Həyat bir nərdivandır...
Xalq şairi Nəriman Həsənzadə
yaradıcılığını sevənlərlə “Loqos”da bir
araya gəldi
Sözün poetik, lirik, dramatik, epik formasında qələmini sınamaq hər şairə, nasirə, publisistə nəsib olmur. Belə xoşbəxt qələm adamlarından biri də xalq şairi Nəriman Həsənzadədir. Nisbi xoşbəxtliyi poetik dillə ifadə edən, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi, milyonlarla oxucusunun, minlərlə tələbəsinin sevimlisi Nəriman Həsənzadə ilə hər görüş, məkanından və zamanından asılı olmayaraq, ədəbi hadisəyə çevrilir.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən “Həyat bir nərdivandır” adlı tədbir də ədəbi hadisə kimi yaddaşlara yazıldı.
Tədbirin təşkilatçısı Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin rəhbəri Təranə Məmmədova da məhz xalq şairi ilə hər görüşü belə adlandırıb əlavə etdi ki, xalqımızın Nəriman Həsənzadə kimi tanınmış şairləri, ziyalıları ilə görüşlərin keçirilməsi gənc nəslin intellektual səviyyəsinin yüksəlməsində, dünyagörüşünün genişlənməsində, bədii ədəbiyyata marağının artırılmasında, mənəvi dünyasının zənginləşməsində mühüm rol oynayır: “Ustadımızın sözlə bağlı maraqlı bir poetik ovqatını dilə gətirməmək günah olar:
Bilmirəm, bir ömür yaşamışammı,
Ya heç yaşamağa başlamışammı?!
Bəlkə yüz ilim var hələ qabaqda,
Bəlkə bircə həftə qalıb o vaxta?!
Deyirlər söz qalır dünyada yalnız,
Biz gəldi-gedərik
qalan hamımız.
Deyə bilərsənmi
qalan söz olsun,
Adımla çəkilən
filan söz olsun!..
Görüşün aparıcısı, əməkdar
mədəniyyət işçisi,
şair Vaqif Bəhmənli özünün
və neçə-neçə
qələm sahibinin yaradıcılığının parlamasında mayak hesab etdiyi xalq
şairinin həyatının
ağrı-acılı səhifələrini
yığcam şəkildə
vərəqlədi. Fikrinin əsas
qayəsi o oldu ki, sözlə sağalmaq istəyənlər
Nəriman Həsənzadənin
insanları həyata bağlayan şeirlərinə
müraciət etsin.
Çünki o, sözü ilə
loğman, fikri ilə bir ümmandır.
Azərbaycan Yazıçılar
Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid xatırlatdı ki, 1931-ci il fevral ayının 18-də
Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində
anadan olub, bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirən Nəriman Həsənzadənin uşaqlıq
illəri min bir əzabla keçib.
1949-1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində
ali təhsil
alıb. Moskvada İkiillik Ədəbiyyat,
beş il isə Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Azərbaycan
ədəbiyyatı tarixi
kafedrasının aspirantı
olub. Bədii yaradıcılıqla yanaşı, elmi fəaliyyəti ilə də diqqəti cəlb edib. 1965-ci ildə “Azərbaycan-Ukrayna
ədəbi əlaqələri”
mövzusunda dissertasiya
müdafiə edərək
filologiya elmləri namizədi (indi fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. “Azərbaycan
gəncləri” qəzetində,
“Azərbaycan” jurnalında
şöbə müdiri,
1976-1990-cı illərdə isə “Ədəbiyyat və incəsənət”
qəzetinin baş redaktoru vəzifələrində çalışan şair SSRİ
Yazıçılarının Ədəbiyyat Fondu Azərbaycan bölməsinin
direktoru olub.
N.Həsənzadənin ədəbi-bədii
və ictimai-siyasi fəaliyyəti ölkə
rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilib.
O, 2005-ci ildə xalq şairi fəxri adına layiq
görülüb və
2011-ci ildə “Şərəf”
ordeni ilə təltif edilib. Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünə layiq
görülən xalq
şairi Azərbaycan Milli Aviasiya Akademiyasının Humanitar
fənlər kafedrasının
müdiri vəzifəsində
işləyir, dosentdir.
Şair Nəriman Həsənzadənin
yüksək bədii
səviyyəyə malik
əsərləri xarici
mətbuat səhifələrində,
o cümlədən “Vətənsiz”
poeması 2009-cu ildə
Rumıniyada, “Nuru Paşa” poeması isə Türkiyədə
dərc edilib. Həmin
il Türkiyədə
keçirilən “Kayseri poeziya
günləri”ndə şair
yüksək mükafatlara
layiq görülüb,
“İlin şairi” elan olunub və
ona “Uğur - 2009” diplomu verilib.
Görüşün maraqlı
və yaddaqalan anları az
olmadı. Azərbaycan
Dillər Universitetinin
işarət dili təlimçisi Turan Məmmədli ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin
3-cü kurs tələbəsi
Belinay Yılmazın xalq şairinin şeirini bədii qiraət və mimika (işarət jestləri) ilə təqdim etmələri, həmçinin müğənni
Səyyad Əlizadənin
mahnıları
xoş ovqat yaratdı.
Sonda xalq şairi onun yaradıcılığına böyük
dəyər verən sevimli oxucularına yeni şeirlərini oxumaqla yanaşı, musiqili, ədəbi-bədii tədbirin
təşkili üçün
“Loqos” Psixoloji və Nitq İnkişaf
Mərkəzinin
Psixoloji Xidmət
və Tədqiqatlar İctimai Birliyinin rəhbərliyinə və
kollektivinə təşəkkürünü
bildirdi.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2018.- 21 aprel.-
S.7.