Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

 

2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mərkəzi Elmi Kitabxananın yeni inşa edilmiş binası istifadəyə verildi. Açılış mərasimində cənab Prezidentə kitabxananın bir neçə innovativ layihəsi sırasında Milli Rəqəmsal Yaddaş layihəsi də təqdim olundu. Layihənin zərurəti nədən irəli gəldi? Layihənin məqsədi nə idi və təqdimatından keçən 4 il ərzində nələr icra edildi?

Məlumdur ki, Azərbaycan tarixi və mədəniyyəti, demək olar ki, hər gün müxtəlif təhrif və informasiya təcavüzləri ilə üzləşir. Kibercəmiyyətin dinamik inkişaf etdiyi dövrdə dünya ictimai rəyi çap mediasından daha çox sosial media səhifələrindən bəhrələnir və dəfələrlə artıq sürətlə formalaşır. Bu təcavüzlər ləngimədən cavablandırılırmı? Kəsərli arqumentlər və əlçatan mənbələr ilə təmin olunurmu? Hazırda rəqəmsallaşdırılmış e-resurslar arasında Azərbaycan üçün yüksək əhəmiyyət kəsb edən məlumatlar pərakəndə şəkildə müvəqqəti portallarda, saytlarda, arxivlərdə, bazalarda yerləşdirilir. Eyni zamanda informasiya məkanında əhəmiyyətli, lakin rəqəmsallaşdırılmamış və sistemləşdirilməmiş şəkildə hərəkət edən məlumat da çoxdur. Ehtiyac yarandıqda bu məlumatların sistemli şəkildə aşkarlanması və istifadəyə verilməsi mümkünsüz olur. Ən vacibi isə informasiyanın etibarlı olub-olmaması barədə sosial media, sərbəst elektron resurslar və sadə internet istifadəçilərində heç bir məlumat olmur. Nəticədə informasiya güclü silah kimi səfərbər oluna bilmir. Milli yaddaşın sistemləşdirilməsi və qorunması problemlərinin həllini və missiyasını müasir dövrdə hansı qurum üzərinə götürə bilər? Təbii ki, etibarı əsrlərin sınağından keçmiş və informasiyanın keşikçisi və yayıcısı hesab olunan kitabxanalar.

Bu səbəbdən də Mərkəzi Elmi Kitabxana tərəfindən Azərbaycana aid informasiyanı idarə oluna bilən və əlaqələndirilə bilən strateji resursa çevirmək və informasiya müharibəsində üstünlük qazandıra bilən təsirli silah formalaşdırılması ehtiyaclarını qarşılaya bilən Milli Rəqəmsal Yaddaş layihəsi yaradıldı.

Layihənin qarşısına Azərbaycanın qədim mədəniyyəti, tarixi, torpağı, canlı örtüyü, bəşəriyyətin inkişafına qoyduğu intellektual yatırımları barədə mövcud olan məlumatları toplayıb sistemləşdirmək, rəqəmsallaşdırmaq, arxivləşdirmək, elektron kataloq vasitəsilə axtarışları asanlaşdırmaq, Azərbaycan və dünya oxucusunun, elmi araşdırıcısının, siyasətçisinin, diplomatının, diaspor nümayəndəsinin istifadəsinə verib silahlandırmaq və milli yaddaşımıza aid olan məlumatları etibarlı şəkildə qoruyub növbəti nəsillərə ötürmək kimi vəzifələr qoyulmuşdur. Bu yolla etnik və milli köklərin, dilin, ədəbiyyatın, musiqinin, ərazilərin, sərhədlərin bizimki olmasını, yaşını, mənsubiyyətini təsdiqləyən, bizimkiləşdirən faktlar, biliklər, onların istinad yeri və təsdiqi bir yerə toplanılır və bir silahdan “atılmağa” hazır edilir.

Milli yaddaşa Azərbaycan tarixinin və mədəniyyətinin inkişaf mərhələlərini, əhəmiyyətli faktlarını təsvir və ya təsdiq edən sənədlər, tarixi şəxslərin, nüfuzlu alimlərin topladığı və ya müəllifi olduğu kitab kolleksiyaları, Azərbaycanın intellektual potensialını əks etdirən, bədii-estetik, stilistik, linqvistik, milli adət və ənənə baxımından əhəmiyyət kəsb edən sənədlər, Azərbaycanı dünya irsi siyahılarına birləşdirən adlar, kəşflər, ixtiralar, nəzəriyyələr, müqavilələr, qanun layihələri aid edilir.

