Bölgələrdə seçkilər azad, ədalətli
və şəffaf şəraitdə keçirildi
Naxçıvan
Muxtar respublikada 7 seçki dairəsi üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb, məntəqələrdə veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. Muxtar respublika üzrə 262 min 874 seçici qeydə alınıb ki, onlardan da 1368-i ilk dəfə səs verənlərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 15 saylı seçki məntəqəsində səs verib. Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.
Məlumat verilib ki, 15 saylı seçki məntəqəsində 1494 seçicinin səs verməsi nəzərdə tutulub. Əhali mütəşəkkilliklə seçkilərdə iştirak edir. Saat 11:00-a qədər seçki məntəqəsində seçicilərin 30 faizi səs verib.
4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə 37 məntəqədə 44 min 400 seçici var və onlardan 183 nəfəri ilk dəfə səs verən şəxslərdir.
17 saylı məntəqədə seçicilərin fəallığı müşahidə olunurdu. Məntəqə seçki komissiyasının işində Yeni Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Ana Vətən Partiyasının təmsilçiləri və bitərəflər iştirak edirlər.
36 saylı seçki məntəqəsinin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhvali-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi çəkir. Qeyd edək ki, bu məntəqə üzrə seçici siyahısında adı olan seçicilərin sayı 1493 nəfərdir.
1125 nəfər seçicinin qeydiyyatda olduğu Naxçıvan şəhərindəki 1 nömrəli uşaq bağçasının binasında yerləşən 24 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunurdu. Burada seçkiləri yerli müşahidəçilər izləyirdilər.
10 saylı məntəqədə olarkən seçki komissiyasının sədri Pərvin Quliyev bildirdi ki, məntəqənin 1019 nəfər səsvermə hüququ olan seçicisi var. Səhər saatlarından başlayaraq burada seçicilərin fəallığı müşahidə olunur. Səsvermənin gedişində şəffaflığı təmin etmək məqsədilə məntəqədə veb-kamera da quraşdırılıb.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşən 28 saylı seçki məntəqəsində seçici siyahısında 1488 nəfər seçicinin adı var. Səhər saatlarında seçicilərin fəallığını, xüsusilə gənclərin seçki prosesinə aktiv şəkildə qatılması müşahidə edilirdi. (AZƏRTAC)
Gəncə
Aprelin 11-də gəncəlilər əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Səhər tezdən seçki məntəqələrinə üz tutan şəhər sakinləri seçkilərdə fəal iştirak etdilər.
Gəncədə 4 seçki dairəsi üzrə 111 məntəqə fəaliyyət göstərirdi. Məntəqələrin hamısında prezident seçkilərinin demokratik və şəffaf keçirilməsi üçün böyük hazırlıq işləri görülmüşdü. Elə buna görə də seçki prosesi zamanı ciddi qanun pozuntusu qeydə alınmadı.
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin 24 saylı məntəqəsi şəhərin mərkəzində, tibb kollecinin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Mehman Rzayev dedi ki, heç bir qanun pozuntusuna yol verilməməsi üçün bütün tədbirlər görülüb. Dairəni əhatə edən seçki məntəqələrindən 10-da veb-kamera quraşdırılıb. Müşahidəçilər üçün lazımi şərait yaradılıb. Müasir Müsavat Partiyasının müşahidəçisi Məhəmməd İsgəndərov dedi ki, səsvermə zamanı heç bir qanun pozuntusu görmədik. İnsanlar sərbəst şəkildə məntəqəyə daxil olaraq istədiyi namizədə ses verdilər.
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini əhatə edən 24 məntəqədə 34 min 354 nəfər seçici qeydiyyatdan keçmişdir. Dairənin bütün məntəqələrində görülən yüksək səviyyəli hazırlıq işlərinin nəticəsidir ki, seçki prosesi mütəşəkkilliklə keçdi.
Dairənin 16 saylı məntəqəsi şəhər 5 nömrəli orta məktəbdə yerləşir. Şəhər mərkəzi olduğundan burada daha çox fəallıq hiss olunurdu. Yenicə səs verən seçicilərdən birinə yaxınlaşaraq seçki prosesi barədə fikrini öyrənmək istədik. Elmira Əsgərova dedi ki, Azərbaycan stabil inkişaf yolundadır: “20 il ərzində iqtisadi inkişaf baxımından ölkəmizin lider dövlətlər sırasına yüksəlməsi və bununla da yüksək nüfuz qazanması çox böyük nailiyyətdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi bizim xoş güzəranımızı, sabitliyimizi təmin edir. Odur ki, bugünkü prezident seçkilərinə böyük həvəslə gələrək daha uğurlu sabahımıza səs verdim”.
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi 30 məntəqəni əhatə edir. Dairədə 42 min 70 nəfər seçici qeydiyyata alınıb. Onlardan 1308 nəfəri 1 saylı məntəqədə səs verməli idi. Məntəqə seçki komissiyasının sədri Xanlar Mikayılov dedi ki, səsvermə zamanı qanun pozuntusu qeydə alınmayıb: “Bunu müşahidəçilər də təsdiq edə bilərlər. Seçicilərin göstərdikləri fəallıq isə seçkiqabağı təbliğatın uğurla aparılmasının nəticəsidir”.
Seçkilərin gedişi beynəlxalq müşahidəçilər tərəfindən də dəyərləndirildi. ATƏT-in rusiyalı müşahidəçisi Svyatoslav Terentyev və italiyalı müşahidəçisi Erika Mazzukato Staliya ilə 38 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin 10 saylı məntəqəsində görüşdük. Hər iki müşahidəçi qanun pozuntusunun qeydə alınmadığını bildirdi.
Aprelin 11-i Fərid Həsənovun yaddaşından uzun illər silinməyəcək. Seçki günü 18 yaşı tamam olan Fərid ilk dəfə səs verirdi. Bu münasibətlə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 9 saylı məntəqəsində ona Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun təbrik məktubu oxunduqdan sonra gül dəstələri və xatirə hədiyyəsi təqdim olundu.
Abşeron
Əhalisinin sayı ilbəil artan Abşeronda sakinlər seçkidə fəal iştirak edib və böyük əksəriyyət səsini ən layiqli namizədə verib.
45 saylı Abşeron seçki dairəsi 36 məntəqəni əhatə edir. DSK sədri Dilşad Abbasova bizimlə söhbətində bildirdi ki, seçki dairəsi üzrə seçicilərin sayı 47671 nəfərdir: “Məntəqələr texniki avadanlıqlarla tam təmin olunub. 12 məntəqədə quraşdırılan kameralar vasitəsilə seçkinin gedişatını birbaşa izləmək mümkündür. DSK üzrə ilk dəfə səsverənlərin sayı 996 nəfərdir. Seçkinin gedişatını 376 müşahidəçi izləyir”.
45 saylı Abşeron seçki dairəsinin 16 saylı seçki məntəqəsi 17 saylı bağçanın binasında fəaliyyət göstərirdi. Məntəqə üzrə seçicilərin sayı 1326 nəfərdir. Məntəqə seçki komissiyasının sədri Münəvvər Cabbarova seçicilərin fəallığından danışdı. Bildirdi ki, məntəqədə seçkini 15 yerli müşahidəçi izləyir: “Nəcəf Quliyev, Rafiq Abbasov, Kəmalə Səfərova, İradə Abdullayeva məntəqə açılan kimi ilk səs verənlərdir. İlk dəfə səs verənlərin sayı isə 5 nəfərdir. Onlara xüsusi hədiyyələrimiz olacaq”.
Sumqayıt
Sumqayıt seçki məntəqələrinə gələnlərin yüksək əhvali-ruhiyyəsini duymaq çətin deyildi. Şəhərdə 4 seçki dairəsi fəaliyyət göstərirdi. 171775 seçicini birləşdirən Sumqayıtda da səhərdan başlayan səsvermədə şəhər sakinləri yaxından iştirak edirdilər.
42 saylı Sumqayıt II seçki dairəsinin 19 saylı məntəqəsi 13 nömrəli şəhər məktəbində yerləşir. Səhər açılandan insanların deyə-gülə məntəqəyə gəldiklərinin şahidi oluruq. Məntəqə seçki komissiyasının sədri Yaqub Rzayev bildirdi ki, 938 seçicimiz var. Seçkinin ilk saatlarında artıq xeyli seçici gələrək demokratik şəkildə öz namizədlərinə səs verib.
Məntəqədə rastlaşdığımız Famil Cabbarov, Yasəmən Əliyeva, Müşkünaz Novruzova, Rüstəm Rüstəmov, Məmməd Əliyev və başqaları seçkinin gedişatından razı qaldıqlarını bildirdilər. 14 nəfər müşahidəçinin izlədiyi məntəqədə də səsvermənin seçki qanunlarına uyğun aparıldığının şahidi olduq. ADP, Cəbhəçilər təşəbbüs qrupunun, YAP və digər partiyalardan olan müşahidəçilər heç bir qanun pozuntusuna yol verilmədiyini bildirdilər.
42 saylı Sumqayıt II seçki dairəsinin şəhər 3 nömrəli orta məktəbin binasında yerləşən 7 saylı məntəqə seçki komissiyasının sədri Qulu Əbdürrəhmanov prosesin kifayət qədər şəffaf keçdiyini və səsverməyə gələnlərin fəallığının yüksək olduğunu söylədi. 1033 nəfər seçicisi olan bu məntəqədə səsvermə üçün bütün şərait yaradılmışdır. Onun sözlərinə görə, məntəqədə heç bir ciddi qanun pozuntusu qeydə alınmamış, vətəndaşlar sərbəst şəkildə səs vermişlər. Səsverməyə gələnlərdən Rəşad Əliyev, Qəhrəman Kərimov, Rasim Hüseynov, Cəmilə Əliyeva məntəqədə təşkil edilən şəraitdən razı qaldıqlarını bildirdilər.
Məntəqədə seçkinin gedişatını 16 müşahidəçi izləyirdi. ADP-dən olan müşahidəçi Təranə İbrahimova bildirdi ki, partiya üzvü kimi seçkinin aparılmasından razıyam. Burada seçicilər üçün tam demokratik şərait yaradılıb. Milli Dirçəliş Partiyasından müşahidəçi Sərvinaz Cəfərova da onun sözlərini təsdiqlədi.
Həmin seçki dairəsinin 8 saylı məntəqə seçki komissiyasının sədri Ülkər Çəndirli də səsvermənin normal keçdiyini və nəticələrə təsir göstərə biləcək qanun pozuntularına rast gəlinmədiyini söylədi. 1260 seçicisi olan məntəqədə seçicilərin fəallığı aydın görünürdü. Seçici Şəmsiyyə Əsədli qeyd etdi ki, respublikamızın daxili və xarici siyasətində əldə edilən uğurlar yüksəkdir. Əminik ki, səs verdiyimiz namizəd gələcəyimizi daha da nurlu edəcəkdir.
Seçki ərəfəsində məntəqədə ATƏT-dən olan beynəlxalq müşahidəçilər Laenoene Suleks və Katerine Valiskiy ilə də görüşdük. Beynəlxalq müşahidəçilər seçkinin gedişatından razı qaldıqlarını bildirdilər. Onların fikrincə, seçici siyahıları, müşahidəçilər üçün yaradılan şərait idealdır.
