Prezident İlham Əliyevin iqtisadi inkişaf
strategiyasının əsas istiqamətləri
“İnsanların həyat şəraitini
yaxşılaşdırmaq qarşıda duran ən
böyük vəzifədir. Bunu etmək üçün
bizim hər cür imkanımız və yetərincə
möhkəm iradəmiz var.
Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən
güclü ölkəyə çevriləcək və digər
ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı
belə görmək istəyirəm”1.
İlham Əliyev
Hər bir dövlətin uzunmüddətli
inkişaf perspektivi onun sağlam və etibarlı təməl
üzərində qurulmasından asılıdır. Bu gün
ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə
çevrilməsi müasir Azərbaycanın qurucusu,
ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə
də onun dövlət quruculuğu və iqtisadi
islahatların həyata keçirilməsi sahəsində
atdığı strateji addımların nəticəsində
mümkün olmuşdur.
Azərbaycanda müstəqil dövlətçiliyin
qorunması ənənəsinin
yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi
və daha da güclənməsi, milli
iqtisadiyyatımızın sürətli inkişafı
Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Ümumiyyətlə, məqsəd və
vəzifələri, orta və uzunmüddətli dövr
üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən,
müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını
hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı
dönüşə nail olmaq mümkün deyil. Ötən 15
il ərzində Prezident İlham Əliyev Ulu Öndərin
qurduğu təməl üzərində Azərbaycanın bir
dövlət kimi dayaqlarını möhkəmləndirdi.
Dövlət
başçısının məqsədyönlü, konkret
hədəflərə istiqamətlənmiş fəaliyyəti
ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə
bağlı problemlərin həllinə sistemli və kompleks
yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri
yerinə yetirmək üçün ən səmərəli
üsul və vasitələrin seçilməsinə imkan
vermişdir.
Azərbaycanın sosial-iqtisadi
inkişafının əsas istiqamətləri İlham
Əliyevin 2003-2018-ci illərdə imzaladığı
çoxsaylı fərman və sərəncamlarda, dövlət
proqramlarında öz əksini tapmışdır.
Son 15 ildə Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi
quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan
regionun ən perspektivli ölkəsinə çevrildi. Hər
bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi
gücü və qüdrətinin ilbəil artmasının
şahidi oldu, iqtisadi inkişafın nəticələrini
özünün həyat səviyyəsinin yüksəlməsində
hiss etdi.
***
HEYDƏR
ƏLİYEV İQTİSADİ STRATEGİYASININ
DÖNMƏZLİYİ
Hər bir xalqın, millətin
xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və
güclü dövlətə malik olması ilə müəyyən
edilir. Dövlət müstəqilliyi hər şeydən əvvəl
onu qazanmış xalqın özünütəsdiqi və
milli özünüdərki üçün bir
şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli
istifadə edən xalqlar həm milli inkişafa nail olur, həm
də sahib olduqları dövlətin dayaqlarını möhkəmləndirə
bilirlər.
Azərbaycanın müasir tarixində
dövlətçiliyin qorunması ənənəsinin
yaranması ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Heç şübhəsiz, dövlət
müstəqilliyinin qorunub saxlanılması onun
qazanılmasından qat-qat çətindir. Bunu müstəqil
Azərbaycanın keçdiyi inkişaf yolu da bir daha təsdiq
edir. Bu müddət ərzində dövlətimizə və
onun müstəqilliyinə qarşı qəsdlər olsa da,
onların qarşısı qətiyyətlə
alınmışdır.
Dövlət müstəqilliyi və
siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait
yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və
güclənməsi də dövlət müstəqilliyinin
dayaqlarını daha da möhkəmləndirir. Əgər Azərbaycan
öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsəydi,
nə neft strategiyasını, nə də təşəbbüskarı
olduğumuz digər strateji və transmilli layihələri həyata
keçirə bilərdik. Dövlət müstəqilliyinin
gücləndirilməsi iqtisadiyyatımızın milli
maraqlara uyğun inkişaf etdirilməsinə şərait
yaratmışdır.
Azərbaycanın təkcə
dövlətçilik deyil, həm də iqtisadi inkişaf
tarixinin ən parlaq və şərəfli dövrü Heydər
Əliyevin adı ilə bağlıdır. Həmin
dövrün siyasi və iqtisadi aspektlərinin öyrənilməsi
hər zaman öz aktuallığını saxlayır. Bu, gələcək
inkişafımızın əsas istiqamətlərini müəyyən
etmək və bir daha dəqiqləşdirmək
baxımından zəruridir. Heydər Əliyevin
“İqtisadiyyatı qüdrətli olan dövlət hər
şeyə qadirdir” fikri bir daha təsdiq edir ki, Ümummilli
Lider milli iqtisadiyyatımızın inkişafına dövlət
quruculuğunun mühüm tərkib hissəsi kimi hər zaman
böyük önəm vermişdir.
Keçmiş İttifaq daxilində
Azərbaycan iqtisadiyyatı vahid xalq təsərrüfatı
kompleksinin tərkib hissəsi olsa da, özünəməxsus
inkişaf yolu keçmiş, Heydər Əliyevin rəhbərliyi
ilə həmin dövrdə genişmiqyaslı iqtisadi quruculuq
prosesinə start verilmişdir.
Hələ Sovet İttifaqı
dağılmamışdan əvvəl ekspertlər siyasi
müstəqilliyə iqtisadi cəhətdən hazır olan
iki respublikadan biri kimi, məhz Azərbaycanı qeyd edirdilər.
Çıxarılan belə bir nəticə ölkəmizin təkcə
təbii sərvətlərinin zənginliyinə deyil, həm
də milli iqtisadiyyatımızın inkişaf perspektivlərinə
əsaslanırdı. Belə ki, keçmiş Sovet
İttifaqı dövründə Azərbaycanın büdcə
gəlirləri xərclərindən bir qayda olaraq çox
olurdu. Həmçinin istehsal olunan milli gəlirlə istehlak
olunan milli gəlir arasında birincinin xeyrinə böyük fərq
əmələ gəlirdi.
Keçmiş İttifaqın tərkibində
olan “müttəfiq” respublikalardan biri kimi, mövcud maneələrə,
müstəqil iqtisadi siyasət yürütmək
imkanlarının məhdud olmasına baxmayaraq, Azərbaycan
Heydər Əliyevin rəhbərliyi ilə öz iqtisadi
potensialını, milli iqtisadi maraqlarını
reallaşdıra bilmişdir. Respublikamız iqtisadiyyatın
bütün sahələrində güclü iqtisadi və
kadr potensialı yaratmağa nail olmuşdur. Bir çox məhsulların
istehsalına görə Azərbaycan keçmiş SSRİ-də
qabaqcıl yerlərdən birini tuturdu. Bu dövrdə yeni sənaye
müəssisələrinin açılması, maşın
və avadanlıqların alınması digər respublikalara
nisbətən Azərbaycanda əsas fondların daha sürətlə
artmasına səbəb olmuşdur.
Heydər Əliyev 1993-cü ildən
– müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən
müasir dünya düzəninin inkişaf meyillərini
uzaqgörənliklə qiymətləndirərək,
çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf
yolunu seçdi. Bu yol isə iqtisadiyyat üzərində
dövlət inhisarçılığının aradan
qaldırılmasından, sahibkarlığın inkişaf
etdirilməsindən və iqtisadiyyatın
liberallaşdırılmasından başlayır.
1994-cü ildə isə “Əsrin
müqaviləsi”nin imzalanması ilə Heydər Əliyevin
müəllifi olduğu neft strategiyasının əsası
qoyuldu. Bu strategiya çərçivəsində həyata
keçirilmiş tədbirlər, o cümlədən Dövlət
Neft Fondunun yaradılması məhz davamlı inkişafın
təmin edilməsinə, dövlətimizin iqtisadi və sosial
dayaqlarının möhkəmləndirilməsinə yönəldilmişdir.
Milli iqtisadiyyatımızın
inkişafı üçün strateji və siyasi xarakterli
mühüm addımlardan biri 1995-ci il noyabrın 12-də
müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyasının qəbul edilməsi oldu. Yeni Konstitusiya
dövlət idarəçiliyinin formasını, vətəndaşların
və dövlətin hüquq və vəzifələrini
müəyyən etməklə yanaşı, həm də
iqtisadi sistemin əsaslarını, dövlətin iqtisadi
strategiyasının başlıca prinsiplərini də
özündə əks etdirmişdir.
Ölkəmizin sürətli
sosial-iqtisadi inkişafı və onun regionda güc mərkəzinə
çevrilməsi ulu öndər Heydər Əliyevin dövlət
quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi
sahəsində atdığı strateji addımların nəticəsində
mümkün olmuşdur. Xüsusilə də 1990-cı illərin
ortalarından başlayaraq görülmüş tədbirlər
milli iqtisadiyyatın sabitləşdirilməsində və
inkişafında həlledici rol oynamışdır.
Xatırladaq ki, 1990-1995-ci illərdə
ÜDM-in həcmi hər il orta hesabla 15 faiz azalırdı.
İqtisadi artım tempinin aşağı düşməsi
inflyasiya ilə müşayiət edildiyinə görə
ölkədə 1990-cı illərin əvvəllərində
staqflyasiya müşahidə edilirdi. Azərbaycanda 1991-ci ildən
başlayan iqtisadi tənəzzülün qarşısı
yalnız makroiqtisadi sabitləşdirmə proqramlarının
həyata keçirilməsindən sonra – 1996-cı ildə
alındı.
1990-cı illərin əvvəllərində
ölkədə qiymət artımı hiperinflyasiya həddinə
çatmışdır. Belə ki, inflyasiyanın səviyyəsi
1992-ci ildə 1174 faiz, 1993-cü ildə 1081 faiz təşkil
etmişdir. Yalnız Heydər Əliyevin imzaladığı
“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və
iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında” 1994-cü il 15 iyun tarixli Fərmanın
icrasından sonra inflyasiyanı 1995-ci ildə 85 faizə,
1996-cı ildə isə 2,5 faizə endirmək mümkün
olmuşdur. Sərt pul-kredit və maliyyə siyasətinin həyata
keçirilməsini nəzərdə tutan bu Fərmanla
ölkədə ardıcıl antiinflyasiya tədbirlərinə
başlanıldı. Artıq 1996-cı ildən etibarən
inflyasiya tədricən azalaraq 2002-ci ildə 2,8 faizə
enmişdir.
1990-cı illərin əvvəllərində
inflyasiya tempinin əməkhaqqının artım tempini əhəmiyyətli
dərəcədə qabaqlaması əhalinin
alıcılıq qabiliyyətini kəskin şəkildə
aşağı salırdı. Əhalinin sosial müdafiəsi
hər şeydən əvvəl maliyyə sabitliyinin təmin
olunmasını tələb edirdi. Yüksək inflyasiya şəraitində
isə həyat səviyyəsini nəinki yüksəltmək,
hətta qoruyub saxlamaq mümkün deyildi. Yalnız 1996-cı
ildən etibarən inflyasiyanın cilovlanması əhalinin həyat
səviyyəsinin pisləşməsinin
qarşısını aldı.
Heydər Əliyevin milli
iqtisadiyyatımızın inkişafı üçün əsas
xidmətləri bir tərəfdən ictimai-siyasi sabitliyin təmin
edilməsindən, digər tərəfdən də iqtisadi islahatların
aparılmasına ardıcıl siyasi dəstəyin verilməsindən
ibarət olmuşdur. Belə bir siyasi impuls olmadan iqtisadi
quruculuq sahəsində böyük uğurlar əldə etmək
mümkün olmazdı.
İqtisadi islahatların həyata
keçirilməsi üçün münbit şəraitin
yaradılması, milli iqtisadiyyatımızın bazar
münasibətləri əsasında inkişafına
konstitusion təminatın verilməsi, neft müqavilələrinin
imzalanması, xarici investisiyaların ölkə
iqtisadiyyatına cəlb edilməsi, ölkəmizin beynəlxalq
əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması,
dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın
dərinləşdirilməsi Ümummilli Liderin fəaliyyəti,
onun bu sahədə atdığı strateji addımların nəticəsində
mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin
söylədiyi bir fikri xatırlatmaq istərdim: “Beş ildən
sonra Azərbaycan dünyəvi dövlət, daha yüksək
sürətlə inkişaf edən, kifayət qədər
güclü iqtisadiyyata və yaxşı həyat səviyyəsinə
malik respublika olacaqdır. Bu, həddən çox “əgər”lərdən
asılıdır…”2. Bəli! Ümummilli Liderin qətiyyətlə
söylədiyi nikbin fikirlər artıq özünü
doğrultmaqdadır. Fikrimizcə, bu şərtlərdən ən
əsası bazar “relsləri” üzərinə
keçirilmiş Azərbaycan iqtisadiyyatının inkişaf
sürətinin artırılması, ölkənin mövcud
iqtisadi potensialından daha səmərəli istifadə edilməsidir.
Konkret strategiya olmadan nə iqtisadi
transformasiyanı, nə də milli iqtisadiyyatın
formalaşdırılması prosesini uğurla həyata
keçirmək mümkündür. Strategiya sosial-iqtisadi
inkişafın əsas oriyentirlərini müəyyən edir.
Genişmiqyaslı islahatlar aparmadan, ölkə iqtisadiyyatının
ayrı-ayrı sahələrində köklü dəyişikliklər
etmədən müəyyən edilmiş iqtisadi
strategiyanın reallaşdırılmasına nail ola bilməzdik.
Dünya ölkələrinin təcrübəsi göstərir
ki, iqtisadi islahatları yalnız güclü siyasi iradəyə
və qətiyyətli mövqeyə malik olan dövlətlər
uğurla həyata keçirə bilir. Bu baxımdan Azərbaycanın
siyasi rəhbərliyinin qəbul etdiyi radikal qərarlar
islahatların dönməzliyinin təmin edilməsində həlledici
rol oynamışdır.
Siyasi dəstək olmadan yeni iqtisadi münasibətlərin
təşəkkül tapması qeyri-mümkündür. Bu
baxımdan iqtisadiyyatın liberallaşdırılmasına,
sahibkarlığın inkişaf etdirilməsinə Heydər
Əliyevin ardıcıl siyasi və ideoloji dəstəyi
iqtisadi yeniləşmə prosesinin dönməzliyini təmin
etmişdir. Belə ki, Ulu Öndərin təşəbbüsü
ilə yeni iqtisadi sistemin formalaşdırılması
üçün bir sıra fərman və sərəncamlar
imzalanmış, mühüm dövlət proqramları qəbul
edilmişdir. Ölkədə sahibkarlığın dəstəklənməsi
özəl sektorun güclənməsi üçün
geniş perspektivlər açmışdır. 1990-cı illərin
ortalarından etibarən həyata keçirilən özəlləşdirmə
proqramı özəl sektorun təşəkkülü
prosesinə zəmin yaratmışdır.
Ulu Öndərin imzaladığı
“Azərbaycan Respublikasında kiçik və orta
sahibkarlığın inkişafının Dövlət
Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında
sahibkarlığın inkişafına dövlət himayəsi
sahəsində əlavə tədbirlər haqqında” 2002-ci
il 10 sentyabr tarixli, “Sahibkarlığın inkişafına mane
olan müdaxilələrin qarşısının
alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli fərmanlar
özəl sektorun inkişafında mövcud olan problemlərin
kompleks və sistemli həllini, sahibkarlığın sürətli
inkişafı üçün əlverişli iqtisadi və
institusional mühitin yaradılmasını, müxtəlif
dövlət orqanlarının nəzarət
funksiyalarının məhdudlaşdırılmasını nəzərdə
tuturdu.
Azərbaycanda iqtisadiyyatın idarə
edilməsinin təşkilati strukturunun təkmilləşdirilməsinə,
islahatların kadr təminatı ilə bağlı problemlərin
həllinə Ümummilli Lider xüsusi diqqət yetirirdi. Onun
tərəfindən “Azərbaycan Respublikasının dövlət
idarəetmə sistemində islahatlar aparılması üzrə
dövlət komissiyasının yaradılması haqqında”
1998-ci il 29 dekabr tarixli Fərmanın imzalanması institusional
islahatların konseptual əsaslarının hazırlanması
və bu prosesin geniş miqyasda həyata keçirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb
etmişdir.
Müasir dövrün tələblərinə
cavab verən dövlət qulluğu sisteminin
formalaşdırılması istiqamətində də
mühüm addımlar atılmışdır. Belə ki,
“Dövlət qulluğu haqqında” Qanun qəbul edilmiş,
dövlət orqanlarında müsabiqə yolu ilə işə
qəbul prosesinə başlanılmış, Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya
yaradılmışdır.
Ulu Öndər Azərbaycanın
iqtisadi inkişaf tarixinə həm də radikal torpaq
islahatlarının müəllifi kimi imzasını atdı.
1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı
haqqında” Qanuna əsasən, MDB məkanında ilk dəfə
olaraq, torpaq üzərində xüsusi mülkiyyətçiliyin
əsası qoyuldu. Bu, torpaq bazarının və kənddə
yeni iqtisadi münasibətlərin formalaşması
üçün hüquqi baza yaratdı.
Heydər Əliyev aqrar islahatların
gedişi və onun perspektivləri barədə çox
aydın strateji baxışlara malik idi. Ümummilli Lider qeyd
edirdi: “Aqrar bölməni keçmiş sistem əsasında,
keçmiş prinsiplər əsasında idarə edib istənilən
nəticəyə nail ola bilmərik... İslahatların əsasını
mülkiyyət formasının dəyişdirilməsi təşkil
edir... Gərək kəndli torpağın sahibi olsun və
bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə
edə bilər... İslahatlar xalqımızın ümumi
rifahının qaldırılması üçün həyata
keçirilməlidir. Əks təqdirdə, islahatlar səmərəsiz
ola bilər... Bu islahatların aparılmasında mühafizəkarlığa
qətiyyən yol vermək olmaz, eyni zamanda, islahat
şüarları altında aqrar bölmədə əldə
olan potensialımızın dağılmasına da yol vermək
olmaz”3.
Həyata keçirilmiş aqrar
islahatların nəticəsidir ki, hazırda kənd təsərrüfatı
istehsalının 99 faizi özəl bölməyə əsaslanır.
Bu isə aqrar sektorun inkişafına müsbət təsir
göstərən həlledici amildir. 1992-1995-ci illərdə
kənd təsərrüfatında istehsal həcmi ildə orta
hesabla 12 faiz, təkcə 1992-ci ildə isə 23,8 faiz
aşağı düşmüşdür. Aqrar sahədə
tənəzzülün qarşısı yalnız 1998-ci ildən
alınmış və həmin dövrdən başlayaraq,
istehsal artan dinamika ilə davam etmişdir.
1999-cu ildən etibarən kənd təsərrüfatı
məhsulları istehsalçıları torpaq vergisi istisna
olmaqla, bütün vergilərdən azad olunmuşdur. Həmin
güzəştlər davamlı olaraq bu günə kimi tətbiq
edilməkdədir.
İqtisadi islahatların həyata
keçirilməsi sahəsində beynəlxalq maliyyə təşkilatları
ilə sıx əməkdaşlıq münasibətləri
qurulmuşdur. Azərbaycan Respublikası Dünya Bankına və
Beynəlxalq Valyuta Fonduna (BVF) üzv dövlət kimi 1992-ci
ildə qəbul edilsə də, həmin təşkilatlarla
intensiv əməkdaşlığa, birgə
hazırlanmış iqtisadi proqramların və layihələrin
həyata keçirilməsinə, kredit tranşlarının
açılmasına əsasən 1995-ci ildən
başlanılmışdır. Bu, hər şeydən əvvəl
onunla izah olunur ki, həmin dövrədək ölkəmizdə
siyasi vəziyyətin qeyri-sabitliyi şəraitində beynəlxalq
maliyyə təşkilatları Azərbaycanla fəal əməkdaşlığa
meyil etmir və kreditlərin ayrılmasında gözləmə
mövqeyi tuturdular. Birgə iqtisadi proqram və layihələrin
həyata keçirilməsinə ictimai-siyasi vəziyyətin
sabitləşdirilməsindən sonra
başlanılmışdır.
Heydər Əliyev iqtisadi
strategiyası hələ uzunmüddətli dövr
üçün Azərbaycanda əsas götürüləcək.
Prezident İlham Əliyev 2003-cü ildə
seçkiqabağı çıxışlarında Ulu
Öndərin müəyyən etdiyi ümumi iqtisadi kursun
davam etdiriləcəyini bəyan etmişdir. Çünki bu
kurs dünya sivilizasiyasının qəbul etdiyi bazar
iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq
iqtisadi əməkdaşlığın dərinləşməsinə,
sosialyönümlü iqtisadi siyasətin həyata
keçirilməsinə əsaslanır.
İlham Əliyev Azərbaycan
Respublikasının Prezidenti kimi səlahiyyətlərinin
icrasına yenicə başladığı dövrdə
jurnalistlərə verdiyi ilk müsahibəsində
bildirmişdir: “Artıq Azərbaycanda ölkəmizi
inkişaf etdirmək üçün gözəl zəmin
yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti
Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin
üzərində gözəl binanın inşa edilməsi
asan görünə bilər. Amma, eyni zamanda, həyat yerində
durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr
çıxır”4.
Bu gün islahatların gedişi
prosesində yeni iqtisadi şəraitin reallıqları nəzərə
alınır, iqtisadi siyasətin ayrı-ayrı istiqamətləri
müasir dövrün tələblərinə
uyğunlaşdırılır və daha da təkmilləşdirilir.
PREZİDENT
İLHAM ƏLİYEVİN HÖKUMƏTİN
İQTİSADİ BLOKUNA İLK TAPŞIRIQLARI
“Bütün planlarımızın həyata
keçirilməsi üçün başlıca şərt
iqtisadi potensialdır”5. Bu, Prezident İlham Əliyevin səsləndirdiyi
əsas tezislərdən biridir. Təsadüfi deyildir ki,
hazırda Azərbaycanda dövlət idarəçiliyi əsas
etibarilə “güclü iqtisadiyyat-güclü dövlət”
prinsipinə əsaslanır. İqtisadi diplomatiyanın
imkanlarından maksimum istifadə edilməsi də bu prinsipin
reallaşdırılmasına xidmət edir.
Hələ 2003-cü ildə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına
başladığı çox qısa bir müddətdə
İlham Əliyev ölkəmizin inkişaf prioritetlərini
müəyyən edən “Azərbaycan Respublikasında
sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” Fərman imzaladı, az sonra davamlı və
tarazlı inkişafın təmin edilməsinə yönəldilmiş
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramı”nı
(2004-2008-ci illər) təsdiq etdi.
Prezident İlham Əliyev neft gəlirlərinin
artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün
müəyyən təhlükələrin, o cümlədən
inflyasiya potensialının yarana biləcəyini nəzərə
alaraq, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin
gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman
imzalamışdır. Milli iqtisadiyyatımızın neft bumu
mərhələsinə hazırlığını təmin
edən bu Fərmanda dövlət büdcəsi xərclərinə
nəzarətin gücləndirilməsi, neft ixracından əldə
ediləcək vəsaitlərin səmərəli idarə
olunması və istifadəsi ilə bağlı məsələlər
öz əksini tapmışdır.
Davamlı inkişaf neft gəlirlərinin
prioritet istiqamətlər üzrə səmərəli istifadə
edilməsindən asılıdır. Bu baxımdan 2004-cü
ildə “Neft və qaz gəlirlərinin idarə olunması
üzrə uzunmüddətli strategiya”nın (2005-2025) dövlət
başçısı tərəfindən təsdiqi
xüsusi olaraq qeyd edilməlidir. Azərbaycanda neft və qaz gəlirlərinin
kəskin artması şəraitində makroiqtisadi sabitliyin
qorunması, gəlirlərin bir hissəsinin gələcək
nəsillər üçün saxlanması, onlardan əhalinin
rifahının yüksəldilməsi üçün istifadə
edilməsi, qeyri-neft sektorunun inkişafının
stimullaşdırılması neft və qaz gəlirlərinin
idarə olunması üzrə uzunmüddətli
strategiyanın qəbul edilməsini zərurətə
çevirmişdir. Bu strategiya neft və qaz gəlirlərindən
istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər
siyasətini müəyyənləşdirdi.
Prezident İlham Əliyev “Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı
ilə hökumətin iqtisadi blokuna ilk
tapşırıqlarını vermişdir. Ölkəmizin
sosial-iqtisadi həyatının ən aktual problemlərini
özündə əks etdirən bu Fərmanı dövlət
başçısının iqtisadi komandaya ilk
tapşırıqlarının məcmusu kimi qiymətləndirmək
olar.
Şərti olaraq, Fərmanda əks
olunan məsələləri məzmun və xarakterinə
görə 5 əsas blok üzrə - institusional, sosial, sənaye,
sahibkarlığın inkişafı və bazar mühitinin
yaxşılaşdırılması və dövlət maliyyə
sisteminin təkmilləşdirilməsi istiqamətləri
üzrə qruplaşdırmaq olar.
İnstitusional blok qəbul edilmiş
dövlət proqramlarının icra vəziyyətinin
araşdırılması, iqtisadiyyatın idarə edilməsində
islahatların başa çatdırılması, vətəndaşların
ərizə və şikayətlərinə vaxtında
baxılmasının təmin edilməsi, mərkəzi icra hakimiyyəti
orqanlarında intizamın gücləndirilməsi, beynəlxalq
və regional iqtisadi qurumlarla əməkdaşlığın
dərinləşdirilməsi, bank sistemində və kommunal
sektorda islahatların aparılması kimi məsələləri
əhatə edirdi.
Sosial bloka işsizliyin
azaldılması, qaçqın və köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması, regionların
sosial-iqtisadi inkişafı, əməkhaqqı sisteminin təkmilləşdirilməsi,
pensiya sistemində və sosial sahədə islahatların
sürətləndirilməsi və məşğulluğun təmin
edilməsi məsələləri daxil edilmişdir.
Sənaye bloku qeyri-neft sektorunun
inkişaf etdirilməsi, bu sektora investisiyaların cəlb
olunmasının stimullaşdırılması, yeni emal müəssisələrinin
yaradılması, ixracın stimullaşdırılması və
alternativ enerji mənbələrindən istifadə edilməsi
məsələlərini nəzərdə tuturdu.
Sahibkarlığın inkişafı
və bazar mühitinin yaxşılaşdırılması
bloku özəl sektorun inkişafı ilə bağlı qərarların
icrasının təmin edilməsi, dövlət müəssisələrinin
özəlləşdirilməsinin və idarəetməyə
verilməsinin sürətləndirilməsi, inhisarçılıq
fəaliyyətinin məhdudlaşdırılması və
haqsız rəqabətin qarşısının
alınması, kreditlər üçün girov təminatının
təkmilləşdirilməsi, aqrar sektorda islahatların ikinci
mərhələsinin başlanılması ilə
bağlı tapşırıqları əhatə edirdi.
Dövlət maliyyə sisteminin təkmilləşdirilməsi
bloku dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsi,
dövlət büdcəsi vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə edilməsi, dövlət
satınalmalarına nəzarətin gücləndirilməsi,
büdcə sisteminin təkmilləşdirilməsi, dövlət
müəssisələrində maliyyə intizamının
möhkəmləndirilməsi və ödəməmələr
probleminin aradan qaldırılması ilə bağlı
tapşırıqları ehtiva edirdi.
Sistemli və kompleks xarakter
daşıyan bu Fərman biri digərinin reallaşmasına
şərait yaradan istiqamətləri özündə birləşdirmişdir.
Məsələn, inhisarçılığı aradan
qaldırmadan sahibkarlığı inkişaf etdirmək, idarəetmə
sistemini yeniləşdirmədən iqtisadi islahatları
sürətləndirmək, qeyri-neft sektorunun və
regionların inkişafını təmin etmədən
işsizlik problemini həll etmək mümkün deyildir.
Adından da göründüyü
kimi Fərman sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirlərini əhatə edir. Doğrudur, 2000-ci illərin
ortalarında Azərbaycan iqtisadiyyatı artıq inkişaf
“relsləri” üzərinə keçirilsə də, iqtisadi
proseslərə impuls, dinamizm verməyə ehtiyac var idi. Bu
baxımdan Prezident İlham Əliyevin ilk iqtisadi Fərmanı
inkişafın sürətləndirilməsinə yönəldilmişdir.
Ulu Öndər də 1994-cü ildə “Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi və maliyyə vəziyyətinin
sabitləşdirilməsi tədbirləri haqqında” ilk
genişmiqyaslı Fərman imzalamışdır. Məhz həmin
Fərmanla makroiqtisadi sabitliyin əsası qoyulmuşdur.
Prezident İlham Əliyevin ölkənin
iqtisadi həyatında reallaşdırdığı
mühüm təşəbbüslərdən biri denominasiya
ilə bağlı olmuşdur. Ölkədə pul dövriyyəsini
daha da yaxşılaşdırmaq, məzənnə və qiymətlər
miqyasını optimallaşdırmaq, uçot və
hesablaşma sistemini sadələşdirmək məqsədi
ilə 2005-ci ildə “Azərbaycan Respublikasında pul
nişanlarının nominal dəyərinin və qiymətlər
miqyasının dəyişdirilməsi (denominasiyası)
haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
imzalandı. 2006-cı il yanvarın 1-dən milli valyutanın
- manatın denominasiyası həyata keçirildi. 1 yeni manat
5000 köhnə manata bərabər tutuldu. Denominasiyanın həyata
keçirilməsi ölkəmizdə makroiqtisadi sabitliyi bir
daha təsdiq etdi.
Dövlət müstəqilliyinin bərpa
edilməsindən sonra keçmiş Sovet İttifaqından
miras qalmış problemlərdən biri 1990-cı illərin əvvəllərində
yüksək inflyasiya səbəbindən vətəndaşlarımızın
keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankında olan əmanətlərinin kəskin
şəkildə ucuzlaşması olmuşdur. Bu əmanətlər
Azərbaycan dövləti tərəfindən bir neçə
dəfə indeksləşdirilmiş və onlara görə
kompensasiyalar verilmiş (1993-1997-ci illərdə), əmanətçilərin
bir qismi qeyd olunan kompensasiyanı almış, böyük bir
hissəsi əmanətləri və onlara görə verilən
kompensasiyaları almaq hüquqlarından istifadə etməmiş
və keçən müddət ərzində həmin əmanətlərin
dəyəri xeyli azalmışdır. Bunu nəzərə
alaraq, Azərbaycan Respublikasının Prezidenti 2012-ci ildə
həmin əmanətçilərə fərdi birdəfəlik
ödəmələrin verilməsi barədə Fərman
imzalamışdır. Belə bir qərarın qəbul edilməsi
Azərbaycanda iqtisadi siyasətlə sosial siyasətin bir-biri
ilə uzlaşdırıldığını
açıq-aydın nümayiş etdirir.
