Müstəqil siyasətə, əsaslı islahatlar kursuna, tarixin ən möhtəşəm Azərbaycanına
"HƏ" deyən Xalq İlham Əliyevə növbəti etimad mandatı verdi
“İlkin nəticələrə görə, seçicilərin 86 faizinin səsini qazanan İlham Heydər oğlu Əliyev seçki birincisidir” - bu rəsmi məlumat dünənlə bu günü biri-birinə bağlayan gecənin həyəcanına milyonların sevincini qatdı...
Azərbaycan xalqı Prezidentinə olan inamını növbəti dəfə rəsmiləşdirdi, ona qarşıdakı 7 il üçün ümummilli etimadın yeni mandatını verdi!
İstiqlalımızın bayraqdarına ümummilli dəstək
Xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan Prezident seçkisi artıq tarixə qovuşdu. Və eyni zamanda, tariximizin növbəti şanlı səhifəsinin ilk sətirlərinə, dövlət quruculuğunun yeni inkişaf, nailiyyət salnaməsinin başlanğıcına çevrildi.
Ötən günkü səsvermə sıradan bir siyasi aksiya deyildi. Onun mahiyyətində dövlətin və millətin sabahı ilə bağlı olan əlahiddə məqamlar, ilk addımlarını atdığımız yeni intibah yolunun aydın məramları, ən əsası isə məhz Azərbaycanın özü, taleyi, müstəqilliyi dayanırdı.
Əslində, Azərbaycan vətəndaşı 11 aprel seçkisinə təkcə Prezident seçkisi kimi yanaşmırdı!
Bu, həm də müəyyən mənada ümumxalq referendumu idi!
Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyev missiyasına xalqın növbəti etimad səsverməsi idi!
Eyni zamanda, xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirən seçki idi!
Növbəti islahatlar kursunu bəyan edən və gələcəyə daha çevik, modern, səmərəli idarəçilik modeli ilə addımlayan İlham Əliyevin siyasətinə xalqın güvən səviyyəsini dəqiqləşdirən rəy sorğusu idi!
Bu, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda İlham Əliyevin fəaliyyəti sayəsində normal yaşayış, güzəran quran, daha xoş sabahına əmin olan, özünə və dövlətinə güvənən milyonların öz xilaskarlarına minnətdarlıq, inam aksiyası idi!
Bu, özünü siyasi səhnədə hərdən büruzə verən xaos, böhran kabusuna və onun daşıyıcılarına xalqın sonuncu qətiyyətli “yox”u idi!
***
11 aprel Azərbaycanın yeni tarixinin ən məsuliyyətli seçim anı, xalqın isə müdriklik sınağı idi. Azərbaycan bu seçimdən də, bu sınaqdan da məsuliyyətlə, müdrikliklə, şərəflə çıxdı və dünyanı öz nailiyyətləri ilə heyran qoyan məmləkətin bəşəriyyəti öz bacarığı, qabiliyyəti ilə həmişə heyrətləndirəcək bir millət olduğunu nümayiş etdirdi.
Seçkilərdən iki gün öncə Prezidentin səsləndirdiyi fikirlər - “Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmamışdır. Bunu biz yaratmışıq. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin inkişafı üçün əsas amildir. Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Biz düzgün yoldayıq” - sözləri əslində, İlham Əliyevin 15 illik fəaliyyətinin ümumi icmalı, qısa hesabatı idi.
Və xalq da düzgün yolla irəliləyən liderinə, istiqlalımızın bayraqdarına, tarixin ən möhtəşəm Azərbaycanını yaradan İlham Əliyevə qarşıdakı 7 il üçün xeyir-duasını, dəstəyini verdi...
İlham Əliyevin Azərbaycanı - güclü,
mətin, daim qalib...
İndiki dövrdə bu geniş ümummilli etimadın olduqca böyük əhəmiyyəti var. Çünki Azərbaycan yeni yol ayrıcındadır...
Ətrafımızda fövqəlgüclərin qarşısında müqavimətdən imtina edərək müstəqilliklərindən könüllü imtina edən, yaxud onu nominal simvola çevirən dövlətlərin sayı artır. Kənar müdaxilələr nəticəsində qosqocaman dövlətçiliklərini itirərək vətəndaş müharibəsinə və səfalətə sürüklənən, yaxud qaçqına çevrilən əhalisinin yarısı dənizlərdə batan, yarısı isə Avropa küçələrində Allahın ümidinə buraxılan ölkələrin sırasına daim yeniləri qoşulur. Qeyri-islami qüvvələrin marionetinə çevrilən “islamçı” qruplaşmaların terrorizmi müsəlman dövlətlərini qana boyayır, hər gün yüzlərlə müsəlmanın qətlini artıq adi hadisə kimi qarşılayırıq. Dünya məqsədli şəkildə hazırlanan “qlobal böhran ssenarisi”nə təslim olur, milli iqtisadiyyatlar çökür...
