Azərbaycan tikir, Azərbaycan tikilir

 

10 Aprel İnşaatçılar Günüdür

 

Bu gün Azərbaycan inşaatçılarının peşə bayramıdır. Bəlkə çoxlarımız üçün sıradan təqvim günü olan aprelin 10-u inşaatçılarımız üçün hesabat zamanı, götür-qoy vaxtıdır. Ümumiyyətlə, sovetlərdən qalan bu cür peşə bayramları həmin dönəmdə ideoloji təbliğatın tərkib hissəsi olsa da, özlüyündə pis ənənə deyil. Niyə olmalıdır axı... Hansı peşə sahibi istəməz ki, ildə bir dəfə xatırlansın, mükafatlandırılsın nəhayət, dövlətə, xalqa gördüyü işlər, nəzərdə tutduğu hədəflər barədə məlumat verilsin. Bu gün inşaatçılarımız üçün məhz belə bir gündür.

İnşaatçını başqa peşə sahiblərindən fərqləndirən cəhət onun işinin həmişə göz qabağında olmasıdır. Hamımız etiraf edirik ki, bugünkü Azərbaycan nəinki 20-25, hətta 2-3 il əvvəlki ölkə deyil, o, büsbütün abadlaşıb, gözəlləşib, təkrarsız tikililərlə tanınmaz olub. Özü bunu təkcə biz demirik, ölkəmizə müxtəlif məqsədlərlə gələn qonaqlar da etiraf edirlər.

Bəs, bu fəxr olunası, qürur duyulası reallığı kim yaradır? Təbii ki, inşaatçılar. O inşaatçılar ki, bu gün təkcə yaşayış binaları, məktəblər, xəstəxanalar, uşaq bağçaları, ticarət xidmət obyektləri tikmirlər. Onlar həm Azərbaycanda yeni sənaye müəssisələri inşa edirlər, körpülər salırlar, yol çəkirlər bununla da ölkədə prioritet fəaliyyət istiqaməti elan olunmuş qeyri-neft sektorunun inkişafına öz töhfələrini verirlər. Bu baxımdan Azərbaycanın qeyri-neft sektorunda inşaat bölməsinin payının kifayət qədər yüksək olması təsadüfi sayıla bilməz.

Qürur verən, fərəh doğuran həm o faktdır ki, inşaatçılarımız artıq xarici ölkələrdə fəaliyyət göstərirlər. Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə adi çoxmərtəbəli yaşayış binası tikə bilməyən inşaatçılarımız indi hətta bu işin ustalarının vətəni sayılan Türkiyədə müxtəlif təyinatlı binalar, obyektlər tikirlər. Biz hələ qonşu Rusiyada, Ukraynada, Gürcüstanda Azərbaycan inşaatçılarının sərmayəsi əli ilə tikilən onlarca obyektləri, eləcə Azərbaycan inşaatçılarının sorağının Şərqi Avropa ölkələrindən gəldiyini demirik.

Azərbaycanın inşaat sektorunda keçən ilə aid hesabata qısa nəzər salaq: ötən il ölkədə 11,8 milyard manatlıqdan çox məhsul istehsalı, 2,8 milyard manatlığa yaxın xidmət sahələri obyektləri, 891 milyon manatlıq ümumi sahəsi 1,7 milyon kvadratmetrdən çox olan yaşayış binaları tikilmişdir. 2017-ci ildə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 16,1 faizi tikinti işlərinə sərf olunmuşdur. Ötənilki 70,1 milyard manatlıqdan çox ümumi daxili məhsulun isə 9,5 faizi tikinti sektorunda istehsal edilmişdir. Yalnız keçən il ölkə üzrə müxtəlif təyinatlı yüzlərlə sənaye və sosial obyektlər tikilib istifadəyə verilmişdir. Onların arasında Bakı-Tbilisi-Qars dəmir yolu, paytaxtdaBaku Aqroparkistixana kompleksi, “Pirallahı” Günəş Elektrik Stansiyası, Balaxanı Sənaye Parkı, Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat avtomobil yolu, Sumqayıt şəhərində yenidən qurulmaqla Boruyayma zavodu, Gəncə Dövlət Filarmoniyasının yeni binası, “Grand Qafqaz” Ticarət Kompleksi, “Gəncə MallTicarət Mərkəzi, Yevlax şəhərində Varvara balıqartırma və balıqyetişdirmə zavodu, Lənkəran şəhərində çəltik zavodu, “Xəzər Palacehotel kompleksi, Abşeron rayonunda Olimpiya İdman Kompleksi, Ağcabədidə çörək və un məmulatları zavodu, Olimpiya İdman Kompleksi, Balakəndə su elektrik stansiyası, Cəlilabadda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi, Gədəbəydə limonad zavodu, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzi, Qubada “Azərxalça” ASC-nin  filialı, Neftçalada Sənaye Məhəlləsi, Sabirabadda quşçuluq fabriki, mərkəzi xəstəxana, Şəmkir rayonunda “AzərişıqASC-nin Avtomat idarəetmə və nəzarət mərkəzi, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzi, “Azərxalça” ASC-nin filialı, Gəncə, Gədəbəy, Qax, Neftçala, Saatlı, Salyan, Zaqatalada elektrik yarımstansiyaları, eləcə də Naxçıvan Muxtar Respublikasında, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində, Gədəbəy, Salyan, Şamaxı və Tərtər rayonlarında 5160 şagirdlik 10 ümumtəhsil məktəb binası, Naxçıvan MR, Mingəçevir şəhəri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və Qazax, Qobustan, Saatlı, Samux, Tərtər rayonlarında 1154 yerlik 9 məktəbəqədər təhsil müəssisəsi və s. kimi obyektlər  var və onların hər biri inşaatçı əməyi hesabına hasilə gəlib.

Peşə bayramınız mübarək!

 

Azərbaycan.- 2018.- 10 aprel.- S.8.