Azərbaycan
tarixində heç vaxt indiki qədər qüdrətli
dövlət olmamışdır
Prezident
İlham Əliyev: "Azərbaycan xalqının iradəsi,
Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin
inkişafı üçün əsas amildir"
Aprelin 9-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan
Prezidenti İlham Əliyevin giriş nitqi
-Hər il
olduğu kimi, bu il də aprel ayının birinci
ongünlüyündə biz ilin birinci rübünün
sosial-iqtisadi yekunlarını müzakirə edirik, gələcək
planlar haqqında danışırıq. Mən ilin əvvəlində
demişdim, əminəm ki, 2018-ci il də
ölkəmiz üçün uğurlu il olacaq və birinci
rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla
inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr
artıqlaması ilə yerinə yetirilir, ölkəmiz
güclənir, hərtərəfli inkişaf edir.
Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər
saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz
2018-ci ili də uğurla başa vursun.
Bu ilin birinci rübündə
ölkəmizdə bir neçə mötəbər beynəlxalq
tədbir keçirilmişdir. Bu tədbirlər
ölkəmizin beynəlxalq nüfuzunu artırır, Azərbaycanı
dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim
edir. Mən bu tədbirlər arasında VI
Bakı Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm.
Bu Forum qısa müddət ərzində
dünya miqyasında böyük hörmət qazanmış
bir beynəlxalq platformadır. Dünyada
keçirilən aparıcı forumlar arasında Bakı Beynəlxalq
Forumu qısa müddət ərzində öz layiqli yerini tuta
bilmişdir. Bunu təsdiqləyən həm
Forumda müzakirə olunan məsələlərdir, həm də
gələn qonaqların siyahısıdır. Bu dəfə Forumda 50-dən çox ölkədən
47 fəaliyyətdə olan və sabiq dövlət və
hökumət başçısı iştirak etmişdir.
Yəni, bu, Forumun əhəmiyyətini göstərir.
Dünya liderlərinin Foruma göndərdikləri
məktublar, əlbəttə, göstərir ki, bu Forum
doğrudan da böyük beynəlxalq tədbirdir. Birinci rübdə ölkəmizə 7 dövlət
və hökumət başçısı səfər
etmişdir. Bu səfərlər də ölkəmizin
dost ölkələrlə ikitərəfli münasibətlərinin
inkişafı üçün önəmli rol oynayır.
Bizim təşəbbüsümüzlə
bu il ilk dəfə olaraq regional əməkdaşlıq
çərçivəsində qonşularımızla
dördtərəfli əməkdaşlıq formatına start
verildi. Əlbəttə ki, regionda yaşanan
problemlərin həlli, sabitliyin, təhlükəsizliyin,
inkişafın təmin edilməsi üçün bu əməkdaşlıq
formatı və digər əməkdaşlıq formatları
böyük rol oynayır. Bu il
ölkəmizdə Qoşulmama Hərəkatının xarici
işlər nazirlərinin konfransı keçirilmişdir. Bu, çox önəmli beynəlxalq tədbirdir.
Bildiyiniz kimi, Qoşulmama Hərəkatı
dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır.
Biz bu təşkilata 7 il bundan əvvəl
üzv olmuşuq və qısa müddət ərzində təşkilatda
böyük rəğbət və hörmət qazana
bilmişik. Məhz bunun nəticəsidir ki, belə
bir mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə
keçirilir. Ondan da əlavə qeyd etmək
istərdim ki, gələn ildən başlayaraq Azərbaycan
dünyanın ikinci böyük təşkilatına sədrliyi
öz üzərinə götürəcəkdir. Bu, 120 ölkənin Azərbaycana olan böyük
hörmətinin, inamının təzahürüdür.
Bu böyük təşkilat çərçivəsində
Azərbaycan çox uğurlu fəaliyyət göstərir.
Qeyd etməliyəm ki,
Qoşulmama Hərəkatı bizim təşəbbüsümüzlə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həll
olunmasına dair önəmli qətnamə qəbul
etmişdir. Bu dəfə də Bakıda keçirilmiş
konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı bizim mövqeyimiz, yəni,
ədalətli mövqe bir daha təsdiqləndi.
Bütün bu beynəlxalq tədbirlər
çərçivəsində və eyni zamanda, Azərbaycana
edilən səfərlər, ikitərəfli formatda
aparılan danışıqlar nəticəsində bizim beynəlxalq
mövqelərimiz daha da möhkəmləndi. Deyə bilərəm
ki, mən bütün görüşlərdə həmkarlarıma
və görüşdüyüm şəxslərə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Azərbaycanın mövqeyini, münaqişə
ilə bağlı həqiqətləri
çatdırıram. Hər dəfə
bildirirəm ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan
torpağıdır, işğalçı dövlət tərəfindən
işğal edilib. Bu işğal nəticəsində
bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə
məruz qalmışdır, torpaqlarımız işğal
altındadır, tarixi abidələrimiz, məscidlərimiz
erməni vandalları tərəfindən
dağıdılıbdır. Bildirirəm
ki, bütün beynəlxalq təşkilatlar bu münaqişə
ilə bağlı ədalətli, beynəlxalq hüquqa
söykənən qərar və qətnamələr qəbul
etmişlər və bu münaqişə yalnız Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır. Bu görüşlərin
və ümumiyyətlə, bu istiqamətdəki fəaliyyətimizin
nəticəsi ondan ibarətdir ki, bu gün Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün hüquqi baza tam yaradılıb və
heç bir dövlət qondarma “Dağlıq Qarabağ
respublikası”nı tanımır və tanımayacaq. Kriminal
xunta rejimi tərəfindən ötən il
keçirilmiş dırnaqarası referendumu da heç kim
tanımayıb. Bu, işğalçılara
beynəlxalq aləm tərəfindən vurulan növbəti
bir zərbədir. Bizim səylərimiz nəticəsində
bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi
tanınır və biz bundan sonra da bu istiqamətdə
ardıcıl fəaliyyətimizi göstərməliyik.
Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz
çox önəmlidir. Düzdür,
bunun praktiki nəticələri yoxdur, torpaqlarımız hələ
də işğal altındadır. Biz
torpaqlarımızın bir hissəsini hərbi yolla azad etdik,
ancaq bununla bərabər münaqişənin həlli
üçün hüquqi baza əsas şərtdir. Bu məsələdə Azərbaycan tam
üstünlüyü əldə edib və növbəti illərdə
beynəlxalq təşkilatlardakı fəaliyyətimiz daha da
güclənəcək.
Onu da qeyd etməliyəm ki, bizim fəaliyyətimiz
nəticəsində və eyni zamanda, Avropada baş
qaldıran separatizmə qarşı yaranan yeni yanaşma nəticəsində
Avropa İttifaqında münaqişələrlə
bağlı Şərq Tərəfdaşlığı
Proqramına üzv ölkələrin konfransında qəbul
edilmiş qətnamə də ədaləti və beynəlxalq
hüququ əks etdirir. Qətnamədə bu
proqrama daxil olan ölkələrin ərazi bütövlüyü,
suverenliyi, sərhədlərinin toxunulmazlığı bir
daha təsdiqləndi. Bununla bərabər,
biz münaqişənin həlli ilə bağlı
bütün başqa istiqamətlərdə ardıcıl
siyasətimizi aparırıq və aparacağıq. İlk növbədə, siyasi yanaşmadan sonra hərbi
amil əlbəttə ki, öz rolunu oynayır və
oynayacaqdır. Ordu quruculuğu bu gün də bizim
üçün prioritet məsələdir, sabah
da prioritet məsələ olacaq. Biz son illər
ərzində güclü hərbi potensial yarada bilmişik, o
potensial ki, bu gün Azərbaycan Ordusunu dünya miqyasında
güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul
olan bütün qurumlar və reytinqlər təsdiqləyir.