Azərbaycana qarşı da bütün bu planlar tətbiq olunur. Məmləkətimizi də iflas həddinə çatdırmaq, vətəndaş müharibəsinin məngənəsinə salmaq, terrorizm mərkəzinə çevirmək, əhalimizi İran, Rusiya, Avropa çöllərinə miqrant kimi göndərmək kimi məkrli təsirlər dayanmadan üzərimizə gəlir. Amma Afrikadan Asiyayadək böyük bir coğrafi arealda savaş və terror püskürən dalğa Azərbaycan hüdudlarında dirənişlə üzləşir.
Bu yönümdə nələr baş verdiyini hər gün canlı müşahidə edirik. Azərbaycana qarşı beynəlxalq miqyasda qərəzli kampaniyalar, dünya erməniliyinin maliyyələşdirdiyi antiazərbaycançı layihələr və belə rəzilliklərə buyruq qulu olan “beşinci kolon”...Elə son aylarda Azərbaycana yönəlik təxribatların artması da, sosial şəbəkələrdə şərəfsiz “müharibənin” tüğyan etməsi də təsadüfi deyil. Hansı mərkəzlər tərəfindən hazırlandığı və hansı məqsədlərə hesablandığı sirr olmayan bu cəhdlər həmişəki kimi uğursuzluğa məhkum olduğundan antiazərbaycançı şəbəkə ard-arda yeni kampaniyalara start verir.
Hədəfdə Azərbaycandır, dövlətçilikdir, müstəqillikdir və bunların dönməzliyini təmin edən Liderdir!
Amma onların qarşısı İlham Əliyev və onun komandası tərəfindən mərdliklə, qətiyyətlə alınır...
İlham Əliyevin bu “ssenarilərə” - Azərbaycanı İraqa, Suriyaya çevirmək istəyən təsirlərə qarşı təşkil etdiyi güclü müqavimət barədə yenidən bəhs etməyə lüzum yoxdur, bunu bilməyən varmı?
Tarixin ən möhtəşəm Azərbaycanını - məmləkətimizin mövcud nailiyyətlərini yaratmaq, sonra isə onu dörd bir yandan gələn təsirlərdən qorumaq həqiqətən də ən ali liderlik örnəyidir.
Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti elan etdiyi dövlət müstəqilliyini qorumağı İlham Əliyev özünə şərəf borcu qəbul edib!
Dünənki seçkinin möhtəşəm nəticəsi həm də antiazərbaycançı şəbəkəyə xalqın sərt şilləsidir!
Bu, Azərbaycanın fövqəlgüclər qarşısında mətin mübarizəsinin, müstəqil siyasətinin yeni zəfəridir!
Möhtəşəm seçki zəfərinə
Mehriban Əliyevanın mühüm
töhfəsi
Dünən İlham Əliyev seçicilərin maksimum etimadını qazandı. Onu da etiraf edək ki, İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olmasını təmin edən amillərdən biri də onun xeyirxahlıq, himayədarlıq siyasətində əsas yardımçısı olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətidir. “Birinci şəxs-birinci xanım” tandemi Azərbaycanda mərhəmətin və xeyirxahlığın ən ali səviyyəsini, xalqın inam və etimad ünvanını təşkil edir.
Dünənki möhtəşəm seçki zəfərində istisnasız olaraq, Mehriban xanım Əliyevanın da mühüm töhfəsi, əlahiddə iştirakı vardı!
Bu gündən Azərbaycanda dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələsi başlayır. Bu mərhələni də uğurla gedəcəyimizə, Azərbaycanı daha qüdrətli, müstəqilliyimizi daha dönməz edəcəyimizə əsla şübhə yoxdur.
Çünki dövlətimizin təminatçısı, istiqlalımızın bayraqdarı İlham Əliyev artıq dünya gündəminə daha güclü ümummilli dəstəklə, daha böyük etimadla qədəm qoyur!..
Prezident İlham Əliyevin qazandığı qələbə əslində, hər birimizin qələbəsidir!
Bu zəfər bizim qarşıdakı nailiyyətlərimizin müjdəçisi, daha xoşbəxt gələcəyin, güclü və qüdrətli Azərbaycanın rəhnidir!
Prezident İlham Əliyev 15 il ərzində Azərbaycana sədaqətlə xidmət etdi və qarşıdakı yeddi ildə ölkəyə rəhbərlik etmək haqqını da halallıqla qazandı!
Demək, bu missiyaya, bu siyasətə, bu kursa zaval yoxdur!..
Seçimin mübarək, Azərbaycan!..
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-
2018.-12 aprel- S.1.