Paytaxt sakinləri seçkilərdə yüksək fəallıq
göstərdilər
Nərimanov
Nərimanov rayonu siyasi fəallığı, ölkə miqyaslı siyasi proseslərdə mütəşəkkil iştirakı ilə diqqəti cəlb edir. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri bu rayonda həmişə yüksək səviyyədə baş tutub və indiyədək heç bir seçkidə ciddi qanun pozuntusu qeydə alınmayıb. Prezident seçkiləri də əvvəlki seçkilərdə olduğu kimi, yüksək seçici fəallığı şəraitində keçdi.
Seçkilərə hazırlıq işləri 18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci seçki dairələrində vaxtında başa çatdırılmışdı. Xatırladaq ki, hələ bir neçə il əvvəl bu seçki dairələrinin bütün seçki məntəqələrinin şəraiti və texniki vəziyyəti araşdırılıb, darısqal və seçki keçirilməsi üçün uyğun binalarda yerləşməyən məntəqələrin yerləri dəyişdirilib. Bütün seçki məntəqələri təmirlidir. Bu seçkilərdən də əvvəl məntəqələrə baxış keçirilib, onların hər biri lazımi inventar və avadanlıqlarla tam təchiz olunub. Beləliklə, səsvermə gününə qədər seçkilərin yüksək səviyyədə, qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə baş tutması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdə tutulan hazırlıq işləri seçki dairələrində yüksək səviyyədə yekunlaşmışdı. Seçki dairələrində seçki kampaniyasının ayrı-ayrı mərhələlərində heç bir qanun pozuntusu və çətinlik yaşanmamışdı. Bütün seçki məntəqələrində vətəndaşların sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılmışdı.
Rayon üzrə ümumilikdə 84 seçki məntəqəsi var. Onlardan 16 seçki məntəqəsi 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə, 35 seçki məntəqəsi 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə, 33 seçki məntəqəsi isə 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə fəaliyyət göstərir. Nərimanov rayonu üzrə ümumilikdə 110 min 756 nəfər seçici qeydiyyata alınmışdı. Onlardan 2177 nəfəri ilk dəfə səs verənlər idi.
20 saylı Nərimanov ikinci seçki dairəsindəki müşahidələrimiz seçkilərin fəallıq şəraitində keçirildiyini təsdiq etdi. Dairə üzrə qeydə alınan seçicilərin sayı 44 min 319 nəfərdir. Dairə üzrə qeydiyyatdan keçmiş müşahidəçilərin sayı isə 367 nəfər idi.
Seçici fəallığı baş çəkdiyimiz hər bir seçki məntəqəsində hiss olunurdu. Öncə 20 saylı Nərimanov ikinci seçki dairəsinin 16 saylı seçki məntəqəsində olduq. Səsvermənin başlanmasının elan olunmasına hələ qalsa da, artıq məntəqənin önündə xeyli seçici toplaşmışdı. Onlardan Arif Bayramov və Pərişan Ələkbərova ilə söhbətləşdik. Hər iki seçici seçki məntəqəsinə gələrək səs verməyi özlərinin vətəndaşlıq borcu olduğunu qeyd etdilər və ən layiqli namizədi dəstəkləyəcəklərini bildirdilər.
Məntəqədə səsverməyə hazırlıq işləri nəzərdə tutulan vaxtda başlanmışdı. Saat 7:50-də seçki məntəqəsi açıq elan edildi və seçki qutuları kilidləndi. Saat 8:00-da isə seçki məntəqəsinin sədri Xədicə Əliyeva səsvermənin başlandığını elan etdi. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra seçicilər məntəqəyə daxil oldular. Öyrəndik ki, bu seçki məntəqəsində 1424 nəfər seçici qeydə alınıb. Onlardan 23 nəfəri ilk dəfə səs verənlər idi.
Seçki məntəqəsində
müşahidəçilərin səsvermənin
gedişatını müşahidə etmələri
üçün hər bir şərait
yaradılmışdı. Söhbətləşdiyimiz
müşahidəçilər seçkilərin şəffaf,
demokratik, seçki qanunvericiliyinə uyğun keçirildiyini
təsdiq etdilər. 16 saylı seçki məntəqəsində
səsverməni iki nəfər xarici müşahidəçi
də izləyirdi. Onlar ATƏT-in təmsilçiləri - ABŞ-dan olan
Barbara Hillas və Almaniyadan gəlmiş Helmut Jozef idilər. Hər iki
müşahidəçi hazırlıq işlərini və
səsvermənin başlanması prosesini yüksək qiymətləndirdilər.
Seçki məntəqəsinin
çıxışında isə “exit-poll” keçirilirdi. 16 saylı
seçki məntəqəsi də daxil olmaqla 20 saylı Nərimanov
ikinci seçki dairəsinin 10 seçki məntəqəsində
səsvermənin gedişatını veb-kameralar vasitəsilə
izləmək də mümkün idi.
19 saylı Nərimanov birinci
seçki dairəsində də səsvermə seçici
mütəşəkkilliyi şəraitində keçdi. Baş çəkdiyimiz
26 saylı seçki məntəqəsinin komissiya sədri Səmayə
Eynullayeva səsverməyə hazırlıq işlərinin və
səsvermənin başlanmasının vaxtında həyata
keçirildiyini bildirdi. Artıq səhər
saatlarından burada da qələbəlik idi. Seçicilər səs vermək üçün məntəqənin
qarşısında növbəyə
düzülmüşdülər. Burada da
müşahidəçilərin səsvermənin gedişini
izləmələri üçün hər cür şərait
yaradılmışdı. 19 saylı Nərimanov
birinci seçki dairəsində də 26 saylı seçki məntəqəsi
daxil olmaqla 10 seçki məntəqəsində səsvermənin
gedişatını internetdən izləmək mümkün
idi.