Ümumiyyətlə, məqsəd və
vəzifələri, orta və uzunmüddətli dövr
üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən,
müxtəlif sahələr üzrə fəaliyyət
proqramlarını hazırlamadan həyata keçirilən hər
hansı bir tədbir ölkənin sosial-iqtisadi həyatında
əsaslı dönüş yarada bilməz. 2003-2017-ci illər
ərzində Prezident İlham Əliyevin məqsədyönlü,
konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti
ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə
bağlı problemlərin həllinə sistemli və kompleks
yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri
yerinə yetirmək üçün ən səmərəli
üsul və vasitələrin seçilməsinə imkan
vermişdir.
AZƏRBAYCAN
İQTİSADİYYATI YENİ İNKİŞAF
MƏRHƏLƏSİNDƏ
Son 15 il sosial-iqtisadi inkişafın
sürətləndirilməsi ilə xarakterizə edilməklə
Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu
olmuşdur. Əldə olunan uğurları, ilk növbədə,
ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli
addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması,
dövlət idarəçiliyinin səmərəli təşkili,
vahid dövlət siyasətinin həyata keçirilməsi,
iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən
edilməsi, islahatların davamlı xarakter daşıması,
cəmiyyətin real ehtiyaclarının ödənilməsinə
yönəldilmiş dövlət proqramlarının
reallaşdırılması təmin etmişdir. Bu müddət
ərzində Azərbaycan vətəndaşları ölkəmizin
iqtisadi gücü və qüdrətinin getdikcə
artmasının şahidi olmaqda və iqtisadi sahədə
müşahidə edilən mütərəqqi dəyişiklikləri
özünün həyat səviyyəsində, rifahında
hiss etməkdədirlər.
Hazırda islahatların
texnologiyası da təkmilləşməkdədir. İqtisadi
siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri
ilə institusional islahatların paralel aparılması, konkret
hədəflərə və maliyyə mənbəyinə əsaslanan
proqramlı idarəetmə bunu bir daha təsdiq edir. Son 15 ildə
201 proqram xarakterli sənəd, o cümlədən 12 Konsepsiya,
12 Milli Strategiya, 12 Strateji Yol Xəritəsi, 94 Dövlət
Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər
Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və
proqramlar qəbul edilmişdir.
Hazırda qeyri-neft sektorunda
müşahidə edilən davamlı artım meyilləri,
valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə
xarici dövlət borcunun minimal səviyyəsi, mühüm nəqliyyat-enerji
layihələrinin reallaşdırılması ölkəmizin
milli və iqtisadi təhlükəsizliyi üçün
möhkəm əsaslar yaradır. Strateji əhəmiyyətə
malik bu cür genişmiqyaslı işlər milli və
iqtisadi maraqlarımızın qorunması, iqtisadi
diplomatiyanın imkanlarından məharətlə istifadə
edilməsi, iqtisadiyyat və siyasətin bir-biri ilə
uğurlu bir şəkildə uzlaşdırılması ilə
tamamlanır.
Sənayenin modernləşdirilməsi
və strukturunun təkmilləşdirilməsi Prezident
İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin
mühüm tərkib hissəsidir. Belə ki, dövlət
başçısı ölkəmizdə sənayeləşmənin
sürətləndirilməsi, qeyri-neft sənayesinin ixrac
potensialının artırılması, elmtutumlu və
innovativ istehsalın təşkili, yüksək əlavə dəyər
yaradan rəqabətqabiliyyətli sənaye istehsalının
genişləndirilməsi məqsədi ilə “Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər
üçün Dövlət Proqramı”nı təsdiq
etmiş, 2014-cü ili “Sənaye İli” elan etmişdir.
Sənaye parkları və məhəllələri
mövcud potensialın gücləndirilməsi və yeni
istehsal sahələrinin yaradılması, sənayedə
struktur dəyişikliyi baxımından yeni yanaşmadır.
Odur ki, son dövrlərdə ölkədə bu cür təsisatların
yaradılması istiqamətində xeyli iş
görülmüşdür.
Kimya sənayesinin inkişaf etdirilməsi
məqsədi ilə 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına qərar
verilmişdir.
Ölkə
başçısının iştirakı ilə 2017-ci ildə
Balaxanı Sənaye Parkının açılış mərasimi
keçirilmişdir. Sənaye Parkının Balaxanı
poliqonuna və tullantıların yandırılması
zavoduna, o cümlədən əsas nəqliyyat
qovşağına yaxınlığı xammal və enerji təchizatı,
əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun
asanlıqla satış bazarına çıxmasına şərait
yaradır.
2016-cı ildə təməli
qoyulmuş Mingəçevir Sənaye Parkında isə
yüngül sənaye məhsulları, o cümlədən
iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika
istehsalı üzrə 9 fabrikin yaradılması nəzərdə
tutulur. Pambıqçılığın sürətlə
inkişafı qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və
emal sahələrinin təşkilini tələb edir. Mingəçevir
Sənaye Parkının ərazisində yaradılmış
“Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin
iki iplik istehsalı müəssisəsi - “Ring” üsulu ilə
istehsal edilən pambıq-poliester fabriki və “Open End”
üsulu ilə iplik istehsal edən fabrik belə müəssisələrdəndir.
Prezident İlham Əliyev 2018-ci ilin fevral ayında hər iki
fabrikin açılışında iştirak etmişdir.
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə
yaradılan bu cür müəssisələrin istifadəyə
verilməsi ölkədə toxuculuq sənayesinin
inkişafına, yerli istehsal müəssisələrinin
davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına,
eləcə də istehsal edilən pambığın hazır
məhsul kimi ixracına imkan verəcəkdir.
Gəmiqayırma sahəsində
ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı gəmiqayırma
zavodu fəaliyyət göstərir və zavodda yüksək
yükgötürmə qabiliyyətinə malik tanker, dəniz
təchizat gəmisi və digər təyinatlı gəmilərin
istehsalı həyata keçirilir.
Əczaçılıq məhsullarının
istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye
Parkında artıq təməli qoyulmuş dərman
zavodlarının tikintisi istiqamətində müvafiq tədbirlər
görülür. Ölkəmiz üçün yeni sahə
olan əczaçılıq sənayesinin yaradılması məşğulluğun
təmin olunmasında əhəmiyyətli rol oynamaqla
yanaşı, həm də yerli istehsal hesabına əhalini
keyfiyyətli əczaçılıq məhsulları ilə
təmin edəcək, idxaldan asılılığı
azaldacaq və ixrac potensialını yüksəldəcəkdir.
2017-ci ildə isə Prezident İlham
Əliyev ölkədə ilk dəfə yaradılmış
Neftçala Sənaye Məhəlləsinin
açılışında iştirak etmişdir. Hazırda
Neftçala Sənaye Məhəlləsində avtomobil,
balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen
suvarma boruları, kağız stəkanlar və hazır
içkilər istehsalı, balıq emalı və konservləşdirilməsi
ilə məşğul olan 9 müəssisə rezident kimi
qeydiyyata alınmışdır.
2016-cı ildə
yaradılmış Masallı Sənaye Məhəlləsində
həyata keçiriləcək layihələr əsasən
mebel, tikinti materialları, plastik tara, süfrə suyu, qida məhsulları,
xalça istehsalı və kənd təsərrüfatı məhsullarının
emalı sahələrini əhatə edir.
Bundan başqa, 2017-ci ildə
Hacıqabul və Sabirabad Sənaye məhəllələrinin
yaradılmasına başlanılmışdır. Hacıqabul
Sənaye Məhəlləsində fəaliyyət göstərəcək
rezidentlərin ağır maşınqayırma, xüsusi
vaqonqayırma, avtomobil ehtiyat hissələri və kompozit
materialları istehsalı sahələrində
ixtisaslaşması nəzərdə tutulur. Sabirabad Sənaye
Məhəlləsində isə yun tədarükü,
pambıqtəmizləmə, taxta, plastik məmulatlar və
tikinti materiallarının istehsalı, kənd təsərrüfatı
məhsullarının emalı müəssisələrinin və
logistika mərkəzinin fəaliyyət göstərməsi
planlaşdırılır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən
dövlət başçısının
tapşırığına uyğun olaraq, növbəti sənaye
məhəllələrinin yaradılması istiqamətində
işlər davam etdirilir.
Azərbaycanda qeyri-neft sənayesinin
davamlı inkişafında, yerli ehtiyatlardan istifadə edən
sənaye sahələrinin yaradılmasında, istehsal prosesinin
təşkili zamanı infrastruktur xərclərinin
azaldılmasında, sahibkarlar arasında kooperasiya əlaqələrinin
gücləndirilməsində, məşğulluğun təmin
edilməsində sənaye parkları və sənaye məhəllələri
mühüm əhəmiyyət kəsb edir.
İqtisadiyyatın sürətlə
inkişafı, dünya ölkələri arasında
nüfuzunun yüksəlməsi ölkəmizə
marağın artmasına səbəb olmuş,
respublikamıza gələn əcnəbilərin ildən-ilə
çoxalmasına, turizm fəaliyyətinin genişlənməsinə
şərait yaratmışdır. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 2011-ci il
ölkəmizdə “Turizm İli” elan edilmişdir. Ötən
müddətdə Bakı ilə yanaşı, regionlarda da
otellərin və istirahət mərkəzlərinin istifadəyə
verilməsi turizmin inkişafına geniş imkanlar
yaratmışdır. 2003-cü ildə ölkədə
mehmanxana və mehmanxana tipli müəssisələrin sayı
cəmi 96 olduğu halda, 2004-2017-ci illər ərzində belə
obyektlərin sayı artaraq 550-yə çatmışdır
ki, bunun da 400-ü regionlarda yerləşir.
Dünya ölkələri,
xüsusilə Avropa İttifaqına üzv ölkələrlə
birbaşa nəqliyyat əlaqələri genişlənmiş,
Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və
Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin
təmin olunmasına layiqli töhfələr vermişdir.
Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında müstəsna əhəmiyyəti olan “Cənub
Qaz Dəhlizi”nin tərkib hissəsi olan TANAP və TAP layihələri,
həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun
investisiya qərarının imzalanması xüsusi olaraq qeyd
edilməlidir. Bu layihələr üzrə işlərin
çox hissəsi artıq icra olunmuşdur.
İnkişaf edən infrastruktur sahələrindən
biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların
yönəldilməsi nəticəsində hava
limanlarının, körpülərin, tunellərin, yol
qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir
yollarının çəkilməsi, yenidən qurulması və
s. işlər davam etdirilmişdir.
Tranzit potensialının
reallaşdırılması istiqamətində də
irimiqyaslı layihələr həyata keçirilmiş, o
cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin
fəaliyyəti güclənmiş, Bakı-Tbilisi-Qars dəmir
yolu istismara verilmiş, Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı kompleksində Ro-Ro terminalının
açılışı olmuş, Şimal-Cənub, Şərq-Qərb
nəqliyyat dəhlizləri üzrə magistral yolların
tikintisi layihələri uğurla davam etdirilmişdir.
Ölkənin tranzit potensialından
daha səmərəli şəkildə yararlanmaq məqsədi
ilə dövlət səviyyəsində institusional
islahatların aparılmasına ehtiyac yaranmışdır. Məhz
bu siyasətin davamı olaraq, Tranzit Yükdaşımalar
üzrə Koordinasiya Şurası yaradılmışdır.
Ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin
təşviqi, özəl şirkətlərlə dövlət
orqanlarının əlaqələndirilməsi, tariflərin
optimallaşdırılması və tranzit
prosedurlarının sadələşdirilməsi istiqamətində
işlərin aparılması Koordinasiya Şurasına həvalə
edilmişdir. Ölkənin tranzit cəlbediciliyinin
artırılması istiqamətində Koordinasiya
Şurası tərəfindən bir sıra mühüm tədbirlər
görülmüşdür. Belə ki, dəhlizin rəqabətqabiliyyətliliyinin
artırılması məqsədilə region ölkələri
arasında koordinasiya gücləndirilmiş, tranzit müddətləri
qısaldılmış və prosedurlar təkmilləşdirilərək
optimallaşdırılmış tarif siyasətinə
başlanmışdır.
İqtisadiyyatın şaxələndirilməsi
və sənayenin modernləşdirilməsi istiqamətində
mühüm layihələrdən biri telekommunikasiya və Yer
səthinin müşahidəsi peykləri olan “Azerspace” və
“Azersky”ın istismara verilməsi olmuşdur.
Neft sektorundan sonra prioritet sahələrdən
biri hesab olunan və son illər ölkənin sosial-iqtisadi həyatında
mühüm rol oynayan rabitə və informasiya
texnologiyaları sahəsinin inkişafında 11,3 dəfə
artıma nail olunmuşdur. Son 15 ildə regionlarda 1600-dən
çox ATS, 1000-dən çox poçt binası tikilmiş
və ya əsaslı təmir edilmişdir. 2013-cü il
ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları
İli” elan edilmişdir.
Əhalinin dərman vasitələri
ilə optimal qiymətlərlə etibarlı təchizatı
sosial və iqtisadi baxımdan mühüm əhəmiyyət
kəsb edir. Dərman vasitələri bazarında
yaranmış xaotik vəziyyətin aradan
qaldırılması və bu sahəyə nəzarətin
gücləndirilməsi ilə bağlı ölkə
başçısının müvafiq
tapşırıqlarından sonra qanunvericiliyə dəyişikliklər
edilmiş və 2015-ci ilin ortalarından etibarən ölkədə
dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə
başlanılmışdır. Tənzimləmə prosesi
intensiv şəkildə davam etdirilmiş, dövlət
qeydiyyatına alınmış 11 minə yaxın dərman
vasitəsinin qiymətləri təsdiq edilmişdir. Nəticədə
süni qiymət artımının və dərman vasitələrinin
qiymətləri ilə manipulyasiyaların qarşısı
alınmış, dərman vasitələri bazarında şəffaflıq,
ictimai və dövlət nəzarəti təmin edilmişdir.
Ölkə
başçısının tapşırığına
uyğun olaraq, 2017-ci ildən etibarən icbari tibbi
sığorta sisteminin tətbiqi ilə əlaqədar pilot
layihənin icrasına başlanılmış və
sığortanın baza zərfinə 1800-dən çox tibbi
xidmət daxil edilmişdir.
Azərbaycanda iqtisadi inkişaf bazar
münasibətlərinə əsaslansa da, o, həm də
sosial ədalət prinsipi ilə tamamlanır. Yeni pensiya və
sosial müdafiə sisteminə keçid, ölkə vətəndaşlarının
ipoteka kreditləri ilə təmin edilməsi və 2016-cı
ildə yaradılmış Mənzil İnşaatı
Dövlət Agentliyinin (MİDA) xətti ilə sosial mənzillərin
tikilərək ehtiyacı olanlara verilməsinin nəzərdə
tutulması dövlətin sosial siyasətində keyfiyyət dəyişikliklərini
əks etdirir.
Azərbaycanın sosial-iqtisadi
inkişaf sahəsində əldə etdiyi nəticələr
beynəlxalq hesabatlarda da əksini tapmış, müxtəlif
meyarlar üzrə reytinq cədvəllərində ölkəmizin
mövqeyi əhəmiyyətli dərəcədə
yaxşılaşmışdır. Bu, Prezident İlham
Əliyev tərəfindən həyata keçirilən
iqtisadi və institusional islahatlara beynəlxalq təşkilatların
verdiyi yüksək qiymətdir.
“Doing Business” hesabatına əsasən
Azərbaycan 2017-ci ildə 190 ölkə arasında 57-ci pillədə,
Davos İqtisadi Forumunun “Qlobal Rəqabətədavamlılıq”
hesabatında isə 35-ci pillədə qərarlaşmışdır.
Eyni zamanda, sonuncu hesabata əsasən “Siyasətçilərə
ictimai etimad” adlanan indikator üzrə Azərbaycan dünyada
20-ci pilləyə yüksəlmişdir. Bu isə iqtidara
xalqın böyük etimadını səciyyələndirən
mühüm göstəricidir.
İndi ölkəmizdə iqtisadi
liberallaşmanın, struktur islahatlarının yeni mərhələsi
başlanır. Bu mərhələdə əsas vəzifə
səmərəli iqtisadiyyatın qurulmasından, daha
sağlam iqtisadi bazaya əsaslanan təsirli sosial siyasətin həyata
keçirilməsindən ibarətdir. Nəzərə
almalıyıq ki, “Ən yaxşı sosial siyasət
düzgün iqtisadi siyasətdir” tezisini əsas
götürmüş Azərbaycan bir çox Şərqi
Avropa ölkələri kimi iqtisadi transformasiya
dövrünü uğurla başa çatdırmışdır.
“Bundan sonra bizim qarşımızda
duran əsas məsələ qeyri-neft sektorunun inkişafı
və iqtisadiyyatın səmərəliliyinin təmin edilməsidir”
fikrini Prezident İlham Əliyev heç də təsadüfən
qeyd etməmişdir. Bəli! Sosial siyasət yalnız səmərəli
iqtisadiyyata əsaslandıqda uzunmüddətli təsir
gücünə malik olur. Bu baxımdan son illər həyata
keçirilən liberallaşdırma tədbirləri,
xüsusilə də institusional islahatlar ölkə
iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri kimi
qiymətləndirilməlidir.
Bazar iqtisadiyyatı yolunu
seçmiş ölkələr öz rəqabətqabiliyyətliliyini
davamlı dövlət proteksionizmi, ucuz enerji resursları
hesabına təmin edə bilməz. Bütün bunlar idman
yarışlarında olduğu kimi, iqtisadiyyat
üçün də qısamüddətli “dopinq effekti”
verir. Biz iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyini
yalnız struktur dəyişiklikləri, texnoloji yeniləşmə
vasitəsilə artıra bilərik.
Azərbaycanda iqtisadi inkişafın
yeni mərhələsi qeyri-neft sektorunun və
sahibkarlığın inkişaf etdirilməsi, yoxsulluq səviyyəsinin
azaldılması, çoxsaylı iş yerlərinin
açılması ilə xarakterizə olunur. Eyni zamanda,
regionlarımız inkişaf etdirilir və bu da əyalətlərdə
iqtisadi fəallığın yüksəlməsi ilə
müşayiət olunur. Dövlət investisiyaları vasitəsilə
infrastruktur obyektlərimiz modernləşdirilir. Xidmət,
tikinti, rabitə və informasiya texnologiyaları, nəqliyyat,
turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi
inkişaf etməkdədir. Kənd təsərrüfatının
dövlət tərəfindən dəstəklənməsi
siyasəti davamlı xarakter daşıyır.
Yeniləşmənin bütün istiqamətlər
üzrə uğurla reallaşdırılması ölkənin
inkişafı ilə bağlı konkret hədəflərin
müəyyən edilməsindən bilavasitə
asılıdır. Azərbaycan özünün perspektiv
inkişaf xəttini artıq müəyyən edib. Bu, qəbul
edilmiş dövlət proqramlarında, strateji yol xəritələrində
bir daha öz əksini tapır. Həmin sənədlər
ölkəmizdə proqramlı idarəetməni səciyyələndirməklə
yanaşı, həm də Prezident İlham Əliyevin siyasi,
sosial-iqtisadi və institusional inkişafla bağlı hədəflərini
özündə ehtiva edir.
Ölkəmizin sosial-iqtisadi
inkişaf sahəsində əldə etdiyi uğurların
davamlılığını təmin etmək məqsədi
ilə “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiya
çərçivəsində qeyri-neft sektorunun
inkişafı, nəqliyyat, tranzit və logistika infrastrukturunun
təkmilləşdirilməsi, bölgələrin tarazlı
inkişafı, informasiya cəmiyyətinə keçidin təmin
edilməsi, insan kapitalının inkişafı və səmərəli
sosial müdafiə sisteminin qurulması, institusional
potensialın gücləndirilməsi, vətəndaş cəmiyyətinin
inkişafı, ətraf mühitin qorunması və s. məsələləri
əhatə edən 53 sənəd təsdiq edilərək
icrası təmin olunmaqdadır.
Yeni mərhələdə iqtisadi
siyasəti müəyyən edərkən müasir
dövrün çağırışları nəzərə
alınmalı, yerli istehsalın
stimullaşdırılması istiqamətində tədbirlər
görülməli, dövlət xərcləri restrukturizasiya
edilməli, gəlirlərin yenidən bölgüsünün
səmərəli mexanizmi yaradılmalıdır. 2016-cı
ildə yaradılmış Maliyyə Sabitliyi Şurası
makroiqtisadi sabitliyin təmin edilməsi üzrə tədbirləri
səmərəli koordinasiya etməlidir.
Makroiqtisadi göstəricilərin
yaxşılaşdırılması 1990-cı illərin əvvəllərində
itirdiyimiz iqtisadi potensialın bərpa edilməsi
baxımından əhəmiyyətli olsa da, o, iqtisadi siyasətin
son məqsədi və əsas hədəfi kimi qəbul edilməməlidir.
İqtisadi islahatların indiki mərhələsində
qarşıda duran əsas vəzifə iqtisadiyyatda kəmiyyət
dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə
keçidi təmin etməkdən ibarət olmalıdır.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə sosial-iqtisadi və siyasi sahədə həyata
keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin
hərtərəfli inkişafı üçün
böyük imkanlar və yeni-yeni perspektivlər açır.
Heç şübhəsiz, Azərbaycanın bugünkü
inkişafı onu ortamüddətli perspektivdə yüksək
həyat səviyyəsinə, güclü iqtisadiyyata malik
ölkələr sırasına daxil edəcəkdir.
AZƏRBAYCANIN
İQTİSADİ İNKİŞAF VEKTORU: 2003-2017-Cİ
İLLƏR
2003-2017-ci illərdə ümumi
daxili məhsul (ÜDM) nominal ifadədə 9,8 dəfə,
real ifadədə 3,2 dəfə artmışdır. Bu
dövrdə ölkədə orta illik iqtisadi artım 9,4 faiz,
o cümlədən qeyri-neft sektorunda 8,2 faiz təşkil
etmişdir. Sosial-iqtisadi sahədə həyata keçirilən
tədbirlər iqtisadi artımın iqtisadi inkişaf amilinə
çevrilməsinə yönəldilmişdir.
İqtisadiyyatın neft sektorundan
asılılığının azaldılması və sənayenin
hərtərəfli inkişafının təmin edilməsi
iqtisadi siyasətin öncül istiqamətlərindən biri
kimi müəyyən edilib. Ölkə iqtisadiyyatında neft
sektoru həlledici rol oynasa da, son illər qeyri-neft sektorunun fəaliyyətində
əhəmiyyətli canlanma hiss olunur. 2003-2017-ci illərdə
sənaye istehsalı 2,6 dəfə, qeyri-neft sektoru üzrə
ÜDM 2,8 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd
təsərrüfatı 1,7 dəfə artmışdır.
İqtisadiyyatın
liberallaşdırılması və sahibkarlığın
inkişaf etdirilməsi nəticəsində özəl
sektorun rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Belə ki, ÜDM-də özəl bölmənin payı
2003-cü ildə 74 faiz təşkil edirdisə, 2017-ci ildə
bu rəqəm 84 faiz olmuşdur.
Maliyyə imkanlarının
artması iqtisadi inkişafın yeni mərhələsinin
xarakterik xüsusiyyətlərindən biridir. Bu,
özünü dövlət büdcəsinin, strateji valyuta
ehtiyatlarının həcmində göstərir. Son 15 il ərzində
dövlət büdcəsinin gəlirləri 16,7 dəfə
artaraq, 2003-cü ildəki 1,2 mlrd. manatdan 2018-ci ildə 20,1
mlrd. manata çatmışdır. Qeyri-neft sektorunun
inkişafı büdcə gəlirlərinin
formalaşmasına da öz təsirini göstərməkdədir.
Belə ki, 2017-ci ildə dövlət büdcəsinin
qeyri-neft sektoru üzrə gəlirləri 8,6 mlrd. manat
olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 11,4 dəfə
çoxdur.
Əsas kapitala yönəldilmiş vəsaitlər
2003-2017-ci illər ərzində 3,8 mlrd. manatdan 16,8 mlrd. manata
çatmışdır. Bu isə real ifadədə 3 dəfə
artım deməkdir. Təcrübə göstərir ki, neftlə
zəngin olan bir çox ölkələr əldə olunan gəlirlərdən
investisiya təyinatlı deyil, cari istehlak məqsədləri
üçün istifadə etdiklərinə görə rəqabətqabiliyyətli
və səmərəli iqtisadiyyat qura bilməmişlər.
2003-cü illə müqayisədə
2018-ci ildə dövlət büdcəsi xərclərinin tərkib
hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu xərcləri
55,5 dəfə artaraq, 86,9 milyon manatdan 4,8 mlrd. manata
çatmışdır. Bu isə genişmiqyaslı
infrastruktur layihələrinin maliyyələşdirilməsi
deməkdir.
Dünyada investisiya layihələrinin
bahalaşdığı bir şəraitdə neft
dollarlarının yalnız depozit şəklində
saxlanılması təklifi populizmdən başqa bir şey
deyil. İnfrastruktur xərcləri neft gəlirlərinin yenidən
bölgüsünü təmin etməklə, eyni zamanda, təkcə
bugünkü deyil, həm də gələcək nəsillər
üçün yatırılan kapital kimi dəyərləndirilməlidir.
Strateji valyuta ehtiyatları 26,2 dəfə
artaraq, 2002-ci ildəki 1,6 mlrd. ABŞ dollarından 2017-ci ildə
42 mlrd. ABŞ dollarına yüksəlmişdir ki, bu da
ÜDM-in həcmini üstələyir. 1990-cı illərin əvvəllərində
Azərbaycanın valyuta ehtiyatlarının 90-95 faizi əsasən
BVF və Dünya Bankının kreditləri hesabına
formalaşırdısa, indi bu ehtiyatlar əsasən ixracdan əldə
edilən valyuta gəlirlərindən ibarətdir. Ölkəmizin
ixrac imkanlarının artması valyuta ehtiyatlarının
formalaşmasında həlledici rol oynayır.
Azərbaycanın xarici dövlət
borcunun ÜDM-ə nisbəti 25 faizdən azdır ki, bu da
dünyada ən yaxşı göstəricilərdən
sayılır. Qeyd edək ki, iqtisadi təhlükəsizlik
baxımından kritik hədd 40 faizdir.
2003-2017-ci illərdə iqtisadiyyata
kredit qoyuluşları 670 milyon manatdan 11,7 mlrd. manata
çatmışdır.
Biz son 15 ildə
qazandığımız uğurlarla kifayətlənməməliyik.
Əksinə, nailiyyətlərimiz yaxın gələcəkdə
daha miqyaslı işlərin həyata keçirilməsi
üçün baza rolunu oynamalıdır. İlk növbədə,
iqtisadiyyatın rəqabətqabiliyyətliliyi
artırılmalı, insan inkişafı indeksi yüksəldilməli,
ölkəmizin innovasiyalı inkişafı təmin edilməli,
modernləşmə prosesinə əngəl ola biləcək
institusional maneələr aradan qaldırılmalıdır.
İQTİSADİYYAT
VƏ SİYASƏT
Hər bir ölkədə iqtisadi
inkişaf siyasi amillərdən bilavasitə
asılıdır. Azərbaycanda mövcud siyasi mühit
iqtisadi inkişaf üçün müsbət təsirə
malikdir. Belə ki, güclü dövlət və
güclü siyasi hakimiyyət milli iqtisadiyyatını
formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət
kəsb edir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması
ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi
kimi çıxış edir. Azərbaycan etibarlı tərəfdaş
kimi mövqeyini gücləndirir.
Balanslaşdırılmış uğurlu xarici siyasət iki
və çoxtərəfli iqtisadi əlaqələri
genişləndirməyə əlverişli şərait
yaradır.
Kommunizm barədə utopiyaların
hökmran olduğu dövrdə “Siyasət iqtisadiyyatın təmərküzləşmiş
ifadəsidir” tezisi sovet ideoloqları tərəfindən
tez-tez səsləndirilsə də, əslində o,
reallığı əks etdirmirdi. Belə ki, siyasət
iqtisadiyyatın deyil, əksinə, iqtisadiyyat siyasətin təmərküzləşmiş
ifadəsinə çevrilmişdir. Sosializm dövründə
iqtisadiyyat büsbütün siyasiləşdirilmiş və
ideologiyalaşdırılmışdı. SSRİ kimi nəhəng
dövlətin iqtisadiyyatı, o cümlədən sənayesi,
sosial təminat sistemi, büdcəsi, xarici ticarəti sovet
ideologiyasının başlıca ehkam və oriyentirlərinə
tabe etdirilərək formalaşdırılırdı.
Əsas məqsədi dünyanın ayrı-ayrı ölkələrinə
sosializm “ixrac” etməkdən ibarət olmuş bu “super”
dövlətin iqtisadi dayaqlarını isə hərbi-sənaye
kompleksi və “müttəfiq” respublikaların təbii ehtiyatları
təşkil edirdi. Belə bir halda siyasi və iqtisadi sərhədlərin
bir qayda olaraq “bağlı” olması ittifaq dövləti
üçün heç bir problem yaratmırdı.
Keçmiş SSRİ-nin dünya təsərrüfat sistemindən
təcrid olunması və beynəlxalq əmək
bölgüsündə iştirak etməməsi nəticəsində
yaranan çətinliklər “müttəfiq” respublikaların
hesabına aradan qaldırılırdı...
Tarixi inkişafın indiki mərhələsində
siyasətlə iqtisadiyyatın bir-birindən ayrılması və
ya onların qarşı-qarşıya qoyulması yolverilməzdir.
Çünki siyasətlə iqtisadiyyat arasında sıx əlaqə
mövcuddur. Belə ki, indiki dövrdə siyasətimizə
iqtisadi, iqtisadiyyatımıza isə siyasi prizmadan
yanaşıb qiymət verməliyik. Azərbaycanın
keçdiyi tarixi inkişaf yolu, bu dövrdə iqtisadiyyat və
siyasət arasında əlaqənin forma və xüsusiyyətləri
də bunu bir daha təsdiq edir. Siyasət iqtisadiyyatın
fövqündə dayanmadığı kimi, iqtisadiyyat da siyasətin
fövqündə dayana bilməz.
Nəzərə almalıyıq ki,
dünyanın inkişaf etməkdə olan bir sıra ölkələri,
o cümlədən Asiya “pələngləri” iqtisadi tərəqqiyə
bazar iqtisadiyyatına keçməklə nail olmuşlar. Lakin
bu ölkələrdə azad iqtisadiyyatın inkişafına
yönəldilmiş radikal iqtisadi islahatlar kursunun
ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin
sayəsində mümkün olmuşdur. Azərbaycanda da
iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında və
uğurla başa çatmasında siyasi hakimiyyətin
gücü və iradəsi həlledici rol
oynamışdır.
