Azərbaycan və Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

 

Azərbaycan və Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. AZƏRTAC xəbər verir ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Kamboca tərəfdən isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Ouç Boritin rəhbərlik edib.

Nazir müavini Xələf Xələfov Kamboca nümayəndə heyətinin səfərinin ölkələrimiz arasında siyasi dialoqun möhkəmlənməsi və işgüzar əlaqələrin genişlənməsi üçün faydalı olacağına, əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafı üçün mühüm zəmin yaradacağına əminliyini ifadə edib. O, Azərbaycan ilə Kamboca arasında siyasi, iqtisadi, humanitar, kənd təsərrüfatı, tibb, enerji və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edərək, əlaqələrin müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verib, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının Cənub və Cənub-Şərqi Asiya ölkələrinin Avropa bazarlarına çıxması üçün əlverişli imkanlar yaratdığını deyib. Həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən köklü islahatlar barədə danışıb.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu deyən nazir müavini münaqişənin regionda sülhə, sabitliyə və hərtərəfli inkişafa başlıca təhdid olaraq qalmaqda davam etdiyini bildirib. X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə Kamboca tərəfinə təşəkkürünü bildirib və Kambocanın bu mövqeyinin davamlı şəkildə ifadə olunacağına əminliyini qeyd edib.

O.Borit Kambocanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, fürsətdən istifadə edərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. O.Borit ölkəsinin BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq qətnamələrinin yerinə yetirilməsinin tərəfdarı olduğunu bildirib və münaqişənin sülh yolu ilə həllini dəstəklədiklərini deyib.

Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan kambocalı diplomat ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini diqqətə çatdırdı. Həmçinin parlamentlər arasında əməkdaşlığın gələcək inkişafında Kambocanın maraqlı olduğunu bildirib. O.Borit sovet dövründə kambocalı tələbələrin ölkəmizdə təhsil almaları üçün yaradılmış imkanlara görə Azərbaycana təşəkkürünü çatdırıb və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi niyyətində olduqlarını qeyd edib.

Enerji sahəsində Azərbaycanın zəngin təcrübəyə və yüksəkixtisaslı peşəkarlara malik olduğunu deyən qonaq bu istiqamətdə ölkələrimiz arasında müxtəlif mübadilə proqramlarının həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılması və siyasi məsləhətləşmələrin davamlı əsasda aparılması məsələləri müzakirə olunub.

 

Azərbaycan.- 2018.- 10 aprel.- S.2.