Səudiyyə Ərəbistanının Azərbaycandakı
səfirinin diplomatik fəaliyyəti başa çatır
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymin diplomatik fəaliyyəti başa çatır. Bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfirlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir aprelin 11-də ölkəmizdə keçirilən seçkilərdə İlham Əliyevin Azərbaycan xalqı tərəfindən Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini bildirib.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət və turizm sahələrində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb. Qeyd olunub ki, keçən il 35 mindən artıq Səudiyyə Ərəbistanı vətəndaşı ölkəmizə səfər edib. Hava daşımaları sahəsində sazişin imzalanması və birbaşa hava uçuşları vasitəsilə cari ildə bu göstərici daha da artacaq.
Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ardıcıl mövqeyinin, Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Nazir 90-cı illərin əvvəllərində, Azərbaycan üçün xüsusilə çətin vaxtlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə Səudiyyə Ərəbistanı tərəfindən göstərilən humanitar yardımın heç zaman unudulmadığını vurğulayıb.
Səfir Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin ardıcıl surətdə davam edəcəyini qeyd edərək, fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün ona göstərilən dəstəyə görə təşəkkür edib.
Nazir səfirin ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səylərin yüksək qiymətləndirildiyini deyib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan.- 2018.- 13 aprel.- S.5.