Ölkə rəhbərliyinin həyata
keçirdiyi balanslaşdırılmış xarici siyasət
kursu Azərbaycanın dövlət maraqlarının
qorunmasında mühüm rol oynamış, ölkəmizin
beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət
imkanlarını xeyli genişləndirmişdir. Müəyyən
edilmiş strategiya isə Azərbaycanın müstəqil
dövlət kimi iqtisadi dayaqlarını möhkəmləndirmişdir.
Əgər ilkin mərhələdə
ölkə rəhbərliyinin siyasi kursu və diplomatik fəaliyyəti
iqtisadi maraqlarımızın reallaşmasına xidmət
edirdisə, indi iqtisadi sahədə əldə edilən
uğurlar, həyata keçirilən iqtisadi diplomatiya ölkəmizin
siyasi-strateji maraqlarına xidmət etməkdədir. Bu gün
Azərbaycanda iqtisadiyyat və siyasət bir-birindən
ayrılmazdır və çox uğurlu bir şəkildə
tamamlanır. Prezident İlham Əliyevin iqtisadi quruculuq sahəsindəki
fəaliyyəti strateji xarakter daşıyır və Azərbaycanın
sosial-iqtisadi inkişafı üçün uzunmüddətli
perspektivlər açır.
Dövlət quruculuğunun və
iqtisadi islahatların ardıcıl həyata keçirilməsinin
başlıca şərti ölkədə ictimai-siyasi
sabitliyin qorunub saxlanılmasıdır. Biz hesab edirik ki,
ölkə vətəndaşlarının böyük əksəriyyəti
həm də sabitliyin qorunub saxlanılması naminə öz
seçimini davamlı olaraq İlham Əliyevlə
bağlayırlar. Ötən 15 il bu seçimin doğru
olduğunu bir daha təsdiq edir.
Prezident İlham Əliyev 2018-ci il
martın 19-da Novruz şənliyindəki
çıxışında sabitlik məsələsinə
toxunaraq demişdir: “Azərbaycan Novruzu gözəl nəticələrlə
qarşılayır. Ölkəmiz hərtərəfli
inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi
gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu
artırır. Daxili vəziyyət sabitdir. Bu sabitliyin əsas
təminatçısı Azərbaycan xalqıdır.
Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır.
Daxili siyasətlə bağlı görülən işlər,
aparılan islahatlar öz gözəl nəticələrini
verməkdədir. Dünyada gedən proseslər bir daha onu
göstərir ki, ancaq sabit olan ölkələr uğurla
inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə
xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik
şəraitində yaşayırlar. Bu gün dünyanın
müxtəlif yerlərində sabitlik pozulur, qanlı
toqquşmalar baş verir, müharibələr alovlanır,
yeni risklər yaranır. Bu gün dünya gündəliyinin əsas
məsələsi məhz təhlükəsizlik məsələləridir.
Azərbaycan bu istiqamətdə apardığı siyasətlə
dünyada böyük rəğbət qazanmış ölkələrdən
biridir. Ölkəmizdə daxili risklər üçün
heç bir mənbə yoxdur. Xarici risklərdən isə biz
özümüzü qoruyuruq və bundan sonra da
qoruyacağıq, Azərbaycan xalqının rahat
yaşamasını təmin edəcəyik”6.
Xarici ekspertlər, dünyanın
aparıcı siyasi təhlil mərkəzləri Azərbaycanda
müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq
əməkdaşlıq sahəsində fəaliyyətinin
genişlənməsini, ölkənin siyasi rəhbərliyinin
çevik və tarazlı diplomatiyaya malik olmasını hər
zaman “imkanlar pəncərəsi” kimi dəyərləndirmişlər.
Həyata keçirilən
genişmiqyaslı sosial-iqtisadi quruculuq işləri, dövlət
proqramlarının vaxtında icrası, strateji layihələrin
uğurla başa çatdırılması İlham
Əliyevin dövlət başçısı kimi
yaranmış imkanlardan səmərəli istifadə edə
bilmə bacarığını və məharətini
nümayiş etdirdi.
Əsaslı iqtisadi dəyişikliklər
hər şeydən əvvəl cəsarətli siyasi qərarların
qəbul edilməsindən, siyasi və ideoloji oriyentirlərin
yeni sosial-iqtisadi şəraitə
uyğunlaşdırılmasından asılıdır. Siyasi
impuls olmadan iqtisadi və institusional islahatları həyata
keçirmək mümkün deyil.
İqtisadiyyat və siyasətin
qarşılıqlı əlaqəsinə dair Prezident
İlham Əliyevin fikirləri xüsusi olaraq maraq doğurur:
“İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin
demokratikləşməsi prosesi - bunlar hamısı paralel getməlidir...
İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin
inkişafı üçün çox möhkəm zəmin
yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə
həyata keçiririk və bu gözəl zəmin əsasında
güclü dövlət quruculuğu prosesi gedir... İndi
dünyada gedən proseslər onu göstərir ki, iqtisadi cəhətdən
inkişaf etmiş ölkələr dünyada öz yerini daha
da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə
aparırlar... İqtisadi müstəqillik ölkəmizin
siyasi müstəqilliyinə öz töhfəsini verir.
İqtisadi cəhətdən heç kimdən asılı
olmayan ölkə öz siyasətini də müstəqil
şəkildə apara bilər və Azərbaycanın
timsalında biz bunu görürük...”7.
Dünya təcrübəsi də
göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş
islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü
siyasi hakimiyyətin sayəsində mümkün olur. Burada
güclü hakimiyyət dedikdə güclü dövlət
mexanizmi ilə yanaşı, həm də vətəndaşların
ölkə rəhbərliyinə inam və etimadı başa
düşülür. Ölkəmizdə də iqtisadi
transformasiya prosesinin dönməz xarakter almasında Heydər
Əliyevin qətiyyəti, sonrakı mərhələdə
isə Prezident İlham Əliyevin iradəsi və
prinsipiallığı, xalqın ona inamı və davamlı
dəstəyi həlledici rol oynamışdır.
Keçmiş ittifaq
respublikalarının əksəriyyətindən fərqli
olaraq, Azərbaycanda siyasi hakimiyyətin sabitliyi və onun
davamlı xarakteri təmin edilmişdir. Bir tərəfdən
dövlət idarəçiliyi sahəsində sabitliyin qorunub
saxlanılması, digər tərəfdən də Azərbaycan
Respublikası Prezidentinin iqtisadi islahatların həyata
keçirilməsinə verdiyi siyasi dəstək iqtisadi
transformasiya prosesinin sürətləndirilməsi və
dövlət idarəetmə aparatında radikal dəyişikliklərin
aparılması üçün əlverişli zəmin
yaratmışdır.
İqtisadi diplomatiyanın hansı
imkanlara malik olduğunu peşəkar bir səviyyədə
qiymətləndirən Prezident İlham Əliyevin ölkə
iqtisadiyyatının inkişafı məsələlərinə
böyük önəm verməsi heç də təsadüfi
deyil. Cənab Prezident müsahibələrinin birində
bildirmişdir: “Hər şey iqtisadiyyat üzərində
qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa,
bütün məsələləri həll etmək
imkanımız olacaqdır”8. Dövlət
başçısının iqtisadi məsələlərə
peşəkar və kompetent yanaşması, milli
maraqlarımızı hər zaman önə çəkməsi
iqtisadi diplomatiyanın təsir gücünü daha da
artırır.
Azərbaycan Prezidentinin ötən
dövrdəki fəaliyyətinə ümumi nəzər
yetirsək, ölkəmizin strateji xarakterli bir çox problemlərinin
həllində onun iqtisadi diplomatiyanın imkanlarından səmərəli
istifadə etdiyini görərik. İlham Əliyev bu zaman Azərbaycanın
potensialını, cəlb olunduğu strateji layihələrin əhəmiyyətini,
gözlənilən inkişaf perspektivlərimizi nəzərə
alır.
Fikrimizcə, Azərbaycanda iqtisadi
diplomatiyanın əsası neft strategiyasının
hazırlanması və “Əsrin müqaviləsi”nin
imzalanması ilə qoyuldu. Neft strategiyasının
ardıcıl həyata keçirilməsi isə iqtisadi
diplomatiya ənənələrinin inkişafına xidmət
etdi. Bu sahədə Prezident İlham Əliyevin xüsusi rolunu
qeyd etmək lazımdır.
Müasir dünya dövlətləri
bir-birləri ilə artıq hərbi deyil, çox hallarda məhz
iqtisadi üsul və vasitələrlə mübarizə
aparırlar. Azərbaycanın iqtisadi cəhətdən
geniş manevretmə imkanları ona gələcəkdə bəzi
dövlətlərə öz şərtlərini diktə etmək
üçün şərait yaradır. Prezident İlham
Əliyevin müasir dünya düzəninin iqtisadi və
siyasi “oyun qaydaları”na dərindən bələd olması
ölkəmizin maraqlarının bütün səviyyələrdə
etibarlı şəkildə qorunmasına təminat verir.
İQTİSADİ
GÜC DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ
TƏSİRLİ VASİTƏ KİMİ
Təxminən 30 ildir ki, müstəqil
Azərbaycan Respublikası keçmiş ittifaq dövlətinin
miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə
cəlb edilib. Separatizm meyilləri keçmiş ittifaqın
başqa respublikalarını da əhatə etsə də, bu
proses Azərbaycanda olduğu kimi, ağrılı və
uzunmüddətli xarakter daşımamışdır.
Artıq imperiya buxovundan azad olmuş müstəqil dövlətimiz
hazırda bütün səylərini təkcə dövlət
quruculuğunun həyata keçirilməsinə və milli
iqtisadiyyatımızın formalaşdırılmasına
deyil, həm də Dağlıq Qarabağ probleminin həllinə
yönəldir.
Bu problem ümummilli məsələ
olduğuna görə siyasi mənsubiyyətindən,
tutduğu vəzifədən asılı olmayaraq,
bütün ölkə vətəndaşlarını
düşündürür və narahat edir. Artıq onilliklərdir
ki, münaqişənin həllində Ermənistan
qeyri-konstruktiv mövqe tutur, ərazi bütövlüyü və
sərhədlərin toxunulmazlığı prinsiplərinə
məhəl qoymur və münaqişənin həllinə əngəl
yaradır.
Keçmiş SSRİ-nin rəhbərliyi
anlamalı idi ki, Ermənistanın “səpdiyi”
separatçılıq və işğalçılıq
toxumu ittifaqın digər respublikalarını və
regionlarını da əhatə edəcək və bu, gələcəkdə
idarəolunmaz prosesə gətirib çıxaracaq. Lakin
ittifaq rəhbərliyinin, şəxsən Qorbaçovun
Dağlıq Qarabağ probleminin həllində qətiyyətli
və ədalətli mövqe tutmaması nəticəsində
separatizm meyilləri dərinləşdi və münaqişə
zəncirvarı prosesə çevrildi.
Ermənistan ayrı-ayrı xarici
dövlətlər tərəfindən “bəslənildiyi” və
himayə olunduğu halda, Azərbaycan heç bir xarici dəstək
olmadan inkişaf edərək özünü müstəqil
bir dövlət kimi təsdiq etməkdədir. Ölkəmizdə
dövlət quruculuğu Ermənistandan fərqli olaraq, həmişə
milli xarakter daşıyıb. Yəni, Azərbaycan öz
müstəqil dövlətini yalnız öz gücü və
daxili potensialı hesabına qurub və bu gün də ölkənin
siyasi rəhbərliyi müstəqil dövlət
quruculuğunu milli əsaslar üzərində və milli
maraqlarımıza uyğun olaraq həyata keçirir.
2016-cı ilin aprel döyüşləri
göstərdi ki, Ali Baş Komandandan sıravi ölkə vətəndaşlarınadək
hər bir kəs ən son anda hərbi güc tətbiq etməklə
torpaqlarımızın erməni işğalından azad edilməsinə
hazırdır. Bu döyüşlər xalqımızda
mübarizlik və vətənpərvərlik ruhunun nə qədər
yüksək olduğunu bir daha təsdiq etdi.
Prezident İlham Əliyev
işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından
azad etmək üçün istənilən vaxt hərbi
gücdən istifadə ediləcəyini bildirir. O, həm də
Ermənistanı işğalçı mövqedən çəkindirmək
üçün iqtisadi təzyiq üsullarından geniş
istifadə edilməsi fikirlərini də səsləndirir. Bu,
o deməkdir ki, Dağlıq Qarabağ probleminin həllində
hərbi güclə yanaşı, iqtisadi gücdən,
iqtisadi diplomatiyanın imkanlarından bundan sonra da maksimum istifadə
ediləcəkdir.
Milli iqtisadiyyatımızın
inkişafı və dövlətin maliyyə
imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazası
da möhkəmləndirilir, hərbi xərclərimiz ilbəil
artır. Ali Baş Komandan ordu potensialımızın gücləndirilməsini
suveren hüququmuz olaraq dəyərləndirir və dövlətimizin
ərazi bütövlüyünü bərpa etmək naminə
bu hüquqdan istifadə ediləcəyini açıq şəkildə
bəyan edir.
İqtisadi müharibədə Azərbaycanın
mövqeyinin getdikcə güclənməsini nəzərə
alaraq, onun daha sərt və sistemli bir şəkildə davam
etdirilməsini zəruri hesab edirik. Artıq dünyada əks
mövqedə dayanan ölkələr bir-birlərini silahla
deyil, əsasən iqtisadi vasitələrlə zəiflətməyə
üstünlük verirlər.
Prezident İlham Əliyev öz
çıxışlarında Ermənistanla Azərbaycan
iqtisadiyyatının müqayisəsini heç də təsadüfən
aparmır: “Ərazilərimiz azad olunmayınca, Ermənistanla
heç bir əməkdaşlıq etməyəcəyik. Ermənistan
belə bir əməkdaşlığı çox
arzulayır, buna çalışır... Biz Ermənistanla əməkdaşlıq
etmədən də uzun illər, on illərlə gözəl
yaşaya bilərik. Kommunikasiyaların açılmaması,
regional proseslərdən kənarda qalması isə Ermənistana
baha başa gələcəkdir. Onlar diasporun köməyinə,
hər hansı başqa xarici mənbələrin maliyyələşdirməsinə
nə qədər ümid bəsləyə bilərlər?
Ölkə özü-özünü dolandıra bilmir. O, həmişə
xaricdən gələn hansısa maliyyə mənbələrindən
asılıdır. Azərbaycan isə ərazilərinin
işğal edilməsinə, bir milyon qaçqının
olmasına baxmayaraq, inkişaf edir və edəcəkdir”9.
Xatırladaq ki, Ermənistan əvəzsiz yardımlardan və
ya ianələrdən asılı vəziyyətdə olan
ölkələrin siyahısında hər il bir qayda olaraq
“liderlər” sırasında yer alır.
Ekspertlərin təxmini
hesablamalarına əsasən Ermənistanın Azərbaycan
torpaqlarına hərbi təcavüzü nəticəsində
ölkəmizin iqtisadiyyatına yüz milyardlarla ziyan
vurulmuşdur. Hazırda Ermənistan işğal etdiyi ərazidə
kənd təsərrüfatı və sənaye
potensialından, yerüstü və yeraltı təbii sərvətlərdən
maksimum faydalanmağa çalışır.
MDB məkanında iqtisadi diplomatiya
sahəsində Azərbaycan qədər geniş manevretmə
imkanlarına malik olan ikinci ölkə yoxdur. Biz bu imkanlardan hərbi
münaqişənin həllində maksimum istifadə etməliyik.
İqtisadi diplomatiya və iqtisadi gücün tətbiq edilməsi
bir çox hallarda siyasi diplomatiyadan və hərbi
gücün tətbiqindən daha təsirli və
dağıdıcı olur. Məhz bu baxımdan ölkəmizin
iqtisadi siyasətində Ermənistanla hərbi münaqişə
amili nəzərə alınır, işğalçı
ölkəyə qarşı iqtisadi təzyiqin müxtəlif
forma və üsullarından istifadə edilir.
Hərbi münaqişənin həllində
iqtisadi diplomatiyanın imkanlarından istifadə edilməsi həm
də böhran məngənəsində sıxılmaqda olan
Ermənistanın sosial-iqtisadi vəziyyətinin davamlı
olaraq təhlilini tələb edir. Fikrimizcə, Ermənistan
iqtisadiyyatının ən zəif nöqtələri müəyyənləşdirilməli,
işğalçı dövlətə qarşı iqtisadi
gücün tətbiq edilməsinin cari və strateji istiqamətləri
müəyyən edilməlidir.
Azərbaycan sovet imperiyası
buxovundan azad olmaqla öz sərvətləri üzərində
mülkiyyət hüququ əldə etdi. Bu isə iqtisadi
potensialımızın dövlətçiliyimizin gücləndirilməsi
və milli tərəqqi üçün istifadə edilməsinə
zəmin yaratdı. Ermənistanda isə əksinə,
sosial-iqtisadi problemlərin kəskinləşməsi
dövrü başlandı.
Ermənistan digər keçmiş
ittifaq respublikaları kimi dövlət müstəqilliyi əldə
etsə də, iqtisadi cəhətdən buna hazır deyildi.
Keçmiş sovet məkanında “ələbaxan”
respublikalardan biri olan Ermənistanın birdən-birə
müstəqillik qazanması onun üçün ciddi
sosial-iqtisadi problemlərlə nəticələndi. Məlum
olduğu kimi, SSRİ-nin vahid xalq təsərrüfatı
kompleksindən daha çox Ermənistan faydalanırdı. Belə
ki, onun ucuz enerji, xammal və ilkin emal məhsulları ilə təchizatı,
istehsal edilən sənaye məhsulları üçün təminatlı
və sabit satış bazarına malik olması, respublika
büdcəsinin ittifaq büdcəsi hesabına
subsidiyalaşdırılması Ermənistanın problemlərinin
həllində əhəmiyyətli rol oynayırdı.
Keçmiş ittifaq respublikaları
tərəfindən 1991-ci ildən etibarən qiymətlərin
liberallaşdırılması Ermənistanı həm də
ucuz xammal və yanacaq-enerji bazarından məhrum etdi. Məlum
olduğu kimi, işğalçı ölkənin sənayesinin
50 faizi keçmiş SSRİ-nin hərbi sənaye kompleksindən
asılı idi. Bir tərəfdən ittifaq büdcəsindən
hərbi-sənaye kompleksi üçün mərkəzləşdirilmiş
büdcə xərclərinin azaldılması, digər tərəfdən
də Rusiyada hərbi yönümlü sənaye müəssisələrinin
tədricən konversiya edilməsi, yəni istehsal
yönümünün dəyişdirilməsi Ermənistandakı
müəssisələrin əksəriyyətinin fəaliyyətinin
tamamilə dayanmasına, bəzilərinin öz istehsal
gücünün 15-20 faizi səviyyəsində işləməsinə
səbəb oldu. Bu prosesin nəticəsində Ermənistan təkcə
1993-cü ildə 1992-ci illə müqayisədə sənaye
məhsulu istehsalının 60 faizini, ərzaq məhsulları
istehsalının isə 50 faizini itirdi.
Nə qədər təzadlı olsa
da, keçmiş sovet məkanına daxil olan digər
respublikalardan fərqli olaraq, Ermənistanda dövlət
müstəqilliyinin əldə edilməsi onun tərəqqisindən
daha çox, tənəzzülünə xidmət etdi.
Başqa sözlə, Ermənistanın siyasi
“azadlığı” ona iqtisadi fəsadlar gətirdi. Bu, bir daha
işğalçı ölkənin “müstəqil dövlətçiliyi”nin
dərin tarixi köklərə malik olmadığını
göstərdi.
Ermənistan dünyaya
yaydığı informasiyalarda Azərbaycan və Türkiyə
tərəfindən blokadaya alındığını bəyan
edir. Bu, o deməkdir ki, Ermənistan Azərbaycanın
Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonunu
işğal etməsinə, Naxçıvanı blokadada
saxlamasına baxmayaraq, ölkəmizin ərazisindən
keçən nəqliyyat dəhlizlərindən istifadə
etmək iddiasındadır.
Erməni separatizminə cavab olaraq, Azərbaycan
Ermənistana gedən nəqliyyat dəhlizi vasitəsilə
yük daşımalarını 1989-cu ildən etibarən
dayandırmışdır. Sovet ittifaqı dövründə
Ermənistanın yük dövriyyəsinin 90 faizi Azərbaycanın
nəqliyyat infrastrukturu hesabına təmin edilirdi. Təkcə
Ermənistanın idxal etdiyi malların 85 faizi Azərbaycandan
keçən dəmir yolu vasitəsilə
daşınırdı. Yanacaq ehtiyatlarının 80 faizini isə
işğalçı ölkə ərazimizdən keçən
qaz kəməri və dəmir yolu vasitəsilə idxal edirdi.
Ermənistanın Azərbaycandan
asılılığını xarakterizə edən bu rəqəmlərə
nəzər saldıqda erməni
separatçılarının öz ölkələri
üçün nə qədər ciddi problem
yaratdığı bir daha aydın olur. Ermənistan “xarici dəstəkdən”
istifadə edərək Azərbaycan ərazisinin 20 faizini
işğal etməklə, əslində çox şey
itirdi. Hər şeydən əvvəl, neftin və qazın nəqlinə
görə əldə edə biləcəyi sabit valyuta gəlirlərindən
məhrum oldu. Gürcüstan kimi Ermənistan da Azərbaycanın
həyata keçirdiyi transmilli enerji və nəqliyyat layihələrindən
faydalana bilərdi...
Yeni ərazi davası aparan
qonşumuzun sosial-iqtisadi problemlərinin kəskinləşməsi
hər şeydən əvvəl onun regional iqtisadi inteqrasiya
prosesində iştirak etməməsi ilə
bağlıdır. Əgər Ermənistan ərazi
iddialarından əl çəksəydi və Azərbaycanla
Gürcüstanın, o cümlədən Türkiyənin birgə
həyata keçirdiyi strateji iqtisadi layihələrə
qoşulsaydı, xarici dövlətlərdən
topladığı “ianələrdən” dəfələrlə
artıq gəlir əldə edə bilərdi.
Ermənistan özünün neftə
və qaza olan tələbatını bütünlüklə
idxal hesabına ödəyir. Yəni, bu ölkənin xaricdən
enerji asılılığı var. Azərbaycanla sərhədlərin
bağlanması isə həmin enerji resurslarının nəqlini
çətinləşdirir və xərcini artırır.
Azərbaycan işğalçı
dövlətlə həm də iqtisadi gücün dili ilə
danışır və Ermənistan bunun acı nəticələrini
görməkdədir. Təsadüfi deyildir ki, erməni
iqtisadçılar öz iqtisadiyyatlarının təhlili ilə
bağlı hesabatların hər abzasında Azərbaycanın
iqtisadi təzyiqinin doğurduğu nəticələrdən
geniş bəhs edirlər.
Hər bir dövlətin
başlıca vəzifəsi ölkə vətəndaşları
üçün layiqli həyat səviyyəsini təmin etməkdən
ibarətdir. Lakin Ermənistan hökuməti bu vəzifəni
yerinə yetirmək əvəzinə, işğalçı
və separatçı mövqeyi ilə öz vətəndaşlarını
məhrumiyyətlər qarşısında qoyur. Vaxtilə
“Dağlıq Qarabağ uğrunda mübarizə”yə
qalxmış ermənilər, indi öz fiziki
mövcudluğunu qoruyub saxlamaq üçün mübarizə
aparırlar. Sosial vəziyyəti kəskinləşməkdə
olan ermənilər vaxt gələcək özləri Ermənistan
rəhbərliyini işğalçı və
separatçı mövqedən çəkindirməyə məcbur
edəcəklər. Əks halda, Azərbaycan tərəfdən
Ermənistana qarşı iqtisadi gücün tətbiqinin davam
etdirilməsi işğalçı ölkəni sosial
partlayış həddinə gətirib çıxaracaq. Bunun
da acı nəticələrini həm Ermənistan rəhbərliyi,
həm Ermənistan vətəndaşları, həm də
Qarabağ erməniləri hiss edəcək…
Müstəqillik əldə etdikdən
sonra Ermənistanın iqtisadi problemləri təkcə Azərbaycanın
iqtisadi təzyiqlərinin nəticəsində deyil, həm də
bu ölkənin iqtisadi dayaqlarının zəifliyi ilə əlaqədar
olaraq kəskinləşmişdir. Təsadüfi deyildir ki,
beynəlxalq iqtisadi təşkilatlar öz analitik
hesabatlarında işğalçı ölkənin iqtisadi cəhətdən
zəif inkişaf etmiş ölkələr qrupuna daxil edirlər.
Statistik məlumatların təhlili
göstərir ki, Azərbaycan bir sıra makroiqtisadi göstəricilərə
görə Ermənistanı dəfələrlə
qabaqlayır. Hər bir dövlətin maliyyə təminatı
onun büdcəsinin vəziyyəti ilə müəyyən
edilir. Ermənistanda vergi bazasının ilbəil məhdudlaşması
dövlət büdcəsinin icrası sahəsində ciddi
problemlər yaratmaqdadır.
Dövlət büdcəsindəki gərginliyin
nəticəsidir ki, Ermənistanın xarici borcu 2017-ci ildə
kritik həddə - 5,4 mlrd. ABŞ dollarına
çatmışdır. Bu, ÜDM-in təxminən 60 faizini
təşkil edir. Müqayisə üçün qeyd edək
ki, iqtisadi təhlükəsizlik baxımından kritik hədd
40 faiz hesab olunur.
Azərbaycanda və Ermənistanda
xarici borcu təhlil edərkən bir cəhəti də nəzərə
almaq lazımdır. Belə ki, beynəlxalq maliyyə təşkilatları
borc vəsaitlərini ölkəmizə kredit qabiliyyətli
olmasına, yəni bu borcu qaytarmaq üçün potensial
valyuta ehtiyatlarına malik olduğuna görə
ayırırlarsa, Ermənistan bu kreditləri xarici ölkələrdə
fəaliyyət göstərən lobbisi hesabına əldə
edir.
Milli iqtisadiyyatımızın xarici
investorlar üçün daha cəlbedici olması Cənubi
Qafqaz regionuna yatırılmış sərmayənin əsasən
ölkəmizdə cəmləşməsinə şərait
yaradır. Artıq Azərbaycan Qafqazın əsas ticarət və
investisiya mərkəzinə çevrilməkdədir. Neft
kapitalı da daxil olmaqla indiyə kimi Azərbaycana cəlb edilən
xarici investisiyaların həcmi 2003-2017-ci illərdə 117,8
mlrd. ABŞ dolları təşkil etmişdir. Təsadüfi
deyildir ki, ölkəmiz xarici investisiyaların
adambaşına düşən həcminə və ÜDM-dəki
payına görə bir çox ölkələri
qabaqlayır.
Hər bir ölkənin iqtisadi təhlükəsizliyini
xarakterizə edən əsas göstəricilərdən biri
valyuta ehtiyatlarının həcmidir. Ermənistanda bu göstərici
2017-ci ildə 2,3 mlrd. ABŞ dolları təşkil etdiyi
halda, Azərbaycanda bu rəqəm təxminən 42 mlrd.
ABŞ dollarına çatır. Bu isə Ermənistanla
müqayisədə 18 dəfə çoxdur.
Azərbaycan təkcə valyuta
ehtiyatlarının həcminə görə deyil, həm də
onun strukturuna və artım tempinə görə əlverişli
mövqeyə malikdir. Valyuta ehtiyatlarının strukturunun təhlili
göstərir ki, Ermənistan öz valyuta sərvətlərini
əsasən xarici dövlətlərin ianələri və
beynəlxalq maliyyə təşkilatlarının kreditləri
hesabına formalaşdırır. Başqa sözlə, o, sabit
valyuta gəlirlərinə malik deyil. Azərbaycan isə
öz valyuta ehtiyatlarını əsasən
qazanılmış, yəni, ixracdan əldə edilən
valyuta gəlirləri hesabına formalaşdırır.
İqtisadi təhlükəsizliyi
xarakterizə edən başqa bir göstərici ölkənin
enerji ilə təchiz olunma səviyyəsidir. 1989-cu ilədək
Ermənistanın qazla təchizatını əsasən
Rusiya, Türkmənistan və Azərbaycan həyata
keçirirdi. Ermənistanın separatçı fəaliyyətinə
qədər Azərbaycan Transqafqaz Enerji Sistemi çərçivəsində
bu ölkənin enerji təchizatında həlledici rol
oynayırdı. İndi isə işğalçı Ermənistanın
enerji təminatının aşağı səviyyədə
olması artıq bu ölkəni iqtisadi uçuruma
yaxınlaşdırıb...
Hər hansı bir ölkənin
sosial vəziyyətini və perspektivini əhalinin
sayının artım tempi, başqa sözlə demoqrafik
meyillər müəyyən edir. BMT-nin statistik məlumatlarına
əsasən, əhalinin orta illik sayı Azərbaycanda
artdığı halda, Ermənistanda əksinə, hər il
azalmışdır. Ermənistan üçün ciddi təhlükə
doğuran bu meyil, həm də on minlərlə Ermənistan vətəndaşının
ölkəni tərk etməsi ilə müşayiət edilir.
Hazırda Azərbaycan dünyanın
qabaqcıl dövlətlərinin iqtisadi maraqlarını
özündə birləşdirən regional strateji-iqtisadi mərkəzə
çevrilib. Belə bir mövqenin qorunub
saxlanılmasını ölkəmizin milli dövlətçilik
maraqları tələb edir. Bu gün bizim başlıca məqsədimiz
Azərbaycan Respublikasının bir dövlət kimi
gücünü və qüdrətini daha da artırmaqdan,
onun iqtisadi dayaqlarını möhkəmləndirməkdən
ibarətdir. Bu, ona görə lazımdır ki, güclü
Azərbaycan dövləti həm işğal olunmuş
torpaqlarımızı azad etməyə, həm də ölkəmizin
ərazi bütövlüyünü qorumağa qadir olmalı
və bunun üçün özünün hərbi və
iqtisadi potensialını daha da artırmalıdır.
DÖVLƏT
İDARƏÇİLİYİNİN
PRİNSİPLƏRİ VƏ İNSTİTUSİONAL
İSLAHATLAR
“Biz Azərbaycan xalqı
üçün işləyirik. Onlar bizə bu etimadı
göstəriblər və biz də bu etimadı
doğrultmalıyıq...”10. Bu fikirlərlə İlham
Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq
dövlət idarəçiliyi sahəsində əsas
prinsipini bəyan etmiş oldu.
Prezident İlham Əliyevin “Vətəndaşlar
dövlətə deyil, dövlət vətəndaşlara xidmət
etməlidir” prinsipini rəhbər tutması həyata
keçirilən idarəetmə islahatlarında, ilk növbədə,
ölkə vətəndaşlarının maraq və mənafelərinin
önə çəkilməsini bir daha təsdiq edir.
İnstitusional islahatlar dövlət məmurları tərəfindən
ölkə vətəndaşlarına göstərilən
xidmətin daha da təkmilləşməsinə və
yaxşılaşdırılmasına yönəldilmişdir.
