelyasiya şuralarının sədrlərinin və ya digər üzvlərinin, habelə başqa əlaqəli şəxslərin iştirakı ilə araşdırma aparmaq, onlardan izahatlar almaq;
3.0.3. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı orqanların apelyasiya şuralarının sədrləri, digər üzvləri və ya həmin orqanların vəzifəli şəxsləri tərəfindən xidməti fəaliyyətlərinin icrası ilə bağlı kobud nöqsanlara yol verilməsi, habelə hüquqi aktların tələblərinin pozulması halları aşkar edildikdə, həmin şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi üçün məsələ qaldırmaq və nəticəsi üzrə arayış almaq;
3.0.4. Şuraya daxil olan şikayətlərin araşdırılması zamanı aşkar olunmuş nöqsanların və pozuntuların aradan qaldırılması ilə bağlı orqanların apelyasiya şuralarına və ya həmin orqanlara müvafiq göstərişlər vermək, onlar icra olunmadıqda bu barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək;
3.0.5. orqanların apelyasiya şuralarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı konfranslar və digər tədbirlər təşkil etmək, belə tədbirlərə rəhbərlik etmək;
3.0.6. qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;
3.0.7. orqanların apelyasiya şuralarının fəaliyyəti ilə əlaqədar həmin orqanlara və onların apelyasiya şuralarına təşkilati və metodiki yardım göstərmək;
3.0.8. Şuranın fəaliyyətinə ekspert, mütəxəssis və məsləhətçilər cəlb etmək;
3.0.9. təhlillər və ümumiləşdirmələr aparmaq, şikayətlərin araşdırılması zamanı aşkar edilmiş nöqsanların, çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
3.0.10. orqanların apelyasiya şuraları tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasının, Şuranın qərarlarının (sorğularının) yerinə yetirilməsinin monitorinqini aparmaq və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək;
3.0.11. Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması üçün təkliflər vermək;
3.0.12. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Şuranın fəaliyyətinin təşkili
4.1. Şuranın tərkibi (sədri, sədr müavini və digər yeddi üzvü) Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.
4.2. Şuranın sədri:
4.2.1. Şuranın işini təşkil edir və ona rəhbərliyi həyata keçirir;
4.2.2. Şuranın adından çıxarılan qərarları, məktubları və Şuranın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
4.2.3. Şuranın iclaslarının gündəliyini, reqlamentini müəyyənləşdirir və keçirilən iclaslarda sədrlik edir;
4.2.4. Şuranın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Şuranın iclaslarına çıxarır;
4.2.5. Şuranı təmsil edir;
4.2.6. Şuranın Katibliyinin rəhbəri və tərkibi barədə təklif verir;
4.2.7. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər işləri həyata keçirir.
4.3. Şuranın sədr müavini bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş hüquq və vəzifələri həyata keçirməklə yanaşı, Şura sədri olmadıqda onu əvəz edir.
4.4. Şuranın üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.4.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;
4.4.2. Şuranın səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;
4.4.3. Şuranın iclasına təqdim edilmiş bütün materiallarla əvvəlcədən tanış olmaq;
4.4.4. Şuraya daxil olan şikayətlərlə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparmaq;
4.4.5. Şuraya daxil olan şikayətlərlə əlaqədar münasibət bildirmək, rəy və təkliflər vermək;
4.4.6. Şuraya daxil olan şikayətlərlə əlaqədar ilkin araşdırma üçün təqdim edilmiş sənədlərin (toplanmış materialların) kifayət olmadığı qənaətinə gəldikdə, əlavə sənədlərin əldə edilərək araşdırma materiallarına daxil edilməsini tələb etmək;
4.4.7. Şuraya daxil olan şikayətlərlə əlaqədar Şuranın adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;
4.4.8. Şuranın qəbul etdiyi qərarla razılaşmadıqda bu barədə özünün əsaslandırılmış xüsusi rəyini yazılı şəkildə təqdim etmək;
4.4.9. Şuranın protokolları, qərarları və digər sənədləri ilə tanış olmaq, protokola daxil edilməli qeydlər təklif etmək;
4.4.10. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclasında baxılması üçün təkliflər vermək;
4.4.11. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmaq;
4.4.12. icra
intizamına ciddi əməl etmək;
4.4.13. bu
Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirmək və hüquqları həyata keçirmək.