Şübhəsiz ki, kontent ilə yanaşı, Millli Rəqəmsal Yaddaş üçün önəm kəsb edən sənədin müəllifi və mənbəyi anlayışlarıdır. Azərbaycan tarixinin faktları, ərazisinin sərhədləri xarici mütəxəssislər tərəfindən qeyri-iradi, Azərbaycan-Ermənistan ərazi mübahisələrindən çox-çox öncə, tərəf bilmədən və tərəf saxlamadan yaratdıqları xəritələrdə, foto və rəsmlərdə üzə çıxan faktlar və yazılan məlumatlar mübahisəli torpaqların, geyimlərin, musiqi alətlərinin, məişət əşyalarının tarixən Azərbaycana məxsus olduğunu inandırıcı şəkildə təsdiq edir. Qarabağ və başqa ərazi mübahisələrini, eləcə də mədəni sərvətlərin mənsubiyyətinə dair xarici iddiaları nəzərə alaraq, mənbələrin “arqument”al gücü, təsir və ya inandırma qüvvəsi aşağıdakı istiqamətdə artır: Azərbaycan müəllifləri/mənbələri; xarici müəlliflər/mənbələr; beynəlxalq qurumlar və elmi cəmiyyətlərin ekspert rəyi, qərar və qətnamələri; beynəlxalq elmi konfransların yekun sənədləri; erməni müəllifi/mənbələri. Bu cür yanaşma ondan irəli gəlir ki, hətta ən etibarlı fakt Azərbaycan mütəxəssisi tərəfindən səsləndirilirsə, faktın inandırma gücü “Yenə də öz ərazi iddialarındadırlar” və ya “Münaqişəni davam edirlər” dərəcəsini aşmır. Bu sıradan “Azərbaycan tarixi xarici rəssamların əsərlərində” toplusunu nümunə gətirmək olar. İllüstrasiyalar və şərhlər ilə zənginləşdirilmiş elektron sənəd Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmişdir.

MRY bazasında “Qabusnamə”nin 1953-cü il nəşrindən sonra 1957-1958-ci illərdəki nəşrdən ermənilərə dair mətnlərin çıxarılması faktı, Suriya Milli Ensiklopediyasında ermənilərin Azərbaycana Türkiyə və İrandan köçüb gəlmələri barədə yazılar, İ.V.Stalinin imzası ilə 100 min azərbaycanlının Ermənistandan Kür-Araz ovalığına köçürülməsi və boşalmış yaşayış məntəqələrində xaricdən gələn ermənilərin yerləşdirilməsi haqqında SSRİ Nazirlər Kabinetinin 22 dekabr 1947-ci il tarixli qərarı, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Dağlıq Qarabağ Xanəndələri” adlı albom yer alıb. Bazaya Yusif Məmmədəliyevin “Yüksək oktanlı benzin”i və “Molotov kokteyli”, Lütfi-Zadənin Süni intellekt nəzəriyyəsi və qeyri-səlis məntiqi baza sənədləri salınmaq üçün hazırlanır.

MRY ilə bağlı əhəmiyyətli məqamlardan biri də mənbələrin dilidir. MRY bazasının milli yaddaş bazası olmağı ilə yanaşı, təbliğat aləti olmasını, eyni zamanda MEK fondlarında dünyanın, demək olar ki, bütün dillərində yazılmış sənədlərin saxlanma təcrübəsini, yeni daxil olan sənədlərin də qeydiyyat, sistemləşdirmə və mühafizə imkanlarından çıxış edərək sənədlər rəqəmsal bazaya dünyanın istənilən dilində və qrafikasında daxil edilib paylaşıla bilir. Bu sənədlər sırasında Azərbaycanın Macarıstanda, Polşada, Özbəkistanda, İranda, Gürcüstanda, ABŞ-da, Çində və başqa ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri tərəfindən təqdim edilmiş mənbələr əhəmiyyət kəsb edir.

Rəqəmsallaşdırılan sənədlərin forma və formatına gəldikdə isə, Milli Rəqəmsal Yaddaşa kitab, jurnal, xəritələr ilə yanaşı, markalar, məsələn, Roma Papasının Azərbaycana səfərini əks etdirən marka, Azərbaycan üçün milli dəyər kəsb edən “Azərbaycan Milli Qəhrəmanları”, “2016-cı il aprel ayının dördgünlük müharibəsində şəhid olmuş əsgərlər”, “Atəşkəs dövründə şəhid olmuş əsgərlər”, “Qarabağ şəhidləri”, Xocalı soyqırımı zamanı torpaqlarını tərk etməyən, yaşadıqları yerlərdən köçməyən, axıra qədər ev-eşiyinin müdafiəsinə durmuş soydaşlarımız, “1979-1989-cu illərdə sovet hərbi qüvvələri tərkibində SSRİ-nin Əfqanıstanda apardığı müharibədə həyatını itirmiş azərbaycanlı əsgərləri”, “Azərbaycan Elmi diasporu” adlı siyahılar, böyük geosiyasi, beynəlxalq əhəmiyyətli layihələr, məsələn, TANAP, Şimal Qaz Koridoru, “Cənub qaz dəhlizi”, TAP, Bakı-Tiflis-Qars dəmir yolu, “Şahdəniz-2”, müqavilələr, məsələn, “Əsrin müqaviləsi”, beynəlxalq miqyaslı tədbirlər haqqında məlumat, məsələn, “Eurovision”, “Formula-1”, İslam Həmrəyliyi Oyunları, Humanitar Forum, Mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forum, fundamental mövzuda, nümunəvi, başqa ölkələr tərəfindən standart kimi qəbul edilmiş qanun layihələri, məsələn, AİDS haqqında və Elm haqqında qanun layihələri və başqa formatlarda sənədlər aid edilir.