Ölkə rəhbərliyi tərəfindən
tətbiq edilən idarəetmə texnologiyasının əsas
cəhətlərindən biri hər bir məmurun fəaliyyətinin
əldə edilmiş konkret nəticələr əsasında
qiymətləndirilməsidir. Fəaliyyətin nəticələrə
görə qiymətləndirilməsi prinsipi bir qayda olaraq,
dövlət məmurlarının öz işinə daha məsuliyyətlə
yanaşması ilə nəticələnir, digər bir tərəfdən
də dövlət idarəetmə aparatının daha səmərəli
və məhsuldar işləməsinə zəmin yaradır.
Prezident İlham Əliyev 2003-cü
ildə Nazirlər Kabinetinin ilk iclasında yeni təsdiq etdiyi
hökumət üzvlərinə müraciət edərək
demişdir: “Mən bildirmək istəyirəm ki, hər
birinizin gələcək fəaliyyəti nəticələrdən
asılı olacaqdır. Bütün sahələrdə nəticələr
olmalıdır... Hamıdan tələb edirəm ki, öz
işinə məsuliyyətlə yanaşsın və öz
vəzifə borcunu vicdanla yerinə yetirsin”11.
Bu gün idarəetmə sistemində
aparılan dəyişikliklər idarəetmə
texnologiyasında müasir üsul və formaların tətbiq
edilməsinə, bəzi dövlət orqanlarında mövcud
olan süstlük və ətalətin aradan
qaldırılmasına, onların koordinasiyasının daha səmərəli
və çevik təşkil edilməsinə, dövlət
qulluğunun müasir tələblərə uyğun
qurulmasına yönəldilmişdir.
Dövlət başçısı
artıq ölkənin sosial-iqtisadi inkişafının təmin
edilməsi ilə bağlı təxirəsalınmaz vəzifələr
müəyyən edib. Bunu, əslində, iqtisadi quruculuq
prosesinin yeni mərhələsinin vəzifələri də
hesab etmək olar. Bu vəzifələrin dövlət
orqanları tərəfindən uğurla yerinə yetirilməsi
ölkə vətəndaşları qarşısında nə
qədər şərəflidirsə, bir o qədər də
məsuliyyətlidir.
Müəyyən edilmiş hədəflərə
çatmaq üçün görülən işlərə
peşəkar yanaşmadan başqa, həm də komanda
prinsipinə ciddi riayət edilməsi tələb olunur. Komanda
prinsipi heç də hər bir dövlət məmurunun eyni
cür düşünməli olduğunu deyil, ölkənin
inkişafının strateji istiqamətləri ilə
bağlı vahid mövqe nümayiş etdirmələrini,
qarşıya qoyulan məqsəd və vəzifələrin
reallaşdırılması naminə bütün səylərini
səfərbər etmələrini nəzərdə tutur.
Öz fəaliyyətini siyasi müstəvidəki
konyunktur dəyişiklikləri üzərində quran, daha
çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti
ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən
məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən
edilmiş ali məqsədlərə çatmaq
üçün vaxt baxımından çox böyük
itkilərə yol verə bilərik. Bu baxımdan Prezident
İlham Əliyev yerli sahibkarlarla görüşü
zamanı dövlət məmurlarının vahid komanda şəklində
çalışmasının vacibliyini heç də təsadüfən
söyləməmişdir: “Azərbaycanın gözəl gələcəyi
var. Azərbaycanda sabitlik var. Azərbaycanda gözəl insan
potensialı var, çox peşəkar insanlar var. Əlbəttə,
siyasi iradə də var. Əgər biz hamımız hərə
öz yerində bu istiqamətdə vahid bir komanda kimi
çalışsaq, əminəm ki, yaxın zamanlarda Azərbaycanda
sahibkarların qarşısında heç bir problem
olmayacaqdır”12.
Prezident İlham Əliyevin
çıxışları və söylədiyi fikirlər əsasında
onun kadr siyasətinin konturlarını da görə bilərik.
Cənab Prezident müsahibələrinin birində qeyd edir:
“Hesab edirəm ki, Azərbaycanda çox güclü kadr
potensialı yaranıbdır. Bu potensialı, peşəkar
insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda
o qədər də böyük sayda deyillər. Əlbəttə,
hər bir məmura, hər bir vəzifəli şəxsə
eyni gözlə baxıram. Mən ayrı-seçkilik eləmirəm
və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə
yerinə yetirirsə, əlbəttə, öz işinə
davam etməlidir”.
Hər bir məmur kadr məsələsində
dövlət maraqlarına uyğun meyarları əsas
götürməli və öz fəaliyyəti ilə kadr
siyasətinə kölgə salmamalıdır.
Ayrı-ayrı məmurların kadrlara münasibətdə
özbaşınalığı, cılız və subyektiv
yanaşması nəticəsində kadr potensialının
itirilməsinə imkan vermək olmaz.
Azərbaycanda institusional
islahatların mahiyyətinin, onun məqsəd və vəzifələrinin
düzgün qiymətləndirilməsi struktur dəyişikliklərinin
uğurla aparılmasının həlledici şərtlərindən
biridir. Lakin müşahidələr göstərir ki, idarəetmə
islahatlarının “fəlsəfəsi” ilə bağlı
bir-birindən fərqli təsəvvürlər mövcuddur.
İdarəetmə islahatları bir
qayda olaraq, yalnız azad iqtisadiyyatın inkişafına və
bürokratik meyillərin aradan qaldırılmasına,
çevik idarəçiliyə və koordinasiyaya şərait
yaratdığı halda iqtisadi və təşkilati
baxımdan müsbət nəticələr əldə olunur.
Ümumiyyətlə, dövlət idarəetmə sistemində
islahatlar ağrılı və çətin prosesdir. Lakin
siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə
iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan
bir şəkildə həyata keçirilir. Çünki
hakimiyyətin siyasi gücü həmin islahatların
aparılması yolunda qarşıya çıxan “maneələri”
asanlıqla dəf etməyə imkan verir.
Bütün postsosialist ölkələri
və keçmiş ittifaq respublikaları kimi Azərbaycan da
bazar iqtisadiyyatına keçid prosesinə qəbul edilmiş
ümumi “reseptlər” əsasında başlamışdır.
Bu mənada transformasiya dövrünü yaşayan ölkələrdə
iqtisadi islahatların gedişi və onun mərhələləri
bir-birindən demək olar ki, fərqlənmirdi. Başlıca
fərq həmin ölkələrin seçmiş olduğu tənzimləmə
və idarəetmə modelindədir. Sözsüz ki, iqtisadi
potensialı, sənaye strukturu, milli iqtisadi maraqları,
geopolitik mövqeyi, yeni iqtisadi münasibətlərin formalaşması
sürəti bir-birindən fərqli olan ölkələrin tənzimləmə
modeli və idarəetmə sistemi də eyni ola bilməz. Buna
görə də Prezident İlham Əliyev tərəfindən
Azərbaycanda sosial-iqtisadi inkişafın spesifik xüsusiyyətlərini
və mövcud reallıqlarını nəzərə alan
iqtisadi tənzimləmə modeli və idarəetmə sistemi
qurulmuşdur.
Dövlət idarəetmə sisteminin
yenidən qurulması prosesində diqqət yetirilməli
mühüm məsələlərdən biri idarəetmə
islahatlarının iqtisadi islahatların tempi ilə
düzgün əlaqələndirilməsidir. Yəni, idarəetmə
sisteminin restrukturizasiyası ilə yeni iqtisadi sistemin
formalaşması bir-birini tamamlamalıdır. Bu baxımdan
ölkəmizdə idarəetmə sisteminin təkmilləşdirilməsi
iqtisadi islahatların gedişi ilə
sinxronlaşdırılır və bu da, öz növbəsində,
iqtisadiyyatın səmərəli tənzimlənməsinə
əlverişli şərait yaradır.
Dövlət idarəetmə sistemində
islahatların yeni mərhələsi artıq
reallaşmaqdadır. Struktur islahatlarının uğurla nəticələnməsi
dövlət orqanlarının hüquq və səlahiyyətləri
ilə məsuliyyətlərinin balanslaşdırılmasından,
idarəetmə sistemində şəffaflığın,
iqtisadiyyatda isə debürokratizasiyanın təmin edilməsindən
asılıdır. Bu isə son nəticədə dövlət
qurumları ilə biznes sektoru arasında münasibətlərin
daha sağlam əsaslar üzərində qurulmasına şərait
yaradır.
İqtisadiyyatın
liberallaşdırılması və yeni iqtisadi münasibətlərin
formalaşması, dövlət sektoru ilə xüsusi sektor
arasında nisbətin dəyişməsi
öz-özlüyündə dövlətin iqtisadi
funksiyalarını müəyyən etmir. İstər Qərbi,
istərsə də Şərqi Avropa ölkələrinin təcrübəsi
göstərir ki, bu ölkələrin iqtisadi inkişafı
eyni prinsiplərə əsaslansa da, dövlətin
iqtisadiyyatdakı rolu bir-birindən fərqlənir. Belə bir
fərq hər şeydən əvvəl hər bir dövlətin
öz qarşısına qoyduğu vəzifələrin və
bu vəzifələrin həyata keçirilməsi üçün
seçilmiş olan üsul və vasitələrin müxtəlifliyindən
irəli gəlir.
Dövlət idarəetmə
aparatının yenidən təşkili Azərbaycan
Respublikasının Konstitusiyasına və ölkəmizin
dövlət quruculuğu sahəsində əldə etdiyi
uğurlara əsaslanaraq, yeni iqtisadi düzənin prinsiplərini,
müstəqil dövlətimizin qloballaşan dünyaya
inteqrasiyasının bugünkü reallıqlarını,
milli iqtisadiyyatımızın inkişaf meyillərini, nəhayət,
formalaşmaqda olan iqtisadi sistemin tələblərini nəzərə
almaqla həyata keçirilir.
İdarəetmə sistemində islahatları
ayrı-ayrı dövlət orqanlarının ləğvi və
ya birləşdirilməsi, yaxud da yeni strukturların
yaradılması kimi xarakterizə etmək olmaz.
İnstitusional islahatlar birinci növbədə dövlət
strukturlarının tənzimləyici rolunun gücləndirilməsini
və onların fəaliyyətinin səmərəliliyini təmin
etməlidir. Bu, heç də bürokratik meyillərin dərinləşdirilməsi
demək deyil. Əksinə, idarəetmə sistemində
aparılan islahatlar dövlət idarəetmə
orqanlarının debürokratizasiyasına, iqtisadiyyatda
dövlət inhisarçılığının aradan qaldırılmasına
şərait yaratmalıdır.
İdarəetmə islahatları
ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə
yenidən baxılmasını və onların ciddi şəkildə
ekspertizadan keçirilməsini tələb edir. Belə ki,
iqtisadi yönümlü dövlət orqanlarının bir
çoxunun fəaliyyətində bir-birini təkrarlayan
funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə
olan əsasnamələrin yenidən hazırlanması
iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı
aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati
strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq
məqsədi ilə nazirlik və komitələr, agentlik və
xidmətlər üzrə yeni nümunəvi əsasnamənin
hazırlanması da məqsədəuyğundur.
Azərbaycanın dövlət idarəetmə
aparatında nəzərdə tutulan dəyişikliklər
ölkənin mövcud reallıqlarına cavab verməklə
yanaşı, həm də Əsas Qanunumuzun tələblərinə
uyğun olaraq həyata keçirilir. Konstitusiyaya əsasən
ali icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə
mənsubdur. Dövlət idarəetmə aparatı da bu prinsipə
uyğun olaraq fəaliyyət göstərməli və təkmilləşdirilməlidir.
Hesab edirik ki, Azərbaycanda prezidentli
respublika üsuli-idarəsinin seçilməsi iqtisadi sistemin
transformasiyasının və radikal iqtisadi islahatların həyata
keçirilməsinin sürətləndirilməsi
baxımından özünü doğrultmuşdur. Təsadüfi
deyildir ki, bir çox ekspertlər keçid mərhələsində
olan ölkələr üçün prezidentli respublikaya əsaslanan
dövlət idarəçiliyini daha məqsədəuyğun
hesab edirlər.
Azərbaycan Respublikasının
Konstitusiyası iqtisadi idarəçilik sahəsində ali
hakimiyyət və dövlət orqanlarının hüquq və
səlahiyyətlərini, əsas vəzifələrini dəqiq
müəyyən etmişdir. Belə ki, ali icra hakimiyyəti -
Azərbaycan Respublikasının Prezidenti dövlətin
iqtisadi və sosial proqramlarını təsdiq etməklə
sosial-iqtisadi siyasəti müəyyən edir. Nazirlər
Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra
orqanı kimi dövlət proqramlarının icrasını,
yəni, ölkə başçısı tərəfindən
müəyyən edilmiş iqtisadi siyasətin həyata
keçirilməsini təmin edir. Mərkəzi icra hakimiyyəti
orqanları isə öz səlahiyyətləri daxilində
müvafiq proqramların reallaşdırılmasında
iştirak edir, dövlətin ayrı-ayrı sahələr
üzrə müəyyən edilmiş siyasətini həyata
keçirir.
Məlum olduğu kimi, “Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
Referendum Aktı 2016-cı il sentyabrın 26-da
keçirilmiş ümumxalq səsverməsində
(referendumda) qəbul edilmişdir. Konstitusiya islahatları
çərçivəsində Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri
institutu yaradılmışdır. Xüsusilə də
Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı
ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti təyin edilməsi ölkəmizin dövlət
idarəçiliyi tarixində yeni mərhələnin əsasını
qoydu. Bu təyinat ali dövlət idarəçiliyinin təkmilləşdirilməsi
və daha da gücləndirilməsi, hüquqi dövlət
quruculuğu prosesinin sürətləndirilməsi, dövlət
idarəetmə orqanlarında qərarların operativ qəbulu,
sosial-humanitar sahədə dövlət siyasətinin uğurla
həyata keçirilməsi baxımından müstəsna əhəmiyyətə
malikdir.
Ölkə iqtisadiyyatının
sürətlə yeniləşdiyi bir vaxtda iqtisadi
yönümlü dövlət orqanlarının fəaliyyətinin
səmərəli koordinasiyasının təmin edilməsi
xüsusi aktuallıq kəsb edir. Dövlət idarəetmə
sistemində islahatlar hər şeydən əvvəl iqtisadi
idarəetmə və tənzimləmə “yükü”nün
dövlət orqanları arasında “səmərəli” və
“ədalətli” bölgüsünə yönəldilməlidir.
Azərbaycan Respublikasının
Prezidenti tərəfindən iqtisadi məsələlərə
sistemli və kompleks şəkildə baxılması
islahatların gedişinə mane olan amillərin,
iqtisadiyyatımızın zəif nöqtələrinin
vaxtında aşkar edilməsində həlledici rol oynayır.
Belə bir yanaşma iqtisadi siyasəti hazırlayan və
koordinasiya edən strukturlara daha səmərəli işləmək
üçün əlverişli şərait yaradır.
İnstitusional islahatların
mühüm istiqamətlərindən biri antikorrupsiya tədbirlərinin
həyata keçirilməsidir. 2004-cü ildə “Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun qəbul edilməsi bu sahədə
hüquqi bazanı formalaşdırmaqla yanaşı, həm də
hakimiyyətin korrupsiya ilə mübarizədə siyasi iradəsini
nümayiş etdirdi.
Həmin ildə Prezident İlham
Əliyev “Korrupsiyaya qarşı mübarizə üzrə
Dövlət Proqramı”nı (2004-2006-cı illər) təsdiq
etdi. Proqramda korrupsiyanın qanunun aliliyinə, dövlət
idarəçiliyinin səmərəli fəaliyyətinə,
iqtisadi inkişafa təhlükə yaratdığı qeyd
olundu və korrupsiyaya qarşı mübarizədə
ümumi dövlət siyasətinin həyata keçirilməsinin
vacibliyi bir daha bəyan edildi.
Dövlət Proqramının icra
müddəti bitdikdən sonra Prezident İlham Əliyev 2007-ci
ildə “Şəffaflığın artırılması və
korrupsiyaya qarşı mübarizə üzrə Milli
Strategiya”nı və onun həyata keçirilməsi ilə
bağlı 2007-2011-ci illər üçün Fəaliyyət
Planını təsdiq etmişdir. Bu strategiyaya əsasən korrupsiyaya
qarşı mübarizənin institusional mexanizminin təkmilləşdirilməsi,
dövlət və yerli özünüidarə
orqanlarının fəaliyyətində şəffaflığın
artırılması və bu sahədə dövlət siyasətinin
davamlı olaraq həyata keçirilməsi nəzərdə
tutulurdu.
Şəffaflığın artırılması
ilə bağlı beynəlxalq təşəbbüslərə
öz töhfəsini verə bilmək üçün
ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına
qoşulmuşdur. Prezident İlham Əliyev dövlət idarəçiliyində
şəffaflığın və səmərəliliyin təmin
edilməsi məqsədi ilə “Açıq Hökumətin
təşviqinə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı”nı təsdiq etdi. Bu çərçivədə
həyata keçirilən tədbirlərin
davamlılığını təmin etmək
üçün 2016-2018-ci illəri əhatə edən yeni fəaliyyət
planı da qəbul edildi.
Açıq hökumət prinsiplərindən
biri olan ictimai iştirakçılığın genişlənməsi
üçün qanunvericilik bazasını təmin edən
“İctimai iştirakçılıq haqqında” Azərbaycan
Respublikası Qanununun qəbulu dövlət orqanları
yanında ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət
kəsb edən qanun və qərar layihələrinin
müzakirəsində və dövlət orqanlarının fəaliyyətində
vətəndaş cəmiyyəti institutlarının
yaxından iştirakına şərait yaratmışdır.
İdarəetmə sistemində şəffaflığın
təmin edilməsi üçün dövlət idarəçiliyində
müasir informasiya texnologiyalarının imkanlarından
maksimum istifadə edilməsi tələb olunur. Son illər
inzibati prosedurlar və dövlət orqanlarının göstərdikləri
xidmətlərin elektronlaşdırılması sahəsində
ardıcıl tədbirlər həyata keçirilmişdir.
2017-ci ildə 91 qurum elektron hökumət portalı vasitəsilə
438-dək elektron xidmət göstərmişdir.
Dövlət idarəçiliyində
şəffaflığın təmin edilməsində “ASAN
xidmət”in yaradılması xüsusi əhəmiyyət kəsb
edir. “ASAN xidmət” – Azərbaycan Respublikasında dövlət
orqanları tərəfindən vətəndaşlara göstərilən
xidmətlərin həyata keçirilməsini təmin edən
mərkəzdir. 2013-cü ildən fəaliyyətə
başlayan “ASAN xidmət” BMT-nin 2015-ci ildə “Dövlət
Xidmətləri Mükafatına” layiq
görülmüşdür. “ASAN xidmət”ə indiyə qədər
edilən müraciətlərin sayı 20 milyonu keçib.
İdarəetmə islahatları, ilk
növbədə, hökumətin iqtisadi blokunu əhatə
edir. Bu isə tamamilə təbii qəbul edilməlidir. Belə
ki, iqtisadi yönümlü dövlət orqanlarının təşkilati
strukturu və funksiyaları yeniləşməkdə olan
iqtisadiyyatın tələblərinə
uyğunlaşdırılmalıdır. Yeni iqtisadi şəraitdə
iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsi
köhnə idarəçilik prinsiplərinə əsaslana
bilməz.
DÖVLƏT NƏZARƏTİ
SİSTEMİNİN
TƏKMİLLƏŞDİRİLMƏSİ
Hər bir ölkədə idarəetmə
və dövlət nəzarəti sisteminin xüsusiyyətlərini
mövcud iqtisadi münasibətlərin xarakteri müəyyənləşdirir.
Bu mənada ölkəmizdə bazar münasibətlərinin tədricən
formalaşması, iqtisadiyyatın liberallaşması dövlət
idarəetmə və nəzarət sistemində keyfiyyət dəyişikliklərinə
səbəb olmuş və onun fəaliyyətinə yeni məzmun
vermişdir.
İstənilən iqtisadi sistem
özünə uyğun idarəetmə və tənzimləmə
mexanizminin yaradılmasını tələb edir. Nəzarət
sistemi isə dövlət idarəetmə sisteminin tərkib
hissəsi və onun bir qolu olduğuna görə hüquqi
dövlət, demokratik cəmiyyət və azad iqtisadiyyat kimi
prinsiplər bu sistemdə də nəzərə alınmaya
bilməz.
Əgər planlı təsərrüfat
sistemində dövlət idarəetmə aparatı iqtisadiyyat
üzərində total nəzarət funksiyasını yerinə
yetirirdisə, yeni mərhələdə dövlət
orqanları daha çox tənzimləyici rol oynamalıdırlar.
Nəzarət funksiyaları isə ciddi şəkildə
reqlamentləşdirilməlidir.
Heydər Əliyev dövlət nəzarəti
sisteminin yenidən təşkilinə xüsusi diqqət
yetirirdi. Ümummilli Liderin imzaladığı iki mühüm
sənəd – “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il
17 iyun tarixli və “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
və sahibkarlığın inkişaf etdirilməsi sahəsində
süni maneələrin aradan qaldırılması
haqqında” 1999-cu il 7 yanvar tarixli fərmanlar bir çox
hallarda “nəzarətsizliyə” səbəb olan dövlət
nəzarəti sistemində radikal dəyişikliklərin əsasını
qoydu.
Məhkəmənin qərarı
olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə
müdaxiləsi qadağan edildi. Vergilər Nazirliyinin səyyar
vergi yoxlamalarının sayı azaldıldı, işçi
heyəti 40 faiz ixtisar edildi. Yerli icra hakimiyyəti
orqanlarının nəzarət qurumları ləğv olundu.
Dövlət nəzarəti sistemində
aparılan əsaslı dəyişiklikləri heç də
dövlət nəzarətinin yumşaldılması və ya
aradan qaldırılması kimi xarakterizə etmək olmaz.
Dövlət heç bir halda qanunların pozulmasına,
dövlət əmlakı və vəsaitinin
dağıdılmasına, mənimsənilməsinə
göz yuma bilməz. Əksinə, milli iqtisadiyyatını
formalaşdıran bir ölkə kimi Azərbaycanda dövlət
nəzarəti daha da sərtləşdirilməli idi. Bu sərtlik
isə “məqsədli” əsassız yoxlamaların
aparılması ilə deyil, qanun pozuntularının aşkar
edilməsi və onun nəticələrinin aradan
qaldırılması ilə müəyyən edilir. Bir
sözlə, nəzarət sistemində aparılan islahatlar
dövlət nəzarətinin yumşaldılmasına yox, onun
təkmilləşdirilməsinə, səmərəliliyinin
artırılmasına və bu sistemin bazar
iqtisadiyyatının tələblərinə uyğun yenidən
təşkilinə yönəldilmişdir.
Dövlət nəzarəti sistemində
aparılan islahatların zəruriliyini və bu sahədə
müşahidə edilən dəyişikliklərin xarakterini
müəyyən etmək üçün yaxın
keçmişimizə - amirlik iqtisadiyyatının təcrübəsinə
nəzər salmalıyıq.
Bazar münasibətlərinə əsaslanan
iqtisadi sistemdən fərqli olaraq, mərkəzləşdirilmiş
planlı təsərrüfat sistemində dövlət nəzarəti
iqtisadiyyatın bütün sahələrini əhatə etməklə
total xarakter daşıyırdı. Əsas nəzarət
obyekti olan dövlət müəssisələrinin fəaliyyəti
tamamilə reqlamentləşdirilmişdir. Onlar yalnız
dövlət sifarişlərinin icraçıları kimi fəaliyyət
göstərirdilər. Sahibkarlıq fəaliyyəti, ticarət
vasitəçiliyi, valyutanın və qiymətli
kağızların alqı-satqısı qanunvericiliklə
qadağan edilmişdir. Bu sahədə hər hansı bir fəaliyyət
son nəticədə cinayət məsuliyyətinə səbəb
olurdu. Qadağaların çox olması nəzarətin
miqyasını da genişləndirmişdi.
Son illər ölkəmizdə həyata
keçirilən institusional islahatlar çərçivəsində
dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
istiqamətində ardıcıl və kompleks tədbirlər
görülməkdədir. Belə ki, “Sahibkarlıq sahəsində
aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan
Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununa əsasən
sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il
müddətinə dayandırılmışdır. Qanuna
görə bu müddətdə yalnız vergi yoxlamaları,
insanların həyat və sağlamlığına, qida təhlükəsizliyinə
və dövlətin maraqlarına mühüm təhlükə
yaradan hallar üzrə yoxlamalar aparıla bilər. Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 3 noyabr tarixli Fərmanı
ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək
uzadılmışdır.
Müqayisə üçün qeyd
edək ki, yoxlamaların sayı onun
dayandırılmasından əvvəl 2 il ərzində 120
mindən çox idisə, yoxlamaların
dayandırıldığı növbəti 2 il ərzində
bu rəqəm 200-dən az olmuşdur.
İqtisadiyyatın geniş miqyasda
liberallaşdığı, sahibkarlıq fəaliyyəti
üçün qadağaların aradan
qaldırıldığı bir vaxtda dövlətin iqtisadi
subyektlər üzərində total nəzarəti artıq
praktiki baxımdan mümkün deyil. Yeni şəraitdə
dövlətin iqtisadi nəzarəti əsasən maliyyə nəzarəti
xarakteri daşımalıdır. Bu cür nəzarət,
öz növbəsində, maliyyə intizamının
artırılmasını, mülkiyyət formasından
asılı olmayaraq, bütün iqtisadi subyektlərin dövlət
qarşısında maliyyə öhdəliklərinin yerinə
yetirilməsini, ölkənin maliyyə təhlükəsizliyini
təmin etməlidir.
Maliyyə nəzarətini yalnız
büdcə-vergi nəzarəti ilə məhdudlaşdırmaq
olmaz. O, valyuta, gömrük və bank nəzarətini də əhatə
etməklə maliyyə resurslarının formalaşması,
bölgüsü və istifadə edilməsi prosesinin
qanuniliyinə, məqsədəuyğunluğuna və səmərəliliyinə
nəzarət edilməsi sahəsində dövlət
orqanlarının və auditor təşkilatlarının həyata
keçirdikləri tədbirlərin məcmusudur. Sistemli maliyyə
nəzarətinin təşkili aşağıdakı şərtlərin
yerinə yetirilməsindən asılıdır:
- birincisi, maliyyə nəzarətinin
subyektləri, yəni hansı qurumların nəzarət edəcəyi
konkret müəyyən edilməli;
- ikincisi, maliyyə nəzarətinin
obyektləri, yəni hansı qurumlara nəzarət ediləcəyi
konkretləşdirilməli;
- üçüncüsü, nəzarətin
predmeti – nəyə nəzarət olunduğu dəqiqləşdirilməli;
- dördüncüsü, nəzarətin
prinsipləri, metod və metodologiyası, texnika və
texnologiyası müəyyənləşdirilməlidir.
Maliyyə nəzarətinin
sistemliliyini təmin etmək üçün ən əsas
şərt nəzarətin nəticələri üzrə
konkret qərarların qəbul edilməsidir. Yəni, maliyyə
nəzarətinin başlanğıc və son nöqtəsi
olmalı və onların hər ikisi bir-birini
tamamlamalıdır.
Maliyyə nəzarətinin əsas
istiqamətlərindən birini büdcə nəzarəti təşkil
edir. Maliyyə nəzarətindən fərqli olaraq, büdcə
nəzarətinin miqyası məhduddur. Belə ki, büdcə
nəzarəti əsasən dövlət sektorunu, dövlətin
maliyyə vəsaitlərindən istifadə edən müəssisə
və təşkilatları əhatə edir.
Milli iqtisadiyyatını
formalaşdıran bir ölkə üçün büdcə
nəzarəti və onun səmərəli təşkili
xüsusi əhəmiyyət kəsb edir. Dövlət
özünün funksiyalarını maneəsiz və normal bir
şəkildə həyata keçirmək və sosial-iqtisadi
prosesləri çevik tənzimləmək imkanına malik
olmalıdır. Bu imkanların reallaşması isə
dövlət vəsaitinin həcmi ilə müəyyən
olunur. Dövlətin malik olduğu maliyyə resursları nə
qədər çox olarsa, onun sosial-iqtisadi proseslərə təsir
etmək imkanları da geniş olar. Bu mənada ölkəmizdə
büdcə nəzarəti bir tərəfdən maliyyə
resurslarından səmərəli və qənaətlə
istifadə edilməsini təmin etməli, digər tərəfdən
də büdcə mədaxilinin artırılması
üçün mövcud olan ehtiyatları aşkar etməlidir.
Dövlət idarəetmə sisteminin
səmərəliliyi həm də dövlət vəsaitlərinin
istifadə olunması vəziyyəti ilə
bağlıdır. Buna görə də son illərdə
büdcə sistemi, dövlət satınalmaları və büdcə
vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə
bağlı qanunvericilik təkmilləşdirilmiş,
hesabatlılıq və şəffaflığın
artırılmasını, maliyyə
inzibatçılığının gücləndirilməsini
nəzərdə tutan dəyişikliklər edilmişdir.
Prezident İlham Əliyev tərəfindən
qarşıya qoyulmuş tapşırıqların,
qanunvericiliklə müəyyən olunmuş vəzifə və
funksiyaların icrasını təmin etmək
üçün son illər Azərbaycan Respublikasının
Hesablama Palatası tərəfindən bir sıra addımlar
atılmaqdadır. Nəzarət funksiyalarının gücləndirilməsi
dövlətin ali audit qurumuna yol verilmiş maliyyə və
prosedur nöqsanlarının müəyyən edilməsinə
sistemli yanaşmanı tətbiq etməklə yanaşı, həmin
nöqsanların nəticələrinin aradan
qaldırılması ilə bağlı təsirli tədbirlərin
həyata keçirilməsinə imkan yaratmaqdadır. Belə
ki, son illərdə nəzarət tədbirlərinin nəticəsi
kimi dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin
həcmi xeyli artmışdır.
Dövlət vəsaitləri üzərində
ictimai nəzarət mexanizmlərinin səmərəliliyi
hesabatlılığın və şəffaflığın
təmin olunması ilə də sıx bağlıdır. Bu
istiqamətdə Hesablama Palatasının kənar dövlət
maliyyə nəzarəti orqanı kimi atdığı
addımlar, xüsusilə də nəzarət tədbirləri
ilə bağlı məlumatların ictimailəşdirilməsi,
tərtib olunmuş rəylərin və hesabatların
açıqlanması, vətəndaşlara QHT və KİV
tərəfindən yönəldilmiş sorğuların
cavablandırılması, rüblük bülletenlərin nəşri
beynəlxalq standartların nəzərə alınması
baxımından olduqca əhəmiyyətlidir.
