Azərbaycan bundan sonra da irəli gedəcək

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri (AKP) Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Necdet Ünüvar böyük müşahidəçi heyəti ilə ölkəmizə gəldiyini və ayrı-ayrı seçki məntəqələrində müşahidələr apardıqlarını, xalqın seçkilərə böyük maraq göstərdiyini və səsvermə zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını qeyd etdi.

Prezident İlham Əliyev seçkilər başa çatdıqdan sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığını və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın ona ünvanlandığı təbrik məktubunu məmnunluqla xatırladı.

Dövlətimizin başçısı seçkilərin maksimum şəffaf keçirilməsi və Azərbaycan xalqının iradəsini əks etdirməsi üçün bütün səylərin göstərildiyini dedi. Seçkilərdə iştirak edən insanların sayının kifayət qədər yüksək olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, ölkəmizi bundan sonra da inamla irəli aparmaq üçün bizə əlavə güc verir. Dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

 

Azərbaycan.- 2018.-13 aprel.- S.6.