4.5. Şuranın sədri, sədr
müavini və ya digər üzvü Şurada baxılan
şikayətin əvvəllər Şuradankənar həllində
bilavasitə iştirak etmiş olduqda və ya “İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda Şuranı bu barədə
məlumatlandırmalı və həmin şikayətə
baxılmasında iştirak etməməlidir.
4.6. Şuranın cari fəaliyyətinin
təşkili Katiblik tərəfindən həyata
keçirilir. Katibliyin rəhbəri və tərkibi
Şura sədrinin təqdimatı (təklifi) əsasında,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
tərəfindən təsdiq olunur.
4.7. Katiblik:
4.7.1. Şuraya daxil olan müraciətlərlə
əlaqədar təşkilati tədbirləri həyata
keçirir;
4.7.2. Şuraya daxil olan şikayətləri
qanunvericiliyin və bu Əsasnamənin tələblərinə
uyğunluğu baxımından yoxlayır, onlar müvafiq tələblərə
uyğun olduğu halda iş üzrə sənədlərin
(materialların), o cümlədən baxılmış
şikayətlərin, qərarların, iclasların
protokollarının və videoçəkilişlərinin,
üzvlərin rəylərinin, habelə şikayətə
baxılması üçün zəruri olan digər sənədlərin
(materialların) 5 iş günündən gec olmayaraq Katibliyə
təqdim edilməsi üçün orqanların apelyasiya
şuralarına yazılı və ya şifahi sorğu verir;
4.7.3. bu Əsasnamənin
4.7.2-ci yarımbəndinə müvafiq olaraq təqdim
edilmiş sənədlərin (materialların)
tamlığını yoxladıqdan sonra toplanmış sənədləri
(materialları) Şuranın sədrinə və rəy verilməsi
üçün Şuranın sədr müavininə və
digər üzvlərinə göndərir;
4.7.4. bu Əsasnamənin
4.9-cu bəndinə əsasən təqdim edilmiş rəyləri
ümumiləşdirir və Şuranın sədri ilə
razılaşdırmaqla Şuranın iclaslarını təşkil
edir;
4.7.5. Şuranın iclaslarının
keçirilməsinin vaxtı barədə Şuranın
üzvlərinə, habelə bu Əsasnamənin 3.0.2-ci
yarımbəndində göstərilən şəxslərə
iclasa ən azı 3 iş günü qalmış məlumat
verir;
4.7.6. Şuranın iclaslarının
protokolunu tərtib edir və imzalanması üçün
Şuranın sədrinə təqdim edir;
4.7.7. Şuranın qərarlarının
(məktublarının, digər sənədlərinin) layihələrini
hazırlayır, baxılması və imzalanması
üçün Şuranın sədrinə təqdim edir;
4.7.8. Şuranın qərarlarının
(məktublarının, digər sənədlərinin) aidiyyəti
üzrə göndərilməsini təmin edir;
4.7.9. Şuranın fəaliyyəti
haqqında əhalinin məlumatlandırılmasını, o
cümlədən Şuranın iclaslarında baxılan məsələlər
barədə dövri ümumiləşdirilmiş məlumatın,
Şuranın sədri ilə razılaşdırmaqla, kütləvi
informasiya vasitələrində yayımını təmin
edir;
4.7.10. Şurada baxılan müraciətlərin
uçotunu aparır, onları təhlil edir, ümumiləşdirir
və nəticəsi barədə Şuranın sədrinə
yarımillik və illik arayışlar (hesabatlar) təqdim
edir;
4.7.11. Şuranın sədrinin
göstərişlərini icra edir;
4.7.12. Şuranın qəbul etdiyi qərarların
icrasının təmin edilməsi ilə əlaqədar
müvafiq tədbirlər görür;
4.7.13. Şuranın
protokollarının və qərarlarının əsllərini,
habelə şikayətlərlə bağlı Şuraya daxil
olmuş və toplanmış sənədləri saxlayır;
4.7.14. bu
Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri
yerinə yetirir və hüquqları həyata keçirir.
4.8. Katibliyin rəhbəri və tərkibinə
daxil olan şəxslər icra intizamına ciddi əməl etməlidirlər.