Atılan addımlar Hesablama
Palatasının ali audit qurumları icmasında yerini möhkəmləndirməklə
yanaşı, beynəlxalq reytinqlərdə ölkəmizin
mövqeyinin yüksəlməsinə xidmət etməkdədir.
Qeyd etmək yerinə düşər ki, Beynəlxalq Büdcə
Tərəfdaşlığı Təşkilatının
Açıq Büdcə İndeksi–2017 hesabatında Azərbaycan
Respublikasının Hesablama Palatasının dövlət
büdcəsinə nəzarət sahəsində fəaliyyətini
100 ballıq şkala üzrə 83 balla qiymətləndirmişdir.
Dövlət vəsaitlərindən
istifadə edən və ya dövlət mülkiyyətində
olan müəssisə və təşkilatlara maliyyə nəzarəti
daha da sərtləşdirilməlidir. Nəzərə almaq
lazımdır ki, bu cür müəssisələr özəl
şirkətlərdən fərqli olaraq
israfçılığa meyilli olurlar. Dövlət vəsaitlərindən
qənaətlə istifadəni təmin etmək
üçün dövlət büdcəsi vəsaitlərinin
konkret proqram və layihələr üzrə ayrılması
təcrübəsi genişləndirilməlidir.
Maliyyə nəzarəti sistemində
vergi nəzarəti orqanlarının üzərinə
böyük məsuliyyət düşür. Müasir
dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə
yetirmir, o, həm də iqtisadi inkişafın
stimullaşdırıcı aləti kimi çıxış
edir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti
sahibkarlığın inkişafını dəstəkləməlidir.
Vergi xidmətində peşəkar və təmiz kadrlara
üstünlük verilməli, vergi əməkdaşlarının
yüksək səviyyəli xidmət göstərməsi
üçün onlara normal iş rejimi
yaradılmalıdır.
Vergi sisteminə hörmət və
inamın artırılması üçün ciddi addımlar
atılmalı, vergiödəyiciləri ilə münasibətlər
qarşılıqlı hörmət və etimada əsaslanmalıdır.
Vergi uçotunun dəqiq aparılması, auditin real
funksiyasının bərpa olunması, vergilərin
yığılmasından vergilərin ödənilməsinə
keçidin təmin edilməsi yeni mərhələdə vergi
nəzarəti orqanlarının xüsusi diqqət yetirməli
olduqları fəaliyyət istiqamətləri olmalıdır.
Maliyyə nəzarəti sistemində
ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük
orqanlarının da xüsusi yeri vardır. Mövcud
qanunvericiliyə əsasən gömrük orqanları dövlət
icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı
statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti
funksiyası daşıyırlar. Bu baxımdan Dövlət
Gömrük Komitəsi özünün tənzimləyici və
fiskal funksiyalarını digər maliyyə nəzarəti
orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir.
“Gömrük sistemində
islahatların davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 4 mart tarixli Sərəncamına əsasən,
elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi,
gömrük rəsmiləşdirilməsi zamanı tələb
olunan sənədlərin və prosedurların sayının
minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin
gömrük sərhədindən keçirilməsi
üçün “Yaşıl dəhliz” və digər
buraxılış sisteminin yaradılması istiqamətində
ciddi tədbirlər görülmüşdür.
2016-cı il aprel ayının 4-dən
etibarən gömrük prosedurlarının daha da sadələşdirilməsi,
gömrük xidmətlərinin göstərilməsində
şəffaflığın təmin edilməsi və xarici
ticarət əməliyyatlarının
liberallaşdırılması məqsədi ilə elektron bəyanetmə
sisteminin tətbiqinə başlanmışdır.
Azərbaycanda bank nəzarətini
müasir dövrün tələblərinə uyğun
qurmadan maliyyə nəzarəti sistemini təkmilləşdirmək
qeyri-mümkündür. Nəzərə almalıyıq ki,
bir çox qeyri-qanuni maliyyə əməliyyatlarının
aparılması, “çirkli” pulların rəsmi dövriyyəyə
cəlb edilməsi, vergidən yayınma və sair bu kimi bir
çox hallar çevik bank nəzarətinin olmaması ilə
əlaqədardır.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 3 fevral tarixli Fərmanına əsasən Maliyyə
Bazarlarına Nəzarət Palatası
yaradılmışdır. Palata kreditorların,
investorların və sığortaolunanların
hüquqlarını qoruyan qurumdur. Ölkənin qiymətli
kağızlar bazarının, investisiya fondu, bank və
sığorta fəaliyyəti sahələrinin
çevikliyinin və şəffaflığının təmin
edilməsi, eyni zamanda, bu sahələrdə tənzimləmə
və nəzarətin həyata keçirilməsi, maliyyə
sektorunun dayanıqlığının qorunub
saxlanılması Palatanın missiyasına daxil olan əsas vəzifələrdir.
Maliyyə nəzarətinin əsas
istiqamətlərindən biri kimi valyuta nəzarətinə
xüsusi diqqət yetirilməlidir. Valyuta nəzarəti
orqanları gizli valyuta dövriyyəsinin aradan
qaldırılması, xarici valyutanın ölkədən
qanunsuz olaraq çıxarılmasının
qarşısının alınması və ölkənin
valyuta ehtiyatlarından səmərəli istifadə edilməsi
sahəsində təsirli tədbirlər görməlidirlər.
Ölkədə müstəqil audit
xidmətini inkişaf etdirmədən, onun fəaliyyətini təkmilləşdirmədən
maliyyə nəzarətinin müasir dövrün tələblərinə
uyğun qurulması qeyri-mümkündür. Bu sahənin
inkişaf etdirilməsi, öz növbəsində, yüksəkixtisaslı
auditor kadrların hazırlanmasını, audit xidmətinə
tələbin artırılması üçün zəruri
şəraitin yaradılmasını tələb edir. Maliyyə
nəzarəti sisteminin təkmilləşdirilməsi
statistikanın və mühasibat uçotunun beynəlxalq
standartlara uyğunlaşdırılması ilə paralel həyata
keçirilməlidir.
Maliyyə nəzarətinin səmərəliliyini
təmin etmək üçün bu sahədə
çalışan kadrların sosial problemlərinin həlli də
diqqət mərkəzində saxlanılmalıdır. Nəticələrə
görə mükafatlandırma sisteminin tətbiqi maliyyə nəzarətinin
səmərəliliyini təmin edə bilər.
Nəzarət orqanlarının fəaliyyətinin
elektronlaşdırılmasına, bu sahədə müasir
telekommunikasiya sistemlərindən, informasiya
texnologiyalarından geniş istifadə edilməsinə
xüsusi diqqət yetirilməlidir.
Dövlət nəzarəti sistemində
islahatların uğurla davam etdirilməsi bu sahədə
görülən işlərin iqtisadi islahatların gedişi
və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi
vəzifələri ilə əlaqələndirilməsini tələb
edir.
AZƏRBAYCANDA NEFT
SEKTORUNUN ÜSTÜN İNKİŞAFI “PATOLOGİYA”DIRMI?
Dünya təcrübəsi göstərir
ki, milli iqtisadiyyatını formalaşdırmaqda olan ölkələrin
iqtisadi inkişafı ilkin mərhələdə sənayenin
bir və ya iki aparıcı sahəsindən asılı vəziyyətdə
olur və həmin sahələr ölkədəki problemlərin
həllində mühüm rol oynayır. Azərbaycanda da
inkişaf üçün lokomotiv funksiyasını məhz
hasilat sənayesi yerinə yetirməli oldu. Bu baxımdan maneələrə
və təzyiqlərə baxmayaraq, Ulu Öndərin siyasi iradəsi
və qətiyyəti nəticəsində 1994-cü il
sentyabrın 20-də “Əsrin müqaviləsi”nin
imzalanması ölkədə iqtisadi inkişafın əsasını
qoydu. Beləliklə, Azərbaycan həm də
özünün siyasi və iqtisadi diplomatiya tarixində
böyük bir uğuruna imza atmış oldu. Əldə
edilmiş bu nailiyyət sonrakı mərhələdə
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri kimi transmilli layihələrin
reallaşması ilə tamamlandı.
“Əsrin müqaviləsi”
böyük siyasi əhəmiyyətə malikdir. Belə ki,
onun imzalanması dövlət müstəqilliyimizin təsdiqi
kimi qiymətləndirilməlidir. Bu müqavilə Azərbaycanın
regionda geostrateji mövqeyini gücləndirmiş,
dünyanın aparıcı dövlətləri ilə əlaqələrimizin
daha da inkişafına, siyasi və iqtisadi diplomatiya sahəsində
müstəqil dövlət kimi manevretmə
imkanlarımızın genişlənməsinə şərait
yaratmışdır.
“Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyəti
də çoxşaxəlidir. Belə ki, bu müqavilə ilə
Azərbaycanın enerji təhlükəsizliyinin əsası
qoyuldu. Xarici investisiyaların cəlb edilməsi
üçün yaşıl işıq yandırıldı.
Ölkəmiz regional və beynəlxalq iqtisadi inteqrasiya
prosesində daha yaxından iştirak etməyə
başladı.
Hər bir ölkənin təbii sərvəti
iqtisadi inkişaf üçün zəmin yaratsa da, onun həlledici
şərti kimi çıxış etmir. Nə qədər
təzadlı görünsə də, dünyanın zəif
inkişaf etmiş ölkələrinin əksəriyyəti təbii
ehtiyatları zəngin olan ölkələrdir. Belə bir təzad
həmin ölkələrdə mövcud iqtisadi potensialın
reallaşdırılmasını təmin edə bilən səmərəli
iqtisadi sistemin yaradılmamasının nəticəsidir.
Ulu öndər Heydər Əliyev məhz
böyük şəxsiyyətlərə xas olan uzaqgörənliklə
neft gəlirlərinin idarə edilməsinin ən səmərəli
modelini yaratdı. Bu model neftin ixracından əldə edilən
bütün valyuta gəlirlərinin Dövlət Neft Fondunda
toplanılmasını və həmin vəsaitlərin mərkəzləşdirilmiş
qaydada istifadə edilməsini nəzərdə tutur. Məhz
bu mexanizmə əsaslanaraq, Prezident İlham Əliyev “Neft və
qaz gəlirlərinin idarə olunması üzrə
uzunmüddətli strategiya”nı təsdiq etmişdir.
Dövlət Neft Fondu neft gəlirlərinin
səmərəli idarə edilməsi baxımından əsas
rol oynamaqla, mühüm makroiqtisadi funksiyanı yerinə
yetirir: birincisi, neft dollarının ölkənin valyuta
bazarına təzyiq göstərməsinə imkan vermir;
ikincisi, dividendlər hesabına öz həcmini artıraraq,
yığım funksiyasını həyata keçirir;
üçüncüsü, ölkənin maliyyə sistemini
“neftsiz iqtisadiyyat rejimi”nə uyğunlaşdırır.
Hazırda neft sektoru ölkənin
makroiqtisadi göstəricilərinə, xüsusilə də
iqtisadi artım tempinə, sənaye istehsalının,
ixracatın və xarici investisiyaların həcminə,
büdcə və valyuta gəlirlərinə həlledici təsir
göstərməkdədir. Bu isə təbiidir.
Prezident İlham Əliyev hələ
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olduğu
dövrdə neft sektorunun üstün inkişafı ilə
bağlı qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı hələ
uzun illər neft amilindən asılı olacaq və bu,
reallıqdır. Onun fikrincə, neft amili 1994-cü ildən
ölkənin iqtisadi inkişafına böyük təkan
verib və bu gün iqtisadiyyatın bütün sahələrinin
neft sektoru kimi inkişaf etməli olduğunu düşünmək
sadəlövhlük olardı. Hesab edirik ki, tamamilə məntiqi
və populizmdən uzaq olan bu fikir Azərbaycan
iqtisadiyyatının mövcud reallıqlarına əsaslanır.
Neft sektorunun milli
iqtisadiyyatımızda payının artması məsələsinə
gəlincə, onun sənaye strukturundakı payına nəzər
yetirmək kifayət etmir. Bunun üçün həm də
iqtisadi quruculuq prosesindəki meyilləri, makroiqtisadi vəziyyəti,
ölkənin real iqtisadi potensialını, milli sənayemizin
xüsusiyyətlərini, beynəlxalq konyunkturanın tələb
və şərtlərini, nəhayət keçid
dövrünün reallıqlarını nəzərə
almalıyıq.
Ümumiyyətlə, Azərbaycanda
neft sənayesinin üstün inkişafını
aşağıdakı amillər və səbəblər
şərtləndirir:
Birincisi, müstəqil dövlət
quruculuğu mərhələsində olan və milli
iqtisadiyyatını inkişaf etdirməyə
çalışan hər bir ölkə yaxın, orta və
uzunmüddətli dövr üçün müəyyənləşdirilmiş
vəzifələri yerinə yetirməkdən ötrü zəruri
maliyyə vəsaitinə malik olmalıdır. Bu vəsaiti isə
bir qayda olaraq, sabit gəlir mənbəyi və bunu əldə
etmək üçün təminatlı satış
bazarı olan ölkələr əldə edə bilir.
İlkin mərhələdə Azərbaycan üçün
təminatlı bazar məhz
enerjidaşıyıcıları, xüsusilə də neft və
neft məhsulları bazarı oldu.
İkincisi, sənaye üzrə əsas
fondların 44 faizi neft və qaz hasilatı sektorunun payına
düşür. Əsas fondların belə bir
bölgüsü həm də sənaye istehsalının sahəvi
strukturunu, yəni neft sənayesinin üstün
inkişafını şərtləndirir.
Üçüncüsü,
iqtisadiyyatın liberallaşdırıldığı və
kapitalın sərbəst hərəkətinə şərait
yaradıldığı ölkələrdə investisiyalar gəlirlilik
səviyyəsi daha yüksək olan sahələrə
yatırılır. Bu baxımdan rentabelliyinə görə
neft sənayesinin digər sahələrdən fərqlənməsi
xarici kapitalın əsasən bu sektorda cəmlənməsinə
səbəb olur.
Azərbaycanda neft sənayesinin
üstün inkişafı öz-özlüyündə
ölkə iqtisadiyyatı üçün təhlükə
doğurmur. Eyni zamanda, indiki mərhələdə neft
sektorunun milli iqtisadiyyatımızda, o cümlədən sənayenin
və ya ixracatın strukturunda payının artması patoloji
proses deyil. Əksinə, bu meyil milli iqtisadiyyatda müsbət
dəyişikliklərə – valyuta gəlirlərinin
artmasına, xarici kapitalın cəlb edilməsinə,
qeyri-neft sektorunun və infrastruktur sahələrinin
inkişafına şərait yaradır.
Etiraf etmək lazımdır ki, təbii
sərvətlər bir çox ölkələrin əsas gəlir
mənbəyinə çevrilərək onların
iqtisadiyyatında mühüm rol oynamışdır. Lakin son
20 ildə yüksəkixtisaslı işçi qüvvəsi,
yüksək texnologiyalar, nou-hau təbii resurslarla müqayisədə
milli sərvəti artırmağın daha etibarlı amili kimi
çıxış etməkdədir.
Prezident İlham Əliyev neft və
qeyri-neft sektorunun inkişafının əlaqələndirilməsinə
böyük önəm verir: “Əgər biz öz
iqtisadiyyatımızı şaxələndirməsək,
yalnız və yalnız iqtisadiyyatımızı neft amili
üzərində qursaq, böyük uğurlar əldə edə
bilmərik. Neft hasil edən ölkələrin təcrübələri
onu göstərir ki, bu, yanlış yoldur. Biz neft amilindən,
sadəcə olaraq, çox məharətlə istifadə etməliyik
və edirik ki, Azərbaycanın iqtisadiyyatı hərtərəfli
inkişaf etsin və gələcək nəsillərimiz neft
amilindən asılı olmasın”13.
Heydər Əliyevin müəllifi
olduğu neft strategiyası hazırda Prezident İlham
Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir.
Belə ki, Azərbaycanda iki milyard ton neft hasil olunması milli
iqtisadiyyatımızın inkişaf tarixinin əlamətdar
hadisəsi kimi 2017-ci ildə təntənəli şəkildə
qeyd edilmişdir. Eyni zamanda, neft hasilatı sahəsində davamlılığı
təmin etmək məqsədi ilə “Əsrin müqaviləsi”nin
müddəti 2050-ci ilədək uzadılmışdır.
Müqavilənin icrası nəticəsində Azərbaycana
40 mlrd. ABŞ dolları həcmində investisiyanın
yatırılacağı nəzərdə tutulur. Yeni
imzalanmış müqavilə Azərbaycan üçün
daha da əlverişlidir. Belə ki, müqavilə imzalanandan
sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6
mlrd. ABŞ dolları həcmində bonus ödəniləcəkdir.
Həmçinin Dövlət Neft Şirkətinin payı 11,6
faizdən 25 faizə qaldırılır və Azərbaycana
çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil
edəcəkdir.
Uğurlu neft strategiyasının
reallaşması nəticəsində 2003-cü ilin sonuna 815,6
milyon ABŞ dolları təşkil etmiş Dövlət Neft
Fondunun vəsaiti 2018-ci il 31 yanvar tarixinə 37,5 mlrd. ABŞ
dollarına çataraq, təqribən 46 dəfə
artmışdır. 2003-2018-ci illər ərzində Dövlət
Neft Fonduna, ümumilikdə, 138,4 mlrd. ABŞ dolları həcmində
vəsait daxil olmuşdur.
Prezident İlham Əliyev “2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı”nı təsdiq
etmişdir. “Qara qızıl”ın “insan kapitalı”na
çevrilməsi siyasəti çərçivəsində
yüzlərlə azərbaycanlı gəncin dünyanın
qabaqcıl ölkələrinin aparıcı universitetlərində
təhsil ilə bağlı xərcləri Dövlət Neft
Fondunun vəsaiti hesabına maliyyələşdirilmişdir.
Dövlət Proqramının maliyyələşdirilməsi
məqsədi ilə 2008-2017-ci illər ərzində Dövlət
Neft Fondu tərəfindən ayrılmış 205,5 milyon manat
vəsait hesabına 3300-dən çox tələbə xarici
ölkələrin nüfuzlu ali məktəblərində təhsil
almışdır.
Azərbaycan təkcə neft deyil, həm
də qaz ixrac edən ölkəyə çevrilməkdədir.
Başqa sözlə, ölkəmizin ixracat potensialı
yaxın gələcəkdə neftlə yanaşı, həm
də qazın hesabına artacaq. Eyni zamanda, Azərbaycan
qonşu ölkələrin neft-qaz resurslarını dünya
bazarlarına ötürən tranzit dövlətə
çevrilməkdədir. Bütün bunlar Azərbaycan
iqtisadiyyatını dünya neft bazarındakı mənfi
konyunktur dəyişikliklərindən sığortalayan və
risklilik dərəcəsini azaldan amillər olaraq qiymətləndirilə
bilər. Məsələ burasındadır ki, dünya
bazarında neftin və qazın qiyməti heç də eyni
vaxtda artıb-azalmır.
Hələ 1990-cı illərin
ortalarında bəzi xarici diplomatlar və ekspertlər qeyd
edirdilər ki, Azərbaycan yaxın perspektivdə
“böyük imkanları olan yoxsul ölkə”dən zəngin
təbii sərvəti və sağlam iqtisadiyyatı olan
varlı ölkəyə çevriləcək. Artıq bu
gün Azərbaycan inkişaf etməkdə olan ölkələr
sırasındadır. Əminik ki, neft strategiyasının qətiyyətlə
davam etdirilməsi ölkəmizin iqtisadi potensialının
reallaşmasında, iqtisadi inkişafla sosial inkişafın əlaqələndirilməsində
bundan sonra da həlledici rol oynayacaq.
SAHİBKARLIĞIN
İNKİŞAFI SAHƏSİNDƏ DÖVLƏT
SİYASƏTİ
Azərbaycanda sahibkarlığın
inkişafı iqtisadi siyasətin mühüm istiqamətlərindən
biri kimi müəyyən edildiyinə görə özəl
sektorun inkişafına dövlət tərəfindən hər
zaman siyasi-ideoloji dəstək verilib. Belə ki, ölkə
başçısı tərəfindən imzalanmış
bütün qanun, fərman və sərəncamlar Azərbaycanda
bazar iqtisadiyyatının və sahibkarlığın
inkişafına yönəldilib. Sahibkarlığa bu cür
siyasi dəstək bir tərəfdən özəl sektorun
inkişafına təkan verib, digər tərəfdən də
xüsusi mülkiyyətçilik münasibətlərinin
daha da dərinləşməsinə və bu prosesin dönməz
xarakter almasına şərait yaradıb.
Cənab İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti statusunda jurnalistlərə ilk
müsahibəsində söylədiyi bir fikri xatırlatmaq istərdik:
“Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi
məhz özəl sektorun daha fəal iştirakından asılı
olmalıdır və bu istiqamətdə biz üzərimizə
düşən vəzifələri yerinə yetirməyə
hazırıq”14.
Bəli! Prezident İlham Əliyev son
15 ildə sahibkarlığın inkişafını iqtisadi
sahədə dövlət siyasətinin mühüm istiqaməti
kimi müəyyən etdi. Əgər biz sahibkarlıq fəaliyyəti
ilə bağlı bütün qanunları diqqətlə nəzərdən
keçirsək, görərik ki, onların hər birində
özəl sektorun inkişafı üçün güzəşt
və imtiyazları, dövlət yardımını, o
cümlədən maliyyə dəstəyini nəzərdə
tutan kifayət qədər müddəalar var.
2010-cu ildə Bakı Biznes Mərkəzinin
açılışı zamanı Prezident İlham Əliyev
sahibkarlarla görüşərkən təkcə
sahibkarlığın inkişafına liberal mövqe
nümayiş etdirmədi. O, həm də uzun illərdən bəri
sahibkarlıq fəaliyyətinə mane olan bir sıra mənfi
halların – inhisarçılığın, məmur özbaşınalığının,
korrupsiyanın və rüşvətxorluğun
mövcudluğunu qeyd edərək, bu kimi hallarla qətiyyətlə
mübarizə aparılacağını bəyan etdi. Dövlət
başçısı özəl sektorun inkişaf etdirilməsi
sahəsində gələcək vəzifələri bir daha dəqiqləşdirmək
məqsədi ilə sahibkarları açıq müzakirəyə
dəvət etdi.
Bu görüş dövlət
orqanları ilə sahibkarlar arasında sağlam və şəffaf
münasibətlərin yaradılmasına xidmət etdi.
Görüşün nəticəsi olaraq, ölkə
başçısı yerli istehsalçıların dəstəklənməsi,
iş adamlarına iqtisadi fəaliyyətə başlamaq
üçün hər cür şəraitin
yaradılması, vergi orqanları tərəfindən
qeyri-qanuni və uzunmüddətli yoxlamaların, bəzi
dövlət qurumlarında rüşvətxorluğun aradan
qaldırılması, hüquq-mühafizə
orqanlarının sahibkarlıq fəaliyyətinə
müdaxiləsinin dayandırılması,
inhisarçılığın qarşısının
alınması, sahibkarlığın inkişafı
üçün kredit təminatının
yaxşılaşdırılması, regionların inkişaf
etdirilməsi ilə bağlı müvafiq dövlət
orqanları qarşısında konkret vəzifələr
müəyyən etdi və ötən 15 il ərzində bu vəzifələrin
ardıcıl olaraq həyata keçirilməsini təmin etdi.
Sahibkarlarla keçirilən bu
görüş Prezident İlham Əliyevin Azərbaycan
iqtisadiyyatının, o cümlədən
sahibkarlığın inkişaf etdirilməsi ilə
bağlı islahatçı mövqeyə və liberal
baxışlara malik olduğunu bir daha təsdiq etdi. Məsələn,
ayrı-ayrı dövlət orqanları tərəfindən
dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
istiqamətində bir sıra tədbirlərin görülməsinə
baxmayaraq, ölkə başçısı mövcud nəzarət
sistemini qənaətbəxş hesab etməmiş, xüsusilə
də vergi yoxlamalarında yol verilən ciddi nöqsanların
aradan qaldırılmasını və vergi nəzarəti
prosedurunun təkmilləşdirilməsini, hüquqi şəxslərin
dövlət qeydiyyatına alınma müddətinin və
lisenziyalaşdırılan fəaliyyət növlərinin
sayının azaldılmasını tələb etmişdir.
Prezident İlham Əliyev yerli
sahibkarlara müraciət edərək bildirmişdir: “Mən
çalışacağam ki, sizə maksimum dərəcədə
sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar
yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə
öz fəaliyyətinizi davam etdirəsiniz”15.
Sahibkarlığın inkişafına münasibətdə bu
cür ardıcıl mövqe ölkəmizin iqtisadi
potensialının hərəkətə gətirilməsi
baxımından olduqca əhəmiyyətli olmuşdur.
Artıq sahibkarlıq fəaliyyəti
üçün müvafiq qanunvericilik bazası
yaradılıb. Sahibkarlığa dövlət köməyi
ilə bağlı proqramlar qəbul edilib. Eyni zamanda, idarəetmə
və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi
məqsədi ilə ölkəmizdə institusional islahatlar
aparılır. Sahibkarlıq mühitini daha da
yaxşılaşdırmaq məqsədi ilə biznesin təşkili
proseduru əhəmiyyətli dərəcədə sadələşdirilir.
Lisenziyaların və icazələrin sayı minimuma endirilərək
onların verilməsi, sahibkarlıq subyektlərinin
qeydiyyatı prosedurları “Bir pəncərə” prinsipinə əsaslanır.
Özəl sektorda investisiya fəallığını
artırmaq üçün Dövlət İnvestisiya Şirkəti
yaradılmış, investisiyaların təşviqi mexanizminin
tətbiqinə başlanılmışdır. Şirkət
2006-cı ildən aqrar və sənaye layihələrinin
icrasında fəal iştirak edir. ÜDM-in 83 faizinin özəl
sektorun payına düşməsi onu göstərir ki,
artıq sahibkarlar iqtisadi inkişaf üçün lokomotiv
rolunu oynamaqdadır.
Bir çox ölkələrdə
özəl sektorun fəaliyyətinə dövlət həm
birbaşa, həm də dolayı formada dəstək verir.
Dolayı maliyyə dəstəyi kontrakt sistemi vasitəsilə,
yəni sahibkarların dövlət sifarişlərinin yerinə
yetirilməsinə cəlb edilməsi yolu ilə göstərilir.
Yerli istehsalçıların dəstəklənməsi məqsədi
ilə artıq Azərbaycanda da bu təcrübədən
geniş istifadə olunur.
Bazar iqtisadiyyatının inkişaf
etdiyi heç bir ölkədə dövlət orqanları
iş yerlərinin açılması ilə bilavasitə məşğul
olmurlar. Onların fəaliyyəti məşğulluğu
stimullaşdırmaqla və əmək bazarını tənzimləməklə
məhdudlaşır. Hesab edirik ki, Azərbaycanda da iş yerlərinin
açılması hər hansı dövlət
orqanının deyil, məhz sahibkarlıq qurumlarının fəaliyyəti
nəticəsində təmin edilməlidir. Artıq ölkəmizdə
iş yerlərinin 75 faizinin məhz özəl sektorun
payına düşməsi bu prosesin dönməz xarakter
aldığını bir daha təsdiq edir.
Özəl sektorun inkişaf etdirilməsinin
mühüm istiqamətlərindən biri kiçik və orta
sahibkarlığın dəstəklənməsidir. Bu cür
müəssisələr bir qayda olaraq, bazara daha çevik
adaptasiya olunurlar. Bu sahədə əsaslı dönüşə
nail olmaq üçün Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyi
yaradılmışdır.
Sahibkarlığın inkişaf
etdirilməsi institusional islahatların davam etdirilməsini,
çevik fəaliyyət göstərən idarəetmə
sisteminin qurulmasını, iqtisadi proseslərin səmərəli
koordinasiyasını tələb edir.
Sahibkarların hüquqlarının
müdafiəsinin daha da gücləndirilməsi məqsədi
ilə 2016-cı ildə Azərbaycan Respublikasının
Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında Apellyasiya Şuraları
yaradılmışdır.
Ölkənin iqtisadiyyatında
sahibkarların artan rolunu, məşğulluğun təmin
olunmasında sahibkarlığın inkişafının
müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə
sahibkarlığa dəstək əhval-ruhiyyəsinin
artırılması məqsədi ilə aprelin 25-i Azərbaycan
Respublikasında “Sahibkarlar Günü” kimi təsis
edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
“Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq
(lisenziya) tələb olunan növlərinin sayının
azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi
prosedurlarının sadələşdirilməsi və şəffaflığının
təmin edilməsi haqqında” 2015-ci il 19 oktyabr tarixli Fərmanına
əsasən, dövlət təhlükəsizliyi (həmçinin
qiymətli kağızlar bazarı) ilə bağlı hallar
istisna olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən
lisenziyaların verilməsinin “ASAN xidmət” mərkəzlərində
həyata keçirilməsinə 2015-ci il noyabrın 2-dən
başlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər
haqqında” 2015-ci il 21 dekabr tarixli Fərmanına əsasən
lisenziya tələb olunan fəaliyyət
növlərinin sayı 59-dan 37-yə endirilmiş, qüvvədə
olan müddətli lisenziyalar müddətsiz elan olunmuşdur.
Həmçinin yeni lisenziyalar müddətsiz verilir,
lisenziyanın verilməsinə görə ödənilən
dövlət rüsumunun məbləğləri təxminən
2 dəfə, regionlar üzrə 4 dəfə (regional
televiziya və radio yayımı istisna olmaqla)
azaldılmış, lisenziya verilməsi üçün tələb
olunan prosedurlar sadələşdirilmişdir.
Əvvəllər müxtəlif
sahibkarlıq fəaliyyətlərinə toplam 330 icazə tələb
olunurdusa, “Lisenziyalar və icazələr haqqında” Qanunun
qüvvəyə minməsi ilə bütün icazələr
vahid sənəddə göstərilir, onların sayı isə
86-ya endirilir.
Bundan başqa “Lisenziyalar və icazələr”
portalının yaradılması, “susmaqla razılıq” və
“Bir pəncərə” prinsiplərinin tətbiqi ilə
bağlı tədbirlər görülmüşdür.
Daşınmaz əmlak üzərində hüquqların
dövlət qeydiyyatına alınması və dövlət
reyestrindən çıxarışın verilmə müddəti
20 gündən 10 iş gününə endirilmişdir.
İnvestisiyaların təşviqi
mexanizminin tətbiqi nəticəsində 2017-ci ilin may
ayından 2018-ci ilin fevral ayının əvvəllərinədək
244 investisiya layihəsinə təşviq mexanizmi tətbiq
olunmuş, 2,1 mlrd. manatlıq investisiyanın cəlb
olunmasına və 16 mindən çox yeni iş yerinin
açılmasına şərait yaranmışdır.
“Qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Sərəncamında
kənd təsərrüfatı və emal məhsullarına
ixracla bağlı geri ödəmə dəstəklərinin
verilməsi, xarici ölkələrə ixrac
missiyalarının təşkil edilməsi, “Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə
tutulmuşdur.
Son iki ildə sahibkarların ixrac fəaliyyətinin
dəstəklənməsi məqsədi ilə ümumilikdə
35,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsullarının
ixracına görə ixrac təşviqləri verilmişdir.
Xarici ölkələrdə dövlətimizin
və yerli ixracatçıların iqtisadi-ticarət
maraqlarının qorunması və təmsil edilməsi, yerli
məhsulların xarici ölkələrin bazarlarına
çıxışının genişləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının xarici ölkələrdə
fəaliyyət göstərən səfirlik və
konsulluqlarında ticarət nümayəndələrinin təyin
edilməsi qərara alınmışdır.
Qanunvericiliyə edilmiş dəyişikliklərə
əsasən “ASAN Viza” sisteminin tətbiqinə
başlanılmış, ölkəyə gələn əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin
həmin sistem vasitəsilə ölkədə qalma müddəti
30 günədək olmaqla, elektron viza almaq imkanı
yaradılmışdır.
Azərbaycan Respublikasının
sosial-iqtisadi inkişafında vətəndaşların fəal
iştirakını təmin etmək, ailə əməyinə
əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək,
kiçik və orta sahibkarlığın
inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğu
sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin
təşkilinə başlanılmışdır.
Sahibkarların maliyyə vəsaitlərinə
çıxış imkanlarını artırmaq, risklərin
bölüşdürülməsinə əsaslanan kreditləşdirmə
sistemi formalaşdırmaq məqsədi ilə “Azərbaycan
Respublikasının İpoteka və Kredit Zəmanət Fondu”
ASC yaradılmışdır. Fond sahibkarların müvəkkil
banklardan manatla aldıqları kreditlərə təminat verən
və həmin kreditlərə hesablanmış faizlərin bir
hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi fəaliyyət
göstərəcək.
İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 2003-2017-ci illər ərzində layihələrinin
ümumi dəyəri 4,4 mlrd. manat olan 34 535 sahibkara 2,1 mlrd.
manat güzəştli kredit verilmiş və 154 minə
yaxın yeni iş yeri yaradılmışdır. Güzəştli
kreditlərin 71,6 faizi aqrar sektorun, 28,4 faizi digər sahələrin
inkişafına yönəldilmişdir.
Biznes mühitinin
yaxşılaşdırılması və qeyri-neft sektorunda
sahibkarlığın inkişaf etdirilməsi sahəsində
görülən tədbirlərin nəticəsində
2003-2017-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə,
ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə
artmışdır. Eyni zamanda, sahibkarlıq subyektlərinin
sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı
1,9 dəfə, kiçik müəssisələrin sayı 2
dəfə, fərdi sahibkarların sayı 5 dəfə artmışdır.
Bu müddət ərzində ölkə iqtisadiyyatına 2,6 dəfədən
çox xarici investisiya cəlb olunmuşdur.
Artıq sahibkarlığın
inkişafı regional iqtisadi siyasətin ən mühüm
elementlərindən birinə çevrilməkdədir. Belə
ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində
özəl sektora üstünlük verilir.
Orta sinfin formalaşması, ilk
növbədə, sahibkarlığın inkişaf etdirilməsindən
asılıdır. Təsadüfi deyildir ki, ölkədə
yoxsulluğun səviyyəsi təkcə büdcə
hesabına əməkhaqqını artırmaqla yox, həm də
sahibkarlıq fəaliyyətinə şərait yaratmaqla
azaldılır.
Özəl sektorun inkişafı hər
bir ölkəyə varlı millət – varlı dövlət
prinsipini reallaşdırmaq imkanı verir. Bu prinsipin həyata
keçməsi isə vətəndaşların iqtisadi
azadlığına və son nəticədə insan
azadlığının təmin edilməsinə şərait
yaradır. Ölkə vətəndaşlarının yüksək
işgüzarlıq keyfiyyətləri Azərbaycanda özəl
sektorun perspektivlərindən xəbər verir.
REGİONLARIN İNKİŞAFI
PROQRAMINDAN REGİONAL İQTİSADİ SİYASƏTƏ
Prezident İlham Əliyev hələ
2003-cü ildə seçkiqabağı çıxışlarında
ölkəmizdə regional disbalansın dərinləşdiyini,
iqtisadi potensialın bölgələr üzrə qeyri-bərabərliyini
nəzərə alaraq, Azərbaycanın bütün
regionlarının hərtərəfli inkişaf etdiriləcəyini
qeyd etmişdir. Çünki davamlı və tarazlı
inkişafın əsas şərtlərindən biri məhz
regionların inkişafında qeyri-bərabərliyin aradan
qaldırılmasıdır.
Buna görə də Prezident
İlham Əliyev səlahiyyətlərinin icrasına
başladığı çox qısa bir müddətdən
sonra 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
üzrə Dövlət Proqramı”nı (2004-2008-ci illər)
təsdiq etdi.
Doğrudur, əvvəllər də
regional məsələləri özündə ehtiva edən
bir sıra sənədlər qəbul edilmişdir. Lakin yeni
proqramda sosial, iqtisadi və institusional blokları əhatə
edən genişmiqyaslı konkret tədbirlərin nəzərdə
tutulması regionların inkişafı sahəsində real nəticələrin
əldə olunmasına şərait yaratdı. Başqa
sözlə, sosial və iqtisadi siyasətin regional inkişafla
uzlaşdırılması və vahid bir sənəddə əks
etdirilməsi bu proqramın üstün cəhətlərindən
biri idi. Proqramın konkret tədbirlər planına əsaslanması
onun nə dərəcədə səmərəli və
vaxtında icra edildiyini izləməyə imkan vermişdir.
Bütün iqtisadi və inzibati rayonları əhatə edən
genişmiqyaslı tədbirlərin nəzərdə tutulması
proqramın icrası üçün böyük məbləğdə
maliyyə vəsaitinin ayrılmasını şərtləndirirdi.
Təcrübə göstərir ki,
regional inkişaf proqramının hazırlanması və həyata
keçirilməsi digər istiqamətlərdən fərqli
olaraq, heç də asan başa gəlmir. Çünki
regionların inkişafı ilə bağlı institusional, təşkilati,
iqtisadi, sosial, hüquqi və maliyyə xarakterli bir çox vəzifələri
yerinə yetirmək lazım gəlir. Eyni zamanda, regional
iqtisadi siyasətin işlənilməsi və onun davamlı
olaraq təkmilləşdirilməsi tələb olunur.
Regionların qeyri-bərabər
inkişafı heç də yeni məsələ deyil. Sadəcə
olaraq, keçid dövrü bu problemi kəskinləşdirmişdir.
Keçmiş ittifaq dövlətinin süqutundan sonra vahid
xalq təsərrüfatı kompleksinin dağılması, təsərrüfat
əlaqələrinin qırılması, aqrar-sənaye kompleksinin
yeni şəraitə uyğunlaşa bilməməsi, kənd
təsərrüfatı məhsullarının emalı
üzrə ixtisaslaşan müəssisələrin öz fəaliyyətini
dayandırması, neft-qaz sektorunun üstün inkişaf etməsi,
xarici kapitalın böyük həcmdə məhz Bakıya
yönəldilməsi regional fərqləri daha da dərinləşdirmişdir.
Ulu Öndərin rəhbərliyi ilə
başlanmış genişmiqyaslı quruculuq işlərinin
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi, həm də regionların inkişafına şərait
yaratmışdır. Burada xatırlatmaq yerinə düşər
ki, Ümummilli Lider hələ sovetlər dönəmində
Azərbaycanın dağlıq ərazilərinin sosial-iqtisadi
inkişafına dair qəbul etdiyi qərarla bu cür
yanaşmanın əsasını qoymuşdur.
Ölkə iqtisadiyyatının
davamlı və tarazlı inkişafını təmin etmək
üçün Prezident İlham Əliyev tərəfindən
regionların inkişafı üzrə 3 Dövlət
Proqramı, Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair 3 Tədbirlər Proqramı, çoxsaylı sərəncam
və fərmanlar imzalanmışdır. Bu proqramların
icrası Azərbaycanda yoxsulluğun və işsizliyin
azaldılmasına, regionlarda iqtisadi fəallığın
artırılmasına və infrastrukturun formalaşmasına
şərait yaratmışdır.
Azərbaycan dövləti
regionların qeyri-bərabər inkişafını iqtisadi təhlükəsizlik
baxımından ciddi problem kimi dəyərləndirir və
buna görə də regional inkişaf proqramları
hazırlayıb həyata keçirir.
Prezident İlham Əliyevin
regionların inkişafına dair olduqca aydın və konkret
konseptual baxışları vardır: “Azərbaycan təkcə
Bakıdan və Abşerondan ibarət deyildir. Azərbaycanın
hər bir bölgəsi inkişaf etməlidir... Regionları hərtərəfli
inkişaf etdirmək üçün güclü infrastruktur
olmalıdır ki, onu da sahibkar yarada bilməz. Bu vəzifəni
dövlət öz üzərinə
götürübdür... Azərbaycanın gücü,
bölgələrin gücündədir... Regionların
sosial-iqtisadi inkişaf proqramının, əlbəttə ki, əsas
məqsədi işsizliyin aradan qaldırılmasından,
yoxsulluğun azaldılmasından ibarətdir...”16.
Regional fərq özünü əlavə
dəyərin formalaşmasında açıq şəkildə
göstərməkdədir. 2016-cı ildə ÜDM
istehsalında Bakı şəhərinin payı 76,9 faiz,
regionların payı isə 23,1 faiz təşkil etmişdir.
Bu, onunla əlaqədardır ki, istehsal və xidmət sahələrinin
çox hissəsi, o cümlədən neft-qaz sənayesi
Bakı şəhəri və onun ətrafında cəmləşmişdir.
Azərbaycan neft və qaz
ehtiyatları ilə yanaşı, digər təbii resurslarla
da zəngindir və bu ehtiyatların əsas hissəsi regionlarda
yerləşir. Regionların təbii resurs potensialından
istifadə etməklə qeyri-neft sektorunu inkişaf etdirə
bilərik. Bu baxımdan regionların təbii resurs
potensialının yenidən qiymətləndirilməsi, onun təsərrüfat
dövriyyəsinə cəlb olunması və səmərəli
istifadə edilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Azərbaycanda regionların tarazlı
inkişafını təmin etmək üçün digər
sahələrlə yanaşı, bölgələrdə
aqrar-sənaye kompleksinin sürətli inkişafına nail
olmalıyıq. Nəzərə almalıyıq ki, kənd təsərrüfatı
ölkə üzrə ÜDM-in 5,6 faizini istehsal edir.
Əhalinin 47 faizi isə kənd yerlərində
yaşayır və məşğul əhalinin 36,3 faizi kənd
təsərrüfatında çalışır. Bu
baxımdan kənd təsərrüfatının inkişaf
etdirilməsi regionlardakı problemlərin aradan
qaldırılmasına şərait yarada bilər.
Əslində regional inkişaf
proqramlarının icrası nəticəsində Bakı
şəhəri ilə regionların inkişaf səviyyəsi
arasındakı fərqin tamamilə aradan
qaldırılacağını gözləmək sadəlövhlük
olardı. Dünyada elə bir ölkə yoxdur ki,
bütün regionların bərabər səviyyədə
inkişafına nail olsun. Bu, bir məqsəd kimi də
qarşıya qoyulmur. Əsas məsələ, regionlar
arasında dərinləşmiş sosial-iqtisadi fərqin tədricən
azaldılmasıdır.
Regionların inkişafına qısa
bir müddətdə nail olmaq çətindir. Elə bu səbəbdən
də indiyə kimi 3 regional inkişaf proqramı
hazırlanmış və həyata keçirilmişdir.
Artıq Prezident İlham Əliyev tərəfindən
dördüncü proqramın hazırlanması ilə
bağlı müvafiq dövlət orqanlarına
tapşırıq verilmişdir.
Regional inkişaf proqramlarında nəzərdə
tutulan tədbirlərin sistemli şəkildə icra edilməsi
qeyri-neft sektorunun inkişafı, bölgələrdə yeni
iqtisadi münasibətlərin formalaşması və iqtisadi
fəallığın artması, iş yerlərinin
açılması baxımından əhəmiyyətli
olmuşdur.
Regional inkişaf, ilk növbədə,
zəruri infrastrukturun yaradılmasını tələb edir.
Təcrübə göstərir ki, bu vəzifələri bir
qayda olaraq özəl sektor deyil, dövlət yerinə yetirir.
Azərbaycanda regionlar üzrə infrastrukturun bərpası və
sosial obyektlərin tikintisi dövlət vəsaitləri
hesabına həyata keçirilmişdir.
Təkcə 2003-2017-ci illərdə
regional inkişaf proqramları çərçivəsində
Azərbaycanda yaradılmış olan 1,9 milyon yeni iş
yerinin 72 faizi regionların payına düşür. Bu
müddət ərzində 52,6 min kilometr qaz xətti çəkilmiş
və ya əsaslı təmir olunmuşdur. 1700-dən
artıq yaşayış məntəqəsi təbii qazla təmin
edilmiş, ümumilikdə isə regionlar üzrə
qazlaşdırma səviyyəsi 41 faizdən 90 faizə
çatmışdır. 2826 məktəbdə və 300-dən
çox məktəbəqədər təhsil müəssisəsində,
451 səhiyyə müəssisəsində tikinti, əsaslı
təmir və yenidənqurma işləri həyata
keçirilmişdir. 38 Olimpiya İdman Kompleksi inşa
olunmuşdur. 11 min kilometrdən çox respublika və yerli əhəmiyyətli
yolda təmir-tikinti işləri aparılmışdır. 366
ədəd körpü və tunel tikilmiş, təmir
olunmuşdur. Mehmanxana və mehmanxana tipli müəssisələrin
sayı 96-dan 550-yə çatmışdır ki, bunun da
400-ü regionlarda yerləşir. Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına sahibkarlara verilmiş
güzəştli kreditlərin 75,1 faizi regionların
payına düşür.
Regionların təkcə iqtisadi
deyil, həm də sosial inkişaf göstəriciləri də
bir-birinə yaxınlaşmalıdır. Məsələ
burasındadır ki, iqtisadi inkişaf sosial inkişafa şərait
yaratdığı kimi, həyat səviyyəsinin yüksəldilməsi
də iqtisadi fəallığın artmasına zəmin
yaradır.
Ayrı-ayrı ölkələr
inkişaf səviyyəsindən asılı olmayaraq,
regionların qeyri-bərabər inkişafını iqtisadi təhlükəsizlik
baxımından ciddi problem kimi dəyərləndirir və
buna görə də regional iqtisadi siyasət və regional
inkişaf proqramları hazırlayıb həyata keçirirlər.
Məsələn, Rusiya şimal rayonlarını inkişaf
etdirmək üçün xüsusi iqtisadi zonalara
üstünlük verir. Türkiyə əyalət
rayonlarının inkişafca geri qalması problemini hələ
bu günə kimi aradan qaldıra bilməyib. Buna görə də
əyalət rayonlarının inkişaf etdirilməsi
Türkiyənin iqtisadi inkişaf proqramının
mühüm hissələrindən biri kimi
çıxış edir. Dünyanın nüfuzlu regional
qruplaşması olan Avropa İttifaqının özü də
regional inkişaf proqramları vasitəsilə Avropa iqtisadi məkanına
daxil olan ölkələrin sosial-iqtisadi göstəricilərinin
bir-birinə yaxınlaşdırılması siyasətini həyata
keçirir.
Öz-özlüyündə
heç bir proqram onun obyekti olan problemi avtomatik olaraq aradan
qaldırmır. Dövlət proqramları yalnız konkret
şərtlər daxilində yerinə yetirilə bilər.
Yüksək xərctutumlu regional proqramların maliyyə təminatına
malik olması, proqram çərçivəsində
investisiya layihələrinin davamlı olaraq maliyyələşdirilməsi
onun uğurlu icrasını təmin etmişdir.
Regional problemlərin həlli həm
də regional inkişaf proqramının icrasının digər
sosial-iqtisadi inkişaf proqramları ilə əlaqələndirilməsindən,
iqtisadiyyatda, o cümlədən sənayedə struktur dəyişikliklərinin
sürətindən və miqyasından asılıdır.
Heç şübhəsiz, Azərbaycanda itirilmiş iqtisadi
potensialın bərpası nə qədər zəruri olsa da,
bu, heç də köhnə iqtisadi baza, sənaye strukturu əsasında
təmin edilməməlidir və edilə də bilməz.
Çünki nə əvvəlki vahid xalq təsərrüfatı
kompleksi var, nə də ki ittifaq bazarı. Ölkə
iqtisadiyyatının strukturu yeni dövrün tələbləri
baxımından nə qədər tez dəyişərsə,
regionların iqtisadi potensialını da daha tez hərəkətə
gətirmək olar. Bu sahədə görülən işlərin
davamlı olması buna inam yaradır.
ƏRZAQ
TƏHLÜKƏSİZLİYİ VƏ AQRAR SAHƏDƏ
DÖVLƏT SİYASƏTİ
Hər bir ölkənin ərzaq təhlükəsizliyi
milli iqtisadi təhlükəsizliyin əsas şərtlərindən
və həlledici elementlərindən biridir. O, hər şeydən
əvvəl daxili bazarda yetərli həcmdə ərzaq məhsullarının
mövcudluğunu və əhalinin bu məhsullara olan tələbatının
ödənilməsini nəzərdə tutur. Ərzaq təhlükəsizliyi
həm də ölkənin ərzaq təminatı sahəsində
müstəqilliyini, dövlətin iqtisadi və sosial
dayaqlarının nə dərəcədə möhkəm
olmasını xarakterizə edir.
Bu baxımdan ərzaq təhlükəsizliyinin
iki aspektini – sosial-iqtisadi və siyasi-iqtisadi aspektlərini qeyd
edə bilərik. Sosial-iqtisadi aspektə görə hər bir
dövlət öz vətəndaşlarının əsas
qida məhsulları üzrə istehlakını qəbul
edilmiş norma və standartlara uyğun olaraq təmin etməlidir.
Bu öhdəlik “Ümumdünya Ərzaq Təhlükəsizliyinə
dair” Roma Bəyannaməsində müəyyən
edilmişdir.
Ərzaq təhlükəsizliyinin
siyasi-iqtisadi aspekti isə əhalinin ərzaqla təminatının
yerli istehsala əsaslanmasını və ölkənin ərzaq
asılılığının minimuma endirilməsini
xarakterizə edir.
Ərzaq təhlükəsizliyi
artıq dünya təcrübəsində qəbul edilmiş
və hazırda geniş istifadə olunan anlayışdır.
O, mahiyyətcə, ölkənin ərzaq bazarını, eyni
zamanda, milli iqtisadiyyatın mövcud vəziyyətini səciyyələndirir.
Beynəlxalq səviyyədə ərzaq təhlükəsizliyi
terminindən ilk dəfə olaraq 1972-1973-cü illərdən,
yəni dünyanı bürümüş taxıl
böhranından sonra istifadə edilmişdir.
Azərbaycanda ərzaq təhlükəsizliyi
sahəsində vəziyyət heç də həmişə
sabit olmayıb. Məsələn, 1990-cı illərin əvvəllərində
keçmiş ittifaqın digər respublikalarında olduğu
kimi, Azərbaycanda da istehlak bazarı kəskin qıtlıq
dövrü keçirirdi. Həmin illərdə əsas ərzaq
məhsullarına olan tələbat minimal səviyyədə
ödənilirdi. Bəzi məhsullara hətta talon sistemi tətbiq
edilirdi. Bunun nəticəsində əhalinin qida məhsulları
üzrə istehlak səviyyəsi də kəskin şəkildə
aşağı düşmüşdür. Lakin 1994-cü ildən
başlayaraq ticarət rejiminin liberallaşdırılması
bir tərəfdən daxili bazarın idxal məhsulları ilə
təmin edilməsinə, digər tərəfdən də
idxalın strukturunda ərzaq məhsullarının
payının əhəmiyyətli dərəcədə
artmasına gətirib çıxardı. Yerli
istehsalçılar ərzaq bazarında itirmiş olduqları
mövqeləri aqrar islahatların həyata keçirilməsindən
sonra tədricən bərpa etməyə
başlamışlar.
Dünya təcrübəsinə əsasən
ərzaq təhlükəsizliyi ərzaq təminatı sahəsində
ölkənin nə dərəcədə müstəqil
olması meyarına görə qiymətləndirilir. Bu meyara əsasən
idxal olunan ərzaq məhsulunun həcmi həmin məhsulun
ölkə üzrə istehlakının 30 faizindən
çox olmamalıdır.
1990-cı illərin əvvəllərində
Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi
təhlükəli hesab edilən kritik həddi
keçmişdi. Həmin illərdə ölkəyə gətirilən
ərzaq məhsulları ümumi idxalın 65-70 faizini təşkil
edirdisə, son 5 ildə bu göstərici orta hesabla 14-15 faiz
arasında dəyişir. Son illər kənd təsərrüfatına
dövlət dəstəyinin artırılması nəticəsində
ölkəmizin ərzaq məhsulları üzrə idxaldan
asılılığı azalmaqdadır.
Hazırda bütün növ ərzaq
məhsullarının idxalının azaldılması və
ya tamamilə ləğv edilməsi bir məqsəd kimi
qarşıya qoyula bilməz. İndiki mərhələdə
söhbət yalnız ölkənin ərzaq idxalından
asılılığını minimuma endirməkdən gedə
bilər. Məsələ burasındadır ki, istehlak
bazarında realizə olunan bir çox məhsulların tamamilə
yerli istehsal hesabına təşkili müəyyən zaman tələb
edir. Bu səbəbdən də istehlak üçün zəruri
olan həmin məhsulların idxalının məhdudlaşdırılması
yolverilməzdir. Əks halda, bu, ərzaq bazarında vəziyyətin
gərginləşməsinə, xüsusilə də qiymətlərin
yüksəlməsinə, əhalinin ərzaq təminatının
pisləşməsinə, istehlak səviyyəsinin
aşağı düşməsinə səbəb ola bilər.
Ərzaq təhlükəsizliyinin əsas
şərti əhalinin ərzağa olan tələbatının
tam ödənilməsi və bununla da qida məhsullarının
normal səviyyədə istehlakının təmin edilməsidir.
Qida məhsulları istehlakının
yaxşılaşdırılması hər şeydən əvvəl
əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsindən
asılıdır. Deməli, hər bir ölkənin ərzaq
təhlükəsizliyi təkcə aqrar sahədə
mövcud olan problemləri aradan qaldırmaqla təmin edilmir.
Belə bir təhlükəsizlik həm də cəmiyyətdəki
bir sıra sosial-iqtisadi problemlərin sistemli və kompleks həllini
şərtləndirir. Təhlil göstərir ki, son 20 ildə
Azərbaycanda əhalinin qida məhsulları üzrə
istehlakının istər həcmində, istərsə də
strukturunda müsbət dəyişikliklər müşahidə
edilib. Həyat səviyyəsinin yaxşılaşması, əhalinin
real pul gəlirlərinin artması ərzaq məhsullarının
adambaşına istehlakının yüksəlməsinə
şərait yaratmışdır.
Ərzaq təhlükəsizliyinin təmin
edilməsi həm də istehlak olunan məhsulların keyfiyyətinin
yaxşılaşdırılmasını və keyfiyyətə
səmərəli nəzarət mexanizminin qurulmasını tələb
edir. Təsadüfi deyildir ki, qida təhlükəsizliyinə
nəzarət sistemini təkmilləşdirmək, bu sahədə
şəffaflığı təmin etmək, pərakəndəliyi
və təkrarlanmaları aradan qaldırmaq məqsədi ilə
Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.
Ölkənin ərzaq təminatı
hər şeydən əvvəl kənd təsərrüfatının
inkişaf səviyyəsindən asılıdır. Ərzaq təhlükəsizliyinin
təmin edilməsi üçün aqrar sektorda kök
salmış problemlərin həlli tələb olunur.
Ümummilli lider Heydər Əliyevin
bilavasitə təşəbbüsü və rəhbərliyi
ilə həyata keçirilmiş torpaq islahatları kənd təsərrüfatında
yeni iqtisadi münasibətlərin əsasını qoydu.
1995-ci ildə “Aqrar islahatların əsasları haqqında”,
“Sovxoz və kolxozların islahatı haqqında”, 1996-cı ildə
isə “Torpaq islahatı haqqında” Azərbaycan
Respublikasının qanunları qəbul edildi.
Aqrar sahədə islahatların həyata
keçirilməsi, kolxoz və sovxozların ləğvi,
onlara məxsus bütün əmlakın kənd əhalisinə
pulsuz paylanması, kənd təsərrüfatı məhsullarını
emal edən müəssisələrin özəlləşdirilməsi
ölkənin aqrar potensialından daha səmərəli
istifadə etməyə əlverişli şərait
yaratmışdır. Artıq özəl sektorun aqrar istehsalda
payı 99,7 faiz təşkil edir. Bu, Azərbaycanda aqrar sektorun
bazar münasibətləri əsasında inkişaf etdiyini
göstərir.
Hələ 1995-ci il avqustun 25-də kənd
təsərrüfatına dair müşavirədə Ulu
Öndər belə bir fikir söyləmişdir: “Söz yox
ki, torpaqlar bölünüb paylanacaq və torpaq islahatı
haqqında qanunun qəbul edilməsini də tezləşdirəcəyik.
Amma indiki şəraitdə torpaqdan səmərəli istifadə
etmək lazımdır”17. Təsadüfi deyildir ki, hazırda
torpaqdan səmərəli istifadə edilməsi məsələləri
aqrar siyasətin ana xəttini təşkil edir.
Kənd təsərrüfatı
multiplikator rolunu oynayaraq, iqtisadiyyatın digər sahələrinin
də inkişafını stimullaşdırır, şaxələndirmə
prosesinə həlledici təsir göstərir. Bu baxımdan kənd
təsərrüfatı təkcə iqtisadi fəaliyyət
növü deyil, o, həm də iqtisadi inkişafın təkanverici
qüvvəsidir. Bu, həmin sahənin sinergetik, sistemyaradıcı
xüsusiyyətindən irəli gəlir.
İqtisadi inkişafın yeni mərhələsində
aqrar islahatların qanunvericilik bazasının
formalaşması, torpaq üzərində xüsusi mülkiyyət
münasibətlərinin təşəkkül tapması,
aqrar sektorun özəl bölməyə əsaslanması,
ölkədə əksər ərzaq məhsullarına tələbatın
tamamilə daxili istehsal hesabına ödənilməsi, ərzaq
məhsulları istehlakının müsbət dinamikası,
emal müəssisələri şəbəkəsinin tədricən
genişlənməsi, bir sıra kənd təsərrüfatı
məhsullarının yüksək ixracat potensialı, bu sahədə
inkişaf perspektivlərinin və istifadə edilməyən
ehtiyatların olması kənd təsərrüfatının
güclü tərəfləri kimi dəyərləndirilə
bilər.
Hazırda kənd təsərrüfatının
inkişaf etdirilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindən
biri kimi müəyyən edilmişdir. Prezident İlham
Əliyev aqrar sektorun ölkəmiz üçün önəmini
nəzərə alaraq qeyd edir: “Gələcəkdə kənd
təsərrüfatının inkişafına yeni proqramlar əlavə
ediləcək və biz bu sahəyə maksimum dərəcədə
diqqət göstərməliyik. Bu, həm təhlükəsizlik
məsələsidir, həm iqtisadi məsələdir, həm
də sosial məsələdir. Çünki Azərbaycan əhalisinin,
demək olar ki, yarısı kənd təsərrüfatı
bölgələrində yaşayır”18.
Azərbaycanda son 15 ildə kənd təsərrüfatı
istehsalçılarının dövlət tərəfindən
dəstəklənməsi istiqamətində mühüm
işlər görülmüşdür. 2004-cü ildə səhmlərinin
nəzarət zərfi 100 faiz dövlətə məxsus olan
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
yaradıldı. 2007-ci ildən etibarən kənd təsərrüfatı
istehsalçılarının dəstəklənməsi
proqramına start verildi.
Həmin dövrdən əkin sahəsinin
becərilməsində istifadə edilən yanacaq və motor
yağlarına görə dövlət büdcəsinin vəsaiti
hesabına kənd təsərrüfatı məhsulları
istehsalçılarına hər hektar sahə
üçün 50 manat, həmçinin buğda və
çəltik istehsalçılarına hər hektar sahəyə
görə əlavə olaraq 40 manat subsidiya verilir.
Heyvandarlıqda məhsuldarlığın
yüksəldilməsi, cins tərkibinin
yaxşılaşdırılması məqsədi ilə
dövlət vəsaiti hesabına xaricdən damazlıq
heyvanlar idxal olunur və lizinq qaydasında
istehsalçılara 50 faiz güzəştlə
satılır.
İstehsalçılara satılan
mineral gübrəyə görə verilən güzəştin
həcmi 50 faizdən 70 faizə yüksəldilmiş, tətbiq
edilən güzəştin ümumi məbləğinin
yuxarı həddi 100 manatdan 150 manata
çatdırılmış, bu güzəşt təbii mənşəli
gübrələrin (biohumus) satışına da tətbiq
olunmuşdur.
Həmçinin istehsalçılara
satılan pestisidlərə görə 70 faizədək
güzəşt tətbiq olunmuş, güzəştin
ümumi məbləğinin yuxarı həddi 10 manatdan 50
manata çatdırılmışdır.
Kənd təsərrüfatı
bitkilərinin (pambıq, tütün və şəkər
çuğunduru istisna olmaqla) əkin sahəsinin hər
hektarının becərilməsində istifadə olunan yanacaq
və motor yağlarına görə dövlət büdcəsindən
verilən yardımın həcmi 25 faiz artırılaraq 50
manat olmuşdur. Bu yardım artıq təkrar əkinlərə
də şamil edilir.
Ölkəmizdə ilk dəfə məhsula
görə subsidiyanın verilməsi mexanizmi tətbiq
olunmuş və bu subsidiya siyasəti pambıq, tütün,
şəkər çuğunduru və baramaya şamil
edilmişdir. Belə ki, istehsalçılara emal müəssisələrinə
təhvil verdikləri xam pambığın hər 1
kiloqramına görə 0,1 manat, quru tütünün hər
1 kiloqramına və ya yaş tütünün hər 10
kiloqramına görə 0,05 manat, şəkər
çuğundurunun hər tonuna görə 4 manat və
yaş baramanın hər kiloqramına görə isə 5
manat məbləğində subsidiya verilməsi müəyyən
edilmişdir.
“Aqrolizinq” ASC tərəfindən
lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı
texnikalarının və müasir suvarma sistemlərinin dəyərinə
40 faiz həcmində güzəşt tətbiq edilir.
