Səsvermə prosesi, səslərin
sayılması, səsvermənin nəticələrinin və
seçkilərin yekunlarının müəyyən
olunması və ictimailəşdirilməsi
11 Aprel
Prezident Seçkiləri Günüdür
2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl və keyfiyyətlə çoxsaylı irimiqyaslı layihələr gerçəkləşdirilib. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün azad və maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi təqvim planına əsasən atılıb.
Vətəndaşlarımızın öz iradəsini sərbəst şəkildə ifadə etmələri üçün seçki prosesinin mühüm və həlledici mərhələsi olan səsvermə gününə artıq sayılı günlər qalıb. Aktiv seçki hüququna malik vətəndaşlar, eləcə də seçki prosesinin müxtəlif statuslu iştirakçıları məhz bu mərhələdə qanunvericiliyin onlara verdiyi geniş hüquq və imkanları daha səmərəli reallaşdırmaq imkanlarına malik olurlar.
Seçki Məcəlləsinə müvafiq olaraq seçki günü bütün ölkə üzrə səsvermə saat 8:00-dan başlayır və 19:00-da başa çatır. Məntəqə seçki komissiyasının üzvləri səsvermə başlananadək hazırlıq işləri aparır və saat 7:50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsinin açıldığını elan edir. Bundan sonra o, seçki komissiyasının üzvlərinə, müşahidəçilərə və orada olan digər seçki subyektlərinə boş seçki qutularını göstərib kilidləyir və saat 8:00-da səsvermənin başlandığını elan edir.
Seçki günü məntəqə seçki komissiyasının üzvləri fəaliyyətlərini məntəqə seçki komissiyasının sədri tərəfindən onlar arasında aparılmış iş bölgüsünə uyğun olaraq qururlar. Həmin bölgüyə əsasən məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanıb, məntəqəyə daxil olan seçicilərin şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən digər sənədi, həmçinin ultrabənövşəyi lampa vasitəsilə onun sol əlinin baş barmağının gözə görünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayır. Əgər seçicinin sol əlinin baş barmağı gözə görünməyən mürəkkəblə işarələnməyibsə, ona seçki məntəqəsinə daxil olmağa icazə verilir. Bu cür işarələnmə müəyyən edilərsə, seçici səsvermə otağına buraxılmır.
Səsvermə otağına daxil olan seçici ilkin olaraq giriş qapısında dayanan komissiya üzvünə yaxınlaşır, şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədi təqdim edir. Bundan sonra seçicinin adı seçicilər siyahısında tapılır və komissiya üzvü seçicinin şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsini seçicilər siyahısında seçicinin adının qarşısında yazır. Komissiyanın digər üzvü seçicinin sol əlinin baş barmağının dırnaq və dəri nahiyəsini gözə görünməyən mürəkkəblə işarələyir. Bundan sonra yuxarı sağ küncü möhürlənmiş seçki bülleteninin yuxarı sol küncü kəsilərək seçiciyə verilir, seçici təklikdə sərbəst şəkildə səs verərək seçki məntəqəsini tərk edir.
Əgər seçici barmağının işarələnməsindən imtina edərsə, ona seçki bülleteni verilməyəcəyi həmin komissiya üzvü tərəfindən izah edilir, seçici razılaşmadığı təqdirdə ondan seçki məntəqəsini tərk etmək tələb olunur. Seçki Məcəlləsinin 104.6-cı maddəsində nəzərdə tutulduğu kimi, belə halda bu barədə seçicilər siyahısında seçicinin adının qarşısında “işarələnmədən imtina etdi” qeydi aparılır.
Seçiciyə təqdim olunan seçki bülletenində adları göstərilən şəxslərdən yalnız bir nəfər Azərbaycan Respublikasının Prezidenti seçilməlidir. Seçici lehinə səs vermək istədiyi namizədin adının qarşısında yerləşən boş kvadratda hər hansı bir işarə, məsələn, “X” işarəsi qoya bilər. Birdən çox boş kvadratda işarə qoyulduqda və ya heç bir kvadrata işarə qoyulmadıqda səs etibarsız sayılır.
Fiziki qüsurlu və ya hərəkət qabiliyyətində məhdudiyyətləri olan seçici məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, hər hansı bir kənar seçicinin köməyindən istifadə edərək səsvermə hüququnu həyata keçirə bilər. Bu zaman seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında “seçicinin seçki bülletenini alması haqqında imza” qrafasında imza etməlidir.