Sumqayıtda məskunlaşan qaçqın və məcburi köçkünlər də prezident seçkilərində yaxından iştirak etdilər. 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin 48 saylı seçki məntəqəsinin sədri Şakir Səfərov bildirdi ki, 771 seçicinin səs verəcəyi məntəqədə seçki təlimatına uyğun şərait yaradılıb. Seçicilər Nəsibə Mehdiyeva, Mərziyyə Yusifli, Rübabə Əliyeva və Eldar Cəfərov seçkinin gedişatından razı qaldıqlarını qeyd etdilər. Arzu Ağayeva bildirdi ki, vətənimizin gələcəyini müəyyənləşdirmək hər birimizdən asılıdır. Biz ağdamlılar sabitliyə, dinamik inkişafa səs veririk.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin 47 saylı seçki məntəqəsində də böyük canlanma duyulurdu. Məntəqə seçki komissiyasının sədri Adil Quliyev 720 seçicinin səsverməsi üçün hər cür şəraitin yaradıldığını bildirdi.
Aysun Qasımova və Elcan Allahverdiyev Sumqayıt şəhər 6-cı mikrorayonda 20-ci binada yaşayırlar. Aprelin 11-i onların doğum tarixidir.
İlk dəfə səs verəcək gənclər 42 saylı Sumqayıt II seçki dairəsinin 37 saylı məntəqəsində səsverməyə gələndə gəncləri qarşılayan məntəqə üzvləri bildirdilər ki, onları xüsusi sürpriz gözləyir. Hər iki gənci ad günləri münasibətilə təbrik etdilər. Qeyd edildi ki, bu gün gənclərimiz cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada gənclərin gücündən istifadə edilməsin. Bu gün səsvermədə iştirak edən gənclərimiz öz sabahlarına, gələcəklərinə doğru addım atırlar. Sizin üçün ikiqat bayramdır. Ad gününüzü və ilk dəfə səsvermənizi qeyd edirsiniz.
Mərkəzi Seçki Komissiyasının ayırdığı hədiyyələr gənclərə təqdim edildi.
Elcan Allahverdiyev və Aysun Qasımova bülletenlərini götürüb seçki kabinəsinə keçdilər və istədikləri namizədə səs verdilər.
Lənkəran
Lənkəran rayonunda 4 seçki dairəsi üzrə 116 seçki məntəqəsi var. 73 saylı Lənkəran şəhər seçki dairəsinin əhatə etdiyi ərazidə 28 məntəqə, 74 saylı Lənkəran kənd seçki dairəsinin əhatə etdiyi ərazidə 39 məntəqə, 75 saylı Lənkəran-Masallı seçki dairəsinin Lənkəran rayonunda əhatə etdiyi ərazidə 29 və 76 saylı Lənkəran-Astara seçki dairəsinin Lənkəran rayonunda əhatə etdiyi ərazidə 20 seçki məntəqəsi fəaliyyət göstərir. Rayon üzrə seçicilərin sayı 116 min 117 nəfərdir.
Seçkilərin gedişini birbaşa müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyası tərəfindən Lənkəran rayonunda 22 məntəqədə veb-kamera quraşdırılıb. Səhər 73 saylı Lənkəran şəhər seçki dairəsinin 13 saylı məntəqəsinə baş çəkdik. Məntəqəyə böyük seçici axını var idi. İlk səsvermə bülletenini qutuya Lənkəran şəhər sakini, rayon Ağsaqqallar Şurasının sədri, 96 yaşlı Kamal Kələntərli atdı. Məntəqədən çıxandan sonra dedi ki, seçkilərin obyektiv keçirilməsi üçün ideal şərait yaradılıb. Heç bir maneə, təzyiq yoxdur. Tam sərbəstlikdir. Səsvermə demokratik şəraitdə keçir. Əsl ədalətli seçimdir. Mən haqqa, ədalətə, xalqımızı xoş günlərə aparacaq namizədə səs verdim.
74 saylı Lənkəran kənd seçki dairəsinin Gərmətük qəsəbə orta məktəbində yerləşən 2 saylı məntəqəsində də olduq. Burada da seçici fəallığı yüksək idi. Seçici Sərhad Məmmədov səs verdikdən sonra bildirdi ki, xalqın seçki mədəniyyəti qənaətbəxşdir. Hər kəs növbə ilə bülletenini alıb kabinəyə keçir və seçdiyi namizədə tam azad şəkildə səsini verir. Heç bir komissiya üzvü və ya müşahidəçi seçicilərin seçiminə müdaxilə etmir.
75 saylı Lənkəran-Masallı seçki dairəsinin Lənkəran rayonu üzrə 29 məntəqəsində 28 min 523 nəfər seçici səs verəcəkdi. Bu dairənin 1 saylı məntəqəsində də böyük qələbəlik var idi. Liman şəhər sakini Səyavuş Süleymanlı seçicilərin fəallığı ilə əlaqədar dedi ki, seçki sərbəst və demokratik şəraitdə keçir və hər kəs istədiyi namizədə səs verir.
Şəki
Şəki istər dairə, istər məntəqə, istərsə də seçici sayına görə ən öndə gedən rayonlardandır. Təsadüfi deyil ki, prezident seçkilərində 113 min 732 şəkili seçici 115 məntəqədə səs verdilər. Dövlətçilik ənənələrinin yaşadığı bu məkanda insanlar seçki məntəqələrinə daha mütəşəkkil şəkildə gələrək vətəndaş həmrəyliyi nümayiş etdirirdilər.
113 saylı Şəki şəhər seçki dairəsinin komissiya sədri Rəhman Qədirzadə bildirdi ki, DSK-nın 29 seçki məntəqəsi var və həmin seçki məntəqələri Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi inventar və texniki avadanlıqlarla təchiz olunub. Seçki dairəsi üzrə səsvermədə iştirak edən seçicilərin sayı 37 min 414 nəfərdən ibarətdir. Seçicilərin 912 nəfəri 80-100 yaş arasındadır. Ümumilikdə seçki dairəsi üzrə 284 nəfər qeydiyyatdan çıxma vəsiqəsi alıb. Prezident seçkilərini izləmək məqsədilə 341 nəfər müşahidəçi seçki dairəsində qeydiyyatdan keçib.
114 saylı Şəki kənd birinci seçki dairəsi Şəki rayonunun Aşağı Göynük kəndində yerləşir. Dairə seçki komissiyasının sədri Məharət Məmmədov məlumat verdi ki, dairə üzrə 43 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin sayı isə 39 min 91 nəfərdir. 7 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Məntəqələr seçki materialları, avadanlıqları və generatorla təmin olunub. Komissiya üzvlərinə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilib. Odur ki, seçkilərdə qanun pozuntusu olmadı.
Ağcabədi
Ağcabədililər hər zaman ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik hadisələrdə fəal və mütəşəkkil iştirak edirlər. Rayon sakinləri aprelin 11-də də fəal vətəndaş mövqeyində olduqlarını inamla nümayiş etdirirlər.
82 saylı Ağcabədi dairə seçki komissiyasında olduq. Komissiyanın sədri Nadir Qürbətov telefon zənglərini səbr və təmkinlə dinləyir, seçki məntəqələrindən gələn suallara aydın cavablar verirdi. Bizə də dedi ki, istədiyiniz hər hansı seçki məntəqəsində ola bilərsiniz. Hər yerdə normal şərait yaradılmışdır.
Qaravəlli kəndində yerləşən seçki məntəqəsinə baş çəkdik. Səsverməyə gələnlərin xoş ovqatı, yüksək əhvali-ruhiyyəsi aydın hiss olunurdu. Kənd adamları seçki məntəqəsinin qarşısında yaşlı bir qadını əhatəyə almışdılar. Bu, 118 yaşlı seçici Təhməzova Püstə Zümürxan qızı idi. Püstə nənə bizim suallarımıza da həvəslə cavab verdi:
- Mən günümü görüb, dövranımı sürmüşəm. İndi həyat çox gözəldi. Xalqımız firavan yaşayır. Çoxlu oğul-uşağım, nəvə-nəticələrim var. Əksəri ali təhsil alıb. Dövlət xalqa yaxşı baxır. Adam naşükür olmaz. Evimizə qaz gəlir, işığımız keçmir, sudan korluğumuz yoxdur. Tənbəllik etməyib zəhmət çəkənlər, faydalı işin qulpundan yapışanlar yaxşı qazanır, yaxşı da dolanırlar. Bax, bu şəraiti dövlət yaradıb.
İsmayıllı
Səhər saatlarından İsmayıllı rayonunda seçki fəallığı hiss olunmaqda idi. Azərbaycan Respublikası Cüdo Federasiyasının İsmayıllı Regional Mərkəzində yerləşən 66 saylı seçki məntəqəsində də bunun şahidi olduq. Məntəqə seçki komissiyasının sədri Hidayət Muradov bildirdi ki, seçkiyə start verilməsindən təxminən bir saat keçməsinə baxmayaraq, ciddi fəallıq nümayiş olunmaqdadır. İnsanlar həvəslə məntəqəyə gəlib uyğun bildikləri namizədə səs verərək ərazini tərk edirlər. İlk bir saatda təxminən 200 nəfərə yaxın seçici vətəndaşlıq borcunu yerinə yetirib.
Ümumilikdə isə məntəqənin seçki siyahısında 1131 nəfər seçici var. Seçicilər üçün hər cür şərait yaradılıb.
Seçkinin gedişi ilə bağlı münasibət öyrənmək üçün Azərbaycan Demokrat Partiyasını müşahidəçi qismində təmsil edən Çingiz Məmmədova yaxınlaşırıq. Onun dediklərini təqdim edirik:
- 66 saylı seçki məntəqəsində hazırkı vəziyyətə kimi heç bir kənar hal müşahidə olunmayıb. Hər şey öz qaydasındadır. Seçicilərin də məntəqəyə gəlişində kütləvilik var. Hər kəs rahat şəkildə məntəqəyə daxil olaraq seçki siyahısında adını tapır, sonra şəxsiyyət vəsiqəsini təqdim edərək bülleten götürüb lazım bildiyi namizədə səs verir.
İsmayıllı Rayon Olimpiya Mərkəzi məsafə baxımından bir qədər aralıda yerləşməsinə baxmayaraq, buradakı 59 saylı seçki məntəqəsində fəallıq müşahidə edilməkdə idi. Məntəqə seçki komissiyasının sədri Lətifə Həmidova 1187 seçiciləri olduğunu bildirdi. O, indiyədək belə seçici fəallığı ilə rastlaşmadığını nəzərə çatdırdı. Qeyd etdi ki, seçkiyə start verildiyi vaxtdan cəmi saat yarım keçməsinə baxmayaraq, seçicilərin təxminən 20 faizi artıq səsini verib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 59 saylı məntəqənin üzvü Ceyran Ağayeva da seçkinin gedişindən razılığını ifadə etdi. Bildirdi ki, seçki başlandığı vaxtdan heç bir maneə ilə rastlaşmayıblar. Hər şey öz qaydasındadır. İnsanlar sərbəst şəkildə gəlib səslərini verib qayıdırlar. Şəffaflıq tam şəkildə gözlənilir.
Karate üzrə baş məşqçi Anar Həsənov da seçki ilə bağlı münasibətini bildirdi:
- Biz idmançılar daim dövlət dəstəyi ilə əhatə olunmuşuq. Buna görə də dövlətimizə sonsuz minnətdarlığımızı bildiririk. Hazırkı seçkidə iştirak etməklə hər bir vətəndaş, o cümlədən də mən xalqımızın firavanlığı, gənclərin inkişafı, ölkəmizin tanıdılması, ən vacibi isə sabitliyimizə təminat verən, idmanımızı bundan sonra da yüksək zirvələrə qaldırmağa qadir olan namizədə səs veririk. İnanırıq ki, müharibə vəziyyətində olan ölkəmizə bundan sonra da onu qələbələrə aparmağa qadir olan şəxs rəhbərlik edəcək.