Aqrar sahədə həyata
keçirilmiş dövlət dəstəyi tədbirləri
nəticəsində 2003-2017-ci illərdə Azərbaycandan
ixrac olunan kənd təsərrüfatı məhsullarının
həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz
məhsullarının ixracı 10,4 dəfə
artmışdır.
“Aqrolizinq” ASC-nin xətti ilə,
ümumilikdə, 2005-2017-ci illər ərzində 38222 kənd
təsərrüfatı texnikası, o cümlədən 1872
taxılyığan kombayn, 296 pambıqyığan kombayn,
10853 traktor və 25201 digər texnikalar alınaraq lizinq yolu ilə
sahibkarlara satılmış və ya istehsalçılara xidmət
üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə
verilmişdir.
“Aqrolizinq” ASC tərəfindən
2009-2017-ci illər ərzində idxal olunmuş 26513 baş
iribuynuzlu və 5947 baş xırdabuynuzlu məhsuldar cins
heyvanlar 50 faiz güzəştli qiymətlərlə 1121
sahibkara satılmışdır.
2007-2017-ci illər ərzində kənd
təsərrüfatı məhsulları
istehsalçılarına yanacaq və motor yağlarına
görə 604,2 milyon manat, buğda və çəltik əkininə
görə 219,9 milyon manat, həmçinin gübrənin
güzəştli satışına görə 300,0 milyon
manat həcmində büdcə vəsaiti
ayrılmışdır.
Bu dövrdə Sahibkarlığa
Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı
sahəsində çalışan 31990 sahibkara dövlət
büdcəsi vəsaiti hesabına 1,5 mlrd. manat həcmində
kredit verilmişdir.
İndiyə kimi ölkədə 32
iri fermer təsərrüfatı yaradılıb və bu layihələrə
70,5 milyon manat güzəştli kredit ayrılıb.
Hazırda 43 aqroparkın yaradılması istiqamətində
intensiv işlər aparılır.
Son 15 ildə meliorasiya-irriqasiya
sisteminin inkişaf etdirilməsi məqsədi ilə həyata
keçirilən böyükmiqyaslı layihələr
hesabına 360 min hektar sahədə torpaqların su təminatı
yaxşılaşdırılmış, 127 min hektar sahə
yeni suvarılan torpaqlar kimi əkin dövriyyəsinə əlavə
edilmiş, həmçinin 256 min hektar sahədə meliorativ tədbirlər
görülmüşdür. Ümumi tutumu 460 milyon kubmetrə
yaxın olan Taxtakörpü, Şəmkirçay,
Tovuzçay və Göytəpə su anbarları tikilib
istifadəyə verilmişdir. Meliorasiya və irriqasiya tədbirləri
çərçivəsində 4 min kilometr suvarma kanalı
tikilmiş və ya yenidən qurulmuş, 2481 kilometr
kollektor-drenaj şəbəkəsinin bərpası, yenidən
qurulması və tikintisi işləri həyata
keçirilmişdir.
Hazırda Prezident İlham Əliyev tərəfindən
aqrar sektorun inkişafına dair yeni vəzifələr müəyyən
edilmişdir. Bu vəzifələr müasir aqrar-sənaye
kompleksinin formalaşdırılmasından, yeni
texnologiyaların tətbiqindən, ixrac imkanlarının
genişləndirilməsindən, intensiv inkişafın və
rayonlar üzrə ixtisaslaşmanın təmin edilməsindən
və s. bu kimi məsələlərdən ibarətdir.
Yaxın illər ərzində
pambıq istehsalının təqribən 500 min tona,
tütün istehsalının 12 min tona, çəltik
istehsalının 40 min tona, barama istehsalının 6 min tona
çatdırılması istiqamətində ardıcıl tədbirlər
həyata keçirilir.
Aqrar siyasət, o cümlədən kənd
təsərrüfatına dəstək heç də
aqrobiznesin bütün məsuliyyətinin dövlətin
üzərinə qoyulması demək deyil. Aqrar sektora dövlət
dəstəyinin gücləndirilməsi kənd təsərrüfatı
istehsalçılarında ələbaxımlılıq vərdişləri
yaratmamalıdır. Kənd təsərrüfatı dövlət
dəstəyinə baxmayaraq, bazar iqtisadiyyatı “relsləri”
üzərində inkişaf etməlidir.
Kənd təsərrüfatı
ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi
olduğuna görə, o, ümumi inkişaf kontekstində nəzərdən
keçirilməlidir. Təsadüfi deyildir ki, son illər Azərbaycan
iqtisadiyyatının dinamik inkişafı, maliyyə
imkanlarımızın genişlənməsi kənd təsərrüfatı
üçün də yeni imkanlar açmışdır.
Dövlətin subsidiyalaşdırma siyasəti kənd təsərrüfatı
istehsalçılarına, onların gəlirlərinə,
istehlak xərclərinə müsbət təsir göstərmişdir.
Aqrar siyasətin ölkənin
ümumi iqtisadi inkişaf strategiyası ilə
uzlaşdırılması makroiqtisadi sabitliyin
saxlanılması, inflyasiyanın cilovlanması, qeyri-neft
sektorunun və regionların inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından mühüm əhəmiyyət
kəsb edir.
Aqrar siyasət kənd təsərrüfatına
investisiya qoyuluşlarının artırılmasını nəzərdə
tutur. Bu sahəyə investisiyaların cəlb edilməsi
iqtisadiyyatın şaxələndirilməsinin əsas şərtidir.
Bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında
da mənfəət investisiya qoyuluşlarını
stimullaşdırmalıdır. Deməli, aqrar-sənaye
kompleksinə kredit və investisiya qoyuluşlarının
artırılması, ilk növbədə, bu sahənin gəlirliliyinin
təmin edilməsindən asılıdır.
Hazırda kənd təsərrüfatının
inkişaf perspektivləri aqrar-sənaye kompleksi (ASK) kontekstində
dəyərləndirilir. Belə ki, ASK özü bir tam olaraq
aqrar sektoru, kənd təsərrüfatı məhsullarının
emalını, istehsal infrastrukturunu, ərzaq və istehsal vasitələri
bazarını özündə birləşdirir. Başqa
sözlə, aqrar siyasət təkcə kənd təsərrüfatı
istehsalını deyil, həm də məhsul zəncirinin
bütün halqalarını – istehsalı, emalı və
satışı da əhatə edir. Bu, aqrar sektorun mövcud
problemlərinə sistemli yanaşmanı təmin etməklə,
onların kompleks həllinə şərait yaradır.
Aqrar siyasət kənd təsərrüfatının
dövlət tənzimlənməsi ilə bazar mexanizminin daha
sıx əlaqələndirilməsinə istiqamətlənməlidir.
Aqrar sahəyə dövlət dəstəyi nə qədər
zəruri olsa da, bu siyasət yalnız bazar alətlərinə
və iqtisadi stimullara əsaslanmalıdır. Başqa sözlə,
kənd təsərrüfatının
subsidiyalaşdırılan bir sektor olmasına baxmayaraq, sahənin
dəstəklənməsində bazar iqtisadiyyatının
müasir mexanizmlərindən istifadə edilməli və
aqrar siyasətin səmərəliliyi təmin edilməlidir.
“Kənd təsərrüfatının
intensiv yollarla inkişaf etməsi çox vacibdir... Azərbaycanda
torpaqlar çox deyil, biz torpağın hər bir
qarışından səmərəli istifadə edilməsi
üçün lazımi tədbirlər görməliyik”19.
Prezident İlham Əliyevin bu tövsiyəsi aqrar siyasətin əsas
hədəfini müəyyən etməklə yanaşı, həm
torpaqlardan səmərəli istifadəni, həm də sahənin
rəqabət qabiliyyətinin təmin edilməsini nəzərdə
tutur.
Kənd təsərrüfatının
inkişafını xarakterizə edən kəmiyyət
göstəricilərinin keyfiyyət göstəricilərini
tamamlaması prinsipial əhəmiyyət kəsb edir. Aqrar
siyasət nəticəsində kənd təsərrüfatı
istehsalı həcminin artırılması ilə
yanaşı, əmək məhsuldarlığının,
istehsalın rentabelliyinin yüksəldilməsinə, intensiv
inkişafa nail olmalıyıq. Məhz belə bir yanaşma
son nəticədə kənd təsərrüfatının səmərəliliyini
təmin edə bilər.
Ölkəmizdə bir təsərrüfata
düşən əkin sahəsi orta hesabla 2 hektardan azdır.
Bu isə istehsalın səmərəli təşkilinə
imkan vermir. Bunu nəzərə alaraq, kənd təsərrüfatında
kooperasiyanı təşviq edən stimullaşdırıcı
tədbirlərin həyata keçirilməsinə ehtiyac
vardır. Bəzən kooperasiyanı kolxozların bərpası
kimi qəbul edirlər. Halbuki sovet dövründə kolxoz
üzvləri torpaq üzərində xüsusi mülkiyyət
hüququna malik deyildilər. Kooperasiya isə xüsusi torpaq
mülkiyyətçilərinin könüllülük əsasında
birgə təsərrüfatçılıq fəaliyyətini
nəzərdə tutur. Prezident İlham Əliyev tərəfindən
kənd təsərrüfatı kooperasiyasına dair qanunun və
dövlət proqramının qəbul edilməsi kooperativ əsasda
təşkil olunan iri təsərrüfatların
qurulmasına şərait yaradacaqdır.
Yeni dövr kənd təsərrüfatında
innovasiyaların tətbiqini şərtləndirir. Ərzaq məhsulları
istehsalında böyük nəticələr əldə
etmiş ölkələr buna “yaşıl inqilab” nəticəsində
nail olmuşlar. İqtisadi inkişafın yaratdığı
imkanlar aqrar sektorda innovasiyaların tətbiqinə şərait
yaradır.
Aqrar siyasət konservləşdirilmiş
vəziyyətdə qala bilməz. İqtisadiyyat dinamik
inkişaf etdiyi üçün dövlətin kənd təsərrüfatına
münasibətdə həyata keçirdiyi siyasət də
daxili və xarici amillər nəzərə alınmaqla
davamlı olaraq yeniləşir.
Aqrar siyasətin yeni dövrün tələblərinə
uyğunlaşdırılması və kənd təsərrüfatı
istehsalçılarına dövlət dəstəyi
mexanizminin təkmilləşdirilməsi ərzaq təhlükəsizliyinin
etibarlı təminatı baxımından mühüm əhəmiyyət
kəsb edir.
Hazırda dövlət
başçısı tərəfindən aqrar sektorun
müxtəlif sahələri ilə bağlı dövlət
proqramları qəbul edilməkdədir. Bu proqramlar, eyni
zamanda, dövlətin kənd təsərrüfatına, kəndə
və kəndliyə münasibətini əks etdirir.
Kənd təsərrüfatında
texnoloji yeniləşmə, məhsuldarlıq nə qədər
vacib olsa da, kəndin sosial məsələləri kölgədə
qala bilməz. Buna görə də, aqrar sektorun
inkişafına kəndin kompleks inkişafı, sosial məsələlərin
həlli kontekstində baxılmaqdadır. Ölkə rəhbərliyinin
həyata keçirdiyi aqrar siyasət kəndin
inkişafına, xüsusilə də kənd ərazilərində
müasir infrastrukturun yaradılmasına, kənddə həyat
səviyyəsinin yüksəldilməsinə və məşğulluğun
təmin edilməsinə xidmət edir.
İqtisadi artım yükünün
neft sektorundan qeyri-neft sektoruna keçdiyi bir vaxtda aqrar siyasət
iqtisadiyyatın şaxələndirilməsini dəstəkləməlidir.
Kənd təsərrüfatının inkişafı sahəsində
mövcud imkanların tədricən
reallaşdırılması bu sektoru yaxın perspektivdə
iqtisadiyyatın aparıcı sahəsinə çevirəcəkdir.
AZƏRBAYCANIN
MƏŞĞULLUQ STRATEGİYASI
İşsizlik inkişaf səviyyəsindən
asılı olmayaraq, hər bir cəmiyyətin ən
ağrılı sosial-iqtisadi problemlərindən biridir. Sovet
İttifaqının mövcud olduğu 70 il ərzində
aparılan tədqiqatlar və həyata keçirilən
ideoloji təbliğat sosialist iqtisadiyyatının kapitalist
iqtisadi sistemindən daha üstün olması təsəvvürünün
formalaşdırılmasına xidmət edirdi. İttifaq
dövləti kapitalizmə xas olan problemlərin sovet
iqtisadiyyatında da kök salmasının
qarşısını hər vəchlə almağa
çalışırdı. Sovet cəmiyyətində,
xüsusilə də işsizlikdən söhbət gedə
bilməzdi. Sosial xarakterli bu problemin yaranmasına yol verməmək
üçün dövlətin həyata keçirdiyi tədbirlər
iqtisadiyyatın qeyri-səmərəli fəaliyyətinə səbəb
olurdu. Əməktutumluluğu yüksək, məhsuldarlığı
isə aşağı olan sosialist müəssisələri
kapitalist firmaları ilə müqayisədə həm keyfiyyət,
həm də səmərəlilik göstəricilərinə
görə geri qalırdı. Amirlik iqtisadiyyatı
dövründə işsiz olan hər bir kəsə
tüfeyli damğası vurulur və həmin şəxslər
inzibati məsuliyyətə cəlb edilirdilər.
Bazar münasibətlərinə əsaslanan
iqtisadiyyatda isə işsizliyin mövcud olması təbii hal
kimi qiymətləndirilir. Buna görə də hər bir
ölkədə işsizliklə mübarizə onun tamamilə
aradan qaldırılmasına deyil, azaldılmasına yönəldilir.
İşsizlik yalnız iqtisadiyyat üçün təhlükəli
həddi keçdikdə, yəni kütləvi hal aldıqda,
iqtisadi böhranla müşayiət edildikdə ciddi sosial
problemlərə səbəb olur.
Prezident İlham Əliyev hələ
2003-cü ildə seçkiqabağı
çıxışlarında işsizliyi qarşıda duran ən
mühüm problem kimi qeyd etmiş və növbəti 5 ildə
600 min yeni iş yerinin açılacağını əsas vəzifə
kimi müəyyən etmişdir.
Təqdirəlayiq haldır ki, ölkə
rəhbərliyinin son 15 ildə həyata keçirdiyi məşğulluq
strategiyası çərçivəsində 1,9 milyon yeni
iş yeri (o cümlədən 1,4 milyonu daimi)
açılmış, işsizlik səviyyəsi 5 faizədək
azalmışdır. Məşğulluğun təmin edilməsi
vətəndaşların maddi rifah halının
yaxşılaşdırılmasına şərait
yaratmışdır.
2003-2017-ci illər ərzində
işsizlik müavinətinin orta aylıq məbləği
11,4 dəfə artaraq 267,5 manat, bu məqsədlər
üçün xərclənən illik vəsaitin həcmi
isə 16,8 dəfə artaraq 17,6 milyon manat təşkil
etmişdir.
Ölkədə bazar münasibətlərinin
tədricən formalaşması iqtisadiyyatın, o cümlədən
məşğulluğun strukturunda da əsaslı dəyişikliklərə
səbəb olmuşdur. Əgər 1995-ci ildə dövlət
sektorunda məşğul əhalinin 56 faizi
çalışırdısa, 2016-cı ildə bu göstərici
24,6 faizə enmişdir. Qeyri-dövlət bölməsinin məşğulluğun
strukturundakı payı isə müvafiq olaraq 44 faizdən 75,4
faizə yüksəlmişdir. Belə bir tendensiya əhalinin
məşğulluğu ilə bağlı əsas
yükün dövlətin deyil, artıq xüsusi bölmənin
üzərinə düşdüyünü göstərir.
Məlum olduğu kimi, işsizliyin
tsiklik, struktur və müvəqqəti formaları
mövcuddur. İşsizliyin bu formaları demək olar ki,
ölkə iqtisadiyyatında bu və ya digər formada
özünü göstərməkdədir. Əgər
iqtisadiyyatın, o cümlədən sənayenin strukturunda
baş verən köklü dəyişikliklər struktur
işsizliyinin kəskinləşməsinə səbəb
olursa, əməkhaqqının sahələr və sektorlar
üzrə differensasiyasının dərinləşməsi
müvəqqəti işsizliyə gətirib
çıxarır. Ölkədə işsizliyin müxtəlif
formalarda təzahür etməsi bu problemin müxtəlif amillərin
təsiri ilə yarandığını göstərir. Bu
baxımdan məşğulluq siyasəti çoxşaxəli
olmalı və işsizliyə birbaşa və dolayı təsir
göstərən bütün amillərin təsirini aradan
qaldırmalı və ya minimuma endirməlidir.
Sosial-iqtisadi inkişafın yeni mərhələsində
işsizlik probleminin təhlili xüsusi aktuallıq kəsb
edir. İşsizlik bir tərəfdən iqtisadi
transformasiyanın nəticəsi kimi, digər bir tərəfdən
də sovet iqtisadiyyatının miras qoyduğu ən
ağır problemlərdən biri kimi qiymətləndirilməlidir.
Buna görə də işsizliyin azaldılması sistemli və
kompleks tədbirlərin həyata keçirilməsini tələb
edir.
İşsizliyin
qarşısının alınması hər şeydən əvvəl
ölkədə normal fəaliyyət göstərən əmək
bazarının formalaşdırılmasından və onun
çevik tənzimlənməsindən asılıdır.
Eyni zamanda, yeni dövrün reallıqlarını, əhalinin
milli xüsusiyyətlərini və mentalitetini nəzərə
alan məşğulluq siyasəti müəyyən edilməli
və həyata keçirilməlidir. Heç şübhəsiz,
belə bir siyasət həm də dünya ölkələrinin
bu sahədə müvafiq təcrübəsini nəzərə
almalıdır.
İşsizlərə dövlət
yardımı ilə bağlı tədbirlər məşğulluq
siyasətinin yalnız bir hissəsini təşkil etməlidir.
Məşğulluq siyasəti potensialı
reallaşdırılmayan işçi qüvvəsindən
tam istifadə edilməsini, məhsuldar və yüksək
ödənişli məşğulluq üçün şəraitin
yaradılmasını, əmək bazarında təklifin tələbə
uyğunlaşdırılmasını, əmək məhsuldarlığını
artırmaq məqsədi ilə insan kapitalına investisiya
qoyuluşunun artırılmasını təmin etməlidir.
Dövlət orqanları işsizlərin yenidən
ixtisaslaşmasını və peşə
hazırlığını təşkil etməklə,
işçi qüvvəsinin əmək bazarının tələblərinə
adaptasiyasına şərait yaratmalıdır.
Ölkədə yeni iş yerlərinin
açılması özəl sektorun inkişafından
bilavasitə asılıdır. Özəl sektor nə qədər
dinamik inkişaf edərsə, onun maliyyə imkanları nə
qədər genişlənərsə, dövlətin
işsizliklə bağlı qayğıları da bir o qədər
azalmış olar. Xüsusilə də kiçik biznesin
inkişafına daha çox şərait
yaradılmalıdır. Nəzərə almaq lazımdır
ki, əksər ölkələrdə yeni iş yerləri iri
şirkətlərdə deyil, əsasən orta və
kiçik müəssisələrdə açılır.
Ölkədə məşğulluğun
strukturuna həlledici təsir göstərən amillərdən
biri əməkhaqqının differensasiyasının dərinləşməsidir.
Əməkhaqqının sahələr üzrə bir-birindən
kəskin fərqlənməsi işçi qüvvəsinin də
sahələr üzrə qeyri-bərabər
bölgüsünə gətirib çıxarır. Bəzi
sahələrdə əməkhaqqının aşağı
olması, eyni zamanda, əməyin keyfiyyətinin və əmək
intizamının aşağı düşməsinə səbəb
olur. İşsizliklə bağlı problemin həlli ölkə
vətəndaşlarının təkcə iş yerləri
ilə təmin olunması ilə bitmir. İş yerləri məşğul
əhalini həm də yüksək əməkhaqqı ilə
təmin etməlidir. Həmin əməkhaqqı da
işçilərin təkrar istehsalına şərait
yaratmalıdır. Yəni, hər bir işçi öz
iş qüvvəsini yenidən bərpa etmək imkanına
malik olmalıdır.
Məlum olduğu kimi, 1997-ci ildən
ölkədə əmək yarmarkaları təşkil edilir.
Onun vasitəsilə indiyə kimi on minlərlə ölkə
vətəndaşı işlə təmin edilmişdir. Lakin əmək
yarmarkaları əhalinin məşğulluğunun təmin
edilməsində yalnız köməkçi rol oynayır. Yəni,
işsiz vətəndaşlar həmin yarmarkaların vasitəsilə
mövcud vakansiyalar barədə məlumatlar əldə edir və
iş yeri axtarmaq üçün məşğulluq mərkəzlərinin
xidmətlərindən istifadə edirlər. Problemin
köklü həlli isə yeni iş yerlərinin
açılmasından ibarətdir.
Əsas fondların və
investisiyaların regionlar üzrə qeyri-bərabər
bölgüsü də məşğulluq problemini kəskinləşdirir.
Uzun illər Azərbaycanın paytaxtdankənar rayonlarında bəzi
sənaye müəssisələrinin öz fəaliyyətlərini
dayandırması regional işsizliyin səviyyəsini
artırmışdır. Son illər investisiyaların
regionlara yönəldilməsi, dövlət səviyyəsində
ardıcıl olaraq regional inkişaf proqramlarının həyata
keçirilməsi paytaxta işçi qüvvəsi
axınını xeyli azaltmışdır.
Azərbaycanda qeyri-neft sektorunun,
xüsusilə də idxalı əvəz edən sənaye sahələrinin
inkişaf etdirilməsi məşğulluğun təmin edilməsində
həlledici rol oynaya bilər. Bu baxımdan ölkədə
yeyinti sənayesinin və yüngül sənayenin inkişaf
etdirilməsi bir tərəfdən daxili bazarın
inkişafına, digər tərəfdən də məşğulluq
sahəsində mövcud imkanların artırılmasına
şərait yaradacaqdır.
Hazırda ölkədə həyata
keçirilən iqtisadi siyasət işsizliyin yaranma
imkanlarının məhdudlaşdırılmasına, sosial
siyasət isə işsizlik probleminin doğurduğu fəsadların
aradan qaldırılmasına yönəldilmişdir.
Əhalinin məşğulluğunun
təmin edilməsi sahəsində “Azərbaycan Respublikasının
Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, “Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramı
(2007-2010-cu illər)”, “Azərbaycan Respublikasının Məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə
2011-2015-ci illər üçün Dövlət Proqramı” və
“Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun
qarşısının alınmasına dair Tədbirlər
Planı” uğurla icra olunmuşdur.
2016-cı ildən etibarən əhalinin
özünüməşğulluğunun təmin olunması
sahəsində tədbirlərin həyata keçirilməsi
ilə məşğulluq siyasətində keyfiyyətcə
yeni bir mərhələnin əsası qoyuldu.
Özünüməşğulluq işsiz və işaxtaran
şəxslərin əmək potensialının
reallaşdırmasına və nəticə etibarilə
onların gəlirlərinin artırılmasına, ölkədə
yeni iş yerlərinin açılmasına, kiçik və
orta sahibkarlığın inkişafına şərait
yaradır.
İşsiz şəxslərin sosial
müdafiəsinin gücləndirilməsi və onların
aktiv məşğulluq tədbirlərinə cəlb
olunması, passiv əmək bazarı proqramlarından aktiv
proqramlara keçidin əhatəliliyinin genişləndirilməsi
məqsədi ilə ölkədə 2018-ci il 1 yanvar tarixindən
işsizlikdən sığorta sisteminin tətbiqinə
başlanılmışdır.
YOXSULLUĞUN
AZALDILMASI STRATEGİYASI
Yoxsulluq istənilən cəmiyyətə
xas olan çoxşaxəli sosial-iqtisadi problemdir.
Yoxsulluğun azaldılması təkcə humanistlik prinsiplərindən
irəli gəlmir, bunu həm də gələcək nəsillərin
fiziki, əmək və intellektual potensialının qorunub
saxlanılması və inkişaf etdirilməsi zəruriliyi
diktə edir. Buna görə də yoxsulluq problemi qlobal səviyyədə
olduğu kimi, həm də ölkəmizdə daim diqqət mərkəzindədir.
Seçilmiş iqtisadi inkişaf
modelindən asılı olmayaraq, hər bir dövlətin
öz sosial funksiyalarını nə dərəcədə səmərəli
həyata keçirməsi aztəminatlı təbəqənin
maddi təminatı və yoxsulluğun səviyyəsi ilə
müəyyən olunur. Yoxsulluq mahiyyəti etibarilə hər
hansı bir şəxsin öz minimal ehtiyaclarını ödəmək
iqtidarında olmamasıdır. Bu cür insanlar öz əmək
qabiliyyətini qoruyub saxlamaqda, potensialını
reallaşdırmaqda, maddi və mənəvi
ehtiyaclarını ödəməkdə, özlərini cəmiyyətdə
təsdiq etməkdə çətinlik çəkirlər.
Yoxsulluq hər bir insanda daim qorxu hissi və müdafiəsizlik
sindromu yaradır.
Yoxsulluq təkcə sosial-iqtisadi
problem deyil, həm də demokratik inkişaf üçün
bir maneədir. Dünya təcrübəsi göstərir ki,
yoxsulluq səviyyəsi yüksək olan ölkələrdə
demokratikləşmə prosesi bir qayda olaraq zəif və ləng
gedir. Adam Smit hələ vaxtilə qeyd etmişdir ki, əhalisinin
böyük bir hissəsi yoxsul olan cəmiyyət inkişaf
edib xoşbəxt ola bilməz. Yoxsulluq səviyyəsinin
yüksək olması kütləvi savadsızlığa,
cinayətkarlığın artmasına, mənəviyyatın
deformasiyasına gətirib çıxarır.
Yoxsulluq bir tərəfdən gəlirlərin
və istehlakın ən aşağı səviyyədə
olmasıdırsa, digər tərəfdən də təhsilin
aşağı səviyyəsi, yetərincə qidalanmama,
insanın səhhətində problemlər deməkdir. Buna
görə də hər bir ölkədə yoxsulluqla
mübarizə sosial-iqtisadi siyasətin mühüm istiqaməti
kimi nəzərdə tutulur.
Bəzən yoxsulluq problemi həddən
artıq şişirdilir. Dünyada yoxsulluğun mövcud
olmadığı ölkə yoxdur. Hətta inkişaf
etmiş ölkələr belə yoxsulluq problemini
köklü şəkildə həll edə bilməyib.
Əslində, yoxsulluğun əsası
amirlik iqtisadiyyatı dövründə qoyulmuşdur. Təsadüfi
deyildir ki, 2002-ci ildə “Yoxsulluğun Azaldılması və
İqtisadi İnkişaf üzrə Dövlət
Proqramı”nın təqdimatına həsr olunmuş konfransda
ulu öndər Heydər Əliyev öz nitqində bu məsələ
ilə bağlı fikirlərini belə
açıqlamışdır: “Keçmiş sovetlər
ittifaqına mənsub olan ölkələrdə, məlumdur
ki, SSRİ dağılandan sonra çox ağır
sosial-iqtisadi proseslər gedib və getməkdədir. Sovetlər
ittifaqı dövründə də insanların hamısı
eyni səviyyədə yaşamırdı. Respublikaların vəziyyətləri
də müxtəlif idi. Amma, ümumiyyətlə, yoxsulluq
mövcud idi. Bəlkə də o vaxt sovet sistemində
hamının eyni səviyyədə yaşaması prinsipi
prizmasından baxanda kimin yoxsul olması, kimin olmaması, o qədər
də görünmürdü. Ümumiyyətlə, sovetlər
ittifaqında, sosialist sistemində yoxsulluq bir problem kimi
müzakirə olunmurdu. Yəni, problem vardısa da, onun
olması etiraf edilmirdi”20.
Doğrudur, sovet iqtisadiyyatı
dövründə yoxsulluq inkar edilsə də, faktiki olaraq o,
“aztəminatlılıq” formasında təqdim edilirdi. Hələ
1975-ci ildə keçmiş SSRİ-də aztəminatlılığın
həddi kimi ailənin bir üzvü üçün ayda 50
rubl müəyyən edilmişdir. Bu dövrdə aztəminatlı
ailələrin xüsusi çəkisi 16 faizə
çatırdı. 1985-ci ildə bu göstərici ayda 75
rubla çatdırılmışdır. İnzibati yollarla həyata
keçirilən ifrat bərabərçilik siyasəti
keçid dövründə yoxsulluğun kütləviləşməsinə
əlverişli şərait yaratmışdır.
Məşhur iqtisadçı
C.Qelbreytin təbirincə desək, keçmişdə
yoxsulluq əksəriyyətin problemi idisə, bu gün o, əhalinin
müəyyən bir hissəsinin problemidir. Bu fikir onu təsdiq
edir ki, əvvəllər yoxsulluq geniş miqyas almaqla
yanaşı, həm də daha kəskin xarakter
daşıyırdı. Hətta indiki inkişaf etmiş
ölkələr də yoxsulluq problemini kəskinliyi ilə
yaşamışlar. Yoxsulluq yalnız keçmiş SSRİ-də
əhalinin az bir hissəsindən əksəriyyətin
probleminə çevrilmişdir. 1990-cı illərin əvvəllərində
həyata keçirilmiş şok terapiyası bu problemin
geniş miqyas almasına səbəb olmuşdur.
Bəziləri yoxsulluğu bazar
iqtisadiyyatı üçün xarakterik olan bir hal hesab etdiklərinə
görə onu formalaşmaqda olan yeni iqtisadi sistemin nəticəsi
kimi qiymətləndirirlər. Lakin bazar iqtisadiyyatı
özlüyündə yoxsulluğu doğurmur. Yoxsulluq problemi
daha çox səmərəli sosial müdafiə sisteminə
malik olmayan, gəlirlərin qeyri-bərabər
bölgüsünün dərinləşdiyi ölkələrdə
özünü büruzə verir. Bazar iqtisadiyyatının
yoxsulluq adlı nə prinsipi, nə də elementi var. Əgər
keçid dövründə yoxsulluq problemi kəskinliyi ilə
təzahür edirsə, bu, bazar iqtisadiyyatı ilə əlaqələndirilməməlidir.
Yoxsulluq probleminin həlli iqtisadi
inkişafdan asılı olduğu kimi, iqtisadi inkişafın
özü də yoxsulluq probleminin həllindən
asılıdır. Belə ki, həyat səviyyəsi
aşağı olan, alıcılıq qabiliyyəti isə zəif
olan ölkədə iqtisadi fəallıq yüksək ola bilməz.
İqtisadi fəallıq alıcılıq qabiliyyətli tələbin
mövcud olmasını şərtləndirir. Bir çox
inkişaf etmiş ölkələrdə iqtisadi artımı
təmin edən amil, həm də yüksək
alıcılıq qabiliyyətinə malik ölkə vətəndaşlarıdır.