Biz bundan sonra da ən müasir silah, sursat,
texnika alacağıq ki, daim hərbi üstünlük təmin
edilsin, necə ki, bu gün bu, təmin edilir.
Bu il Azərbaycan
Ordusu genişmiqyaslı hərbi təlimlər
keçirmişdir. Bu təlimlər bir daha bizim
gücümüzü göstərdi, düşməni qorxuya
saldı. Bilirik ki, bir neçə gün ərzində
onlar panika içərisində idilər, səbirsizliklə
gözləyirdilər ki, bu təlimlər başa
çatsın. Yəni, bu, artıq
reallıqdır, həqiqətdir. Hərbi
amil münaqişənin ədalətli həlli
üçün mühüm rol oynayır və biz bundan sonra
da hərbi potensialımızı gücləndirəcəyik.
Bununla paralel olaraq bizim demək
olar ki, bütün regional addımlarımız, təşəbbüslərimiz
həm ölkəmizin maraqlarının təmin edilməsinə,
Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda,
işğalçı dövlətin təcrid vəziyyətinə
salınmasına hesablanıbdır. Bütün bu amillər
artıq birləşib və öz səmərəsini verməkdədir.
Ermənistan bu gün heç bir maraq
doğurmayan ölkədir, heç bir investisiya qoyulmur.
Müqayisə üçün deyə bilərəm ki, bu
ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun
böyük əksəriyyəti xarici sərmayədir. Ermənistan
iqtisadiyyatına isə keçən il
ümumilikdə 200 milyon dollardan bir qədər çox vəsait
qoyulmuşdur, onun da böyük payı xaricdə yaşayan
diaspor təşkilatlarının üzərinə
düşür. Yəni, bu, müqayisəedilməz
vəziyyətdir və əlbəttə ki, biz bundan sonra da
Ermənistanı bütün regional layihələrdən kənarda
qoyacağıq. Bu gün Ermənistan bir
dalana çevrilibdir. Biz onları siyasi
dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və
bu siyasət davam etdiriləcək. Biz bunu
gizlətmirik, açıq şəkildə bəyan edirik və
biz haqlıyıq. Biz öz
torpaqlarımızı istəyirik. Biz istəyirik
ki, münaqişə tezliklə öz həllini tapsın,
ölkəmizin ərazi bütövlüyü bərpa
edilsin, soydaşlarımız öz doğma torpaqlarına
qayıtsınlar. Bu, bizim üçün
prioritet məsələdir. Bütün
gücümüzü səfərbər etmişik ki, bu məsələnin
həllinə nail olaq.
Əlbəttə, mən dəfələrlə
demişəm, biz öz istəyimizə nail olmaq
üçün daha da güclü olmalıyıq. Ermənistandan
fərqli olaraq biz öz hesabımıza yaşayırıq,
öz taleyimiz öz əlimizdədir. Əlbəttə,
belə olan halda iqtisadi siyasət ön plana
çıxır. Mən dəfələrlə
demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin
əsasıdır və bu istiqamətdə birinci
rübün yekunları çox müsbətdir. Mən
keçən ilin sonlarında demişdim ki, 2017-ci il sabitləşmə ili olubdur. Hətta
2017-ci ildə qeyri-neft sektorunun inkişafında çox
müsbət nəticələr olmuşdur. Ancaq 2018-ci
ilə gəldikdə, şübhəsiz qeyd edirdim ki, bu,
uğurlu və sürətli inkişaf ili
olacaqdır. Birinci rübün yekunları,
sosial-iqtisadi göstəriciləri mənim sözlərimi təsdiqləyir.
Beləliklə, birinci rübdə Azərbaycan iqtisadiyyatı
2,3 faiz artmışdır. Bu,
çox gözəl göstəricidir və dünya
miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir.
Qeyri-neft sektorumuz isə təxminən 3 faiz
artmışdır. Bu da
iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində
aparılan siyasətin nəticəsidir.
Birinci rübdə sənaye
istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10
faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində
aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab
edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd
təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox
bitkiçiliyin artımını görürük, 50 faizdən
çox artmışdır. Bu da son illər
ərzində ənənəvi və digər texniki məhsulların
yetişdirilməsi ilə bağlıdır. Bu da çox müsbət göstəricidir.
Qeyd etdiyim kimi, ölkə
iqtisadiyyatına 3,5 milyard dollar sərmayə
qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici
sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz
xarici investorlar üçün çox cəlbedicidir.
Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və
hazırda 44,2 milyard dollara bərabərdir. Hesab edirəm, 3 ay
ərzində 2 milyard dollardan çox artan valyuta
ehtiyatlarımız bir tərəfdən onu göstərir ki,
biz ehtiyatlarımızdan çox qənaətlə istifadə
edirik, digər tərəfdən, bu, son illər ərzində
apardığımız uğurlu neft siyasətinin nəticəsidir.
Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli”
yatağının istismar müddətinin uzadılması ilə
bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus
da vardır.
Bizim xarici ticarət
dövriyyəmiz 31 faiz artmışdır. Bu da çox
gözəl göstəricidir. İxrac isə
37 faiz artmışdır, daha doğrusu, qeyri-neft ixracı.
Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz
artmışdır. Bu da bizim siyasətimizin
bariz nümunəsidir. Çünki ixracın şaxələndirilməsi
iqtisadi sahədə əsas prioritet məsələdir ki, biz
daha çox qeyri-neft sektorundan valyuta əldə edək və
beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri
yaradılsın və ölkəmiz daha da sürətlə
inkişaf etsin.
İş yerlərinin
açılmasına gəldikdə, birinci rübdə 34 min
yeni iş yeri yaradılmışdır ki,
onlardan 31 mini daimi iş yeridir. Artıq biz 1 milyon 500 min iş
yerinin yaradılmasına yaxınlaşırıq. Əgər
biz birinci rübün rəqəmlərini də əlavə
etsək, 2004-cü ildən bu günə qədər Azərbaycanda
təxminən 1 milyon 500 min yeni daimi iş yeri
yaradılmışdır.
Bu iqtisadi göstəricilərimiz
əlbəttə ki, bizi çox sevindirir. Onu da əlavə
etməliyəm ki, inflyasiya birinci rübdə cəmi 4 faiz
olmuşdur. Bu barədə də mən
ilin əvvəlində öz fikirlərimi bildirmişdim və
qeyd etmişdim ki, əminəm, inflyasiya aşağı səviyyədə
olacaq və əhalinin gəlirləri inflyasiyanı
qabaqlayacaq. Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz
artmışdır, inflyasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə
edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə
fəxr edə bilər, o cümlədən biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq.