Cəlilabad
Cəlilabad rayonu keçən prezident seçkilərindən sonrakı dövr ərzində daha da inkişaf etmiş, abadlaşmışdır. Yeni-yeni ictimai binalar, yaşayış evləri, təhsl, səhiyyə, mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, parklar, xiyabanlar salınmış, qəsəbə və kəndlərə yollar, təbii qaz xətləri çəkilmişdir. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil artmış, əhalinin sosial rifahı yaxşılaşmışdır. Dövlətçiliyə həmişə sədaqətli olan cəlilabadlılar elə buna görə də prezident seçkilərində fəal iştirak etmək üçün məntəqələrə axışırdılar. Üç dairə üzrə 20 məntəqədə veb-kamera quraşdırılmışdı.
67 saylı Cəlilabad DSK-nın 7 saylı məntəqəsi rayon mərkəzindəki 4 saylı tam orta məktəbin binasında yerləşir. Səs vermiş seçicilərdən bir neçəsindən təəssüratlarını soruşduq. Seçici Fərqanə Məmmədova belə dedi: “Mən haqqa, ədalətə, inkşafa, əmin-amanlığa səs verdim. Respublikamızda gedən işləri hamımız yaxşı görürük. Belə bir inkişafı, yüksəlişi bizim Cəlilabad rayonunun timsalında da görmək olur. Hər tərəfdə göz-könül oxşayan yeniliklər var. İnsanların gün-güzəranı yaxşılaşır. İndi elə ev tapmaq çətindir ki, orada şəxsi minik maşını olmasın. Bütün bunlara, aparılan düzgün siyasətə, ulu öndər Heydər Əliyevin siyasətinə səs verdim”.
68 saylı Cəlilabad kənd seçki dairəsinin 2 saylı məntəqəsində müşahidəçilər üçün xüsusi yer təşkil olunmuşdu. Onlar seçkilərin gedişinə nəzarət edirdilər. ADP-nin müşahidəçisi Zamiq Əsgərov və BAXCP-nin müşahidəçisi Təzəbəy Mirzəyev də burada idilər. Seçkilərin gedişi ilə bağlı fikirlərini soruşduqda dedilər ki, seçkilər azad, şəffaf, demokratik şəraitdə keçir. Saat 15-ə kimi heç bir qanun pozuntusu ilə qarşılaşmamışıq.
Sabirabad
63 saylı Sabirabad birinci seçki dairəsi 35 seçki məntəqəsini əhatə edir. Dairə üzrə seçici siyahılarına 41.105 nəfərin adı daxil edilmişdir. İlk dəfə səs verənlərin sayı 973 nəfərdir.
Qalaqayın kəndindəki 16 saylı seçki məntəqəsində qələbəlikdir. Yaz-tarla işlərinin vüsət aldığı bu günlərdə kənd sakinləri səhər tezdən səsvermədə iştirak etdikdən sonra təsərrüfat işləri ilə məşğul olmağa tələsirlər. Həyacanlı görkəmi ilə diqqət çəkən gənc oğlanla tanış olduq.
Dedi ki, Qalağayın kənd
sakini Əlizadə Elyaz Namik oğluyam. Bu gün 18 yaşım tamam
olur. Həyəcanlı olmağım ilk dəfə səs
verməyim ilə bağlıdır.
Artıq ölkənin tam
hüquqlu vətəndaşıyam. İndi mənim səsim
də xalqın səsinə qarışır. Ailəmiz üçün bu, ikiqat sevincdir. Vətən qarşısında borcumu şərəflə
yerinə yetirmək, bir əsgər kimi vətənə ləyaqətlə
xidmət etmək əzmindəyəm.
Onu da qeyd edək ki, 63 saylı
Sabirabad birinci və 64 saylı Sabirabad ikinci dairə
seçki komissiyalarının əhatə etdiyi məntəqələrdə
heç bir qanun pozuntusu müşahidə edilməyib. Səsvermə hüququ olan hər kəs istədiyi
namizədə səs verib, arzusunu sərbəst şəkildə
həyata keçirib.
Zaqatala
Zaqatala rayonunda fəaliyyət
göstərən 110 və 111 saylı seçki dairələrinin
məntəqə seçki komissiyalarında da ölkəmizin
ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət
daşıyan prezident seçkilərinə
hər bir seçici öz töhfəsini verir, vətəndaşlıq
borcunu yerinə yetirirdi.
Ümumilikdə iki DSK
üzrə 76 məntəqədə 77 min 140 nəfər
seçici var.
110 saylı Zaqatala seçki dairəsinin
tərkibinə daxil olan 47 seçki məntəqəsi
üzrə 47 min 360 seçici qeydə alınıb. Onlardan 1020 nəfəri bu seçkilərdə ilk dəfə
səs verir. Onların 920 nəfəri
80-100 yaş arasında, 4 seçicinin yaşı isə 100-dən
yuxarıdır.
111 saylı Zaqatala-Balakən
seçki dairəsinin tərkibinə daxil olan 44 seçki məntəqəsinin
29-u Zaqatalada, 15-i isə Balakən rayonunda yerləşir. Dairə seçki
komissiyasının sədri Söhrab İsmayılovun sözlərinə
görə, dəqiqləşdirilmiş son seçici
siyahılarına görə, dairə üzrə 46 min 359 seçici
qeydə alınıb.
Qəbələ
Həmişə qonaqlı-qaralı olan Qəbələdə dünən də böyük bir coşqu, qələbəlik vardı. Lakin budəfəki qələbəlik prezident seçkiləri ilə bağlı idi. İnsanları sübh tezdən evlərindən çıxaran da bu idi - vətəndaşlıq məsuliyyəti. Beləcə, onlar qəlblərinin səsinə qulaq asaraq prezident seçkilərində iştirak edib layiq olan namizədə səslərini verdilər.
Ümumilikdə rayon üzrə 64 min 70 nəfər seçici var. 10 seçki məntəqəsində veb-kamera quraşdırılmışdı.
Seçki məntəqələrinin yaşayış məntəqələrində təşkil olunması seçicilərin rahatlığı baxımından xüsusi əhəmiyyətə malikdir. Rayon ərazisindəki sərhəd zastavasında olan seçicilərin sayı nəzərə alınaraq onlar da yaxınlıqdakı məntəqədə səs verdilər.
78 seçki məntəqəsinin hamısı avadanlıqla təmin olunmuş, rabitə ilə təchiz edilmişdi. 11 məntəqədə isə hərəkət imkanları məhdud olan seçicilərin rahat, sərbəst səs verməsi üçün də tədbirlər görülmüşdü.
Quba
52 saylı Quba seçki dairəsi üzrə seçicilərin sayı 46810 nəfərdir. Dairə üzrə seçki məntəqələri bütün texniki avadanlıqlarla təmin edilmişdi. Rayon üzrə fəaliyyət göstərən 72 seçki məntəqəsinin 10-da kameralar var idi. 7 kamera rayon mərkəzini, 3-ü isə Vəlvələ, Dağlı və Qəçrəş kəndlərindəki məntəqələri əhatə edirdi.
Dairə üzrə seçkiləri 900-dən çox müşahidəçi izlədi. DSK-nın sədri Mübariz Abasov bildirdi ki, dairə üzrə 386 nəfər ilk dəfə səs verir: “İstər rayon mərkəzi, istərsə də kəndlərdə gənclər öz fəallıqları ilə seçilirlər. 72 məntəqəmizin hər birində seçkinin şəffaf və demokratik keçirilməsi üçün hər bir şərait yaradılıb”.
3 saylı məntəqə Quba şəhər 2 saylı məktəb - liseydə təşkil edilib. Məntəqə seçki komissiyasının sədri B.Şükürova da səsvermə üçün bütün şəraitin yaradıldığını bildirdi. Məntəqədə veb-kamera da quraşdırılmışdır.
Seçicilər İlham Paşayev, Faiq Tağıyev, Fariz Rəhmanov, Qoşqar İmanquliyev, Səmayə Qarayeva və digərləri seçkilərin şəffaf keçirildiyini bildirdilər. Akif Quliyev dedi ki, bitərəfdir: “Bu gün keçirilən seçkidə ailəliklə iştirak etdik. Hərə öz seçdiyi namizədə səs verdi”.
Mingəçevir
Ölkənin nəhəng elektrik enerjisi təchizatçısı olan Mingəçevir şəhərinin sakinləri seçkilərdə yüksək mütəşəkkillik və siyasi fəallıq nümayiş etdirirlər. Nur şəhərinin sakinləri səhər saatlarında dəstə-dəstə seçki məntəqələrinə axışırlar. Ötən seçkilərdən keçən dövr ərzində Mingəçevirdə böyük dəyişikliklər baş vermişdir. Ana Kürün ikiyə ayırdığı şəhər son illər sürətlə inkişaf etmiş, daha da gözəlləşib tanınmaz olmuşdur. Burada uğurla reallaşdırılan möhtəşəm sosial layihələr şəhər sakinlərində haqlı razılıq doğurur, hər kəsi doğma yurdun gözəlliyini daha da artırmaq uğrunda hünər göstərməyə ruhlandırır. Mingəçevirdə nəhəng sənaye parkının yaradılması, çoxsaylı yeni fabrik və zavodların fəaliyyətə başlaması işsizlik probleminin uğurlu həllini təmin edir.
Beləcə, mingəçevirlilər prezident seçkilərinə yüksək əhvali-ruhiyyə ilə gedir, davamlı inkişafa, sabitliyə, demokratiyaya səs vermək əzmində olduqlarını nümayiş etdirirlər. Şəhərin mərkəzində yerləşən 15 saylı seçki məntəqəsinin qarşısında xeyli adam toplaşıb. Səs vermək üçün növbəyə dayananlardan birinə yaxınlaşıb həmsöhbət oluruq. Şəhər sakini Baba Əliyev özü haqqında məlumat verərək deyir:
- Bütün şüurlu həyatımı Mingəçevirə həsr etmişəm. Artıq 97 yaşım var. Mingəçevir gözlərimin qabağında tikilib, qurulub. Xoşbəxtəm ki, bu işlərdə mənim də az-çox əməyim olub. Dövlətimizin qayğısı ilə gözəlləşən, hər qarışı cənnətə çevrilən Mingəçevir mənim qürur mənbəyimdir. Mən dinamik inkişafımızı, həyatımızın firavanlığını, xoş güzəranımızı təmin edən, bizi uğurlu illərə qovuşduran siyasi kursa səs verəcəyimi uca səslə bəyan edirəm.
15 saylı seçki məntəqəsinin daxil olduğu 47 saylı Mingəçevir dairə seçki komissiyasına baş çəkirik. Artıq gün yarıdır. Dairə seçki komissiyasının sədri Oqtay Məmmədovla söhbət zamanı öyrənirik ki, dairə 30 məntəqəni əhatə edir. 37490 seçicinin indiyədək təxminən yarısı səsvermədə iştirak edib. Seçkilərin şəffaf, demokratik prinsiplər əsasında keçirilməsi təmin olunub. 12 məntəqədə veb-kamera quraşdırılıb. Hələ ki dairə seçki komissiyasına heç bir şikayət daxil olmamışdır.
Yevlax
Prezident seçkilərinə hazırlıq mərhələsini uğurla keçən Yevlaxda bayram əhvali-ruhiyyəsi hökm sürürdü. Rayon mərkəzində də, kəndlərdə də qeyri-adi bir canlanma hiss olunurdu. 48 saylı Yevlax dairə seçki komissiyasının sədri Yaşar Abbasov səsvermənin gedişi barədə dedi:
- Artıq səsvermənin başlanmasından iki saat keçir. Seçki məntəqələrindən aldığımız ilk məlumatlar qənaətbəxşdir. Əhalinin seçki prosesində fəal və mütəşəkkil iştirakına nail olmaq üçün vaxtında zəruri hazırlıq tədbirləri görülmüşdür. Şəhər və kəndlərdə ictimai yerlərdə, əhalinin sıx, gediş-gəlişin çox olduğu ərazilərdə seçkilərə çağırış plakatlarının, hər bir evə göndərilən bildirişlərin təsiri kifayət qədər böyükdür. Dairənin əhatə etdiyi 31 seçki məntəqəsinin hamısında səsvermə demokratik şəraitdə, şəffaf və mövcud qanunçuluğun tələblərinə uyğun davam edir. Hələ ki heç bir şikayət, narazılıq yoxdur.