4.9. Bu Əsasnamənin 4.7.3-cü
yarımbəndində nəzərdə tutulan rəylər 5
iş günündən gec olmayaraq təqdim edilməlidir. Təqdim edilən rəylər əsaslandırılmalı,
aydın və birmənalı şəkildə ifadə
olunmalıdır.
4.10. Katibliyin bu Əsasnamənin
4.7.2-ci yarımbəndinə uyğun olaraq etdiyi müraciətə
orqanların apelyasiya şuraları tərəfindən
vaxtında və tam əməl olunmaması Şuranın fəaliyyətinə
maneə kimi qiymətləndirilir.
4.11. Şuranın iclası
keçirilənədək bu Əsasnamənin 1.4-cü bəndində
nəzərdə tutulan hallardan biri müəyyən edildikdə,
Şurada şikayətə mahiyyəti üzrə
baxılmır və bu Əsasnamənin 5.6-cı və 5.7-ci
bəndlərinə uyğun olaraq tədbirlər
görülür.
5. Şikayətlərə
dair tələblər
5.1. Şikayət yazılı (o
cümlədən elektron) formada tərtib edilir. Şikayətdə
aşağıdakı məlumatlar göstərilir:
5.1.1. ünvanlandığı
qurumun - Azərbaycan Respublikasının Prezidenti yanında
Apelyasiya Şurasının adı;
5.1.2. şikayətçinin
soyadı, adı, atasının adı, yaşayış yeri
və ya olduğu yer (hüquqi şəxsin adı və
hüquqi ünvanı);
5.1.3. şikayətçinin
VÖEN-i;
5.1.4. şikayətin
məzmunu və şikayətçinin tələbi (tələbləri);
5.1.5. şikayətin
predmeti üzrə bundan əvvəl orqanın Apelyasiya
Şurasına edilmiş müraciət (müraciətlər)
və alınmış cavab (cavablar) barədə məlumatlar;
5.1.6. icraatı təzələmək
üçün təkrar şikayətlə müraciət
etmək imkanı verən əsaslar;
5.1.7. şikayətə
əlavə edilmiş sənədlərin siyahısı.
5.2. Şikayətlər müraciət
edən fiziki şəxsin özü və ya hüquqi şəxsin
rəhbəri, yaxud onların səlahiyyətli nümayəndələri
tərəfindən (səlahiyyəti təsdiq edən sənədin
əsli və ya surəti şikayətə əlavə edilməklə)
imzalanır.
5.3. Hüquqi şəxs tərəfindən
təqdim olunan şikayətlərə həmin hüquqi
şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi
şəxslərin nümayəndəlik, filial və idarələrinə
də şamil edilir. Bu zaman şikayətlərə
müvafiq nümayəndəlik, filial və ya idarənin
möhürü vurulur.
5.4. Şikayətlərin əsaslı
olduğunu təsdiq edən sənədlərin (dövlət,
qeyri-dövlət və yerli özünüidarəetmə
orqanlarından alınmış qərar, akt, rəy, məktub,
arayış, qəbz və digər sənədlərin) surətləri
şikayətlərə əlavə edilir.
5.5. Şikayət bu Əsasnamənin
5.1-5.4-cü bəndlərində nəzərdə tutulmuş
tələblərə cavab vermədikdə, şikayət
daxil olduqdan sonra 5 iş günü müddətində yol
verilmiş nöqsanlar şikayətçinin nəzərinə
çatdırılmaqla işçi qaydada aradan
qaldırılır. Həmin nöqsanlar
vaxtında aradan qaldırılmadıqda şikayət
baxılmamış saxlanılır və bu Əsasnamənin
5.7-ci bəndinə uyğun olaraq tədbir görülür.
Tələb olunan sənədlərin (məlumatların)
təqdim edilməsi şikayətçidən asılı
olmayan səbəblərə görə mümkün deyilsə,
çatışmayan sənədlər (məlumatlar) Şura
tərəfindən əldə olunur.