Yeri gəlmişkən, MSK 2003-cü ildən bəri görmə qabiliyyətini tam və ya qismən itirmiş şəxslər üçün seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretlərdən istifadə edir. Bu il keçiriləcək prezident seçkilərində də bu ənənə davam etdirilir və bu məqsədlə hər bir məntəqə seçki komissiyası Brayl əlifbası ilə yazılmış azı 2 trafaret forması ilə təmin olunub. Gözdən əlil olan səsvermə hüquqlu vətəndaşlar onlar üçün hazırlanmış xüsusi trafaretlərdən istifadə etməklə seçki günü sərbəst şəkildə istədikləri namizədə səs verəcəklər.
Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunur. Respublika üzrə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu müəyyən edilib, həmin məntəqələrdə hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılıb və mobil panduslar quraşdırılıb. Beləliklə, seçki məntəqələri bu qəbildən olan seçicilər üçün də əlverişli hala gətirilib. Həmin panduslar əlil arabasından istifadə etməklə hərəkət edən şəxslərin də sərbəst şəkildə məntəqəyə gələrək səs verməsinə imkan yaradacaq. Ümumiyyətlə, Seçki Məcəlləsinin tələbinə əsasən, Azərbaycanda keçirilən seçkilərdə seçki günü səhhətinə görə seçki məntəqəsinə gəlmək imkanı olmayan seçicilərin hər zaman daşınan seçki qutuları vasitəsilə yaşadıqları evdə səs verməsi təmin olunub. Panduslardan istifadə edilməsi onların cəmiyyətə inteqrasiyasına, digər seçicilər kimi sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs vermələrinə imkan verəcək.
Seçki günü səsvermə keçirilən yerdə qayda-qanuna nəzarət məntəqə seçki komissiyasının sədri tərəfindən həyata keçirilir. Ona görə də səsvermə otağında olan seçki subyektləri məntəqə seçki komissiyası sədrinin göstərişlərinə əməl etməlidirlər. Əgər müşahidəçi və ya digər buna hüququ olan şəxs seçki məntəqəsində hər hansı bir qanun pozuntusunu müşahidə edərsə, bu barədə dərhal MnSK sədrinə məlumat verilməlidir.
Seçki günü ərzində 5 dəfə - saat 10.00, 12.00, 15.00, 17.00, 19.00-da seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürüləcək və internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunacaq. Respublikada fəaliyyət göstərən bütün telekanallar gün ərzində MSK və aşağı seçki komissiyalarının fəaliyyətini işıqlandırmaq üçün canlı müsahibə və xəbər buraxılışları yayımlayacaq, MSK-ya daxil olan məlumatların işlənməsində birbaşa iştirak edəcəklər. Əvvəlki illərdə keçirilmiş seçkilərdəki təcrübəyə əsaslanaraq qeyd etmək olar ki, səsvermə başa çatdıqdan bir neçə saat sonra ölkə üzrə seçki məntəqələrinin 70%-dən çoxundan onlayn rejimdə daxil olmuş məlumatlar əsasında seçki dairələri üzrə ilkin məlumatlar elan edilir, növbəti gün isə artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları əsasında səsvermənin ilkin nəticələri tam şəkildə ictimaiyyətə çatdırılır. Bu isə seçki prosesində şəffaflığın təmin olunması baxımından tətbiq edilən bütün digər çoxsaylı vasitələrlə yanaşı, xüsusilə mühüm əhəmiyyət kəsb edən amillərdən biridir.
Şəffaflıqdan danışarkən qeyd etmək lazımdır ki, MSK respublikada keçirilən seçkilərdə aşkarlığın yüksək səviyyədə təmin olunması üçün informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edir. Azərbaycanın seçki tarixində artıq 10 ildir tətbiq olunan və seçki prosesini canlı fasiləsiz izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi böyük tarixi nailiyyət olmaqla bərabər, dünya seçki praktikasında yeni bir tendensiyanın əsasını qoyub. Əvvəlki illərdə olduğu kimi, cari ildə keçiriləcək prezident seçkilərində də MSK-nın qərarı ilə respublikadakı seçki məntəqələrinin 1000-də (təxminən 20%-də) veb-kameralar quraşdırılıb və veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı komissiyanın qərarı ilə dərc edilib. Bu layihənin həyata keçirilməsində MSK ilk günlərdən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə sıx əməkdaşlıq edib. Qeyd edək ki, bu veb-kameralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması, nəticələrin müəyyənləşdirilməsi və rəsmi protokolların hazırlanmasını arasıkəsilmədən canlı müşahidə etmək imkanı əldə edəcək. Builki seçkilərdə şəffaflığın təmin olunmasında iştirak edən çoxsaylı yerli və beynəlxalq müşahidəçilər, yerli və xarici kütləvi informasiya vasitələri, “exit-poll”, qaynar xətt, internet resursları və digər aşkarlıq institutları ilə bərabər, veb-kameraların da tətbiq olunması internet istifadəçiləri tərəfindən seçki günü proseslərin birbaşa izlənməsinə və beləliklə, aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına şərait yaradacaq.