Azərbaycanın qarşısında heç
bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin
həllində addımlar atırıq. Əgər
iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına
pensiyaları, maaşları qaldıra bilərdik, nəyin
hesabına böyük investisiya qoya bilərdik, infrastruktur
layihələrini nəyin hesabına həyata keçirə
bilərdik?! İqtisadi güc və ondan əlavə
bizim siyasətimiz bütün bu reallıqları yaradır.
Sosial məsələlərin
həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci
rübdə maaşlar və pensiyalar artırıldı. Bu məqsədlər
üçün dövlət büdcəmizdən yüz
milyonlarla manat vəsait ayrıldı. Bu
addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı
sosial istiqamətdə atdıq. İnsanların
sosial müdafiəsinin təmin edilməsi üçün
praktiki addımlar atmışıq.
O ki qaldı, sosial infrastrukturun
yaradılmasına, birinci rübdə Dövlət
İnvestisiya Proqramında nəzərdə tutulmuş
bütün məsələlər öz həllini tapır. Yeni xəstəxanalar, məktəblər tikilir.
İlin əvvəlindən mənim tərəfimdən
bu məsələlərin həlli üçün bir
çox sərəncamlar verilmişdir. Yeni
idman obyektləri, yeni “ASAN xidmət” mərkəzləri
tikilir. Yəni, bu gün Azərbaycanda
tikinti sektorunda böyük canlanma var. Mənzil
İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial
evlərin tikintisində irəliləyiş var. Ümumiyyətlə,
indi özəl sektora, tikinti sektoruna böyük vəsait
qoyulur. Təkcə Bakı şəhərində
təqribən 150-yə yaxın hündürmərtəbəli
binanın tikintisi nəzərdə tutulur. Onların bir çoxunun tikintisi
başlamışdır. Bu, əlbəttə ki, tikinti
sektoruna, tikinti materialları sektoruna müsbət təsir
göstərir və yeni iş yerləri yaradır. Qeyd etməliyəm
ki, biz bu il dövlət sektorunda da əlavə
iş yerləri yaratmaq fikrindəyik. Həm
dövlət qurumlarında, həm rayon icra hakimiyyətləri
nəzdində yaradılan yeni qurumlar insanları işə cəlb
edir. İctimai işlərə və dövlət
şirkətlərində çalışmaq
üçün cəlb edilənlərin sayını biz nəzərə
alsaq, bu il ancaq dövlət sektorunda təqribən
50 mindən çox yeni iş yerinin yaradılması nəzərdə
tutulur. Bu addımı biz iki il bundan əvvəl
atmağa başlamışıq, o dövrdə ki, dünya
iqtisadi böhranı bizə müəyyən dərəcədə
mənfi təsir göstərmişdir. Bəzi iş yerləri
ixtisara düşürdü, bəzi özəl qurumlar
işçiləri işdən azad edirdilər. Ona görə
dövlət dərhal öz addımını atdı və
biz on minlərlə ictimai iş yeri yaratmışıq və
bu gün bu proses davam edir. Xüsusilə
bölgələrdə olarkən mən daim ictimai işlərlə
maraqlanıram. Bu, bölgələrdə
işsizliyi aşağı səviyyədə saxlamaq
üçün çox önəmli addımdır. Hər bir rayonda yüzlərlə insan ictimai işlərə
cəlb olunur. Nəzərə alsaq ki, indi
Azərbaycanda o qədər böyük quruculuq, təmir
işləri aparılır - binaların təmiri, parkların
salınması, o parklara xidmət məsələləri.
Əsas məqsədimiz işsizliyi daim
aşağı səviyyədə saxlamaqdır. Yəni, sosial məsələlərin həlli
bilavasitə iqtisadi imkanlarımıza bağlıdır.
Biz iqtisadi cəhətdən nə qədər
güclü olsaq, sosial məsələlər də o qədər
uğurla öz həllini tapacaqdır.
Birinci rübdə
bütün infrastruktur layihələri uğurla icra edilib. Əlbəttə
ki, biz Cənub Qaz Dəhlizinin yaradılması ilə
bağlı çox önəmli addımlar
atmışıq. Fevral ayında Bakıda
4-cü Məşvərət Şurası
keçirilmişdir. Bu Məşvərət
Şurasında aparılan müzakirələrin nəticəsində
bəyanat qəbul edilmişdir. Bu sənəddə
ölkəmizin liderliyi bir daha əksini tapır. Cənub
Qaz Dəhlizinin reallaşmasına az vaxt
qalıb. Biz bu istiqamətdə uğurla
addımlayırıq. Bu il bu layihənin
3 önəmli hissəsi başa çatacaq - TANAP, Cənubi
Qafqaz Kəməri və “Şahdəniz-2”. Yəni, bu, tarixi
nailiyyətimizdir və biz bu il bu istiqamətdə
önəmli addımlar atmışıq.
Bu il nəqliyyat
sektorunda əldə edilmiş razılaşmalar da, - onlar əslində
əvvəlki illərdə görülmüş işlərin
əsasında əldə edilibdir, - Şimal-Cənub nəqliyyat
dəhlizinin yaradılmasına gətirib çıxaracaq. Onun çatışmayan hissəsinin tikintisinə təkan
verildi. Bildiyiniz kimi, Azərbaycan öz ərazisində
Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı
bütün işləri tamamlayıb. Bundan
sonra ancaq dəmir yolunun modernləşdirilməsi ilə
bağlı işlər aparılacaq ki, sürət daha da
artsın. Amma bizim bütün dəmir
yolu infrastrukturu - şimal və cənub sərhədlərimizi
birləşdirən dəmir yolu vardır. Vəsait qoyulub və indi biz bu məsələyə
regional baxımdan ciddi diqqət göstəririk. Birinci rübdə bu istiqamətdə çox önəmli
addımlar atılmışdır.
Ölkəmizdə ümumi
inkişaf dinamikası çox müsbətdir. Ölkəmiz dünyada daha
çox tanınır və turistlərin sayı getdikcə
artır, birinci rübdə 12,5 faiz
artmışdır. Əgər biz əvvəlki
illəri də nəzərə alsaq görərik ki, bu
dinamikada ardıcıllıq vardır. Bunun
da bir çox səbəbləri var - Azərbaycanda hökm
sürən sabitlik, təhlükəsizlik,
xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz,
infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən
beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim
edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi
Oyunları, “Eurovision” müsabiqəsi və Formula 1
yarışları xüsusi rol oynayır. Çünki
Formula 1 yarışlarının tamaşaçı
auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində
keçirilir. Biz onu xüsusilə belə
təşkil etmişik ki, şəhərimiz göstərilsin,
bu yarışa baxan azarkeşlər təkcə o
yarışı görməsinlər, şəhərimizin
gözəlliyini, müasirliyini görsünlər və daha
çox Azərbaycana turist kimi gəlsinlər.
Bir sözlə, birinci
rübün yekunları müsbətdir. Əlbəttə
ki, üç ay ərzində daha bir sıra önəmli məsələlər
öz həllini tapıb. Bir giriş
sözümdə onların hamısını əhatə etmək
mümkün deyil. Sadəcə olaraq, mən
əsas məsələlər ətrafında fikirlərimi
xalqa bildirdim. Azərbaycan xalqı bilir ki,
Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən
toplantıları həm praktiki məsələlərin həllinə
xidmət edir, eyni zamanda, bu, görülən işlər
haqqında xalqa verilən hesabatdır.