5.6. Şuraya daxil olmuş müraciət
digər dövlət orqanının və ya qurumunun səlahiyyətinə
aid olduqda (o cümlədən bu Əsasnamənin 1.4.2-ci
yarımbəndində və “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə
tutulmuş hallarda) qanunla müəyyən edilmiş qaydada
baxılması üçün həmin dövlət
orqanına və ya qurumuna göndərilir və bu barədə
şikayətçiyə yazılı məlumat verilir.
5.7. Şurada mahiyyəti üzrə
baxılmış şikayət üzrə şikayətçiyə
və orqanın Apelyasiya Şurasına qəbul olunmuş qərar,
mahiyyəti üzrə baxılmamış müraciət
üzrə isə müraciət etmiş şəxsə əsaslandırılmış
cavab göndərilir.
5.8. Şuraya şikayət
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası
Qanununun 73.1-ci və 73.2-ci maddələrində nəzərdə
tutulmuş müddətlərdə verilə bilər. Bu müddətlər üzrlü səbəbdən
buraxıldıqda (şikayətçinin xəstəliyi,
ölkənin hüdudlarından kənarda olması və s.)
şikayətçinin vəsatətinə əsasən
Şuranın sədri tərəfindən bərpa edilir.
5.9. Şura daxil olmuş şikayətlə
bağlı zəruri məlumatları və sənədləri
əldə etmək üçün aidiyyəti dövlət
və yerli özünüidarəetmə orqanlarına
şifahi və ya yazılı, o cümlədən elektron
sorğular verə bilər. Sorğu edilən məlumatların
sorğuda müəyyən edilmiş müddətdə təqdim
olunmaması və ya natamam təqdim olunması Şuranın
fəaliyyətinə maneə kimi qiymətləndirilir.
6. Şuranın
iclasının keçirilməsi qaydası
6.1. Şuranın iclası onun
üzvlərinin azı üçdə ikisi iştirak etdikdə
səlahiyyətli sayılır.
6.2. Şuranın iclası şikayət
baxılmaq üçün hazır olduqda, habelə Şura sədrinin,
sədr müavininin və ya digər üzvünün təşəbbüsü
ilə keçirilir.
6.3. Şuranın hər bir
iclasının reqlamenti müzakirə olunacaq müraciətlərdən
asılı olaraq Şuranın sədri tərəfindən
müəyyənləşdirilir.
6.4. Şikayətçilər
(onların səlahiyyətli nümayəndələri)
Şuranın iclasında iştirak etmək hüququna
malikdirlər. Şuranın iclasına dəvət
olunmuş orqanların apelyasiya Şuralarının sədrləri,
digər üzvləri, katibliklərinin rəhbərləri,
ekspert və mütəxəssislər iclasda iştirak etməlidirlər.
Bu bənddə göstərilmiş şəxslərin
iclasa gəlməməsi şikayətə baxılmasına və
müvafiq qərarın qəbul edilməsinə mane olmur.
6.5. Şuranın gündəliyinə
daxil edilmiş şikayətlərlə bağlı
toplanmış dəlillər Şuranın üzvləri tərəfindən
müzakirə edilir və hər bir məsələyə
ayrıca münasibət bildirilir.
6.6. Şuranın iclasında qərarlar
açıq səsvermə yolu ilə iclasda iştirak edən
üzvlərin sadə səs çoxluğu ilə qəbul
edilir. Səslər bərabər olduqda, Şura
sədrinin səsi həlledici sayılır. Şuranın sədri axırıncı səs
verir.
6.7. Şuranın gündəliyinə
daxil edilmiş şikayətlər barədə Şuranın
sədri, sədr müavini, digər üzvlərindən biri
və ya katibliyinin rəhbəri məruzə edir.
6.8. Şuranın iclasında
şikayətlə müraciət etmiş şəxslərin
səlahiyyətli nümayəndələri iştirak etdikdə,
nümayəndənin səlahiyyətini təsdiq edən sənədin
əsli (və ya surəti) katibliyə təqdim edilməlidir.
6.9. Şuranın iclasına dəvət
olunan şəxslər təkliflər vermək və
müvafiq məsələlərə münasibət bildirmək
hüququna malikdirlər.
6.10. Şuranın göstərişlərinin
və qərarlarının icrası, müvafiq olaraq,
orqanların apelyasiya şuraları və həmin orqanlar
üçün məcburidir.