Çap və ya elektron formatda təqdim olunan sənədlər kitab, jurnal, əlyazma, müqavilə, vəsiyyətnamə, rəsm əsəri, plakat, xəritə, marka, fotoşəkil, faksimile, val, sikkə, arxeoloji qazıntı, qiymətli kağız, film, veb-səhifə, hətta gediş kartı formasında ola bilər.

Planlaşdırma və proqramlaşdırma işləri ilə yanaşı, fəaliyyətin icrasına cəlb edilən strukturların layihənin fəlsəfəsi, perspektivləri və mexanizmi ilə tanış olması önəmlidir. Bu baxımdan MEK tərəfindən Milli Rəqəmsal Yaddaş anlamının Azərbaycan ictimaiyyətinin gündəminə gətirilməsi və akademik icma tərəfindən sənədlərin məqsədyönlü şəkildə bazaya təqdim olunması həlledici mərhələlərdən biri oldu.

Layihənin başlanmasından keçən dörd il ərzində MEK-in proqramlaşdırma, kitabxana-xidmət və elektron resurslara nəzarət üzrə mütəxəssislərinin birgə çalışmaları nəticəsində sənədlərin sistemləşdirmə və təsvir formatı dünyada qəbul edilmiş MARC21 standartı və RDA qaydaları əsasında hazırlandı və daim yenilənmə imkanları ilə istifadəyə verildi. MRY bazası işlək səviyyəyə gətirildi. AMEA institutlarının hər birindən MEK-dən göndərilmiş müraciətə cavab olaraq milli yaddaşa salınması tövsiyə olunan sənədlərin siyahısı daxil edildi. Bununla da Milli Rəqəmsal Yaddaş bazası elmiləşdi. Siyahıların MEK Kitabxana-Xidmət şöbəsinin əməkdaşları tərəfindən emal edilməsi nəticəsində MRY-a daxil edilən sənədlərin sayı 9 minə yaxınlaşdı. Onlardan bir hissəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənmiş layihə çərçivəsində rəqəmsallaşdırıldı. Rəqəmsal bazaya “MRY” qrifi ilə Turfan tapıntılarına məxsus mətnlər, 1911-ci ildə Bakıda ərəb qrafikası ilə çıxan siyasi-ictimai və ədəbi “Həqiqəti Əfkar” müsəlman qəzeti, “Azərbaycan” qəzeti (2003-2017), “Yeni Azərbaycan” qəzeti (2014-2017), “İki sahil” qəzeti (2017) daxil edilib.

MRY bazasının tətbiq imkanları genişdir. Yuxarıda qeyd olunanlar ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamların icrasına dair “ADR-100”, “Hüseyn Cavid-135”, “İslam həmrəyliyi ili” kateqoriyalarında rəqəmsal kolleksiyalar hazırlanmışdır. İstifadəçilərin ixtiyarına verilməklə yanaşı, kolleksiyalar mövzuya uyğun olaraq Azərbaycan Diplomatik Akademiyası, Budapeştdə Georq Hazainin Ev-kitabxanası, İstanbulda Kazım Qarabəkirin Ev-muzeyi, Naxçıvanda Hüseyn Cavidin Ev-muzeyi, Şamaxıda Mirzə Ələkbər Sabirin Ev-muzeyi, Ombudsman Aparatı və başqa təşkilatlara fondlarının zənginləşdirilməsi məqsədilə təqdim edilmişdi.

Rəqəmsal bazanın imkanlarından istifadə edərək beynəlxalq miqyasda keçirilən tədbirlərə də məlumat dəstəyi verilir. Belə ki, Beynəlxalq Muğam Festivalının keçirilməsi zamanı iştirakçıların istifadəsinə MEK fondlarında “Muğam” mövzusu üzrə hazırlanmış elektron kataloq və tam rəqəmsallaşdırılmış baza verilmiş, bu imkanlar barədə məlumat öncədən iştirakçılara təqdim olunmuşdur. Bu ilin payızında keçirilməsi nəzərdə tutulan Beynəlxalq Xalça Simpoziumu iştirakçılarına təqdim etmək üçün Azərbaycan Xalça Muzeyi ilə MEK sənəd bazalarını birləşdirib, elektron kataloq, elektron təqdimat və tam rəqəmsallaşdırılmış baza artıq hazırlanmışdır.