***
“Azərişıq” Açıq Səhmdar
Cəmiyyətinin sədri Baba
RZAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas
iştirakçıları.
Məqsədyönlü
enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin
təmin edilməsində çox mühüm əhəmiyyətə
malik olduğundan, ümummilli liderimiz Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi bütün dövrlərdə energetika
kompleksinin inkişafına xüsusi diqqət yetirirdi. Cənab Prezident, müəyyənləşdirilmiş
strateji kurs bu gün Sizin rəhbərliyinizlə
uğurla davam etdirilir.
Aparılan islahatlar nəticəsində
iqtisadiyyatımızın bütün sahələrində
olduğu kimi, elektroenergetikanın sürətli
inkişafı təmin edilib, yeni tikilən müasir tipli
elektrik stansiyaları hesabına generasiya gücləri 2400
MVt-a qədər artırılaraq 6400 MVt-a
çatdırılıb. Nəticədə
ölkəmiz daxili enerji tələbatını ödəməklə
yanaşı, elektrik enerjisi idxal edən ölkədən
ixrac edən ölkəyə çevrilib.
Energetika sahəsində
müəyyən etdiyiniz uğurlu strategiyanın davamı
olaraq yaradılmış “Azərişıq” tərəfindən
“Paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması
və inkişaf etdirilməsi məqsədilə 2016-2025-ci illər
üzrə Master Plan” hazırlanaraq təsdiqlənib və
icrası Sizin dəstəyinizlə uğurla davam etdirilir.
Ötən illər ərzində 44 ədəd
110 kV-luq, 167 ədəd 35 kV-luq yarımstansiyalar və 5 mindən
çox transformator məntəqəsi inşa olunub, 54 min
kilometr hava və kabel xətti çəkilib, 1 milyon 600 mindən
artıq müasir tipli elektron sayğaclar
quraşdırılıb.
Görülmüş tədbirlər
nəticəsində regional şəbəkələrdə
xroniki hal almış ifrat yüklənmələr, qəza
açılmaları minimuma endirilib, şəbəkələrin
güc qəbuletmə qabiliyyəti iki dəfədən
çox artırılıb, istehlakçıların,
xüsusən də meqalayihələrin və mötəbər
beynəlxalq tədbirlərin stabil enerji təchizatı təmin
olunub.
Texniki itkilər Bakı şəhəri
üzrə 7,8 faizə, regionlar üzrə
11,4 faizə, endirilməklə, “Azərişıq” üzrə
9,6 faiz təşkil edib. Enerji haqlarının
yığımı Bakı şəhəri üzrə 99
faizə, regionlarda 87 faizə yüksəldilməklə, “Azərişıq”
üzrə 93 faizə çatdırılıb. “Azərenerji”yə ödənişlər 100 faiz təmin
olunub, vergi və büdcə ödənişləri
artıqlaması ilə icra edilib.
Qoyulmuş investisiyalar nəticəsində
uçotun bərpa olunması və itkilərin xeyli dərəcədə
azaldılması hesabına cəmiyyətin gəlirləri
artıb və paylayıcı şəbəkələrin
yenidən qurulmasına qoyulan investisiyalar qısa müddət
ərzində özünü tam doğruldub.
Bakı şəhəri üzrə
şəbəkələrdə ifrat yüklənmələrin
və sıçrayışların aradan
qaldırılması məqsədi ilə 220 kv-luq beş
qovşaq yarımstansiyasının əlaqələndirilməsi
üçün 6 ədəd 110 kV-luq və 43 ədəd 35
kV-luq yarımstansiyalar tikilərək dairəvi elektrik təchizatı
sxemi yaradılıb, hava xətləri kabel xətləri ilə
əvəz olunub və güc mərkəzləri SCADA sisteminə
qoşulub.
Bakı şəhərinin
inkişafına uyğun gözlənilən güc
artımının təmin olunması üçün 22 ədəd
110 kV-luq, 77 ədəd 35 kV-luq, 2 min ədəd 10 kV-luq
transformator məntəqələri inşa edilib, 29 min kilometr
elektrik xətləri çəkilib. Dövlət
proqramlarının icrası ilə bağlı gücü
2600 MVt-dan çox olan iri layihələrin, xüsusən də
pilot layihələr üzrə yeni yaşayış komplekslərinin
inşası, Bakı Metropoliteninin yeni stansiyalarının
tikintisi, “Ağ Şəhər” layihəsinin davamı,
Füzuli meydanı və ətraf ərazidə aparılan
yenidənqurma işləri və digər sahələrin
enerji təminatı məqsədi ilə yeni 110 və 35 kV-luq
yarımstansiyaların tikintisi və şəbəkələrin
gücləndirilməsi istiqamətində işlər davam
etdirilir.
Sizin təşəbbüsünüz
olan “Ağ Şəhər” layihəsi Azərbaycanda ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində ən
böyük layihələrdən biridir. Sizin dəstəyinizlə
“Ağ Şəhər” layihəsi üzrə enerji təminatı
ilə bağlı işlərin 60 faizi yekunlaşıb, ən
müasir paylayıcı elektrik şəbəkəsinin
qurulması təmin olunub. Hazırda layihənin
növbəti mərhələsi üçün
hazırlıq işləri davam etdirilir.
Füzuli meydanı ətrafı və
“Sovetski” adlanan ərazidə inşa ediləcək
çoxsaylı binaların, yol infrastrukturunun enerji tələbatının
ödənilməsi üçün əlavə güc mənbəyi
olmadığından, bir ədəd 110 kV-luq
yarımstansiyanın və 110 kV-luq ikidövrəli kabel xəttinin
çəkilməsi nəzərdə tutulur. Bu
məqsədlə torpaq sahəsi ayrılıb, layihə-smeta
sənədləri hazırlanaraq müvafiq razılıqlar
alınıb. Sizin müvafiq göstərişinizə
əsasən tikinti işlərinə başlanılacaq.
Cənab Prezident,
“Regionların inkişafına dair 2014-2018-ci illər üzrə
Dövlət Proqramı” və qeyri-neft sektorunun
inkişafı ilə bağlı regionlarda irimiqyaslı tədbirlər
həyata keçirilir. Kənd təsərrüfatının və meliorativ tədbirlərlə
bağlı enerji təchizatının
yaxşılaşdırılması üçün 5 ədəd
110 kV-luq, 17 ədəd 35 kV-luq yarımstansiyalar tikilib, 110
kilometrdən çox elektrik xətləri çəkilib və
450 ədəd komplekt transformator məntəqəsi
quraşdırılıb. Bu sahədə
işlər davam etdirilir.
Pambıqçılığın
inkişafı ilə əlaqədar Bərdə rayonunda
keçirilən müşavirədə tədarük və
emal müəssisələrinin fasiləsiz elektrik enerjisi ilə
təmin edilməsi ilə bağlı Sizin
verdiyiniz göstərişlərin icrası üçün
təxirəsalınmaz tədbirlər görülür. Yarımstansiyaların gücü
artırılır, elektrik xətləri təmir olunur. Görüləcək işlər çox
olduğundan Kənd Təsərrüfatı Nazirliyi və digər
qurumlarla birgə təkliflər hazırlanır.