6.11. Şuranın iclasının və
gündəliyinə daxil edilmiş şikayətlərin
müzakirəsinin videoçəkilişi həyata
keçirilir və ən azı bir il
müddətində saxlanılır.
6.12. Şuranın sədri və onu əvəz
edən sədr müavini üzrlü səbəblərlə
əlaqədar (məzuniyyət, ezamiyyət, xəstəlik və
s.) Şuranın iclasında iştirak edə
bilmədikdə, Şura sədrinin səlahiyyətləri
Şuranın sədri və ya onu əvəz edən sədr
müavini tərəfindən Şuranın digər
üzvünə həvalə edilir.
6.13. “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 42.1-ci və 43-cü maddələrində
nəzərdə tutulmuş hallarda şikayətçi
iş üzrə qərar qəbul olunanadək Şuranın
hər hansı üzvünə, ekspertə və ya mütəxəssisə
etiraz edə bilər.
6.14. Etiraz barədə ərizə
yazılı formada verilməli və əsaslandırılmalıdır.
Şuranın üzvünə etiraz barədə
ərizəyə həmin üzvün iştirakı olmadan
baxılır, sadə səs çoxluğu ilə müvafiq
qərar qəbul edilir və nəticəsi barədə
şikayətçiyə məlumat verilir.
6.15. İş yükünün
çoxluğundan asılı olaraq şikayətlərə
Şura üzvlərindən təşkil olunmuş iki tərkibdə
baxıla bilər. Belə hallarda hər bir tərkib
Şuranın sədrindən və digər dörd üzvdən
ibarət olmaqla Şuranın sədri tərəfindən
formalaşdırılır. Bütün
hallarda tərkiblərin fəaliyyətinə və
iclaslarının keçirilməsinə Şuranın sədri
rəhbərlik edir. Şikayətlərin
tərkiblər arasında bölüşdürülməsi
Şuranın sədri tərəfindən həyata
keçirilir. Şikayətlərə
baxılması zamanı hər tərkibdən üç
üzv iştirak etdikdə tərkibin iclası səlahiyyətli
hesab olunur. Tərkiblərin şikayətlər
üzrə araşdırma aparması, iclaslar keçirməsi
və qərarlar qəbul etməsi bu Əsasnamə ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
6.16. Şikayət üzrə
toplanmış sənədlərin (materialların) ilkin
müzakirəsi üçün Şura üzvlərinin
iştirakı ilə hazırlıq iclasları keçirilə
bilər.
7. Şuranın
iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələblər
7.1. Şuranın iclasının nəticəsi
Şuranın sədri və Katibliyin rəhbəri tərəfindən
imzalanmış iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
7.2. Şuranın iclas protokolunda
aşağıdakılar göstərilməlidir:
7.2.1. iclasın
keçirildiyi tarix və yer;
7.2.2. iclasa sədrlik
edən və iştirak edən Şura üzvlərinin,
katibliyin rəhbərinin, dəvət edilmiş digər şəxslərin
və (və ya) onların səlahiyyətli nümayəndələrinin
adları, soyadları və ata adları;
7.2.3. gündəliyə
daxil edilmiş müraciətin predmeti, qısa məzmunu və
əsasları;
7.2.4. gündəliyə
daxil edilmiş şikayətin predmeti üzrə daha əvvəl
qəbul edilmiş qərarlar və həmin qərarların əsasları;
7.2.5. Şuranın iclasında
iştirak edən şəxslərin
çıxışları;
7.2.6. Şuranın daxil olmuş
müraciətlərlə bağlı topladığı
sübutlar, gəldiyi nəticələr, aidiyyəti
hüquqi aktlara istinad;
7.2.7. səsə
qoyulan təkliflər, səsvermənin nəticəsi və
Şura tərəfindən qəbul edilmiş qərar.