Nəsimi
Nəsimi rayonunda
bütün hazırlıqlar kifayət qədər
demokratikliyi, seçkilərin keçirilməsi
üçün lazımi şəraitin yaradılması ilə
səciyyələnirdi. Rayonu əhatə edən 21 saylı Nəsimi birinci, 22
saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail
seçki dairələrində bu siyasi kampaniyanın
bütün mərhələləri ilk gündən
başlayaraq qanunvericiliyə və Mərkəzi Seçki
Komissiyasının təsdiq etdiyi Təqvim Planına uyğun
həyata keçirilib.
22 saylı Nəsimi ikinci
seçki dairəsindəki müşahidələrimiz
seçici mütəşəkkilliyindən xəbər
verirdi. Bu dairə üzrə 28 seçki məntəqəsində
38 min 38 nəfər seçici qeydə alınıb. Dairənin Azərbaycan Dillər Universitetində yerləşən
26 saylı seçki məntəqəsinə gələrkən
izdihamla rastlaşdıq. Məntəqənin
önündə səs vermək üçün
çoxsaylı insan toplaşmışdı. Məntəqə seçki komissiyasının sədri
Ağamayıl Baxşıyev bildirdi ki, səhər
saatlarından seçicilər aktiv şəkildə səsverməyə
gəlirlər. Bu məntəqə üzrə
ümumilikdə 1448 nəfər seçici qeydə
alınıb.
Seçicilərlə
söhbətləşdik. Bundan əvvəl də bütün
seçki və referendumlarda aktiv iştirak etdiyini qeyd edən
gənc fəal Amil Cavadov dedi: “Seçkilər hər bir
dövlətin siyasi həyatında mühüm hadisədir. Ölkəmizdə hər kəs istər seçkidə,
istər referendumda öz iradəsini azad və sərbəst
şəkildə ifadə edir. İndiyədək
keçirilmiş seçkilərin heç birində ciddi
qanun pozuntuları qeydə alınmayıb. Beynəlxalq təşkilatlar da daim ölkəmizdə
keçirilən seçkiləri təqdir ediblər. Hesab edirəm ki, bütün bunlar Azərbaycanın
mühüm demokratik uğurlarıdır. Bu seçkilərdə də xalqımız siyasi
iradəsini ifadə edərək növbəti müddətə
ölkə Prezidentini seçəcək. Göründüyü
kimi, seçki məntəqəsində fəallıqdır.
Seçicilər mütəşəkkil şəkildə
seçki məntəqəsinə gəlirlər. Bütün bunlar ölkə vətəndaşlarının
bu ümummilli siyasi kampaniyaya laqeyd olmadıqlarının, Azərbaycanın
gələcəyi naminə siyasi iradə nümayiş etdirmələrinin
göstəricisidir. Əminəm ki, əvvəlki
seçkilərdə olduğu kimi, xalqımız bu dəfə
də öz müdrik seçimini edəcək, ölkəmizin
inkişafının və sabitliyinin davamlı olmasına,
daha firavan və gözəl gələcəyimizin təmin
olunmasına səs verəcəklər”.
Seçici Süleyman Atakişiyev də
bir gənc kimi bu cür respublika miqyaslı mühüm siyasi
kampaniyalarda fəal olduğunu bildirdi: “Seçkilərdə hər
kəs fəal olmalı, öz konstitusion hüququndan istifadə
edib səsverməyə gəlməlidir. Seçki
məntəqəsində gördüklərim isə həqiqətən
qürurvericidir. İnsanlar səs vermək
üçün növbəyə düzülüblər.
Bu, Azərbaycan vətəndaşlarının
ölkəmizin siyasi həyatında və gələcək
taleyində böyük rol oynayan seçkilərə biganə
qalmadıqlarının göstəricisidir. Mən də bu gün inkişafa, yüksək rifaha
və daha güclü Azərbaycan naminə həyata
keçirilən siyasətə səs verdim. O siyasətə
ki, ötən dövrdə ölkəmizi inkişaf yoluna
çıxarıb, Azərbaycanı dünyada söz sahibinə,
sayılıb-seçilən dövlətə çevirib. Əminəm ki, bu seçkinin nəticələri
xalqımızın mütləq əksəriyyətinin
arzusunun ifadəsi olacaq. Bu seçkinin nəticəsi
olaraq Azərbaycan öz inkişaf yolunda inamla irəliləyəcək,
xalqımızın rifahı daha da yüksələcəkdir”.
Seçki məntəqəsində
müşahidəçilərlə də
görüşdük. Yeni Azərbaycan Partiyasını təmsil edən
müşahidəçi Sərraf Hüseynov bildirdi ki,
demokratik inkişaf yolunda böyük məsafələr qət
etmiş Azərbaycanda artıq zəngin seçki ənənəsi
formalaşıb: “Bu ənənə demokratiyaya, ədalətə
və şəffaflığa əsaslanır. İndiyədək
çoxlu seçkilər keçirilib. Və
hər seçkidə təsdiqlənib ki, Azərbaycanda
demokratik dəyərlər təşəkkül tapıb.
Bizdən başqa burda xarici müşahidəçilər
də səsverməni izləyirlər. Hər
hansı nöqsan da qeydə alınmayıb. Ümumiyyətlə isə hansısa problemin
yaranması mümkün deyil. Əminik ki,
bu seçki də ölkəmizin demokratiya yolunda uğurla irəliləməsinin
növbəti təcəssümü olacaq”.
YAP-ı təmsil edən digər müşahidəçi Əli Pənahov da səsvermənin qanunvericiliyə uyğun getdiyini diqqətə çatdırdı: “Səhər saatlarından buradayıq. Seçki məntəqəsi vaxtında səsverməyə açıq elan edildi. Səsvermə başlayandan məntəqənin ətrafında və daxilində qələbəlik var. Hər kəs sərbəst şəkildə öz siyasi iradəsini ifadə edir. Bu mənada seçkilərin tam demokratik, ədalətli və şəffaf şəkildə keçirildiyini əminliklə söyləyə bilərik. İnanırıq ki, bu seçki demokratiyanın təntənəsi olmaqla, Azərbaycanın gələcək inkişafının davamlılığını təmin edəcək”.