Öyrəndik ki, 48 saylı Yevlax seçki dairəsinin əhatə etdiyi məntəqələrdə 34727 nəfər seçici qeydə alınmışdır. Şəhərdə 20 məntəqə fəaliyyət göstərir. Dairə üzrə 15 seçki məntəqəsinə veb-kamera quraşdırılmışdır.
9 saylı seçki məntəqəsi şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşir. Günortaya yaxın olsa da, seçki məntəqəsində qələbəlik idi. Seçici siyahısına daxil edilmiş 1224 nəfərin təxminən 50 faizi artıq səsvermədə iştirak etmişdi. Məntəqə seçki komissiyasının sədri Şaban Həsənov bir dəstə gənci nişan verib dedi ki, onlar ilk dəfə səs verənlərdir. Yaxınlaşıb gənclərlə tanış olduq. Elnarə Müslümlü, Humay Qəhrəmanova, Şahmar Nərimanov, Fidan Bayramlı və digər həmyaşıd dostları həyəcanlı olduqlarını gizlədə bilmirdilər. Fidan Bayramlı dostlarının həyəcanlı olmalarının səbəbini belə ifadə etdi:
- Bu gün səsvermədə iştirak etməklə həyatımızın yeni mərhələsinə qədəm qoyuruq. Seçmək böyük məsuliyyətdir. Gərək doğru seçim edək. Seçim düzgün olanda xeyrini bütün xalq görür.
Goranboy
Aprelin 11-də Goranboy rayonunun sakinləri daha erkən oyanmışdılar. Küçələrdə get-gəl çoxalmışdı. Ürəkləri qurub-yaratmaq eşqi ilə döyünən gəncləri, el ağsaqqallarını və ağbirçəkləri küçələrə çıxaran bir səbəb var idi ki, o da Azərbaycanın gələcəyinin kimə etibar edilməsi barədə öz sözlərini deməsi idi.
Rayonda 96 saylı Goranboy-Naftalan və 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyası fəaliyyət göstərir. İki dairədən ümumilikdə 105 məntəqədə 84 min 363 seçici səsvermədə iştirak etməli idi. 97 saylı Goranboy-Ağdam-Tərtər dairə seçki komissiyasının sədri Faiq Məhərrəmov söhbət zamanı dedi ki, səsvermə mütəşəkkil və şəffaf şəraitdə keçir. Əvvəlcədən qeydiyyata götürülmüş 3 nəfər xəstənin səs verməsi üçün ayrılmış nümayəndələr onların evlərinə getmiş və səsvermə prosesində iştirakları təmin edilmişdir. Bundan başqa, 6 məntəqədə veb-kamera quraşdırılmışdır ki, bu da seçkilərin şəffaf və demokratik keçməsini təmin edir. Səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmamışdır.
Seçki prosesində unudulmaz anlar yaşadan hadisələrdən biri də Zeyvə kəndinin sakini, 101 yaşlı Mərzə Mustafayevanın kənddəki 17 saylı seçki məntəqəsinə gəlməsi oldu. Danışığı səlis, nitqi sərrast olan kənd ağbirçəyi dedi ki, bu gün düzgün seçim etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Gərək elə edək ki, səhv etməyək və bununla da balalarımız, eləcə də nəvə-nəticələrimiz əziyyət çəkməsinlər.
Saatlı
Aprelin 11-də Saatlı şəhərinin küçələri adi günlərdən daha izdihamlı idi. Rayon sakinləri iki-bir, üç-bir seçki məntəqələrinə axışırdı. 4 saylı seçki məntəqəsinin qarşısında qələbəlik idi. Bu gün ilk dəfə səs verən Ağayev Qurban Qalib oğlu ilə burada tanış olduq. O dedi ki bu günü səbirsizliklə gözləyirdim. Sevincim böyükdür. Artıq seçib-seçilmək hüququ olan bir vətəndaşam. Bu gün mən də əmin-amanlığa, həyat firavanlığına, xoş güzərana səs verdim. Məntəqədə hər kəsin istədiyi namizədə səs verməsi üçün ideal şərait yaradılıb.
Seçki məntəqəsinin sədri Çingiz Fətullayevdən öyrənirik ki, burada seçici siyahılarına 623 nəfərin adı daxil edilmişdir. Bir saat ərzində yüz nəfərdən çox seçici səsvermədə iştirak etmişdir.
62 saylı Saatlı dairə seçki komissiyası 39 məntəqəni əhatə edir. Məntəqələrin 10-u şəhərdə, 29-u isə kəndlərdə yerləşir. 3,4,6, 23 və 25 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılmışdır. Dairə seçki komissiyasının sədri Arif Əliyev bildirdi ki, seçicilərin ümumi sayı 41 607 nəfərdir. 808 nəfər gənc isə ilk dəfə səs verəcəkdir. Rayonun ən yaşlı seçicisi Fətəlikənd kəndinin sakini Əliyeva Xanbəyim Xanalı qızıdır. 118 yaşlı Xanbəyim nənə gümrahdır. Seçki məntəqəsinə özü gəlib səs verəcəkdir.
İmişli
Ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olan prezident seçkiləri bu rayonda da mütəşəkkilliklə keçdi. Çoxsaylı müşahidəçilərin nəzarəti ilə keçirilən seçkilər ölkəmizdə demokratiyanın gerçək təntənəsinə çevrilmişdir. 73 saylı İmişli dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrinin hər birində vətəndaşların öz iradələrini sərbəst və maneəsiz həyata keçirməsi, istədikləri namizədə səs vermələri üçün normal şərait mövcuddur.
Budur, İmişli şəhər mədəniyyət evində yerləşən 11 saylı seçki məntəqəsindəyik. Məntəqə seçki komissiyasının sədri Mübariz Şəmmədov məlumat verərək bildirir ki, adı seçici siyahılarına daxil edilmiş 938 nəfərin 40 faizindən çoxu artıq səsvermədə iştirak etmişdir.
İmişli şəhər sakini, rayonun nüfuzlu ağsaqqallarından olan Bəşir Bəşirovla elə bu seçki məntəqəsində tanış oluruq. Həmsöhbətimiz rayon sakinlərinin fikrini ifadə edərək deyir:
- Bizim İmişli camaatı əməksevər, mehriban, həm də qədirbiləndir. Dövlətin xalqın xoş güzəranı, firavan yaşaması üçün həyata keçirdiyi tədbirləri, göstərdiyi qayğını hər zaman minnətdarlıqla qarşılayırıq. Daimi suyumuz, təbii qazımız, fasiləsiz işığımız var. Doğma İmişlimiz gündən-günə inkişaf edib gözəlləşir. Əhalinin dolanışığı da ildən-ilə yaxşılaşır. Bütün bunlar dövlətimizin müdrik siyasəti sayəsində mümkün olmuşdur.
Kürdəmir
Dünən Kürdəmir rayonunda da seçki coşqusu yaşanırdı. Sakinlər növbəti dəfə Prezident seçmək üçün seçki məntəqələrinə gəlirdilər. İnsanların axını, çöhrələrindəki xoş ifadə onların bu dəfə də güzəranlarını yaxşılaşdıracaq, ölkəmizin inkişafına dəstək olacaq namizədə səs verəcəklərini əks etdirir.
Ümumilikdə rayonda seçici fəallığına təsir göstərən amillərdən biri burada seçki öncəsi dairə seçki komissiyaları (DSK) tərəfindən işin düzgün qurulması, maarifləndirmə tədbirlərinin yüksək səviyyədə təşkil olunması idi. Dairələrdə siyahıların dəqiqləşdirilməsi, məntəqə sədrləri ilə maarifləndirmə kurslarının keçirilməsi, aparılan təşviqat tədbirləri xüsusi qeyd edilməlidir.
Qeyd edək ki, rayonda 1 daimi, iki müştərək dairə seçki komissiyaları (DSK) fəaliyyət göstərir. Bunlardan 57 saylı Kürdəmir daimi, 58 saylı Hacıqabul-Kürdəmir və 65 saylı Saatlı-Sabirabad-Kürdəmir dairələri isə müştərəkdir.
Rayon ərazisində 57 saylı Kürdəmir DSK üzrə 41 məntəqə, 58 saylı Hacıqabul-Kürdəmir DSK üzrə 7 məntəqə və 65 saylı Saatlı-Sabirabad-Kürdəmir DSK üzrə isə 25 məntəqə var.
Rayon ərazisində 57 saylı Kürdəmir DSK üzrə 42 min 400 seçici, 58 saylı Hacıqabul-Kürdəmir DSK üzrə 5283 seçici, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir DSK üzrə 15 min 555 seçici qeydə alınmışdı.
Rayon ərazisindəki 12 məntəqədə beynəlxalq təşkilatların tələblərinə uyğun olaraq şəffaflığın təmin edilməsi məqsədilə veb-kamera quraşdırılmışdı. Bütün məntəqələr telefon və digər lazımi avadanlıqlarla tam təmin olunmuşdu.
Neftçala
Səhərdir. Xəzər dənizindən əsən xəfif meh baharın ilıq havasına qarışaraq xoş bir ovqat yaradır. İnsanlar bir-birinə qoşulub seçki məntəqələrinə gəlirlər. 61 saylı Neftçala seçki dairəsi üzrə 41 məntəqə var. Yolumuzu onların birindən - 3 saylı məntəqədən saldıq. Seçicilərlə görüşüb fikirlərini öyrəndik. Telman Quliyev dedi: “Atalar demiş: görünən dağa nə bələdçi? Özünüz də görürsünüz ki, seçki necə şəffaf və fəallıq şəraitində keçir. Hamı kimi mən də sərbəst, demokratik və azad surətdə öz səsimi istədiyim namizədə verdim”.
Seçici Əminə Həsənova və Gülər Mirzəyeva ilə də söhbət etdik. G.Mirzəyeva dedi: “Əmin-amanlıq şəraitində yaşayırıq. Hər birimiz bunları qiymətləndirməliyik. Yaşayış səviyyəmiz də ildən-ilə yaxşılaşır. Əhalinin əməkhaqqı, təqaüdləri artır. Bunları nəzərə alıb xoş günlərin təminatçısı olan namizədə səs verdim”.
7 saylı seçki məntəqəsində də bayram əhvali-ruhiyyəsi yaşanırdı. Məntəqə seçki komissiyasının üzvü, Sosial Rifah Partiyasının təmsilçisi Amil Qəhrəmanov seçkinin gedişi barədə dedi ki, məntəqə üzrə 1281 nəfər seçici var. Seçkilərin nə vaxt və harada keçiriləcəyi barədə hər bir seçiciyə qabaqcadan bildiriş çatdırmışıq. Ona görə də onlar səsverməyə mütəşəkkil qaydada gəlirlər. Günortayadək seçicilərin çoxu gəlib səs vemişdir”.
Ağsu
Dünən bütün gün ərzində Ağsunun küçələrində qələbəlik müşahidə olunurdu. Yaşından asılı olmayaraq hər seçicinin daxil olduğu bir ünvan vardı. Bu da şəhər ərazisində və kəndlərdə təşkil olunmuş seçki məntəqələri idi.
