Mingəçevir Turizm Kolleci beynəlxalq turizm sərgisində
uğurla təmsil olunmuşdur
Mingəçevir Turizm Kolleci bu günlərdə ölkə paytaxtında ənənəvi olaraq keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində (AİTF-2018) uğurla təmsil olunmuşdur.
Sərgidə 20 ölkənin 277 şirkət və təşkilatı iştirak edirdi. 90-dan çox turizm istiqamətli uğur və yeniliklərin təqdim olunduğu sərgiyə Azərbaycan ev sahibi kimi 13 milli və regional ekspozisiya ilə qatılmışdır. Belə bir nüfuzlu beynəlxalq sərgidə Mingəçevir Turizm Kollecinin sayca beşinci dəfə təmsil olunması, heç şübhəsiz, bu tanınmış təhsil müəssisəsində tədris-təlim işlərinin yüksək səviyyədə qurulmasının məntiqi nəticəsidir. Mingəçevir Turizm Kolleci illərdir ki, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə, təhsil layihələrində, konfrans, sərgi və festivallarda fəal iştirak edir. Kollektiv beynəlxalq əlaqələrini daha da genişləndirmək üçün daim səmərəli axtarışlar aparır, məqsədyönlü tədbirlər həyata keçirir. Bunun bir nümunəsi də Rusiya Federasiyasının ali məktəbləri və kollecləri ilə yaradılan yeni işgüzar əlaqələrdir. Böyük Britaniya, Rumıniya, Fransa, Almaniya, Qazaxıstan və Belarus təhsil müəssisələri ilə olan əməkdaşlıq siyahısına artıq Sankt-Peterburqun Qonaqpərvərlik İnstitutu və Sankt-Peterburq Turizm və Hotel Servisi Kollecinin adları da daxildir.
Sərginin açılış günü mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və sərgi rəhbərləri ilə Mingəçevir Turizm Kollecinin təmsilçilik guşəsində keçirilən görüş zamanı nazir qonaqlara kollecin son nailiyyətləri barədə məlumat vermiş, perspektivlərdən danışmışdır. Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov kollecin beynəlxalq əlaqələri barədə söhbət açaraq Sankt-Peterburq Qonaqpərvərlik İnstitutu və Sankt-Peterburq Turizm və Hotel Servisi Kolleci ilə mövcud işgüzar əlaqələrin qurulduğunu diqqətə çatdırmış, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu vurğulamışdır. Eyni zamanda Sankt-Peterburq Turizm və Hotel Servisi Kollecinin direktoru Svetlana Antonova da sərgidən alınan təəssüratlarını və Mingəçevir Turizm Kolleci ilə qurulan əməkdaşlığın perspektivləri barədə fikirlərini paylaşmışdır.
Beynəlxalq turizm və səyahətlər sərgisində Mingəçevir Turizm Kolleci audio, video, foto materiallar, nəzəri və təşviqat xarakterli kitablar, bukletlər və maraqlı əl işlərindən ibarət zəngin ekspozisiya ilə təmsil olunurdu. Sərginin gedişində milli geyimli kollec tələbələri milli musiqi alətlərinin müşayiəti ilə klassik musiqi parçaları və maraqlı qiraət nümunələri təqdim etmişdilər. Sərgi iştirakçılarının qəlbində xoş ovqat və zəngin təəssüratlar yaradan bu ekspozisiyanın ərsəyə gəlməsində kollecin bütün tələbə və müəllim heyətinin, xüsusilə ingilis dili, informatika və dekorativ tətbiqi incəsənət ixtisası müəllimləri Gülşən Nəsirovanın, Eldar Dərişovun və Vüsalə Zeynalovanın, eləcə də istedadlı tələbələr Aytac Abbasovanın, Orxan Əliyevin, Xatun Hacıyevanın və Gülməkan Fətəliyevanın böyük əməyi vardır. Onlar dünyanın dörd bir yanından gəlmiş qonaqlar və yerli ziyarətçilərlə çoxsaylı maraqlı görüşlər keçirmiş, məzmunlu söhbətlər aparmışlar. Bu görüşlər kollecə olan beynəlxalq marağın daha da artmasına əhəmiyyətli təsir göstərmişdir. Bir sıra beynəlxalq turizm təşkilatları Mingəçevir Turizm Kollecində xarici tələbələrin təhsil almaq imkanlarını nəzərdən keçirmiş, nüfuzlu beynəlxalq şirkətlərlə tələbə istehsalat mübadiləsi barədə ilkin razılaşmalar əldə edilmişdir. Belə təşkilatlardan biri də Şri-Lankanın tanınmış turizm təşkilatıdır. Şri-lankalı təmsilçilər Mingəçevir Turizm Kolleci tələbələrini öz ölkələrində təcrübə - istehsalat mübadiləsinə dəvət etmişlər.
Mingəçevir Turizm Kolleci üçün beynəlxalq sərginin ən möhtəşəm və unudulmaz anı isə dövlət başçısı ilə kollec üçün ayrılmış guşədə keçirilən görüşdür. Sərginin ikinci günü ekspozisiyalarla tanış olan Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevir Turizm Kollecinin təmsilçilik guşəsini ziyarət etmişlər. Nazir Əbülfəs Qarayev kollektivin təhsildə və beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlər, həmçinin ən son olaraq hazırda Rusiyanın iki nüfuzlu təhsil ocağı olan - Sankt-Peterburq Qonaqpərvərlik İnstitutu və Sankt-Peterburq Turizm və Hotel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin işgüzar əməkdaşlığı barədə dövlət başçısına məlumat vermişdir. Kollecin direktoru professor Əyyub Əyyubov təhsil müəssisəsində hazırda 12 ixtisas üzrə kadr hazırlığı aparıldığını və 6 mindən çox məzunun turizm sənayesinin müxtəlif sahələrində çalışaraq ümumi inkişafa töhfə verdiyini bildirmişdir.
Kollecin direktoru, professor Əyyub Əyyubov bizimlə söhbətində dedi:
- Prezident İlham Əliyevin yeritdiyi müdrik siyasət sayəsində doğma Azərbaycan sürətlə inkişaf edir, sosial-iqtisadi, idman, mədəniyyət sahəsində böyük uğurlara imza atılır. Azərbaycanı beynəlxalq turizm mərkəzinə çevirmək üçün dövlət səviyyəsində görülən tədbirlər məmnunluq doğurmaqla yanaşı, üzərimizə böyük məsuliyyət qoyur. Biz bütün səy və bacarığımızı səfərbər edərək çalışırıq ki, ölkənin turizm sənayesi üçün müasir dövrün tələblərinə cavab verən yüksək mədəni səviyyəyə malik kadrlar yetişdirək. Kollecimiz kifayət qədər güclü maddi-texniki bazaya malikdir. Beynəlxalq əlaqələrimizin sürətlə genişlənməsi, mövcud imkanlar qarşıya qoyulmuş vəzifələri şərəflə yerinə yetirmək, uğrunda çalışdığımız hədəflərə çatmaq üçün böyük stimul verir.
Lazım QULİYEV
Azərbaycan.- 2018.- 20 aprel.- S.11.