Seçki məntəqəsində
xarici müşahidəçilərlə də
görüşdük. Simon Peterman və Klod Monike
Belçikadan gəliblər. Hər ikisi Avropa
Strateji Təhlükəsizlik və Kəşfiyyat Mərkəzini
təmsil edirlər. Simon Peterman səsvermə
məntəqəsində bütün proseslərin qanunlara və
standartlara uyğun getdiyini, hər hansı bir nöqsanın
qeydə alınmadığını bildirdi.
Binəqədi
Binəqədi həm əhalisinin
sayına, həm də sənaye potensialına görə
paytaxtın böyük rayonlarından sayılır. Hələ
sovetlər zamanında Bakının iqtisadi inkişafında
bu rayonun sanballı payı var idi. Müstəqillik
illərində, xüsusən son dövrlər Binəqədi
rayonu da sosial-iqtisadi cəhətdən xeyli inkişaf
etmişdir. Aparılan abadlıq işləri,
istifadəyə verilən müəssisələr, sosial
obyektlər, yenidən qurulan infrastruktur bugünkü Binəqədi
rayonunun yeni simasıdır. Rayon əhalisi
də dünənki prezident seçkilərinə məhz bu
yeniliklərin fonunda yüksək əhvali-ruhiyyə ilə gəlmişdilər.
Rayonun 145 mindən çox
seçicisi 3 dairə üzrə 111 məntəqədə səs
verirdi. 8
saylı Binəqədi birinci seçki dairəsi üzrə
47 min 840 seçici 39 məntəqədə, 9 saylı Binəqədi
ikinci seçki dairəsi üzrə 49 min 64 seçici 37 məntəqədə,
10 saylı Binəqədi üçüncü seçki dairəsi
üzrə 48 min 956 seçici 35 məntəqədə qeydə
alınmışdı. Məntəqələrin
əksəriyyəti veb-kameralarla təchiz olunmuşdu. Bütün məntəqələrdə istər səs
verənlər, istərsə də müşahidəçilər
üçün hər cür şərait
yaradılmışdı. Müşahidəçilərə
səsverməni sərbəst izləmələri
üçün heç bir məhdudiyyət
qoyulmamışdı.
8 saylı Binəqədi
birinci seçki dairəsinin 26 saylı məntəqəsində
olarkən bunun bir daha şahidi olduq. Məntəqədə
1048 seçici qeydə alınmışdı. Məntəqədə səliqə-sahman var idi.
Hətta səs verməyə gələnlərin
sayının çox olmasına baxmayaraq, bu səliqə-sahman
pozulmur, qarışıqlıq yaranmırdı. Yeri gəlmişkən onu da qeyd edək ki, səsverməyə
gələnlər bülleten götürməmişdən əvvəl
seçki qanunvericiliyinə uyğun olaraq ciddi yoxlamadan
keçirdilər. İlk növbədə,
seçicilərin şəxsiyyət vəsiqələri və
ultrabənövşəyi şüa ilə onların
başqa məntəqələrdə səs verib-verməmələri
ciddi yoxlanılırdı.
Təbii ki, bütün
bunlar seçkilərin keçirilməsinə nəzarət
etmək üçün akkreditə edilmiş
çoxsaylı müşahidəçilərin şahidliyi
ilə baş verirdi və bu səbəbdən onların
heç biri seçkilərin keçirilməsi prosesinə
ciddi iradlar bildirmirdilər.
Məntəqə seçki
komissiyasının sədri Nəbi Mahmudov bildirdi ki, məntəqədə
seçkilərin demokratik, şəffaf keçməsi
üçün hər cür şərait yaradılıb.
Seçici Eldəniz Əhmədov
isə qeyd etdi ki, seçki prosesi çox yaxşı səviyyədə
təşkil olunub. Seçkilər ədalətli şəkildə,
şəffaf, heç kəsə təzyiq olunmadan
keçirilir.
Vaxt keçdikcə məntəqəyə
səs verməyə gələnlərin sayı
çoxalırdı. İctimai fəallıq rayonun digər
seçki məntəqələrində də
özünü göstərirdi. Seçki
məntəqələrini üzlərində təbəssüm
və xoş ovqatla tərk edən seçicilər Azərbaycanın
dinamik inkişafına, ordusunun güclü, əhalisinin
xoşbəxt gələcəyinə, üçrəngli
bayrağının daha yüksəklərdə
dalğalanmasına səs verdiklərini bildirirdilər.
Səbail
Səsvermə prosesinin
başladığı ilk dəqiqələrdən Bakı
şəhərinin 29 saylı Səbail seçki dairəsinin
6 nömrəli orta məktəbdə yerləşən 6
saylı seçki məntəqəsində xüsusi canlanma
müşahidə olunurdu.
Səhər saatlarında
prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyasının sədri
cənab İlham Əliyev xanımı Mehriban Əliyeva və
ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə
gələrək səs verdilər.
Məntəqə seçki
komissiyasının sədri Rüfət Həsənov dedi ki,
gün ərzində heç bir neqativ hal yaşanmayıb. Məntəqə üzrə 582 nəfər
qeydiyyatdadır. O, seçicilərə sərbəst
şəkildə səs vermələri üçün hər
cür şəraitin yaradıldığını
vurğuladı.
Yerli müşahidəçilər
seçkilərin tam demokratik şəraitdə keçdiyini,
qanun pozuntusuna yol verilmədiyini bildirdilər. Müşahidəçilərdən
Dilarə Zeynalovanın sözlərinə görə, səsvermə
Seçki Məcəlləsinə tam uyğun şəkildə
keçirilir. Seçicilər
axın-axın məntəqələrə gəlir, azad və
sərbəst surətdə istədikləri namizədə səs
verirlər.