7.3. Şura orqanın Apelyasiya
Şurasının qərarı, digər hərəkəti və
ya hərəkətsizliyinə dair şikayət üzrə
aşağıdakı qərarlardan birini qəbul edir:
7.3.1. qərar dəyişdirilmədən
saxlanılsın;
7.3.2. qərar
tamamilə və ya qismən ləğv edilərək, yeni qərar
qəbul edilsin və ya şikayətin yenidən
araşdırılması vəzifəsi orqanın Apelyasiya
Şurasının üzərinə qoyulsun;
7.3.3. qərar dəyişdirilsin;
7.3.4. şikayət
digər hərəkət və ya hərəkətsizlikdən
verilibsə, həmin hərəkət və ya hərəkətsizlik
qanuni və ya qanunsuz hesab edilsin (sonuncu halda müvafiq hərəkətin
edilməsi vəzifəsi orqanın Apelyasiya
Şurasının üzərinə qoyulmaqla);
7.3.5. şikayət
üzrə icraata xitam verilsin.
7.4. Bu Əsasnamənin 7.3-cü bəndində
nəzərdə tutulmuş qərar qəbul edilərkən
şikayətin məzmunundan və işin hallarından
asılı olaraq qərarda aşağıdakı məsələlər
də öz əksini tapmalıdır:
7.4.1. şikayətin
təmin edilməsi;
7.4.2. şikayətin
qismən təmin edilməsi;
7.4.3. şikayətin
təmin edilməməsi;
7.4.4. müvafiq hərəkətin
edilməsi vəzifəsinin orqanın üzərinə
qoyulması;
7.4.5. şikayətin
baxılması və nəticəsi barədə Şuraya və
şikayətçiyə məlumat verilməsi
üçün aidiyyəti dövlət orqanına və ya
qurumuna göndərilməsi.
7.5. Şuranın bu Əsasnamənin
7.3-cü bəndinə uyğun olaraq qəbul etdiyi qərarı
əsaslandırılmış şəkildə tərtib
olunmalı və işin bütün hallarını
özündə əks etdirməlidir. Qərar giriş, təsviri,
əsaslandırıcı və nəticə hissəsindən
ibarətdir və həmin hissələrdə
aşağıdakı məlumatlar qeyd edilir:
7.5.1. giriş hissəsində
Şuranın qərarının qəbul edildiyi tarix və
yer, bu Əsasnamənin 7.2.2-ci yarımbəndində olan məlumatlar,
şikayətin predmeti və irəli sürülən tələblər;
7.5.2. təsviri
hissədə şikayət edən şəxsin təqdim
etdiyi dəlillər, şikayətin predmeti üzrə əvvəllər
qəbul edilmiş qərarlar (edilmiş digər hərəkət
və ya hərəkətsizliklər) və onların qısa
məzmunu, əsasları, habelə işdə iştirak edən
şəxslərin izahatları;
7.5.3. əsaslandırıcı
hissədə Şuranın əldə etdiyi sübutlar və
topladığı sənədlər barədə məlumatlar,
aidiyyəti hüquqi aktlara istinadlar;
7.5.4. nəticə
hissəsində Şuranın qəbul etdiyi qərar və həmin
qərarın icrasına dair göstəriş.
7.6. Şuranın qərarlarının
və məktublarının aidiyyəti üzrə göndərilməsini
katiblik təşkil edir.
7.7. Şuranın iclası zamanı
bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə
tutulan hallardan biri müəyyən edilərsə, Şura
şikayət üzrə icraata xitam verilməsinə dair qərar
qəbul edir.
7.8. Şuranın qərarı qəbul
edildiyi andan qüvvəyə minmiş hesab olunur.
7.9. Şuranın qərarı aidiyyəti
orqana daxil olduqdan sonra müvafiq olaraq, həmin orqan və ya
orqanın Apelyasiya Şurası tərəfindən bir ay
müddətində (qərarda ayrı müddət nəzərdə
tutulmamışdırsa) icra olunmalı və nəticəsi
barədə Şuraya və şikayətçiyə rəsmi
məlumat verilməlidir.
7.10. Orqanın
Apelyasiya Şurası və ya həmin orqan bu Əsasnamənin
7.9-cu bəndində nəzərdə tutulmuş müddətdə
Şuranın qərarını yerinə yetirməzsə və
ya natamam yerinə yetirərsə, yaxud Şuraya zəruri məlumat
və təsdiqedici sənədlər təqdim etməzsə
və ya natamam təqdim edərsə, bu hal bu Əsasnamənin
və icra intizamının pozuntusu kimi qiymətləndirilir.”.
Azərbaycan.- 2018.-7 aprel.- S.9.