Bundan əlavə, 10 ədəd
aqroparkın şəbəkələrə qoşulması təmin
olunub, Hacıqabul rayonunda 110 kV-luq “Qarasu” və 4 ədəd
35 kV-luq yarımstansiyalar tikilib, 26 kilometr 2 dövrəli 110
kV-luq və 100 kilometr 35 kV-luq elektrik verilişi xətləri
çəkilib. Bu məqsədlə Şəmkir və Tovuz
rayonlarında 110 kV-luq, Samux və Goranboy rayonlarında 35
kV-luq yarımstansiyalar inşa edilib, 66 kilometrdən çox
35 kV-luq ikidövrəli hava xətləri çəkilib.
Texnoparkların və Sənaye
məhəllələrinin enerji təchizatı
üçün ardıcıl tədbirlər həyata
keçirilir.
Cənab Prezident, açılışını etdiyiniz 110
kV-luq “Neftçala” yarımstansiyası
istehlakçıların keyfiyyətli enerji təchizatını
təmin etməklə yanaşı, ərazidə yaradılan
Texnoparkın, avtomobil, alətlər və pivot suvarma sistemləri
zavodlarının enerji tələbatını tam ödəyəcək
və əkin sahələrinin suvarılma sistemlərinin
genişləndirilməsinə təkan verəcək.
Cəbhəyanı ərazilərdə
yaşayan əhalinin enerji təchizatının
yaxşılaşdırılması üçün Tərtər
rayonunda bir ədəd 35 kV-luq, Cəbrayıl rayonu ərazisində
35 kV-luq “Cocuq Mərcanlı” və Qazax rayonunda 110 kV-luq
“Daş Salahlı” yarımstansiyaları tikilib. Bundan
əlavə, Tərtər rayonunda bir ədəd 110 kV-luq
yarımstansiyasının tikintisi davam etdirilir.
Kənd təsərrüfatının
və sahibkarlıq obyektlərinin enerji təchizatının
yaxşılaşdırılması üçün Gəncə
şəhərində və Qax rayonunda 2 ədəd 110 kV-luq
və 5 ədəd 35 kV-luq yarımstansiyalar inşa edilib.
Hazırda Lənkəran, Qəbələ,
İsmayıllı, Ağcabədi, Ağdaş, Sabirabad və
Cəlilabad rayonlarında əlavə 8 ədəd 110 kV-luq
yarımstansiyaların tikintisi davam etdirilir. İşlərin
cari ilin may-avqust aylarında yekunlaşdırılması nəzərdə
tutulur.
Cənab Prezident, Sizin müvafiq Sərəncamınızla
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin
balansına verilmiş Yeni Yaşma və Şurabad qəsəbələrində
yerləşən külək elektrik stansiyalarında təmir-bərpa
işləri aparılır. Almaniyanın bu sahədə
ixtisaslaşmış “Berlin VİND” şirkətinin mütəxəssislərinin
rəyinə görə, həmin qurğuların ən
yaxşı halda 18 aya istismara verilməsi bildirilsə də,
tərəfimizdən ciddi tədbirlər görülməklə
işlərin cari ilin avqustunda başa
çatdırılması planlaşdırılır.
“Azərişıq” tərəfindən
“ASAN xidmət” mərkəzləri vasitəsilə 12 növ
xidmət göstərilir və bu məqsədlə “ASAN xidmətlə
iş” idarəsi yaradılıb. İdarənin əsas
vəzifəsi sahibkarlıq subyektlərinin şəbəkəyə
qoşulmasını qısa müddətdə təmin etmək,
investisiya reytinqini müəyyən edən “Doing Business”
hesabatlarında ölkəmizin reytinqini yüksəltməkdir.
Bildirmək istəyirəm ki, şəbəkəyə
qoşulmalar əvvəllər 7 prosedur keçməklə 64
gün ərzində mümkün idisə, hazırda
prosedurlar 3-ə endirilib və qoşulmalar 24 gün müddətində
təmin olunur.
Ötən müddət ərzində
əməkdaşlarımızın iş şəraitinin
yaxşılaşdırılması məqsədilə ən
müasir texniki avadanlıqlarla təchiz olunmuş 29 ədəd
ofis binası inşa edilib və işçilərin orta
aylıq əməkhaqqı 320 manatdan 710 manatadək
artırılıb.
Möhtərəm cənab Prezident,
Azərbaycan xalqı bilir ki, iqtisadiyyatımızın
bütün sahələrinin, o cümlədən
energetikanın inkişafı, əldə olunan nailiyyətlər
şəxsən Sizin gərgin əməyiniz, uzaqgörən
siyasətiniz, vaxtında qəbul etdiyiniz qərarlar və bu
sahəyə göstərdiyiniz xüsusi diqqət və dəstək
nəticəsində mümkün olub. Təkcə 2017-ci ildə
və cari ilin birinci rübündə səkkiz ədəd
yarımstansiyanın, iki ədəd Avtomatik İdarəetmə
və Nəzarət mərkəzlərinin
açılışlarında şəxsən
iştirakınız elektroenergetika sahəsinə olan xüsusi
qayğınızın göstəricisi olmaqla yanaşı,
biz energetiklərin məsuliyyətini daha da artırır.
İcazə verin,
çıxış üçün mənə söz
verdiyinizə və elektroenergetikanın inkişafına
göstərdiyiniz xüsusi diqqət və qayğıya
görə bütün energetiklər adından Sizə öz
təşəkkürümü bildirim.
Azərbaycan energetikləri
adından Sizi əmin edirəm ki, göstərdiyiniz bu
yüksək etimadı əməli işimizlə daim
doğruldacaq, qarşımıza qoyduğunuz vəzifələrin
öhdəsindən layiqincə gəlmək üçün
var qüvvəmizlə çalışacağıq.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
sədri Qorxmaz HÜSEYNOV
çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas
iştirakçıları.
Ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu və cənab Prezident,
Sizin rəhbərliyinizlə davam etdirilən məqsədyönlü
siyasət kommunal xidmətlər sahəsində, o cümlədən
içməli su təchizatı və kanalizasiya sektorunda kəmiyyət
və keyfiyyət dəyişikliklərinə səbəb
olub. Azərbaycan
Respublikası regionlarının, eləcə də Bakı
şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafı Dövlət Proqramları çərçivəsində
dayanıqlı və keyfiyyətli su mənbələri,
içməli su təchizatı və kanalizasiya sistemləri
yaradılıb, içməli su problemindən əziyyət
çəkən kənd və qəsəbələrdə
layihələr icra edilib.
Tapşırıqlarınıza
uyğun olaraq, ölkə ərazisində 30-dan çox
içməli su mənbələri tikilərək istismara
verilib.
Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan
ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Mingəçevir,
Quba, Xanbulan sutəmzləyici, Külüllü,
Qızılqaya, Göygöl suqəbuledici qurğuları,
Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri
və digər lokal mənbələr Azərbaycan vətəndaşlarının
sağlam həyatı baxımından ən böyük
töhfələrdir.
Su və kanalizasiya layihələrinin
icrasına başlanılmış 50 şəhər və
rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin,
10-da isə su şəbəkələrinin tikintisi başa
çatdırılıb. Şəhər mərkəzləri
ilə yanaşı, əhalisinin sayı ümumilikdə 630
min nəfər olan 520 kənddə də layihələr icra
edilib.