Sözügedən dairənin 4
saylı seçki məntəqəsinin sədri Lalə
Əliyeva da seçki prosesi barədə fikirlərini
bölüşdü: “Məntəqə üzrə 1178 nəfər
qeydiyyatdadır, onlardan 21 nəfər gənc ilk dəfə səs
verəcək. Seçicilər rahat şəkildə
səsvermə hüquqlarından istifadə edirlər. Onlar üçün çox yüksək şərait
yaradılıb. Səsvermə demokratik
şəkildə keçirilir”.
İlk dəfə səs verən Səbail
rayonunun sakini Səbinə Məmmədova dedi ki, Azərbaycan
müstəqil ölkədir və vətəndaşları
istədikləri namizədə səs vermək hüququna
malikdirlər: “Həyatımda ilk dəfədir ki, seçkidə
iştirak edirəm. Çox maraqlıdır.
Heç bir müdaxilə ilə
rastlaşmamışam. Rahat şəkildə
məntəqəyə daxil oldum və öz hüququmdan
istifadə edərək istədiyim namizədə səs
verdim”.
29 saylı Səbail seçki
dairəsinin 2 saylı seçki məntəqəsində də
fəallıq müşahidə olunurdu. Seçicilər
aktiv və davamlı olaraq səs verirdilər. Məntəqə seçki komissiyasının sədri
Fikrət Əzizov bildirdi ki, 1383 nəfər qeydiyyatdadır və
onlardan 3 nəfəri ilk dəfə səs verəcək gənclərdir.
Sözügedən dairənin
1424 seçicisi olan 13 saylı seçki məntəqəsində
də seçicilərin fəallığı nəzərə
çarpacaq dərəcədə idi. Seçicilər
kütləvi şəkildə məntəqəyə gələrək
rahatlıqla öz hüquqlarından istifadə edirdilər.
Məntəqə seçki
komissiyasının sədri Elşən Budaqov səsvermə
prosesinin Seçki Məcəlləsinin tələblərinə
uyğun və tam ədalətli, şəffaf şəkildə
keçdiyini bildirdi.
Onu da vurğulayaq ki, seçkilərin
gedişini fasiləsiz izləyən yerli müşahidəçilərdən
əlavə, müxtəlif dövlətləri, beynəlxalq
təşkilatları təmsil edən müşahidəçilər
də 29 saylı Səbail seçki dairəsinin əksər
məntəqələrində həm səsvermənin
gedişatı, həm də məntəqələrdə
seçicilər üçün yaradılan şəraitlə
yaxından tanış olublar. Xarici
müşahidəçilər hansısa məntəqədə
qanun pozuntusu ilə qarşılaşmayıblar.
Nizami
Nizami rayonunda da mühüm
siyasi kampaniyaya - prezident seçkilərinə mütəşəkkilliklə
başlandı. Rayonun üç seçki dairəsində,
25 məntəqədə 113207 seçicinin səs verəcəyi
gözlənilirdi. Səsvermənin ilk saatlarından
açıq-aydın hiss olunurdu ki, hər kəs müstəqil
mövqeyini ifadə etməyə cəhd edir. 24
saylı birinci seçki dairəsində də səsvermə
üçün lazımi şərait
yaradılmışdır. Xarici
müşahidəçilər qrupunun üzvü Nikolay
Povkolo söhbət zamanı bildirdi ki, seçki prosesini ilk mərhələdən
ardıcıllıqla izləyirik. Seçicilər
öz istəklərinə, arzularına uyğun mövqe
nümayiş etdirir, sərbəst şəkildə nəzərdə
tutduqları namizədə səs verirlər.
Görüşdüyümüz
adamlar, səsvermədə iştirak edən seçicilər
bildidilər ki, bu seçkilər bizim həyatımızda
xüsusi yer tutur. İnanırıq ki, səs verdiyimiz namizəd
gələcəkdə ümidlərimizi, istəklərimizi
doğruldacaq. Elə bu inamla da təkcə
24 saylı seçki dairəsində 44 min 768 nəfər səs
verirdi. Hər kəsin səsvermədə
sərbəst iştirakına tam şərait yaradılmışdır.
Seçki prosesini izləyən
MDB müşahidə qrupunun üzvü Qədirmed Səfərəliyev
də seçicilərin fəallığını xüsusi
qeyd etdi. Bildirdi ki, hansı seçki məntəqəsində
olduqsa, seçicilərin fəallığının,
müstəqil mövqe nümayiş etdirdiklərinin
şahidi olduq. Bütün bunlar bizdə
uğurlu nəticəyə inamı artırdı.
Səsvermədə ilk dəfə
iştirak edən 18 yaşlı Vüsalə Quluzadə həyəcanını
gizlətmədi: “Sevinirəm ki, mühüm siyasi kampaniyada -
prezident seçkilərində ilk dəfə iştirak edirəm.
Namizədlərin sayı kifayət qədərdir.
Seçim etmək üçün bizə hər
cür şərait yaradılıb. Belə
olanda seçim etmək asan olur. Gərək
seçdiyin namizədi az-çox tanıyasan,
gördüyü işlərə bələd olasan. Siyahıda olan namizədlər haqqında xeyli
eşitmişəm. Hər şeyi nəzərə
alıb öz seçimimi etmişəm. Doğrusu,
səs verdiyim namizədə daha çox inanıram. İnanıram ki, ölkəmizin beynəlxalq səviyyədə
təmsil olunmasında, iqtisadiyyatımızın güclənməsində,
milli maraqlarımızın müdafiəsində səs
verdiyim namizəd potensial gücündən, siyasi
bacarığından qədərincə istifadə edəcək.