Məlum olduğu kimi, hələ
2000-ci ildə BMT Minilliklə bağlı sammitini keçirmişdir.
Bu sammitdə yeni yüzillik üçün fəaliyyət
prioritetlərini müəyyən edən Minilliyin Bəyannaməsi
qəbul edilmişdir. Bu prioritetlərdən ən əsası
ifrat yoxsulluğu aradan qaldırmaqdan ibarətdir.
Azərbaycan yoxsulluğa və
aclığa qarşı mübarizədəki uğurlarına
görə Minilliyin İnkişaf Məqsədlərinin
(MİM) sona çatması ilə bağlı Romada
keçirilən təqdimat mərasimində BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatının
(FAO) xüsusi mükafatına layiq
görülmüşdür. Qürurverici haldır ki, Azərbaycan
MİM-lər çərçivəsində yoxsulluğun
yarıya qədər azaldılması öhdəliyini
götürən 128 ölkə arasında bu vəzifəni
yerinə yetirən 18 ölkədən biri olmuşdur. Ölkəmiz
həm də dünyada yoxsulluğun 5 faizdən
aşağı endirilməsinə nail olan 29 ölkə
sırasındadır.
BMT-nin fəal üzvü kimi qlobal
problemlərin həllində iştiraka töhfə verməyə
yüksək səy göstərən Azərbaycan BMT-nin 17
Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi
özündə birləşdirən yeni Qlobal
Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə
qoşulmuşdur.
Yoxsulluqla mübarizəni təkcə
daxili amillər deyil, həm də dünyada gedən proseslər
diktə edir. Təsadüfi deyildir ki, 17 oktyabr dünyada Beynəlxalq
Yoxsulluqla Mübarizə Günü kimi qeyd edilir. Hər bir
ölkədə olduğu kimi, qlobal səviyyədə də
regionların fərqli inkişaf səviyyəsinə malik
olması, gəlirlərin qeyri-bərabər
bölgüsü yoxsulluqla qlobal mübarizəni xeyli çətinləşdirir.
Əslində, dünya üzrə gəlirlərin
qeyri-bərabər bölgüsünü ÜDM
istehsalında ayrı-ayrı ölkələrin iştirak səviyyəsinin
fərqlənməsi doğurur. Hazırda dünya üzrə
istehsal olunan ÜDM-in 80 faizi dünya əhalisinin təxminən
20 faizini özündə birləşdirən inkişaf
etmiş ölkələrin payına düşür.
Dünyanın yerdə qalan 80 faizi isə qlobal ÜDM-in cəmi
20 faizini istehsal edir.
BMT-nin 2002-ci ildə Cənubi
Afrikanın Yohannesburq şəhərində keçirildiyi
sammitində müzakirə olunan əsas məsələlərdən
biri yoxsul dövlətlərə yardımla bağlı
olmuşdur. Belə ki, 1960-cı illərin sonunda
götürülmüş öhdəliyə görə
inkişaf etmiş ölkələr üçüncü
dünya ölkələrinə öz ÜDM-nin 0,7 faizi həcmində
yardım etməli idi. Lakin bu öhdəlik yerinə yetirilməmişdir.
Dünyada yoxsulluğun
azaldılması həm də dünya iqtisadi düzənində
müəyyən düzəlişlər edilməsini tələb
edir. Problemin həllinə şərait yaratmaq məqsədi
ilə inkişaf etmiş ölkələr öz
bazarlarını inkişaf etməkdə olan ölkələrin
məhsulları üçün açmalı, ədalətli
ticarət şərtləri daxilində onların dünya
bazarında rəqabət aparmasına imkan
yaratmalıdırlar. Digər bir tərəfdən də beynəlxalq
səviyyəli bəzi problemlər, xüsusilə də
borcların tənzimlənməsi və maliyyə
yardımlarının səmərəliliyinin artırılması
təmin edilməlidir. Əks halda, zəif inkişaf etmiş
ölkələr nə qədər səy göstərsələr
də, onlar minillik üçün qarşıya qoyulmuş məqsədlərə
nail ola bilməyəcəklər.
Keçmiş ittifaq
respublikalarında, o cümlədən Azərbaycanda əhalinin
həyat səviyyəsinin kəskin şəkildə
aşağı düşməsi, əslində isə
yoxsullaşma prosesi 1990-cı illərin əvvəllərində
qiymətlərin liberallaşdırılması nəticəsində
baş vermişdir. Bu zaman əhalinin banklarda olan əmanətləri
üçün nə kompensasiyalar ödənilmiş, nə
də gəlirlərin indeksləşdirilməsi həyata
keçirilmişdir. Nəticədə gəlirlərin, əmanətlərin
dəyərsizləşməsi prosesi müşahidə
edilmişdir. Sosial gərginliyin, o cümlədən
yoxsullaşmanın əsası da həmin dövrdə
qoyulmuşdur.
Hər bir ölkədə iş yerlərinin
məhdud olması və bu əsasda işsizliyin dərinləşməsi
yoxsulluğu doğuran səbəblərdən biri kimi
çıxış edir. Əmək bazarındakı
differensasiya və qeyri-bərabərlik yoxsulluğun əsas səbəblərindən
biridir. Belə ki, əmək bazarında
aşağıödənişli iş yerlərinə malik
olanların sayı çox olduqda, əmək bazarında
deqradasiya baş verir, iqtisadi və sosial təbəqələşmə
son nəticədə yoxsulluğa gətirib
çıxarır.
Ölkədə iqtisadi artım və
makroiqtisadi sabitlik təmin edildikdən sonra ümummilli lider
Heydər Əliyev tərəfindən “Yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı (2003-2005)” təsdiq edilmişdir. Bu proqram sosial
problemlərin həlli yollarını göstərməklə
yanaşı, həm də onun iqtisadi əsaslarını
müəyyənləşdirdi. Burada islahatların iqtisadi,
sosial və institusional aspektləri kompleks şəkildə əhatə
olunmuşdur. Proqram bütün sosial-iqtisadi problemlərin həllinə
məhz yoxsulluğun azaldılması kontekstindən
yanaşmağa imkan vermiş və bir növ istiqamətverici
rol oynamışdır.
Hələ 2003-cü ildə Baş
nazir İlham Əliyevin prezidentliyə namizəd kimi
çıxışlarının əsas tezislərindən
biri də Azərbaycanda yoxsul olmamalıdır tezisi idi. O qeyd
edirdi ki, Azərbaycan xalqı zəngin xalq olmalıdır.
Bunun üçün hər cür şərait var. Dövlətin
başlıca siyasəti bundan ibarətdir ki, Azərbaycan
xalqı daha da yaxşı yaşasın və o, buna layiqdir və
biz buna nail olacağıq. İmkanlarımız artdıqca, Azərbaycanın
bütün vətəndaşları, bütün təbəqələr
daha da yaxşı yaşayacaqdır.
Bu məqsədlə Prezident İlham
Əliyev “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”nı təsdiq
etmişdir. Yoxsulluqla mübarizə üçün hökumət
sosial müdafiə və ya sosial inkişaf proqramları da
hazırlaya bilərdi. Hazırlanmış sənədin məhz
bu cür adlandırılması sosial proqram və təminatların
iqtisadi baza və resurslarla tamamlanması məqsədini
güdür.
Yoxsulluğun azaldılması
strategiyasının əsas məqsədi yoxsulluğu
doğuran səbəbləri aradan qaldırmaqdan və əhalinin
sosial müdafiəsi sistemini təkmilləşdirməkdən
ibarətdir.
Ölkənin maliyyə
ehtiyatlarının səfərbər edilməsi, makroiqtisadi
sabitliyin qorunub saxlanılması, məşğulluq səviyyəsinin
yüksəldilməsi, təbəqələşmənin və
gəlirlərin qeyri-bərabər bölgüsünün dərinləşməsinin
qarşısının alınması yoxsulluğun azaldılması
strategiyasının əsas vəzifələridir.
İqtisadi siyasətlə sosial siyasətin
əlaqələndirilməsi, sosial ədalətin
qorunması, vətəndaşların potensial qabiliyyətinin
reallaşdırılması üçün şəraitin
yaradılması, bazar münasibətlərinin inkişaf
etdirilməsi, vətəndaşların dövlətdən
maliyyə asılılığının azaldılması
yoxsulluqla mübarizə strategiyasının əsas prinsipləri
kimi müəyyən edilmişdir.
Aparılan uğurlu iqtisadi siyasət
nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və
iqtisadi artımın davamlılığı təmin edilmiş,
əhalinin gəlirlərinin artırılmasına və
rifahının yaxşılaşdırılmasına nail
olunmuşdur. Eyni zamanda, sosial proqramların maliyyələşdirilməsi
imkanlarının genişlənməsi, iqtisadiyyatın
genişmiqyaslı liberallaşdırılması,
sahibkarlığın təşviq edilməsi yoxsulluğun
azaldılmasına əlverişli şərait
yaratmışdır.
1990-cı illərin əvvəllərində
60 faiz təşkil edən yoxsulluq səviyyəsi Azərbaycanda
həyata keçirilən ardıcıl və sistemli tədbirlər
nəticəsində 2003-cü ildə 44,7 faizə, 2005-ci ildə
29,3 faizə, 2010-cu ildə 9,1 faizə, 2017-ci ildə 5,4 faizə
endirilmişdir.
Dövlət büdcəsinin
sosialyönümlü xərcləri 2003-2017-ci illərdə
10 dəfə artaraq 7,0 mlrd. manata, o cümlədən dövlət
büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri
11 dəfə artaraq 2,4 mlrd. manata çatmışdır.
Minimum əməkhaqqı 23 dəfədən
çox artaraq 5,5 manatdan 130 manata
çatdırılmışdır. Dövlət büdcəsinin
səhiyyə xərcləri 12,7 dəfə artaraq 55,3 milyon
manatdan 704,9 milyon manata yüksəlmişdir.
Orta aylıq əməkhaqqı 8,4 dəfə
artaraq 528,2 manata çatmışdır.
BMT İnkişaf Proqramının
qlobal İnsan İnkişafı Hesabatına əsasən Azərbaycan
“orta insan inkişafı” ölkələri kateqoriyasından
“yüksək insan inkişafı” kateqoriyasına daxil
edilmişdir.
Yoxsulluğun azaldılması
perspektivləri təkcə dövlətimizin iqtisadi imkanları
ilə deyil, həm də ölkə vətəndaşlarının
yüksək işgüzarlıq keyfiyyətləri və
sahibkarlıq potensialı ilə müəyyən olunur. Azərbaycan
işgüzarlıq səviyyəsinə görə nəinki
MDB ölkələrini, həmçinin Şərqi Avropa
ölkələrini qabaqlayır. Özəl bölmənin
iqtisadiyyatda payı artır, o, məşğulluğun təmin
edilməsində, əhalinin gəlirlərinin
formalaşmasında həlledici rol oynayır. Son dövrlər
sahibkarlığın inkişafına yönəldilmiş tədbirlər
nəticəsində özəl sektorda iqtisadi fəallığın
artacağı və nəticədə yoxsulluğun daha da azalacağı
gözlənilir.
Yoxsulluqdan qurtulmağın konkret bir
resepti yoxdur. Bunun üçün iqtisadi, sosial və
institusional sahədə kompleks tədbirlər həyata
keçirilməli və onlar bir-birini tamamlamalıdır.
Başqa sözlə, yoxsulluğun azaldılması
üçün imkanlar yaradılmalı, bu imkanların
reallaşması təmin edilməli və etibarlı sosial
müdafiə sistemi formalaşdırılmalıdır.
İQTİSADİ-İDEOLOJİ
TƏBLİĞAT VƏ ONUN XÜSUSİYYƏTLƏRİ
Qloballaşma prosesinin getdikcə dərinləşdiyi
və dünyada vahid siyasi-iqtisadi qaydaların bərqərar
olduğu bir vaxtda sosialist və ya kapitalist iqtisadi sisteminin
lehinə, yaxud da əleyhinə yönəldilmiş
iqtisadi-ideoloji təbliğatın aparılmasına artıq
heç bir ehtiyac qalmır. Hazırda dünya ölkələrinin
iqtisadi-ideoloji fəaliyyəti və təbliğat sistemi hər
hansı siyasi ehkamlar üzərində deyil, yalnız və
yalnız dövlət mənafeyinin və milli iqtisadi
maraqların qorunması prinsipləri üzərində
qurulur. Müstəqil dövlət quruculuğu
dövrünü yaşayan və milli iqtisadiyyatını
formalaşdırmaqda olan Azərbaycan üçün də məhz
bu prinsiplərə əsaslanan çevik iqtisadi ideoloji təbliğat
mexanizminin qurulması olduqca vacibdir.
İqtisadi təbliğat sistemsiz
qeyri-ardıcıl xarakter daşımamalıdır. Ölkənin
siyasi rəhbərliyi tərəfindən müəyyən
edilmiş iqtisadi ideologiyanın və islahatlar kursunun təbliği
siyasi-ideoloji təbliğat fonunda zəif və sönük
görünməməlidir. İqtisadiyyatını yeniləşdirməkdə
olan və dünya miqyaslı strateji layihələr həyata
keçirən müstəqil Azərbaycan Respublikasında
iqtisadi təbliğat davamlı və ardıcıl xarakter
daşımalıdır.
İqtisadi ideologiya dövlətin
iqtisadi strategiyasını, iqtisadi islahatların konseptual əsaslarını,
seçilmiş iqtisadi modelin əsas prinsiplərini, ölkənin
milli iqtisadi mənafeyi və maraqları ilə bağlı məsələləri
özündə birləşdirir. Azərbaycanın
seçdiyi iqtisadi inkişaf modeli və ideologiyası
ümummilli lider Heydər Əliyevin müəllifi olduğu
yeni Konstitusiyada öz əksini tapmışdır.
Belə bir ideologiyanın əsasını
hər şeydən əvvəl mülkiyyət münasibətləri
təşkil edir. Mülkiyyətin toxunulmazlığı və
onun dövlət tərəfindən müdafiə edilməsi
artıq konstitusion müddəaya çevrilmişdir. Əsas
Qanuna görə mülkiyyət dövlət mülkiyyəti,
xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti
növündə ola bilər.
Ölkəmizin iqtisadi inkişaf
modelinin ümumi prinsipləri də Konstitusiyada təsbit
edilmişdir. Əsas Qanunda qeyd edilir ki, Azərbaycan dövləti
bazar münasibətləri əsasında iqtisadiyyatın
inkişafına şərait yaradır, azad sahibkarlığa
təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə
yol vermir. Bu müddəalar iqtisadi islahatların dönməzliyinə
konstitusion təminat verməklə yanaşı, həm də
bazar münasibətlərinin ölkənin iqtisadi həyatına
daha dərindən nüfuz etməsi üçün
hüquqi-ideoloji zəmin yaradır.
Ölkəmizdə həyata
keçirilən iqtisadi islahatların son məqsədi nə
ümumi daxili məhsulun həcminin artırılmasından, nə
büdcə kəsirinin minimum həddə
saxlanılmasından, nə də ki, valyuta ehtiyatlarını
artırmaqdan ibarətdir. İslahatların başlıca
strateji məqsədi ölkə iqtisadiyyatını
sağlamlaşdırmaqla əhalinin həyat səviyyəsinin
yüksəldilməsinə nail olmaqdır. Bu, Əsas
Qanunumuzda da öz əksini tapmışdır. Konstitusiyada
göstərilir ki, Azərbaycan iqtisadiyyatının
inkişafı müxtəlif mülkiyyət növlərinə
əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə
xidmət edir. Bu müddəa, həm də Azərbaycanın
iqtisadi inkişaf modelinin
sosialyönümlülüyünü təsbit edir.
İqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə əlaqələndirilməsi
müəyyən etdiyimiz iqtisadi modelin səciyyəvi
xüsusiyyətlərindən biridir.
Konstitusiyamızda iqtisadi
azadlığın təsbit edilməsi, eyni zamanda, insan
azadlığının və cəmiyyətin demokratikləşməsinin
iqtisadi-ideoloji əsası kimi qiymətləndirilə bilər.
Azad cəmiyyət iqtisadiyyatın, xüsusilə də özəl
bölmənin və sahibkarlığın inkişafına
şərait yaratdığı kimi, azad iqtisadiyyat da cəmiyyətdə
demokratik dəyişikliklərin sürətlənməsinə
xidmət edir.
Ulu öndər Heydər Əliyev
BVF-nin nümayəndə heyəti ilə
görüşündə iqtisadiyyat və demokratiyanın
qarşılıqlı əlaqəsinin mahiyyətini
açan olduqca maraqlı bir fikir söyləmişdir:
“İqtisadi əsas olmasa, demokratiyanı yaratmaq mümkün
deyil… Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi,
iqtisadiyyatın tənəzzülünün
qarşısının alınması və nəhayət,
makroiqtisadi inkişafın əldə olunması - bunlar
hamısı birlikdə Azərbaycanda həqiqi
demokratiyanın yaranmasının əsaslarıdır”21.
İqtisadi-ideoloji təbliğat
ölkəmizdə həyata keçirilən iqtisadi
strategiyanın, dövlətimizin milli iqtisadi
maraqlarının, reallaşdırılan və nəzərdə
tutulan iqtisadi tədbirlərin,
qarşılaşdığımız problem və çətinliklərin
vətəndaşlara davamlı şəkildə çatdırılmasını
təmin etməlidir. Bu, son nəticədə vətəndaşların
hüquqi və iqtisadi maarifləndirilməsinə, iqtisadi
islahatların ictimailəşməsinə və cəmiyyət
tərəfindən dəstəklənməsinə xidmət
etmiş olar.
Bir çox ölkələr iqtisadi
transformasiya prosesində ciddi sosial-iqtisadi problemlərlə
qarşılaşırlar və onların həlli qısa bir
müddətdə mümkün olmur. Bu baxımdan Azərbaycan
iqtisadiyyatı da bu kimi problem və çətinliklərdən
xali olmamışdır. Bəzən cari problemlərin təhrif
edilərək dramatikləşdirilməsi yolverilməz olduğu
kimi, sosial-iqtisadi problemlərimizə münasibətdə
inkarçılıq mövqeyi də sağlam iqtisadi-ideoloji
təbliğat prinsiplərinə uyğun gəlmir.
İqtisadi problemlər xarakterindən və onları
doğuran səbəblərdən asılı olmayaraq,
ölkə ictimaiyyətinə vaxtında çatdırılmalıdır
ki, sonradan onlar “təhrif edilmiş” və ya “siyasiləşdirilmiş”
bir şəkildə təqdim edilməsin.
Ölkə iqtisadiyyatının yeniləşməsi
yeni-yeni problemlərin yaranmasına səbəb olmaqla
yanaşı, həm də bir sıra suallar doğurur. Bu
suallar həm cari iqtisadi vəziyyətlə, həm də
sosial-iqtisadi inkişafın konseptual məsələləri
ilə bağlıdır. Elan edilmiş iqtisadi strategiyanın
rəvan bir şəkildə davam etdirilməsi islahatların
gedişi ilə bağlı ölkə vətəndaşlarında
yaranan sualların vaxtında cavablandırılmasını tələb
edir.
İqtisadi maarifləndirmə sahəsində
görülən işlər də hələ qənaətbəxş
səviyyədə deyil. Bu, hər şeydən əvvəl
iqtisadi təhsilin və kadr hazırlığının
müasir tələblərə
uyğunlaşdırılmaması, milli iqtisadiyyatın
problemlərini dünya iqtisadiyyatının inkişaf meyilləri
ilə əlaqələndirən iqtisadi ədəbiyyatların
hazırlanmaması və bu sahədə müvafiq tədqiqat
işlərinin aparılmaması ilə izah olunur.
İqtisadi təbliğat yalnız
ölkənin iqtisadi potensialının, xüsusilə də
təbii sərvətlərimizin səthi bir şəkildə
qiymətləndirilməsi üzərində deyil, bu
potensialın Azərbaycanın milli maraqları naminə
istifadəsinə şərait yarada biləcək sağlam
iqtisadi sistemin formalaşdırılması məsələləri
kontekstində qurulmalıdır. Nəzərə
almalıyıq ki, hər bir ölkənin təbii sərvəti
iqtisadi inkişaf üçün zəmin yaratsa da, onun həlledici
şərti kimi çıxış etmir.
İqtisadi ideoloji təbliğatın
milli maraqlarımıza uyğun olaraq qurulması
üçün iqtisadçı alimlərin, müstəqil
ekspertlərin iqtisadi problemlərin müzakirəsinə cəlb
edilməsi vacibdir. Çox təəssüflər olsun ki, Azərbaycanın
iqtisadi-elmi mühiti ilə iqtisadi yönümlü dövlət
orqanları arasında böyük bir məsafə var. Bu məsafənin
azaldılmasına cəhd göstərilməməsi bir
çox hallarda iqtisadi-elmi potensialın kortəbii şəkildə
siyasiləşməsinə gətirib çıxarır. Həyata
keçirilən iqtisadi islahatların elmi xarakterini və
mövcud problemlərə konstruktiv yanaşmanı təmin
etmək üçün Azərbaycanın iqtisadi-elmi
mühitinin iqtisadi quruculuq prosesində yaxından
iştirakına şərait yaradılmalıdır. Nəzərə
almaq lazımdır ki, iqtisadçı alimlər ölkə
ziyalılarının əsas hissəsini təşkil etməklə
yanaşı, həm də iqtisadi islahatların təbliğində
və həyata keçirilməsində əsas qüvvə
kimi çıxış edirlər.
Azərbaycan dünya təsərrüfat
sisteminə daha sıx cəlb olunduqca, ölkəmizin iqtisadi
inteqrasiya problemləri daha da aktuallaşır. Bu problemə
iqtisadi ideologiya baxımından yanaşılması həm
ölkəmizin milli iqtisadi maraqlarının, həm də
azad iqtisadiyyat prinsiplərinin nəzərə
alınmasını tələb edir. Dünya
iqtisadiyyatında liberallaşdırma prosesinin dərinləşdiyi
bir vaxtda hər bir ölkənin xarici iqtisadi əlaqələrinin
forma və məzmununu, o cümlədən regional strukturunu
artıq siyasi qərarlar deyil, dövlət inhisarında
olmayan və sərbəst fəaliyyət göstərən
bazar müəyyənləşdirir.
Azərbaycanın xarici ticarət
dövriyyəsinin regional strukturuna nəzər yetirsək, son
illər ərzində bu sahədə mütərəqqi dəyişikliklərin
baş verdiyini görərik. Əgər 1990-cı illərin əvvəllərində
ölkəmiz dünyanın təxminən 50 ölkəsi ilə
xarici ticarət əməliyyatı aparırdısa, indi Azərbaycanın
xarici ticarət sahəsində partnyorlarının sayı
187-dir. Bir tərəfdən iqtisadiyyatın
liberallaşdırılması, digər tərəfdən də
dünya iqtisadiyyatına inteqrasiya prosesi Azərbaycanın
xarici ticarət dövriyyəsində “uzaq xaric”
adlandırdığımız ölkələrin
payını əhəmiyyətli dərəcədə
artırmışdır. Bu göstərici 1990-cı illərin
əvvəlləri ilə müqayisədə 2017-ci ildə
20 faizdən 85 faizədək artdığı halda, “yaxın
xaric” hesab edilən MDB ölkələrinin payı, əksinə,
80 faizdən 15 faizədək azalmışdır. Bu isə
öz milli iqtisadiyyatını artıq vahid xalq təsərrüfatı
kompleksi çərçivəsində deyil, müstəqil
şəkildə və bazar iqtisadiyyatı prinsiplərinə
əsaslanaraq formalaşdıran bir ölkə
üçün təbii və mütərəqqi meyil kimi
qiymətləndirilə bilər. Bu baxımdan Azərbaycanın
iqtisadi inteqrasiya probleminə ideoloji aspektdə
yanaşıldıqda, bu kimi cəhətlərin nəzərə
alınmasını zəruri hesab edirik.
Qloballaşma artıq dünya
iqtisadiyyatında yeni mühit formalaşdırmaqdadır. Lakin
bu prosesdən bütün ölkələr heç də
eyni dərəcədə faydalana bilmir. Məsələn,
qloballaşma dünya iqtisadiyyatında böyük payı
olan inkişaf etmiş ölkələr üçün əlverişli
bazarlar yaratdığı, onların rəqabətqabiliyyətliliyini
daha da artırdığı halda, o, inkişaf etməkdə
olan və keçid dövrünü yaşayan ölkələr
üçün iqtisadi təhlükəsizlik
baxımından bəzi problemlər yaradır. Bunu nəzərə
alaraq, Azərbaycanda milli iqtisadiyyatın inkişafı və
ölkəmizin dünya təsərrüfat sisteminə
inteqrasiyası iqtisadi təhlükəsizlik prinsiplərini
gözləməklə həyata keçirilməlidir.
Bu kimi vəzifələrin
ardıcıl yerinə yetirilməsi isə müasir dünya
iqtisadiyyatında və siyasətində müşahidə
edilən meyilləri nəzərə alan iqtisadi
diplomatiyanın qurulmasından asılıdır. Hazırda
Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
və ardıcıl həyata keçirilən iqtisadi
diplomatiya ölkəmizin milli iqtisadi maraqlarının
reallaşmasına xidmət edir.
***
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yeni inkişaf mərhələsinin
tələb və şərtlərini nəzərə alaraq,
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan 2018-ci il 10 yanvar tarixli iclasında və “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunan 2018-ci il 29 yanvar tarixli konfransda milli
iqtisadiyyatımızın cari və perspektiv inkişafı ilə
bağlı sistemli və çoxşaxəli vəzifələr
müəyyən etmişdir.
Konkret olaraq, qarşıdakı
dövr ərzində iqtisadiyyatı şaxələndirməklə
dayanıqlı iqtisadi artıma nail olunması, makroiqtisadi
sabitliyin qorunması, iqtisadi, o cümlədən institusional islahatların,
strateji layihələrin icrasının davam etdirilməsi,
qeyri-neft sektorunun və sahibkarlığın dəstəklənməsi,
sənaye potensialının daha da gücləndirilməsi,
ixracın artırılması və idxalın əvəz
edilməsi, aqrar-sənaye kompleksinin və regionların
inkişafı, ərzaq təhlükəsizliyinin təmin
edilməsi, meliorasiya və irriqasiya sahəsində tədbirlərin
görülməsi, inflyasiyanın, işsizlik və yoxsulluq səviyyəsinin
minimal həddə saxlanılması və infrastruktur layihələrinin
icrası hökumətin fəaliyyətinin prioritet istiqamətləri
olaraq nəzərdə tutulur.
Əminliklə deyə bilərik ki,
Prezident İlham Əliyevin ölkəmizin idarə edilməsi
və sosial-iqtisadi inkişafı ilə bağlı aydın
və konkret baxışlara, siyasi iradəyə malik
olması, dövlət başçısı tərəfindən
bütün sahələr üzrə konkret dövlət
proqramlarının təsdiqlənməsi və onların
artıq icrasına başlanılması müəyyən
edilmiş vəzifələrin reallaşmasına təminat
verir.
Beləliklə, 2003-2018-ci illərdə
Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində
Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin
qüdrəti artıb, ölkənin siması
bütünlüklə dəyişib, insanların həyatı
yaxşılaşıb. Lakin milli iqtisadiyyatını
formalaşdırmaqda olan Azərbaycan Respublikası müstəqil
və gənc dövlət olaraq iqtisadi dayaqlarını daha
da möhkəmləndirməli, yeni dövrün
çağırışlarını özünün
sosial-iqtisadi həyatında daha çevik nəzərə
almalıdır. Azərbaycan xalqı bu vəzifələrin məhz
İlham Əliyev tərəfindən daha uğurla həyata
keçirilə biləcəyini nəzərə alıb
öz seçimini bir qayda olaraq ONUNLA bağlayır, dövlətimizin
idarə edilməsini tərəddüd etmədən ONA etibar
edir...
İSTİNADLAR
1 İlham Əliyev “İnkişaf – məqsədimizdir”,
1-ci kitab, Azərnəşr, Bakı 2008, səh. 44
2 Ümummilli lider Heydər
Əliyevin “Literaturnaya qazeta”nın xüsusi müxbirləri
ilə 12 avqust 2000-ci il tarixli müsahibəsindən, “Azərbaycan”
qəzeti, 14 avqust 2000-ci il
3 Heydər Əliyev “Müstəqilliyimiz
əbədidir”, 3-cü kitab, Azərnəşr, Bakı 1997,
səh. 336
4 İlham Əliyev “İqtibaslar və
təhlil”, Azərbaycan nəşriyyatı, Bakı 2006, səh.
97
5 Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2005-ci ilin
sosial-iqtisadi yekunlarına həsr olunmuş 31 yanvar 2006-cı
il tarixli iclasındakı nitqindən, “Azərbaycan” qəzeti,
1 fevral 2006-cı il
6 “Azərbaycan” qəzeti, 20 mart 2018-ci
il
7 İlham Əliyev “İnkişaf – məqsədimizdir”,
26-cı kitab, Azərnəşr, Bakı 2015, səh. 277
8 İlham Əliyev “İnkişaf – məqsədimizdir”,
2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 19
9 İlham Əliyev “İnkişaf – məqsədimizdir”,
1-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 36
10 İlham Əliyev “İnkişaf –
məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009,
səh. 54
11 İlham Əliyev “İnkişaf –
məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009,
səh. 54
12 İlham Əliyev “İnkişaf –
məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009,
səh. 181
13 İlham Əliyev “İnkişaf –
məqsədimizdir”, 9-cu kitab, Azərnəşr, Bakı 2012,
səh. 181
14 İlham Əliyev “İnkişaf –
məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009,
səh. 19
15 İlham Əliyev “İnkişaf –
məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh.
181
16 İlham Əliyev “İnkişaf –
məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009,
səh. 53
17 Heydər Əliyev “Müstəqilliyimiz
əbədidir”, 4-cü kitab, Azərnəşr, Bakı 1997,
səh. 105
18 İlham Əliyev “İnkişaf –
məqsədimizdir”, 35-ci kitab, Azərnəşr, Bakı 2016,
səh. 89
19 İlham Əliyev “İnkişaf –
məqsədimizdir”, 31-ci kitab, Azərnəşr, Bakı 2016,
səh. 273
20 Ümummilli lider Heydər
Əliyevin 25 oktyabr 2002-ci ildə “Yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı”nın təqdimatına həsr olunmuş
konfransdakı nitqindən, Aliyev-Heritage.org
21 R.Mehdiyev, “Azərbaycanın
özü qədər əbədi” silsiləsindən “Yeni
siyasət: inkişafa doğru” kitabı, I cild, Azərbaycan nəşriyyatı,
Bakı 2008, səh. 271
Ramiz Mehdiyev
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
Azərbaycan Milli
Elmlər Akademiyasının akademiki
Azərbaycan.-
2018.-17 aprel.- S.3-6;11-14.