Cənab Prezident, 2017-ci il 17 mart
tarixli Sərəncamınıza uyğun olaraq, respublikanın
28 rayonunun 170 kəndində başlanmış işlər bu
ilin birinci rübündə tam başa
çatdırılıb, 530 kilometr magistral
və paylayıcı su xətləri çəkilib, əhalinin
ümumi istifadəsi üçün 1432 bulaq
quraşdırılıb. Bununla da 271 min nəfərin
keyfiyyətli içməli suya çıxışı təmin
edilib. Ötən il
imzaladığınız sərəncamlara əsasən,
dövlət büdcəsindən ayrılmış vəsaitlər
hesabına Abşeron yarımadasının 18 qəsəbəsində
başlanılmış işlər bu ilin yanvarında
başa çatdırılıb.
Son illər icra edilən içməli
su layihələri çərçivəsində məhsuldarlığı
sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, 230 su
anbarı və anbar kompleksi tikilib, 15 min kilometrdən çox
magistral və paylayıcı su, 3500 kilometrdən artıq
kanalizasiya xətləri çəkilib, 308 ədəd artezian
və subartezian quyusu qazılıb, 5 minə yaxın
çoxmənzilli yaşayış binasının daxili kommunikasiya xətləri yenilənib.
Görülmüş işlərin real nəticəsi olaraq,
hazırda ölkə üzrə xidmət göstərilən
əhalinin 67 faizi, Bakı şəhəri üzrə isə
81,5 faizi fasiləsiz içməli su ilə təmin edilir.
İcra olunan layihələr
çərçivəsində su şəbəkəsi ilə
paralel kanalizasiya infrastrukturu, eyni zamanda, ekoloji
tarazlığın təmin olunması və turizmin
inkişafı baxımından xüsusi əhəmiyyət
daşıyan tullantı sutəmizləyici qurğular inşa
olunur. Müqayisə üçün bildirim ki, sovet
dövründə regionlarda cəmi 6 şəhərdə
mexaniki tipli tullantı sutəmizləyici qurğu fəaliyyət
göstərirdisə, yeni layihələrdə hər bir
şəhərin bioloji tipli qurğulara
çıxışının təmin olunması nəzərə
alınıb. Artıq 11 şəhərdə
tullantı sutəmizləyici qurğular tikilərək
istismara verilib, daha 7 şəhərdə, eləcə də
Pirşağı qəsəbəsi yaxınlığında
qurğuların inşası davam etdirilir. 10-dan çox şəhərdə isə
qurğuların tikintisinə hazırlıq
görülür.
Xəzər dənizinə
axıdılan tullantı sularının
qarşısının alınması üçün 14
kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 kilometr
uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya
kollektorlarının inşası başa
çatdırılıb, Bakı buxtasının sahili boyu
mövcud xətlərin reabilitasiyası həyata
keçirilib. Bununla da Dənizkənarı Milli
Park, Dövlət Bayrağı Meydanı, Şıx,
Novxanı və Sumqayıt çimərliklərinin əhatə
etdiyi böyük bir ərazidə tullantı sularının
dənizə axıdılmasının qarşısı
alınıb.
Bakı şəhərində və
Abşeron rayonunda səth və qrunt sularının
yaratdığı problemlərin həlli məqsədilə
16 ünvanda layihələr icra edilib, 30 kilometr
yağış-kanalizasiya kollektorları inşa olunub və
bu ünvanlarda problemlər həll edilib. Layihə
çərçivəsində Böyükşor, Məhəmmədi,
Kürdəxanı və Taşağıl göllərində
yaradılmış infrastruktur su səviyyəsinin tənzimlənməsinə
imkan yaradıb.
İstifadəsiz torpaq sahələrinin
əkin dövriyyəsinə cəlb olunması barədə
tapşırıqlarınıza uyğun olaraq, Zərdab,
Hacıqabul və Şamaxı rayonlarının ərazisində
20 min hektar sahəni suvarma suyu ilə təmin edən iki layihə
həyata keçirilib. Kür çayı sahilində məhsuldarlığı
saniyədə 3 kubmetr olan sugötürücü qurğu,
nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin
sahələrinə 42 kilometr uzunluğunda əsas
daşıyıcı kəmərlər çəkilib və
ərazilərə suyun verilməsi təmin olunub. Qeyd etmək istəyirəm ki, əkin sahələrinin
suvarılmasına tələb olunan əlavə 5 kubmetr/saniyə
su Kür sutəmizləyici qurğular kompleksindən verilir.
Möhtərəm Prezident,
“Su həyatdır, təmiz su sağlam həyatdır” fikrinizi
rəhbər tutaraq içməli suyun keyfiyyət göstəricilərini
daim diqqətdə saxlayırıq. Tapşırığınıza
uyğun olaraq, beynəlxalq standartlara uyğun
yaradılmış Mərkəzi Laboratoriyada içməli və
tullantı sularının öyrənilən parametrlərinin
sayı 105-ə çatdırılıb. Halbuki əvvəllər bu parametrlər cəmi 39
idi. Beynəlxalq akkreditasiyadan keçən
və dünyanın aparıcı şirkətlərinin təmsil
olunduğu səriştəlilik proqramlarına qoşulan Mərkəzi
Laboratoriyada aparılan analizlərin nəticələri
müvafiq beynəlxalq təşkilatlar və laboratoriyalar tərəfindən
tanınır. Bu təcrübədən
istifadə etməklə hazırda respublika üzrə 10
regional laboratoriyanın yaradılması istiqamətində
işlər aparılır. Regional
laboratoriyaların coğrafi məkanı elə seçilib
ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən
mənbələrdəki suyun keyfiyyət göstəricilərini
də nəzarətdə saxlamaq mümkün olsun.
Fəaliyyətimizin əsas
istiqamətlərindən biri də istehlakçılara
göstərilən müştəri xidmətlərinin səviyyəsinin
yüksəldilməsi, informasiya kommunikasiya
texnologiyalarının imkanlarından maksimum istifadə etməklə,
müştəri məmnunluğunu təmin etməkdir. Diqqətinizə
çatdırmaq istəyirəm ki, “Elektron xidmətlərin
genişləndirilməsi ilə bağlı tədbirlər
barədə” fərmanınızdan irəli gələn tələblərə
uyğun olaraq, 11 elektron xidmət hazırlanaraq vətəndaşların
istifadəsinə verilib. 2018-ci ildə istifadəyə
verilməsi nəzərdə tutulan əlavə beş elektron xidmət müştərilərin
işini daha da asanlaşdıracaq. Ən çox elektron
müraciət qəbul edən 5 dövlət qurumundan biri olan
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2017-ci
ilin birinci rübündə 27 min müraciət daxil
olmuşdusa, cari ilin analoji dövründə bu rəqəm
111 minə çatıb. Başqa sözlə,
ötən ilin birinci rübündə elektron müraciətlər
ümumi müraciətlərin 12 faizini, 2018-ci ilin müvafiq
dövründə isə 30 faizini təşkil edib.
Cənab Prezident, regionların
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının dördüncü ilinin
yekunlarına həsr olunmuş konfransda verdiyiniz
tapşırıqlara uyğun olaraq, bu il
Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz,
Xızı, Ağcabədi şəhərlərində su və
kanalizasiya şəbəkələrinin, Astara şəhərində
su şəbəkəsinin inşası başa
çatdırılacaq.