Ən mühüm siyasi keyfiyyətləri
özündə cəmləşdirən namizədi seçməklə
gələcəyimizə düzgün səs vermiş oluruq”.
Nizami rayonunun ayrı-ayrı
seçki dairələrində xəstələrin, əlillərin,
fiziki imkanları məhdud olanların səsvermədə
iştirakına tam şərait yaradılıb. Seçki
bülletenlərinin səyyar xidmət yolu ilə bu təbəqədən
olan seçicilərə çatdırılması nümunəvi
təşkil olunub. Seçkini izləyən
beynəlxalq müşahidəçilər də bu məsələyə
xüsusi dəyər verirdilər. Onların
fikrincə, bütün bunlar beynəlxalq tələblərə
tam uyğun gəlir.
Xəzər
Paytaxtın digər
rayonlarında olduğu kimi, Xəzər rayonunda da seçicilər
fəal idi. Seçki prosesini izləmək üçün bir
neçə məntəqəyə baş çəkdik.
Hər kəsə istədiyi namizədə
azad, sərbəst və demokratik şəraitdə səs
verməsi üçün şərait
yaradılmışdı. Səsvermə
otaqları qanunvericiliyin tələblərinə uyğun təşkil
olunmuş və yeni informasiya texnologiyasının
üstünlüklərinə geniş yer
ayrılmışdı.
Rayonda seçki prosesi ilə
tanış olmaq üçün 13 saylı Xəzər-Pirallahı
seçki dairəsinin Mərdəkan qəsəbəsindəki
mədəniyyət sarayında yerləşən 2 və 1
saylı seçki məntəqəsində olduq. Öncə həm beynəlxalq, həm də yerli
müşahidəçilərin fikirlərini öyrəndik.
Bildirdilər ki, seçki demokratik və azad
formada keçir. Heç bir neqativ hal qeydə
alınmayıb. Məntəqədə öz təşəbbüsü
ilə müşahidəçi kimi iştirak edən İradə
Babayeva və Yeni Azərbaycan Partiyasının təmsilçisi,
müşahidəçi Vəfa Məmmədova səsvermə
prosesində heç bir neqativ halla
qarşılaşmadıqlarını və səsvermənin
qanunvericiliyin tələblərinə uyğun
keçirildiyini bildirdilər.
Seçicilər də onlara
heç bir müdaxilənin olmadığını dedilər. Məmməd Əliyev, həyat
yoldaşı Minayə və oğlu İlkin məntəqədəki
şəraitdən razı qaldıqlarını bildirdilər:
“Buradakı insanlar bir-birini yaxşı tanıyır. Bu səbəbdən çoxları ailə üzvləri,
qonşuları ilə birlikdə səsverməyə gəlir.
Biz də yığışıb ailəliklə
vətəndaş mövqeyimizi bildirmək, real həyatımıza,
ölkəmizin nailiyyətlərinə, gələcək
perspektivinə qiymət vermək istədik. Mən şübhə etmirəm ki, yoldaşım və
oğlum da mənim kimi ölkəmizin gələcək
inkişafına, onu qurub yaradan və qoruyan adama səs veriblər”.
14 saylı Xəzər
seçki dairəsinin olduğumuz bir neçə məntəqəsində
də eyni vəziyyəti müşahidə etdik. Seçki məntəqələrində
seçicilərin fəallığı hiss olunurdu. Fikirlərini öyrəndiyimiz seçicilər səsvermənin
gedişatından məmnun olduqlarını və öz namizədlərinə
böyük ümidlə səs verdiklərini bildirdilər.
Məntəqələrdə hər bir
partiyanın təmsilçisinə sərbəst şəkildə
seçki prosesini müşahidə etmək üçün
imkan yaradılmışdı.
24 yaşlı seçici Kamran Quliyev
ikinci dəfədir prezident seçkilərində iştirak
etdiyini və hər dəfə də seçimində
yanılmadığını dedi: “Seçkilərdə
iştirak etməyi vətəndaşlıq borcu bilirəm, məncə,
hər kəs öz borcunu yerinə yetirməli,
özünün, ölkəsinin gələcək taleyində
maraqlı olmalıdır. Odur ki, səsvermə
hüququm çatandan ölkədə keçirilən
bütün seçkilərdə iştirak edirəm”.
Ümumilikdə Xəzər
rayonunda 2 seçki dairəsi üzrə 73 seçki məntəqəsi
fəaliyyət göstərirdi. Bütün məntəqələr
daxil olmaqla rayonda 91 min 464 seçici qeydiyyata
alınmışdı. Onlardan 44 min 419 nəfəri 13
saylı Xəzər-Pirallahı seçki dairəsinin, 47 min
45 nəfəri isə 14 saylı Xəzər seçki dairəsinin
payına düşür.
Suraxanı
Suraxanı rayonunda da
seçkilər yüksək səviyyədə demokratik
şəraitdə keçdi. Müşahidə
apardığımız bir neçə seçki məntəqəsində
bunun şahidi olduq.
İlk baş çəkdiyimiz
məntəqə 30 saylı Suraxanı 1-ci seçki dairəsinin
2 saylı məntəqəsi oldu. Səsvermə
başlanan ilk saatlardan seçicilərin fəallığı
diqqət çəkirdi. İnsanlar
yüksək əhvali-ruhiyyədə idilər.
31 saylı Suraxanı ikinci
seçki dairəsinin 104 nömrəli tam orta məktəbinin
binasında yerləşən 4 saylı seçki məntəqəsinin
seçkilərə yüksək səviyyədə
hazırlaşdığı aydın hiss olunurdu. Məktəbdə
yerləşən seçki məntəqəsinin girişi, ətrafı
və səsvermə üçün ayrılan yerlərin səliqə-sahmanı,
eyni zamanda təhlükəsizliyin təşkili o dəqiqə
nəzərə çarpırdı.