Yolumuzu 1 saylı liseydə təşkil olunmuş şəhər 1 saylı seçki məntəqəsindən saldıq. Burada seçicilərin rahat şəkildə səs vermələri üçün hər cür şəraitin yaradıldığını gördük. Bu da sözsüz ki, seçkiyə hazırlığın yüksək səviyyədə təşkilindən qaynaqlanır. Təşkilatçılığın yüksək səviyyədə olması səs verən hər bir seçicinin ürəyindəndir.
Məntəqədə Azərbaycan Sosial Demokrat Partiyasının müşahidəçisi Xəyal Əliyevlə söhbətləşdik. Müsahibimiz ümumilikdə seçkinin tam normal şəkildə keçdiyini və məntəqədə onlara lazımi şərait yaradılmasını qeyd etdi, seçicilərə heç bir təsir göstərilmədiyini, hər kəsin sərbəst səs verdiyini vurğuladı.
87 saylı Ağsu-İsmayıllı dairə seçki komissiyasının sədri Azad Dursunəliyev də seçici fəallığından söz açdı. Bildirdi ki, səhər tezdən fəallıq var. Bunun təsdiqi kimi seçkiyə start verildiyi vaxtdan keçən iki saat ərzində 8733 nəfərin səs verməsi göstərilə bilər.
Qeyd edək ki, dairə seçki komissiyasının tərkibində 63 məntəqə seçki komissiyası fəaliyyət göstərirdi. Bunlardan da 56-sı Ağsu, 7-si İsmayıllı rayonu ərazisində idi. 9 məntəqədə veb-kamera quraşdırılmışdı.
Şabran
54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə seçicilərin sayı 50761 nəfər idi. 70 məntəqənin 46-sı Şabranın, 24-ü isə Siyəzənin payına düşürdü. Dairədə müşahidəçilərin sayı 720 nəfər idi. 71 nəfər məşvərətçi isə seçkilərin gedişatına nəzarət edirdi. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 1830, yaşı 80-100 arası olanlar 620 nəfər idi.
DSK sədri Saleh Təhməzov bildirdi ki, əvvəlki seçkilərdə məntəqələrimizin çox az hissəsində veb-kameralar vardı. Bu seçkilərdə isə 10 məntəqə üzrə kameralar quraşdırılıb. Şabran 1, 2, 3, 4, 7 və Siyəzəndə 46, 47, 49, 50, 53 saylı və digər məntəqələrdə quraşdırılan kameralar vasitəsilə seçkinin gedişatını birbaşa izləmək mümkündür.
Siyəzən
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 46 saylı seçki məntəqəsi də bayram libasında idi. Siyəzən rayon 1 saylı tam orta məktəbin binasında təşkil olunan məntəqə seçki komissiyasının sədri Nəcməddin Mürvətov bildirdi ki, bu ərazidə 1467 nəfər seçici var. Bu seçkilərdə məntəqə üzrə ilk dəfə səs verənlərin sayı 6 nəfərdir. Gənclərin çoxu elə bu məktəbin məzunlarıdır. Nəriman Quliyev, Asim Quliyev, Ülkər Məmmədova, Kamran Mütəllibov səhər məntəqə açılan kimi oraya gələrək səslərini layiq bildikləri namizədə vermişlər. Ümumiyyətlə, məntəqədə gənclərin seçkilərə marağının çox olduğu açıq-aydın görünürdü.
Məntəqədə yaşlı əhali də nəzərə alınıb. 6 nəfər yaşlı seçici üçün xüsusi səsvermə qutusu və maşın da ayrılıb. Çünki onlar xəstə olduqları üçün məntəqəyə gələ bilməyiblər.
Onu da bildirək ki, 46 saylı seçki məntəqəsi veb-kamera ilə təmin edilib. Burada seçkinin gedişatını 12 müşahidəçi izləyirdi. Onlar seçkinin şəffaf keçdiyini, heç kimə təzyiq göstərilmədiyini bildirdilər.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin Siyəzəndə yerləşən 48 saylı məntəqəsində də böyük canlanma var idi. Siyəzən rayon 3 saylı məktəbin binasında təşkil olunan məntəqə seçki komissiyasının sədri Rafiq Yarıyev bildirdi ki, səhər seçkiyə start verəndən bəri əhali gəlib öz səslərini istədikləri namizədə verirlər. Məntəqə seçki komissiyasının sədri onu da bildirdi ki, səs verəcək 1433 nəfərin 12 nəfəri ilk dəfə səs verənlərdir. Onlardan Nihat Tarıverdiyev, Elvin Sədrəddinov və Ədilə Rüstəmova məntəqəyə hamıdan tez gəlmişdilər. R.Yarıyev səsverməyə gələn gənclərlə girişdə mehribancasına görüşərək onları təbrik etdi.
Seçicilərin 42 nəfəri
80-100 yaş arası olanlardır. Badam Abbasova 1920-ci ildə anadan olub. O, səsverməyə nəvəsi
ilə gəlmişdi. Balabibi Cəfərova, İmran Əhmədov,
Xanım Qəribova, İsmayıl Tarıyevdə seçkinin
gedişatından razı qaldıqlarını bildirdilər. Onlar əmin olduqlarını vurğuladılar ki,
ölkəmizdə əmin-amanlıq olacaq, uzun illərin
uğurlu siyasəti daim pöhrələnəcəkdir.
Məntəqə seçki
komissiyasının üzvləri Səmayə Hüseynova,
Nailə Cəbrayılova, Həmzə Əhmədov, Amil Həşimov
və Rüfət Məmmədov seçici siyahılarında
seçicilərə adlarını tapmaqda kömək edirdi.
Məntəqədəki canlanma insana xoş
duyğular bağışlayırdı. Onu
da bildirək ki, içəri başdan-başa
gül-çiçəklə dolu idi. Məntəqə
seçki komissiyasının sədri R.Yarıyev qeyd etdi ki,
sevincimizi bir-birimizlə səmimi bölüşməyi
xoşlayırıq. Gördüyünüz
çiçəkləri səsverməyə gələn
insanlara bağışlayırıq. Bu
işdə bizə hətta 12 nəfər müşahidəçi
də kömək edir. Çünki gələcəyimizi
müəyyənləşdirəcək bu seçkidə
hamının payı var. Məsuliyyətli, ləyaqətli
namizədi seçmək isə xalqın öz seçimidir.
Belə bir mühiti bizə müstəqilliyimiz
yaradıb.
Xaçmaz
Xaçmaz rayonunda 2
seçki dairəsi fəaliyyət göstərirdi. 55 saylı
Xaçmaz şəhər seçki dairəsi rayon mərkəzində
yerləşir. DSK-nın sədri Bəhram
Ömərov bizimlə söhbətində bildirdi ki, prezident
seçkilərində qeydə alınan hər bir namizədə
dairədə normal seçkiqabağı təbliğat
kampaniyasını keçirmək üçün lazımi
şərait yaradılmışdır.
Dünənki seçkidə
dairə üzrə 455 yerli müşahidəçinin izlədiyi
səsvermə yüksək fəallıqla keçdi. Ümumiyyətlə,
bu seçki dairəsində seçicilərin sayı 43980 nəfər,
məntəqələrin sayı 42 idi. 12
məntəqədə veb-kamera
quraşdırılmışdı.
Səhər məntəqələr
açılandan seçicilər bir-bir, iki-iki öz vətəndaşlıq
borclarını yerinə yetirməyə gəlirdilər. Öncə Xaçmaz rayon
Z. Əliyeva adına məktəb-liseydə
fəaliyyət göstərən 1 saylı seçki məntəqəsinə
baş çəkdik. Seçici
siyahısında 1233 nəfər sakinin adı qeyd olunub.
Məntəqə üzrə 2 xəstə
qeydiyyata götürülüb. Onların
da səsverməsini təmin etmək üçün
xüsusi maşın və daşınan qutu ayrılıb.
Məntəqədə seçkinin
gedişatı veb-kamera ilə izlənirdi.
İlk dəfə səs verən
Kamal Poladov və Rəna Babayeva seçkidən razı qaldıqlarını
bildirdilər.
Seçicilər Sudabə Qoçubəyova, Vəsiyyət
Seyidəliyeva, Kəmalə Niftəliyeva və digərləri
bildirdilər ki, hər bir xaçmazlı layiqli namizədə
səs verdilər.
Ağdaş
Prezident seçkilərinə start
verildikdən üzü bu yana
Ağdaşda da ölkəmiz üçün mühüm əhəmiyyət
kəsb edən bu kampaniyaya ciddi hazırlıq
görülmüşdü. Odur ki, dünən
hər bir ağdaşlı böyük ruh yüksəkliyi ilə
seçkilərdə iştirak edirdi. Onlar
rayonun 57 seçki məntəqəsində səs veriblər.
90 saylı Ağdaş dairə seçki komissiyasının (DSK) sədri Nurəddin Nəsibov bildirdi ki, dairə üzrə 40 min 400 nəfər seçici qeydə alınıb. Bütün məntəqələr yüksək səviyyədə hazırlanıb. 10 seçki məntəqəsi veb-kamera ilə təmin olunub. Bütün məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə təchiz olunub. Seçki siyahıları uyğunlaşdırılmış formada olan lövhələrdə yerləşdirilib. Seçicilər heç bir çətinlik çəkmədən rahat şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər. 17 seçki məntəqəsi isə Göyçay-Ağdaş DSK-nın tərkibindədir. Bu məntəqələrdə səs verən seçicilərin sayı 17 min 753 nəfərdir. Onlar da istədikləri namizədə burada olduğu kimi rahat şəkildə səs verirlər.
Qobustan
Respublikamızın gənc rayonlarından sayılan və demək olar ki, dövlət müstəqilliyimizlə həmyaşıd olan Qobustanda da seçkilərə ciddi hazırlıq görülmüşdü. Dünən bu rayonda da insanların tələsdikləri ünvan Qobustan şəhərində və ayrı-ayrı kəndlərdə təşkil edilmiş seçki məntəqələri idi.
Burada 50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasinin tərkibinə daxil olmaqla 28 məntəqə seçki komissiyası fəaliyyət göstərirdi. Həmin seçki məntəqələrinin normal fəaliyyəti, seçicilərin rahatlığının təmin olunması üçün hər cür şərait yaradılmışdı. Onların əksəriyyəti də yeni tikilmiş və ya əsaslı təmir edilmiş binalarda, uyğunlaşdırılmış məktəblərdə təşkil olunmuşdu.
Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə rayonun 3 seçki məntəqəsində, o cümlədən 22 saylı şəhər, 44 saylı Sündü, 46 saylı Təklə seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı.
Xızı
44 saylı Sumqayıt-Xızı seçki dairəsinin 32 saylı seçki məntəqəsi Sitalçay kəndindəki məktəbdə fəaliyyət göstərir. Məntəqə seçki komissiyasının sədri Xanımzadə Hətəmova bizimlə söhbətində bildirdi ki, səhər seçkiyə start veriləndən seçicilər məntəqəyə gəlir və istədikləri namizədə səs verirlər. Məntəqədə seçicilərin sayı 1483 nəfərdir. 32 saylı məntəqə seçki komissiyasının katibləri Səidə Məmmədova, Mübariz Ələkbərov, üzvləri İradə Əliyeva və Gülnar Əbilova seçicilərə adlarını seçici siyahılarında tapmaqda kömək edir, sərbəst şəkildə səs vermələri təmin olunurdu. X.Hətəmova bildirdi ki, məntəqədə ilk dəfə səs verənlər 6 nəfərdir.
Biz məntəqədə olan zaman “N” saylı hərbi hissənin zabit və əsgərləri də səs verirdilər. Vətənin müdafiəçiləri inkişafa, sabitliyə, torpaqlarımızın tezliklə azad ediləcəyinə səs verdiklərini bildirdilər.