Daşkəsən, Göyçay, Qəbələ
şəhərlərində, həmçinin
Pirşağı qəsəbəsində tullantı sutəmizləyici
qurğunun tikintisi yekunlaşacaq, 10-dan çox şəhərdə
isə belə qurğuların tikintisinə
başlanılacaq.
Qlobal istiləşmə və
quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığında
qeydə alınan dəyişiklikləri nəzərə
alaraq, möhtərəm Prezident, Sizin tövsiyənizlə
2018-ci ildə Şamaxı, Gədəbəy, Lerik, Tovuz və
Ağstafa şəhərləri üçün alternativ mənbələrin
yaradılması layihələri icra olunacaq. Məhsuldarlığına
görə Azərbaycanın regionlarında tikiləcək ən
böyük qurğu - Şəmkirçay sutəmizləyici
qurğusunun inşası da bu il başa
çatdırılacaq. Gəncə, Şəmkir,
Samux şəhərləri və ətraf kəndləri su ilə
təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli
su emal olunacaq.
Bu il içməli
su problemindən əziyyət çəkən 40-dan çox
kənddə yeni layihələrin icrası nəzərdə
tutulur. Sizin tapşırığınızla kənd və qəsəbələr
üzrə kompleks araşdırmalar davam etdirilir və işlər
yekunlaşdıqdan sonra təkliflər ali
diqqətinizə təqdim olunacaq.
Möhtərəm cənab
Prezident, çıxışımın sonunda su sektorunun
inkişafına göstərdiyiniz diqqət və
qayğıya görə kollektivimiz adından Sizə dərin
minnətdarlığımı bildirir və Sizi əmin edirəm
ki, səhmdar cəmiyyətin kollektivi qarşımızda
qoyduğunuz tapşırıqların yerinə yetirilməsi
üçün var qüvvəsi ilə
çalışacaq.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Azərbaycan Respublikasının Mənzil
İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Samir NURİYEV çıxış
edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli iclas
iştirakçıları.
Müasir Azərbaycan
Respublikası bu gün inkişafının ən yüksək
mərhələsini yaşayır, vətəndaşlarının
təhlükəsizliyinin, yüksək rifah halının və
rahat yaşayışının təmin olunması istiqamətində
qətiyyətli addımlar atır. Ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulmuş
davamlı inkişaf strategiyasının Sizin, möhtərəm
Prezident, rəhbərliyiniz altında müvəffəqiyyətlə
reallaşdırılması ölkəmizdə beynəlxalq səviyyədə
rəqabətqabiliyyətli iqtisadi sistemin qurulmasını təmin
edir, əhalinin həyat səviyyəsinin yüksələrək
qlobal standartlara çatdırılmasını sürətləndirir.
Həyata keçirdiyiniz uzaqgörən dövlət
siyasətinin əsasında Azərbaycan vətəndaşı
dayandığına görə sosial məsələlərin
həlli daim Zati-alilərinizin diqqət mərkəzindədir.
Hər il olduğu kimi, 2018-ci ildə də
dövlət büdcəsinin
sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin
rifah halının yaxşılaşdırılması və
sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət
olaraq qalıb.
Azərbaycanın Birinci
vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü
ilə reallaşdırılan layihələr də ölkəmizdə
sosial sahənin inkişafına mühüm töhfələr
verməkdədir. Mehriban Əliyevanın rəhbərliyi ilə
ölkə əhalisinin layiqli həyat keyfiyyətinin təmin
edilməsi və mənzil şəraitinin
yaxşılaşdırılmasına yönəldilmiş
müxtəlif proqram və layihələrin həyata
keçirilməsi onun humanist missiyasının və Azərbaycan
dövlətinin sosial siyasətinin daim güclənməsinin
daha bir göstəricisidir.
İqtisadiyyatın dinamik
artımında inşaat sektorunun payı olduqca
böyükdür. Eyni zamanda, iqtisadiyyatın bu sahəsinin inkişafı
sosial məsələlərin də həllində
mühüm rol oynayır, yeni iş yerlərinin yaradılmasını
təmin edir, rəqabətin artması, tikinti materialları
bazarının canlanması və müasir texnoloji həllər
sayəsində inşa olunan mənzillərin əlyetərliliyini
də artırır.
Dünyada cərəyan edən
proseslərin yeni çağırışlarına
uyğunlaşmaq məqsədilə Azərbaycan
Respublikası Prezidentinin təşəbbüsü ilə həyata
keçirilən geniş iqtisadi islahatlar çərçivəsində
2016-cı ildə yaradılmış Mənzil
İnşaatı Dövlət Agentliyinin əsas məqsədi
çoxmənzilli yaşayış binalarının tikilməsi
və həmin binalardan müxtəlif sosial təbəqələrdən
olan aztəminatlı, gənc ailələrə güzəştli
şərtlərlə mənzillərin əldə edilməsi
üçün imkanların yaradılması, onların mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasıdır. Bu vəzifələri layiqincə yerinə yetirmək
məqsədi ilə, ilk növbədə, Agentliyin yüksək
ixtisaslı mütəxəssislərdən ibarət
işçi heyəti formalaşdırıldı, zəruri
inzibati məsələlər həll olundu. Agentlik tərəfindən
güzəştli mənzillərin tikintisi sahəsində
mövcud olan dünya praktikası öyrənildi, Türkiyə,
Sinqapur, Almaniya, Rusiya və bir çox digər ölkələrin
bu sahədə fəaliyyət göstərən aidiyyəti
qurumlarının strukturu və iş prinsipləri təhlil
edildi. Bu təcrübə nəzərə
alınaraq Azərbaycanda sosial mənzillərin tikintisi
işinin təşkil olunmasına başlanıldı.
Bununla paralel olaraq, ilk layihələrin
qısa müddət ərzində
reallaşdırılmasını təmin etmək məqsədilə
Zati-alilərinizin tapşırığına əsasən
Agentliyə Bakı şəhərinin əvvəlcə
Yasamal rayonunda sahəsi 11,6 hektar, daha sonra isə Suraxanı
rayonunun Hövsan qəsəbəsində 20 hektar torpaq sahələri ayrıldı. Ayrılmış
torpaq sahələrində, 2016-cı il
dekabrın 24-də Agentliyin ilk layihəsi olan Yasamal
Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə
Hövsan Yaşayış Kompleksinin təməli qoyuldu.
Möhtərəm Prezident, Sizin və
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər iki təməlqoyma
mərasimində şəxsən iştirakınız bizim
üçün böyük şərəf olmaqla
yanaşı, aztəminatlı ailələrin mənzil-məişət
problemlərinin həlli məsələsinə böyük həssaslıqla
və diqqətlə yanaşmağınızın əyani təzahürüdür.
Eyni zamanda, Agentliyə göstərdiyiniz bu
yüksək etimad bizi ruhlandırır, qarşımızda
qoyduğunuz vəzifələrin yerinə yetirilməsində
məsuliyyətimizi daha da artırır.
29 çoxmənzilli
yaşayış binasından ibarət olan Yasamal
Yaşayış Kompleksində 1843 ailənin mənzillə təmin
edilməsi planlaşdırılır. Bu da 6 mindən
çox insanın mənzil probleminin həll edilməsi deməkdir.