Məntəqəyə səsvermənin
başlamasından təxminən 2 saat sonra
yollanmışdıq. Seçicilər fəal idilər. Onlar bir-bir, iki-iki və bəzən də ailəliklə
gəlib səs verirdilər. Məntəqə seçki
komissiyasının sədri Kərəm Mehdiyev səsvermənin
tam normal keçdiyini və şəffaflığın
qorunmasına ciddi nəzarət olunduğunu bildirdi: “Vətəndaşların
səsvermə hüququndan istifadə etməsi və istədikləri
namizədə səs vermələri üçün hər
bir şərait yaradılıb”. Məntəqədə
öz təşəbbüsü ilə müşahidəçi
kimi iştirak edən Əli Eminli dedi ki, seçki
qanunauyğun keçirilir: “Heç bir qayda pozuntusu
müşahidə edilməyib. Hər kəs sərbəst
və maneəsiz şəkildə layıq bildiyi namizədə
dəstək olur”.
32 saylı Suraxanı
3-cü seçki dairəsinin Əmircan qəsəbəsindəki
1 saylı seçki məntəqəsində də
seçicilərin fəallığı müşahidə
olunurdu. Xüsusilə gənclər daha çox fəal idilər.
Onlar təəssüratlarını, hansı
namizədə səs verdikləri haqqında fikirlərini
bölüşməkdən çəkinmirdilər. Söhbət zamanı əksər gənclərin
fikirləri üst-üstə düşürdü. Onlar Azərbaycanda gənclərə xüsusi
dövlət qayğısının, himayəsinin təzahürlərini
real olaraq gördüklərini və bundan da
faydalandıqlarını bildirdilər.
Baş çəkdiyimiz 2,
7, 11, 14, 20 və 26 saylı seçki məntəqələrində
də eyni vəziyyəti müşahidə etdik. Məntəqələrin
hər birində seçicilər sərbəst şəkildə
öz hüquqlarından istifadə edirdilər. Səsvermənin nizamlı, səliqəli təşkil
olunması, vətəndaşlara maneə və müdaxiləsiz
hüquqlarını icra etməsi üçün
yaradılan şərait seçicilərin səsvermə
prosesinə yüksək həvəslə qatılmasına
ciddi təsir etmişdi.
Beləcə, ölkədə
son dərəcə əhəmiyyətli ictimai-siyasi hadisə
olan prezident seçkilərində suraxanılılar da fəallıq
nümayiş etdirdilər. Qeyd edək ki, 115 mindən
yuxarı seçicinin qeydiyyata alındığı
Suraxanı rayonunda 3 seçki dairəsi üzrə 89
seçki məntəqəsində səsvermə
keçirildi.
Xətai
Xətai rayonunun 33, 34, 35 və
36-cı dairə seçki komissiyalarında 175287 seçici
var. 131 məntəqədə səs verən seçicilər
üçün hər cür şərait
yaradılmışdır. 36-cı DSK-nın eyni
sayda səsvermə məntəqəsində 44265 seçici
qeydə alınmışdır. Müşahidə
apardığımız 8, 9 və 10 saylı seçki məntəqələrində
xeyli fəallıq var idi. Səsverməyə
gələnlər bülleten almazdan əvvəl seçki
qanunvericiliyinə uyğun olaraq ciddi yoxlamadan keçirdilər.
Seçicilərin şəxsiyyət vəsiqələri
və ultrabənövşəyi şüa ilə onların
başqa məntəqələrdə səs verib-verməmələri
yoxlanılırdı. Məntəqələrin
bir çoxunda müasir informasiya-kommunikasiya
texnologiyalarından istifadə olunub, veb-kamera
quraşdırılıb.
Seçki prosesini bir
çox yerli və xarici müşahidəçi izləyirdi. Onların
arasında siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının
üzvləri vardı. Seçkilərdə
müşahidəçi qismində öz təşəbbüsləri
ilə iştirak edənlər də az
deyildi.
8 saylı seçki məntəqəsində
müşahidəçilik edən Azərbaycan Sosial Demokrat
Partiyasının nümayəndəsi Zabilə Hətəmova
bizimlə təəssüratlarını
bölüşdü: “Seçkilər yüksək səviyyədə
təşkil olunmuşdur. Şəffaf, ədalətli bir
proses gedir. Heç bir pozuntu qeydə
alınmayıb”.
Digər müşahidəçilər
- Gülnar Sofiyeva (AXCP), Sevinc Sultanova (ADP) və bitərəf
Elminaz Paşayeva prosesin azad, şəffaf, heç bir təzyiq
olunmadan keçirildiyini bildirdilər.
9 saylı məntəqədə
müşahidə aparan xarici qeyri-hökumət təşkilatlarının
nümayəndələri və müşahidəçilər
seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsindən
məmnun qalmışdılar. Bu barədə məlumat
verən məntəqə seçki komissiyasının sədri
Afət Ələkbərova bildirdi ki, fəallıq yüksək
səviyyədədir və hamı sərbəst şəkildə
öz namizədinə səs vermək hüququnu həyata
keçirir”. Burada 5 gənc ilk dəfə
səs vermək hüququndan istifadə edib.
Məntəqədə müşahidə
aparan müxtəlif partiyaların nümayəndələri -
Qərənfil Əlicanova (ADP), Nuranə Dadaşova (YAP), Zərifə
İsmayılova (bitərəf) və Ülviyyə
İsmayılova (ASDP) bu fikirdə yekdildirlər ki, səsvermə
zamanı bütün prosedurlara düzgün və dəqiq
riayət olunur.
10 saylı məntəqədə
də seçicilər fəallıq nümayiş etdirirdilər. Şahin və
Ləman Əsgərovlar səsvermədə 7 yaşlı nəvələri
Ənvərlə iştirak edirdilər. Bunun
maarifləndirici rolunu qeyd edən Şahin Əsgərov azad, ədalətli,
demokratiyaya uyğun seçki keçirmək
üçün şəffaflığın tam təmin
olunduğunu vurğuladı.