Gədəbəy
Gədəbəydə iki dairə-103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairəsini əhatə edən 43 seçki məntəqəsi fəaliyyət göstərir. Prezident seçkilərinə aparılan ciddi hazırlıq işləri seçki günü özünü göstərdi. Belə ki, seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə edə bilmələri üçün məntəqələrdə bütün şərait yaradılmışdı. Onlar azad, şəffaf və demokratik bir şəraitdə öz siyasi iradələrini ifadə etməklə yaşadıqları ölkənin sabahına səs verməyə tələsirdilər.
103 saylı Gədəbəy seçki dairəsinin şəhər 3 nömrəli orta məktəbdə yerləşən 2 saylı məntəqəsindəyik. Məntəqə seçki komissiyasının sədri Esmira Şirinova söhbət zamanı dedi:
- Prezident seçkiləri ölkəmizin həyatında mühüm və əlamətdar hadisədir. Biz də seçkilərə böyük məsuliyyətlə hazırlaşdıq. Məhz bunun nəticəsidir ki, səhər tezdən məntəqənin qarşısı adamla doludur.
Öyrəndik ki, məntəqədə 1358 nəfər səs verməlidir. Saat 12 radələri olmasına baxmayaraq, seçicilərin 45 faizi öz namizədinə münasibətini bildirmişdi.
104 saylı Gədəbəy-Tovuz dairə seçki komissiyasının 18 saylı məntəqəsində də səsvermənin mütəşəkkil keçdiyinin şahidi olduq. Məntəqədə əsl bayram əhvali-ruhiyyəsi hökm sürürdü. Hər yerdə olduğu kimi, burada da məntəqənin tərkibi müxtəlif partiyaların fəalları hesabına formalaşdırılıb. Siyasi əqidəsindən asılı olmayaraq burada hamının sərbəst fəaliyyətinə eyni şərait yaradılıb. Səs verənlərin birinə yaxınlaşıb, söhbət edirik. Bu, el ağsaqqalı Vilayət Məmmədovdur. O, öz fikrini belə ifadə edir.
- Mən sabitliyə, əmin-amanlığa, xoş güzəranımıza səs verdim. İstəyirəm ki, müstəqillik qazandıqdan sonra başlanan inkişaf bundan sonra da davam etsin. Çünki son 15 ildə bütün ölkəmiz, o cümlədən yaşadığım Gədəbəy rayonunun siması başdan-başa dəyişib. Kəndlilərə, fermerlərə yaradılan şərait bu gün hər kəsdə ruh yüksəkliyi yaradıb.
Salyan
Salyanlılar da ölkəmizin ictimai-siyasi həyatında həmişə yaxından iştirak edirlər. Onlar ənənəyə sadiq qalaraq 11 aprel günü seçki məntəqələrinə gələrək Azərbaycan Respublikasına rəhbərlik edəcək namizədə səs verdilər.
59 saylı Salyan dairə seçki komissiyasının bir neçə məntəqəsində bunun şahidi olduq. 7 saylı seçki məntəqəsi Salyan şəhərindəki internat məktəbdə yerləşir. Burada seçicilərin səs verməsindən ötrü hər bir şərait yaradılmışdı. Seçici Gülzar Hüseynova dedi: “Seçkilər sərbəst, azad, demokratik şəraitdə keçir. Seçkiyə heç kəs tərəfindən müdaxlə olunmur. Hamı kimi mən də istədiyim namizədə səs verdim. Özüm müəlliməm. Ölkəmizdə və dünyada baş verən hadisələri də, ölkəmizdəki inkişafı da görürəm. Müstəqil dövlətin vətəndaşı olmaqdan qürur duyuram. Bunları görmək, bunlara dəyər vermək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Respublikamız müstəqil dövlət kimi cəmi 27 ildir fəaliyyət göstərir. Bu illər ərzindəki uğurlar isə göz qabağındadır. Nə qədər məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilib, yollar çəkilib. Bunları sadalamaqla qurtarmaz. Elə bunlara görə də inkişafa, sabitliyə, əmin-amanlığa səs verdim”.
Qeyd edək ki, 59 saylı Salyan seçki dairəsi üzrə 40 məntəqə vardır. Seçicilərin ümumi sayı 38 min 738 nəfərdir. Bunlardan 2 nəfərin yaşı 100-dən yuxarıdır, 119 nəfər isə seçkidə ilk dəfə iştirak edən gənclərdir.
Dairənin bir neçə digər məntəqəsinə də baş çəkirik. 5 saylı məntəqə Salyan şəhər 2 saylı tam orta məktəbin binasında təşkil olunmuşdur. Məntəqə seçki komissiyasının katibi Ofelya Quliyeva bildirir ki, Vəhdət Partiyasının təmsilçisidir. Seçkilər sərbəst, azad, demkratik qaydada keçirilir.
Göyçay
Aprelin 11-də göyçaylılar da bayram əhvali-ruhiyyəsində idilər. Onlar sübh tezdən seçki məntəqələrinə tələsirdilər. Hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirir, səsini layiq bildiyi namizədə verirdi.
62 seçki məntəqəsində budəfəki prezident seçkilərində ümumilikdə 63 min 568 göyçaylı seçici səs verib. Onlar 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasının seçki məntəqələrində səs veriblər. 88 saylı Göyçay DSK-nın sədri Eldəniz Həmidov dedi ki, DSK-nın tərkibində 43 seçki məntəqəsi fəaliyyət göstərir və 41 min 260 nəfər seçici qeydiyyata alınıb. DSK üzrə 478 nəfər müşahidəçi qeydiyyata alınmış və vəsiqələrlə təmin olunmuşdular.
89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov bildirdi ki, DSK 36 məntəqə seçki komissiyasından ibarətdir. Bundan da 19-u Göyçay, 17-si isə Ağdaş rayonu ərazisindədir. 12 məntəqədə veb-kamera quraşdırılıb. Onun 7-si Göyçay, 5-i isə Ağdaş rayonundadır. Bütün məntəqələrdə seçicilər layiq bildikləri namizədə səs veriblər.
Astara
Dünən səhər saat 8:00-da respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da prezident seçkilərinə start verildi. Rayonun bütün seçki məntəqələrində bayram əhvali-ruhiyyəsi hiss olunurdu. Seçicilər seçki məntəqələrinə ruh yüksəkliyi, gələcəyə inam və böyük sevinclə gəlir, layiq bildikləri namizədə səs verməyi özlərinin vətəndaşlıq borcu hesab edirdilər. Şəhər 2 saylı seçki məntəqəsinə gələn 89 yaşlı ağsaqqal Heydər Dadaşovla səmimi görüşdük. Heydər kişi prezident seçkilərində iştirak etdiyinə görə özünü xoşbəxt hiss etdiyini bildirdi.
Seçki məntəqəsində MDB ölkələrini təmsil edən müşahidəçilər qrupunun rusiyalı nümayəndələri buradakı seçici fəallığından razı qaldıqlarını diqqətə çatdırdılar. Burada bütün müşahidəçilər onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirirdilər. “Cəbhəçilərin təşəbbüs qrupu”nu təmsil edən müşahidəçi Rauf Abdullayev söhbət zamanı məntəqədə seçicilərin rahat və sərbəst şəkildə səs vermələri üçün hər cür şəraitin olduğunu dedi.
Şəhər 1 saylı seçki məntəqəsində də fəallıq uzaqdan diqqəti cəlb edirdi. Müasir Müsavat Partiyasını təmsil edən Sahib Bağırov müşahidəçilərin ümumi fikrini ifadə edərək bildirdi ki, burada bütün partiyaların nümayəndələri üçün yaradılan şəraitdən tamamilə razıyıq. Seçicilər səsvermədə fəallıq göstərir, sərbəst şəkildə seçimlərini edirlər.
Oğuz
Dağlar qoynunda qərar tutmuş Oğuz rayonu da seçki ab-havasında idi. Burada da əvvəlki illərlə müqayisədə daha fərqli və arzulanan bir seçkinin keçirilməsi müşahidə olunurdu.
117 saylı Oğuz-Qəbələ dairə seçki komissiyasının sədri Rəsul Cəfərov məlumat verdi ki, dairə 61 məntəqə seçki komissiyasından ibarətdir. Onlardan 37-si Oğuz, 24-ü isə Qəbələ rayonunda fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 46 min 803 nəfərdir. 26 min 376 nəfəri Oğuz rayonuna, 20 min 427 nəfəri isə Qəbələ rayonuna aiddir. İlk dəfə səs verən seçicilərin sayı 1364 nəfərdir ki, bunlardan da 189-u 18 yaşına çatmış gənclərdir. 100 yaşdan yuxarı seçicilərin sayı isə 4 nəfərdir.
Prezident seçkilərinin tam şəffaf və aşkarlıq şəraitində keçirilməsi məqsədilə 7 məntəqəyə veb-kamera quraşdırılıb. Seçkilərin gedişatını 687 yerli müşahidəçi izləyıb.
Müxtəlif səbəblərdən məntəqələrdə səs vermək imkanı olmayan 434 nəfər qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi ilə təmin olunublar.
Əlil arabalarından istifadə edən seçicilər üçün 12 məntəqədə panduslar quraşdırılıb.
Görülən işlər, yaradılan şərait isə şübhəsiz ki, son nəticədə sözünü deyib. Seçicilərlə yanaşı, müşahidəçilərin də məntəqələrdə yaradılan şəraitdən məmnunluğu deyilənlərin təsdiqidir.
Lerik
Aprelin 11-də Lerik şəhərində gediş-gəliş adi günlərdən tez başlayıb. Bayramsayağı geyinmiş ağsaqqallar, gənc oğlan və qızlar ulu öndərin adını daşıyan meydana axışırdılar. Keçən prezident seçkilərindən sonra burada Kənd Təsərrüfatı İdarəsinin üçmərtəbəli binası, Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq bağçası istifadəyə verilib, Bayraq Muzeyinin təməli qoyulub, fəvvarələr quraşdırılıb, xidmət obyektləri qapılarını açıb.
Şəhərdəki 3 seçki məntəqəsindən biri mədəniyyət sarayında yerləşir. Səhər saat 8-də məntəqədə səsvermə başladı. Ağsaqqallar qabağa buraxıldı. Komissiya üzvləri əyləşən stola birinci Prezident təqaüdçüsü 86 yaşlı Musa Bədəlov yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etdi. Bülleteni alıb öz adının qarşısında imza atdı. Səsvermə kabinəsinə keçdi, sonra qayıdıb bülleteni qutuya atdı. Şəhərin ağsaqqallarından Hidayət Bəşirov, Aslan Mirzəyev, Qəhrəman Əliyev, Baba Malıyev, Musarıza Məmmədov da birincilər sırasında səs verdilər. İlk dəfə səsverməyə gələn gənclər məntəqədə gül-çiçəklə qarşılanır.
Məntəqədə veb-kamera quraşdırılıb. Burada siyasi partiyaların və təşəbbüs qruplarının müşahidəçiləri seçkinin gedişini izləyirdilər. Azərbaycan Sosial-Demokrat Partiyasını təmsil edən müşahidəçi Fikrət Ağayev dedi ki, məntəqədə səsvermə tam demokratik və şəffaf keçir. Bu, seçicilərin dövlətimizə və dövlətçiliyimizə sədaqətindən irəli gəlir.
78 saylı Lerik seçki dairəsi üzrə 108 məntəqədə 32 min 500 seçici qeydə alınmışdır. Səsvermə günü leriklilər ənənəyə sadiq qalaraq yüksək fəallıq nümayiş etdirirlər, heç bir qanun pozuntusu müşahidə edilmədi.