MRY bazasının daha bir tətbiq sahəsi sərbəst elektron resurslardır. Məlumdur ki, internetdə informasiya axtarışı zamanı ilk açılan resurslardan biri, bəzən də birincisi, Vikipediyadır. MEK nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən müxtəlif dilli vikipediyalarda, o cümlədən AzVikipediyada etibarlı məqalələr yaratmaq məqsədilə də istifadə olunur və viki-könüllülərin işinin sürət və həcminin artmasına kömək edir.

Milli Rəqəmsal Yaddaş bazası, şübhəsiz ki, Azərbaycan haqqında bilgiləri gələcək nəsillərə ötürmək üçün etibarlı yollardan biridir. Lakin bu gün informasiya texnoloqlarının, eləcə də kitabxana-informasiya mütəxəssislərinin qarşısında duran vacib məsələlərdən biri mədəni irsin qorunması və ötürülməsi prosesinə dəyişən informasiya texnologiyalarının təsirləri, yeni texnologiyaların kitabxana və arxivlərə təsirinin proqnozlaşdırılması, milli irsin dünya irsi ilə birləşməsi və universal əlçatanlığıdır. Bu baxımdan M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Prezident Kitabxanası tərəfindən resursları əhatəli şəkildə, müasir formatda rəqəmsallaşdırıb istifadəçilərin ixtiyarına vermələri, eyni zamanda “dost” interfeys və asan axtarış ilə təmin etmələri kitabxanalarımız üçün nümunədir.

Milli yaddaşın rəqəmsallaşdırılması qarşımıza həllini gözləyən uzunmüddətli problemlər də qoyur. Hər gün terrabaytlarla yaradılan məlumatlar, informasiya istifadəçilərinin özlərinin də informasiya istehsalçılarına çevrilməsidir. Biz bu informasiyanın hamısını saxlamaq niyyətindəyikmi? Xeyr. Ancaq nəyin önəmli olduğunu və rəqəmsallaşdırmaya hansı sənədlərin göndərilməsi qərarını milli ekspert komitələri verməlidir.

Başqa bir təhlükəli tendensiya ondan ibarətdir ki, hər şeyin internetdən tapıla biləcəyi düşünülür və çap kitabxanaların maliyyələşdirilməsi azalır. Yaddan çıxarmaq olmaz ki, rəqəmsal texnologiyalar sürətlə dəyişir və 15-20 il öncəki daşıyıcıların müasir avadanlıqlar tərəfindən oxunulması və kütləvi şəkildə istifadəsi artıq mümkünsüzdür. Nə edək ki, bu gün rəqəmsallaşdırılan sənədlər onilliklərdən sonra “anlaşılan, oxunulan” olsun? Nə edək ki, kitabdan fərqli olaraq, rəqəmsal sənəd ilə insan arasında vasitəçi olan kompüter və rəqəmsal informasiyanın daşıyıcıları mənəvi-texnoloji köhnəlməyə az məruz qalsınlar? Milli rəqəmsal yaddaşımızı necə sığortalayaq?

Mərkəzi Elmi Kitabxana bu nigaran suallara cavabların axtarışındadır. MEK heyəti daim yenilənən MRY siyahılarına tək Azərbaycan deyil, xarici kitabxanalar və arxivlərdə mühafizə olunan sənədlərin daxil edilməsi üçün vahid kataloqlaşdırma qaydalarının tətbiqi, rəqəmsal formatın standartlarına uyğun olması, metadaların saxlanılması, rəqəmsal formatın mənəvi köhnəlməsinin qarşısının alınması, rəqəmsal materialın yenilənməsi və miqrasiyaya hazırlanması, rəqəmsal formatın etibarlı qorunması və ehtiyat serverləri ilə təmin edilməsi, milli yaddaş elektron kataloqun dünya kataloquna birləşdirilməsi, rəqəmsal bazaların vahid dünya “bulud” serverlərində birləşdirilməsi üzərində çalışır.

İnanırıq ki, Azərbaycan kitabxana-informasiya məkanında mövcud resurslar birləşdikdə və müasir texnologiyalar əsaslı şəkildə tətbiq edildikdə əlimizdə olan rəqəmsal resursların vahid bazada toplanılması və “gələcəyə hazırlanması” kimi aktual problem öz həllinə yaxınlaşacaqdır.

 

Leyla İMANOVA,

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru

 

Azərbaycan.- 2018.- 20 aprel.- S.11.