Müşahidəçilər-AXCP
nümayəndəsi Esmira Dəmirçiyeva, Məryəm
Mehtiyeva (YAP), Zöhrə Aslanova (MMP) səsvermənin şəffaf
və pozuntusuz davam etdiyini bildirdilər.
Seçki məntəqəsinin
yaxınlığında ELS şirkəti “exit-poll”
keçirirdi.
Sabunçu
27 saylı Sabunçu ikinci
seçki dairəsinin 4 saylı seçki məntəqəsinə
baş çəkdik. Əvvəlcə həm beynəlxalq, həm
də yerli müşahidəçilərin fikirlərini
öyrəndik. Seçkinin demokratik və
azad formada davam etdiyini, heç bir pozuntunun qeydə
alınmadığını söylədilər. Məntəqədə
müşahidəçi kimi iştirak edən “Cəbhəçilərin
təşəbbüs qrupu”nun nümayəndəsi Şəhla
Abdullayeva və Yeni Azərbaycan Partiyasının nümayəndəsi
Mehparə Eyyubova səsvermə prosesində heç bir neqativ
halla qarşılaşmadıqlarını və səsvermənin
qanunvericiliyin tələblərinə uyğun
keçirildiyini bildirdilər: “Müşahidə etdiyimiz
seçki məntəqəsində ədalətli, şəffaf
proses gedir. Seçicilər fəallıq
göstərir. Seçici hüququna malik
olan hər kəs sərbəst şəkildə öz namizədinə
səs verir”.
Seçicilər də onlara
heç bir müdaxilənin olmadığını, müəyyən
etdikləri namizədə rahat şəkildə səs verdiklərini
bildirdilər.
Bayram Hümbətov, Sevil Ağayeva, Xoşqədəm Qəhrəmanova
məntəqədəki şəraitdən razılıq
etdilər: “Biz vətəndaş mövqeyimizi bildirmək,
öz gələcəyimiz, ölkəmizin uğurları
naminə səs vermək üçün gəlmişik”.
Məntəqə seçki
komissiyasının sədri Fuad Mirzəyev 1444 nəfər
seçicinin olduğunu, onların sərbəst səs vermələri
üçün hər çür şərait
yaradıldığını qeyd etdi.
27 saylı Sabunçu ikinci
seçki dairəsinin 29 saylı seçki məntəqəsinə
yollandıq. Burada da eyni vəziyyəti müşahidə etdik.
Səsvermədə ruh yüksəkliyi ilə
iştirak edən hər bir seçici ümidlə öz
namizədinə səs verirdi. Fikirlərini
öyrəndiyimiz seçicilər səsvermənin
gedişatından razı qaldıqlarını dedilər.
Səsverməyə iki yaş yarımlıq oğlu Mahmudla gələn
Zemfira Ələsgərova və qayınanası Qətibə
Ələsgərova, Nailə Hacıyeva, Ayaz Məmmədov
bir vətəndaş kimi çox rahat şəkildə məntəqəyə
gələrək istədikləri namizədə səs
verdiklərindən məmnunluqlarını ifadə etdilər.
Bu məntəqədə də
hər bir partiyanın təmsilçisinə sərbəst
şəkildə seçki prosesini müşahidə etmək
imkanı yaradılmışdı. Müşahidəçi kimi
iştirak edən müstəqil namizəd Zahid Orucun nümayəndəsi
Aysel Şükürova da, Müasir Müsavat
Partiyasının nümayəndəsi Gilas Mehdizadə də
seçki prosesinin şəffaf və ədalətli
aparıldığını, indiyədək heç bir
neqativ halın qeydə alınmadığını bildirdilər.
Məntəqə seçki
komissiyasının sədri İradə Bayramova dedi: “1317 nəfər
seçicimiz var. Hər şey göz önündədir. Seçki prosesi çox yaxşı səviyyədə,
ədalətli şəkildə, şəffaf təşkil
olunub, seçicilərimiz fəaldır”.
27 saylı Sabunçu ikinci
seçki dairəsinin 38 saylı seçki məntəqəsində
də seçicilər fəallıq göstərir və sərbəst
şəkildə hüquqlarından yararlanırdılar. Məntəqə seçki
komissiyasının sədri Telman Novruzov da seçicilərin
fəallığını xüsusi diqqətə
çatdırdı: “1250 seçicimiz var. Məntəqəmizdə
seçkinin demokratik, ədalətli şəkildə
keçirilməsi və prezidentliyə namizədlərin
nümayəndələrinin prosesi izləməsi
üçün bütün lazımi şərait
yaradılıb”.
26 saylı Sabunçu birinci
seçki dairəsi və 28 saylı Sabunçu
üçüncü seçki dairəsinin 6, 11, 34 və digər
seçki məntəqələrində də eyni vəziyyəti
müşahidə etdik: səsvermə öz axarı ilə
davam edirdi.
Qeyd edək ki, ümumilikdə
Sabunçu rayonunda 3 seçki dairəsi üzrə 112
seçki məntəqəsi fəaliyyət göstərirdi. Seçicilərin
sayına gəldikdə isə bütün məntəqələr
üzrə rayonda 151 min 742 seçici qeydiyyata
alınmışdı.
Qaradağ
Prezident seçkiləri
günü ölkənin hər yerində olduğu kimi,
Qaradağ-Binəqədi-Yasamal 12 saylı seçki dairəsində
də seçici fəallığı müşahidə olunurdu. Seçki dairəsinin
37 məntəqəsindən 12-də veb-kameralar
quraşdırılmış, məntəqələr digər
texniki vasitələrlə təmin edilmişdi.