Səsvermə prosesində diqqəti cəlb edən məsələlərdən biri də daşınan seçki qutusu vasitəsilə səs verilməsidir. Seçki qanunvericiliyi imkan yaradır ki, səhhətinə görə seçki günü seçki məntəqəsinə gələ bilməyən seçicilər də səsvermədə iştirak etsin. Belə ki, seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, səsvermə gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsilə bildirir.
Qanunvericiliyin tələbinə görə, seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs verməsi üçün məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi maraqları təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalı və seçici haqqında seçicilər siyahısındakı digər məlumatlar göstərilməlidir. Səsvermə otağından kənarda səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etməsi qaydaları pozulmasın.
Səsvermə başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, “yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər”. Bu zaman yalnız səsvermə otağında növbəyə dayanmış seçicilərin səs vermələri təmin olunur. Seçki qutuları açılmazdan əvvəl istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin bülletenlərin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.
Qutular növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. Seçki məntəqəsi üzrə seçicilər siyahısında olan seçicilərin sayına bu seçki məntəqəsində qeydiyyatdançıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı əlavə olunur.
Məlumat üçün qeyd edək ki, seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları Seçki Məcəlləsinin 40.2 və 40.4-cü maddələrində göstərilən müşahidəçi statusu olan şəxslərin müşahidəsi ilə tərtib olunur.
MnSK üzvləri protokolları tərtib edərkən məlumatları ilkin olaraq qaralama nüsxədə qeyd etməli, onların düzgünlüyünə əmin olduqdan sonra bu məlumatları rəsmi protokola yazmalıdırlar. Rəsmi nüsxənin korlanmasına qətiyyən yol vermək olmaz. Protokolun 1-ci nüsxəsi Seçki Məcəlləsinə əsasən ona əlavə olunmalı sənədlərlə birgə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Protokolun 2-ci nüsxəsi ona əlavə edilmiş sənədlərlə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasında qalır. Protokolun 3-cü nüsxəsi isə tərtib edildikdən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır.
Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı ölkə hüdudlarından kənarda - diplomatik nümayəndəliklərdə və ya konsul idarələrində yaradılmış seçki məntəqələrində də səsvermə yuxarıda qeyd edilən qaydalar əsasında hazırlanıb həyata keçirilir.
Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır. DSK protokolunun 1-ci nüsxəsi müvafiq sənədlər əlavə edilməklə dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müşahidəçilərin müşayiəti ilə MSK-ya göndərilir. Protokolun 2-ci nüsxəsi dairə seçki komissiyasında qalır, 3-cü nüsxəsi isə müvafiq məntəqə seçki komissiyaları protokollarının surətləri ilə birlikdə məlumat lövhəsindən asılır və 10 gün saxlanılır.
Seçkilərdə şəffaflığın təmin olunmasının yekun göstəricisi seçkilərin yekunlarının ictimailəşdirilməsidir. Bu prosses iki əsasda: ilkin nəticələrin və ümumi nəticələrin ictimailəşdirilməsi əsasında baş verir. İlkin nəticələr MSK tərəfindən cədvəl şəklində dərc edilir və internet səhifəsində yerləşdirilir. Daha sonra Seçki Məcəlləsində təsbit olunduğu qaydada səsvermənin yekunları dərc olunaraq geniş ictimaiyyətin diqqətinə çatdırılır.
Seçki Məcəlləsinin tələbinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə seçkilərə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.
Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün zəruri şərait yaradılıb və seçki məntəqələri səsvermə gününə tam hazır vəziyyətə gətirilib. Ümidvarıq ki, seçicilərimiz onlar üçün yaradılmış bu qədər geniş imkanlardan səmərəli istifadə edəcək və seçki günü fəallıqla seçki məntəqələrinə gələrək azad və sərbəst şəkildə öz konstitusion hüquqlarını reallaşdıracaqlar.
Rövzət QASIMOV,
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyası Katibliyinin müdiri
Azərbaycan.-
2018.-10 aprel- S.4.