Qədim mətnlər və klassik
mənbələr erməni saxtakarlıqlarını ifşa edir
Aprelin 20-də Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov UNESCO tərəfindən elan olunmuş 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Gününün hər il ölkəmizdə təntənə ilə qeyd edildiyini, bununla bağlı müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Bildirilib ki, “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusundakı builki konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilib.
Müəllif Hüquqları Agentliyi İdarə Heyətinin sədri deyib ki, Xalq Cümhuriyyətinin süqutunda kommunist libası geyinmiş erməni millətçilərin – daşnakların əlinin olduğu heç kəsə sirr deyil. Məhz kifayət qədər güclü olmadığımız və erməni-daşnakların ərazi iddialarına son qoyacaqları barədə vədlərinə inandığımız üçün bir sıra ərazilərimiz o zaman ermənilərə verildi. Dövlətimizin başçısının dediyi kimi, “…1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir”. Bu gün Azərbaycan Prezidenti qüdrətimizə və iradəmizə əsaslanaraq bəyan edir ki, “Azərbaycan heç bir vaxt imkan verməyəcək ki, bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpaqlarımızda yaradılıbdır…”.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi fikirlərin əsasında haqq-ədalət, beynəlxalq hüquq və tarixi həqiqət durur: “...biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq... Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır... Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...”.
Ərazi iddiaları ilə yanaşı, ermənilər tərəfindən əqli mülkiyyətimizin oğurlanmasının “Azərbaycan mədəni ənənələrini özününküləşdirmək erməni ənənəsinə” çevrilməsi üsulları artıq çoxdan sirr deyil. Rəvayətlərimizi mənimsəmək, bayatılarımızı oğurlamaq, dastanlarımızı özününküləşdirmək üçün türk adlarının və coğrafi adların erməniləşdirilməsi, atalar sözləri və məsəllərimizin erməniləşdirilməsi üçün erməni dilinə, sonra isə digər dillərə tərcümə edilməsi, musiqimizi haylaşdırmaq üçün not şəklinə çevirib nəşr etmək, mətbəximizi, xalçalarımızı özününküləşdirmək ermənilərin gündəlik işinə çevrilib.
Hazırda milli sənət incilərimizin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs nümunələri siyahısına daxil edilməsi üçün ölkəmizdə fəal iş aparılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində 2008-ci ildən başlayaraq bu günədək Qeyri-Maddi Mədəni İrs inciləri sırasına Azərbaycanın 11 elementi daxil edilib: musiqi alətlərimiz, xalçamız və aşıq sənətimiz, mətbəximizə aid elementlər və s. Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, UNESCO-nun siyahısına daxil edilən mədəni irs nümunələrimizin sayı bədnam qonşularımızın qeydə götürülən elementlərinin sayını iki dəfədən çox üstələyir.
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycanın yenidən növbəti tarixi günlərini yaşadığını, ölkəmizdə prezident seçkilərinin uğurla başa çatdığını söyləyib. O bildirib ki, müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev ümumxalq səsverməsi ilə növbəti dəfə dövlət başçısı seçilib. Bu, Azərbaycan dövlətinin, müstəqilliyimizin, xalqımızın qələbəsidir.
Fəttah Heydərov işğal olunmuş torpaqlarımızda mədəni irsimizin məhv edilməsindən, onların ermənilər tərəfindən özününküləşdirilməsindən danışıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Müəllif Hüquqları Agentliyinin fəaliyyətini yüksək dəyərləndirib. Bildirilib ki, tarix boyu əbədi və əzəli torpaqlarımızda məskunlaşan ermənilər heç vaxt bədnam niyyətlərindən əl çəkməyib, bu gün də öz çirkin siyasətlərini davam etdirirlər. Milli Məclisin deputatı ermənilərin iç üzlərinin açılmasında, onların bəd əməllərinin ifşa olunmasında və əqli mülkiyyətimizin qorunmasında dövlətimiz və Müəllif Hüquqları Agentliyi tərəfindən görülən işləri yüksək dəyərləndirib, konfransın mövzusunun xalqımız və dövlətimiz üçün hər zaman, xüsusilə müasir dövrdə aktual olduğunu söyləyib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Müəllif Hüquqları Agentliyinin mütəmadi olaraq Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın malik olduğu dəyərlərlə bağlı mühüm işlər gördüyünü söyləyib. Bildirilib ki, erməni saxtakarlıqlarının açılmasında, onların yalan, əsassız olduğunun tarixi faktlarla beynəlxalq aləmə, ictimaiyyətə çatdırılmasında agentlik tərəfindən mühüm addımlar atılır, müxtəlif kitablar nəşr olunur, beynəlxalq konfranslar təşkil edilir.
Rektor diqqətə çatdırıb ki, mənfur qonşularımız tərəfindən hər zaman mədəniyyət abidələrimiz, memarlıq nümunələrimiz, milli mənəvi dəyərlərimiz saxtalaşdırılır, özününküləşdirilir və ya onlara yalandan müxtəlif əlavələr edilməklə etnik mənşəyi dəyişdirilir, mənimsənilir. Bədnam qonşularımız tərəfindən işğal olunmuş ərazilərimizdə memarlıq abidələrimiz dağıdılıb, məhv edilib və onların əksəriyyəti yer üzündən silinib. Agentlik tərəfindən erməni yalanlarının ifşa olunmasında mühüm işlərin görüldüyünü bildirən G.Məmmədova bu istiqamətdə müxtəlif sahələrdən alimlərin, tədqiqatçıların birgə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Elmira Axundova konfransın çox vacib, aktual mövzuya həsr olunduğunu söyləyib, erməni yalanlarının ifşa olunmasında, onların iç üzlərinin açılmasında böyük rol oynayan kitabların nəşr edildiyini, dəyərli tədqiqat işlərinin aparıldığını bildirib. Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin bütün kitablarında bu mövzudan ətraflı bəhs edən fəsil və bölmələr xüsusi yer tutur. Erməni tarixçilərinin hər zaman tarixi saxtalaşdırıb süni tarix yaratdıqlarını bildirən Elmira Axundova mənfur qonşularımıza qarşı müxtəlif ölkələrdən olan alimlərlə birgə mübarizə aparılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə sosial şəbəkələrdə bir sıra işlərin görülməsinin əhəmiyyətini qeyd edib. O, konfransın bu sahədə görülən işlərə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Konfransda MHA-nın eksperti Elşad Əlili “Armeniya” coğrafi
adının etimologiyası haqqında”, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi
adına Dilçilik İnstitutunun
qədim dillər və mədəniyyətlər şöbəsinin
müdiri, filologiya
elmləri doktoru İlhami
Cəfərsoy “Erməni əlifbasının Aran
mənşəyi”, Bakı Dövlət Universitetinin (BDU) tarix
fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının dosenti
Kərəm Məmmədov “Hayların etnik
xüsusiyyətləri”, BDU-nun dosenti Atamoğlan Məmmədli
“Azərbaycana aid kitabların erməni mətnləri
kimi oxunması cəhdləri”, AMEA-nın
A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə
fəlsəfə doktoru Allahverdi
Əlimirzəyev “Ermənilərin Urartu və
Armina dövlətlərinin mirasına
iddiaları”, professor Əjdər
Tağıoğlu “Özlərini hay
adlandıran və bizim “erməni dediyimiz” millətin etnoeponimi,
etnotarixi və etnoyazısı olubmu?”, filologiya elmləri
doktoru İslam
Sadıq “Erməni təbliğatı və Azərbaycan
həqiqətləri” mövzularında mərzələrlə
çıxış ediblər.
Azərbaycan.- 2018.- 21 aprel.- S.6.