Dairənin 9 saylı məntəqə
seçki komissiyasının sədri Marina Hüseynli bildirdi
ki, məntəqədə namizədlərin və
qeyri-hökumət təşkilatlarının nümayəndələri
seçkinin gedişini müşahidə edirlər. Bundan
başqa, məntəqədə ATƏT-in Estoniyadan olan
müşahidəçiləri də seçkiləri izləyirlər.
İstər yerli, istərsə də beynəlxalq
müşahidəçilər seçkilərin demokratik və
şəffaf keçməsini təsdiq edirlər. Onlar tərəfindən qanun pozuntusu qeydə
alınmayıb.
Seçici Tofiq Hafizov dedi ki,
yaşlı adamam, dünyanın gedişatından da xəbərim
var. Dünyada gedən müharibələri,
dağıntıları, insan ölümlərini və
göz yaşlarını hər gün televiziyadan seyr edirik. Ona görə də ölkəmizdəki sabitliyin,
inkişafın davam etməsi üçün ən layiqli
namizədə səs verdim.
Dairənin 1 saylı məntəqə
seçki komissiyasının sədri İntizar
İsmayılova bildirdi ki, məntəqədə seçkinin
gedişini izləmək üçün veb-kameralar
quraşdırılıb. Bütün namizədlərin
və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə
seçkinin gedişini izləmək üçün
lazım olan şərait yaradılıb. Məntəqədə
beynəlxalq təşkilatların nümayəndələri
də seçki prosesini yaxından izləyirdi. Onlar tərəfindən seçkilərin
keçirilməsində qanun pozuntusu barədə heç bir
irad bildirilməyib. Seçki prosesində
vətəndaşlar mütəşəkkil iştirak ediblər.
Seçici Xuraman Həsənova
söylədi ki, bir qadın kimi ölkədə olan
inkişafdan, sabitlikdən razıdır. Bildirdi ki, onun
üçün ən önəmlisi ölkədə olan əmin-amanlığın
qorunmasıdır: “İstəyirəm ki, balalarımız
rahat yaşasınlar. Buna görə də
ölkədə aparılan indiki siyasəti dəstəkləyərək
ən layiqli namizədə səs verdim. Mən
ölkəmizin inkişafına, əmin-amanlığına səs
verdim”.
Yasamal
Yasamal rayonunun ərazində 15, 16,17
saylı 3 dairə seçki komissiyası və 12 saylı bir
müştərək dairə seçki komissiyası var. 92
daimi məntəqədə seçkilər keçirilir. Seçicilərin sayı 120799 nəfərdir.
Əvvəlcə internetdə
onlayn rejimdə bu rayonda keçirilən seçkiləri məntəqə-məntəqə
izlədik, seçkilərin səliqəli, qüsursuz təşkil
edildiyini gördük. Buna baxmayaraq, prosesi yerində izləmək
üçün 16 saylı dairə seçki
komissiyasının 23 saylı seçki məntəqəsinə
baş çəkdik. Məntəqənin
sədri İlahə Əliyeva seçkinin şəffaf keçdiyini,
seçicilərin xüsusi fəallığını və
tədbiri izləyən beynəlxalq və yerli müşahidəçilərin
aktivliyini qeyd etdi.
Biz seçki məntəqəsinin
qarşısında ağbirçək qadınla tanış olduq. Solmaz Kərimova dedi ki, 79
yaşı var, başını da bir dəfə həcc ziyarətinə
gedəndə pasporta şəkil çəkdirmək
üçün açıb. “Kimə səs
verdin, ana?” - deyib soruşuruq.
- Qada-bala, ölüm-itim çox
görmüşəm, oğul. Biz qocalar
üçün bugünkü əmin-amanlıqdan qiymətli
heç nə yoxdur. Kim bizə bu sülhü
yaradıbsa, kim ölkənin dinc
yaşaması üçün canını qoyubsa, elə ona
da səs verdim. Mən ara
qarışdırana, qana çağırana, boğazdan
yuxarı danışana səs verə bilmərəm.
17 saylı dairə
seçki komissiyasının sədri Qədir Kazımovla
görüşdük. Dairənin 28 daimi, 30 müvəqqəti
seçki məntəqəsində 40068 seçici səs vermişdir.
Daimi seçki məntəqələri rayonun ərazisində,
müvəqqəti seçki məntəqələrinin 29-u
isə xarici ölkələrdəki səfirlik və
konsulluqlarda yerləşir. “Şərqdə
seçkilər qurtarıb, Qərbdə isə seçicilərimiz
hələ oyanmayıblar” - deyən Qədir müəllim
izah edir ki, “Pekinlə Los-Anceles arasında saat fərqi belədir.
Dünyanın bir üzündə gün
günortadan keçir, o biri üzündə isə gecə
yarıdır, hələ sübhə saatlar var.
Qədir müəllimlə
söhbətimiz uzun çəkmədi. Çünki
müxtəlif ölkələrdəki səfirliklərdən
və konsulluqlardan zənglər gəlir, məlumatlar
verilirdi. Bu azmış kimi Mərkəzi Seçki
Komissiyasından da zəng vurdular ki, 17 saylı dairə
seçki komissiyasının ərazində 52 saylı məktəbdə
seçki qutusunun şəffaf olmaması ilə bağlı
KİV-ə məlumat verilib. Qədir müəllim
təcili DSK-nın üzvlərindən bir neçəsini həmin
əraziyə göndərdi ki, araşdırsınlar,
qutuların da şəklini çəksinlər. Aydın oldu ki, bütün qutular şəffafdır
və 52 saylı məktəbin də bu seçki dairəsinə
heç bir aidiyyəti yoxdur.
16 saylı dairə
seçki komissiyasının 25 saylı seçki məntəqəsində
də seçici fəallığının şahidi olduq. Məntəqə
seçicilərlə dolu olsa da, ciddi nizam-intizam var idi,
sakitlik hökm sürürdü.
Azərbaycan.-
2018.-12 aprel- S.8-9.