Hazırda kompleksdə tikinti işləri
sürətlə davam edir. Artıq 19
binada konstruksiya və hörgü işləri
yekunlaşdırılıb, təmir işlərinə
başlanılıb. Cari ilin iyun ayında
ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz
edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə 960 şagird
yerlik orta təhsil məktəbi və 240 yerlik uşaq
bağçası tikilməkdədir.
Möhtərəm Prezident,
tapşırığınıza uyğun olaraq güzəştli
mənzil komplekslərində sakinlərin rahat
yaşayışı üçün tələb olunan
bütün şərait yaradılır. Hər
bir layihədə yaşayış binaları ilə
yanaşı, orta təhsil məktəbi, uşaq
bağçası, ticarət, məişət və
ictimai-iaşə obyektlərinin yerləşdirilməsi
öncədən planlaşdırılır. Beynəlxalq təcrübə göstərir ki,
sosial mənzil layihələrinin
düşünülmüş şəkildə mövcud
yol-nəqliyyat infrastrukturuna inteqrasiyası onların uğurlu
olmasını şərtləndirir. Zati-alilərinizin
təşəbbüsü ilə Bakı dairəvi avtomobil
yolunu və Şərifzadə küçəsini birləşdirəcək
yeni dördzolaqlı yolun çəkilməsi Yasamal
Yaşayış Kompleksinin gələcək sakinləri
üçün çox önəmli rol oynayacaq. Həmin yol paytaxtın hər bir istiqamətinə nəqliyyatın
çıxışının
asanlaşdırılmasını və ictimai nəqliyyatın
marşrutlarının optimallaşdırılmasını təmin
edəcək.
Hörmətli cənab Prezident,
işimizdə rəhbər tutduğumuz əsas sənədlərdən
biri olan “Uyğun qiymətə mənzil təminatının
inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən
olunan əsas hədəflərdən biri güzəştli mənzil
təminatı sisteminin maliyyə dayanıqlılığının
təmin edilməsidir. Bunun üçün
dövlət büdcəsindən asılılığı
minimuma endirmək məqsədilə Yasamal Yaşayış
Kompleksi layihəsi çərçivəsində 3 investisiya
müsabiqəsi keçirilib. Müsabiqələrdə
qalib gəlmiş şirkətlərlə təşkil olunan
dövlət-özəl sektor tərəfdaşlığı
çərçivəsində 18 milyon manata yaxın özəl
sərmayə cəlb olunub. Bu vəsait 3
yaşayış binasının inşasına, ərazidə
telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət
mərkəzinin tikintisinə yönəldiləcək. Yasamal Yaşayış Kompleksində bütün
işlərin yekunlaşması 2019-cu ilə
planlaşdırılır.
Agentliyin ikinci layihəsi - Hövsan
Yaşayış Kompleksi 3 minə yaxın mənzildən,
1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik
olmaqla iki uşaq bağçasından, xəstəxanadan və
digər ictimai obyektlərdən ibarət olacaq. Burada 10 min nəfərdən çox insanın
yaşaması gözlənilir. İlk mənzillərin
2019-cu ilin yay aylarında, yaşayış massivinin isə
2020-ci ildə tam təhvil verilməsi
planlaşdırılır.
Qeyd olunan yaşayış
komplekslərinin tikintisi ilə paralel olaraq, Agentlik növbəti
layihələrin reallaşdırılması
üçün də zəruri addımlar atır. Yasamal rayonunda güzəştli
mənzillərə tələbatın çox yüksək
olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası
Prezidentinin göstərişi əsasında Agentliyə
Yasamal Yaşayış Kompleksinə bitişik 15,4 hektar əlavə torpaq sahəsi
ayrıldı. Hazırda həmin kompleksin
genişləndirilməsi üçün layihə-smeta sənədləri
hazırlanmaqdadır. Bununla yanaşı,
Sumqayıt şəhərində də sosial mənzillərin
tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib.
Yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən
həmin torpaq sahəsinin ayrılması gözlənilir.
Agentlik növbəti layihələr
üçün torpaq sahələrinin müəyyənləşdirilməsi
işini davam etdirir.
Möhtərəm Prezident, Sizin
qarşımızda qoyduğunuz məqsədlərdən biri
də Agentliyin sərəncamında olan mənzilləri
güzəştlə əldə etmək hüququna malik vətəndaşların
müraciətlərinin real vaxt rejimində qeydiyyatının
aparılmasını və mənzillərin güzəştli
şərtlərlə satışını təmin edəcək
şəffaf elektron sistemin yaradılması olub. Bu məqsədlə
“Elektron hökumət” portalında “Güzəştli mənzil”
sistemi yaradılıb və 2017-ci il
mayın 30-dan müraciətlərin qeydiyyatına
başlanılıb.
Ötən müddət ərzində
8200 nəfərə yaxın vətəndaşın mənzil
əldə etmək hüququ təsdiqlənərək, həmin
şəxslər üçün fərdi elektron kabinetin
yaradılması təmin olunub. Elektron kabinetə sahib
olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən
və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin
seçimində bərabər hüquqa malikdirlər.
Bununla yanaşı, vətəndaşların
rahatlığını təmin etmək, “Güzəştli
mənzil” elektron sistemindən istifadə ilə bağlı
sualları cavablandırmaq, habelə elektron kabinetin
yaradılmasına kömək göstərmək məqsədilə
müvafiq “ASAN xidmət” mərkəzlərində əməkdaşlarımız
tərəfindən xidmət göstərilir.
Bir neçə gün bundan
əvvəl kütləvi informasiya vasitələrində
Agentlik tərəfindən ilk 260 mənzilin satışı
ilə bağlı elan yerləşdirilib. Təsdiqlənmiş
qaydalara uyğun olaraq, mənzillərin güzəştli
şərtlərlə satışı elan dərc edildikdən
bir ay sonra “Güzəştli mənzil” elektron sistemi vasitəsilə
başlanacaq. Satış dünya
praktikasında geniş tətbiq olunan “erkən müraciət
edənə, erkən xidmət” prinsipi əsasında həyata
keçiriləcək. Belə ki,
satış başladığı anda sistemə daxil olaraq mənzili
ilk seçən şəxslər onu almaq imkanı əldə
edəcək.
Satışa çıxarılacaq güzəştli mənzillər yerləşdiyi ərazidə mövcud olan bazar qiymətlərindən aşağı qiymətə təklif olunmaqla yanaşı, eyni zamanda, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 30 ilədək uzunmüddətli güzəştli kreditinin alınması vasitəsilə əldə edilə bilər. İpoteka kreditlərinin alınması prosesinin qısa müddət ərzində və rahat keçməsinə dair İpoteka və Kredit Zəmanət Fondu, habelə seçilmiş agent banklarla razılıq əldə edilib, müvafiq müqavilələr imzalanıb.
Möhtərəm cənab Prezident, ölkə vətəndaşlarının mənzil-məişət problemlərinin həlli məsələsinə və Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyiniz davamlı qayğı və diqqətə görə kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi bir daha əmin edirik ki, bundan sonra da qarşımızda qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərimizi və qüvvəmizi səfərbər edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Azərbaycan Prezidenti
İlham Əliyev iclasda yekun nitqi söylədi.
Azərbaycan.-
2018.- 13 aprel.- S.1-3.