Biləsuvar
Ölkəmizin hər yerində olduğu kimi, Biləsuvar rayonunda da prezident seçkiləri yüksək əhvali-ruhiyyədə keçirildi. 66 saylı Biləsuvar dairə seçki komissiyasının sədri Əzizağa Hətəmov bildirdi ki, dairə üzrə 48 min 670 nəfər seçici qeydə alınmışdır. İlk saatlardan 44 məntəqənin hamısında fəallıq yüksək səviyyədə olmuşdur. İlk dəfə səs verən seçicilər 1140 nəfər, 100 yaşdan yuxarı seçicilər isə 4 nəfərdir.
Səsverməni müşahidə etmək üçün rayon mərkəzində yerləşən 3 saylı seçki məntəqəsində olduq. Məntəqə seçki komissiyasının sədri Həmdulla Mənsimov dedi ki, seçkilərlə bağlı hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsinin nəticəsi olaraq indi səsvermə öz qaydasında gedir. Məntəqəmizdə 1198 nəfər, o cümlədən 577 kişi və 621 qadın seçici qeydə alınmışdır. 80-100 yaş arasında olan seçicilərin sayı 48 nəfər, ilk dəfə səs verən seçicilərin sayı 16 nəfərdir. 6 seçiciyə xəstə olduqları üçün daşınan qutular göndərmişik.
Sözügedən seçki məntəqəsində 17 müşahidəçi qeydə alınmışdı. Müşahidəçilərdən BAXCP-nin təşəbbüs qrupunun üzvü Azər Rəhimli, Müasir Müsavat Partiyasından Pərviz Rufullayev və ASDP-dən Anar Məmmədovla söhbət etdik. Onlar bildirdilər ki, burada müşahidəçilərə hər cür şərait yaradılmışdır, seçkilər isə azad və demokratik şəraitdə keçirilir.
Şirvan
Respublikamızın hər yerində oldugu kimi, Şirvan şəhərində də prezident seçkilərinə ciddi hazırlıq işləri aparılmışdır.
46 saylı Şirvan seçki dairəsi üzrə qeydə alınan seçicilərin sayı 41 min 845 nəfərdir.
Şəhid Bəhruz Aslanovun adını daşıyan Şirvan şəhər 16 nömrəli tam orta məktəbdə yerləşən 27 saylı seçki məntəqəsində saat 8-ə bir neçə dəqiqə qalmış məntəqə seçki komissiyasının sədri Çingiz Şirəliyev seçiciləri salamladı. Sonra seçkilərə start verildi. Valeh Quluzadə, Malik Şirəliyev, Əlibala Quliyev bülleten götürərək kabinəyə keçdilər.
Vətəndaşlıq borcunu yerinə yetirənlərdən biri Şirvan şəhər Ağsaqqallar Şurasının sədrı Fəxrəddin Rəhimov dedi: “Allahın mənə bəxş etdiyi bu ömürdə çox seçkilərdə iştirak etmişəm. Bu seçki əvvəlkilərdən xeyli fərqlənir. Aydın görünür ki, dairə və məntəqə seçki komissiyasının üzvləri maarifləndirmə işlərini yüksək səviyyədə təşkil etmişlər. Mən konstitusiya hüququmdan istifadə edərək növbəti illərdə də prezident görmək istədiyim insana səs verdim”.
Məntəqədə 10-a yaxın yerli müşahidəçi vardı. Müasir Müsavat Partiyasının nümayəndəsi Kəmalə Həmidova dedi ki, məntəqədə bizim üçün əlverişli şərait yaradılmışdır, müşahidələrimizi sərbəst, maneəsiz davam etdiririk.
24 saylı məntəqədə də seçki şəffaf, ədalətli keçirilirdi, fəallıq hökm sürürdü. Seçicilərdən biri - Orxan Əliyev özü bizə yaxınlaşıb dedi ki, ilk dəfə səs verdiyim üçün qürur duydum.
Yardımlı
Aprelin 11-də Yardımlı rayonunda da prezident seçkiləri azad, demokratik keçirildi.
72 saylı Yardımlı-Masallı DSK-nın sədri Qabil Canaliyev dedi ki, bu dairə Yardımlıda 30 min 31 nəfər, Masallıda isə 10 min 799 nəfər seçicini əhatə edir. Məntəqələr lazım olan bütün inventar və avadanlıqlarla təmin olub. 1, 2, 39, 45 və 66 saylı məntəqələrdə veb-kamera quraşdırılıb. 36, 43 və 51 saylı məntəqələrdə əlil arabaları ilə hərəkət edən seçicilər üçün panduslar qoyulub. Dairə üzrə ilk dəfə səs verəcək 1100 nəfər, yaşı 100-dən yuxarı olan 5 seçici var. Seçkiləri müşahidə etmək üçün 915 müşahidəçi qeydə alınıb. YAP-dan 581 nəfər, öz təşəbbüsü ilə 166 nəfər, namizədin təşəbbüsü ilə 83 nəfər, secicilərin təşəbbüs qrupundan 83 nəfər və QHT-dən 2 nəfər müşahidəçi seçkilərin gedişini izləyirdi.
45 saylı Şəfəqli seçki məntəqəsində ilk səs verənlər kənd ağsaqqalları oldular.
91 yaşlı Hacı Bəhmən Qənbərov və 90 yaşlı Hacı Tarverdi Nəzərov məntəqədə birinci səs vermələrini belə izah etdilər:
- Biz həm səs, həm də
xeyir-dua verdik. Çox gözəl ab-hava
yaradılıb məntəqədə. İnsanların
öz iradələrini sərbəst ifadə etmələrinə
hər cür şərait var. Allah Azərbaycanı qorusun,
Allah bu inkişafı, bu firavanlığı bizdən əsirgəməsin.
Şəfəqli kənd sakini Raisə
Şıxəliyeva isə belə dedi:
- Mən balalarımın gələcəyinə
səs verdim. Qardaş, seçki belə olar da,
daha sovet dövründəki kimi yox. Özüm
gəldim, şəxsiyyət vəsiqəmi təqdim edib
bülleten aldım, səsimi də istədiyim namizədə
verdim.
Hacıqabul
58 saylı
Hacıqabul-Kürdəmir seçki dairəsi 48 seçki məntəqəsini
əhatə edir. Seçki prosesinin şəffaf və
demokratik şəraitdə keçməsi üçün
bütün məntəqələr lazımi texniki
avadanlıqlar və metodiki vəsaitlərlə, fasiləsiz
rabitə və elektrik enerjisi ilə təchiz olunmuş, 8 məntəqədə
veb-kamera quraşdırılmışdı.
Prezident seçkilərində
hacıqabullular öz aktivliklərini nümayiş etdirdilər. Səhər
tezdən insanların dəstə-dəstə ruh yüksəkliyi
ilə məntəqələrə gəldiyinin şahidi
olduq. Şəhər 5 saylı tam orta məktəbdə
yerləşən 11 saylı məntəqədə qələbəlik
idi. Bu seçki məntəqəsi rayonda ən
çox seçicisi olan məntəqələrdən biridir.
Məntəqənin 1370 nəfər seçicisi
var ki, onlardan 20-si ilk dəfə səs verənlərdir.
Azərbaycan Demokratik Partiyasını təmsil edən
müşahidəçi Sevil Vəliyeva dedi ki, məntəqədə
insanların azad, demokratik seçim etmələri və
öz istədiyi namizədə səs verməsi
üçün hər bir şərait var. İnanırıq
ki, onlar öz seçki hüququndan istifadə edərək
istədikləri namizədə səs verəcəklər.
10 saylı məntəqədə
də qələbəliyin şahidi olduq. Ən
yaşlı seçici, 84 yaşlı Əlipənah Həmidovla
söhbət etdik. Uzun illər neftçi
işləyib. Təqaüddədir.
Dedi ki, arzum budur ki, ölkəmizdəki bugünkü əmin-amanlıq
daimi olsun. Mən bunun naminə seçim edib səs
verdim.
Masallı
Xalqımız prezident
seçkiləri gününü yüksək əhval-ruhiyyə
ilə qarşıladı. Bu, Masallıda
seçkilərə gələnlərin üz-gözlərində
də aydın görünürdü.
Məntəqələrdə
beynəlxalq və yerli müşahidəçilər səsvermənin
gedişini izləyirdilər.
Rayonda 2 dairə üzrə
85 məntəqə fəaliyyət göstərir. 19 seçki məntəqəsində
veb-kamera quraşdırılmışdı.
70 saylı Masallı şəhər
seçki dairəsi üzrə 43 məntəqədə 39
min 651 seçici səs verəcəkdi. Dairənin 36
saylı Qasımlı kənd məntəqəsinə
böyük seçici axını var idi. İlk seçki bülletenlərini qutuya
Güloğlan Alışanov, Rəzzaq, Salman, Zöhrə Məmmədovlar,
Azad Rzayev atdılar.
Dairənin 38 saylı
İkinci Yeddioymaq məntəqəsində səs verən
veteran müəllim Eyvaz Məcidov və 71 yaşlı Abduləli
Abuşovla görüşdük. Eyvaz Məcidov dedi:
- Çox seçkilər
görmüşəm. Parlament, prezident, bələdiyyə
seçkilərində iştirak etmiş və istədiyim
namizədə səs vermişəm. Bu gün daha
böyük fəallıq hiss edirəm. Seçkilərin
obyektiv keçirilməsi üçün ideal şərait
yaradılıb. Seçkilər demokratik
şəraitdə keçir. Mən
xalqımızın xoş rifahına səs verdim.
71 saylı Masallı kənd
seçki dairəsində 748 nəfər ilk dəfə səs
verənlərdir. Ərkivan 4 saylı və Qızılavar
8 saylı seçki məntəqələrində ilk dəfə
səs verən Sevinc Fitatzadə və Mənsumə Fətullayeva
üçün ikiqat bayram idi. 11 aprel həm
də onların doğum günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının sədri Məzahir Pənahov təbrik
məktubu göndərmişdi.
Dairənin bütün məntəqələrində
seçici fəallığı səhər saatlarından
başlayıb. 38 saylı seçki məntəqəsində
də seçicilərin ovqatı yüksək idi. 85
yaşlı Şərbət Əzimov səsvermədən
razı qaldığını söyləyib bildirdi ki, o
insana səs verdi ki, həmişə
qayğısını görüb.
Qazax
Respublikamızın qərb
qapısı adlandırılan Qazaxda prezident seçkiləri
xüsusi fəallıq şəraitində keçmişdir. Ermənistanla
168 kilometr həmsərhəd olan rayonun bütün kənd və
qəsəbələrində böyük mütəşəkkillik
hökm sürmüşdür. Xüsusilə,
təmas xəttində olan yaşayış məntəqələrində
insanlar bu siyasi kampaniyada fəallıq göstərmiş,
seçkilərdə iştirak etməklə öz vətəndaşlıq
borclarını yerinə yetirmişlər. Səhər tezdən seçki məntəqələrinə
üz tutan hər bir rayon sakini yaradılan şəraitdən
istifadə edərək istədikləri namizədə səs
vermişdir.
Qazaxda fəaliyyət
göstərən 107 saylı seçki dairəsini əhatə
edən 36 məntəqə fəaliyyət göstərir. Son dəqiqləşdirmədən
sonra dairə üzrə 43 min 539 nəfər seçicinin
iştirakı qeydə alınmışdır. Dairə
seçki komissiyasından aldığımız məlumata
görə, sərhəd kəndləri olan Quşçu
Ayrım kəndində 15 saylı, Kəmərlidə isə
32 və 33 saylı seçki məntəqələri fəaliyyət
göstərir. Erməni mövqeləri ilə
üzbəüz dayanmış bu kəndlərdə
seçkilərin demokratik şəraitdə keçməsi
üçün hər bir şərait
yaradılmışdır. Azərbaycan
Ordusunun gücünə inanan kənd sakinləri məntəqələrə
gələrək təhlükəsiz şəraitdə səs
vermişlər. Quşçu Ayrım kəndinin
qocaman sakini Abbas Mirzəyevlə söhbət edirik. O
deyir:
-Dövlətimizin bayrağı həmişə
belə uca olsun. Əvvəllər qorxu
içində yaşayırdıqsa, indi bu qorxuya son qoyulub.
