Azərbaycan-Fələstin münasibətləri tarixi köklərə əsaslanır
Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri şeyxülislam
Allahşükür Paşazadə
aprelin 6-da Fələstin
Dövlətinin xarici
işlər naziri Riad Malki ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, Allahşükür Paşazadə Azərbaycan ilə Fələstin arasında əlaqələrin tarixi köklərə əsaslandığını, xalqlarımızın möhkəm dostluq münasibətlərinin olduğunu deyib. Əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edən A.Paşazadə Azərbaycanın və Fələstinin bir-birinə qarşılıqlı dəstəyinin hər zaman davam edəcəyini vurğulayıb. Şeyxülislam qeyd edib ki, Azərbaycan Prezidenti hər zaman dünyada gedən siyasi proseslərə öz münasibətini bildirib. Qüds problemi də belə məsələlərdəndir. ABŞ-ın Qüdslə bağlı qərarı Azərbaycan Prezidenti və xalqı tərəfindən kəskin şəkildə pislənilib. Dövlətimizin başçısı bununla bağlı Türkiyədə keçirilən konfransda iştirak etdi, münasibətini bildirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən QMİ sədri bu problemin həllində İslam ölkələrinin bir olmasının önəmini vurğulayıb.
Riad Malki Azərbaycan dövlətinin hər zaman Fələstin xalqının yanında olmasını xüsusi minnətdarlıqla qeyd edib. O, Qüds məsələsi ilə bağlı Türkiyədə keçirilmiş konfransda Azərbaycan Prezidentinin iştirakının və Fələstin xalqının haqlarını müdafiə etməsinin ölkəsində yüksək qiymətləndirildiyini vurğulayıb.
Nazir Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransında müzakirə olunan məsələlərin önəmini qeyd edib, konfransın faydalı nəticələrinin olacağına əminliyini bildirib.
Azərbaycan.- 2018.- 7 aprel.- S.4.