Nəinki sahələrə çıxıb əkin-biçinlə
məşğul oluruq, hətta kənddə belə siyasi
kampaniyalar da keçiririk.
Abbas Mirzəyev onu da əlavə
etdi ki, oğlu Yavər Qarabağ müharibəsində şəhid
olub. Dövlətimiz digər şəhidlər kimi onun
da xatirəsinə ehtiram göstərir. Təhsil
aldığı və indi 15 saylı seçki məntəqəsinin
yerləşdiyi kənd orta məktəbi onun adını
daşıyır. Bütün bunlar
müstəqil respublikamızda Vətən yolunda həlak
olanlara göstərilən diqqət və qayğının
bariz nümunəsidir.
Bu sözləri Kəmərli
kəndində fəaliyyət göstərən 32 və 33
saylı seçki məntəqələrində də
eşitdik. Kəmərli
kəndinin sakini Qəzənfər Həsənov dedi ki, Azərbaycan
Ordusu güclənəndən, ermənilərin səsi
batıb. Odur ki, əvvəlki kimi atəş səsləri
eşidilmir. Bu onu deməyə əsas
verir ki, ordumuz istənilən vaxt işğal olunmuş
torpaqlarımızı azad etməyə hazırdır.
Onu da qeyd edək ki, 107
saylı Qazax seçki dairəsini əhatə edən
bütün məntəqələrdə prezident seçkiləri
şəffaf və demokratik şəraitdə
keçmişdir. İnsanlar seçki məntəqələrinə
gələrək istədikləri namizədə sərbəst
şəkildə səs vermişlər.
Ağstafa
Prezident seçkilərində
Ağstafa rayonunun sakinləri də ruh yüksəkliyi ilə
iştirak etmişlər. Seçki məntəqələrində
bunun bir daha şahidi olduq. Hiss olunurdu ki, 108 saylı
Ağstafa seçki dairəsində də seçkilərə
ciddi hazırlıq işləri görülmüşdür.
34 seçki məntəqəsini əhatə edən
ərazilərdə seçicilər arasında aparılan təbliğat
və təşviqat işləri seçki günü
özünü göstərmiş, nəticədə
seçicilərin fəallığı təmin
edilmişdir.
İlk baş çəkdiyimiz
məntəqə şəhərdəki 4 saylı seçki
məntəqəsi oldu. Sədr Xanoğlan Vəliyevdən öyrəndik
ki, burada 1382 nəfər seçici var və günortayadək
onlardan 957 nəfəri səs vemişdir.
Qacaq Kərəm kənd orta
məktəbində yerləşən 9 saylı seçki məntəqəsində
səsverməni izlədik. Seçki demokratik
şəraitdə davam edirdi. Seçici
Natiq Eyyubov öz ailəsi ilə birlikdə gəlmişdi.
Fürsətdən istifadə edib onunla söhbət
etdik. Dedi ki, biz öz seçimimizi etmişik və indi
onu təsdiqləməyə gəlmişik. Elə
bir namizədə səs verdik ki, o şəxs ölkəmizdə
sabitliyi təmin etməklə iqtisadiyyatımızı
yüksəltməyi bacarır.
Məntəqədə olan
digər seçicilər də bu fikri təsdiqlədilər.
Daş Kəsəmən kəndi
rayonun ən iri yaşayış məntəqələrindən
biridir. Burada 7 min əhali yaşayır. Onlardan 4389 nəfəri səsvermə hüququna
malikdir. Kənddə 4 seçki məntəqəsi
fəaliyyət göstərir. 5 saylı məntəqə
seçki komissiyasının sədri Təranə Abdullayeva
deyir ki, seçki çox mütəşəkkil keçir.
Heç kim deyə bilməz ki, seçkilərə
müdaxilə olunur. Hər bir kənd sakini sərbəst
şəkildə məntəqəyə daxil olub, şəxsiyyət
vəsiqəsini təqdim edir, baş barmağına mürəkkəb
vurulduqdan sonra seçki bülletenini alaraq istədiyi namizədə
səs verir.
Məntəqədə olarkən
öyrəndik ki, seçicilərin 59 faizi öz səsvermə
hüququndan istifadə edib.
Göygöl
101 saylı Göygöl-Daşkəsən
seçki dairəsindən aldığımız məlumata
görə, hər iki rayonda 45 min 200 nəfər seçici
81 məntəqədə səs verməli idi. Seçkilərin
şəffaf keçməsi məqsədilə 9 məntəqədə
veb-kamera quraşdırılmışdır.
Dairəni əhatə edən
seçki məntəqələrinin bir neçəsində
olduq. Rayon mədəniyyət evində yerləşən
1 saylı məntəqədə böyük qələbəlik
var idi. İnsanlar səhər tezdən məntəqəyə
gələrək ölkənin həyatında mühüm
hadisə olan prezident seçkilərinə münasibətlərini
bildirir, müstəqil respublikamızın bundan sonrakı
taleyinin kimə etibar edilməsi üçün səs
verirdilər. Axı, illərlə
qazanılan uğurları təsadüfi adamlara etibar etmək
olmaz. Gərək yaxşı
düşünəsən, götür-qoy edəsən ki,
uğurlar bundan sonra da davam etsin.
Dairə seçki
komissiyasının sədri Abbas Zalov bildirdi ki, bütün məntəqələrdə
yüksək seçici fəallığı var. Ən ucqar
kəndlərdə də insanlar prezident seçkilərinə
biganə deyillər. Məsələn Sarısu kəndi
Göygöl rayonunun ən uzaq kəndlərindəndir. Burada 460 nəfər sakin yaşayır ki, onun da 332
nəfəri seçki hüququna malikdir. Kənddə fəaliyyət
göstərən 19 saylı seçki məntəqəsinin
komissiya sədri Şamo Pənahov dedi ki, bu kəndin sakinləri
bütün seçkilərdə fəallıq göstəriblər.
İndi də belədir. Artıq
günorta olmasına baxmayaraq 250 nəfərdən çox
seçici səs verib. Bu işdə kənd
ağsaqqalları həmişə nümunə göstərirlər.
Fürsətdən istifadə
edib, yenicə səs vermiş 88 yaşlı Mədət
Hüseynovla görüşdük. Dedi ki, indi yaşamağa nə var
ki... Dövlət hər bir vətəndaşının
sahibidir. Yeni iş yerləri açır. Bizim kənd camaatı əsasən heyvandarlıq və
əkinçiliklə məşğul olur. Hər bir kəndli özü üçün məhsul
yetişdirib, satır. Hələ bir
dövlətdən güzəştli yardımlar da alır.
Seçkiqabağı söhbətlərimizdə
bu məsələlərlə bağlı cavanlarımıza
çoxlu məsləhətlər vermişəm. Demişəm ki, prezident seçərkən diqqətli
olmalıdırlar.
Şəmkir
Şəmkirdə 3 dairə - 98
saylı Şəmkir şəhər, 99 saylı Şəmkir
kənd və 100 saylı Şəmkir-Daşkəsən dairə
seçki komissiyaları fəaliyyət göstərir.
Seçki dairələrinin
və məntəqələrinin böyük əksəriyyəti
yeni və hər cür şəraiti olan binalarda yerləşir. Yüksək
səviyyədə hazırlıq işlərinin
görülməsi nəticəsində seçkilər
mütəşəkkilliklə keçmişdir. Səhər tezdən seçki məntəqələrinə
gələn rayon sakinləri prosedur qaydalarına əməl
etməklə arzu və istəklərinə uyğun olaraq
öz seçimlərini etmişlər. Hətta ucqar kəndlərdə
də əhali arasında fəallıq hiss olunurdu. Belə kəndlərdən
biri də Tatarlı kəndidir ki, burada 99 saylı Şəmkir
kənd seçki dairəsinin 18 saylı məntəqəsi
yerləşir və 844 nəfər seçici qeydiyyata
alınmışdır. Məntəqədə
olarkən gördük ki, insanlar səs vermək
üçün növbəyə dayanıblar. Müəyyən olunmuş qaydalarla qeydiyyatdan
keçir, səsvermə bülleteni alaraq ayrılmış
kabinələrdə seçimlərini edir və səsvermə
qutusuna salırdılar. Demək olar ki, məntəqəyə
daxil olandan səs verənə kimi seçicilərə
heç bir təzyiq və ya müdaxilə olunmurdu.
Tatarlı kəndinin 84
yaşlı sakini İsmayıl Alıyevlə söhbət
edirik. Üzündən nur yağan bu el
ağsaqqalının sanki ürəyi doludur. Deyir ki, ötən əsrin 90-cı illərin əvvəlləri
yaxşı yadımdadır. Başımız
nə müsibətlər çəkdi. Torpaqlarımızın
bir hissəsi ermənilər tərəfindən işğal
olundu. Bir milyon soydaşımz didərgin
düşdü. Var olsun dövlətimizi.
Qısa vaxtda onların problemlərini həll
etdi. Bircə işğal olunmuş
torpaqlarımız qalıb. İnanıram
ki, o məsələ də öz həllini tapacaq. Odur
ki, gərək xalqımız ağ ilə
qaranı seçə bilsin. Düzgün
seçim etsin ki, sonradan peşman olmasın. Mən əminəm ki, ən layiqli namizəd daha
çox səs toplayacaq.
Prezident seçkilərində Şəmkirdə fəaliyyət göstərən 3 dairəni əhatə edən seçki məntəqələrinin heç birində qanun pozuntusu qeydə alınmamışdır. Seçkilər insanların yüksək fəallığı ilə müşayiət olunmuşdur. İnsanlar bu seçkilərdə mütəşəkkillik nümayiş etdirməklə inandıqları şəxsə - işıqlı sabahlarına səs vermişlər.
Samux
Azərbaycan xalqının taleyüklü məsələlərindən biri də növbəti müddətə öz prezidentini seçməsi idi. 27 illik müstəqilik həyatını yaşayan xalqımız Azərbaycanın gələcəyini məhz bu seçkilərin nəticələrində görürdü.
102 saylı Samux-Şəmkir seçki dairəsinin Alıuşağı kəndində yerləşən 18 saylı məntəqəsindəyik. Məntəqəyə gələn seçicilərin əhval-ruhiyyəsinin yüksək olduğu diqqətimizi cəlb edir. Məntəqə komissiya sədri Mobil Hüseynov deyir ki, burada seçici fəallığı çox yüksəkdir. Qeydiyyata alınmış seçicilərdən 57 faizi səs vermişdir. Gördüyünüz kimi, seçki prosesi mütəşəkkilliklə davam edir.
Müşahidəçilərlə apardığımız söhbət zamanı məlum oldu ki, seçki prosesi zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Məntəqədə yenicə səs vermiş 100 yaşlı Yamən Mehdiyeva ilə söhbət edirik. Deyir ki, sağ olsunlar, sərbəst şəkildə istədiyimiz namizədə səs verdik. Heç bir təzyiqlə üzləşmədik. Bax, buna deyərlər demokratiya. Mən həyatım boyu çoxlu sayda seçkilərdə iştirak etmişəm. Sevinirəm ki, artıq bizim ölkədə də seçkilər şəffaf keçir. Qaldı ki, kimi prezident görməyimizə, bax, bu məsələdə xalq özü bilir ki, kimə səs verməlidir. Necə deyərlər, görünən dağa nə bələdçi?!
Azərbaycan.- 2018.-12 aprel- S.12-15.